Gün işığı kimi...
Mehriban
xanım Əliyeva bizim zəmanəmizdə ailəni, vətəni
və sülhü sevən Azərbaycan qadınının
yeni simasını yaratmışdır. Bəlkə də bu
obraz onun gördüyü bütün işlərin cəmi, Birinci xanımın ən qüdrətli
əsəridir...
"LOQOS"
Psixoloji və Nitq İnkişaf Mərkəzinin "LOQOS"
adlı jurnalının ilk sayı işıq üzü
görüb. Məzmunlu, eyni zamanda, zövqlə tərtib
olunan nəşrin yaradıcı kollektivinə uğurlar
arzulayır, ilk sayda yer alan
"Gün işığı kimi..."
başlıqlı publisistik yazını "525-ci qəzet"in
oxucularına təqdim edirik.
Bizim
doğma, gözəl ana dilimizdə lap qədimlərdən
qalma bir deyim var; sayalı... sayalı illər, ayağı
sayalı olmaq... xatırlayıram, qırx beş il öncə
tələbə adını qazananda, jurnalistika fakültəsinin,
demək olar ki, ilk dərs günü bizə ədəbiyyatşünaslığın
əsaslarını öyrədən yazıçı,
böyük pedaqoq Mir Cəlal müəllim söyləmişdi
ki, bütün milli ədəbiyyatların ilkin
başlanğıcında əsas qaynaq şifahi xalq ədəbiyyatıdır,
folklordur və öz növbəsində
şifahi xalq ədəbiyyatının janrları da
yazılı ədəbiyyatdakı bədii yazı
formalarının əsasında dayanır. Diqqət edin,
demişdi Mir Cəlal müəllim, bizim şeir vəznlərinin
ulu babası sayaçı sözləridir. Bəlkə, buna
görə ədəbiyyatımızda
harda bolluq, bərəkət, toy-düyün süjetləri
varsa, oradan sayaçı nəğmələrinin ətri gəlir...
Sayaçı
sözlərinin ruhu və ahəngi qocamandır.
Dünyanın
yaşı da çox qədimdir.
Belə
baxanda, heç mənim birinci kursa qədəm basıb, Mir Cəlal
Paşayevdən dərs aldığım vaxtdan da az keçməyib.
(Yeri gəlmişkən, sevimli ədibin 100 illik yubileyi münasibətilə
2008-ci ildə müəllimim haqda, əslində, onun xatirəsini
əziz tutan bütün tələbə
yoldaşlarımın ehtiramını ifadə edərək,
"Göylər adamı" adlı sənədli
povest-araşdırma yazıb Mədəniyyət və Turizm
Nazirliyinin dəstəyi ilə kitab halında çap
etdirmişdim).
Nə
üçün həyatımın bu olayını, daha
doğrusu, sayaçı sözlərini xatırladım?
Görünür, ona görə ki, qələmə
aldığım bu yığcam düşüncə
yazısının qəhrəmanı Vətənimizin birinci
xanımı, Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti Mehriban Əliyevadır. Digər tərəfdən, biz 2018-ci
ilin 8 Mart Beynəlxalq Qadınlar Bayramı gününə, həqiqətən
də ayağı sayalı bir zaman hüduduna gəlib
yetişmişik...
Yeri gəlmişkən, biz jurnalımızın ön səhifəsində
bu işıqlı dünyadakı bütün
qadınları, Azərbaycan xanımlarını bayram münasibətilə
təbrik etdik.
Amma bununla belə, "LOQOS"un ilk sayı üçün
8 Mart münasibətilə özəl bir yazının
hazırlanmasını "Loqos" Psixoloji və Nitq
İnkişaf Mərkəzinin rəhbəri Təranə Məmmədova
ilə müzakirə edəndə, o, dərhal demişdi:
- Belə
bir seçim, heç şübhəsiz ki, Mehriban xanım ola bilər...
Belə də oldu.
***
...Yaxşı
xatırlayıram, biz jurnalist tələbələr
üçün indiki Respublika Prokurorluğunun
qonşuluğunda, o zaman gərək ki, Y. Saratov deyilən bir
küçədə ikimərtəbəli bina
ayırmışdılar. Bizə sovet jurnalistikasının
əsaslarından dərs deyən görkəmli ictimai və
mətbuat xadimi, "Bakı" ("Baku") qəzetinin
redaktoru Nəsir İmanquliyev hərdən iki balaca
qızın, nəvələrinin əlindən tutub fakültəyə
gətirirdi. O zaman heç ağlımıza da gəlməzdi
ki, bu iki gözəl uşaq böyüyəndə adları
bütün dünyada tanınan, sevilən mədəniyyət
və dövlət xadimləri olacaqlar; hörmətli Nərgiz
xanımın, Mehriban xanımın yadına gəlirmi görəsən,
qədd-qamətli babalarının - Nəsir müəllimin əlindən
tutub bizim fakültəmizə gəlməkləri? Bilmirəm...
Sözümün
canı var... Deməyim odur ki, indi bu yazıya qəhrəman
seçdiyim Mehriban xanımı, o, uşaq yaşlarında
olanda görmüşəm, sonralar hər iki müəllimim
- Mir Cəlal Paşayev və Nəsir İmanquliyev haqqında
kitablarımı qələmə alanda ("Göylər
adamı", "Xəbərin rəngi") Nərgiz
xanım Paşayevanın mənə çox köməyi dəydi,
demək olar, hər iki kitab onun razılığı və dəyərli
məsləhətləri ilə
işıq üzü gördü...
***
Mehriban xanımın Azərbaycan xalqının, Vətənimizin
yüksəlişi, çiçəklənməsi
üçün atdığı hər bir addım, bu
addımları ataraq özünün də kamil bir şəxsiyyət,
bir dövlət xadimi səviyyəsinə yüksəlməsinin
bütün mərhələləri gözlərimin
qarşısında baş verib və mənə
tanışdır söyləsəm, qətiyyən
yanlış olmaz. Çünki belə bir təəssürat
tək mənə yox, yaşı, yaşanmış
ömür müddəti imkan verən hər bir azərbaycanlıya
məxsusdur, başqa sözlə, Mehriban Əliyeva elə
nadir şəxsiyyətlərdəndir ki, onun barəsində
yalnız fərdlərin deyil, bütün xalqın yekdil rəyi
var.
Deməli, məxsusi təbrik üçün
seçimimiz tam ədalətlidir. Əlbəttə, belə
yazıları hazırlayarkən ideal variant qəhrəmanın
özü ilə görüşməkdir. Belə bir imkan yoxdur. Yüksək
səviyyəli dövlət adamlarının təmasları
ciddi protokol qaydalara əsaslanır. Təbii ki, əli qələm
tutan hər bir jurnalist belə bir görüşə, xalqda
deyildiyi kimi, yüyürə-yüyürə gedərdi... Məncə, görüş imkanının məhdudluğu
səbəbindən bunsuz keçinməli olsaq da, təəssüflənməyə
dəyməz. Niyə? Ona
görə ki, Mehriban Əliyevanın həyatı, fəaliyyəti
bütün şəffaflığı ilə tək mənim
yox, irəlidə dediyim kimi, bütün xalqın gözü
önündədir. Onun barəsində
dünyanın hər yerində, demək olar, hər gün
yazılar dərc olunur, kitablar işıq üzü
görür, filmlər göstərilir. Azərbaycanın
birinci xanımının adı dünyanın lider
qadınları sırasında ön cərgədə yer
alır. Məhz bu şəffaf
ömür yolu jurnalistlərin əlini-qolunu açır,
imkan verir ki, hər kəs öz sözünü deyə,
düşüncələrini ümumiləşdirə bilsin.
Mehriban xanımın ilk növbədə öz
xalqına bəslədiyi açıq, səmimi münasibəti,
məncə, onun bütün uğurlarının əsasında
dayanır.
Siyasətdən
çox uzağam, hətta deyim, siyasətçilərdən
bir o qədər də xoşum gəlməz... Bəlkə,
buna görə, 1992-ci ildən üzübəri xalqa xidmət
meydanına atılan Mehriban xanım haqqında yalnız siyasətçi
kimi yox, hər kəsə nümunə ola
bilən xalq adamı olaraq düşünürəm... və
sanki öz aləmimdə bu düşüncəmlə ona
siyasətçilərin əli çatmayan daha uca mərtəbədə
dəyər verirəm...
Azərbaycan tarixində, ümumən türk tarixində
cəsur, mətanətli, sədaqətli xanımlar çox
olub. Gəlin etiraf edək, Mehriban xanım əlahiddədir.
25 illik
zaman aralığında Ulu öndər Heydər Əliyevin,
hörmətli Prezidentimiz İlham Əliyevin silahdaşı
olaraq, bu işıqlı, ayağısayalı insan, həqiqətən,
yorulmadan çalışıb, qürurverici yekunlara imza
atıb.
Bunların hamısı barədə söhbət
açmaq sadə bir təbrik yazısının miqyasına
qətiyyən sığmaz. Onun daim fəaliyyətdə
keçən dinamik ömür yolunun xronikası isə hər
birimizə bəllidir.
Ötən
əsrin 80-ci illərində tibb sahəsində ali təhsil alan, gənc yaşlarından
ixtisası üzrə namizədlik müdafiə edən
Mehriban xanımın sonrakı fəaliyyəti heyrətamiz
bir miqyas alır. "Azərbaycan Mədəniyyətinin
Dostları Fondu”ndan, "İrs" jurnalından başlanan
yol bu əsilzadə xanımı xalqın həyatına
qovuşdurmuşdur. 2004-cü ildə təsis
etdiyi Heydər Əliyev Fondu mədəniyyət-sosial-humanitar
istiqamətdə bir neçə dövlət qurumunun edə
bildiyi qədər yeniliklərin müəllifidir.
Mehriban xanımın başladığı işlərin
hər biri dərin məzmunu və davamlı olması ilə
heyrətamizdir. Bunlar sadəcə cari işlər deyil, məhz
xalqın inkişafında mühüm amil olan proseslərin cəmidir.
Müstəqillik dönəmində Azərbaycanda
xalq sərvətlərinin, daha doğrusu, mədəni irsin
qorunub saxlanması, onlardan yeni şəraitə uyğun və
praktik istifadə ideyası ona məxsusdur və təbii, nə
əvvəlinci, nə də sonuncu ideyadır.
Xalçaçılıq, muğamat, milli, mədəni
varlıqların hifz olunması (Novruz Bayramı, Azərbaycan
muğamı, Azərbaycan tarı, saz, Qobustan, İçərişəhər...)
sahəsində Mehriban xanımın yol açdığı
layihələr milli mənəviyyatımızı
bütün dünyada tanıtmış, xalqımıza bəslənən
uluslararası rəğbətin mənbəyi olmuşdur.
***
Mehriban xanımın bir vətəndaş və şəxsiyyət
olaraq formalaşdırdığı milli missiyada xalqın
real həyatı birinci bənddir. O, bu məsələyə müqəddəs
bir vəzifə kimi baxır. Elə, doğru olanı da budur!
Nədir bu missiya; öncə xalqın, onun
övladlarının sağlamlığı, fiziki-mənəvi
bütövlüyü. Bu məqsədlə Heydər Əliyev Fondu tərəfindən
reallaşdırılan səhiyyə, sağlamlıq təmayüllü
proqramların məhz təhsillə, körpələrə
qayğıyla çulğaşması bir daha bəyan edir
ki, dövlətin kamil, savadlı insandan dəyərli olan sərvəti
yoxdur və ola da bilməz. Tarixi abidələrin,
adət və ənənələrin qorunması, Bakı kəndlərinin
sosial-mədəni inkişafı (eləcə də yol, su
çəkilişi, uşaq bağçaları, məktəb
və xəstəxanaların inşası və təmiri,
qaçqın, köçkün
bacı-qardaşlarımıza, cəmiyyətin müdafiəyə
ehtiyacı olan üzvlərinə qayğı göstərilməsi,
amnistiya təşəbbüsləri ilə təqsirli, amma
islah olunmuş insanların yenidən cəmiyyətə
qaytarılması), Odlar yurdunun mədəniyyət, idman,
turizm məkanı olaraq yüksəlişi həqiqətən
də strateji xarakterli, dinamik proses mahiyyətli vəzifələrdir
və onların reallaşması Azərbaycan dövlətinin
qüdrətinə arxalanan, onun parlaq sabahına xidmət edən
Heydər Əliyev Fondunun, Mehriban xanım Əliyevanın
fövqəladə çalışmalarının bəhrəsidir.
Mən
çox bəyənirəm Mehriban Əliyevanın hər Yeni
ili "Buta" sarayında uşaqlarla
birgə qeyd etməyini. Sonuncu belə bir bayramda
bir epizod məni, sözün düzü, kövrəltdi.
Təbii ki, tədbirin təşkili yüzdə-yüz
Mehriban xanıma aid idi. Amma o, sonda uşaqlara üz tutdu,
musiqiçiləri, incəsənət nümayəndələrini
göstərib onlara dedi ki, əziz uşaqlar, bu bayramı sizə
hörmətli sənətkarlar, incəsənət xadimləri
bəxş etdilər. Gəlin onları
alqışlayaq. Öz halal təşəkkür, minnətdarlıq
payını bölüşmək hər adama müəssər
olmur, məncə... Bəlkə, elə buna
görə Allah Mehriban xanıma ürəyinə görə,
qəlbinin genişliyi qədərincə lütf göstərir
və beləcə, istəkli xanımın ömründən
keçən hər günün qədəmləri
uğurlu, sayalı olur.
***
Mehriban xanım Azərbaycanda çox sevilən
Paşayevlər nəslinə mənsub olsa da, o, Heydər Əliyev
məktəbinin yetirməsidi, Ulu öndərin irsinin və
yolunun davamçısıdır. O, bunu şüar etməsə də,
əməli ilə ortaya qoyur, təbii ki, etibar, borc hissinin belə
yaşadılması, daha doğrusu, Heydər Əliyev irsinə
arxalanmaq Mehriban xanımın uğurlarının tükənməyən
mənbəyinə çevrilir.
Mehriban xanımın Azərbaycanda daha bir qürur
doğuran imici də var; o, eldə deyidiyi kimi, hünərli həyat
yoldaşıdır, ömür-gün yoldaşıdır. Mənim rəhmətlik nənəm,
seyid Səfurə xanım deyirdi, nə kişi,
nə qadın, qeyrət hər bir insan
üçündür! İndi bu bayram ərəfəsi bu
bayram təbrikini yazarkən Mehriban xanımın xalqın
gözü önündə yetkinləşən aydan-arı,
gündən duru həyatını gözümün
önünə gətirib deyirəm ki, qeyrətiniz var olsun,
Mehriban xanım! Sizin bütün əməlləriniz qeyrət
timsalıdır... Əlbəttə, Heydər Əliyev
Fondu dünyada tanınan, söz sahibi olan güclü
qeyri-hökumət təşkilatıdır. Amma siz hər
dəfə, hər uğurdan sonra öz xarakterinizə sadiq
qalaraq sadə, təmtəraqsız cümlələrlə bəyan
edirsiniz ki, uğurlarınızın ilhamçısı Azərbaycan
dövlətinin qətiyyətli siyasəti, Prezident İlham Əliyevdir!
Mehriban xanım məhz bu baxış nöqtəsi və yanaşma ilə yalnız Heydər Əliyev Fonduna deyil, Azərbaycanda fəaliyyət göstərən bütün QHT-lərə, ictimai qurumlara, özəl müəssisələrə, canında işləmək, yaratmaq, özünə, ailəsinə gün-güzəran qurmaq istəyən hər bir insana Prezident tərəfindən verilən dəstəyi ifadə etmiş olur... Sözün düzü budur!
***
Mehriban xanımın yorulmaz əməyi, yaradıcı fəallığı, xalqa xidmət həvəsi, çox yaxşı ki, xalq, dövlət və dünya ictimaiyyəti tərəfindən dəyərləndirilir. Əgər biz burada onun layiq görüldüyü rəsmi, fəxri adlar, titul və mükafatlarının yalnız siyahısını versək, bu ali təltiflərə hansı zəhmətin müqabilində nail olunduğunu dəyərləndirsək, yeni-yeni səhifələr yazmalıyıq... Bu faktlar Mehriban xanımın uğurlarına ədalət və həqiqət meyarı ilə yanaşan insanlara bəllidir, hamıya bəllidir; bunu görməmək üçün gərək göz qapalı ola. Mən isə hər gün qarşılaşdığım, dinlədiyim insanların Mehriban xanıma dualarını eşidirəm, alqışlarını dinləyirəm. Və nədənsə bu dualar mənə ulu zəmindən eşidilən sayaçı sözləri kimi gəlir, sanki ruhumu bərəkətli ürəklərin ətirli döyüntüləri oxşayır, təmiz hava kimi, gün işığı kimi! Mehriban xanım Əliyeva bizim zəmanəmizdə ailəni, vətəni və sülhü sevən Azərbaycan qadınının yeni simasını yaratmışdır. Bəlkə də bu obraz onun gördüyü bütün işlərin cəmi, Birinci xanımın ən ən qüdrətli əsəridir...
Mehriban xanımın yüksək xeyirxahlığı ürəyimi ən xoş sözlərlə doldursa da, onun həyat və fəaliyyətinin ciddi tədqiqat tələb etdiyini, bu mövzunun şəxsən bir jurnalist olaraq öz tərəfimdən daha geniş şəkildə haçansa işləniləcəyini düşünüb yazıma nöqtə qoyuram.
***
Doğrudan, zaman yel qanadlıdır. Bu yaxınlarda Mehriban xanımın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunmağının bir ili tamamlandı. O, bu bir ildə yenə də böyük təmkini, təvazösü, Azərbaycan dövlətinə təmənnasız sədaqəti ilə yadda qaldı. Bu bir ili də bayram saysaq, Mehriban xanıma daha iki bayramın təbriki düşür. 8 Mart Qadınlar Bayramı və Novruz Bayramı!
Bayramlarınız mübarək, Mehriban xanım! Siz Azərbaycan qadınlarna əli ruzulu, qədəmi sayalı, qəlbi işıqlı bir örnəksiniz!
Xalqın sevgisi halal xoşunuz, böyük qələbələrə aparan yolunuz açıq olsun!
Rəhilə GÜLGÜN
"Loqos" jurnalının baş redaktoru
525-ci qəzet.- 2018.- 8 mart.- S.4.