Qadın dediyin...
Belə bir əhvalat danışılır. Deyirlər, bir
gün cavan bir qızla oğlan ailə qururlar.
Gənc
cütlük evliliklərinin
ilk günündə öz
aralarında şərt
kəsirlər ki, kim gəlir
gəlsin ilk gün heç kimə qapı açmayacaq, bu günümüzü yalnız özümüzə
həsr edəcəyik.
Bir az
keçir, görürlər
ki, qapı döyüldü. Qapının gözlüyündən baxırlar
ki, gələn oğlanın valideynləridir.
Şərtə əsasən heç
biri qapını açmır. Qonaqlar
da bir az qapını döydükdən sonra yeni evli cütlüyün
evdə olmadığını
düşünüb gedirlər.
Üstündən bir neçə
saat keçəndən
sonra yenidən qapı döyülür.
Bu dəfə gələnlər isə qızın valideynləridir.
Qız qapıya getmək istəyəndə oğlan
verdikləri sözü
xatırladır, qız
məcbur dayanır.
Amma sonra ürəyi dözmür,
ağlaya-ağlaya:
- Mən onları qapıdan göndərə
bilmərəm - deyib qapını açır.
Bu hadisənin üstündən
illər keçir. Cütlüyün iki oğul övladından
sonra üçüncü
qız övladları
dünyaya gəlir.
Ata yeni doğulmuş
qızının şərəfinə
çox böyük yığıncaq hazırlayır,
onun doğuluşunu böyük sevinclə qeyd edir. Buna təəccüblənən ana
soruşur:
- Axı, bu, sənin
ilk övladın deyil.
Sən heç ondan öncəki övladlarımız
üçün bu qədər böyük hazırlıq görmürdün.
Ata gözləri dolmuş halda deyir:
- Üzümə qapı açanım gəlib.
Bu əhvalatın həqiqətlə
nə qədər əlaqəsi var, deyə bilmərəm. Ancaq qadının
həssas ürəyi,
kövrəkliyi, kiçicik
sinəsinə sığdırdığı
ümman sevgisi və vəfası kimsəyə sirr deyil.
Kimdir qadın?!
Lev Nikolayeviç Tolstoy demişdi ki, qadın elə bir mövzudur ki, onu nə
qədər incələsən
də hər zaman yenidir. Bu baxımdan bu yazım da bəşəriyyətin
özü qədər
yaşı olan, haqqında danışılan,
yazılan, müzakirə
edilən, amma heç zaman aktuallığını və
təravətini itirməyən
qadınlardandır.
Qadın Allahdan sonra ikinci yaradıcı qüvvəyə malik şəxsdir. Hansı ki, ondan başqası yoxdur. Qadın atasına qız, anasına həmdəm, qardaşına bacı, sevdiyi şəxsə məhəbbət, övladına
anadır. Qadın zəhmətkeşdir,
sevgi doludur, bütün ağrısını,
acısını gözlərinin
dərinliklərində dəfn
edib həyata, sevdiyinə, valideyninə,
övladına, cəmiyyətə
gülümsəməyi bacarandır.
Qadın
yaşından, bədənindən,
qüvvəsindən qat-qat
ağır yükün
öhdəsindən sevdiklərinin
xətrinə dodaqlarındakı
təbəssümü ilə
gələn fədakardır.
Qadın
"kipriyi ilə od götürüb, saçlarını süpürgə
etməyi" bacarandır.
Yəqin siz də çox
eşitmisiniz "qadın
zəif məxluqdur"
ifadəsini. Qadına zəif demək
ilk dəfə kimin ağlına gəlib görəsən? Axı bu
dünya hələ daş dövründə mövcud olan anaxaqanlığının (matriarxatın)
üzərində qurulub.
Nə idi anaxaqanlığı?
Bu proses hələ üst paleolit dövründə yaranmışdı.
İcmanın bütün işlərində
öncül olan qadınlar idarəetməni
də öz üzərilərinə götürmüşdülər.
Həmin
zaman yemək bişirmək, odu qoruyub saxlamaq, uşaqlara baxmaq, məhsul-qida toplamaq qadının işi idi və qəbilə
ana xəttilə qohumluq əsasında yaranmışdı.
Sonradan isə cəmiyyətdə qadın
bir addım geriyə çəkildi və patriartxat, yəni ataxaqanlığı
yarandı. Bəs gəlin görək,
qadın həmin işlərindən imtina etdimi? Təbii ki, yox.
Qadının işləri daha
da artmağa başladı, nəinki azalmaq. Heç təsadüfi deyil
ki, İohann Kristof Fridrix Şiller deyirdi ki, dünyanı yaşayış üçün
yararlı hala salan qadınlardır.
Ancaq bununla belə, qadınlar uzun müddət müxtəlif cəmiyyətlərdə
ikinci dərəcəli
münasibət gördülər.
Tarix boyu qadına yüksək dəyərlər verilib desək də, elə həmin tarix boyu qadınların
çəkmədiyi iztirablar
da qalmayıb. Qız uşaqları
"ailənin namusunu
batırar" qorxusu ilə hələ doğular-doğulmaz diri-diri
torpağamı basdırılmayıb?
Oxumaq, təhsil almaq hüququmu əlindən alınmayıb? Hələ körpə
ikən 8-9 yaşında
özündən 40-50 yaş
böyük kişilərə
ərəmi verilməyib?
"Gəlinliklə getdin kəfənlə qayıdarsan" - deyən
valideynlərin ucbatından
ərindən, ərinin
ailəsindən gördüyü
hər cürə əzabımı sinəyə
çəkməyib? Atası, qardaşı,
əriylə birgə
çiyin-çiyinə döyüş
meydanında qılıncmı
çalmayıb? Gecələr övladını baxıb,
oyaq qalsa da, gündüzlər işləməyibmi? Çadrayamı qapadılmayıb, dörd
divarlaramı həbs olunmayıb? Cəmiyyətdə bir azca söz
sahibi olmaq istəyən kimi "fahişə" damğasımı
yeməyib?
Bəli, bütün bunlar əsrlər boyu qadınların müxtəlif
cəmiyyətlərdə qarşılaşdıqları
inkar edə bilməyəcəyimiz əzabların,
iztirabların hələ
çox cüzi hissəsidir.
Bununla bərabər,
qadın heç zaman zəif məxluq olmayıb. Amma qadın
zərif məxluqdur.
Bunu da kimsə inkar
edə bilməz.
Qadın zərafəti
ilə, həssas, kövrək qəlbi ilə, analığı ilə zəriflik Tanrısıdır!
Tanrı
demişkən, Qədim
Yunan mifologiyasında adı keçən Allahlar sırasında qadınlar, yəni İlahələr də az deyil.
Onların öhdəliyindəki vəzifələrə nəzər
salsaq, qadının həqiqətən də Zəriflik Tanrısı olduğunu bir daha təsdiqləmiş olacağıq. Məsələn, Afina müdriklik, qələbə, incəsənət,
Afrodita eşq, gözəllik, əyləncə
ilahəsi, Artemida heyvanların, bitkilərin
və uşaqların,
Hera isə evlilik və doğum himayəçisidirlər.
Qadına dünya tarixində iz buraxmış ədiblər, ziyalılar,
filosoflar da yetərli qədər dəyər veriblər. Kristian Ditrix Qrabbe: "Kişi geniş, qadın isə dərin düşünür.
Kişi üçün dünya ürəkdir, qadın üçünsə ürək
dünyadır" - deyirdi.
Alferd Hausmana görə "qadın evi şam kimi
işıqlandırır", Onore de Balzak isə qadınsız evi məzara bənzədirdi.
Böyük Hüseyn Cavidin qadın haqqında dediyi sözlər isə zənnimcə, bəşər tarixində
qadına verilən ən böyük dəyərlərdəndir. O deyirdi
ki,
"Qadın gülərsə,
bu ıssız mühitimiz güləcək,
Sürüklənən bəşəriyyət
qadınla yüksələcək..."
Dinlər də qadına hər zaman gözəl münasibət
bəsləyib, bəndələrdən
qadına hörmət
və dəyər tələb edib. Hədislərin
birində deyilir:
"Bir gün bir nəfər Məhəmməd Peyğəmbərə
sual verir ki, niyə bütün
peyğəmbərlər kişilərdir,
qadın peyğəmbər
yoxdur? Məhəmməd
Peyğəmbər cavabında
deyir:
- Çünki Allah qadına
peyğəmbərlikdən qat-qat ağır vəzifə verib. Bu da onun analığıdır".
Beynəlxalq Qadınlar günü
Bu gün qadınlardan
söz açmağım
heç də yersiz deyil. Hər il 8 mart tarixində qeyd olunan, Beynəlxalq
İşçi Qadınlar
Günü olaraq da tanınan qadınların iqtisadi, ictimai və siyasi mübarizəsini, habelə ümumi olaraq qadınlara qarşı nəzakət,
sevgi və məhəbbət tərənnümünü
ənənəvi hala
gətirmiş Beynəlxalq
Qadınlar Bayramı postsovet respublikalarında,
habelə Anqola,
Burkina-Faso, Qvineya-Bisau, Kamboca,
Çin, Konqo, Laos, Makedoniya Respublikası, Monqolustan, Nepal, Şimali Koreya və Uqandada qeyri-iş günü sayılır.
BMT də 8 martı
beynəlxalq qadınlar
günü kimi tanıyıb.
Vikipediyada axtarış verməklə
tarixini öyrənə
biləcəyimiz bu bayramın rəsmi keçmişi haqqında
geniş yazmağa ehtiyac görmürəm. Ancaq onu
qeyd etməliyəm ki, Beynəlxalq Qadınlar Günü eyni zamanda, qadın
hüquqlarının genişləndirilməsinin
və bugünkü qadının daha azad olmasının tarixi səbəblərinin
xatırlanması üçün
də xüsusi gündür.
Dövlətimiz və xalqımız
hər zaman qadına yüksək dəyər verib, onu cəmiyyətdə əsas qüvvə kimi tanıyıb. Hələ bir azca geriyə boylanıb baxsaq, oradan bizə Tomris, Sara Xatun, Qətibə xanım, Həcər, Hənifə
Məlikova, Pəri xanım Topçubaşova,
Şəfiqə Əfəndizadə,
Sara Aşurbəyli, Sona
Tağıyeva, Məryəm
Bayraməlibəyova, Ceyran
Bayramova, Xədicə
Əlibəyova, Həmidə
Cavanşir (Məmmədquluzadə),
Qəmər Salamzadə,
Zərifə Əliyeva,
Aida İmanquliyeva, Salatın
Əsgərova, Gültəkin
Əsgərova kimi cəmiyyətimizin müxtəlif
sahələrində kişilərlə
bərabər çiyin-çiyinə
çalışan, adını
Azərbaycan tarixinə
qızıl hərflərlə
yazdıran qadınlarımız
gülümsəyəcəklər.
Əbəs yerə deyil ki, Şərqdə qadına seçki hüququnu verən ilk dövlət də məhz 1918-ci ildə yaradılmış və hazırki respublikamızın sələfi hesab olunan Azərbaycan Xalq Cümhuriyyətidir.
8 Mart Sovet İttifaqından qalma bayram olsa da, Azərbaycanda indiyədək qeyd edilir. Məhz qadınların kütləvi şəkildə savadlanması, müəyyən hüquqlara malik olması həmin dövrə təsadüf edir. Bəlkə də buna görədir ki, 8 Mart digər sosializm mənşəli bayramlardan fərqli olaraq, artıq müstəqillik qazanmış keçmiş SSRİ respublikalarının təqvimindən bu günə qədər silinməyib.
1998-ci ildə Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tamhüquqlu üzvüdür. 1995-ci ildə isə Azərbaycan rəsmi şəkildə qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub.
Hər il bayram günü ərəfəsində dövlət başçımız 8 mart - Beynəlxalq Qadınlar günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayır, Azərbaycan qadınlarının bir qrupuna fəxri adlar verir, digər bir qrupu isə orden və ya medallarla təltif edir.
Əziz xanımlar, biz də
öz növbəmizdə sizin
bayramınızı təbrik edirik! Bu dünyanın sizsiz bir günü olmasın!
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2018.- 8 mart.- S.5