Robot 50 KDK 101

 

 Fantastik hekayə

 

Direktor kompyuterdəki bir neçə səhifəni nəzərdən keçirib, görülən işlərin təfsilatı ilə tanış oldu. Müəssisədə hər şeyin plan üzrə getdiyini görüb, özündə bir rahatlıq tapdı.

 

Sonra iş masasının sağ tərəfində yerləşən aparatın yaşıl düyməsini sıxıb, sahə rəisini yanına çağırdı. Çox keçmədi ki, Robot 51 KMS 507 qapını döyüb içəri daxil oldu. Direktor başını qaldırıb yarızarafat-yarıciddi şəkildə soruşdu:

 

- Rob, bu gün işə gecikmişdin. Bir problem yox idi ki?

 

- Cənab direktor, ayaqlarımdakı ləngliyi və beynimdəki passivliyi aradan qaldırmaq üçün "Spektr" reabilitasiya mərkəzinə baş vurmalı oldum. Yarım saatın içində sazlayıb yola saldılar. Siz deyən, ciddi bir məsələ deyildi. İndi heç bir giley-güzarım yoxdur, - deyə Robot 51 KMS 507 cavab verdi.

 

- Çox gözəl! Sağlamlığınıza həmişə fikir verin. İşimizin keyfiyyət və səmərəliliyi sizlərdən çox asılıdır, - bir az ara verib davam etdi, - rob, mən bu müəssisəyə gələndə adi bir işçi idim: Robot 49 DKM 102. Yəni 2049-cu ildə yığılıb-dünyaya gələn DKM serialı, 102 saylı adi robot. Bu gün isə, görürsənmi, artıq direktor kürsüsündə əyləşmişəm. Demək istədiyim odur ki, kim öz işinin öhdəsindən layiqincə gəlirsə, diqqətdən yayınmır, əvvəl-axır layiq olduğu qiyməti alır. Sənə tövsiyəm budur ki, özünə qarşı həmişə tələbkar olasan. Əgər düzünü bilmək istəyirsənsə, sənin işgüzarlığın, təşkilatçılıq bacarığın mənim çox xoşuma gəlir. Aydındırmı?

 

- Bəli, cənab direktor, - deyə Robot 51 KMS 507 bildirdi. - Əlavə bir tapşırığınız varmı?

 

-  Çalışın, işlərimiz axsamasın. Əgər yeni işçi qüvvəsinə ehtiyac olarsa, xəbər edərsiniz,  mərkəzə məlumat verərəm.

 

- Hələlik buna ehtiyac yoxdur, cənab direktor. Gedə bilərəmmi?

 

- Yox, rob. Səni buna görə çağırmamışam. Bu gün nahar fasiləsindən sonra işçilərə şad bir xəbərim olacaq. Bütün heyət müşahidə zalına toplansın. Sonrasını orada biləcəksiniz. İndi gedə bilərsən.

 

- Baş üstə, - deyib Robot 51 KMS 507 otağı tərk etdi.

 

Direktor növbəti dəfə düyməni sıxıb, mədəni işlər üzrə muavini  Robot 51 KSD 317-ni yanına cağırdı. O, çox keçmədən içəri daxil olub salam verdi. Direktor  robun salamını sualla qarşıladı:

 

-  Necəsən, şair? İşlər necə gedir?

 

- Hər şey yolundadır, cənab direktor. Bir sıxıntımız yoxdur. - Robot 51 KSD 317 cavab verdi.

 

- Şair, sənə bir sual verim.

 

- Buyurun, cənab direktor.

 

- Deyin görüm, bu şairlik sizdə öncədən mövcud idi, yoxsa sonradan yarandı? Şeirləriniz mənim xoşuma gəlir. Hərdən oxuyuram.

 

- Təşəkkür edirəm, cənab direktor. Xeyr, əvvəllər şairliyim yox idi. Bu, məndə sonralar yaranmağa başladı. Gözəl təbiətimizə, robot və insanlarımıza olan vurğunluğum özümdən asılı olmayaraq, beynimin ədəb şöbəsinin sürətli inkişafına səbəb oldu. Artıq özümü şeirsiz, poeziyasız təsəvvür edə bilmirəm, - deyə  Robot 51 KSD 317 bildirdi.

 

- Çox gözəl! Demək belə,  şair, bu gün nahar fasiləsindən sonra müşahidə zalında möhtəşəm bir yığıncağımız olacaq. Orada sizi mühüm bir xəbərlə tanış edəcəyəm. Yaxşı olar ki, iclasdan sonra incəsənət ustaları kollektivimiz qarşısında bədii proqramla çıxış etsinlər. İnsan ansamblları da  dəvət edərsiniz. Qoy, konsert proqramı rəngarəng və maraqlı olsun.

 

- Baş üstə, cənab direktor,- deyib Robot 51 KSD 317 icazə alaraq kabineti tərk etdi.

 

Direktor yerindən qalxıb həyətə çıxmaq istəyirdi ki,   qapı yenidən döyüldü.

 

-  Buyurun, - deyə direktor səsləndi.

 

Bu onun sevimli işçisi Robot  55 KDK 101 idi.

 

-  Nə lazımdır, dost? - deyə direktor soruşdu.

 

- Narahat etdiyim üçün bağışlayın, cənab direktor. Sizdən bir xahişim var, ona görə gəlmişəm, -deyə işçi utana-utana dilləndi.

 

- Çəkinmə, rob! Biz ki dostuq. Sözünü de.

 

- Cənab direktor, sizdən üzr istəyirəm... Müəssisədə məndən başqa hamı evlidir... Bəzən çətinliklərlə qarşılaşanda başqalarına ağız açmalı oluram... Mənə də bir qulaq yoldaşı tapılsaydı, pis olmazdı.

 

- Haqlısan, rob, - direktor fikirləşmədən cavab verdi. - Narahat olma, mən bu məsələni həll edərəm. Gərək əvvəlcə  gələcək həyat yoldaşın üçün müəssisəmizdə bir iş ayarlayaq, sonra. Söz verirəm ki, bu məsələni tezliklə həll edəcəyəm.- Bir az ara verib sonra soruşdu, - Hansı sinfə aid olsun?

 

- Mənimlə eyni kateqoriyadan olsa, kifayətdir. Sinfi önəmli deyil.

 

- Aydındır. Gedə bilərsən,  dost, - deyə direktor gülərək  Robot 55 KDK 101-i yola saldı.

 

lll

 

Müşahidə zalı ağzına qədər işçilərlə dolu idi. Hamı səbirsizliklə direktorun gəlişini gözləyirdi. Robotlar yerini tutan kimi direktor zala daxil olub iri addımlarla tribunaya yaxınlaşdı. Sonra üzünü salondakılara tutub böyük fərəh hissi ilə danışmağa başladı:

 

- Əzız həmkarlarım! Mərkəzdən aldığım çox mühüm bir məlumatı sizlərin diqqətinə çatdırmaq istəyirəm. Uzun illər apardığımız  çalışmalar,  elmi tədqiqatlar öz bəhrəsini vermək üzrədir. Məhz sizlərin fədakarlığı, bacarığı sayəsində planetlərarası  "Sonsuz səma"  peykimiz  artıq Qasr planetinə enmək ərəfəsindədir.

 

Xəbər səslənən kimi "Ura!!" sədaları ətrafa yayıldı. İşçilər o dəqiqə direktoru sorğu-suala tutmağa başladılar:

 

- Cənab direktor,  deyə bilərsinizmi nəyə görə əvvəlcə biz Qasra uçmalı olduq?  Onların Yerə enmək istəyi yoxdurmu?

 

- Bilirsinizmi, - deyə direktor izah etməyə başladı, Qasrdakı robotlar bizə müttəfiq kimi baxmırlar. Onlar Yer planetinə  "İşgəncə kürəsi" adını veriblər. Buradakı təhlükəsizliyə, əmin-amanlığa inamları çox azdır. Çünki uzun illər Yerdəki insanların kütləvi qırğın və digər silahlarla bir-birilərini məhv etdiklərinin şahidi olublar. Qasrlılar ilk vaxtlar burada normal həyatın hökm sürdüyünə belə inanmırdılar. Lakin biz, çətinliklə də olsa, onları əmin edə bildik ki, artıq Yer kürəsində hakimiyyət insanların deyil, yüksək intellekt və mədəniyyətə malik olan robotların əlindədir. Daha Yer üzərində əvvəlki kimi torpaq, dəniz, mülk, sərvət, pul, dil, din davası getmir.

 

Hörmətli roblar, bilin ki, kosmik inkişafımızın ən yüksək mərhələyə qədəm qoymasında sizlərin müstəsna rolu danılmazdır. Lakin bununla belə, 40 il bundan əvvəl  ilk robotları yaradan  o dövrün  mütəfəkkir alimlərinin, dərin  zəka  sahiblərinin əməyini də qiymətləndirməmək olmaz. O insanlar biz robotların ilk nəslini icad edib ərsəyə gətirdikləri üçün alqışa layiqdirlər.

 

Kim bilir, əgər biz - indiki nəslin robotları olmasaydıq, bu gün təbiətdən, insanlardan - ümumiyyətlə, canlılardan Yer kürəsində bir iz qalacaqdımı? Çətin. Yeni, daha təhlükəli silahların kəşfi və istehsalı uğrunda yarışa girən böyük dövlətlər çoxdan bu gözəl dünyamızı xarabazarlığa çevirib məhv etmişdilər. Biz hakimiyyəti ələ alıb, nəsli kəsilməkdə olan insanlara həyat bəxş etdik. Və bununla bəşəriyyət qarşısında özümüzün ən böyük  xidmətlərindən birini göstərmiş olduq.

 

- Cənab direktor, zəhmət olmasa deyin, Qasrdakı robotlarla hansı dildə ünsiyyət qururuq?

 

- Danışıqlar prosesində müəyyən çətinliklər oldu.  Biz əvvəllər müxtəlif video görüntülər və şəkillər göndərməklə özümüzü bir-birimizə tanıdırdıq. Lakin sonralar ortaq dil yaratmağa başladıq. Artıq bu gün minə yaxın sözdən qarşılıqlı şəkildə istifadə edə bilirik.

 

- Onların bizə oxşarı varmı? - yerdən kimsə səsləndi.

 

- Bəli, var. Oranın süni zəka sahibləri, demək olar ki, biz robotlarla eyni biçimdədirlər. Lakin insanları Yer kürəsindəki adamlardan nəzərəçarpacaq dərəcədə kiçikdirlər.

 

- Deyə bilərsinizmi, buradakı insanların da Qasra getməsi mümkün olacaqmı?

 

- Bız, bildiyiniz kimi, insanların əsrlər öncə bir planetdən başqa planetə necə getdiyini araşdırırıq. İşıq sürətilə hərəkət edən peyklərdə insan orqanizmi yüksək təzyiqə davam  gətirə bilmədiyi üçün adamların qitələrarası səfərlərdə iştirak etməsini reallaşdırmaq olduqca çətin bir işdir. Buna baxmayaraq, şübhə etmirəm ki, mükəmməl layihələr üzərində çalışan alimlərimiz bu problemi   yaxın gələcəkdə həll edəcəklər. Ancaq o da ola bilər ki, Yerdəki mənəvi mühitin korlanmasından ehtiyat edən Qasr planetinin məsul robotları yad insanların onların ölkəsinə  ayaq açmasına izn verməsinlər.                                                                                             

 

- Cənab direktor, Qasra səfərimiz yolun uzaqlığına görə zamanımızı çox almır ki?

 

- Düzdür, insan erası dövründə bu gediş-gəliş məsələsi böyük bir problem idi. Lakin indi işıq sürəti ilə hərəkət edən peyklərimizin timsalında vaxt itkisi baxımından ciddi bir problemimiz yoxdur.

 

Növbəti sual direktorun sevimli işçisi Robot 55 KDK 101-dən gəldi:

 

- Zəhmət olmasa deyin, Qasr planeti ilə bağlı sizi düşündürən ən mühüm məqamlar nədən ibarətdir?

 

- Maraqlı sualdır. Məmnuniyyətlə öz fikirlərimi sizinlə bölüşüm. Deməli, bayaq dediyim kimi, oranın robotları ilə insanları  buradakılara çox bənzəyirlər. Bu, onu deməyə əsas verir ki, insanlar vaxtı ilə eyni planetdə yaşayıblar. Məni ən çox düşündürən məsələlərdən biri budur ki, qədim sivilizasiyalar dövrü insanların planetlərarası ilk köçü haradan başlayıbdır: Yerdən Qasra, yoxsa əksinə. Bu, hələlik bizim üçün sirr olaraq qalır. Məni düşündürən ikinci maraqlı cəhət ondan ibarətdir ki, görəsən, onlar da  bizim kimi canlılara təsir etməyən şüasız atom enerjisi kəşf edə biliblərmi? Oradakı əsas enerji mənbəyinin günəş batareyaları, yoxsa atom ampulaları olması haqqında məlumata malik deyilik. Nə bilmək olar, bəlkə bizə məlum olmayan tamamilə yeni bir enerji növü əldə ediblər.

 

Qasr planetinə məxsus qitələrarası peyklərin hərəkət traektoriyaları, uçuş sürəti, onlardakı reaktorların hansı gücə malik olması haqqında da bilgimiz yoxdur. Doğrusu, bu məsələlər  məni çox düşündürür. Qaldı ki, Qasr planeti barədə informasiya şəbəkələrində yayılan bəzi fikir və mülahizələrə, bütün bunlar alimlərimizin şəxsi düşüncələrindən başqa bir şey deyildir. Məncə, yaxın gələcəkdə  bu    digər  suallara  ətraflı  cavab  veriləcəkdir.

 

Hörmətli həmkarlarım, bir şeyə əmin ola bilərsiz ki, biz öz möhtəşəm ixtiralarımızla adımızı Yer kürəsi tarixinə əbədilik həkk edə biləcəyik.

 

Bu sözləri eşidən kimi robotların "Ura!!" sədaları yenidən ətrafa yayıldı.

 

- Hörmətli həmkarlarım və dostlarım,- deyə direktor çıxışına davam etdi, - bir azdan peykimiz Qasr planetinə enəcəkdir. Yer kürəsindəki əksər robot və insanlar canlı yayımda Qasrdakı robotlarımızın səsini dinləyəcəklər. Bu dünya tarixində indiyə qədər misli-bərabəri  görünməmiş bir hadisə olacaqdır. Ümidvaram ki, Qasr planetinə enişimiz müvəffəqiyyətlə başa çatacaqdır. İndi bütün müəssisələrdə, idarə və təşkilatlarda, evlərdə hamı monitorların qarşısında oturub diqqətlə xəbərləri izləyirlər.

 

lll

 

 Artıq konsert proqramı heç kimin yadına düşmürdü. Hamı Qalaktikadan gələsi yeni xəbəri  gözləyirdi.

 

 Çox keçmədi ki, səliqə ilə geyinmiş bayram əhval-ruhiyəli bir rob ekranda göründü. Bu, mərkəzi məlumat bürosunun mətbuat katibi  Robot  50 SMK 172 idi. Bütün diqqətlər ona yönəlmişdi.

 

- Əziz həmvətənlərim! Yer planetinin robot və insanları! Sizin hamınızı təbrik edirəm! "Sonsuz səma" peykimiz böyük uğurla Qasr planetinə eniş etmişdir! 

 

Bu xəbəri eşidən kimi robot və insanlar qışqırmağa, fərəhdən uşaq kimi atılıb-düşməyə başladılar. Hamı qucaqlaşaraq bir-birini təbrik edir, sevincini ətrafdakılarla bölüşürdü.

 

Bu uğurlu səfərdən sonra elə bil Yer kürəsinin qulaqları  "Sonsuz səma" peykindən gələn  dalğalara köklənmişdi. Demək olar ki, hamı Qasr planetindən gözlənilən yeni xəbərlərin sorağı ilə nəfəs alırdı. Artıq bilirdilər ki, Yerdən gedən nümayəndə heyətini Qasrda çox böyük coşqu və mehribanlıqla qarşılayıblar. Ünsiyyət məsələsində isə ciddi bir problem yaranmayıb. Tərəflər bir-birini bəzi sözlər və telepatiya vasitəsilə anlaya biliblər.

 

Qasr planeti haqqında ümumi təəssürat yaransın deyə, Yerdən gedən qonaqları müxtəlif təcrübə sahələrinə aparıblar. Qasrdakı zavod və müəssisələrlə tanışlıq Yer robotlarının böyük marağına səbəb olub. Başqa diqqətçəkən məqamlar da ortaya çıxıb. Məlum olub ki, qanunların yazılmasında və təsdiqində oradakı insanların heç bir rolu yoxdur. Nəzarət mexanizmi və səlahiyyətlər bütünlüklə robotların  əlindədir. Aydın olub ki, Qasrda yaşayan insanlar yalanın, yaltaqlıqlığın,  dələduzluğun nə olduğunu bilmirlər. Onların rüşvət və korrupsiya barədə anlayışları belə yoxdur.  Oranın adamları çox mehribandır. Xoşbəxt və firavan  bir  ömür yaşayırlar.

 

Planetlərarası ilk görüşdə əldə edilən ən mühüm razılaşmalardan biri ondan ibarət olub ki, tərəflər elm və texnologiya sahəsində səylərini birləşdirmək haqqında qərar qəbul ediblər. Bundan başqa, Qasr nümayəndə heyətinin başçısı söz verib ki, başqa planetlərdən təhlükə gözlənildiyi halda onlar bu barədə Yer kürəsinı anında xəbərdar  edəcəklər.

 

Qasr nümayəndələri qeyd ediblər ki, çox zəngin bir planetə sahibdirlər və Yer kürəsini qiymətli metallarla davamlı şəkildə təchiz edə bilərlər. Deməli, elə ilk görüşdəcə Yer planeti özünün əlvan metallara olan tələbatını ödəmək imkanı əldə edibdir.

 

Artıq son bir həftə ərzində "Sonsuz səma" peykindən gələn məlumatlar əsasında Yerdə Qasr planetindəki insanlar haqqında xeyli rəy formalaşmışdı. Məlum olmuşdu ki, Yer planetindən fərqli olaraq, oradakı insanlar yalnız öz bilik və bacarıqlarına güvənməklə yüksək vəzifələr tuta bilərlər. Lazımi savadı və peşəkarlığı olmayan işçi daha yaxşı vəzifəyə keçmək üçün daim çalışmalı, öz üzərində işləməli və səviyyəsini  artırmalıdır. Yer kürəsindən fərqli olaraq, Qasrda rüşvətxor, qohumbaz müdirlərə təsadüf olunmur. Kütbeyin, savadsız, avara məmurlar ordusu olmadığı üçün cəmiyyətin inkişafına və xalqın rifah halına ağır zərbələr vura biləcək halların təşəkkül tapması mümkün deyil. Varlanmaq ehtirası və paxıllıq hıssi deyilən bir şey yoxdur. Oradakı insanlar qızıla, daş-qaşa, sərvətə əhəmiyyət vermədıyi üçün məvaciblərini sağlam yaşamlarına sərf etməklə xoşbəxt həyat sürürlər.

 

Aydın olub ki, Qasrda elm və texnologiyanın inkişafı Yerdən olduqca üstündür. Ancaq bu, o anlama gəlməyə əsas vermir deyilsin ki,  əsrlər öncə  ilkin olaraq insanlar Qasr planetindən Yerə eniblər. İzah olunur ki, belə bir mülahizə ilə çıxış etmək hələ tezdir. Yalnız gələcək elmi araşdırmalardan sonra bu suala dolğun cavab vermək mümkün olacaqdır.

 

Qasrdan alınan məlumatlardan aydın oldu ki, orada yaşayan insanlar arasında siqaret çəkənlərə çox az təsadüf olunur.  Bu cür adamlar cəmiyyət arasında nüfuz sahibi sayılmır.  Onlara ruhi xəstə kimi baxanlar da var.

 

Spirtli içki aludəçiləri və alkoqola meyilli adamların yaşaması üçün xüsusi qəsəbələr salınıb ki, onların da sayı barmaqla sayılacaq qədər azdır. Bununla belə, həmin qəsəbələrdə spirtli içkilər azad şəkildə satılmır.  Bunun üçün öz ayıltma məntəqələri olan xüsusi restoranlara getmək lazım gəlir. Qanuna əməl etməyən vətəndaşlar qəsəbədən kənara çıxmaq hüququndan məhrum edilirlər. Təkrar qanun pozuntusu olarsa, məhkumluq qaçılmazdır. Cəzanın müddəti və ağırlıq dərəcəsi "Spirtli içki haqqında qanun"la tənzimlənir.

 

lll

 

Bir həftə sonra Qasr planetinə gedən  "Sonsuz səma" peyki onun üçün doğma olan Yer kürəsinə qayıtdı. Oradakı görüşlər, kosmik fəza ilə bağlı qarşıda duran vəzifələr haqqında televiziya və radiolarda geniş müzakirələr getməyə başladı. Bildirildi ki, Qasr planeti nümayəndələrinin qonaqlardan yeganə xahişi ondan ibarət olub ki, Yerdəki mənəviyyatsızlığa son qoymaq üçün insanların müalicəsi üzərində ciddi işlər aparılsın. Onların sağalıb insan kimi yaşaması üçün  xüsusi tədbirlər   həyata keçirilsin.

 

Növbəti mühüm hadisə Qasr nümayəndə heyətinin Yerə səfər etməsi olacaqdı. Yer planetinin sakinləri səbrsizlikə  onların gəlişini gözləyirdi.

 

lll

 

İş vaxtı sona yaxınlaşırdı. "Reaktor" müəssisəsində hər robot öz işi ilə məşğul idi. Direktor masanın üstündəki aparatın düyməsini sıxıb  Robot 50 KDK 101-i yanına çağırdı.  Çox keçmədi ki, Robot 50 KDK 101 qapını döyüb içəri daxil oldu.

 

- Necəsən , dost? - deyə direktor soruşdu.

 

- Yaxşıyam, cənab direktor. Siz yaxşı olun.

 

- Rob, səni təbrik edirəm!

 

- Nə münasibətlə? - deyə robot 50 KDK 101 təəccüblə xəbər aldı.

 

- Məgər yadından çıxıb? - direktor dedi - Axı sənə söz vermişdim. Sabah saat 10-da hava limanına gedib həyat yoldaşını qarşılaya bilərsən. Onun adı  Robot 54 KEU 182-dir .

 

Robot 50 KDK 101 təşəkkürünü bildirib, sevincək halda otaqdan çıxdı.

 

Aləm KƏNGƏRLİ

 

525-ci qəzet.- 2018.- 8 mart.- S.8.