Ürəyi alovlu Əhsənlə ərköyün
Qədirin sənət möcüzəsi
... Sədəfli tarın sehrkar sarı siminin həzin
ahəngi hər hansı bir azərbaycanlının ürəyini
coşdurub, duyğularını riqqətə gətirməzmi?
Xəyalı uzaqlara qanadlandıran tarın sarı simindən
həm sevinc, həm də həzin bir kədər duymaq olar. Çünki
sarı sim ilə xalqımızın ürək telləri
arasında doğma bir yaxınlıq var. Kim sədəfli
tarın sarı simindən qopan həzin ahəngi dərindən
duyarsa, heç şübhəsiz, o, xalqımızın
ürək tellərinin ahəngini hiss edər.
Əhsən
Dadaşov... Dinləycini tez ələ almağı, onun diqqətini
özünə cəlb etməyi bacaran, tarının
yumşaq, qəlb oxşayan, cazibədar səsi ilə
insanı həyəcanlandıran, sevindirən tarzən...
Əhsən
Dadaşov... Şirin, ecazkar, rəngarəng
çalğısı, dolu və sanballı səslənmə
yaradan mizrabları, mənalı musiqi cümlələri ilə
qulaqlarda, hafizələrdə deyil, şüurda belə
unudulmaz iz buraxan virtuoz sənətkar...
Əhsən
Dadaşov... Nəhayətsiz, sonu görünməyən, dərinliyi
bilinməyən çılğın qəlbli muğam
improvizatoru, sözün həqiqi mənasında ali hissi qabiliyyətə malik qeyri-adi ürək
çalğıçısı...
Əhsən
Dadaşov... Novator solo ifaçı, bənzərsiz
müşayiətçi, görkəmli orkestr solisti,
istedadlı ansambl rəhbəri, şair qəlbli bəstəçi,
mükəmməl pedaqoq...
Sənətinə
yaradıcı münasibəti, çaldığı
muğamlardakı dərin fikri, mənanı və bədii
keyfiyyətləri özünün fərdi istedadı və
təkrarolunmaz ustalığı ilə yüksək səviyyədə
ortaya çıxarması tarın çırpınan ürəyi
Əhsən Dadaşov ifaçılığının ən
qiymətli cəhətləri idi...
Mahir tarzən, Azərbaycan Respublikasının Əməkdar
artisti, Beynəlxalq müsabiqələr laureatı Əhsən
Dadaşovun anadan olmasının 90 illiyi tamam olub.
Əhsən Dadaşovun yaradıcılığı XX əsr
musiqi mədəniyyəti tariximizin ən parlaq səhifələrindən
birini təşkil edir. Onun tarda füsünkar ecazkarlıqla ifa
etdiyi muğamlar, xalq və bəstəkar mahnıları, rənglər,
dəramətlər musiqi xəzinəmizin "Qızıl
fond”una daxil olub.
Milli
instrumental sənətinin inkişafı və təbliği
sahəsində mühüm xidmətləri olan Əhsən
Dadaşovun əlamətdar yubileyi münasibətilə
yazıçı-jurnalist, Həsən bəy Zərdabi və
Cəfər Cabbarlı mükafatları laureatı Rafiq
Hacıyev qüdrətli tarzənin həyat və
yaradıcılığından bəhs edən "Əhsən
sənə, Əhsən!.." kitabı üzərində
yaradıcılıq işini başa çatdırıb.
Kitabda
yazıçı-jurnalistin özünəməxsus poetik təsvirləri,
cəlbedici təhkiyəsi, ana dilinin geniş bədii
imkanlarından ustalıqla faydalanmaq məharəti qələmə
aldığı
materiallarda Əhsən Dadaşovun şəxsiyyətinə
olan böyük məhəbbət və dərin hörmət
hisslərində öz əksini tapan gözəl, məftunedici
lirik notlarla canlı və parlaq verilib.
Əhsən
Dadaşovun mahir tarzən kimi sənətkarlığı, rəhbərlik
etdiyi xalq çalğı alətləri ansamblının
musiqi mədəniyyəti tariximizdəki rolu, instrumental
muğamların ifasındakı fərdi çalğı
xüsusiyyətləri, eyni zamanda, bəstəkar əsərlərinin
mahir ifaçısı, məşhur xanəndələrin
istedadlı müşayiətçisi, bir çox ürəkoxşayan
axıcı melodiyalara malik rəng, rəqs, və təsniflərin
müəllifi kimi yaradıcılığı portret-povestdə
rəngarəng boyalarla rəsm olunub.
Kitabın yüksək bədii obrazlı dili ustad tarzəni
əhatə edən şəraiti və adamları daha
qabarıq və real surətdə nəzərə
çapdırmaqla bərabər, həm də onun zəngin
yaradıcılıq mənəviyyatını, geniş daxili
aləmini solmayan bir gözəlliklə, təravətlə əks
etdirir.
Tarzənin öz dövrü ilə çoxcəhətli
əlaqəsi Əhsən Dadaşovu mahir ifaçı,
ansambl rəhbəri, istedadlı müşayiətçi, bəstəkar
və pedaqoq kimi milli musiqi mədəniyyətimizin daha da
inkişafı uğrunda mübarizə aparan xadim kimi
tanımağa kömək edir. Bu mübarizə
kitabın süjet xətində öz dolğun əksini
tapıb.
Kitabda hər bir səhifəni oxuduqca dadlı və məlahətli
çalğısı ilə ürəyinin və tarın
sarı siminə toxunan Əhsən Dadaşov
mizrablarının, barmaqlarının, xallarının
qopardığı yanıqlı səs aydın eşidilir və
oxucunun qəlbinə işləyir.
Bu ürəyə
"işləmə"də üslub sadəliyi, ifa olunan
musiqinin məzmununu dərindən, dolğun, düzgün
açmaq, ifadəli, olduqca təmiz və dəqiq çalmaq
bacarığı, bədii elementləri kamil texniki
ustalıqla bir vəhdətdə birləşdirmək qabiliyyəti
hər kəsi ovsunlayır, onu hara isə uzaqlara, lap uzaqlara
"aparır". Eyni zamanda,
çalğıdakı ən kiçik melodik cümlə, ən
xırda, ən balaca ibarə belə özlüyündə
çox zərif, çox incə bir poetik məna kəsb
edir.
Maraq doğuracağına inanaraq kitabdan bir hissəni
oxucularımızın diqqətinə
çatdırırıq.
Rafiq
HACIYEV
"Qədir Rüstəmov başqa aləmdir!"
Əhsən
Dadaşov
"Mən Əhsən Dadaşova bütün
ömrüm boyu borcluyam".
Qədir
Rüstəmov
...Bakı...
1968-ci il... Paytaxtda "qora
bişirən" ayın bürkülü günləri
yaşanırdı. Hava dözülməz
dərəcədə isti idi. Studiyada
projektorların zəif çəhrayı işıq
zolağı səhər şəfəqlərini
xatırladırdı. Adama elə gəlirdi ki, indicə
Günəş buludların arasından boylanacaq...
...Qavalı
götürüb ürkək-ürkək, ətrafına
baxa-baxa, asta addımlarla ansambl üzvlərinin oturduğu yerə
yaxınlaşır, öskürə-öskürə
boğazını arıtlayırdı. Sanki kimdənsə
qorxub çəkinirdi. Hamı maraqla
ansambl rəhbərinin studiyaya gətirdiyi bu arıq, qara,
qayış kimi oğlana nəzər yetirirdi. Bir az əvvəl Əhsən müəllim onu
uşaqlara təqdim edəndə söyləmişdi ki, bu
cavan oğlan Ağdamdandır, adı da Qədirdi, Asəf
Zeynallıda oxuyur (A.Zeynallı adına Musiqi Texnikumu - R. H.).
Ansamblda olan uşaqların dodaqlarında növbətçi
təbəssüm görünsə də, ilk baxışdan
heç kəsin bu cılız, zəif, çəlimsiz
oğlandan gözü su içmədi. Təhər-töhüründən,
görkəmindən heç xanəndəyə
oxşamırdı. Qədirin
sur-sumbatından o qədər arıqlıq,
cılızlıq tökülürdü ki, deyərdin sanki
bu qara, qayış kimi oğlanın nə
danışmağa dili var, nə də hələ olsun ki,
oxumağa səsi. Amma burdakılardan heç kəs
bilmirdi ki, bu görünüşü, o, öz müstəqilliyini,
dəlisovluğunu, ərköyünlüyünü, az qala məğrurluğunu ifadə edən bir
bayraq kimi özü ilə gəzdirirdi...
Əhsən müəllim həmişə
qayğılı, mükəddər görünən
baxışlarını bir anlıq Qədirin üzündə
gəzdirdi. Sonra tarı sinəsinə sıxdı və
başını onun "ürəyinin və ciyərinin"
- çanağının üstünə qoydu. Baş barmaqlarını pərdələrdə,
simin üzərində saxlayarkən, onları möhkəm
sıxdı ki, səs cingiltili yox, dolğun
çıxsın. Və barmaqlar hərəkətə
gəlib adamın üzünə şox salan simlərin
sükutunu pozdu. Tarzən xəbərdarlıq
mizrabları vurub çalğıya ton verdi.
Sehrli mizrabların təsirindən musiqidəki
"boyalar" canlanmağa, dilə gəlməyə
başladı. Bir ansambl çalğıçı
"sol" mayəli "Segah" kökündə "Sona
bülbüllər" xalq mahnısının ürək
titrədən melodiyası ilə ona qoşuldu...
Gəldiyi kollektivdə ilk dəqiqələrdən bir qədər
soyuq, inamsız və biganə münasibəti hiss edən
arıq, qara, cılız, qayış kimi oğlanın
qaşları alnının ortasında çəkilib
baş-başa gəldi. Bədəni qıvrıldı və səsi
ox kimi dartılıb açıldı. Səs
axdı, dalğalandı, əfsanəvi Səməndər
quşu kimi yana-yana havalandı. Qədirin
ürəyində çığnam-çığnam
qaynayan, fışqırmağa hazır səs selinin
ağzı açıldı. Oğlanın
dodaqlarının kilidində sanki illər boyu həbsə
alınmış "Sona bülbüllər" səsinin
ürəyindən qoparaq, pərvazlanıb uçdu! Uzaq, çox uzaq əsrlərdən havalanıb gələn
qədim bir el mahnısının həsrətli,
yanıqlı sözləri damcı-damcı sinələrə
axdı. Məlahətli bir səs studiyanı
başına götürdü, nə götürdü:
Su
atdım hara dəydi,
Sona
bülbüllər.
Əlim divara
dəydi,
Saçı sünbüllər.
Dilim,
ağzım qurusun,
Sona bülbüllər.
Nə dedim, yara dəydi?
Saçı sünbüllər.
Elə
yar yar deyirlər,
Heç
məni demirlər,
Ay sona
bülbüllər.
Səs
qalxdıqca, kotan kimi
köksünü şırımladıqca Qədir
qıvrıldı, qıvrıldıqca balacalaşdı,
balacalaşdıqca yumağa dönüb yumruq təki
sıxıldı, sanki ağlı başından
çıxdı. Onun sinəsindən elə
bil söz közərə-közərə qopur, dəmirçi
kürəsindən qanadlanan qığılcıma bənzəyirdi.
Sözlərin canına yanğı
düşmüşdü, nə idisə dinləyənləri
odlandırırdı.
Bu çəlimsiz, bu arıq, bu cansız, oxuyanda titrəyən,
titrəyən, titrəyən bu oğlandakı
qışqırıq, haray haradan idi?
Bu çəlimsiz, bu arıq, bu cansız oğlanın
səsindəki hıçqırıqlar, cingiltilər,
ümidsiz çağrışlar haradan idi?
Haradan idi, ay Allah?!
Gözlə
görünməyən, əllə tutula bilməyən, lakin
fikrin, düşüncənin gözlərini açan, ürəyi,
qəlbi həyəcana salan, təlatümə gətirən,
sinəsi od tutub alışan bu qanadlı
səs yandırmaqla bərabər həm də
düşündürürdü.
Qədirin ayrılıqların, həsrətlərin
üstündən boylanan səsi qədimliyi, kövrəkliyi
və şirin-şirin yanğısıyla ansambl üzvlərini,
xüsusən də Əhsən müəllimi tutmuşdu. Deyəsən, özü də
yaman bərk tutmuşdu! Onun barmaqlarında bir həyəcan
dalğası titrəyirdi.
Qədirin səsi tarzənin xəzan könlünü
atəşə qalayırdı. Əhsən müəllim
keçirdiyi təlatümlü hissləri boğa bilməyərək,
mütəəssir halda Qədirə baxırdı. Elə bil ustadın sinəsinin başında yaş
odundan ocaq qalamışdılar. Korun-korun
yanan bu ocağın tüstüsü ürəyinə
sızır və acı duman olub gözlərində
burumlanırdı. Ürəyinin köhnə
göynərtiləri başından vurub ayağından
çıxır, yandırıb yaxırdı onu. Qəlbi yavaş-yavaş gözlərinə
köçürdü. Baxışlarının
dərinliyində getdikcə kədər buludu
sıxlaşırdı.
Əhsən müəllimin gözləri də,
barmaqları da Qədirin səsinə səs verib oxuyurdu. Bu barmaqlar tarın ürəyinə
od salmışdı. Mizrablar
tarın "sümük"lərini titrədirdi. Qədir isə hissləri qovuran
saca dönmüşdü:
Evləri
köndələn yar,
Sona
bülbüllər.
Bizə
gül göndərən yar,
Saçı
sünbüllər.
Gülün
yarpıza dönsün,
Sona
bülbüllər.
Bizdən
üz döndərən yar,
Saçı sünbüllər...
Elə
yar yar deyirlər,
Heç
məni demirlər,
Ay sona
bülbüllər.
Bu ulu səs
tarzənin sızıldayan, göynəyən, qaysaq
bağlayan yarasının qartmağını,
közünü qopartmışdı, üstünə də
bir ovuc duz səpmişdi və demişdi: "Hə, Əhsən
müəllim, böyük ustad! İndi sən mənə
yaxşı-yaxşı qulaq as ki, neçə-neçə
illər boyu heç kimə büruzə vermədiyin, amma
nakam, cavan oğlunun içində çəkdiyin vaxtsız
itkisindən yana qəlbində ağır yük kimi
daşıdığın dərd, qəm, ayrılıq
yansın, odlansın, cızdağı
çıxsın"...
Qədirin səs tembri, səs imkanları, xanəndəlik
sənətinə məxsus zəngulələri, boğaz
qaynatmaları, melizm və ştrixləri məharətlə
ifa etməsi ansambl üzvlərini heyran qoymuşdu.
Və...
"Sona bülbüllər" qanadlandıqca yazda budaqlar
çiçəklədiyi kimi Qədirin də səsində
"kədər, fəryad çiçəkləyirdi"...
Olmasaydı
qəmi-eşqin dili-viranımda,
Saxlamazdım onu bu izzət ilə yanımda.
Əhsən
müəllim ağ simdə zil
"Segah"la muğama girirdi və tarın səsi ürəyin
ən incə tellərində gəzirdi. Tarzən
xanəndənin dilindən söylənilən melodik ifanı
mizrab-mizrab, ürəyi pörşələnə-pörşələnə
izah edirdi. Və həmin mizrabların
yanıqlı titrəyişi, yalvarışı adamın
canına köz salırdı, yandırıb-yaxırdı.
Musiqi ilə
dolu barmaqları tarzənin ürəyinin və
"Segah"ın zil şöbəsinin ritminə uyğun
dil açdırıb "danışmağa" məcbur
edən nə idi, kim idi, nəçi idi? Bu məşəqqət, əziyyət, cəfa
çəkən barmaqlar nə diləyirdi görəsən?
Əhsən müəllimin ürəyi
tarından lap çox oxuyurdu. Tarzənin
çalğısı - Əhsən müəllimin ifası
ilə təqdim edilən zil segah "Segah" muğamına
bir növ əlavə edilən bənzərsiz, möcüzəli
bir yenilik idi!
Qədirin isə bu yenilikdən xəbəri
vardımı, yoxdumu, bilmirəm. O, bəlkə də heç bu
yeniliyin mahiyyətinə belə varmırdı, özü
üçün qərib, qaibanə bir səslə oxuyurdu:
O qara
xalı mənə versələr,
qanın
içərəm,
Nə
üçün mənzil eyləyib
arizi-cananımda.
Xanəndənin qəlbi sarı simə
dönmüşdü. Elə bil Əhsən müəllim onun
ürəyini çalırdı. Tarzən sağ əl
ifa texnikasını-alt və üst mizrabların
düzgün və ardıcıl şəkildə
vurulmasını, eyni zamanda, sol əl sıxmasını
"Segah"ın zil şöbəsinin ifa tərzinə
uyğun şəkildə yerinə yetirirdi. Tarın pərdələrindən
qopan qığılcımların şövqü axıb Əhsən
müəllimin bəbəklərinə
dolurdu, gözlərində göllənirdi. Qədir isə
dediyini kəlmə-kəlmə xırdalayıb dağ eləyərək,
sinələrə köz qoyurdu:
Eyləməz
aşiqi bir lütf
ilə xürrəm, ya rəb
Bax elə zil "Segah"ın bu yerində, müxalif pərdəsinə dəyib, geri qayıdan bu anda tar özünü unudan Əhsən müəllimin ürəyinin üstündə dəlisov, adamın ixtiyarını əlindən alan bir yeriş açmışdı. Əhsən müəllimin sinəsindəki sanki tar deyildi, elə bil nakam balası idi. Sıxmışdı sinəsinə və simlərin harayı ilə ona kədərli layla çalırdı. Bu saniyələrdə tarzənin ürəyindən acı yellər əsirdi, dodaqları səyriyirdi. Ürəyi tüğyan eləyirdi. Gözlərini açmaq istəmirdi, kirpikləri nəmli idi. Əgər Əhsən müəllim gözlərini bir az açsa idi...
Bax belə dəqiqələrdə kim deyibsə ki, qurban olum "Segah"a, Vallah, düz deyibdi. Doğrudan da, istedadın, ən əsası da ÜRƏYİN varsa - istər instrumental ifaçı ol, istərsə də xanəndə - buyur nə istəyirsənsə, nəyi bacarırsansa elə, yandır könülləri görüm, necə yandırıb, yaxırsan!
Xanəndələrin sözü olmasın, zil "Segah"da Əhsən müəllimin ÜRƏYİ "elə nəfəs"lər eləyirdi ki, deyirdin bu dəqiqə, bu saat, Allah eləməmiş adamın nitqi kəsiləcəkdir.
"Segah" tonallığına düşmək üçün daha incə, xırda melizmlərdən istifadə edən tarzən sanki Qədirə deyirdi ki, "əziz dostum, eşqlə, məlahətlə ifa edirsən, amma bax indi mən vurduğum xalları o yanıqlı səsinlə oxusaydın, lap müsibət olardı".
...Əhsən müəllimin rəngi avazıyırdı. İçində vurnuxan, özünə yer axtaran duyğulara çözüm tapmayan ustad, başını tarın çanağına qoyub yaşla dolmuş gözlərini yumaraq, ürəyini yeyə-yeyə çalırdı. Adama elə gəlirdi ki, bu dəqiqələrdə o, ətrafda baş verənləri məhz ürəyinin gözləri ilə görür, duyur və danışırdı. Əhsən müəllim qəlbində ürəyinin ağlar-sızlar tellərindən, vaxtsız xəzan vurmuş körpə oğlunun bənövşə ətirli istəklərindən ilmə salır, aylı gecəsi, çəməni, çiçəyi ilə qövsi-quzeh arğaclı xatirələr toxuyur, öz çalğısı ilə sanki möcüzəyə acıq verirdi. Əhsən müəllimin ürəyinin qanı açılmışdı və o, Qədirin səsini "yarasının üstünə sarımışdı" ki, ağrısına, göynərtisinə, sızıltısına məlhəm olsun...
Qədirin naləsi od tutub qızışdıqca, ürəklər ocaq kimi yanırdı. Duyğular dəli köhlənə dönürdü. Səs sinələri sızıldadırdı.
Bu nə rəftardır ol
sərvi-xuramanımda?
Ansambl üzvləri özlərində deyildilər, Allah haqqı, barmaqlarını kəssəydin, xəbərləri belə olmazdı. Dərin fikrə getmişdilər. Bənizləri dümağ idi. Öz bənzərsiz çalğısı ilə Əhsən müəllim Qədirin oxumağını öz sehrli tarında təkrarlamaqla onun yeni boğazlar vurmasına meydan verirdi. Bu zaman Qədir ustad tarzənin məntiqli "ayaq" vermələrini arifanə şəkildə hiss edərək, ifanın təsirliliyini daha da gücləndirmək üçün onu yanıqlı boğazlarla bəzəyirdi. Xanəndənin yanğısına cavab verən tarzən özünün nisgilli çalğısı ilə sözün əsl mənasında "oxuyur"du. Bu adi çalğı yox, oda, alova, yanğıya dönən qüdrətli sənətkar çalğısı idi!..
Qədir isə dərddən, qəmdən özünü unudub şaqqanaq çəkən hicranın səsinə boy verirdi:
Dəryada gəmim qaldı,
Sona bülbüllər.
Biçmədim zəmim qaldı,
Saçı sünbüllər.
Çox çəkdim yar cəfasın,
Sona bülbüllər.
Mənə də qəmim qaldı,
Saçı sünbüllər.
Elə yar, yar deyirlər,
Heç məni demirlər,
Ay sona bülbüllər.
Ansambl üzvlərini və studiyanın rejissor otağında olanları heyrət götürmüşdü: fikirləşirdilər ki, bu oğlana qulaq asanda gərək ürəyinə daş bağlayıb dinləyəsən. Adamın cızdağı çıxırdı bu səsi eşidəndə. Bayaqdan bəri laqeyd baxdıqları bu arıq, qara, cılız, qayış kimi oğlan, sən demə, başdan-ayağa çox böyük bir ürək imiş! Oxuyan, qəmli, kədərli ürək!..
...Və həmin gün Qədir xalqdan aldığı "Sona bülbüllər"i təzə nəfəslə, bir möcüzə kimi xalqa qaytarır, heyrətin monumental heykəlini ucaldırdı. "Sona bülbüllər" "qanad gərib" pərvazlanırdılar.
Əhsən də Qədiri ucaldırdı, onun ömrünün üstünə yeni ömür, əbədi və ölməz ömür qoyurdu. Çünki milli musiqimizin özünəməxsus səhifəsi olan Qədirin ecazkar səsini, nadir orijinal ifaçılıq sənətini ilk dəfə bu böyük şəxsiyyət GÖRMÜŞDÜ və həmin şanlı səhifənin ilk oxucusu Əhsən Dadaşov idi!
Bax elə əsl sənət də, sənətkarlıq da budur!..
...Mahnı sona çatdı, "yumruq" açıldı. Qədir oxuyub qurtardı. Əhsən müəllim birneçə dəqiqə oturduğu yerdə qaldı. Əlinin ardı ilə tərini sildi. Bədəni çim suyun içində idi, onu isti tər basmışdı. Qədirin yanıqlı səsi ürəyini şırımlayıb yandırmışdı. Elə bil köksü üstündə ocaq qalamışdılar, sinəsi od tutub korun ocaq kimi tüstülənirdi. Qədirin səsinin ağrı-acısı gözlərində çınqıllanır, kirpiklərində şehlənirdi.
Bir siqaret yandırdı. Heç bir hərəkətin təsirinə məruz qalmayan siqaret tüstüsü sifətinin önündə öz ahəngi ilə yuxarı qalxmağa başladı. Qədirin səsi onu varından yox eləmişdi. Qədirin səsində ürəyə köz salan bir qəhər vardı. Elə bil tüstü Əhsən müəllimin ürəyindən çıxırdı, yanan siqaret deyildi. Nəhayət, onun siqaret tüstüsünün arasından keçib gələn səsi eşidildi:
- Qədir, sənin səsin başqa aləmdir.
Bu sözləri dedi və Əhsən müəllimin gözləri yenə doldu.
Qədirin gözləri Əhsən müəllimin nəmli gözlərindən öpdü.
Əhsən müəllim də, ansamblın üzvləri də qəm heykəlinə dönmüşdülər. Hələ neçə illər idi ki, belə mənalı, təsirli, həyəcanlı və koloritli təzə səs, belə təzə ifa tərzi, belə əsrarəngiz muğam eşitməmişdilər. Qədirin ecazkar səsi, təkrarolunmaz ifaçılıq və insanın mənəvi aləminə nüfuz etməklə onda güclü emosional təsir yaratmaq bacarığı onları heyrətləndirmişdi. Qədirin oxumağı alınmışdı və hamı rahat nəfəs alırdı. Ansambl üzvləri bir daha əmin olmuşdular ki, saatlarla, yorulmadan Qədiri dinləyən, onun ifa boyu nümayiş etdirdiyi qeyri-adi boğazlara şahidlik edən Əhsən müəllimin özü də ifa zamanı heç də Qədirdən az başı alovlu deyildi.
Bakı yayının dözülməz istisində bütün ölçüyəgəlməz şıltaqlıqlarına və əziyyətlərinə dözən, onu təkrar-təkrar oxudan, böyük ifaçı və pedaqoq səbrinə malik Əhsən müəllimə xalq mahnısını Qədir bənzərsiz oxu ilə "təkrarolunmazlıq" möhürü vurub vermişdi. Həmin gün Əhsən müəllim Qədiri oxuda bilmişdi! "Sona bülbüllər" Qədir yaradıcılığının zirvəsi idi! Bu zirvəni kəşf edən, fəth olunmasında xüsusi xidmətlər göstərən isə Əhsən Dadaşov idi!
İfaçı ilə müşayiətçinin bənzərsiz həmahənglik əldə edə bilməsinin ən gözəl nümunəsi olan "Sona bülbüllər" çox dadlı-tamlı və yeni idi, burada Qədirin oxusunda, eyni zamanda, Əhsən müəllimin ürəkdən süzülüb gələn çalğısında səsləndirilən yanıqlı boğazlar və vurulan şirin xallar zil "Segah"da çox təravətli, insanın ürəyini duyğulandıran idi...
Qədir qavalı stolun üstünə qoyub qalxandan sonra studiya yatağından çıxmış güclü nəhr kimi çalxalandı, daşdı. Sanki projektorlar da, divarlar da əl çalırdı. Qədirin səsi studiyadakı divarlardan asılmış işıqların da ürəyini yerindən oynadırdı. Studiyada olan səs rejissorlarının, ansambl üzvlərinin çöhrəsinə yarpaq-yarpaq gün düşürdü, sifətləri çiçək açırdı. Divarlar işıq saçırdı...
...Bu ilk ifadan düz altı ay ötəcəkdi və bütün əzab-əziyyətlərə nəhayət, bir gün son qoyulacaqdı. Həmin bir gündə, gündüzdən gecəyə kimi "Sona bülbüllər"i Qədir 17 variantda oxuyub qurtaran təki şüşə arxasındakı adam - Adil Bəbirov əllərini göyə qaldırıb şadlıq əlaməti olaraq yelləyərək:
- Sağ olun! Yığışın, qurtardıq! - deyəcəkdi.
Və... Əhsən müəllim 17 variantda yazılan "Sona bülbüllər" mahnısının lent yazılarını... düz səhər açılanadək 52 (!?) yerdən kəsib bir-birinə calaq edərək, onu Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Ənvər Əlibəyliyə elə həmin gün təqdim edəcəkdi. Ustad tarzən əmin idi ki, daha bu dəfə sədrin heç bir sözü olmayacaq, o, etiraz etməyəcəkdi. Çünki bundan əvvəl Əhsən Dadaşovun şəxsi səyi və xahişi ilə komitə sədri iki dəfə Qədir Rüstəmovu dinləmişdi və hər iki dinləmədə də "Ritmi yoxdur, ifasında texniki qüsurlar var, mahnını keyfiyyətlə oxumur" - deyərək onun lent yazısının efirə verilməsinə razı olmamışdı.
Bu dəfə Əhsən müəllimin gözlədiyi kimi də oldu. Ənvər müəllim Qədirin oxumağına irad tutmadı. Əhsən müəllim və ansambl çox yüksək səviyyədə işləmişdilər. "Sona bülbüllər" bir sənət möcüzəsi olmuşdu. Özü də bu möcüzə hər iki sənətkarın bir-birini duyması və tamamlaması nəticəsində baş vermişdi.
...Axşam radionun efirində diktorun dediyi sözlər bütün Azərbaycanı bu sənət möcüzəsi ilə heyrətləndirdi:
- Xalq mahnısı "Sona bülbüllər". Oxuyur gənc müğənni Qədir Rüstəmov. Müşayiət edir Respublikanın Əməkdar artisti Əhsən Dadaşovun rəhbərliyi ilə Azərbaycan Radiosu və Televiziyasının Xalq Çalğı Alətləri Ansamblı...
"...Unudulmaz sənətkarımız Əhsən Dadaşova ömrüm boyu minnətdaram. Bir mahnımı yazdırmaqdan ötrü özünü oda-közə vurardı. Xəcalət çəkərdim. Deyərdim: - "Ay müəllim, axı bu qədər əziyyət nəyə lazımdır?" Cavab verərdi ki, "Lazımdır, Qədir, xalqın mahnılarını xalq üçün yaşatmaq lazımdır!" - Qədir Rüstəmov müsahibələrinin birində belə deyirdi.
Bu mahnını Qədir necə ifa edib, bu, bir tərəfə. Lakin Əhsən Dadaşovun çalğısına sakit, daim təmkinlə qulaq asa bilməyin özü insandan nə qədər güc istəyirdi. Adama elə gəlirdi ki, ustad tarzən Qədiri solo müşayiət edəndə zil "Segah"ın atəşdən şan-şan olan yanıqlı simlərində həmin çalğını ürəyində yeri həmişə boş qalmış oğlu üçün çalırdı...
Elə bil şair Bəxtiyar Vahabzadə aşağıdakı bu misraları məhz həmin çalğı üçün söyləyirdi:
Bu ağac parçası yanmayır özü,
Ancaq od-ocaqsız yandırır bizi.
Onun atəşinə
od şan-şan olur,
Bu səsin oduna alışır su da.
Ağac hər
atəşə alışan olur,
Bəs
niyə alışmır belə bir oda?..
...Və
bu şirin çalğıdan şirələnmiş, Əhsənin
və Qədirin ürəyindən dərilib, onların
könül duyğularından şərbət içmiş
yanıqlı "Sona bülbüllər" düz 50 ildir
ki, yazın ilk nübarı, ilk sevinci bir bənövşə
dəstəsi kimi ruhumuzu oxşayır...
Rafiq Hacıyev
525-ci qəzet.- 2018.- 8 mart.- S.6.