"Üstinsan"
və "altşüur"
axtarmayan şair
SEVGİLƏRƏ
SEVGİLƏRLƏ...
2013-cü
il idi.
"Asuman ilə
Zeycan" haqqında kiçik bir yazı yazırdım.
Bu yazının bir ucundan tutub "Arzu-Qəmbər" dastanıyla
da tanış
oldum. Sonra da türk dünyasının ünlü
folklorşünas alimi
Sədnik Paşa Pirsultanlı ilə birgə "Arzu-Qəmbər"in
müxtəlif variantlarını
incələdik.
Hər variantda sevda bir ayrı cür
anladılırdı, hər
xalq öz mifoloji sevgi kodeksini bir başqa
cür ötürmüşdü
ildən-ilə, nəsildən-nəsilə...
Dastanın bir variantında
platonik eşq vardı; Qəmbər uzaqdan-uzağa Arzuya olan eşqiylə yanırdı, tutuşurdu.
Başqa
bir variantda bu sevgi çobanın
həyat qayəsinə
çevrilirdi; o, Arzusuz
keçən günü
ömürdən saymırdı.
Və mən gah ilahiləşdirilən,
gah da dünyəviləşdirilən
sevginin günümüzdə
hansı düşüncə
sistemində özləşdiyini
çox axtarmışdım.
Baxmayaraq
ki, sonradan bir oxucu kimi
öz şeirlərimdə
də sevginin başqa-başqa ahənglərinə
rast gəlirəm, amma yenə də çağdaş dönəmdə sevginin yaşamımızın hansı
qatıyla sinxronlaşdırıldığını
tapmaq çox çətindir.
Mən hələ axtarırkən
Allahşükür Ağa
yazırmış ki:
Pulları çiçəklərə çevirə bilsəydik,
sevgi azalmazdı, əsla.
Bax, bu idi illərdir axtardığımın cavabı. Bu iki misradaydı günümüzdə
sevginin ritmi, ahəngi, ölçüsü
və düşüncə
sistemindəki özlüyü...
AĞAC-QADIN
Allahşükür Ağa klassik şeirin ənənələrinə
üsyan etmir, lakin bu ənənələrin
tərəzi-mizanı ilə
də yazmır. Eyni zamanda,
müasir şeirin təməl dayaqlarını-dünənin
və daha irəlinin ictimai və ya fərdi
fikir üslubunu xüsusi mühafizəkarlıqla
qorumağı özünə
borc bilir. O, gözəl anlayır ki, təməlsiz ideyalar zamanın fikir formasiyalarında çox sürətlə
"əriyir", "yoxa
çıxır". Elə buna
görə də şeirlərində xalqın
düşüncəsində illərlə, əsrlərlə
təməlini möhkənləndirmiş
mövzulara toxunur.
Məsələn, o, "Ağac haqqında nağıl" yazıb. Ötən
il "Ağac
ananın ədəbi
de-şifrəsi" essesini
yazanda hələ Allahşükürün bu
şeirini oxumamışdım.
Orda qeyd etmişdim ki: "Türk mifologiyasının
yerlə göyü bir-birinə bağlayan həyat ağacını
qoruyan İlahəsi -
Ağac Ana çağdaş
dönəmin ədəbiyyatında
təsadüfən zühur
edə bilməzdi! Əsla!"
Allahşükür bu
fikrimi öz şeiriylə elə gözəl təsdiq etdi ki, duyğularım
şükranlıqla bəzəndi...
Bu ağacın kölgəsi
o qədər dərindi
ki,
Boğulmaq olar.
Bu ağac o qədər doğmadır ki,
Qoynunda quş kimi
Doğulmaq olar.
Kölgəsində gizləndiyimiz çox ad var hər birimizin həyatında; valideynlərimiz,
ulularımız, dostumuz,
yeri gələndə
oxşamaq istədiyimiz...
Allahşükür bu adlar sırasına ağacı
da daxil edir. Bu da
Ağac ananın qutsallığının xalq
olaraq genetik düşüncə sistemimizdə
daim varoluşunun sübutudur.
Bəlkə, bu ağac qadındı elə,
Öpmək olar yarpağından.
Bu iki misra isə Ağac ananın timsalında qadın başlanğıcına
olan heyranlıqdı. Hansı
ki, minilliklər boyunca hər bir xalqın folklorunda öz izini saxlayıb bu məqam... Ağac ananın qadın başlanğıcı mifinin
təbii simvolu olmasını elə özü bizə danışır. Hansı
ağacın əfsanəsinə,
rəvayətinə baş
vursaq, əlimizdən
tutub bizi düz öz bətninə aparır Ağac ana... Allahşükür bunu bir şairdən daha əzəl bu xalqın bir övladı kimi anlayıb: "Biz də onun yadında...
Yaddaşında, huşunda..."
AZADLIĞI
DÜŞÜNMƏK
Allahşükür Ağanın şeirlərinin
ədəbi-elmi izahını
vermək fikrində deyiləm. Çünki onu heç
bir şeirində heç nəyin izahı yoxdur. O, sadəcə, hər şeyi necə varsa o cür anladır; nə "üstinsan", nə də "altşüur"
axtarmır. Heç yazdıqlarının oxucuya necə təsir etməsi onun eyninə də deyil. Elə düz edir! Şair heç vaxt
oxucunu düşünməməlidir,
hansısa topluma hesablanmış şeirlər
"doğulmur", onlar,
sadəcə, "zorlanmış
ilham pərisinin süni mayalanması"ndan
yaranır.
Allahşükürün şeirləri isə "doğulur"...
Elə öz doğuluşuyla da təbiətə sadiq qalır; nədirsə odur! Vəssalam!
Məsələn, Allahşükür "azadlıq"
anlayışını anlatmaq
üçün heç
bir tərifə, elmi yanaşmaya, yaxud topluma hesablanmış
pafosa ehtiyac duymayıb. Zəncirini mıxçadan qoparıb
qaçan bir it haqqında danışıb.
Əslində, tamaşaydı bu,
adamlar dayanıb baxırdılar
itin qaçışına.
Zəncirini sürüyə-sürüyə
Aparmağına.
O zənciri necə
Qoparmağına.
Heç
nəyin fərqində
deyildi it,
İt çəkib
aparırdı azadlığını.
Bu da azadlıq haqqında ən gözəl şeir!
QARDA
ŞƏKİL
Qar özü
təbiətin bir ruh əhvalıdı. Biz də təbiətin balalarıyıq. Kədərimizi qara, qışa, borana, göz yaşımızı selə
bənzədəndə bunu
elə-belə, söz
xətrinə etmirik; bu, bizim canımızdadı,
qanımızdadı, ruhumuzdadı.
Qışda qar üzündəki
hər bir izi necə mistikcəsinə
sevirik, elə bil, bu izlərin
hər birindən anlamadığımız sehr
boylanır. Və biz o sehrin
qoynundaca yatıb uyumaq üçün varıq.
Allahşükür Ağa qarı öz şeirində əzizləyir. Ənənəvi kədəri ifadə
etmə tərzindən
çox uzaqda olan bu əzizləmə
heç də xaotik deyil; müəyyən
çərçivədə, ölçü-biçidə, nizamdadı Allahşükürün
şeirindəki qar.
Təmizliyin, məsumluğum
simvolu olan qarı da kirlədən
insandır, özü
də həmişə
o "altşüur"da axtardığımız
insan ha! Elə ona görə də Allahşükürün
şair könlü təbiətin bu ruh halına "can yandırır", üzünü
qara tutub deyir:
Gərək yağmayaydın
yazıq deyildinmi?
yazığın gələydi
barı, özünə.
İndi üstündə bir maralın qanı
sürünür
Qırmızı
Şərf kimi...
NƏMLİ GÜLÜŞLƏR
Allahşükür Ağanın şeirlərində çox maraqlı məqamlar var ki, oxuduqca adamı gah ağladır, gah gülümsədir, gah da düşündürür. Məsələn, "Uşaqlar yıxılan kimi Dodağı büzülən yağış". Sadəcə, gülümsəyirəm... "Qurban olum Allahım, Sal mənim sevdamı Dan üzünün yadına". Dilimdən bir "Amin!" çıxır qeyri-ixtiyari... Və yaxud, "Yazdığım nəğmələr ölmək istəmir"... Kövrəlirəm...
Ən sirli üz ifadəsi isə aşağıdakı üç misranı oxuyanda yaranır; adam bilmir burda kədərlənsin, ya gülsün. Ən yaxşısı kölgəli bir təbəssümdü... Elə bu təbəssümlə də yazımı bitirirəm...
sənin gülüşlərin
altında bulud var,
Nəmdi gülüşlərin...
Şəfa VƏLİ
525-ci qəzet.- 2018.- 8 mart.- S.7.