Azərbaycan prezidenti 2018-ci ili - Azərbaycan Xalq Cümhuriyyəti İli elan etmişdir

 

Şirməmməd HÜSEYNOV

 

Müsəlman Şərqində ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti hansı tarixi şəraitdə və hansı sistem üzərində qurulmuş, yaradılmışdı? Dövrün mətbuatında mötəbər şərhləri nəzərdən keçirək.

 

(Əvvəli ötən şənbə sayımızda)

 

Cümhuriyyət

 

Məclisi-Müəssisan yığışdıqda Rusiya məmləkəti üçün hanki üsuli-idarəni qəbul edəcək?

 

İştə, bu gün əfkari-amməni düşündürən bir məsələ. Bu məsələnin qəti cavabını əlbəttə ki,  Məclisi-Müəssisan özü verə biləcəkdir. Fəqət əhvalın nə yolda cərəyan etdigini və xəlq əfkarının nə mərkəzdə dolandığını görərək bu xüsusda imdidən dəxi bir taqım təxminlərdə bulunmaq mümkündür.

 

Bilməlidir ki, cümhuriyyət əsası ta əskidən bəri Rusiyada demokratik və sosialist firqələrin qırmızı bayraqlarında yazılmış bir şüar idi. Bu gün o bayraqlar kəmali-hürriyyətlə ortaya çıxmış, üzərində “Var olsun cümhuriyyəti-ənam!” şüarı yazılmışdır.

 

İstibdadın əvvəlinci günlərində öylə təsəvvür olunuyordu ki, bu şüar ancaq əmələ qismini, demokratiyanı ruhlandırar və bayraq altına yalnız sosialistlər toplaşarlar. Fəqət ildırım surətilə gedən günlər əsrdidə binaları alt-üst eləyən il əhəmiyyətli saətlər keçdikcə monarxiya əsasına yanaşan məhfillərin yıxıldığı meydanə çıxmışdır. Degil, əmələ vəkilləri şurası, sosial-demokratlar, sosialist-revolyusionerlər, məşrutiyyətli padşah tərəfdarı olduğunu bildirmişdir. Guman olunuyordu ki, ordu bəlkə əski ənənəsinə mərbut qalıb da yeni bir tacdar istəsin. Fəqət ordu naminə cümhuriyyət əsası aşkara elan olunmuyorsa da, bu əsası elan edənlərə qarşı heç bir növlə narazılıq da göstərmiyor. Biləks, əmələ vəkillər şurası ilə soldat vəkillər şurası arasında sıx bir rabitə və əlaqə mövcud olduğu hiss olunuyor.

 

Rusiya çarizmi nə çürük bir zəmin üstündə dayanıyor, nə özəksiz bir qoz təşkil ediyormuş ki, ən şiddətli tərəfdarları belə bu gün “monarxizmə” yanaşmaq istəmiyorlar. Tanrının “Novoye Vremya”sı belə cümhuriyyəti daha müvafiq hal buluyor.

 

Nədir bu əqlləri heyran buraxan inqilab? Əvət, bu böyük inqilabdır. Fəqət təsəvvür olunduğu kibi gözlənilməz bir şey dəxi degildir.

 

Əvvəlcə tərəqqipərvər rus cəmaət xadimləri arasında məşrutiyyətli padşah fikri qüvvətli idisə, səbəbi o idi ki, sülaləni yıxmaq, padşahı taxtdan salmaq müşkül olduğunu bilir, daha yaxın və daha müvafiq bir yol olmaq üzrə ancaq məsuliyyətli vəzarətə qane oluyorlardı.

 

“Ədu şod səbəb xeyr əgər xuda xahəd”*. Əgər Nikolay bir az əqilli olsa, əgər müqəddərati-hökuməti Rasputin kibi şöhrətpərəst bir dərbədərin əlinə verib də, Protopoviç kibi bir macəraçıya tapşırmasa idi, məmləkət nümayəndələrinin yalvara-yaxara istədiklərinə əməl etsəydi, heç şübhəsiz ki, yerində qalacaq, işlər bu şəkildə bitməyəcəkdi.

 

Fəqət:

 

“Gələndə çün qəza quş damı görəməz,

Gözünü kor edər, əncamı görəməz”.

 

Rusiya cümhuriyyəti haman o zaman təmin olunmuş idi. Tarixi bir zaman keçirdigimiz bu böyük, bu dəhşətli günlərdə səri-hökumətdə “əncamı görəməz” iradəsiz bir çar otuyurordu.

 

“Nahaq” qandan, “lüzumsuz” həyəcandan qorxan və yalnız buna görə məşrutiyyətli padşah əsasına tərəfdar olanlar üçün artıq təğyiri-məslək etməgə bir hail qalmamışdır.

 

Əksəriyyət köhnə padşahdan keçə bilmədigi üçün cümhuriyyət istəmiyordu. İmdi köhnəsi yox. Tazə padşah seçəcəginə rəisi-cümhur seçmək daha iyi degilmidir?

 

Demokrasiya nöqteyi-nəzərindən Rusiyada yaşayan və çarizmin təcavüzkar siyasətinə məruz qalan sinif, silk və millətlər üçün cümhuriyyətdən daha münasib bir üsuli-idarə təsəvvür olunamaz. Fəqət cümhuriyyətdən cümhuriyyətə də fərq var. Cümhuriyyət öylə əsaslar üzərinə qurula bilər ki, yenə ənamın məhkum millətlərin hüququnu tamamilə təmin etməyib xəlqin mümtaz qismi mənafeinə uydurulsun, biistilah cümhuriyyəti-xass olsun. Ola da bilər ki, bu gün müvəqqəti hökumət tərəfindən elan olunan əsaslar üzərinə ümumi, müsavi, gizli və doğru surətdə icra olunan seçkilərin iqtiza elədigi hürriyyətlərə bina olunub amməyi-xəlqin (ənamın) mənafeini gözətsin, qanun nəzərində xassi-əvam görməyib cümhuriyyəti-ənam şəklini alsın.

 

Məhkum sinif və millət gözü ilə baxıldıqda işıqlı istibdad qarasından, məşrutiyyət işıqlı istibdaddan: cümhuriyyət məşrutiyyətdən, cümhuriyyəti-ənam da cümhuriyyəti-xassdan daha faidəli və daha müvafiq məramdır.

 

Fəqət Rusiya bugünkü dərəcəyi təməddün və tərəqqisi ilə cümhuriyyətlə idarə olunacaq bir halə gəlmişmidir. Dünyanın ən böyük istibdadını, ən kiçik bir zərbə ilə devirən bir cəmaətin özünü idarəyə hazır olub-olmadığı həqqində şübhələnmək insafsızlığın ən böyügüdür. Rusiya xəlqi o dərəcəyə gəlmişdir ki, istədigi üsuli-idarəni qura bilsin, istərsə cümhuriyyəti-ənam da paydar edə bilər.

 

Var olsun cümhuriyyəti-ənam!

 

M.Ə.Rəsulzadə

"Açıq söz", 17 mart 1917, ¹426

 

Cümhuriyyəti-ənam - xalq cümhuriyyəti

Mərbut - bağlı

Dərbədər - avara

Hail - maneə

 

Polyak millətinə xitabnamə

 

Bu ünvan ilə dünki teleqrafnamələr müvəqqəti hökumətin polyaklara milli istiqlal vermək həqqində bir xitabnamə nəşr etdigini bildirdilər. Polyaklarla imdiki hökumət heyəti çoxdan bəri polyaklar həqqində iləri sürdügi poqramını daha geniş bir əsasla qövldən-felə gətirməgə başlamış oluyor. Polyaklara dair onsuz da kadetlərin proqramında muxtariyyət idarə maddəsi var idi. Bu surətlə polyakların milli mətləbləri müəyyən bir proqram dairəsində məlum olduğu halda, yalnız müsəlmanların milli və siyasi dilək və arzuları hökumət tərəfindən heç bir proqram dairəsinə idxal edilməmiş. Hətta əski istibdad idarəsi müsəlmanların idarəsi müsəlmanların özləri tərəfindən tərtib olunan proqramın da varlığı ilə yoxluğu arasında əsla bir təvafüt qoymamış idi. Fraksiyanın dedigi kibi on sənəlik “məşrutiyyət” dövrəsində bir danə olsun müsəlmanlar mətləbinə əsla qulaq asılmadı və qövldən-felə gətirilməsinə çalışılmadı.

 

Bu dəfə hökumət heyəti bütün nazirlərin imzasilə polyaklara xitabən nəşr etdigi müraciətnamədə böylə diyor:

 

Polyaklar! - Rusiyanın bizim və sizin əsirlik və ayrılıq mənbəi olan əski hökumət və idarə üsuli əbədi olaraq yıxıldı. Azadlanmış Rusiya məmləkəti sələtayi-kamiləyə malik bulunan müvəqqəti hökumət vasitəsilə sizlərə qardaşcasına təbrik və səlamla müraciətə məsarreət eliyor və sizi yeni həyat və hürriyyətə dəvət ediyor. Əski hökumət sizə riyakaranə vədələr veriyordu. Fəqət bu vədələri ifa etməgə qadir olduğu halda ifasını istəmiyordu. Orta Avropa hökumətləri bu hökumətin səhvlərindən istifadə edərək, yalnız Rusiya və onun müttəfiqlərilə mübarizə üçün sizin ölkənizi zəbt elədi. Onlar sizə xəyali dövlət hüquqları verdilər. Fəqət vədə bütün Lehistan ölkəsinə olmayıb, yalnız onun bir qisminə, düşmənlər tərəfindən zəbt olunan qisminə verdilər. Bu məqsədlə onlar ömürlərində heç bir zaman mütləqiyyət tərəfdarı olmayan bir millətin qan bahasını istibdal etmək istədilər. Polyak milləti bundan sonra da hürriyyəti çeynəmək uğrunda vuruşmaya getməyəcək və kəndi ölkəsini əsirləşmiş düşmənin komandası ilə iki parçaya ayırmaya razı olmayacaqdır.

 

Polyak qardaşlar! Sizin üçün dəxi böyük qərar dəqiqələri hülul edəcəkdir! Və Rusiya sizləri millətlərin azadlığı uğrunda mübarizə edən fədakarlar sırasına dəvət ediyor. Üzərindən istibdad və mütləqiyyət boyunduruqlarını sıyırıb atmış olan rus xəlqi qardaşı polyak millətinin də öz baş yazısını özü bəlləmək həqqini tanıyor. Müttəfiqlərin müahidəsinə sadiq olan cənkpərvər cermanizma ilə mübarizə həqqindəki planların birliginə sadiq qalan müvəqqəti hökumət əksəri polyak millətləri ilə məskun olan Polşanın üç qitəsindən mütəşəkkil və müstəqil bir Lehistan dövləti ehdas etməgin iləridə yeniləşən Avropanın sülh və səlamını mühafizə üçün mətin bir zamin və rəhin olacağını ümid ediyor. Rusiya ilə bağlanan sərbəst bir ittifaqnamə ilə birləşəcək Lehistan dövləti, Orta Avropa dövlətlərinin slavyanlıq üstünə saldırmasına qarşı möhkəm bir sədd və bənd olacaqdır.

 

Azad və müttəhid polyak milləti özünün üsuli-idareyi-dövlət və hökumət həqqində fikrini, Lehistan paytaxtında çağrılacaq və ümumi intixab üsulilə seçiləcək Müəssisan Məclisi vasitəsilə bəyan edər. Rusiya inanıyor ki, Polşa ilə əsrlərdən bəri həyat və məişət keçirməklə bağlı olan millətlər Lehistanda özlərinin milli və mülki varlıqlarına sağlam və mətin təminat alacaqlardır. İləridə Rusiyanın Müəssisan Məclisində polyaklarla yeni və qardaşcasına ittifaq əhdnaməsi əqdü-təşbiət olunacaq və bununla bərabər, bu gün bir-birindən ayrı olan Polşanın hər üç qitəsindən bitişik Lehistan vücudə gətirmək üçün lazım olan torpaq təbəddülatına Rusiyanın rizalığı veriləcəkdir. Polyak qardaşlar, bu gün siz azad Rusiyanın uzatdığı bəradəranə əlini qəbul ediniz. Mazinin təamül və ənənatını sədaqətlə mühafizə edən sizlər bu gün tarixinizin parlaq və rövşən bir gününü, Polşanın diriləcəgi günü, qarşılayacaqsınız. Varsın bizim dövlətlərimizin ittifaqında, sizlərlə sabiqdəki şanlı həqtələb qəhrəmanlar yenərək “əl-ələ, omuz-omuza bizim və sizin azadlığınız uğrunda mübarizə üçün iləri!” dəvətləri bu gün yeni və basılmaz bir qüvvə ilə təninəndaz olsun!”.

 

“Açıq söz”, 20 mart 1917, ¹428

 

Məsarr - sevinclər

İstibdal - dəyişiklik, təbəddülat

Ehdas - meydana gətirmə, yaratma

Zamin - zəmanət verən

Təamül - işin adi surətdə baş tutması

Təninəndaz - uğuldayan

 

Qəflət zamanı degil!

 

Bu gün seçki günü barəsində hər uçastokda ictimailər olacaq, orada ayın 21-də uçastok komitələrindən və onların tərzi-təşkil və intixabından bəhs ediləcəkdir. Vətəndaşlar! Hamınız o ictimailərə gəlməli, dinləməli, fəqət tamam zehin və fikriniz ilə dinləməlisiniz. Məsələ xeyli mühüm məsələdir. Bu ictimailərdə bir çox məsələlərdən danışılacaqdır.

 

Müsəlman arvadlarının seçki həqləri və onların tərz və təşkili barəsində, seçkilərin nə cür olması barəsində və digər bir çox məsələlərdən bəhs ediləcəkdir.

 

Əvvəla, bu seçkilərdə mütləq arvadlarımızın seçkidə iştirak etmələrini tələb etməlidir.

 

Müsəlman arvadlarından ötrü xüsusi bir mənzildə və yainki kişilərin seçki seçdikləri mənzillərində kişilərdən iləri və ya sonra seçki icrasına nəzarət edənlərin də arvad olduqlarını tələb etməlidir. Bizim imdiki məhəllə seçkisi üsulu ilə Bakıda əhalinin əksəriyyətini təşkil etdigimiz halda əqəliyyət də qalmağımızın qorxusu vardır. Əgər arvadlarımız da iştirak etməzsə, o zaman səsimiz heç dərəcəsinə enəcək, bundan sonra həm məhəllə komitələrində və həm də şəhər upravasında əksəriyyət degil, əqəliyyətin ədna dərəcəsində qalacağız. Gələcəkdə əqəliyyətdə qalmamaq və işimizin ixtiyarı əlimizdən çıxmamaq üçün bundan sonra ediləcək seçkilərdə nisbəti gözləməlidir. Yəni hər millət öz sayına görə səs verməlidir. O zaman bir yerdə yaşayan millətlərin heç birinin hüququ itməz. Hər kəs öz miqdarına, öz hesabına görə öz seçdigi adamlarını verər və heç kəsin də ürəgi qalmaz və heç kəsin də hüququna təcavüz edilməz. Bu üsul Avropanın ən demokratik hesab  edilən İsveçrə məmləkətində də icra ediliyor. Hərgah Rusiya doğrudan da arvadlara hüquq verəcək əndazə demokrat məmləkəti cümləsinə girmişsə, cəmi Rusiyada bu demokratik nisbi (proportsionalnı) seçki qaidəsini icra etməlidir, ta ki Rusiyada yaşayan hər bir millət ədalət üzrə özünün payına düşən adamları bundan sonrakı Rusiyanın dövləti və məhəlli idarələrinə verə bilsin.

 

Rusiya kibi müxtəlif millətli məmləkətdə bu seçki üsulundan başqa ədalətə və həqqaniyyətə layiq heç bir seçki üsulu ola bilməz. Buna görə də biz bugünki seçkilərdə imdiki məhəllə seçkilərinin nisbi (proportsionalnı) olmasını və bundan sonra cəmi Rusiyada seçkinin nisbi olmasını və arvadlarımız üçün də kişilərdən ayrı seçkilərdə iştirak etmək həqqini istəməliyiz.

 

Bu bizim həqqimizdir və bizim bu demokratik həqqimizi Rusiyanın azad hökumətindən tələb etməlidir. Əgər bu tələbimizdə ciddiyyət göstərsək, guşəginlik, boşluq göstərməsək, yəqin edirəm ki, bu həqqi bizə verərlər və buna məmaniət göstərməzlər.

 

Vətəndaşlar! Unutmayınız, sabah ictimailərə külliyyətlə gəliniz və bu arzularınızı o ictimailərdə bir tələb surətində bələdiyyə idarəsinə veriniz.

 

Bizim milli ehtiyaclarımıza bu iki şey çarə edə bilər.

 

Əvvəlincisi seçkilərdə arvadlarımızın kişilərdən ayrı iştirak etməsi, ikincisi öz sayımıza nisbət bizə seçki həqqi verilməsi. Arkadaşlar! Arvad məsələsində cahilanə təəssüb etməyiniz. Çünki bu təəssüb nəinki müsəlmançılığımıza və millətimizə xidmət etməz, bəlkə bizi seçkidə əqəliyyətdə buraxmaq ilə ixtiyarımızı əlimizdən alar ki, bu da ki nə şəriətə və nə də millətə müavinət degil, zərər yetirər və bu da bizi şəriət və milliyyətimiz qarşısında məsul və xəcil edər. Biz də böylə məsuliyyətli və tarixi zamanda bu məsuliyyəti və bu xəcaləti öz öhdəmizə götürməməliyiz.

 

Arvadlı kişili seçkilərdə iştirak etməli və öz işlərimizin ixtiyarını öz əlimizə almalıyız.

 

“Açıq söz”, 12 may 1917, ¹471

 

Ədna - aşağı, çox az

 

İranda rus çarizmi

 

“Utro Rossii” qəzetəsinin rus-İran işlərinə və 1909 sənəsində İran inqilabı zamanında Azərbaycan və Tehranı gəzmiş olan mühərriri Ardov Rusiya diplomasi nümayəndələrinin İranda nə qədər fənalıqlar yapdığını, Rusiya çarizminin İranı nə qədər əzdigini təsviredici bir məqaləsində yazıyor ki:

 

İnqilabdan sonra İranda rus konsullarının dəgişməsi rus nümayəndəliginin yox dərəcəsinə gətirilməsi ilk nəzərdə bəlkə həqarət sanılar; böylə də olmalı idi - fəqət əgər biz adi qomşu kibi dolanmış olsaydıq. Halbuki həqiqətdə əhval öylədir ki, biz buna qarşı etiraz etməyib, hətta şad olmalıyız. Çünki inqilabdan sonra yeni xariciyyə vəzarəti özü bu konsulları dəgişdirməli idi. Rusiyanın mənafeyi bunu tələb ediyordu. Zira bizim siyasi mazimizdə Rusiyanın “İran siyasəti”ndən əqlsiz, rüsvay bir şey olamaz.

 

Bir vəqt tarix Rusiyanın İran siyasətini tamamilə açar. O zaman “Rusiyanın milli siyasətindən” hamı heyrətə gəlib konsullarımızın az bir zamanda dost məmləkəti düşmənə döndərib Rusiyanın adını mənfur etdiklərini və Azərbaycanda əskərlərimizin qan axıtmasını tələb edən vəziyyət hazırladıqlarını görər.

 

Rusiya çarizmi öz xəfif qorxaqlığını İrana da gətirərək etimadına açıqcasına mədəniyyət gözləyən Azərbaycanı Qərbdən hücuma qarşı gözəl bir bufer (hail) etmək əvəzinə biləks haili pozub dağıtdı, İranı iqtisadən güclü, siyasətən dost etmək əvəzinə fitnə, fəsad, rüşvət, təcavüz, hətta qətl və sairə kibi məlum vasitələr ilə İranı daha zəif saldı; onların müqəddəsatını, vətənpərvərlik hissini ayaq altına aldı.

 

Rusiya təbələrinin mənafeyini mühafizə naminə Təbrizdə icra edilmiş olan qırğın Təbrizdə “dövlət xainləri” adı ilə məşhur müctəhidlər, mollalar və sairlərinin asılması, Məşhəddə müqəddəs məscidlərin top qumbaraları ilə atəşə tutulması və hədsiz-hesabsız cəbrlər, zülmlər, həbs və təqidlər, təcavüz və tovhinlər heç vəqt unudulmaz.

 

Bir çox illərdən bəri Rusiyanın böylə siyasətini diqqətlə təqib edərkən bən bu “siyasəti” sükutla keçə bilməyib bəzi vəqt həqiqəti açmaq istiyordum, fəqət Petroqrad teleqraf agentəligi həmişə onu məharətlə gizliyordu.

 

Rusiya isə həmişə İrandan uzaq qalıb İranı əsla tanımıyor, anlamıyordu, Rusiyanın fikrinə yerləşdirilmişdi ki, “İran binizamlıq və quldurluq məmləkətidir”. Rusiya öylə aldanmışdı ki, heç yerdən səs çıxarılmıyordu. Biz də məcbur oluyorduq ki, Rusiyanın adını qan və palçıq içinə salmış olanlar müqabilinə İngiltərə və Fransa mətbuatı vasitəsilə mübarizə edək. Rusiyada heç şeydən xəbərləri olmuyordu, güman ediyorlardı ki, Rusiya İranda “sülh və müsalimətlə” özünə yer açıb mədəniyyət yolunda işliyor, iranilərin protestolarına “vəhşilər” xəyalı kibi baxıyorlardı. Halbuki eyni zamanda bütün dünyanın qəzetələri rusların İrandakı vəhşilikləri həqqində bütün sütunlar, səhifələr dolduraraq məqalələr dərc ediyorlardı.

 

Bu şeylər xariciyyə vəzarətinə təqdim ediliyordu. Fəqət o vəqtki xariciyyə vəzarəti özünə zəhmət verib öz siyasətinə bir nəzər salmaq istəmiyordu. Biləks İranda rus diplomasi nümayəndəsi olan “çarcığaz”lara geniş meydan veriyordu.

 

Nəticəsi də pək fəna çıxdı. Rusiyanın nüfuzu bilmərrə məhv oldu, Rusiyaya qarşı nifrət, almanlara, türklərə qarşı məhəbbət hasil oldu. Hətta rusun qırmancı iranlıların hissiyyatını belə öldürdü.

 

Bu müharibə vəqti də haman siyasətdən dolayı bir çox əskər qanı axdı. Nəhayət, bir dərəcəyə yetişdi ki, rus siyasi nümayəndəliginin adı belə iranlılar üçün nifrətamiz bir surət aldı. Fəqət ruslar nə siyasəti dəgişmək istədilər, nə siyasətçiləri.

 

İmdi inqilabdan sonra ruslar ilə iranilər uzlaşdı, anlaşdı və rus konsullarını çıxararaq yerlərinə konsulxana əvəzinə icra komitələri təsis etdilər. Bəlkə burada bəzi nöqsanlar görülər. Fəqət bu işdə də təqsir bizim hökumətimizdədir.

 

“Açıq söz”, 9 may 1917, ¹468

 

Hail - maneə, hasar

Mazi - tarix, keçmiş

Təbid - uzağa sürgün etmə

Tovhin - töhvə

 

Nərəyə gediyoruz?

 

Özümüzünkülər, yaxud başqaları “müsəlmanlar (türklər) qabili-tərəqqi degil, çalışqan degil, hürriyyətə layiq degil...” dedikdə gücəniyoruz, darılıyoruz. Fəqət azacıq düşünməli, motərezlərimiz pək də həqsizmi?

 

Hürriyyət elan edildi. Hər kəs, hər millət iş başına yügürdü. Vəzifəyə şəncə qoşdu. Bin dürlü təsisat, təşkilat yapdı, hər növ maddi, mənəvi dərdlərinə əlac aradı.

 

Fəqət bizimkilər?

 

Təbii bizimkilər də geri durmayıb bir iş yapmaq istədi. Lakin təbii hiss ilə, mədəni tərbiyə ilə, həqiqi iqdamat degil, yalnız görənək üzərinə, təqlid üzərinə hər kəs yerindən qımıldadı, qımıldamaq istədi. Məsələn, qomşu bir millət bir təşəbbüsdə bulunur, çalışıb çabalar, kəskin və sarsılmaz addımlarla bir həqiqətə, bir nura, bir ideala qoşmaq istər. Baxırsan bizimkilər də qomşularını yamsılayaraq dərhal gurultulu seçkilərə başlandı. “Sən degilsən, bənəm” - deyə hər kəs kəndini seçdirməgə müvəffəq oldu. Həm də bir cəmiyyətə, bir heyətə degil, bir çox mühüm mövqelərə ihza intixab olunmaq şərəfinə nail oldu. Fəqət iki gün sonra!?

 

İştə, məsələnin ən nazik, ən mühüm nöqtəsi!...

 

Əvət, iki gün sonra bir də baxarsan ki, filan əfəndi, filan ağa özünü seçdirmək üçün həftələrlə boğazını yırtmış olduğu halda, artıq gözə görünməyərək bin türlü bəhanələrlə ortadan sovuşdu. Bəzi yerlər bəlkə müstəsna ola bilir. Fəqət bir çox şəhərlərdən alınan xüsusi məlumata görə tamamilə eyni sönüklük, eyni gövşəklik, eyni vəzifəsizlik hökmfərma olmaqdadır.

 

Əcəba, bu təəssüf olunacaq halə səbəb nə?!

 

Təbii, səbəblər pək aydın... Əvvəla, hərif gecə-gündüz yalnız bir şey sayıqlayordu, o da seçilmək, ad qazanmaq, bir çox yerlərdə sandaliyə qapanmaq!

 

İştə, sandaliyəyi buldu, arzusuna nail oldu...

 

Təşəbbüs, fəaliyyət?!

 

Zatən o, sonraki bir məsələ!.. Yaparsan da olur, yapmazsan da olur. İkinci səbəb: tərbiəyi-mədəniyyədən, cəsarəti-mədəniyyədən məhrum bulunmamızdır. Çünki böylə işlərə öncədən hazırlığı olmayan bir millət istədigi şeyə nail olsa belə təbii, böyük bir şaş-qınlığa düçar olur, nə yapacağını bilməz. Üçüncü səbəb - ki, ən mühüm də budur - bir iş üçün bir həqq təyin edilməmək məsələsidir. Bir çox şəhərlərdə icraiyyə heyətləri, bələdiyyə əzaları seçilir. Fəqət həpsi pulsuz, parasız... Çünki millət işidir. Millət yoludur. İştə, bu adət ata-babadan bizim kəmiklərimizə işləmiş və bu dilənçilik təbiəti yalnız bizim dərvişlərdə, dilənçilərdə degil, hər sinfimizdə, hər fərdimizdə kökləşmiş bir nəqisədir. Və bunun üçün də seçdigimiz əfəndiləri heç bir işdə məsul tutamayız, xidmət edəməyiz. Çünki hərif pulsuz, parasız olaraq “fəxri” çalışıyor. Halbuki o dürlü məccani, fəxri, ən nəhayət ya xəyanət, yaxud gövşəklik və etinasızlıqla nəticəpəzir olur. Fəqət bu nəticələrdən - yarınki gün duyacağımız bir duyğu var isə, o da müdhiş və acı bir fəryaddan başqa bir şey olmasa gərək...

 

Gələlim məarif işlərimizə?!

 

Dövrani-istibdadın pəncəyi-mənhusində tırmalanıb gedən məktəblərimiz, daima hüquqsuzluq ruhundan gizli-gizli fəryadlar qopararaq, nə yapacağını bilməyərək bütün-bütünə pusuləyi şaşırmışdı.

 

Fəqət şimdi?!...

 

Şimdi hürriyyətə nail olmaqla bərabər nə yapıyoruz? Nərəyə gediyoruz?

 

Qafqasiya qurultayı yapıldı. “Milli lisan, milli məktəb” - deyə qərarlar verildi.

 

Tələbələr qurultayı da eyni qərara gəldi və bütün Qafqasiyadakı türk şəriət müəllimlərindən milli ruhu, milli hissiyyatı inkişaf etdirəcək dərslər tələb olunacağı təhti-qərarə alındı. Lakin ya in: “kəndiniz nə istiyorsunuz, yapınız” - denildikdə nasıl ki öylə də deniliyor və öylə də olacaq. Əcəba, müəllim əfəndilər hanki proqram ilə dərs verəcəklər? Və nasıl bir qərarə gəlmişlər?..

 

Əcəba, iştiraki-arayi ilə tənzim edilmiş proqramlarımız, seçilmiş kitablarımız nərədə? Yoxsa yenə onlar da olduğu kibi müəllimlərimiz bir-birindən bixəbər, hər kəs sapa bir yolu, əgri bir cığırı kəndi milləti üçün bir şahrah tərəqqimi zənn edəcək?!.. Yenə də bir şəhər digər şəhərdən, bir köy digər köydən xəbərsiz olaraq müxtəlif qayələr, müxtəlif ideallar arxasıncamı qoşulacaq?!..

 

Hələ müəllimlərimiz, mütəllimələrimiz?..

 

İştə, onların halı daha fəna, daha acınacaq bir hal!..

 

Zavallı cocuqlarımız - intibah naminə olaraq - evlərindəki xortdan, damdabaca masallarından qurtulmaqda ikən, məktəblərdə, tərbiyə ocaqlarında pulkalara rast gəldilər və o kibi bir yığın mənasız, münasibətsiz etibarlara düçar oldular. Gündən-günə milli adətlərdən uzaqlaşaraq yabançı çərçivələrin, yabançı əllərin qorxunc təzyiqləri altında sıxılmağa, əzilməgə başladılar. Təbii bu hallar, kokutmalar ilə iftixar edən ailələr üçün pək də şayani-təəssüf olmaya bilər. Lakin bu hal kəndi millətini, kəndi bənligini düşünənlər üçün, şübhəsiz ürəkləri dağıdar edəcək müdhiş bir zərbə deməkdi. İştə, məzkur zərbələrdən, o qorxunc nəsnələrdən hasil olacaq yaraları sağaltmaq üçün bəzən xüsusi və səmimi fəryadlar qopurdu. Yeganə mane olaraq yalnız mühit, mühitdəki gövşəklik və istibdad ortaya sürülüyordu. Şimdi artıq istibdad devrildi. Əcəba, yenəmi abdalca, şaşqınca bir nəzərlə durub baxacağız?

 

Əcəba, “ana şəfqət qucağı” deyə pərəstiş etdigimiz həmşirələrimizi şappalaq və kokutluqdan başqa bir şey ögrənməyən zəif və sönük proqramları izləməgəmi təşviq edəcəgiz? Halbuki qadın həyatı üçün, ana yetişdirmək üçün yapılacaq proqramlar, yazılacaq kitablar daha başqadır, daha əhəmiyyətlidir.

 

Fəqət o kitablar, o proqramlar nərədə?!..

 

Ruslar, fransızların örsələnmiş, çürük, münasibətsiz, hoppaca tərbiyələri sayəsində kəndilərini unutdular, kəndi bənliklərini qeyb edəcək bir halə gəldilər.

 

Rus alimləri, rus mütəfəkkirləri bu sui-təsirdən şikayətlənib də daima fəryadlar qopardılar, şimdi də qoparıyorlar. Halbuki biz əsla bunları duymuyoruq, düşünməyirik. Daima hissiyyatə qapılıyoruz, həm də başqalarının yuvarlanmaqda olduğu uçurumlarda məhv olub getmək istiyoruz. Şübhəsiz bu qüsurları aramızda dərk edənlər az degil. Fəqət çarə arayanlar yox hökmündədir, desək də xəta etməmiş oluruz.

 

Əvət, qadın həyatı son dərəcə dolanbaclı və kolay-kolay həll edilməz bir məsələdir. Həm də son dərəcə diqqət ediləcək bir məsələdir. Bunun üçün də əsaslı mənbələr bularaq, gecəli-gündüzlü çalışmaq, alman-ingilis kibi ciddi millətlərin qadın tərbiyəsi həqqində yazmış olduqları bir çox kitabları gözdən keçirərək və onlardan alacağımız fikri kəndi milli ruh, milli adətimizlə aşılayaraq əsaslı proqramlar, istifadəli kitablar vücudə gətirməliyiz. Yoxsa bu xüsusda azacıq müsamihə edəcək olursaq, əmin olmalı ki, gələcəgimiz keçmişimizə nisbətlə daha əsəfnak, daha qorxunc bir şəkil almış olur.

 

İştə, bugünki vəziyyət meydanda?!..

 

Bugünki zərbədən mütəəssir olmayanlar, yarın üçün kəndi əllərilə kəndi məzarlarını qazımış olurlar.

 

Əvət, bugünki seçki məsələsində qadınlarımızın bizdəki qadın həyatının sönüklügü iyicə anlaşılsa gərək... Və onların həyati-ictimaiyyəmizdə doğuracağı təhlükə, kəndi simasını, simai-zəif və yetimanəsini göstərməgə başladı. İştə, həyati-mədəniyyəmizin nə halda olduğunu şu ilk addımlar isbat etdi. Artıq gələcəkdə bugünki kibi gülünc təcrübələrə bir daha rast gəlməmək üçün ayılmalı, iləri atılmalı, həqiqəti aramalı, dörd gözlə aramalı, həm də yorulmadan, usanmadan qoşmalı və daima qoşmalıdır.

 

Millətimiz yarın bir fəlakətə uğrarsa, səbəb qadınlardır. Qadınlardakı məarifsizlikdir. Türk övladı yarın cəval, fəal addımlarla şəhrahi-tərəqqi və mədəniyyətdə ilərilərsə, yenə səbəb qadınlardır. Onlardakı məarifpərvərlikdir. Milli və mədəni işlərimizdə hər hanki məsələyə ətfi nəzər etsək - əmin olmalı ki, - ilk baxışda, ilk addımda analarımızı görəcəgiz. Onunçun hər şeydən əvvəl qadın məsələsinə, tərbiyəsinə, qadın məarifinə baxmalı, xanım qızlarımızı ciddi, sabit, sarsılmaz bir fəaliyyətlə məarif və tərəqqi üfüqlərinə doğru sövq etməli, yüksəltməli və hürriyyət günəşindən kəcbi-nur etmələrinə daima səy və qeyrət etməlidir. Və bunu da əsla unutmamalı ki, pəriyi-hürriyyətin ruhəfza təbəssümlə-ri, şəmsi-hürriyyətin həyatpərvər şölələri hər kəs üçün, əvət, bütün insanlar üçün müsavidir. Yalnız üç firqə var ki, o hariqəmunis nuri, o nuri-səadəti dərk edəmməz.

 

İştə, onlar da korlar, yatmışlar və sərxoşlardır?!.. Artıq düşünməli, düşünməli ki: nə yapıyoruz? Nərəyə gediyoruz?!..

 

“Açıq söz”, 19 may 1917, ¹477

 

Motərez - tənqidçi

Ruhəfza - ruhlandıran, könül açan

Müsamihə - səhlənkarlıq, başısoyuqluq

Əsəfnak - heyfsilənmək, təəssüf etmək

Pulka - preferans və başqa qumar oyunlarında bir əl oynama

 

(Ardı var)

 

525-ci qəzet.-2018.-10 mart.-S.20-21.