“Zirvə bir qaladır, zirvədəyəm mən!”

 

UNUDULMAZ ŞAİRİMİZ ƏLİAĞA KÜRÇAYLININ 90 İLLİYİNƏ

 

Əlövsət BƏŞİRLİ

 

“Günlər keçəcək,

Şeirlərin gəzəcək

Dodaq-dodaq... sənsiz.

Məhəbbətin gəzəcək,

Ürək-ürək... sənsiz”.

 

Rəsul Rza

 

Müqtədir şairimiz, xeyirxahlığını heç vaxt unutmadığım Əliağa Kürçaylı haqqında xatirələr məni uzaq, unudulmaz tələbəlik illərinə aparır.

 

O vaxt qayğıkeş müəllimlərimin - gözəl tədqiqatçı jurnalistlər Nurəddin Babayevin və Nəriman Zeynalovun köməyi, xeyir-duası ilə mətbuata təzəcə ayaq açırdım, ara-sıra qəzetlərdə yazılarım dərc olunur, efirdən səsim gəlirdi.

 

Bir dəfə qış imtahan sessiyasından sonra rayona gedəndə fürsətdən istifadə edib yazı hazırlamaqdan ötrü Salyan pambıq zavodunda oldum. Sexləri gəzib qeydlərimi götürəndən sonra direktor Mikayıl Hüseynovla kabinetində görüşdüm. O, Salyanda sayılıb-seçilən, sanballı, xeyirxah bir insan, səriştəli təşkilatçı kimi böyük hörmət sahibi idi. Cəbhədə həlak olan atamın etibarlı dostu kimi xətrimi çox istəyirdi. Söhbətimizin sonunda təhsilimlə maraqlandı. Biləndə ki, əlaçı təqaüdü alıram, yazılarımın qonorarını da üstünə gələndə evdən ehtiyacım olmur, gözləri güldü. Nə fikirləşdisə:

 

- Sənə bir iş tapşıracağam, - dedi, - Yazıçılar İttifaqına get, Əliağa Kürçaylıyla görüş, tanış ol, həm də mənim salamımı ona yetir. Çox yaxşı adamdır. Bax ha, yadından çıxmasın.

 

İki gün sonra köhnə kişilərin dostluğunun, haqq-salamının nəyə qadir olduğunu gördüm. Onda bildim ki, Mikayıl kişi məni niyə məhz Əliağa Kürçaylının yanına göndərib. Böyük hörmət bəslədiyi dostunun adını eşidən şair məni sorğu-suala tutdu. Universitetin jurnalistika şöbəsində oxuduğumu, “yazıb-pozduğumu” söylədim. O, cəld ayağa qalxdı, bir qədər kənarda dayanan yazıçı dostları ilə tələm-tələsik sağollaşıb mənə sarı döndü: “getdik!” “Qaz-24”-ün sükanı arxasına keçib o vaxtkı Radio və Televiziya Komitəsinə sürdü. Sədrin müavini, şair dostu Ənvər Əlibəyli ilə çox səmimi görüşüb məni tapşırdı. Ənvər müəllim daxili telefonla baş redaktor Hacı Hacıyevi çağırıb mənimlə tanış etdi. Çox keçmədi ki, Azərbaycan radiosunun ştatdankənar müxbiri kimi vəsiqə aldım, efirdə reportajlarım, lent yazılarım səsləndi...

 

Universiteti bitirib bir müddət rayon qəzetində çalışdım, sonra Azərbaycan radiosunun ştatdankənar müxbiri olduğum redaksiyasında redaktor vəzifəsində işə başladım, ordan da televiziyanın “Gənclər” şöbəsinə müdir təyin edildim. Baş redaktor, gözəl yazıçı-publisist Nahid Hacızadənin öz xatirəsində yazdığı kimi, “Yaşımızın, ömrümüzün gözəl günləri idi. Ürək-ürəyə verib işləyirdik. “Gənclər” redaksiyası az vaxtda önə çıxdı, şöhrətləndi...”

 

İllər keçdikcə, müxtəlif ictimai işlərdə, vəzifələrdə çalışsam da, hələ tələbə ikən qolumdan tutub mənə dayaq olan, xeyir-dua verən Əliağa Kürçaylının yaxşılığını unutmadım. Sevimli şairimizin kitabları stolumun üstündən əskik olmadı, onun xeyirxahlığa, insanpərvərliyə səsləyən, “Vətən övladını sorğu-suala tutan” poeziyası ömrüm boyu yol-yoldaşım, sirdaşım oldu.

 

İndi yaşımın ahıl çağında onunla təsəlli tapıram ki, vəzifə, səlahiyyət sahibi olanda haqqı nahaqqa verməmişəm, imkansızları, sadə insanları, çalışqan, işgüzar cavanları, müdrik ağsaqqalları özümə dost bilmişəm, həmişə dəstəkləmişəm, xeyirxahlığa çalışmışam. Və belə vaxtlarda xeyirxahlıq mücəssəməsi olan şairin məğrur siması gözlərimin önündə canlanıb, mübariz, insana qürur hissi aşılayan poeziyası qulaqlarımda səslənib:

 

Bu eşqi, sevinci, səmimiyyəti

Gətirən anamın öz əli idi.

O əllər düzlüyün, işin, zəhmətin

Qüdrətdən yaranmış heykəli idi.

 

Əliağa Kürçaylının yeniyetməlik, mənim və yaşıdlarımın uşaqlıq çağları çörəyin qəhətə çıxdığı, aclığın qənim kəsildiyi, cəbhədə vuruşan atalarımızı əvəz edən analarımızın övladlarını yaşatmaq naminə kişi qeyrətilə çalışdıqları müharibə illərinə təsadüf edib.

 

Şairin ustalıqla yaratdığı Ana obrazı - onun doğma anasının, ərini cəbhəyə yola salan, müharibənin qurtarmağına 3 ay qalmış “qara kağız”ını alan, ehtiyacın zillətinə qatlaşan, zamanın sərt sınağının sındıra bilmədiyi mənim anamın, o ağır illərin bütün analarının “Qüdrətdən yaranmış heykəli”dir.

 

lll

 

Əliağa 9-cu sinfi bitirəndən sonra 10-cu sinfə yox, işə getdi. Salyan dəmir yolu stansiyasında fəhlə işlədi. Ailənin güzəranı ağır idi, ana çatdıra bilmirdi.

 

Bir gün axşamüstü işdən qayıdanda o, qapı ağzında tanış poçtalyonla rastlaşır. Poçtalyon ona Bakıdan, redaksiyadan göndərilən pulu - şeirinin müəllif haqqını verir. “Deməli, şeir dərc olunanda pul da verirlər”, - ilk dəfə qonorar alan Əliağa düşünür.

 

Ertəsi gün onu raykomun birinci katibi öz kabinetində qəbul edib deyir:

 

- Səni Bakıya çağırırlar, Yazıçılar İttifaqına. Bilirsən kim çağırır? Səməd Vurğun!

 

O, “Azərbaycan Yazıçılar İttifaqı” yazılmış vərəqi Əliağaya uzadır. Burada yazılmışdı: “Gənc şair Əliağa Kürçaylını bir həftəlik çörək kartoçkası ilə təmin edib, 1947-ci il iyun ayının 16-da Yazıçılar İttifaqında keçiriləcək gənc yazıçıların birinci respublika müşavirəsinə göndərməyinizi xahiş edirik.

 

Azərbaycan Sovet Yazıçıları İttifaqının sədri Səməd Vurğun”.

 

... Yazıçıların Natəvan klubunda oxuduğu şeirlər Səməd Vurğunun xoşuna gəlir. Müşavirədən sonra onu kabinetində qəbul edən böyük şair müdrik qərar qəbul edir. Əliağanı Bakıda saxlatdırır, Yazıçılar İttifaqının maddi köməyilə fəhlə-gənclər məktəbinin 10-cu sinfində oxumasına imkan yaradır. Əliağa məktəbi bitirib universitetin filologiya fakültəsinə daxil olur. Nəhayət, Moskvada M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda ali təhsilini başa vurur.

 

lll

 

Əliağa Kürçaylı “Səməd Vurğun taleyimizdə” və “Üfüq genişliyi” publisistik məqalələrində öz xeyirxahı haqqında ürək dolusu söhbət açır, qürurla deyir ki, yalnız məsləhətlərlə, tövsiyələrlə kifayətlənməyən Səməd Vurğun uzun illər ona ustad dərsləri verib, böyük inam bəsləyib: “Bu cavanın böyük gələcəyi var. Mən onun əsərlərini oxuyanda öz gənclik illərimi xatırlayıram”.

 

Akademik Bəkir Nəbiyevin çox haqlı olaraq yazdığı kimi, “böyük şairin öz gənc həmkarı haqqında məhz Səməd Vurğuna məxsus geniş ürəklə dediyi sözlər əsl xeyir-dua kimi səslənmiş və müstəcəb olmuşdur. Əliağa Kürçaylı şeir, sənət aləmində ustadının layiqli davamçısı kimi şöhrət qazanmış, öz sələfinin adına layiq gözəl əsərlər yazıb-yaratmış, poeziyada olduğu kimi dramaturgiya, nəsr, tənqid, bədii publisistika və tərcümə sahəsində də diqqətəlayiq uğurlara imza atmışdır”.

 

lll

 

Qələm dostum, istedadlı şair Ramiz Məmmədzadə deyir ki, xeyirxahlıqdan, humanizmdən söz düşəndə gözümün önünə Əliağa Kürçaylı gəlir. Onun yaradıcılığını uca bir zirvəyə bənzətmək olar. Başqa bir zirvə isə şairin bənzərsiz, müdrik şəxsiyyətidir. Tanıyanlar yaxşı bilir ki, polad kimi əyilməz olan bu insanın səxavəti, xeyirxahlığı sərhəd bilməzdi. Onu xatırlayanda günəşə boylanan palıd ağacı yada düşür.

 

Qarşıda bir palıd var,

Üfüq cah-cəlalıdı.

Arxası uca dağlar,

Buludlar xəyalıdı.

 

Azərbaycan ədəbiyyatının və mədəniyyətinin görkəmli simaları, ədəbiyyatşünas alimlər, akademik Məmməd Arif, Abbas Zamanov, Əkbər Ağayev, Yaşar Qarayev vaxtilə Ə.Kürçaylı yaradıcılığına yüksək qiymət vermiş, onun ədəbi fəaliyyətini səciyyələndirən dəyərli, maraqlı fikirlər söyləmişlər.

 

Akademik Bəkir Nəbiyev şairin çoxsaylı ədəbi fəaliyyətini yüksək qiymətləndirməklə yanaşı, lirikasına xüsusi önəm verir, onun özəlliyini, bənzərsizliyini məxsusi vurğulayır.

 

Filologiya elmləri doktoru Vaqif Yusifli yazır ki, Əliağa Kürçaylı eyni zamanda, epik janrın böyük ustadıdır. Yaradıcılığının ilk illərindən epik poeziyaya meyl göstərən şair ömrünün axırlarına qədər 25 poemaya imza atmışdır: “Muğan axşamları”, “Durnalar cənuba uçur”, “Sınaq”, “Nargindən əsən külək”, “Daş hasar”, “Məhəbbət”, “Ana”, “Zamanın hökmü”...

 

Əliağa Kürçaylının lirik və epik janrı bir araya gətirdiyi yaradıcılıq palitrasında doğurduğu duyğu və ovqatdan asılı olmayaraq hər rəngin öz yeri, öz işığı var.

 

lll

 

Hərdən sına özünü, çəkil bir az kənara

Kənardan bax özünə.

 

Bu misralar Əliağa Kürçaylının insan, şair obrazını nəzərimizdə canlandırır. İbrətamiz həyat yolu keçən, pak, bütöv şəxsiyyəti ilə yaradıcılığı arasında tam vəhdət olan sadə, təvazökar, həm də böyük qürur sahibi bir insanın - Kürçaylının obrazını!

 

Filologiya elmləri doktoru, professor Əmirxan Xəlilov yazır ki, Ə.Kürçaylı həyatda və poeziyasında təvazökar, sadə olduğu qədər də ciddi, sərt və eyni zamanda, mərd bir insan-şair ömrü yaşamışdır. Onun qısa şimşək ömrü... ədəbiyyatımızda əsl fədakar sənətkar ömrü kimi qalacaqdır.

 

Böyük şair həyatda hər şeyə - hadisələrə və insanlara münasibətində daim tamlığa, bütövlüyə can atmış, bu keyfiyyətləri oxucularına aşılamışdır.

 

Xalq şairi Bəxtiyar Vahabzadə qələm dostu Kürçaylını “şeirimizin döyüşkən əsgəri” saymış, onun uğurlarına sevinmiş, “Bütövlük” kitabını şairin mənəvi böyüklüyünün, bütövlüyünün, mübarizliyinin rəmzi kimi qiymətləndirmişdi.

 

Ə.Kürçaylı 30 illik yaradıcılığının qayəsini təcəssüm etdirən bu kitabında oxucularını düzlüyə, paklığa, böyük hərflərlə yazılası BÜTÖVLÜYƏ səsləmiş, özü də “qartal kimi göylərə ucalanlardan” olmuşdur. Ədəbi tənqid şairin yaradıcılığının ildən-ilə kamilləşdiyini, poeziyamızın gözəl nümunələrini yaratdığını qeyd edirdi. O, Əməkdar incəsənət xadimi fəxri adını almışdır. “Bütövlük” kitabı Dövlət Mükafatına təqdim olunmuşdu. Ancaq... həmin mükafata layiq görüləndə özü bundan xəbər tutmadı...

 

Tale ona qibtə ediləsi ilham, istedad, cəlbedici görkəm, boy-buxun, qamət, yaraşıqlı sifət, əqli kamillik, fiziki sağlamlıq vermiş və... cəmi 52 yaşında əlacsız xəstəliyə düçar etmişdi.       O, bütün ağrılara dözür, canından əziz bildiyi övladını düşünürdü: “Ülkəri qoruyun, gözünüz üstündə olsun”, - pıçıldayırdı.

 

Evin matəm sükutunda şivən qopanda ananın gözləri balasını axtardı, görmədi: “Hanı Ülkər? Axtarın, tapın balamı”, - haray saldı.

 

Axtardılar, cəmi iyirmi dəqiqə sonra tapdılar... gec tapdılar. “Xəzərin dalğaları onu qanadına almışdı. Dəniz hönkürürdü... O gün ürəkləri yandıran, əbədiyyət ünvanlı bir dastan yarandı - Əliağa-Ülkər dastanı. Ata-bala sevgisinin şah nəğməsi!” (Nahid Hacızadə)

 

... Onları müşayiət edən izdiham gen küçələrə, dərd-qüssə ürəklərə sığmırdı. Həmin o son vidalaşma mərasimində ixtiyarsız olaraq mərhum müəllimimiz, tədqiqatçi jurnalist alim Nurəddin Babayevin sözlərini ürək ağrısı ilə xatırladım:

 

- Bu dünyanı bəzən elə yaxşı insanlar tərk edir ki, adam yaşamağının xəcalətini çəkir.

 

Şairin həyat yoldaşı Şəhla xanım:

 

 - İkisini də “Vağzalı” ilə yola saldıq... Ülkərin qəbrinə xonçalar düzüldü...

 

lll

 

Dünyaya gözünü Kürün qırağında, ata-baba yurdu Salyanın qədim Qaraqaşlı kəndində açan, Kürün suyu, çörəyi, balığı, mer-meyvəsi ilə boy atan, illər keçdikcə Kürçaylı təxəllüslü gözəl bir şair kimi tanınan, şöhrəti Muğana, Milə, Şirvana, bütün Azərbaycana sığmayan, yaratdığı inciləri dünya xalqlarının dillərinə tərcümə olunan qüdrətli sənətkar poeziya kəhkəşanında öz zirvəsini fəth edib:

 

Dost, qoca dünyada zirvə sözü var,

Ora nə ox çatar, nə güllə çatar.

Zirvələr önündə gücsüzdür düşmən,

Zirvə bir qaladır, zirvədəyəm mən-

 

deyən Əliağa Kürçaylının həmişəyaşar poeziyası fəth etdiyi zirvədə günəş kimi parlayır, solmaz çələng kimi xoş ətir saçır.

 

525-ci qəzet  2018.- 10 mart.- S.16.