Şedevrin oğurlanması
Hekayə
Azər ABDULLA
Vur-tut beş aylıq tanışlıqları ərzində
Seyfəlin danışdığı qəribə əhvalatlar
və onun davranışı, özündən iyirmi yaş
böyük, ömrü boyu tənha yaşamış qoca rəssamı
yerindən oynatmışdı.
Şəhərin
mərkəzində yan-yana qoşa binada yaşayan
tanınmış bəstəkar və yazıçı ailələrinin
qızları, oğlanları bir yana, özünün otuz
illik dostu, ən yaxın qohumları, hətta doğmaca
atası haqqında xoruz səsi eşitməmiş əhvalatlar...
yaxud birbaşa özüylə bağlı ağılagəlməz
hadisələr... odadavamlı kərpic əhvalatı... qazdan
ayıq KQB əməkdaşının gözünün
qabağından külqabını
çırpışdırması... gözəl rus
qızıyla bağlı bir-birindən maraqlı, unudulmaz macəralarını
eşidən rəssam Seyfəlin son dərəcə səmimi,
yüksək mədəniyyəti və təbiiliyindən
xoşu gəlsə də, hər dəqiqəsi
qızıldan artıq bildiyi, tükənməkdə olan
payız ömründən (yetmiş yeddi yaşlı rəssam
belə düşünürdü) saatları, günləri
oğurladığına dözəmmir, həm də ondan əməlli-başlı
ehtiyat edir, əslinə qalsa, bir az da qorxurdu... Ancaq
ömrünü evində və emalatxanasında təkcə
keçirən rəssam tənhalıqdan bezdiyindən Seyfəlin
hər gün ona baş çəkməsini (onlar eyni mərtəbədəydi)
“şirkətlərindəki iyirmi həmkarındansa mən
ona maraqlı göründüyümdən yanıma gəlir...”
düşünərək, dözürdü.
Hər dəfə
emalatxanaya gircək Seyfəl molbertin arxasında həvəslə
işləyən rəssamın yanına gələrək,
tablonu diqqətlə gözdən keçirər, anındaca
ehtiyatla, həm də çəkinmədən tənqidə
keçər, gah filan yerdə boyaların bir-birinə
qovuşmadığını, gah məsafə-perspektiv
qaydasının pozulduğunu, sağ gözlə sol
gözün ayrı-ayrı yerlərə
tuşlandığını, işıq-kölgənin
düzgün verilmədiyini nəhəng bədəninə
uyuşmayan ehtiyat və nəzakətlə deyəndə qoca
rəssam içində əsəbiləşsə də,
onun incə rəftarına uyğun gah “ay Seyfəl, axı
işi qurtarmamışam, o yerə yenə qayıdacam...”, gah
“yaman səbirsizsən...”, yaxud qəlbinə toxunmamaq
üçün süni gülüşlə onun
gözünün içinə baxıb əlindəki
fırçanı uzadaraq “buyur, çatışmayanları
düzəlt” deyərdi. Ancaq elə bircə
gün ötəndən sonra gendən öz işinə baxan
rəssam Seyfəlin iradlarının düzgün, peşəkar
olduğunu görüb təəssüf hissiylə tablonun
üzərində yenidən əl gəzdirməli olurdu.
Tanış
olduqları ilk günlərdə rəssamı Seyfəlin
söhbətlərindəki yumor hissi, səmimiyyət, təbiilikdən
başqa ondakı yüksək artistlik qabiliyyəti, musiqi
duyumu, qeyri-adi qavrayışı, (rəssamın özündə
musiqi qavrayışı, ritmi tutmaq qabiliyyəti zəif
olduğundan, Seyfəlin dilində, sonra fitlə ifa elədiyi
Üzeyir Hacıbəylinin “Arazbarısı”nı
dinləyəndə. - Möhtəşəm konsert gecəsindən
aldığım zövqü mənə yaşatdın -
demişdi, xüsusilə öz atası barədə dediyi bəzi
məqamlar rəssamı ovsunlamışdı.
lll
Bakının
Nərimanov rayonunda beş mərtəbəli binanın
dördüncü blokunun qarşısında uca piramida şəklində
yığılmış yumurta sarısı rəngində
sığallı, parlaq, az qala adamı güzgü kimi
özündə əks etdirən odadavamlı kərpic
qalağını Seyfəl görəndə, illər öncə
Moskvadan ata-anasıyla onlara qonaq gəlmiş,
konservatoriyanın son kursunda (pianoçu) oxuyan gözəl rus
qızını xatırladıbmış. Seyfəlin
dediyinə görə, həmin o rus qızı onun həyatı
boyu rast gəldiyi yadda qalan ən maraqlı, həm də ən
üzücü, ağrılı, təlatümlü hadisə
olub. O gözəl qız ata-anasıyla bir həftə
Seyfəlgilin Fatmayıdakı bağında
qalıbmışlar. Seyfəl onu bircə yol
bağlarında görübmüş.
Həmişə ailəsiylə başqa ölkələrə
dincəlməyə gedən Seyfəlin bəstəkar
atası bu səfər tək imiş. Səhərin gözü yenicə
açılanda Baltik dənizinin sahiliboyu tək-tənha
addımlayan atasına sovet dövründə səlahiyyət
və nüfuzca birinci sayılan rəsmi qəzetin mədəniyyət
üzrə şöbə müdirinin özü
yaxınlaşıb tanış
olubmuş. İki gün ərzində təsadüf
tanışlıq (iki gündən sonra bəstəkar Vətənə
dönəcəkmiş) onları bir-birinə necə
bağlayır, necə doğmalaşdırırsa, Seyfəlin
dediyinə görə, bəlkə də atasının
şöbə müdirinə
bağışladığı bir şüşə beş
ulduz “Şirvan” konyakına görə bir aydan sonra “Sovetskaya
kultura” qəzetinin bir səhifəsinin yarısını
tutmuş piano arxasında şəkliylə bəstəkara həsr
edilmiş “Ladı Yurmala” başlıqlı məqalə
çap olunur. O məqalədə bəstəçinin “Qaboy
üçün sonata” möhtəşəm əsərinin
Yurmalada yarandığını yazır. Şöbə
müdirinin bəstəkarın vətənini görmək
arzusunda olduğu xəbər əsən yelləmi,
quşların qanadıylamı bəstəçidən qabaq
Bakıya çatır, bu xəbər hakim dairəni zəlzələtəkin
silkələyir. Seyfəl deyir, dekabr ayının
ortalarında atamla Fatmayıdakı bağımıza gedəndə
trasdan bağımıza qədər yüz-yüz əlli
addımlıq çala-çuxurlu, çınqıllı-daşlı
yolun şüşə kimi asfaltlandığını, kələ-kötür,
xır daşlardan palçıqsız hörülmüş
qurşaq boyda bağ hasarımızın ağappaq mişar
daşlarıyla əvəzlənib adam boyundan da qəlbi
edildiyini, iki göz bir mərtəbə evimizin yerində iki mərtəbəli
beşğöz yaraşıqlı evi,
bağımızın sahəsinin ikiqat
böyüdüyünü, yeni-yeni meyvə
ağaclarından savayı cürbəcür dekorativ-bəzək
ağaclarının, çeşidbəçeşid gül
kollarının nizamla əkildiyini görəndə bir yandan
sevinsəm də, o anlar heç bilmirdim nəyə görəsə,
bir yandan da məni qəm-qüssə
bürümüşdü.
May ayının ortaları səhər çağı
günəş Xəzərdən bir qulac qalxanda ağappaq
çılpaq bədənində təkcə şort olan
şöbə müdiri, arvadının əynində
qırmızı, iyirmi bir yaşlı qızınınsa
açıq mavi çimərlik paltarında (hər şeyi
yeri-yurduyla, ünvanı-adıyla danışan Seyfəl, nədənsə,
nə şöbə müdirin adını dedi, nə də
onun arvadının, qızının) bəstəkarın
bağının gündöyən yerindəki qumsallıqda
arın-arxayın söhbət edə-edə gəzişirmiş.
Seyfəl deyir, nə gizlədim, aralıdan baxanda
bir-birindən o qədər də seçilməyən,
adamın ağlını başından edən
uzunqıç, sarısaç, model bədənli bu gözəllərə
gizlincə arxayın və doyunca baxmaq üçün ikinci
qata qalxmaq fikrimdən keçdi. Qapısı
açıq pianino olan otağa girmək istəyəndə pəncərə
pərdəsinin qırağını çeçələ
barmaq boyda qatlayaraq bayıra baxan atamı gördüm. Hənirimi duyan atam əlini tez pərdədən
çəkərək geri çevrildi. Həyalı adam sanki intim anında, ya da oğurluq
üstündə tutulmuşdu,
çaşdığındanmı, diqqəti
yayındırmaq üçünmü, atam əlini
qıçına şappıldadaraq təəssüf hissiylə:
- Qonşular
yanında biabır olduq, (Bağ divarımız adam boyundan hündür olsa da, yuxarıdakı
evlərdən baxanda bağımız ovuc içi kimi
görünürdü.) - deyib
başını bulayaraq. - Bezobraziye! - biabırçılıq,
heç olmasa qarınları, göbəkləri
örtülü...- nəyə görəsə kişi fikrini
tamamlamadı. Mən gözümü ondan
yayındıraraq yaxınlaşıb kitab rəfindən əlimə
keçən hansısa kitabı ğötürüb tələsik
geri qayıtdım.
Qonaqlar gedəndən sonra Seyfəlin hər günü
aya, hər ayı ilə döndü. Sonuncu imtahanı verən
günün səhərisi beş ədəd
beşulduz “Şirvan” konyakı, beş qutu Bakının bir
daha ələdüşməz o zamankı dadlı
paxlavası (!), bir də sonsuz həyəcan-şiddətli
ürək döyüntüsüylə təyyarəyə
minib Moskvaya yola düşdü. Onun Moskvaya
birinci səfəri yazılsa, bir povest olar. Ancaq bu hekayədə yer qıtlığı olsa
da, həmin səfərin bir məqamını bu mətnə
salmamaq günah olardı. Seyfəl deyir,
boş sözdü, deyirlər “moskvalılar əyalət
adamını evində qonaq eləməyi, evində
saxlamağı sevmir”. Deyir, mən onların evinə girəndə
qadın da, qızı da, kişi hələ işdən gəlməmişdi,
boynuma sarılıb o üzümdən bu üzümdən necə
öpdülər, iki ildən bir kəndə gedəndə
bibim məni o cür ürəkdən öpmür desəm,
inanmazsız. Onların mənə olan bu istək,
bu mehribanlığının təkcə atama görə
olmadığını bağımızda hiss eləmişdim.
Mən bağımızda kabab bişirəndə acı
tüstüdən gözlərini ovuşdurub göz
yaşı axıdan ana-balanın yanımdan uzaqlaşmaq istəmədikləri
vaxt...
Evin kişisi saat doqquzda gəlib çıxdı. İnsafən,
o da məni çox isti, mehriban qarşıladı. Saat on birəcən yeyib-içdik. “Şirvan” konyakının biri yarıdan keçəndə
kişi ayağa qalxaraq nəzakətlə “Məni
bağışlayın, bir az işim var” deyib kabinetinə
getdi. Mən ayağa qalxıb - Gecdi, mən də gedim,- deyəndə qızın anası həyəcanla
- Nə danışırsınız!? - deyib
mənə yaxınlaşdı, əlimdən tutub bir sayaq
darta-darta arxasınca apardı. Ayrıca tualet, hamamı olan
bir otağı göstərib - Bu, sizin
otağınızdı, nə qədər istəsəniz,
lap bir ay da qala bilərsəniz... Qızı,
anasını çağırdı, səsində əsəbilik
vardı. Sözlər aydın eşidilməsə
də, mətbəxdə onların mübahisə elədikləri
bilinirdi. Qızın səsi daha
hökmlüydü. Az sonra anası
qayıdıb gəldi, gülümsəməsi zərif,
sığallı üzündəki kədəri, pərtliyi,
təəssüf hissini gizlədə bilmirdi. O, yenə əlimdən
tutaraq, indisə sanki yalvarışla, bir az
da günahkarcasına, vallah, mənə belə gəlirdi,
-
Seyfalçik, bilmirəm necə deyim, bizdən inciməyəsiniz.
Yenə deyirəm, o otaq sizindir... Ancaq... Qızımın
evi yaxındadır, ancaq əri ezamiyyətdədir. Tək
özünü pis hiss edir. Bəlkə də bərk qorxur,
“bərk qorxur” sözünü pıçıltıyla dedi.
Əgər mümkünsə, əri gələnəcən
xahiş edirəm gedib onunla qalaydınız...
Seyfəl deyir, bu sözləri eşidəndə,
içimdə qəfil baş verən sevinc fırtınasından
kükrəyib ucalan dalğa məni göyün yeddinci
qatına qaldırdı, hayqırıb nərə çəkməkdən,
qadını bağrıma basıb o gözəl sözləri
deyən gözəl dodaqlarını öpməkdən
özümü güclə saxladım. Həm də
bütün varlığımı çulğamış
xoşbəxtliyimin, sevincimin üzə çıxmaması
üçün, İlahi, mənə o fil gücünü
hardan verdin. Başımı
aşağı salıb sözəbaxan uşaq cildinə
girdim. Azacıq çiynimi oynadaraq biganəliklə - Necə
məsləhət bilirsiniz,- dedim.
Qızın evi atasıgildən iki bina aralıdaydı. Evlərinə
gircək qızın əlindəki çantası dəyib
lalıxlamış alçatəkin yerə düşdü.
O, qucağıma atılıb qollarını boynuma
doladı... Səhərisi qalxıb nahar elədik.
O, bületen almaq üçün poliklinikə getdi. Qayıdanda mən yuxudan güclə ayılıb
ayağa qalxdım. O, gülə-gülə: “- Tı ne
poxoj na sına kompozitora. Tı moy Gerakl! (sən bəstəkar oğluna
oxşamırsan. Mənim Heraklım!)” - deyib
yenə qucağıma atılıb boynuma sarıldı...
Arxada
qalmış gecəli-gündüzlü narıncı
günlərdə adamı heyrətləndirən ən
maraqlı, məqam... dördüncü günün
axşamı qız nə desə yaxşıdı...
- Bu gecə
ərim gələcək, gəl Sizin (Sizin ha!) yerinizi o biri
otaqda salım...
Gülməkdən
uğunub gedən rəssam (bəzən onlar bir-birinə
baxıb uğunub gedəndə tablodan aralanmış rəssamın
fırçası yavaş-yavaş aşağı enərək
ya köynəyinə, ya da şalvarına toxunub ləkələyirdi)
“şöhrəti respublikaya sığmayan doğmaca
atasının, özü də öləndən sonra, gizli,
intim sirrini açıb-tökən adama ehtibarmı etmək
olar?.. Bircə səhv burax,
beş-on gülməli, məzhəkəlisini də
böyür-başına yamayıb qarşısına
çıxana danışacaq...” düşünürdü.
lll
Odadavamlı
kərpic qalağının yanından türyan ötəndə
sadə geyimli bir kişinin (soba düzəldən usta) ucaboy,
şişman gövdəli mayor rütbəli milisə dediyi
“Rəis, köməkçim Bilgədən yarım saata ancaq
gəlib çıxacaq. Yaxında “xoztovar”
varsa, mən ora dəyim... bəzi şeylər almalıyam...”
sözləri Seyfəlin qulağı çaldı. Elə
o andaca özünü havada yumşaq-yumşaq qanad
çalıb uçan kəpənək kimi yüngül hiss
elədi. O, şəhərin başqa rayonunda yaşasa da,
buralara yaxşı bələdiydi. Təsərrüfat
malları mağazasının azından dörd yüz, beş yüz metr burdan aralı olduğunu
bilirdi. Sonuncu blokda yaşayan xəstə dostuna
baş çəkməyə gəlmışdi. Üçüncü qatacan pilləkənləri kəpənək
kimi yüngül qalxdı. Ağlına nə
gəldisə, sürətini azaltdı. Dostunun
mənzili beşinci qatdaydı. “Sağalıb
durmağı çox çəkəcək, sonra gələrəm”.
Geri qayıdıb tərəddüd içində
pillələri ağır-ağır enib çölə
çıxdı, kərpiclərin yanında kimsəni
görməyəndə bədənində-canında yenə
də uçan enli qanadlı kəpənəyin
yüngüllüyünü hiss elədi. Yumşaq-yumşaq, ancaq yeyin-yeyin addımlayıb
özünü binanın küçə tərəfində
saxladığı açıq mavi “Qaz-24”ünə yetirdi.
Binanın sonunda sağa dönən yerdə
qadağan işarəsinə məhəl qoymadan həyətə
girib sakitcə sürərək maşının
arxasını gözoxşayan kərpic qalağının
bir addımlığında saxladı. Maşından
endi, açarı çıxartmadan, qapısını
örtmədən irəliləyib maşının
sandığını açdı, başını
qaldırıb yan-yörəsinə baxmadan
üç-üç, dörd-dörd kərpicləri
yeyin-yeyin, ancaq çox ehtiyatla, həm də
arxayınlıqla götürüb sandığa
yığdı. Həmin anlar Seyfəl özünü
yuxu görürmüş kimi hiss edirdi. Yerdə
qalan kərpicləri beş-beş qaldıraraq aparıb arxa
oturacaqların ayaqaltına yerləşdirdi, iki yol əllərini
bir-birinə sürtərək gəlib sükanın
arxasında əyləşdi.
Binanın həyətində yeniyetmə uşaqlar
çığırışa-çığırışa
futbol oynayır, bloklardan çıxan adamlar arzu-istəklərinin
arxasınca müxtəlif ünvanlara tələsirdilər.
Həyətlərinə tökülmüş bir
maşın (!) (əslində, doxsan yeddi ədəd)
kərpicin on beş- iyirmi dəqiqənin içində yoxa
çıxma əhvalatını düz iki aydan sonra Seyfəllə
görüşən dostu həyəcan içində sensasiyalı
xəbər kimi danışırdı. Yüz on beş kilo
çəkisi olan sahə müvəkkilinin beş bloklu
beş mərtəbəli binanın həyətində,
blokların ağzında, pilləkənlərin
başında qarşılaşdığı adamlardan
başqa, bəzən buraya gəlmiş tanış-biliş,
qonaqlardan, yaxud buradan təsadüfən ötən adamlardan
savayı, mənzillərin qapısını qan-tər
içində dönə-dönə bir-bir döyüb
dörd-beş yaşlı uşaqdan tutmuş səksən-səksən
yeddi sində ahılınacan, bir nəfəri buraxmadan
bezdirici təkrar sorğu-suallarıyla boğaza
yığdığını söyləyirdi. Günortaya yaxın küçələrdə, həyət-bacada
insanların qaynaşdığı vədə bir
yığın kərpicin su kimi buxarlanıb yoxa
çıxması sahə müvəkkilindən savayı
adamların da matı-qutunu qurutmuşdu. Son
günlər adamlar danışırdı ki, zərgər
ustalığıyla qurulmuş bu oyun, bu əməliyyat yuxarıların
işidi. Deyirdilər, podpolkovnik rütbəsi almağa
hazırlaşdığı məqam dabanı yerə gəlməyən,
ayağının altını görməyən, göylə
gedən sahə müvəkkilini qonşuları kimi iş
yerində də sevmirmişlər. Sahə müvəkkilinə
görə beş bloklu, beş mərtəbəli
binanın həyətə baxan əlli pəncərəsindən
günortaya yaxın heç olmasa bircə nəfərin
bayıra baxmaması mümkünsüz bir iş idi. Deyirdilər,
bu boyda binanın adamlarından bir ipucu ala bilmədiyindən
sahə müvəkkilinin hirsindən-hikkəsindən dişlərinin
qıcırtısı beş
addımlıqdan eşidilir, ağzından
qığılcımlar bayıra püskürürdü. Deyirdilər, sahə müvəkkili istəsəydi,
elə həmin gün, həmin kərpicdən bir Kamaz
maşını da gətizdirib blokunun qarşısına
tökdürə bilərdi. Deyirdilər,
günün günorta çağı iyirmi dəqiqənin
içində öz qapısının ağzında o boyda kərpicin
yoxa çıxması sahə müvəkkili
üçün tikilən torbaymış. Arif adamların dediyinə görə, sahə
müvəkkilində bir qırıq ağıl, bir tikə
uzaqgörənlik olsaydı, gərək bu məsələni
heç açıb ağartmaz, dilə-dişə
salmazmış. - Yaxşı, bəs o kərpicləri
neylədin? - rəssam soruşanda Seyfəl:
- Onları görəndə o rus qızı gəldi, durdu
gözümün qabağında... Neyniyəcəm,
mənə kərpicmi lazımıydı? Qonşuya verdim. Yeddi-səkkizini də bağa
aparıb eşikdə kabab bişirmək üçün
ocaq düzəltdim...
Dörd ay öncə iki bina burdan aralı, yenə də
mayor rütbəli sahə müvəkkilinin ərazisində
dörd mərtəbəli binanın üçüncü
qatında baş verən və artıq sorağı
bütün şəhərə yayılmış möhtəşəm
olayın, onun ardınca da kərpic sirrinin
açılmaması bu cantaraq kişinin kitabının
biryolluq bağlanması deməkdi. Guya kərpicin müəmmalı
şəkildə yoxa çıxması, elə dörd ay
qabaq baş verən kriminal olayın davamıymış.
Həmin qonşu binanın üçüncü
qatındakı dözülməz, birbaşa əsəbləri
tarıma çəkən danqıltı, xırıltı,
xırçıltı səs-küy eşidən sakinlərdən
biri qapını açıb boylananda ilk öncə divara
söykənmiş gözəlliyi göz qamaşdıran bir
dəmir qapı görür. İncə
naxışlı, qızılı boyalı o qapıdan
çətinliklə gözünü çəkib sağa
baxanda qapıbir qonşusunun toz-dumana bürünmüş
qapısı üzərində işləyən əlləri
əlcəkli, üzü maskalı iki kişidən birinin
qaynaq elədiyini, ikincisinin laqondayla nəyisə kəsdiyini
görür.
-
Yorulmayasınız! - deyəndə ciddi
işindən ayrılmayan qaynaqçı səsini
çıxartmadan başını tərpətməklə
minnətdarlığını bildirir. - Ay usta, bu gözəl
qapının qiyməti neçə olar? - qonşu
soruşanda qaynaqçı yenə də işindən
ayrılmadan çiynini atmaqla “bilmirəm” işarəsi verir.
“Bəlkə sir verməyən bu usta qonşumun qohumu... ya da
etibarlı, sınanmış tanışıdır”
düşünür, qaynağın işığından
gözü qamaşdığından geri çəkilib
qapını örtür.
Bir
neçə gündən sonra ailəsiylə sanatoriyada dincəlib
gümrah ovqatla qayıdan qonşu evindəki seyfin
açıldığını, bir sözlə, başdan
ayağa evinə süpürgə çəkildiyini
görür...
lll
Deyəsən, mövzudan gen düşdük. Söhbətimiz
Seyfəl barədəydi axı. Seyfəlin dostu Fikrət
Misirdə iki il tərcüməçi
işləyib fil sümüyü rəngində “Qaz-24”
maşınıyla qayıtmışdı. Gəldiyinin
ikinci günü qohumlar, qonşular, bir də bu şəhərdə
yeganə dostu Seyfəl (eyni binada yaşayırdılar) gəlib
onu təbrik etmişdi. Təbrikə gələnlərin
hamısının ürəyində gizli umacağı da
vardı. O vaxtlar sovet adamının xaricdən gəlmiş
hər hansı bir şeyə, hətta bükülmüş
kağızında Türkiyə, İran, Bolqarıstan,
İtaliya, Fransa sözü yazılmış konfet, saqqız
da əziz, dəyərli nemət, göydəndüşmə
bir təbərrik sayılırdı. Gəldiyinin
ikinci günü Fikrətin Misirdən gətirdiyi firuzəyi
rəngli təkərcikdən olan brüloku yoxa
çıxdığından evlərində
qanqaraçılıq idi. Dos-doğma ailə üzvlərinin
hamısından şübhələnən Fikrət qabaqca
bacısını, qardaşını sorğu-suala tutub əziz
itiyinin onlarda olmadığına əmin olanda atası: -
Əmioğlundan başqa kimdə ola bilər?-
deyəndə elə bil Fikrət diksinərək yuxudan
ayıldı. Rayondan gəlib Mərkəzi Komitədə
şöbə müdiri işləyən əmisinin xidmət
maşınını sürən, ailənin bütün
bazarlığını edən, boş vaxtlarında
bağlarında işləyən, bir sözlə,
qonaq-qaralı bu evin üzüyola, bacarıqlı, səriştəli
olduğundan hər işin öhdəsindən gələn...
ancaq yeri düşəndə ələyriliyindən qalmayan əmisioğlu...
İşlədiyi beş il ərzində ildə bir yol
çırpışdırdığı şeylərin
(gümüş siqaret qabı, narıncı billur vaz,
qızıl suyuna çəkilmiş çəngəl dəsti,
Fransadan gətirilib əmisinə hədiyyə verilən
yüksək zövqlə düzəldilmiş
naxışlı əsa, fiqurları fil sümüyündən
şahmat) elədiyi oğurluqlardan bəzilərinin
üstü açılsa da, əmisinin dəfələrlə
danlağına, öz atasının hədə-qorxusuna, bəzən
lap kötəkləməsinə baxmayaraq, əmisioğlu
canına hopmuş vərdişindən əl çəkmirdi
ki, çəkmirdi. Hind ustalarının sehrli əlindən
çıxmış şahmat yoxa çıxanda əmisi
onu qovur.
Bir həftəydi ailədə ancaq yoxa
çıxmış brülok söhbəti gedirdi. “Əgər tapılmasa, bir
sözdü deyirəm də, od vurub maşını
yandıracam”. Fikrətin bu sözünü ciddi qəbul eləməsələr
də, ailənin bütün üzvləri - atası,
anası, qardaşı, heç vaxt əmisi oğlunu saymayan,
onunla salamlaşmayan əmiqızısı da
ayrı-ayrılıqda oğurçu sürücüylə
təkbətək görüşüb onu dilə tutaraq
brüloku qaytarmasını tələb edir,
sürücüsə həmişəkindən fərqli
olaraq bu dəfə əmisinə də, əmiqızısına
da yeni andla “Sənin əziz canın üçün mənim
brülokdan xəbərim yoxdu” desə də, kimdi ona inanan. Xəbər gedib rayona çatanda oğlanın
atası həmin gün bir səbət mer-meyvəylə
qardaşıgilə gəlir. Məhkəmə
qurulur, atasının, əmisinin və bütün ailənin
qarşısında səliqəli, geyimli-keçimli, qalstuklu
sürücü yenə and-aman edib, “Quranı gətirin əlimi
basıb and içim, brülokdan xəbərim yoxdur” deyəndə
atası ailənin qarşısında oğluna yağlı
bir şillə tutuzdurur. - Qardaş, amanın
günüdü, gədənin başını kəssən
də uf demərəm. Bilərəm ki, əmisinin əlindəki
küt-kor dəryaz deyil, almaz kimi iti bıçaqdı,
ağrısı az olar. Türməlikdisə,
özün öz əlinlə apar saldır içəri.
Onsuz da hara getsə, harda işləsə,
gec-tez tutub basacaqlar içəri. Özüm
cəhənnəm, kimdi məni tanıyan, sənin
adına-sanına söz gələcəyindən qorxuram.
Hesab elə qapına bağladığın sülək
itdir... Bir təhər yola verin...
Bir həftə
ötəndən sonra yaşadıqları binanın
qarşısında rastlaşanda Seyfəl: - Gəmilərinmi
batıb, niyə qanın qaradı? - soruşdu,
Fikrət brülok məsələsini dostuna danışanda
Seyfəl - Məndədir, - deyir. Fikrət
inanmır, qanıqara halda aralanıb getmək istəyəndə
Seyfəl onun qolundan tutub bir sayaq zorla evlərinə aparır.
Divara vurulmuş parıldayan çəkmə
mıxından asılmış brüloku görəndə
bir həftə öncə Seyfəlin onlara gəldiyi
günü xatırlayır. Həmin
gün qucaqlaşıb görüşəndən sonra
masanın arxasında əyləşib çay içərkən
Seyfəl ərkyana - Yaxşı, bəs mənə nə gətirmisən?
- soruşanda Fikrət and-aman eləyib
atasına, anasına, bacı-qardaşına da bir şey gətirmədiyini
bildirir. - Ə, görmürsən, qarnım
kürəyimə yapışıb. İki il ərzində gündə bir yol çörək
yeyirdim ki, yığım maşın alım...
Seyfəl brüloku götürüb o üzünə,
bu üzünə diqqətlə baxır, zincirini şəhadət
barmağına keçirərək sağdan sola, soldan
sağa hərləyə-hərləyə - Heç olmasa
bunu bağışla mənə - deyir. Simic dostu - Sənnən nə
gizlədim, öz aramızda qalsın, bu sirri birinci ancaq sənə
açıram, maşını satmaq fikrim var. Sən belə
şeyləri məndən də yaxşı bilirsən, bu
brülok psixoloji baxımdan maşının dəyərini
az da olsa artıra bilər... - söyləyir.
Fikrət əmisioğlunu görəndə şərləyib
böhtan atdığına görə utana-utana,
günahkarcasına ondan üzr istəyir. Əmisioğlu ya Fikrətin
dediyini eşitmir, ya da günlərlə ellikcə onu
oğurluqda suçladıqlarına, bəlkə
oğurladığını yadından
çıxartdığına inandığından, bəlkə
də bir Allah bilir nəyə görəsə
büzüşərək, sıxıla-sıxıla
günahkarcasına:
- Əmoğlu, yaman xoşuma gəldi, götürdüm,
ancaq Allaha and olsun, hara qoymuşam, neynəmişəm,
yadıma salammıram ki, salammıram... - deyir.
lll
Seyfəl
Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri
Komitəsinin işlər üzrə gözü eynəkli,
dazbaş şöbə müdirinin (komitənin
işçiləri, ştatlı və ştatdan kənar
jurnalistlərin hamısı iri, qırmızı, sallaq dodaq,
qalın şüşəli gözlüyünün
üstündən adama sirayətedici və zəndlə baxan
kişini KQB-nin adamı bildiyindən hamının ondan zəhləsi
gedir, ehtiyat edirdi) geniş kabinetinə girib salam verəndə
o, nə salam aldı, nə də başını
qaldırıb gələnə baxdı. Seyfəl
yaxınlaşıb onun qarşısında dayandı, ani
sükutdan sonra:
- Zeynal
müəllim, dördüncü dəfədi gəlirəm...
vəsiqə məsələsinə görə...- dedi.
Kişi vərəqdən gözünü çəkmədən
qarşısında sırayla düzülmüş kreslolara əlini
tuşlayaraq əyləş işarəsi verdi.
Seyfəl onun düz qarşısında deyil,
azca aralıda masanın üstündə içərisi
siqaret kötükləriylə dolu, qoşa əlin ovcu boyda,
qıraqları qayadan aşıb tökülən su pərdəsitəkin
əyili, içdən və çöldən İlahidən
incə xətlərlə naxışlanmış
açıq sumağıya çalan balıqqulağından
olan külqabını görəndə “Bu, əsl akvarium
üçün yaranıb. Gözəlliyi
bir yana, yenicə doğulmuş balalarını öz
anası yeməməsi üçün... yan-yörəsinə
də xırda daşlar düzsəm gizlənərlər...”
fikrindən keçdi, külqabıya yaxın əyləşdi.
Bu vaxt işlər müdiri sola çevrilib səliqəylə
üst-üstə çinlənmiş qovluqlardan birini
götürüb qarşısına qoydu, bağını
açaraq vərəqdən birini götürüb
gözünə yaxınlaşdırdı, qocanın
başı vərəqin arxasında qalanda çənəsi
sol əlinə söykəli Seyfəl masanın üstüylə
dirsəyini sürüşdürərək
külqabının qarşısını kəsdi. Şöbə müdiri vərəqi
götürdüyü yerinə qoyub qovluğun bağına
düyün vuraraq qaldırıb yenidən qovluqların
üstünə qoydu, irəli-geri, sağa-sola itələyib
yerində səliqəli oturmasına səy göstərdi.
Bu anlar Seyfəl də sol qoluyla kül
qabını sezilməz ustalıqla yavaş-yavaş ehtiyatla
özünə sarı sürüşdürdü.
İşlər müdiri yana çevrilib
siyirməni çəkərək vəsiqələrdən
birini götürəndə Seyfəl sağ əlini
uzadıb masanın qırağına çatmış
kül qabını ehmalca götürüb pencəyinin
sağ cibinə saldı. “birdən siqaretlərdən
sönməmişi olar?..” fikri ağlından keçdi.
İşlər müdiri ilk dəfə başını
qaldırıb gözlüyünün üstündən
nüfuzedici və zəndlə Seyfələ baxa-baxa
qaldı, hannan-hana:
-
Adın, soyadın? - soruşdu. - Seyfəl Qaraqaşlı... - Bıyy, Qafur
Qaraqaşlının oğlu sənmisən? - müdir heyrətlə soruşanda Seyfəl
orta məktəb şagirdi kimi əllərini masanın
üstünə qoyub “guya bu vaxtacan məni
tanımırdın...” bəli dedi. İşlər müdiri
həyəcan içində - Boynuma alıram, Qafur müəllimin
musiqisini başa düşməsəm də, o,
xalqımızın fəxridi, millətimizin başını
dünyada uca edən yeganə şəxsiyyətdir,- deyib
yenidən siyirmənı özünə sarı çəkdi,
əlindəki bəd rəngli vəsiqəni siyirməyə
qoyub sözünə davam elədi - Sənə al
qırmızısını verəcəm.- dedi, əlini qələmdana
uzadıb özünə sarı çəkdi, müxtəlif
çeşidli rəngbərəng qələmləri tələsmədən
barmağıyla araladı, nəhayət, birini
götürüb qabaqca balaca ağ vərəqin
üstündə iki yol imzasını atdı, sonra
imzasının üstünü xətləyib qaraladı. - İndi yazmaq olar, - deyib vəsiqənin üstünə
əyildi, başını qaldırmadan - Sizinki musiqi
verilişləri redaksiyasıdır, eləmi? Seyfəl
sakitcə bəli dedi. “Qocada yaddaşa bax e,
hansı redaksiyada işlədiyimi də bilir”. Müdir gözəl xətlə, bəlkə həm
də sevgiylə vəsiqəni yazıb doldurdu. Yenə siyirməni açıb möhürü
çıxartdı, bayaq imzalayıb üstünü xətlədiyi
kağıza möhürü basdı, sonra ağzına
yaxınlaşdıraraq hovxurduğu möhürü ehtiyatla
şəkilin qırağına basaraq gücü gəldikcə
sıxdı. Möhürdən hələ
də əlini çəkmədən başını
qaldırıb - Atan Leninqraddan bu günmü qayıdır?
- Bəli. - Seyfəl qısaca cavab verdi. “Hər şeydən xəbərdardı. Yüz faiz KQB-nin adamıdır”. Müdir vəsiqəni
götürüb gözünə yaxınlaşdırdı,
- Əla!- deyib masanın üstünə
qoydu - Bircə dəqiqə gözləyək qurusun. Suçəkənlə
qurudanda yazılar solğun düşür... Yaman isti oldu,- deyib ayağa qalxdı, iri addımlarla irəliləyib
pəncərəni açdı. Asta-asta geri qayıdıb vəsiqəni
götürdü,
- Hər
ehtimala qarşı...- deyib vəsiqənin arasına bir
parça ağ kağız qoydu, Seyfələ uzadaraq -
Xeyirli olsun.- söylədi.
Seyfəl qapıdan çıxcaq yeyin, iri addımlarla
üzüaşağı irəlilədi. “Yəqin milisə
zəng edib saxlatdıracaq. Onda hasardan
aşım xiyabana”. Onmu-on beşmi
addım atmışdı, xoşagəlməz-cır səslə
adını eşitsə də, dayanmadı, gedə-gedə
geriyə çevriləndə qapının ağzında
dayanmış işlər müdirini gördü, bic-bic
gülümsünür, dayanmadan əli və
başının işarəsiylə onu geri
çağırırdı. Elə bil Seyfəli
ildırım vurdu, bir an donub yerində
qaldı. “Alçağın biri,
görübmüş, məni sındırmaq, alçaltmaq,
diliqısa, gözükölgəli... məhv etmək
üçün, öz sukasına çevirmək...
bütün komitə biləcək, bütün şəhərə
yayılacaq... atamın simsarı, doğmalarından biri
ehtiyatla ona xəbər verəcək. Qafur
Qoşqarlının oğlu külqabı oğurçusu...”
Seyfəl qaçıb aradan çıxmaq istədi,
ancaq anladı ki, qaçıb aradan çıxması
biabırçılaqdan xilas yolu deyil. Bir
yandan da işlər müdirinin gülə-gülə (həmin
an onun gülüşündə doğmalıq hiss elədi)
dayanmadan israrla çağırması onu qaçmağa
qoymadı. Geri dönüb
ağır-ağır addımlamağa başladı, elə
bil hər ayağına bir dəyirman daşı
bağlanmışdı. Sağ ayağını hər
dəfə irəli atanda pencəyinin cibindəki
külqabı qıçına toxunaraq onu daha da
sarsıdırdı. “Yalvarımmı... Bahalı hədiyə
alacağıma and içim...” Qapıya çatmağına
üç-dörd addım qalmış işlər
müdiri əlini ona sarı uzadanda, az qaldı Seyfəlin dizləri
qatlansın - A bala, pulunu vermədin axı?..
Qəpiyi olmadığına görə bir rubl verib geri
dönərək daha yeyin-yeyin addımlayıb bayaq
qayıtdığı yeri yenicə ötmüşdü ki,
yenə onun sarsıdıcı, iliyə işləyən səsini
eşitdi. “İşim bitdi. Əclaf... Əzab
vermək üçün qəsdən məsələni
uzadır. Sadist köpəyoğlu. Dəli
şeytan deyir çıxart vur təpəsinə... Qoca
kaftar...” Rəngi ağarmış Seyfəl ona çatanda
işlər müdiri - Zdaçını
(qalığını) götür... - dedi.
Məsələnin
ən maraqlı tərəfindən biri bu idi ki, hər bir
işini üfürə-üfürə, çox ehtiyatla
görən işlər müdiri son bir həftə ərzində
vəsiqə payladığı adamlardan yanına
çağırıb sorğu-suala tutmadığı bir adam qalmışdısa, o da yalnız Seyfəliydi.
lll
Seyfəl
külqabı əhvalatını danışanda qoca rəssamın
üz-gözündəki müəmmalı
çaşqınlığı, heyrəti görəndə
zarafatlamı, yoxsa ciddimi, ancaq gülə-gülə dediyi
“baxıram, görüm sənin studiyandan bir şey əkişdirə
bilərəmmi...” sözlərdən sonra rəssam hər dəfə
açar salıb qapısını açanda “studiya”
sözünü xatırlayaraq içində xoş duyğu
yaranırdı. Ancaq onun bəbəklərində civə kimi
oynayan gözlərini, iki-üç balasından sonra
doğduğu balalarını yeməməsi üçün
Seyfəl ana balığı akvariumdan çıxarıb
vannaya salaraq lezvayla qarnını qəddarcasına
yardığını, kəsilmiş yerin hər iki
yanından basdığını, balaların pırtlayıb
çıxdığı səhnəni
görübmüş kimi xatırlayanda... “əkişdirə
bilərəmmi” sözündən sonra Seyfəl hər dəfə
gözlənilmədən qapını açıb
emalatxanaya girəndə otağın havasının
sıxıldığını duyan rəssama elə gəlirdi,
onu elə bil rezin torbaya salıb sıxırlar.
Əvvəllər
emalatxanasının qapısını bağlamadan yeddinci
qatdan arın-arxayın enib birinci mərtəbədə olan
bufetdən su, qoğal, günəbaxan tumu, yaxud kolbasa, sosiska
alır, bəzən sıraya durub gecikəndə belə, tələsmədən
qayıdırdısa, Seyfəlin zarafatla, yoxsa ciddimi söylədiyi
“əkişdirə bilərəmmi” sözündən sonra
eyni mərtəbədə üç qapı aralıda tualetə
sarı addımlayanda belə, otağının
qapısını bağlayıb gedirdi. Bir dəfə
fasilə vaxtı birinci mərtəbənin bufetində iki
sardelinin qazanda pörtdəməsini gözləyəndə
birdən rəssama elə gəldi emalatxanasının
qapısını bağlamayıb. O vədə idi ki,
bufetçi qazanın qapağını qaldıraraq
qaşıqla sardelləri o yana, bu yana çevirərək
“hazırdı, bu dəqiqə...” deyib çıxartmaq istəyəndə,
rəssam “gəlirəm” deyib yaşına uymayan
qaçışla başıalovlu özünü liftə
yetirdi. Otağına girib həyəcan-təlaş
içində divara vurulmuş tabloları gözdən
keçirdi, arxadan qapını bağlayıb küncdəki
sırayla yığılı tabloları saydı, iyirmi
altı. Biri artıq çıxmışdı.
“həyəcanlıyam, tələsdiyimdən
düz saymadım”. İkinci dəfə sayandasa
biri əskik oldu-iyirmi dörd. Rəssamı
tər basdı, o tabloları divarboyu yanbayan düzərək,
iki dəfə sayandan sonra arxayınlıqla dərindən nəfəs
alıb köks ötürdü.
İstər mobil, istərsə şəhər telefonu zəng
çalanda, emalatxanasına qız-oğlan, yaxud
qadın-kişi daxil olanda... nahar vaxtı rəssam yeməyə
başlayanda Seyfəl dərhal otağı sakitcə tərk
edəndə “yüksək mədəniyyətli, etikalı
adamdı” rəssam düşünürdü. Masa
üstündəki dərin, enli gümüş vaz ilboyu meyvəylə
dolu olurdu. Bəzən az qala yalvar-yaxar edib onu yenicə
çıxmış nübar çiyələk, gilas, ərik,
üzüm, incirə... ürəkdən təklif edəndə
Seyfəlin heç olmasa, bircə dənəsini də dilinə
vurmaması, yaxud həmişə əlində bir stəkan
çay və bircə konfetlə emalatxanaya girməsi rəssamı
narahat edirdi. “Qürurlu, gözütox
olduğunu nümayiş etdirir”. Nahar edəndə
gözlənilmədən gəlmiş qonağı, bəzən
yaşca, onlar-qız, yaxud oğlan olsun, rəssamdan iyirmi
beş-otuz yaş balaca olsa da, yemək qurtarandan sonra
qab-qacağı, içdikləri çay stəkanını,
qəhvə fincanını yumadan, süfrəni
yığışdırmaqda qoca sənətçiyə
kömək etmədən çıxıb gedirdilər.
Ancaq tanışlıqları ərzində rəssamın
israrlı təklifindən boyun qaçıra bilməyən
Seyfəl bircə yol onunla çay süfrəsi arxasında əyləşmişdi,
qonaqlıq qurtarcaq o, dərhal ayağa qalxaraq stəkan-nəlbəkiləri
götürüb (bu anlar Seyfəlin əlləri, qolları,
ayaqları, gövdəsi rəssama həmişəkindən
nəhəng göründüyündən o, özünü
narahat hiss etmişdi) yumağa aparmışdı. “Gec də
olsa, mənə indi aydın oldu... ikicə gün sonra evlərindən
qazanda gətirdiyi döşəmə plov, qapağını
açcaq xoş qoxusu emalatxananı bürüdü,
zoğal arağı, barmaq boyda xiyar turşuları, göyəm
kompotu, iştah açan göy-göyərtisiylə bircə
yol oturub içdiyi iki stəkan çayımın əvəzini
ödəyirmiş ki, mənə borclu qalmasın, əsəri
əkişdirəndə vicdanı ağrımasın...”
Bir gün səhər tezdən rəssam
otağının qapısını açıb içəri
girəndə pəncərənin açıq olduğunu
görüb bərk narahat oldu. Nə qədər
baş sındırsa da, dünən pəncərəni
açıb-açmadığını yadına
salammadı. “Dünən hava küləkliydi.
Deməli, mən açmamışam. Birdən
Seyfəl açmış olar... Açar, açar, o, nəyi
bacarmır ki... Dünən burdaydı. Pəncərənin örtülü olması məni
arxayın salıb. Görünür,
başım çəkməyə qarışanda işgilini
(rəzəsini) ehmalca -səssizcə
qaldırıbmış. Çöldən
itələcək açılıb. Onun əlindən
hər şey gəlir. İstəsə o, nəhəng
bədəniylə uçub pəncərəyə qona bilər,
istəsə, lap yerdən qolunu uzun-uzun uzadıb beşinci
qatda pəncərəni itələyib açar...”
İllər öncə işlədiyi idarədə bir
şöbə müdirinin başı üstündə
respublikanın ən məşhur portret ustasının
yağlı boyayla çəkdiyi atasının portreti Seyfəlin
çox xoşuna gəlir. Şöbə müdirinə “Onsuz
da sən ona baxıb doymusan, fikir vermişəm, yanına da
ayda-ildə bir adam gələ gəlməyə.
Gələn olsa da, sənin zəhmin elə ağırdı,
adam sıxılıb qorxduğundan
başını qaldırıb yuxarı baxa bilmir... Ona görə ver aparım evimizdən asım” deyir.
Şöbə müdiri razılaşmayanda “onda heç
olmasa, bircə aylığına ver, yerinə o
ölçüdə bir gözəl mənzərə də
alıb gətirərəm” desə də, şöbə
müdiri - İdarənin inventarıdı, mümkün olan
iş deyil...- cavab verir. Günlərin bir günü Seyfəl,
həmin portreti (metrin səksən sm ölçülü)
divardan necə endirib selofan torbaya yerləşdirir, dəhlizdəki
kameradan necə yayındırır, fasilə vaxtı
adamsız qalmış boş otaqların pəncərəsindən
iplə sallayaraq binanın arxa tərəfində gözləyən
dostuna necə çatdırırsa, o boyda müəssisənin
üçüncü qatındakı qırx yeddi
işçidən biri də görə bilmir. On
gündən çox, tablonun boş qalmış yerindən
kimsənin xəbəri olmur. Şöbə müdiri
biləndə qabaqca şirin dilini işə salaraq
yalvarır, bir şey əldə edə bilməyəndə hədəyə
keçir “Atanın adına-sanına xələl gəlməmiş...
Mən rəva bilmərəm Qaraqaşlının oğlunun
adı cəmiyyətdə oğru kimi dilə-dişə
düşsün... heç kimə deməmişəm,
xahiş edirəm, gətir sakitcə asaq yerinə” deyəndə
Seyfəl bic-bic qımışaraq - Mən düz beş ay yalvardım, sən eşitmədin. Beş ay da sən yalvar, sonrasına baxarıq - deyəndə
şöbə müdiri birdən ciddiləşərək -
Sən öz atana, özünə hörmət eləmiyəndən
sonra... onda məndən incimə, bu dəqiqə milis
çağıracam...- söyləyəndə - Sən də
gərək məndən inciməyəsən. O boyda
nüfuzlu kişinin portretini mənə beş
yüz rubla satdın. Heç olmasa beş
min istəsəydin, mənə o qədər yer eləməzdi.
Bilirsən, latış kolleksioneri məndən neçəyə
aldı, düz iyirmi beş min rubla.
Yerini
bildin, gedin otuz-otuz beş min verib geri alın gətirin.- deyəndə şöbə müdirinin rəngi
saralıb nitqi tutulduğundan bir söz deyə bilmir.
Qoca rəssam yenə divardakı tabloları ani gözdən keçirdi. Hamısı yerindəydi. Ancaq o, iriölçülü, (metryarımın bir iyirmi ölçülü) “Banan Məmləkəti” adlı tablosundan çox ehtiyat edirdi. Əsərlərinin içində Seyfəlin bu işi çox bəyəndiyini bilirdi. Həmin çoxfiqurlu əsəri diqqətlə gözdən keçirən Seyfəlin həyəcanla dediyi “Ustad, bu əsərin ç o o o x gözəldi. Adı da çox uğurlu tapılıb. Bu ad əsərin açarıdı, işin səviyyəsini, dəyərini qat-qat qaldırır”, sözlər bu səfər onun içini daladığından, qorxuyla xatırladı. “Oğurlamağı cəhənnəm... kiməsə satıb eləsə, heç olmasa əsərin adını deməyəydi. Yalvarıb geri istəsəm, götürdüyünü boynuna almayacaq.
Özündə saxlasaydı, dərd yarıydı. Kiməsə “bağışlasa” heç olmasa, adını deməyəydi. Deyim, aman günüdür, əlli-ayaqlı itirərlər məni. Özüm cəhənnəm... gücü tükənmiş, ruhu ölmüş qocadan innən belə kim çəkinər... Uşaqları zaval tutacaq. Seyfəl də ki macəralar aşiqidi, bazıdı. Dünyasını dəyişmiş o boyda sanballı doğmaca atasının sirrini gülə-gülə, məzəkəylə, ləzzətlə mənə danışan adam, mənimmi taleyimi düşünəcək... Neçə vaxtdan sonra mənim başıma gətirdiyi əhvalatın üstünə beşini də artırıb ləzzətlə, nəşəylə kiməsə danışacaq...”
Divara söykəli “Banan Məmləkəti” əsərinin arxasınca rəssam iyirmi dörd tablo düzmüşdü. Ard-arda qoyduğu işlərinin hamısına baxmağa bu səfər rəssamın hövsələsi çatmadı. Divara söykəli tablonu çətinliklə geriyə dartıb baxanda başqa əsərini görüb sarsıldı. “Bəlkə ortaya qoymuşam...” tabloları yenə divarboyu yan-yana düzmək qərarına gəldi. Birinci işini götürüb qırağa qoydu, ikincini çevirib baxanda üstündə əsdiyi əsərini görüb nisbətən sakitləşdi. Bir an sonra “Axı onu divara söykəmişdim, özü də üzü divara sarı. Yüz faiz, yerini o dəyişib. Əməliyyatının başlanğıcıdı. İkinci etapda əliylə qoyduğu yerdən vaxt itirmədən çalıb aradan çıxacaq...”
Rəssam iyirmi yeddi il çalışdığı emalatxanasına birinci dəfə ayaq basırmış kimi otağı gözdən keçirdi. Tablonu gizlətmək üçün bapbalaca otağında, indi otaq ona həmişəkindən də balaca göründü, bir yer ağlına gəlmədi. “Bəlkə pəncərənin pərdəsinin arxasına, üzü otağa sarı... Küçədən arxa üzünü də görçək, dərhal tanıyacaq...” Gözü az qala tavana çatan dolaba sataşanda “Tapdım!” sevindi. Tez stulu gətirib dolabın qarşısına qoydu. İri mismarı divar tərəfdən dolabın başına çaldı. İpə bağladığı tablonu divarboyu sallayaraq, ipin ilgəyini mismara keçirdi. Birdən günlərin bir günü yenə də “sən Allah, qoy əsərə bir də baxaq” desə, (bu vaxtacan Seyfəlin özü üç dəfə həmin işi tabloların arasından ehtiyatla çıxarıb diqqətlə, bəlkə biraz da heyranlıqla baxandan sonra yenə də çox səliqəylə götürdüyü yerə qoymuşdu.) evə aparmışam deyərəm.
lll
Yeddinci günüydü rəssam emalatxanasına gəlib iki metrin bir səksən ölçüdə olan ağappaq kətanın qarşısında dayanıb saatlarla baxsa da, qara boyaya batırdığı fırçasını (qabaqkı günlər fırçasını başqa rənglərə batırmışdı) kətana çəkməyə nə cürəti çatır, nə də hardan başlayıb nə çəkəcəyini yadına salammırdı ki, salammırdı. Birdən ona elə gəldi uzun, sallaq qollu, iri başlı, gözləri qıvıl-qıvıl oynayan, ayaqları vəl taxtası boyda olan sehrbaz, fokusçu Seyfəl onun başının içində busa-busa, əyilib sinə-sinə gəzişir. Hirsindənmi, həyəcan-qorxudanmı fırçanı döşəməyə atdı. Palitrasına yaxdığı, artıq qurumaqda olan boyaları balaca malasıyla əsəbi-əsəbi qaşıyıb plastik təknəyə tökdü. Bir həftə öncə Seyfəlin heyrətlə söylədiyi “Əla! Danışdıqlarını dediyin kimi çəkə bilsən, çəkəcəyinə də inanıram! Məncə, bu monumental işin “Banan Məmləkəti” əsərini geridə qoyacaq. Dünyada məşhurlaşacaqsan. Ancaq bu əsərinə görə başın ağrıya bilər. Şahidlik elədiyimə görə elə mənim də...” sözləri birdən xatırladı.
Rəssamın qəribə xasiyyəti vardı. Yaradacağı əsərin mövzusunu-ideyasını qabaqcadan kiməsə söyləmək adətiydi. Bu adətindən əl çəkməyi dəfələrlə özünə söz versə də, bacarmırdı. Neft mövzusunda yaratmaq istədiyi sonuncu monumental əsərinin ən incə detalınacan Seyfələ söyləyəndə, onun üzündəki anbaan dəyişən- sevincdən paxıllığa, paxıllıqdan qorxuya, qorxudan tərəddüdə keçən anlaşılmaz, müəmmalı cizgilər gözünün qarşısında canlandı. Həmin an Seyfəlin başqa vaxt dediyi “ən yaxşı əsərini oğurlayacam” sözlərini xatırladı. “Vicdansız cadugər! Monumental “Neftin ağrısı” əsərimi başımdan, ağlımdan oğurlayıb... Qələt eliyib deyirlər dahilərin övladı debil olur. Bu yaramaz atasından da böyük talantdı. Səpələnmiş istedadını, bacarığını bir səmtə yönəltsəydi, korifey kimi tarixə düşərdi...”
O, masanın üstündən götürdüyü ülgüc kimi iti dəftərxana bıçağıyla bəyaz kətanı (ona elə gəlirdi həm də Seyfəli) doğrayıb şırıx-şırıx elədi, bıçağı da palitradan qaşıyıb tökdüyü boyaların üstünə atdı, yorğun-yorğun, titrəyə-titrəyə əlləri əsə-əsə, addımlayıb boşalmış torba kimi köhnə kreslosuna çökdü.
Təknəyə tökülmüş tel-tel qızılı qarğıdalı saçağına, qıvrım-qıvrım yaş ağac yonqarına, maqnitə suvaşmış bərq vuran dəmir qırıntılarına bənzər onlarla boya və onların çalarına, bəlkə də dəftərxana bıçağından əks olunan kor parıltıya rəssamın gözü sataşanda neçə gün öncə məhz Seyfəlin zümzüməylə, sonrasa fitlə çaldığı “Şur” muğam ailəsindən olan “Arazbarı” qabaqca qulağında səsləndi, bircə an sonra o həzin, ecazkar, lirik musiqinin şəkli bütün rəngləri, boya çalarlarıyla gözünün qabağında zühur elədi. Onun boşalmış varlığı, ruhu tarıma çəkilmiş tar-kaman simi kimi kökləndi. Gəncliyə xas şövqlə ayağa qalxaraq qapıya yaxınlaşıb işgili-rəzəni vurdu. “Mən də “Arazbarı”nı çəkim, gəl gör nəyə qadirəm. Bir həftə, bir ay... iş bitənəcən səni “studiyama” buraxdı yoxdu...” Həvəslə qayıdıb ağ, qırmızı, sarı, qara, mavi, göy... boya məcunlarını palitrasına sıxdı, ağardılmış hazır kətanı gətirib molbertinə yerləşdirdi. Yüksək ovqatla əllərini bir-birinə sürtüb fırçanı əlinə aldı...
Sentyabr, 2017
525-ci qəzet 2018.- 10 mart.- S.19-22;24.