Ürəyi bəxtəvər kişi

 

SULTAN MƏMMƏDOVUN 80 YAŞINA

 

Novruz NƏCƏFOĞLU

 

Ömrün nərdivanı yol olduğu kimi, yolun da nərdivanı sözdür, deyiblər. Yol bitsə də, söz-sov bitməz. İllah da ki, o yol sənin də bələd olduğun bir ömrün 80 illik dönəmindən keçib gedirsə...

 

Bundan qabaq da Sultan müəllimin ömrünün yuvarlaq məqamlarında onunla bağlı mətləblərdən müxtəsərcə söz salmış, ürəyimdən keçənlərin bir qədərini bölüşmüşdüm.

 

İndi bu yazdıqlarım da sadəcə yubiley yazısı, təbrik sözləri deyil, tanıdığım örnək şəxsiyyətin adını-ünvanını bir daha nişan vermək cəhdidir. Çünki uzun illər - o zamanların mahiyyətindən doğan - sovet partiya-hökumət orqanlarında rəhbər vəzifələrdə çalışmış, Azərbaycan Respublikası Ali Sovetinin, sonra da Milli Məclisin neçə çağırış deputatı olmuş Sultan müəllimin 80 illik ömür yolu həm də həyatı, dünyanı öyrənmək, xalqa, vətənə layiqli övlad, ölkəyə faydalı vətəndaş olmaq istəyən, cəmiyyətdə bəlli bir mövqe tutan, yaxud tutmaq niyyətində olan hər kəs üçün əsl nümunədir.

 

İnsan çox sevdiyi, xatirini əziz tutduğu, ruhən, qəlbən bağlı olduğu, həyatına, varlığına dəyər verdiyi birisinə, əlbəttə, mümkün və var olanın ən yaxşısını, üstününü diləyir.

 

Çox sevimli Sultan müəllimə yaşının bu ixtiyar, ruhunun cavan, əqlinin iti, zəkasının duru çağında, səksənini ləyaqətlə tamamladığı vaxtda nə arzulayım?

 

Belə bir alqış var: “Yaddaşın ağaranacan yaşayasan!”

 

Yaddaşın ağarması nədir ki: uzun ömür, möhkəm cansağlığı və bir də, əlbəttə, iti zəka, dərin düşüncə, oturuşunu-duruşunu bilmək...

 

Belə bir alqış da var: “Sinəndə tüklər bitsin!” Yaşanan ömürdə bir də qəddinin, başın yox a, çənənin yerə səcdə edən zamanları olur. Bu alqışların hər biri gözəldir, xoş xislətdən doğur və yaxşılar üçün diləkdir.

 

Xoş o şəxslərə ki, ömrün sinənin yerə əyilən, çənənin səcdə edən məqamlarını yaşayırlar.

 

Yaşadığı ömürdə nəzər-diqqətdən düşməyənlər, soraqları arzu-ünvanlı olanlar da var ki, onlar əbədi yaşayanlardır. Həyatları ömrün hansı məqamında qırılsa, bitsə də, izləri silinməyən, sədaları sovrulub-itməyən, soraqları bitib-tükənməyənlərdir.

 

Mənim tanıdığım Sultan müəllim bu alqışların hamısına mötəbər ünvandır.

 

Ancaq ulularımızın zamanın sınağından çıxmış bir sözü də var: ağsaqqallıq, başbilənlik edib qabağa durmaq heç vaxt yaşla ölçülməyib. Qocanın sözü, cavanın gücü... Amma burası da var ki, cavanlarımız təkcə gücləri, qüvvətləri ilə fərqlənməyiblər. Gördükləri işin böyüklüyünə, savabına sidq ürəkdən inana-inana ağır-batman işlər görüblər.

 

Yaşının ixtiyar çağlarında insanın ömrünün ötüb-keçən günlərinə boylanması, xatirələri həmdəm seçməsi təbiidir...

 

Əlbəttə, o xatirələr daha əziz və şirindir, mahiyyətcə müqəddəsdir ki, onlar yaşadığın zəmanənin böyük və doğma bir şəxsiyyəti ilə bağlı olsun...

 

Sözümün bu yerində yadıma nədənsə bir deyim də düşdü: “Axar su qədər ömrün olsun”.

 

Ürəyində doğubsa yaz

Yolun qara, qışa düşməz.

Hər gündən xatirə olmaz,

Hər ömür alqışa düşməz...

 

Sudan söz düşmüşkən... Bizim Şabranda yayın cırhacırında suyu diş göynədən bulaqlar çoxdur. Çoxunun da adı suyunun soyuqluğundan soraq verir: biri elə Soyuqbulaq...

 

Elə Lerikdə də suyu göz yaşı tək saf, bumbuz bulaqlar çoxdur. Bir bulaq var: saf qazla köpüklənib qaynayan “Bülüdül narzanı”. Bilirəm, Sultan müəllim o bulağın suyunu çox sevir. Yəqin ki, özünün yolu düşməsə də, əli çatan dostları indi də onu narzansız qoymurlar. Rayon mərkəzindən uzaqda, sərt dağ silsiləsinin dabanındakı dərin dərədə dəmir rəndli, paslı nəhəng daşların gövdəsindən qaynayıb köpükləyən o bulağa o vaxtlar da Sultan müəllimin il boyu, gündə-günaşırı getməyə vaxtı-macalı olmazdı, amma çox zaman, xüsusən yay mövsümündə “Bülüdül narzanı”nı bol-bol içirdi. Dostdan-tanışdan kiminin payı-püşkü başqa “hər nə” olsa da, o kişinin də sevib ünsiyyət saxladıqlarından gözlədiyi Bülüdüldən gətirilən narzan suyu olardı.

 

Rayon Partiya Komitəsinin birinci katibi, o vaxtın deyimincə, “yoldaş Sultan Məmmədov” xatirini əziz tutub fərqləndirdiyi qonaqları da əksərən Bülüdülə aparar, o narzan bulağının başında ağırlayardı.

 

Xatirələr - əngin səma,

Xatirələr - dibsiz quyu.

Yaşadığım bu yerlərin

Bulağı - dirilik suyu!..

 

Ruhumuzda hər nə varsa,

Könlümüzü zəngin edir.

Bir az röyalardan kəsib,

Calayırıq ömrə, gedir...

 

Hələ nə var, yaşayırıq,

Hələ min şükür Allaha!..

Olanları xatırlamaq

İndi ibadətdi daha...

 

Rəsmilər öz yerində, Sultan müəllimin hörmətli şairlərimiz Qabillə, Cabir Novruzla və neçə-neçə tanınmış söz-sənət adamı ilə Bülüdülə gəlişini xatırlayıram.

 

Qabilin maşından enib üzü enişə, dərəyə doğru ləngərlə gəldiyi, Sultan müəllimin də: “Muğan həsrət yağışa, yağışlar xəsis, yağış yağır Talışa, hey-hey gərəksiz” şeirini oxuya-oxuya onu qarşılamaq üçün qabağına doğru yeridiyi indi də gözlərimin önündədir.

 

Sultan müəllimlə birgə o bulağın başına, az da olsa, mənim də yolum düşüb. Süfrəmizdə də bir çolpa soyutması, iki baş qırmızı soğan, bir əlcə pencəkəş çörək, iki kəsim motal pendiri...

 

Dost süfrəsində olanın

Ürəyi, könlü bəxtəvər.

Sözündə bərəkət varsa,

Süfrəndə duz-çörək yetər...

 

Sözümün canı: o kişi o bulağın başına çatan kimi, hələ ağzına bir qurtum almamış, buz kimi soyuq suda başını yuyar, qurulayandan sonra əyilib bulağın qaynayan gözündən bir cam su doldurub içərdi.

Sonralar o bulağa özümün tək yolum düşəndə mən də “təcrübə” eləyib başımı bulağın gözündən qaynayan soyuq su ilə yudum. Ancaq bu “təcrübəm” mənə “ağır” başa gəldi, az qala sətəlcəm olacaqdım...

 

Su kimi saf ürəkli Sultan müəllimi indi yayda harada axtarsan, doğulub boya-başa çatdığı doğma Astaradan gələcək sorağı. Səhər erkən, ya da axşamtərəfi, eycahan bir vaxtda görüb-görüşmək istəsən, gərək yolunu Xəzərin sahilindən salasan. Səbrin çatıb sahildə durub-dözüb gözləsən, Sultan müəllimi mavi ləpələrin qoynundan dalğalarla döyüşən, ya da suya baş vurub gələn görəcəksən...

 

Bizim Şabranda da möcüzəli sular çoxdur. Dünya şöhrətli Qalaaltı, Şah Abbasın Dərbənd yürüşlərindən birində ağır mərəzə düçar olmuş qoşununun bircə dəfə çimərək yuyunub-yaxalanması ilə şəfaya qovuşduğu, bu kəramətindən dolayı da o adil Padşahın tikdirdiyi iki çarhovuzda hələ də bu ağır-batman elin-obanın gəlib-gedənlərinin çimib şəfa tapdıqları Dəhnə istisuyu.

 

Daha bir bulaq var, Ceyranlıda, Aşağı Əmirxanlı ilə Düzbilicinin arasında. Əvvəlki adı necə çağırılıb - o öz yerində, mən bilən adı Hacı Salam bulağıdır.

 

Ərən kişilərdən olan əmirxanlılı Hacı Salamla bir gün rastlaşanda o bulaqdan, bulağın suyunun kəramətindən xeyli danışdı. Dedi, yaşı əllini ötənlərin, şəkər də daxil, bir çox illətləri olur ki, onların şəfası, dəva-dərmanı bax həmin o bulağın  suyundadır. Kişi illərdən bəri qabda-qaşıqda o sudan daşıyıb içdiyini və faydasını da gördüyünü ürəklə dilə gətirdi.

 

Maraq, bir də yaşın altmışı üstələməsi məni də elə günlərin bir günü aparıb o bulağa çıxardı. Dostum - yazıçı Aydın da yanımda. O bulağın suyunun tamı Aydın müəllimin damağında çətin qala, çünki bulağın başına çatar-çatmaz özüylə götürdüyü və daha etibarlı saydığı “şəffaf su”dan içdi.

 

Mən isə ilk görünüşdə çox hüznlü təsir bağışlayan sısqa bulağın suyundan xeyli içdim. Özümlə evə də götürdüm, elə indilərdə də arada əlim çatanda, rast düşəndə o sudan içirəm.

 

Sözümün bu yerində “çox hayıf!” deyib qəlbən təəssüflənirəm: o geniş ürəkli, üstümdə haqqı olan, saya salmağa borclu olduğum, bir yox, bir neçə el ağırlığında kişini, xətri mənə dünyalarca əziz Sultan müəllimi, “fərasətim üzündən”, indiyəcən bu möcüzə suların üstünə gətirə bilməmişəm. Yaxşı ki, hələ də gec deyil, səksən nə yaşdır, niyyəti saf, əqli dürüst mərd kişilər üçün?!

 

Şabranlı qələm dostum Aydın Tağıyev, bir dəfə söz hardan düşmüşdüsə, bizim tərəflərdəki bir buz bulaq haqda mənə maraqlı söhbət eləmişdi:

 

- Padar kəndinə yaxın yerdə bir bulaq var, - demişdi, - qəribə bir bulaqdır, adına Mərcanlı bulaq deyirlər. Belə rəvayət olunur ki, xeyirxah, əməlisaleh, savab yiyəsi, sözü düz olanlar, xülasə, yaxşı adamlar bu bulağın suyundan içəndə bulaq köpüklənir, suda mərcanlar peyda olur. O mərcanlar sayəsində həmin adamlara sirli-sehirli güc, qeyri-adi qüvvə gəlir...

 

O söhbət zamanı, Aydını dinləyə-dinləyə, yadıma Sultan müəllim düşmüşdü...

 

Ya qismət! Sultan müəllimi Şabrana dəvət edəcəyəm - Mərcanlı bulağın başına. Və inanıram ki, Sultan müəllim o bulağın suyundan içsə, bulaq hökmən köpürəcək, suyunda sirli-sehirli güc mənbəyi mərcanlar peyda olacaq... Beləcə, inşallah, Sultan müəllimi yüzə, məni də səksənə götürəcək o bulaq, onun möcüzəvi suyu!..

 

İnsan işdən, zəhmətdən qorxmadısa, canını işə verdisə, deməli, halal insandır, düz adamdır. Beləsindən əyri əməl çıxmaz, ziyan gəlməz!

 

Deyirlər, dahi rus yazıçısı Lev Tolstoy onunla hal-əhval tutub “necəsiniz?” deyə soruşanlara, adətən, belə cavab verərmiş: “Allaha şükür, hələ ki narahatam...”

 

İndi, artıq neçə illərdir, Sultan müəllim fəxri təqaüddədir. Ancaq inanmıram ki, o kişi sakit-farağat oturub qala, vaxtını işsiz-gücsüz, sadəcə xatirələrlə təsəlli taparaq keçirə... Yox, bunlar Sultan müəllimə yaraşan hallar deyil və o, əlbəttə, günü bu gün də narahatdır. Narahatdırsa, deməli, yenə də adına, düşüncəsinə və ruhuna layiq ömür sürməkdədir.

 

Əzizim Sultan müəllim, dilərəm ki, bu dediklərim də, Sizin nəzərinizdə, ünvanınıza könüldən qopan nidalar, ürəkdən gələn nidalar olsun:

 

- Bu yollar - üzüyuxarı,

Bu yollar - üzdən aşağı.

Çıxarar gözlərin üstə,

Düşürər dizdən aşağı.

 

Ümid sığmaz göyə, yerə,

Ya doğul, ya öl min kərə.

Bir çiliklənmiş xatirə

Tökülər gözdən aşağı...

 

Həsrət divan tutar cana,

Çəkər bir bəlli ünvana.

Nə var səksəndən o yana?!

Hər nə var - yüzdən dışarı!..

 

Şabran, 5 mart 2018

 

525-ci qəzet.-2018.-10 mart.-S.15.