Beşinci "Muğam aləmi" uğurla davam edir
Martın 10-da Azərbaycan Milli Konservatoriyasında V Beynəlxalq
muğam müsabiqəsinin
açılışı olub.
"Muğam aləmi" V Beynəlxalq Muğam Festivalı çərçivəsində
keçirilən müsabiqədə
Azərbaycan, Türkiyə,
Moldova, İran, İraq,
Özbəkistan, İordaniya,
Misir, Suriya, Tacikistan, Qazaxıstan, Mərakeş və İsraildən olan musiqiçilər iştirak
edirlər.
Açılış mərasimində
konservatoriyanın rektoru,
Xalq artisti, professor Siyavuş Kərimi çıxış
edərək muğamın
qorunması və təbliğində festivalın
müstəsna rolunu qeyd edib. Bildirib ki,
"Muğam aləmi"
V Beynəlxalq Muğam
Festivalı ölkəmizdə
artıq ənənəyə
çevrilmiş böyük
musiqi tədbirlərinin
növbəti uğurlu
hadisəsidir. Müxtəlif ölkələrdən gəlmiş
muğam ustalarının
çıxışları muğamın nə qədər böyük, zəngin və müxtəlif xalqların
ənənələrini birləşdirən
bir incəsənət
növü olduğunu
bir daha sübut edir.
S.Kərimi muğam sənətinin
dərin köklərdən,
tarixi sınaqlardan uğurla keçərək
müasir dövrdə
tamamilə yeni bir səviyyəyə qalxmasından danışıb:
"Qloballaşan müasir
dövrdə ənənəvi
sənətin, milli dəyərlərin hifz olunması xüsusi önəm daşıyır.
Azərbaycan dövlətinin və
Heydər Əliyev Fondunun böyük səyləri nəticəsində
milli musiqi sərvətimizin qorunması
və inkişafı,
dünyaya tanıdılması
sayəsində müstəsna
işlər görülür.
Muğam
sənəti ilə bağlı çoxşaxəli
layihələr bunun bariz nümunəsidir.
Bu zəngin şifahi
ənənənin layiqincə
yaşaması isə
bilavasitə muğam daşıyıcılarından - ustad xanəndə və sazəndələrdən,
onların istedadlı
şagirdlərindən asılıdır.
Artıq
ənənəyə çevrilən
müsabiqə muğam
dünyasına yeni ifaçılar, mahir və istedadlı sənətkarlar bəxş
edib. Onların müsabiqədəki qələbələri bu
çoxçalarlı sənəti
beynəlxalq miqyasda layiqincə təmsil etmək üçün möhkəm zəmin yaradıb. Əminik ki, beşinci
dəfə keçirilən
Beynəlxalq Muğam müsabiqəsi də yeni istedadları aşkar edəcək, onların yolunu böyük səhnələrə
açacaq".
Sonra instrumental muğam
ifaçılığı üzrə püşkatma
olub və iştirakçılar ifalarını
təqdim ediblər. Müsabiqənin birinci turunda Azərbaycan, Qazaxıstan,
Misir, Özbəkistan,
İran, Tacikistan, Mərakeş, Suriya, İordaniya, İsraildən
olan ifaçılar çıxış ediblər.
Münsiflər heyətinin tərkibinə
Türkiyədən Mehmet
Bitmez, Tacikistandan Abduvali Abdurashidov,
İrandan Farhad Fakhreddini və Polşadan Piotr Pucylo daxildir.
Martın 12-də müsabiqənin ikinci turu olub, bu
gün isə qaliblərin adları açıqlanacaq.
Martın 14-dək davam edəcək "Muğam aləmi" V Beynəlxalq Muğam Festivalı Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Konservatoriyası tərəfindən keçirilir. Festivalın bədii rəhbəri Xalq artisti, UNESCO-nun "Sülh artisti", Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadədir.
Qeyd edək ki, festival çərçivəsində müxtəlif musiqi tədbirləri, muğamların tanınmış xanəndələrin ifasında təqdimatı, dahi Qara Qarayevin "Yeddi gözəl" baletinin nümayişi keçirilib.
XƏDİCƏ
525-ci qəzet.- 2018.- 13 mart.- S.7.