Milli teatrın 145 yaşı qeyd olundu
Milli teatrın
yaranmasının 145 illiyi
münasibətilə martın
10-da Azərbaycan Dövlət
Akademik Milli Dram Teatrında tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, teatrın
direktoru, Xalq artisti Azər Paşa Nemətov çıxış edərək
tədbirin əhəmiyyətindən
danışıb. Milli teatrımızın
keçdiyi inkişaf
yoluna nəzər salan sənət ocağının rəhbəri
söyləyib ki, bu illər ərzində
Azərbaycan Milli Peşəkar Teatr məktəbi əxlaqi-mənəvi
keyfiyyətlərə yiyələnmiş
vətənpərvər ruhlu
sənətkarların formalaşmasında
müstəsna rol oynayıb.
Bildirib ki, hazırda ölkəmizdə
milli dəyərlər
sisteminə əsaslanan
yeni teatr tipi və səhnə mədəniyyəti ilə
seçilən aktyorlar
məktəbi mövcuddur. Azərbaycan mədəniyyəti,
o cümlədən, teatrı
daim dövlət qayğısı ilə əhatə olunur. Dövlətimizin başçısı teatr sahəsinin inkişafı ilə bağlı olduqca önəmli addımlar ataraq bu yöndə
müvafiq sərəncamlar
imzalayıb. Belə ki,
2006-cı ildə "Teatr
və teatr fəaliyyəti haqqında"
Azərbaycan Respublikasının
Qanunu qəbul edilib. Bu qədim
yaradıcılıq sahəsinin
çağdaş inkişaf
mərhələsini əks
etdirən Qanunda dövlətin teatr sənətinə xüsusi
əhəmiyyət verməsi
rəsmən bəyan
edilib. 2007-ci ildə Prezident İlham Əliyev teatr sənəti ilə bağlı daha bir mühüm
sənəd - "Azərbaycan
teatr sənətinin inkişaf etdirilməsi haqqında" Sərəncam
imzalayıb. Azərbaycan
Prezidentinin 2009-cu il 18 may tarixli Sərəncamı ilə
"Azərbaycan teatrı
2009-2019-cu illərdə" Dövlət Proqramı təsdiq edilib.
"Teatr sənətinin
təbliği və inkişafı istiqamətində
bu sənətdə sözünü demiş çoxsaylı sənətkarlarımız
olub. Bu ənənə bu gün də
davam etdirilir. Bu yöndə zəhməti
olan sənətkarlar,
təbii ki, dövlətimizin ən ali qayğısı
ilə əhatələnib,
müxtəlif mükafatlar
və fəxri adlara layiq görülüblər.
Bu diqqət və
qayğı biz sənətkarları
olduqca həvəsləndirir,
daha da uğurlu
işlərə imza atmağa sövq edir. Milli Teatr Günü münasibətilə bütün
həmkarlarımı təbrik
edir, onlara yaradıcılıq axtarışlarında
uğurlar arzulayıram",
- deyə A.P.Nemətov
vurğulayıb.
Tədbir
çərçivəsində sənət ocağının
bir sıra əməkdaşlarına diplom
və mükafatlar təqdim olunub. Sonra "Şah Qacar" tamaşası nümayiş etdirilib.
525-ci qəzet.- 2018.- 13 mart.- S.7.