Cümhuriyyət Hökumətinə başçılığın Fətəli Xan Xoyski örnəyi

 

 (Əvvəli ötən sayımızda)

 

İlk müstəqil respublikanın Nazirlər Şurasının birinci sədri, əsl-nəcabətli, məşhur Xoyskilər nəslinin ən yüksək mənsəbə çatmış nümayəndəsi Fətəli Xan Xoyski Azərbaycanda hökumət qurmağın, Nazirlər Şurasına rəhbərlik etməyin nə demək olduğunu öz fəaliyyəti ilə əyani surətdə göstərən, bu sahədə praktik işin təməl daşlarını qoyan bir dövlət xadimidir.

 

Fətəli Xan Xoyski 1918-ci ilin 28 mayından 1919-cu ilin 14 aprelinə qədər dalbadal üç dəfə ona etibar olunmuş məsuliyyətli vəzifənin öhdəsindən şərəflə gəlmiş, son dərəcə mürəkkəb və ziddiyyətli şəraitlərdə siyasi, hərbi, iqtisadi, beynəlxalq sahələrdə uğurlar qazanmış Azərbaycan hökumə-tini təşkil etmiş və onun sədri olmuşdur.

 

İkinci hökumətin fəaliyyətə başladığı 17 iyun 1918-ci ildə Nazirlər Şurasının Azərbaycan əhalisinə müraciətində deyilirdi: "Azərbaycanın müstəqilliyi ilə əlaqədar müqəddəs arzu həyata keçmişdir. Biz inanırıq ki, millətimizin sarsılmaz iradəsi və bizim həmmillətimiz və həmdinimiz olan Osmanlı imperiyasının dəstəyi ilə Vətənimizin xoşbəxt gələcəyi təmin olunacaqdır. Bununla yanaşı, indiki vəziyyətdə gənc respublikamızı həm xaricdən, həm də daxildən ciddi təhlükələr təhdid edir... Belə məsul vəziyyətdə öz üzərinə ölkənin idarə edilməsi kimi ağır bir vəzifə götürmüş Azərbaycan hökuməti ona dövlət orqanlarını vahid əldə cəmləşdirməyə imkan vermək üçün bütün vətəndaşlardan öz gündəlik fəaliyyətləri ilə məşğul olmaqla idarəçilik işinə mane olmamağa çağırır. Bununla hökumət Vətənin səadəti və xilası naminə hökumət qərarlarını yerinə yetirməkdən yayınan şəxslərə qarşı ən sərt təxirəsalınmaz tədbirlər görəcəkdir. Hökumətin ən yaxın vəzifələrindən biri bütün hökumət müəssisələrinin, məhkəmə və məktəblərin milliləşdirilməsidir. Ancaq bu iş dövlət aparatını dağıtmadan, tədricən həyata keçiriləcəkdir. Hökumət ayrıca qərarların qəbuluna qədər bütün hökumət xidmətindən olanları öz əvvəlki yerlərində qalıb işlərini davam etdirməyə dəvət edir. Hökumət milliyyətindən və dinindən asılı olmayaraq Azərbaycanın onun bütün vətəndaşlarının həqiqi vətəni olması üçün bütün tədbirləri görəcəkdir. Bütün əhali qruplarına öz hüquqlarının müdafiəsində o, hərtərəfli dayaq olacaqdır".

 

Fətəli Xan Xoyskinin Azərbaycanda hüquqi, demokratik dövlət quruculuğu yolundakı xidmətləri barəsində dövlət arxivlərində kifayət qədər tədqiq edilməmiş faktiki material, indiyədək haqqında xalqa lazımınca məlumat verilməmiş tarixi sənədlər var. Fətəli Xan Azərbaycanda ayrı-ayrı hökumət qurumlarının yaradılmasında, xüsusilə ölkənin müdafiəsi, daxili sabitliyin qorunması və xarici siyasət məsələləri ilə bağlı sahələrin inkişaf etdirilməsində xüsusi xidmətlər göstərmişdir. Bu baxımdan belə bir fakt mühüm əhəmiyyət kəsb edir ki, Fətəli Xan 1-ci hökumət kabinəsində eyni zamanda, daxili işlər, ikinci kabinədə ədliyyə və müəyyən dövrdə həm də müdafiə, üçüncü kabinədə isə xarici işlər naziri kimi çox vacib sahələrə rəhbərlik etmişdir. Hökumət başçısı kimi onsuz da kifayət qədər işi olan bu insanın həmin postları da tutmasının vəzifə aludəçiliyi ilə heç bir bağlılığı yox idi və yuxarıda göstərilənlər bunu aydın sübuta yetirir. Görünür, həmin vəzifələrin kabinet sədrinə həvalə olunması hər şeydən əvvəl ölkə həyatının daxili tələbatından, bu sahələrin müstəqilliyin qorunması və möhkəmləndirilməsində həqiqətən də, daha mühüm sayılmasından irəli gəlirdi. Çünki Azərbaycanın 4-cü hökumətinə başçılıq etmiş Nəsib bəy Yusifbəyli də eyni zamanda, daxili işlər naziri vəzifəsini icra etmişdir.

 

Fətəli Xanın necə uzaqgörən siyasətçi və dövlət xadimi olduğunu onun müasirlərindən biri, Azərbaycanın müxtəlif hökumətlərində üç dəfə nazir postu tutmuş M.Hacınskinin 29 dekabr 1930-cu ildə istintaqa verdiyi ifadə bir daha təsdiq edir: "Mən burada Bakıda 1919-cu ilin sonlarında mənimlə İrandan Londona göndərilmiş nümayəndə Mirzə Rza Xanla aramızdakı bir söhbəti də gətirmək istəyirəm. O, Londondan Tehrana gəlmişdi. Hökumət üzvlərinə danışmışdı ki, İngiltərənin Yaxın Şərqdə Türkiyə ilə yanaşı böyük bir müsəlman dövləti yaratmaq planı var. Belə bir dövlətin İran olacağı güman edilir. Nəzərdə tutulur ki, Azərbaycanın arzuladığı formaya uyğun şəkildə Türkistan, Əfqanıstan və Azərbaycan birləşsinlər. O vaxtkı xarici işlər naziri Xoyski ona diplomatik bir cavab vermişdi ki, bu barədə fikirləşmək lazımdır, ancaq sonra hökumət dairələrində biz başa düşdük ki, bu Bakını tutmuq üçün manevr imiş. Bu cavab təəssüf hissi ilə qarşılanmadı.

 

1918-ci il dekabrın 20-də Azərbaycan Parlamentinin fövqəladə iclası keçirildi. Gündəliyə iki məsələ: Andronikin, onun quldur dəstəsinin Qarabağda törətdiyi vəhşiliklər və erməni-gürcü münaqişəsi ilə bağlı məsələ çıxarılmışdı. İclasda əsas söz sahibi olan Fətəli Xan Xoyski çıxış edərək dedi: "...Azərbaycan Respublikasının Bakı əməliyyatı ilə məşğul olmasından istifadə edən Andronik Zəngəzurda vəhşiliklər törətməkdə, bu rayonu müsəlman əhalisindən təmizləməyə cəhd göstərməkdə davam etdi və bu məqsədlə orada yerləşən müdafiəsiz müsəlman kəndlərinə basqınlar etdi. Sonra Andronik bu əməliyyatlarmı Zəngəzur qəzasından Şuşa rayonuna keçirdi və onun qızışdırdığı yerli ermənilər Şuşa-Yevlax yolunu kəsdilər və beləliklə, Şuşa şəhərinin müsəlman əhalisini olduqca təhlükəli vəziyyətə saldılar. Onda hökumət respublikanın mənafelərini müdafiə etmək, əhalinin həyatını və əmlakını qorumaq məcburiyyətində qalaraq Qarabağa hərbi qüvvələr göndərdi. Dinc əhali tərəfdən bir nəfər də itki verilmədən Andronikin quldur dəstələri qovuldu və orada tam sakitlik yaradıldı. Andronikin quldur dəstələri Zəngəzurun dağlıq ərazisində gizləndilər  . Sonra siyasi vəziyyət dəyişdi. Şuşadan türk hissələrinin getməsi ilə vətəndaşların rahatlığı yenidən pozuldu. ... General Tomson Qarabağa iki zirehli maşının və bir neçə ingilis əsgərinin müşayiəti ilə yeni qarışıq nümayəndə heyəti göndərmək qərarına gəlib. İndiyədək bir nümayəndə heyəti qayıtmayıb və ondan heç bir xəbər yoxdur. Göründüyü kimi, Qafqaza nümayəndə heyəti göndərmək sistemi həmişə öz məqsədinə nail olmur. Bu Qarabağın müxtəlif hissələrindən erməni quldur dəstələrinin yeni vəhşilikləri barədə bizə daxil olmaqda davam edən teleqramlardan da görünür.... Andronikin planı - Zəngəzuru və Şuşanı müsəlman əhalisindən təmizləmək və bu, torpaqları Azərbaycandan qoparmaqdır. Ancaq bu ola bilməz. Azərbaycan Respublikası hökuməti öz taktikasına uyğun olaraq, ondan asılı olan bütün tədbirləri görmüşdür ki, bu avantüra qansız, dinc yolla aradan qaldırılsın. Ancaq sülhü quru söz sayan, ölkənin həyati əhəmiyyətli hüquqlarına qəsd edən elementlərə qarşı hökumət bütün digər müvafiq tədbirləri görəcəkdir. ("Azərbaycan" qəzeti 1918, 21, 22, 24 dekabr).

 

General Tomsonu Qarabağa zirehli maşın göndərməyə məcbur edən də əslində, F.Xoyskinin 6 dekabr 1918-ci ildə yazdığı məktub və bu məktuba əlavə olunmuş Qaryagin və Cəbrayıldan aldığı iki teleqram idi. Bu teleqramlarda Zəngəzurda erməni quldur dəstələrinin Andronikin başçılığı altında azərbaycanlı kəndlərini amansızlıqla dağıtmalarından, əhalini vəhşicəsinə öldürmələrindən, canını qurtaran bir qrup əhalinin İrana keçməsindən söhbət gedir. Belə bir vəziyyətin Şuşa və Cəbrayıl qəzalarını da gözlədiyi bildirilir və müttəfiqlərin nümayəndəsindən təcili tədbirlər görülməsi xahiş edilirdi.

 

1918-19-cu illərdə Zəngəzurda, Naxçıvanda və Qarabağda törədilən erməni vəhşiliklərinin qarşısının alınmasında, Andranikin və başqalarının rəhbərliyi altında yerli azərbaycanlı əhaliyə divan tutan quldur dəstələri ilə mübarizə aparılmasında Fətəli Xanının çox böyük xidmətləri olmuşdur. O, hökumət başçısı kimi bir tərəfdən diplomatik missiyalar vasitəsilə xarici dövlətlərin diqqətini bu məsələlərə cəlb etmiş, digər tərəfdən, öz niyyətlərindən heç vəchlə əl çəkmək istəməyən ermənilərin ərazimizdən sıxışdırılıb çıxarılması, əhalinin müdafiəsi üçün müvafiq hərbi tədbirlər görülməsinə nail olmuşdur.

 

Müstəmləkə siyasətinin rəmzi olan Yelizavetpol şəhəri və quberniyasının yenidən Gəncə şəhəri və Gəncə quberniyası adlandırılması, Qaryagin qəzasının Cəbrayıl qəzası adı ilə əvəz edilməsi, çoxpartiyalı parlament sisteminin yaradılması, Azərbaycan Respublikasının pul və poçt markalarının buraxılması, ana dilində məktəb və seminariyaların açılması və digər mütərəqqi tədbirlər də Xoyskinin rəhbərlik etdiyi hökumət kabinələri dövründə həyata keçirilmişdir.

 

Əsli Cənubi Azərbaycanın Xoy şəhərindən olan Fətəli xan İskəndər oğlu Xoyski 1875-ci il dekabrın 7-də Şəki şəhərində anadan olmuşdur. Onun atası rus ordusunun general-leytenantı idi. Xoy xanı olan ulu babası Cəfərqulu xan İran şahı Fətəli xan ilə müharibədə məğlubiyyətdən sonra, 20000 nəfərlik qoşunu ilə Üçkilsəyə sığınmışdı. 1803-1806-cı illər rus-İran müharibələri dövründə rus qoşunlarına qoşulan Cəfərqulu xan 1807-ci ildə Şəki xanı təyin edilmiş və general-leytenant rütbəsinə layiq görülmüşdür. Cəfərqulu xan 1810-cu ildə vəfat etdikdən sonra Şəki xanlığını onun oğlu İsmayıl idarə etmişdir. 1819-cu ildə İsmayılın vəfatı ilə Şəki xanlığı ləğv olunmuş və Rusiyanın tərkibinə qatılmışdır. Bu nəsildən görkəmli sərkərdələr, dövlət xadimləri və ziyalılar çıxmışdır.

 

Fətəli xan Xoyski Gəncə klassik gimnaziyasını bitirmiş, əvvəlcə Gəncədə, sonra isə Suxum və Batum dairə məhkəmələrində müxtəlif vəzifələrdə işləmiş və Kutaisidə dairə məhkəməsində böyük məhkəmə məmuru olmuşdur. 1901-ci ildə Moskva Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

 

Kutaisi qəza istintaq sahəsinin müdiri, 1907-ci ildə isə Yekaterinodar dairə məhkəməsində prokuror müavini təyin edilməsi Xoyskinin ictimai fəaliyyətində yeni mərhələ olmuşdur. O, Yelizavetpol quberniyasından (Gəncə) 2-ci Dövlət Dumasına nümayəndə seçilmişdir. Fevralın 2-də Peterburqun məşhur Tavriya sarayında toplanan Rusiya parlamentinin iclaslarında çıxış edən Fətəli xan çar hökumətinin Zaqafqaziyada və Azərbaycanda yeritdiyi müstəmləkəçilik siyasətini tənqid atəşinə tuturdu. O, kadet partiyasının üzvü olmasına baxmayaraq, Dumanın müsəlman deputatları fırqəsinə daxil idi. F.Xoyskinin də iştirakı ilə hazırlanaraq 1907-ci il may ayının 18-də Dumaya təqdim olunan qanun layihəsində Rusiyada milli və dini fərqlərə görə vətəndaşların siyasi və mülki hüquqlarını məhdudlaşdıran qanunların ləğv olunması tələbləri səsləndirilmişdi. Demokratik normalara tam cavab verən bu qanunda Rusiyanın bütün vətəndaşlarının hüquq bərabərliyi, daimi yaşayış üçün yer seçmə azadlığı, şəxsiyyət toxunulmazlığı, mətbuat və söz azadlığı, təhsil hüququ və s. başlıca demokratik dəyərlər öz əksini tapmışdı. Ancaq ikinci Dövlət Duması vaxtından qabaq buraxıldığı üçün bu qanun layihəsinin qəbul edilməsi mümkün olmadı. Vətənə qayıdan Fətəli Xan Dairə Məhkəməsinə, Tiflis Məhkəmə Palatasına müraciət edərək, bu Məhkəmə Palatasına andlı iclasçı qəbul olunmasını xahiş etdi. Bu xahişi nəzərə alan ədliyyə nazirliyinin ikinci departamenti Fətəli Xan Xoyskini Tiflis Məhkəmə Palatasının andlı iclasçıları sırasına qəbul olunmasına icazə verdi. O, sonralar müxtəlif illərdə Bakı və Gəncə dairə məhkəmələrində andçı-müvəkkil vəzifəsini icra etmişdir.

 

1917-ci ildə Bakıda çağrılan Qafqaz müsəlmanlarının qurultayında iştirak edərək milli problemlər ətrafında geniş diskussiya aparmışdı. Onun Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin və Zaqafqaziya Seyminin üzvü seçilməsi məhz bu qızğın fəaliyyətin, Azərbaycanın taleyini düşünən milli qüvvələr arasında ən yüksək nüfuza malik şəxsiyyətlərdən olmasının nəticəsi idi.

 

F.X.Xoyski Zaqafqaziya komissarlığı (15 noyabr 1917 - 10 fevral 1918) nəzdində xalq maarif komissarı, 1918-ci ilin aprel ayından ədliyyə naziri olmuşdur.  1918-ci ilin mayından 1919-cu ilin aprelinə qədər Azərbaycan hökumətinə başçılıq edib. 1919-cu ilin dekabrından 1920-ci ilin aprelinə qədər Xarici İşlər Naziri olub. 1920-ci ilin 28 aprelindən sonra Tiflisə gedib. 1920-ci il iyunun ayının 19-da "Daşnaksütyun" partiyasının üzvləri Aram Erkanyan və Misak Qriqoryan erməni muzdlu qatilləri tərəfindən arxadan atəş açılaraq öldürülüb, Tiflisdəki İrəvan meydanında, indiki Tbilisi botanika bağının ərazisində yerləşən köhnə müsəlman qəbiristanlığında dəfn edilmişdir.

 

Lətif ŞÜKÜROĞLU

Tarix üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.-2018.-14 mart.-S.8.