Sənətkar ömrü
AZƏRBAYCAN
KİNOSU - 120
PƏRVİN
Anar
"Yaşamaq haqqı" traktatının girişində
bu dəyərli əsəri qələmə alma
tarixçəsindən söz açır. Məqsəd
tarix boyu müxtəlif istilalardan, qanlı döyüşlərdən,
faciələrdən keçən millətinin yaşamaq
haqqını oxucusuna anlatmaqdır.
Ölkəsinin tarixini ta qədimdən,
türklüyün tarixindən başlayan yazıçı
Azərbaycanı bütöv türk dünyasının tərkibi
kimi izah edir, ən həssas nöqtələri, ən vacib məqamları
qabardır. Və bununla da əsər səhifədən-səhifəyə,
bölümdən-bölümə "Biz kimik?"
sualının cavabını verir. "Yaşamaq
haqqı" traktatı 2012-ci ildə, "LİK
Azerbaydjana" üçcildliyinin üçüncü
cildində işıq üzü görüb. Amma
axı Anarın bu böyük missiyası - millətini anlatmaq, onun
özünü özünə tanıtmaq ideyası lap əvvəldən
başlamırmı? Hələ ilk yeniyetməliyində
"İki dəniz" hekayəsini yazan
yazıçını o böyük dənizdən
(Bütöv Azərbaycandan!) ayrı düşmüş
kiçik dəniz narahat edir, ağrıdırdı. Və o ağrı, "ürəyinin millətindən
ötrü nigaran döyüntüləri" bütün
yaradıcılığı, fəaliyyəti boyu tərk etmədi
onu. Ən müxtəlif janrlarda, fərqli
formalarda, üslublarda üzə çıxdı.
"Otel otağı", "Ağ qoç, qara
qoç" kimi ictimai yükü olan nəsr əsərlərinə
mövzu verdi, "Yaşamaq haqqı"
tarixi-kulturoloji traktatının yazılmasına səbəb
oldu, "LİK Azerbaydjana" kimi tarixi, ədəbiyyatı,
incəsənəti, mədəniyyəti əks etdirən
cildlərin yaranmasına gətirib çıxardı. Əslində, bütün bunları
yazıçının vətəndaş mövqeyi
başlığı altında birləşdirmək olar.
Və bu mənada məgər insanı azad,
bütün buxovlardan kənar görmək istəyən
yazıçının hər əsəri, hər işi vətəndaş
mövqeyini əks etdirmirmi?! Bir sözlə,
Anarın millətinə olan böyük sevgisi, nə qədər
pafoslu səslənsə də, fədakarlığı hər
əsərində, fəaliyyətinin bütün yönlərində
özünü göstərir. Kino
yaradıcılığı isə bu böyük ideyanın
ifadəsində ayrıca yer tutur.
Xatırlayıram ki, söhbətlərimizdən birində
Anar müəllimə sənətkarlar haqqında filmləri
ilə bağlı sual verib, əsas məqsədini
anlamağa çalışmışdım. Daha
doğrusu, niyyət aydındır. Sadəcə
bəzi məqamları yazıçının öz dilindən
eşitmək istəyirdim. Anar müəllim
son dərəcə səmimi şəkildə etiraf etdi ki,
arzusu milləti üçün böyük işlər
görmüş adamları kino vasitəsiylə
tamaşaçıya tanıtmaq, anlatmaq olub. Amma bu filmləri ardıcıl, bütöv halda təhlil
edəndə böyük bir mübarizəni hiss edə,
görə bilərik. Mirzə Fətəlidən
başlayan Üzeyir bəydən, Mirzə Cəlildən,
Hüseyn Caviddən keçən mübarizə Rəsul
Rzaya, Anarın özünə ötürülür.
Ona görə bu filmləri çəkilmə
ardıcıllığı ilə yox, məhz Mirzə Fətəli
haqqında çəkilmiş "Sübhün səfiri"ndən
başlayaraq təhlil etmək istərdim...
SABAHIN
SƏFİRİ
Anarın ssenarisi əsasında rejissor, Xalq artisti Ramiz Həsənoğlunun
çəkdiyi "Sübhün səfiri" filmi
böyük dramaturq Mirzə Fətəli Axundzadənin həyatı
və yaradıcılığını əks etdirir. Ömrünün
son günlərini yaşayan Mirzə Fətəli yataq xəstəsidir
və bu ölümqabağı ovqatında
yaşadıqları ilə yazdıqları, həyata
keçirə bildikləri ilə itirdikləri hamısı
bir-birinə qarışıb. "Otel otağı"
əsərində Kərim Əskəroğlunun
ölümqabağı hallarını, daha doğrusu, ciddi
bir özünütəftiş ovqatını həssaslıqla
qələmə alan Anar Mirzə Fətəli
kimi bir insanın son nəfəsində
düşündüklərini, təlaşlarını və
tərəddüdlərini də dəqiq ifadə edir. Ümumiyyətlə, Anar
yaradıcılığında bir ideya var ki, bu filmdə də
özünü göstərir; insan xarakterinə aid bir
çox məqamların kökünü Anar uşaqlıqda
axtarır. Ona görə Mirzə Fətəli
həyatının son günlərində geriyə,
keçmişə, uşaqlığına qayıdır.
Bütün o dərvişlər, cadugərlər,
mollalar, fırıldaqçılar, yalançılar Mirzə
Fətəlinin uşaqlıqdan gördüyü,
müşahidə etdiyi, yaddaşında saxladığı və
sonradan əsərlərinə köçürdüyü
adamlardı.
Anar-Ramiz
Həsənoğlu tandemi Azərbaycan incəsənətinə
"Dindirir əsr bizi", "Evləri köndələn
yar", "Cavid ömrü",
"Nigarançılıq", "Çinar
ömrü"
"Sübhün səfiri" kimi ekran əsərlərini
qazandırıb. Və bu əsərlərin hər
birində ən vacib məqam rejissorun ideyası ilə
yazıçının mövqeyinin üst-üstə
düşməsidir. "Sübhün səfiri"
filmində də rejissor yazıçının
ideyalarını ən parlaq və uğurlu priyomlarla
çatdırır.
Filmin lap
ilk kadrlarından Mirzə Fətəlinin taleyini müəyyən
edən an gözlərimiz önündə
canlanır. Cənubi Azərbaycanın Xamnə
qəsəbəsində anasının talağını
verib geriyə Nuxaya yola salan atası Fətəlini yanında
saxlamaq istəyir. Ramiz Həsənoğlu
hətta seçdiyi rənglər, Gülzar Qurbanovanın
oyunu (Fətəlinin anası), balaca Fətəlinin
hay-küyü vasitəsiylə o ayrılıq anını, həmçinin,
böyük yolun başlanğıcını göstərir.
Və Mirzə Fətəli - Xalq artisti Rasim Balayevin ifa etdiyi
böyük dramaturq illərin, sərhədlərin o
tayında qalmış bacısına müraciət edib - nə
yaxşı ki, sən o vaxt məni oyatdın, bacı - deyir.
Bəli, o vaxt Mirzə Fətəli anasına qoşulub Nuxaya
getməsəydi, hər şey ayrı cür ola
bilərdi... Və müəlliflər Mirzə
Fətəlinin dilindən səslənən "yaxşı
ki" ifadəsi ilə çox şeyi deyirlər.
"Sübhün səfiri"ndə Mirzə Fətəli Axundzadənin uşaqlığından, yeniyetməliyindən başlayaraq ta ki, son günlərinə kimi həyatı, həmçinin, dramaturqun əsərlərindən parçalar fərqli üsullarla çatdırılır. Və burda rejissorun uğurlu tapıntısı Mirzə Fətəli pyeslərindən olan hissələri həm "həyati" parçalarla, həm də "çəkiliş meydançası" estetikasında göstərməsidir. Məsələn, gənc Fətəli (Nicat Əli) meydanda durub pulları qızıla "çevirən" Molla İbrahimxəlil kimyagərə tamaşa edir və hər şeyin yalan, fırıldaq olduğunu başa düşür... Kadr dəyişir, bu dəfə "Molla İbrahimxəlil kimyagər" əsərindən bir fraqment, "Molla Həmid körüyü bas", "Meymunu yada salmayın" - deyə nadan camaatı aldadan molla iri planda göstərilir. Canlı həyati səhnələrlə çəkiliş meydançası estetikasında göstərilən epizodlar dramaturqun bir növ yaradıcılıq sirlərini anlamağa kömək olur. Həmçinin, məkan dəyişikliyinin, Cənubi Azərbaycandan Nuxaya, Nuxadan Tiflisə, Tiflisdən Bakıya, Bakıdan İstanbula keçidlərin qrafik təsvirlər vasitəsiylə olması da məkan və zaman sərhədlərinin itdiyi göstərir. Hələ üstəgəl, bütün bunların Cavanşir Quliyevin təkrarsız musiqisinin sədaları altında baş verməsi təsir qüvvəsini xeyli artırır. Axı doğrudan da Mirzə Fətəlinin hərtərəfli mübarizəsi məkana, zamana sığmırdı... Yeni əlifba ilə bağlı çabalarından tutmuş siruşlarla mübarizəsinə kimi, Puşkinin ölümünə Şərq poemasından "Kəmalüddövlə məktubları"na kimi hər şey Mirzə Fətəlinin bioqrafiyası, həyatının içərisində, gündəlik yaşayışı ilə vəhdətdə göstərilir. Filmin hər kadrı informasiya verir, hər anı qəhrəmanı anlamaq üçün açardır.
Anarın ümumiyyətlə, ən müxtəlif sənətkarlar bağlı yazılarında, əsərlərində ciddi bir məqam təsvir etdiyi tarixi şəxsiyyəti plakat kimi yox, canlı insan kimi - sadə hissləri, duyğuları, düşüncələri, ağrıları olan bir adam kimi göstərməsidir. "Sübhün səfiri"ndə də Mirzə Fətəlinin sadə bir ailə başçısı, ata xarakteri qabardılır. Dinə bəlli bir münasibəti olan (təkcə elə "Kəmalüddövlə məktubları"nı yada salmaq yetər) insan günlərin birində içəri girib oğlunun namaz qıldığını görür və bu məqamda Rasim Balayevin peşəkar oyunu vasitəsiylə ən təzadlı hisslər keçirən atanın hallarını görürük. Eyni zamanda, dahi mütəfəkkirin çağdaş dillə desək, tolerant xarakterini, hamını başa düşmək, anlamaq xüsusiyyətini bundan uğurlu göstərmək olmazdı. Yaxud Rəşidin xaricə təhsil almağa gedəcəyini biləndə Tubu xanımın (Məlahət Abbasova) reaksiyası, falçı Sənəmə dua yazdırması, Mirzə Fətəlinin özünəxas yumorla - "Sən demə, falçı Sənəm Fransanın tarixinə əməlli-başlı bələd imiş" - deməsi, böyük mütəfəkkirin sadə bir süfrə başında ailəsi ilə zarafatlaşması filmə ayrı bir ovqat, rəng gətirir. Həmçinin, müəlliflər bununla göstərirlər ki, yaradıcı adam üçün həyatın hər anı materialdı, mövzudu... Bununla belə, böyük missiya daşımağın "fəsadları"nı da Mirzə Fətəlinin Həsən bəy Zərdabi ilə dialoqu vasitəsiylə önə çəkirlər.
Anarın tarixi şəxsiyyətlər haqqında filmlərində, əsərlərində mühüm olan məqamlardan biri də tarixiliyin qorunub saxlanmasıdır. İstər hadisələr, istər qəhrəmanın bioqrafiyası, yaradıcılığı heç bir şəkildə təhrif oluna, ayrı cür təqdim edilə bilməz. Hər bir detal dəfələrlə yoxlanır, tarixi materiallar, arxiv sənədləri vasitəsiylə təsdiqlənir. Eyni zamanda, əks olunan dövrün danışıq formasının, dilinin, koloritinin qorunub saxlanması, dialoqlar vasitəsiylə çatdırılması da xüsusi məqamdı. Həsən bəy Zərdabi ilə Mirzə Fətəlinin dialoqu bu baxımdan çox xarakterikdir. Zərdabinin Mirzə Fətəliyə məşhur məktubunun ovqatında aparılan bu dialoq bütün dövrlər və zamanlar üçün aktual səslənir. Sanki Mirzə Cəlilin Sabirlə, Üzeyir bəyin öz silahdaşları ilə, yaxud elə Anarın özünün Ramiz Həsənoğlu ilə dialoqu da belə ola bilərdi. Ramiz Həsənoğlu filmlərində bədii film estetikası "axtaran" şünaslarına elə bir bu səhnəni göstərmək kifayətdir, məncə. Sıx duman içindən, əvvəlcə iki kölgə, sonra iki siluet kimi gələn, sonra cizgiləri də, mövzuları da sərtləşən Mirzə Fətəli ilə Zərdabinin dialoqu hər cəhətdən Azərbaycan kinosunun uğuru sayıla bilər...
Mirzə Fətəlinin ölümqabağı təəssüflərini, peşmançılığını da önə çəkən müəlliflər Bakıxanovla xəyali dialoq, yaxud Şeyxlə söhbətin vasitəsiylə onun dini görüşlərinə də münasibət göstərirlər. Həmçinin, sonda Mirzə Fətəlinin Şeyxdən "Mən bu işin içindən necə çıxım?" - deyə soruşması bu qədər ilkə imza atmış, böyük bir mübarizənin əsasını qoymuş dahinin ovqatını dəqiq ifadə edir. Və o pəncərə, gecə vaxtı pəncərədən düşən ağappaq gün işığı da müəlliflərin gələcəyə ümidlərinin simvoludur... Hər şeydən yorğun Fətəli "Niyə gec gəldin, ana?" - deyib soruşur və filmin əvvəlindən qoyulan ideya tamamlanır... Mirzə Fətəlinin yolu davam edir, bu dəfə Xamnədən Nuxaya yox, üzü əbədiyyətə. Bu yolda isə Mirzə Fətəliyə qoşulanlar olacaq...
BAXMIŞ BU MÜSƏLMANLARA...
Anar yaradıcılığının lap ilk illərindən Mirzə Cəlil yaradıcılığına müxtəlif formalarda müraciət edib. Onun təsiri ilə "Ürəyim ağrıyır" hekayəsi, "Molla Nəsrəddin - 66", "Molla Nəsrəddin - 86" silsilələrini qələmə alıb. Bundan əlavə, o dövr üçün sensasiya olan "Anlamaq dərdi" essesi, "Dindirir əsr bizi" pyesi, "Qəm pəncərəsi" bədii filmi, sonrakı illərdə "Nigarançılıq" telepyesi ilə ustadı bildiyi yazıçını öz üsulları ilə anlatmağa çalışıb.
Bir vaxt rejissor Ramiz Həsənoğlunun ekranlaşdırdığı "Dindirir əsr bizi" adlı teletamaşa belə başlayırmış: Anar Mirzə Cəlilin masasının üstündəki şamı yandırır və Mirzə Cəlil (Həsənağa Turabov) əyləşib danışmağa başlayır. Heç bir lent yazısı qalmayan ekran əsərindəki bu detal, məncə, Anarın Mirzə Cəlilə münasibətinin simvoludur. Həmişə, hər yerdə onun çırağını yandırmağa, gördüyü işlərə işıq salmağa çalışan Anar özünün çəkdiyi "Qəm pəncərəsi" filmi ilə Mirzə Cəlilin obrazını bütöv yaratmış oldu...
Film Mirzə Cəlilin (Həsənağa Turabov) həyat yoldaşı Həmidə xanımla (Elmira Şabanova) dialoqu ilə başlayır. Həmidə xanım Cavanşirin "Xatirələrim", Mirzə Cəlilin "Xatiratım" memuarlarından gələn hadisələri əks etdirən, həmçinin, "Danabaş kəndinin əhvalatları", "Danabaş kəndinin məktəbi", "Ölülər" kimi əsərlərin motivləri əsasında ekranlaşdırılan "Qəm pəncərəsi" Mirzə Cəlilin obrazını bütöv, hərtərəfli göstərir.
"Yəqin elə belə olur... Ömrün sonunda əvvəli düşür yadına..." - deyir Mirzə Cəlil və bununla da bütün o əvvələ gedib uşaqlığını, gözünü açıb qaranlıq gördüyü dünyanı yadına salır. Uşaqlıq isə "gözləriylə namaz qılan" kişilərin, "həbsxana pəncərələrinə baxıb köks ötürən" qadınların zəmanəsidi. Anar balaca Cəlili, onun dostu Əhmədi, yetişdikləri mühiti göstərir. Oxumaqdan ötrü kasaları sındıran uşaq böyüyüb Mirzə Cəlil olacaqdı. Amma bu yolda nələrdən, hansı adamlardan, hansı hadisələrdən keçməliydi, bütün bunlar filmdə fərqli üsullarla göstərilir.
"Qəm pəncərəsi" Anarın rejissor olaraq üçüncü işidir. Ondan sonra əsas diqqətini yaradıcılığının digər tərəflərinə yönləndirən yazıçı rejissor kimi kino çəkməyib. Amma elə bu çəkdiyi filmlərdən də onun rejissor üslubu, uğurlu tapıntıları görünür. Misal üçün, oğlanlarını əsgərlikdən gizlətmək üçün ot tayasının altına yığan kənd camaatı - əsməcə tutan kişilər, qışqırıb ağlaşan qadınlar, qorxuya düşən uşaqlar... və eyni anda bir-biriylə döyüşən xoruzlar mühiti tam ifadə edir. Yaxud kefli İskəndərin (Fəxrəddin Manafov) lalələrin içərisində dərddən-qəmdən uzaqlaşması, burda rahatlıq tapması onun tənhalığını göstərən uğurlu məqamdır.
"Qəm pəncərəsi"nin əsas məziyyətlərindən biri də Mirzə Cəlilin qəhrəmanları ilə özünü ideal şəkildə birləşdirə bilməsidir. "Danabaş kəndinin əhvalatları" əsərindən Zeynəbi ənənəvi sovet tənqidi qadın hüquqsuzluğunun simvolu kimi yozurdu nədənsə. Amma məgər "Xudayar anqırsın tayını tapsın" deyən qadın hüquqsuz qadın idimi? Yaxud "Xudayardan insan qurbağadan iyrənən kimi iyrənən qadın"ın öz fikri, düşüncəsi yox idimi? Vardı şübhəsiz... İntəhası Zeynəb öz mübarizəsində yalqız idi və Anar da filmdə Leyla Şıxlinskayanın canlandırdığı obraz vasitəsiylə məhz bu üsyankar və tənha qadını göstərir. Həmçinin, eynixislətli qəhrəmanları "birləşdirir". Zeynəbin Kefli İskəndərə mərhəmətlə baxıb, ona su göndərməsi bu qəbildən olan detaldı. İskəndər başına uşaqları, həmçinin də Cəlili yığıb bildiklərini danışır. Məhəmmədhəsən əminin oğlu Əhməd "çıx mənim acığımı Xudayardan" deyir son nəfəsində və Mirzə Cəlil bu hayfı yerdə qoymur... Öz üsulu ilə çıxır hayfını, Xudayarın bədniyyət əməllərini əbədiyyətə mesaj kimi ötürməsiylə çıxır. Bu da Anarın ədəbiyyata, ümumiyyətlə sənətə verdiyi böyük dəyərin nümunəsidir.
Mərhum rejissor, son dərəcə istedadlı adam olan Vaqif İbrahimoğlunun yaratdığı Xudayar bəy obrazı filmdə elə Mirzə Cəlilin povestində olduğu kimi ədalətsizliyin simvoludur, yuxarıların aşağıdakılar üzərində hökmranlığının ifadəsidir. Kərbəlaya getmək arzusu ilə yaşayan Məhəmmədhəsən əmi isə Həsən Məmmədovun ideal oyunu nəticəsində kinomuza paklığın, sadəlövhlüyün simvolu kimi daxil olub.
Anar Mirzə Cəlilin uşaqlığını, mühitini, ağrı və düşüncələrini müxtəlif üsullarla çatdırır. Həmçinin, Kefli İskəndərin ona verdiyi zəng, o zəng ki, müəllimlər seminariyasında dərsə səsləyirdi hər kəsi... Filmin məhz bu anında hər şey deyilir. İskəndər Cəlili oxumağa aparan faytonun qarşısını kəsib zəngi ona verir... Verir və heç nə demir! Və İskəndərin heç nə deməməsi ilə hər şeyi Anar "deyir". Eyni vaxtda karvan ziyarətə yola düşür və Mirzə Cəlilin bu eyni yolu gedən karvanla yolları birdəfəlik ayrılır. Yenə də yol... Yeni yol başlanır... Daha doğrusu, o böyük yol davam etdirilir...
ÜZEYİR YOLU...
Dahi bəstəkar, mütəfəkkir Üzeyir bəy Hacıbəylinin ömür və yaradıcılıq yolunu əks etdirən "Üzeyir ömrü" filmi əslində, həm də bütöv bir dövrü əks etdirir. 1981-ci ildə Anarın öz ssenarisi əsasında ekranlaşdırdığı bu film Azərbaycan kinematoqrafında yenilik idi. Sənədliliklə bədiiliyin vəhdəti, aktyorların canlandırdığı səhnələrin real faktlarla, bəlgəsəl məlumatlarla təsdiqlənməsi, üstəgəl, Üzeyir bəyin ölməz əsərlərindən parçaların filmə daxil edilməsi. Bir sözlə, bütün bunlar Anarın təqdimatında cəlbedici, maraqlı olmaya bilməzdi. Anarın bioqrafiyasında ən təsirli məqamlardan biri məhz bu filmin çəkilməsidir. Hər iki valideynini Rəsul Rza və Nigar Rəfibəylini yüz günün içərisində itirən yazıçı o yas, matəm günlərində Şuşada film çəkirmiş. Həftənin cümə axşamları Bakıya yas mərasimlərinə gəlib sonra yenidən Şuşaya çəkilişlərə qayıdırmış. Təkcə elə bu faktın özü Anarın Üzeyir bəy dühasına böyük sayğısını, sevgisini göstərir. Və etiraf etmək lazımdır ki, məhz bu filmin sayəsində Azərbaycan tamaşaçısı Üzeyir bəy dahiliyini hər tərəfli anlaya, görə bildi...
Hüseynağa Atakişiyevin canlandırdığı Üzeyir bəy obrazı zahirən də bəstəkarın xarakterinə tam uyğundur. Ağayana davranışı, narahat ovqatı, gördüyü böyük işlərdən dolayı keçirdiyi təlaşlar, həmçinin, inamları, ümidləri, mübarizəsi, bir sözlə, hər şey Üzeyir bəy məhz belə ola bilərdi düşüncəsi yaradır. Anar Üzeyir bəyin də uşaqlığına gedib taleyində rol oynayan hər incəliyi tamaşaçıya təqdim edir. Filmdə həsrətində olduğumuz Şuşanın təbiətindən tutmuş Xan qızı Natəvanla görüşə kimi, ayrı-ayrı əsərlərin yazılma, səhnələşdirmə tarixçəsinə kimi, bədxahların, "hırıldayanların", "zingildəyənlərin" keçən karvan dalınca "hürənlərin" sözlərinə, yazılarına kimi hər şey mərhələlərlə göstərilir. Bütün bunlar Üzeyir ömrünün parçaları, ayrılmaz hissələridir.
Anarın rejissor kimi uğurlu tapıntılarından söz açdım. Bu filmdə də Üzeyir bəyin Peterburqda suya baxıb Şuşanı, qarda açılmış cığırla gedən qocanı xatırlaması səhnəsini xüsusi vurğulamaq istərdim. Qəribə bir tənhalıq, qəribsəmə yağır bu kadrdan. Adama elə gəlir ki, Üzeyir bəy bu izahsız, heç bir təhlilə gəlməyən düşüncələriylə birgə fərqlidi, qeyri-adidir. Əlbəttə, ayrı heç nə yazmayıb təkcə "Leyli və Məcnun" ilə Şərqdə operanın əsasını qoysaydı belə, yetərdi. Yaxud elə müstəqil Azərbaycanın himni də tarixdə qalmasına səbəb olardı. Yalnız elə "Arşın mal alan", "O olmasın, bu olsun" kimi millətin xarakterini dəqiq ifadə edən əsərləri onu minlərin, milyonların sevimlisinə çevirə bilərdi. Amma axı Üzeyir bəy bütün bunların cəmidir. Və elə "Üzeyir ömrü" filmi də bütün bunları - Üzeyir bəyin gördüyü böyük işləri tam şəkildə ifadə edir. Hələ gələcəyə ümidlərini, yüz illər sonraya da hesablanmış işlərini... Bu mənada filmdə heç unutmadığım bir səhnə var. Üzeyir bəy Şövkət Məmmədovanı səhnəyə çıxarır. Qadının səhnədə ifasını yumşaq desək, biqeyrətlik sayan qoçular Şövkət xanımı öldürmək istəyirlər. Üzeyir bəy dostlarıyla birgə qadını arxa qapıdan qaçırıb faytona mindirir və məmnun-məmnun baxır faytonun arxasınca... Bu məqamda aparıcı olduğu kimi gətirdiyim bu sözləri deyir: "Bütün bunları görürdü, bilirdi. Öz zəmanəsinə bələd idi və dərk edirdi ki, hələ neçə il qadın rollarının qadın ifaçılarını tapmaq mümkün olmayacaq. Amma buna baxmayaraq, bütün opera və operettalarında məlahətli qadın surətləri yaradırdı". Bəli, elə "Üzeyir ömrü" filmindən də gəldiyimiz qənaət budur ki, bəstəkarın gördüyü işlər gələcək nəsillərə hesablanmış, onları düşünərək görülən işlər idi. O mübarizəni, o yolu isə hələ çoxları davam etdirib ən müxtəlif maneələrlə qarşılaşacaqdılar...
İBLİS
Mirzə Fətəlidən başlayan maarifçi dalğa Mirzə Cəlil, Sabir, Üzeyir bəy kimi sənətkarların yaradıcılığı ilə davam etdirilirdi. Amma ölkədə Sovet hökümətinin qurulması, sosializm-realizmi metodunun meydana gəlməsi ilə bu yol yarıda qırıldı. Ayrı-ayrı sənətkarların, daha doğrusu, sadəcə mövcud rejimi mədh etməkdən imtina edib sadə sənət meyarları ilə yazıb yaratmağa çalışanların isə ömrü yarıda qırıldı. Repressiyalar ayrıca bir mərhələ oldu, həm ədəbiyyatımızda, həm də tariximizdə. Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq, Yusif Vəzir Çəmənzəminli və bu kimi sənətkarlarımız repressiya qurbanı oldular. Çağdaş nəsil bu sənətkarların əsərlərini qarşısına qoyub lupa ilə səbəb axtara bilər. Axı nədən ibarət idi vətən xainliyi?! Axı nə idi bu insanların günahı? Bütün bu suallara Anarın ssenarisi əsasında Ramiz Həsənoğlunun çəkdiyi "Cavid ömrü" filmi cavab verir. Filmin lap ilk kadrlarından Məmməd Səfa "İblis" pyesindən məşhur parçanı oxuyub İblis deyə bağırır. Bu məqamda məhz şeytan əməlinə işarə vuran kadrlar gözümüz önündə canlanır. Stalinin çıxışları, Hitlerin əl-qol hərəkətləriylə minləri vəcdə gətirən danışığı, nasistlərin kitabları yandırdığı səhnələr və s. Bəli, müəlliflər bütün günahların İblisdə və ona xidmət edənlərdə olduğuna işarə vururlar bununla.
"Cavid ömrü" böyük şair Hüseyn Cavidin kədərli taleyini və ümumiyyətlə, buna gətirib çıxaran səbəbləri göstərir; İblis və ona qulluq edənləri. Təsadüfi deyil ki, Məmməd Səfanın canlandırdığı İblis müxtəlif insanların simasında görünür. Bəzən "Topal Teymur" pyesinin ifşa olunduğu iclasın aparıcısı, bəzən Cavidi sorğu-suala tutan məmur, bəzən də yalandan Cavidin ailəsinə onun guya yolüstü Bakıdan keçəcəyini deyən fitnəkar kimi... Bütün bunlar müəlliflərin düşündüyü simvollardır. Cavidi Rasim Balayev, Müşkünaz xanımı isə Dilarə Əliyeva canlandırır. Filmin ilk kadrlarından qayğısız bir ailəni göz önünə gətirən müəlliflər sonradan yerlə-yeksan olan, həm də heç bir günahsız filansız bədbəxt olan ailəni göstərirlər.
Hüseyn Cavidin ev muzeyini ziyarət edərkən məni hər şeydən çox Turan xanımın atasının əsərlərini bərpa etməsi faktı təsirləndirmişdi. Cavid bir vaxt əlyazmalarını nəşriyyatlara təqdim edərkən "imlasına toxunmayın" yazırmış. Sonralar Sovet dövründə, bəraətdən sonra çap olunan əsərləri xeyli dəyişdirilibmiş. Turan xanım bu əsərləri öz hafizəsinə arxalanaraq xeyli bərpa edib. Bu əlyazmaları muzey vitrinində görəndə xeyli həyəcanlanmışdım. Turan Cavidin böyük ağrısını, faciəsini, təkcə çəkdiyi yükü ifadə edirdi bunlar. Filmdə də Anar son dərəcə uğurlu priyomla Turanın uşaqlıqdan gələn xasiyyətini göstərir. Həbsxanada atasına "Sevda sənə salam göndərdi" deyən Turan əslində, hifz edib saxlaya bildiyi əlyazmaya eyham vurur. Bununla da Cavidlərin yeganə yadigarının gələcəyinə işarə vurulur əslində...
Hər zaman komik planda görməyə alışdığımız Dilarə Əliyeva bu filmdə tamam fərqli xarakter yarada, əri repressiya olunmuş, oğlu xəstəlikdən can verən qadının ağrısını dəqiq çatdıra bilib. Amma bu film ayrı-ayrı xarakterlərdən daha çox bütöv bir mühitin xarakterini yaratmış olur. Hamısı eyni zamanda və dövrdə yaşamış insanlardı... "Müşfiqi nahaq verdim" - deyən Mircəfər Bağırov (Ramiz Novruz), yaxud heç bir günahsız filansız qurban gedən Cavid, Müşfiq, Əhməd Cavad, Abbas Mirzə... Hələ iclaslarda ağızdolu danışıb bu adamları ifşa edən "gənc bolşeviklər"...
"Cavid ömrü" filmində ən təsirli olan odur ki, bütün bunlar sadəcə yazıçı fantaziyası, yaxud rejissorun qabartdığı məsələlər deyil. Bunlar hamısı həqiqətdir. Ziyalıların başına gətirilən faciədir. Və məhz bu film dahi Hüseyn Cavidin taleyinin timsalında bütün o baş verənləri anlamağımıza, böyük mübarizənin nələrdən keçdiyini dərk etməyimizə yardımçı olur...
MÜBARİZƏ BU GÜN DƏ VAR...
Anarın Rəsul Rza haqqında yazdığı roman belə adlanır - "Mübarizə bu gün də var"... Məhz o keşməkeşli dövrdə hansısa möcüzələr nəticəsində salamat çıxan adamların mübarizəsindən, Rəsul Rza mübarizəsindən söhbət gedir... Ramiz Həsənoğlunun çəkdiyi "Çinar ömrü" filmində məhz bu mübarizənin Rəsul Rza mərhələsi, gerçək sənət uğrunda çabaları önə çəkilir. Uzun illər sərbəst şeirin yükünü təkcə daşıyıb "aydındır şeirin dili" desə də, yenə anlamazlarla vuruşan şairin də ümidi gələcək nəsillərə imiş. Demək ki, o, estafeti gələcəyə ötürdüyünün fərqində imiş əslində. Bu mənada poeziyamızda Rəsul Rza yolunun davamçıları şairin ümidlərini doğrultdular deyə bilərik. Amma məgər mübarizə bitibmi? Elə bu qısaca sadaladığım filmləri çəkən Anar da bu böyük mübarizənin içərisində deyilmi?
Bu gün ömrünü o yola həsr
etmiş Anarın 80 yaşı tamam olur. Bu rəqəm bir
anlıq çox kiçik görünür insana. Elə bu əsərləri
yazmaq, filmləri çəkmək, bu sənətkarların
ömrünü öz ömründən keçirmək nə
qədər zaman alıb görən?! Anar
"Yazıçı ömrünün iki vaxtı var
-Yaşamaq zamanı, yazmaq zamanı" - deyir şeirlərindən
birində. Amma mənə elə gəlir ki, Anar
ömrünün elə bir vaxtı var... Yazmaq zamanı
vaxtı... Çünki onun üçün Yazmaq elə
Yaşamaq deməkdi! Ona görə mən sevimli
yazıçıma həmişə yazmaq və həmişə
yaşamaq diləyirəm bu yeni yaşında. Doğum gününüz
mübarək, əziz Anar!
525-ci qəzet 2018.- 14 mart.- S.7.