Yaddaşımızda həmişə
varsınız
Mustafa ÇƏMƏNLİ
Əziz və unudulmaz Anar müəllim!
Siz
çox xoşbəxt sənətkarsınız ki, ədəbiyyatımızın,
mədəniyyətimizin, incəsənətimizin hansı səmtinə
baxsaq, Sizin danılmaz, artıq əbədiləşmiş
xidmətlərinizi görürük. Uzun illərdir ki, sizin
adınızın anılmadığı, yad edilmədiyi
gün yoxdur. Siz bu ümumxalq məhəbbətini öz parlaq
istedadınızla, ədəbi-bədii
yaradıcılığınızla, böyük şəxsiyyətinizlə
qazanmısınız. Sizin roman və povestləriniz, hekayələriniz,
esseləriniz, səhnə əsərləriniz, ssenariləriniz
əsasında çəkilmiş neçə-neçə
filmlər Azərbaycan oxucularının, tamaşaçılarının
yaddaşında yaşamaqdadır. Ölkəmizin
hüdudlarından çox-çox uzaqlarda da sevilən, oxunan
böyük yazıçısınız.
Danılmaz
faktdır ki, xalqımızın bir çox tarixi şəxsiyyətlərini
məhz sizin ssenariniz, yaxud özünüzün
rejissorluğunuzla çəkilmiş filmlər əsasında
daha yaxından tanıyıblar. Bunlara "Dədə
Qorqud", "Üzeyir ömrü", "Cavid
ömrü", "Sübhün səfiri" filmləri
parlaq sübutdur. Sizin fədakarlığınız sayəsində
Üzeyir bəy Hacıbəylinin ömür yolundan bəhs
edən ikiseriyalı rəngli televiziya filmində milli mədəniyyətimizdə
xidməti olan onlarca şəxsiyyətin, müasirimiz olan bir
çox dəyərli sənət adamının surəti,
görüntüsü əbədiləşib.
Bu
gün çox məmnunluq hissi keçirirəm ki, 90-cı
illərin əvvəllərində Sizin "Gənclik" nəşriyyatında
işıq üzü görən "Şəhidlər
dağı" və "Otel otağı"
kitablarınızın nəşrində nəşriyyatın
baş redaktoru kimi mənim də, cüzi də olsa, xidmətim
olub.
Hörmətli
Anar müəllim!
80
yaşınız mübarək!
Allah
Sizi xalqımıza çox görməsin!
525-ci qəzet 2018.- 14 mart.- S.6.