Sazın qüdrətilə sözün hikmətini qovuşduran ustad

 

Dədə Şəmşir-125

 

Şirindil ALIŞANLI

Filologiya elmləri doktoru, professor

 

Aşıq Şəmşir Miskin Abdal, Aşıq Ələsgər, Aşıq Qurbanın adı ilə bağlı böyük sənət məktəbinin bədii örnəklərini XX əsrdə yaşadan, yeni nəsillərin bədii yaddaşına kökləyən qüdrətli saz və söz ustadıdır.

 

O, 1893-cü ildə Cavanşir mahalının Gəmirçidam kəndində görkəmli aşıq-şair Qurbanın ailəsində dünyaya gəlmişdir. Elin-obanın yaddaşında "Qurban bulağı" kimi həkk olunmuş bu sənət ocağı böyük Ələsgərin ehtiram göstərdiyi saz-söz məbədi idi. Xalqın min illərdən bəri süzülüb gələn bədii söz yaddaşının həkk olunduğu Aşıq Ələsgər, Aşıq Qurban poeziyasının sehri gənc Şəmşirin fitri duyumunu, poetik qan yaddaşını pöhrələndirdi. Ana nisgilini yaşamış gənc Şəmşirin ilk misraları onun böyük istedadının nişanələri idi.

 

Mənə baxıb nə mələrsən,

Nə göynərsən, yetim quzu?!

Ot yerinə dərd yeyərsən,

Qəm çeynərsən, yetim quzu.

 

Baxışından ələm yağır,

Baxma mənə fağır-fağır,

Mənim dərdim dağdan ağır

Gör neynirsən yetim quzu?!

 

Bu ilk misralar ustad qələmin işartıları idi. Ağrının, iztirabın poetik ünvanı sərrast tapılmışdı. Sözün belə poetik biçimi onun 70 ildən artıq davam edən bədii axtarışlarının sənət meyarı oldu. "Qurban bulağı"ndan, Aşıq Ələsgərin söz çeşməsindən ruhuna hopan sənətin möcüzəli sirləri tanrının ona verdiyi ilhamla başa-baş oldu. Aşıq Ələsgərlə ilk görüşünü Aşıq Şəmşir belə xatırlayırdı:

 

"Aşıq Ələsgər əmimi üzbəsurət görməmişdim. Atam dedi: sabah Aşıq Ələsgər əmin bizə gələcək. Mən səbirsizliklə Göyçədən gələn yola göz dikmişdim. Günəş dağlara təzəcə yayılan zaman, "Qiblə" bulağının yanından ağır-ağır gələn uca çinar boylu bir adam gördüm. Qaçıb atama xəbər verdim ki, gələn yəqin Ələsgər əmimdi. Biz ailəliklə onu qarşılamağa getdik". Aşıq Qurban Aşıq Ələsgərin oğlu ilə birgə təhsil alırdı. Elm-ürfana, saza-sözə sığınmış bu iki ailənin ünsiyyəti Göyçə-Kəlbəcər mahalının sənət beşiyinə çevrildi. Oğuz ellərinin min illik folklor qaynaqları Aşıq Ələsgər, Aşıq Qurban ünvanında tarixin əbədi səhifələrinə köçdü.

 

Aşıq Şəmşir dünyaya dağlarda göz açmışdı. Aşıq şeirinin əksər janrlarında böyük sənət nümunələri yaradan Şəmşir poeziyasının poetik ovqatını onun ədəbi mühiti ilə yanaşı, Azərbaycan təbiətinin ona bəxş etdiyi, fitri müşahidələrdən gələn obrazlar silsiləsi tamamlayırdı. Dağ, bulaq, qaya, çeşmə, yaylaq, bənövşə, duman-çən onun poeziyasında şairin mənəvi yaşantılarına bədii ünvanı idi.

 

Ortada atası Ağadabanlı Qurbanın adı və poeziyasının meydanda olan sənət meyarı vardı.  Atası Qurbanın dillər əzbəri olan poetik inciləri gənc Şəmşir üçün sınaq meydanı, sənət imtahanı idi.

 

Aşıq Qurban:

 

DAĞLAR

 

Əvvəl xilqətimiz torpaqdan, sudan,

Sən bizə atasan, anasan dağlar!

Pərvəriş verirsən məhdi-zəmində,

Gah da məhv edirsən, fənasan dağlar!

 

Mən gedirəm səndə qaldı nişanım,

Qarışıb əhvalım, çox pərişanam.

Bir kəsə söyləyib nə danışanam

Sən bilib əhvalım qanasan, dağlar.

 

Baxıb seyrangaha, qan ağlar gözüm,

Bu qədər fərağa mən necə dözüm?

Budur iltimasım, müxtəsər sözüm,

Qurbanı gah yada salasan, dağlar.

 

Xalq şeirinin ənənəvi mövzuları, illərin sınağından keçmiş obrazlar silsiləsi Aşıq Şəmşir poeziyasında yeni ovqata köklənir, sənətin yaddaşı ilə sənətkar fəhmi, dünyaduyumu qovuşur. Ustad şair-aşıq kimi xalq arasında sayılıb seçilməsini, poetik istedadının hüdudlarını özü sərrast müəyyənləşdirir. Bu fəxriyyədəki özünə inam, 60 il sənət meydanlarında sazın və sözün namusunu çəkən, dədəlik zirvəsinə ucalan böyük istedad sahibinin bədii manifesti idi.

 

MƏN

 

Gəzirəm obanı, oymağı çoxdan,

Ellərin dilinin əzbəriyəm mən.

Dərin suallardan oldum xəbərdar,

Atan igidlərin səngəriyəm mən.

  

Ustaddan dərsimi alaram cəmi,

Ümmanam, köksümdə üzər min gəmi;

Təlatüm eylərəm dəryalar kimi,

O Kürün, Arazın Tərtəriyəm mən.

  

Xislətdə sadəyəm, eşqdə Qafam,

Mən mürvət kanıyam, əhli-insafam,

Gövhəri tanıyan qoca sərrafam,

Seçilmiş cövhərin zərgəriyəm mən.

 

"Bu gözəl aşığın yaradıcılığında xalq ruhunun, xalq mənəviyyatının az-az aşıqların əl apardığı bir cəhəti də yaxşı əks olunmuşdur. O da bəzən kinayə, mənalı zarafat və şux təbəssümdür. ...Onun qoşmalarında bəzən kinayə, təbəssüm çox mənalı və ciddi söhbətin ortasında və ya axırında gözlənilmədən meydana çıxır, adamı həm güldürür, həm də düşündürür" (Mirzə İbrahimov).

 

Aşıq Şəmşir iki əsrin övladı idi. Həssas bir şair kimi həyatın ağrı-acıları, haqqın, ədalətin, insanlığın urvatdan düşdüyü məqamlar onun poeziyasının bütün tarixi dönəmlərində əsas qatlardan biri olmuşdur.

 

Zəhmətlə bağ saldım, bağça düzəltdim,

Qismət olmur nədən barım özümə?

Yolları piyada gedib-gəlməkdən

Düşmən olub ayaqlarım özümə.

 

Bəy deyir: "Yaradan mənəm insanı,

İşləsin qapımda çıxınca canı".

Bəs mənim torpağım, əkinim hanı?

Niyə çatmır ixtiyarım özümə?

 

Çəkilib sinəmə dəmir şiş dağı,

Yediyim zəhərdi, içdiyim ağı.

Şəmşir ha qazanır, aparır yağı,

Verən yoxdu qazanc-varım özümə.

 

"Aşıq Şəmşirin məhəbbəti də, nifrəti də müdrik el ağsaqqalı kimi "gözləri ilə odlar götürmüş" ata kimi çox mənalı və dərindir" (Qulu Xəlilov).

 

Aşıq Şəmşir poeziyasına əbədilik qazandıran onun mayasında duran böyük vətən sevgisidir. Vətənin hər daşı, hər qayası, hər bulağı onun qüdrətli qələmi ilə vətənsevərliyin poetik simvolu səviyyəsinə qalxır. Dağların gözəlliyi, onun poetik vəsfi milli əxlaqi dəyərlərin ünvanı kimi mənalandırılır. İnsanlıq dağların əxlaq meyarları önündə imtahana çəkilir.

 

Azərbaycan xalqının tarix boyu dünyanın bədii dərkində təbiətlə ünsiyyətin, dağa, bulağa, yaylağa pərəstişin qaynaqları vardı və Aşıq Şəmşir şeirində bunun yeni, tükənməz ifadə çalarları üzə çıxır.

 

VƏTƏNİN

 

Könül aşiqisən, dolan, yorulma,

Hey başına, ayağına vətənin.

Bu cənnətdən qeyri yana vurulma,

İsin isti ocağına vətənin.

 

..."Mərd ata - mərd oğul" - el misalıdı,

İgidin ürəyi öz mahalıdı.

Kişinin əzası qarışmalıdı

Ölən günü torpağına vətənin!

 

Aşıq Şəmşir poeziyasının ilham mənbəyi, Vətən sevgisinin əbədi ünvanı qoynunda uyuduğu Kəlbəcər torpağıdır. Kəlbəcər deyəndə Aşıq Şəmşir, Aşıq Şəmşir deyəndə göz önünə Kəlbəcər gəlir. Kəlbəcər Aşıq Şəmşir şeirinin və səsinin beşiyidir. Bu diyarın ona bəxş etdiyi ana südü kimi halal poetik ilhamı ilə Kəlbəcərin möhtəşəm poetik obrazını yaratmışdır.

 

"Allah təala Kəlbəcəri xəlq edəndən bu genə kimi Kəlbəcər heç bir aşığın, şairin, alimin, ziyalının dilində Aşıq Şəmşir dilində olan qədər poetik yüksəkliyə, mənəvi ucalığa qalxıb, poeziyanın mənəvi sərvətinə çevrilməyib" (Zəlimxan Yaqub).

 

Kəlbəcər dağlarının gözəlliyini vəsf edən onlarca qoşma, gəraylı, təcnis və bayatılardan təmiz dağ havasının ətri gəlir. Eyni mövzudakı bu şeirlərin bir-birinə bənzəməyən obrazlar sistemi, intonasiya zənginliyi sənətkar duyumu ilə təbiətin qovşağından yaranır. Azərbaycan dilinin poetik hüdudları genişlənir, sözün gözlənilməz bədii çalarları heyrət doğurur.

 

Qubarlanır qoca könül

Xəzəl vaxtı, qar  gələndə

Bir payız qəm dustağıyam

Bir də ilk bahar gələndə.

  

İki bacı - payızla yaz

Birində qəm, birində yaz

Dünyanı böyüdür bu saz

Dünya mənə dar gələndə

 

Səməd Vurğunun Kəlbəcərə gəlişinə qədər doğma el-obada mahir saz-söz xiridarı kimi tanınan Aşıq Şəmşir ölkə məkanında az tanınırdı. Artıq el şənliklərinə də getmirdi. Yarım əsrlik yaradıcılığı gözdən-könüldən uzaq idi. Böyük  Səməd Vurğunun Kəlbəcərə gəlişi ilə klassik aşıq sənətinin son nümayəndəsi Aşıq Şəmşir sənəti xalqın sərvətinə çevrildi. Aşığın müdrik misralarından xəbərdar olan Səməd Vurğunun onunla görüşü az bir zamanda dillər əzbəri oldu, onların deyişməsi dastanlaşdı. Xalq şairi Osman Sarıvəlli demişkən: "Aşıq Şəmşir Xalq şairi Səməd Vurğunun kəşfidir".

 

Aşıq Şəmşir poeziya çeşməsini xəzan örtmüşdü, lal-dinməz çağlayırdı. Səməd Vurğun mərdliyi, Səməd Vurğun böyüklüyü bu çeşmənin gözünü açdı, onu Kürə, Xəzərə qovuşdurdu. Onlarla gənci ədəbiyyata gətirən Səməd Vurğun bu dəfə ahıl bir sənətkarı halal şöhrətinə çatdırırdı. Səməd Vurğunun məslək dostu xalq şairi Osman Sarıvəlli böyük səxavətlə Aşıq Şəmşir irsinin nəşrinin bütün ağırlığını öz üzərinə götürürdü.

 

"Səməd Vurğun və Aşıq Şəmşir" dastanı ilə həmahəng, aşığın 1959-cu ildə nəşr edilmiş şeirlər" kitabı onu xalqın sevimlisinə çevirdi". Səməd Vurğun poetik istedad sahibini bir misrasından, gözlənilməz bir obrazından tanıyırdı. Aşıqların I qurultayında Aşıq Şəmşirin özündən eşitdiyi "Vədəsində" şeirinin onda oyatdığı xoş təəssüratı unutmamışdı. Bu şeirdəki müdrik fəlsəfi düşüncələr dünyanın hər üzünü görmüş Aşıq Şəmşirin bütün yaradıcılığının mayasında duran həyat və sənət təcrübəsinə köklənmişdi.

Səməd Vurğunun kövrək bir ovqatla Aşıq Şəmşirə müraciəti, Aşıq Şəmşir poeziyasını yüksək dəyərləndirməsi bu iki sənətkarın yaradıcılığındakı mərhəmlikdən, doğmalıqdan gəlirdi.

 

"Səməd Vurğunla görüşəndə Aşıq Şəmşir kamil saz, söz sənətkarı idi. Bununla belə, həmin taleyüklü görüşə ehtiyac varmış. Aşıq Şəmşirin saz-söz məharətinin sorağı, əlbəttə, Səməd Vurğuna da çatmışdı.

 

... O, Aşıq Ələsgər kimi klassik aşıqların son və ən parlaq nümayəndələri ilə keçən əsrin ən müqtədir şairlərindən Səməd Vurğun arasında unikal bir mənəvi körpü rolu oynamışdı"  (Bəkir Nəbiyev).

 

Bu görüşdən sonra Aşıq Şəmşir qüdrətli bir şair kimi təqdir olunmaqla yanaşı, saz havalarının mahir ifaçısı və yaradıcısı kimi mütəxəssislərin diqqət mərkəzində oldu. Onun ifasında 75 aşıq havası musiqişünas Əminə Eldarova tərəfindən lentə alındı. 1958-ci ildə Teleradio Komitəsinə dəvət olunan Aşıq Şəmşirin ifasında bir sıra aşıq havaları lentə alındı. Aşıq Şəmşirin klassik ifa tərzi, bənzərsiz səs tembri ona böyük şöhrət gətirdi.

 "Aşıq ürəkli şair, şair ürəkli Aşıq Şəmşirin yaradıcılığına sazla sözün birliyi mövqeyindən baxmaq lazımdır". (Osman Sarıvəlli)

 

Aşıq Şəmşirin ifasındakı saz havaları bütövlükdə Azərbaycan musiqisinin zənginləşməsinə yardımçı oldu. Sazın, sözün və səsin vəhdəti milli bədii yaddaşın çağdaş abidəsi kimi əbədiləşdi. Aşıq Şəmşirin səsində Murovun dumanlı, çənli günlərinin axşam qəribliyini yada salan kövrəklik, Tərtərin Kəlbəcər dağlarına layla çalan həzinliyi, bir də Dəlidağda çaxan şimşəyin əks-sədası qalıb. "Qaytarma", "Cəlili", "Göyçə gülü", "Hüseyni", "Dübeyti", "Müxəmməs", "Sarıtel", "Yurd yeri" kimi onlarca saz havası onun ifasında yenidən doğuldu. Yeni biçim qazandı. Aşıq şəmşir şair, bəstəkar, ifaçı idi. O, saz havasını sözə, sözü də havaya kökləyir, şeirin heç kimin görmədiyi, ruhu dilləndirən yeni mənalarını aşılayırdı.

 

"Aşıq Şəmşir saysız-hesabsız aşıq qoşmalarının, onlarıla məhəbbət və qəhrəmanlıq dastanını, cəsarətlə demək olar ki, bütün aşıq havalarını bilən, tələb olunan kimi də ifaya hazır olan saz və söz ustasıdır" (Məhəmməd Hüseyn Təhmasib).

 

Aşıq Şəmşir elin-obanın sayılıb-seçilən ağsaqqalı idi. Aranlı-dağlı hamının ehtiram göstərdiyi bu müdrik sənətkar böyük ailə başçısı, vəfalı ömür-gün yoldaşı, qayğıkeş ata idi. Öz halal zəhməti ilə ədəb-ərkanlı beş qız, beş oğul böyütmüşdü. Aşıq Şəmşirin Səməd Vurğunla görüşü, kimi onun bir çox qələm əhli, sənətsevər dostları ilə məktublaşmaları, məktublaşmaları dastana çevrildiyi kimi, Güllü nənə ilə keçirdiyi ömür-gün yolu da nağıllaşıb, dastanlaşıb. Şəmşir lirizminin, Şəmşir yumorunun hopduğu onlarca şeirin əsnasında "Şəmşir-Güllü" dastanı yaranıb.

 

Oğlu Əkbərin faciəli ölümü onun poeziyasında qovrulub-yanan ata nisgilinin bənzərsiz ifadəsi idi.

 

CANIM

Oğlum Əkbərin vəfatına

 

Hicranın qoşunu alıb meydanım,

Dərdin ayağında əzilən canım.

Möhnət səngər çəkib, tutub hər yanım,

Ətrafında qəmlər düzülən canım.

 

Qədər, qəza yara vurdu dərindən,

Aşıbdı həddindən, öz qədərindən;

Əzası ayrılıb sümüklərindən,

Əriyib şam kimi nəzilən canım.

 

Özüm ustad ikən olmuşam naşı,

Yüküm ağır oldu - zülmətin daşı;

Bahar seli kimi gözümün yaşı

Car olub üzünə süzülən canım.

 

İtirdim İmanı, yoxdu nişanı,

Bir soraq almadım, gəzdim dünyanı;

Böyük Ələsgərim, Qurbanım hanı,

Əli o əllərdən üzülən canım.

 

Şəmşirəm, nə yazım, əsir əllərim?!

Qarışdı torpağa, zay oldu zərim,

Ayrıldı cərgədən cavan Əkbərim;

Qatarı, nizamı pozulan canım!

 

Aşıq Şəmşir poeziyasında real müşahidədən, konkret yaşantıdan kənar şeir istisnadır. Hər şeirin mayasında şairin şirinli-acılı həyat yollarında şahidi olduğu təbiət hadisələrinin, insan münasibətlərinin nişanələri dayanır. O, dünyaya müdrik bir gözlə baxırdı, poeziya üçün nəyin və necə dəyərli olduğunu fitrən keçdiyi kimi, mənsub olduğu "Qurban bulağı" ədəbi məclisinin də ənənələri ona yardımçı olurdu. Aşıq Şəmşir atası Qurbandan saz-söz sənətinin sirlərini öyrəndili kimi klassik poeziyanın sənət mətləblərindən də xəbərdardı. Dini mənəvi dəyərləri atasının kitabxanasında olan nadir kitablardan mənimsəmişdi. Bu onun poeziyasında həyat, onun mənası haqqında fəlsəfi düşüncələrini bənzərsiz təsvir sistemi ilə ifadə etməyə yol açır. Onun işlətdiyi obrazlar heyrətamizdir, yalnız Aşıq Şəmşirin qüdrətli zəkasının bədii məhsuludur.

 

ALTINDAYAM

 

Dostlar, bağışlayın, dura bilmirəm:

Yan üstə qalmışam, daş altındayam.

Üstündə gəzərdim qara torpağın,

İndi də mən onun baş altındayam.

 

Qəbrimi bel, düsər qazıb çox dərin,

Mərd necə göstərsin burda hünərin.

Çökmüşəm altına elə bir nərin:

Tərpənməz bir dağın döş altındayam.

 

Cananım hardadır, mən isə harda?..

Aşıq məxşuş qalıb belə diyarda.

Bir quru qəfəsəm dar bir məzarda,

Kəfənə qəm yağıb, yaş altındayam.

 

De hanı qələmim, hanı dəftərim?

Nə yazım dünyadan, nə var xəbərim?!

Yetişsin dadıma Kərrari-Kərim!

Suala cavabsız iş altındayam.

 

Qardaş yox burda əlimdən tuta,

Nə anam, nə bacım, tapılmaz ata.

Gəlib çatdım bu qaranlıq zulmata,

Bala uçurmayan quş altındayam.

 

Görünmür oylaqlar, gəzdiyim dağlar,

Axtarıb hey məni yarım qan ağlar.

Gözündən içdiyim sərin bulaqlar,

Bilin, köksünüzün tuş altındayam.

 

Toylarda çaldığım sədəfli sazım,

Ellərə yadigar qaldı avazım.

Məzar zimistandır, açılmaz yazıım,

Boranı zəngiməz qış altındayam.

 

Qeyb oldum gözündən dayı, əminin,

 Vəfalı dostların, söz həmdəminin.

Mənə çörək verən qızıl zəminin

Kübrəsi olmuşam, xış altındayam.

 

Oğul hayandadır, qız hayandadır?

Dağlara baxdığım göz hayandadır?

Şəmşir hayandadır, saz hayandadır?..

Fikrə qərq olmuşam, huş altındayam.

 

"Qurban bulağı" poetik çeşməsindən su içib qüdrətli şair - aşıq zirvəsinə ucalmış Aşıq Şəmşir Kəlbəcərdə ədəbi mühit formalaşdırdı. Bu bölgədən çıxan onlarca şairin və aşığın ustadı Aşıq Şəmşirdir. Onların şeirlərində Aşıq Şəmşirin nurlu poetik obrazı əks olunub. Onunla deyişmələrdə, yazışmalarda, ona  həsr olunmuş yüzlərlə şeirdə Dədə Şəmşirin sənətinə, şəxsiyyətinə hörmət və ehtiramı ifadəsi Şəmşir poeziyası ənənələrinin davamıdır.

 

"Bir həqiqət də var. Qarlı zirvələr əbədi deyil. Sənətin zirvəsi isə əbədidir. Özü də xalqımızın sazlı-sözlü üfüqlərindən, el ədəbiyyatının hansı uzaqlığından baxırsan bax, görünür" (Səyavuş Sərxanlı).

 

Zaman keçdikcə Aşıq Şəmşir saz-söz dünyasının açılmamış səhifələri üzə çıxır. Ömrünün 60 ilini poeziyaya, saz-söz sənətinə həsr etmiş Dədə Şəmşir irsi bu gün öyrənilir, onun poeziya aləminə, aşıq havalarına gətirdiyi dəyərli örnəklər bu ulu sənətimizin əsrləri qovuşduran əbədi sənət abidəsi, insanlıq dərsləridir.

Dədə Şəmşir 1980-ci ildə gözlərini əbədi yumdu. Vəsiyyətinə görə Ağdalanda evi ilə üzbəüz dağın zirvəsində əbədiyyətə qovuşdu.

 

Aşıq Qurban varislərinin ocağı, Aşıq Şəmşirin Ağadaban kəndi, öz əli ilə tikdiyi, qonaq-qaralı evi namərd erməni qonşularından pənah apardığı müqəddəs məkan idi. Onlar dar gündə bu qapını döyər, insanpərvər sənətkarın hər cür qayğısından, səxavətindən, mərhəmətli bir insan olduğundan ağız dolusu danışardılar. Qarabağ hadisələrini başlayan bu namərd qonşuların illər uzunu xalqımıza tuşlanan məkrli niyyətini üzə çıxartdı. Onlar türk ruhunun carçısı olan bu sənət məbədinə əl qaldırdılar. Nə uşağa rəhm etdilər, nə ağbirçəyə, nə ağsaqqala. XX əsrin dəhşətli "Ağadaban faciəsi" baş verdi. Türk soyuna , türk sözünə qarşı soyqırımı törədildi.

 

Bu qırğından öncə Aşığın sevimli qızı Çimnaz xanım düşmən gülləsinə tuş gəldi. Onlarca şeirində vəsf etdiyi sevimli balasının xaincəsinə qətli onun ruhunu incitdi. Kim nə bilir belə ağrıya ruhlar tab gətirirmi?

Qətlə yetirilən 33 nəfərdən 16-sı Aşıq Şəmşir nəslindən olan uşaq, gənc və ahıl insanlar idi. Ağdabanlı Qurbanın, Aşıq Şəmşirin əlyazmaları, "Qurban bulağı"ndan yadigar qalan nadir kitablar məhv edildi. Yandırılan təkcə əlyazmalar deyildi. Xalqın ruhu idi, yaddaşı kitabı idi. Talan olunmuş "Qurban ocağı"nın tarixi nişanələri içərisində 1921-ci ildə Dədə Şəmşirə hədiyyə edilmiş Şahi İsmayılın adı üstündə həkk olunmuş üzük möhürü də var idi.

 

Bu gün doğma yurdundan perik düşmüş eli-obası Aşıq Şəmşir sözünün qüdrətinə pənah gətirir, yurd həsrətini, vətən nisgilinin ağrılarına bu poeziyanı, bu səsi, bu havaları məlhəm bilirlər. Aşıq Şəmşirin adını daşıyan mədəniyyət ocağında saz və söz irsimizin dünyada tanınmasında dəyərli tədbirlər görülür. Azərbaycan mədəniyyətinin sayılıb seçilən nümunələrinin toplanması, nəşri, təbliğinə həsr olunmuş bu tədbirlər Aşıq Şəmşirin yadigar qoyduğu mənəviyyat dərsləridir.

 

Dədə Şəmşirin onlarca yetirməsi bu gün Respublikamızda ad-san çıxarıblar. "Kəlbəcər ədəbi" mühitinin, başqa sözlə "Aşıq Şəmşir ədəbi mühitinin davamçısı olan onlarla qələm əhlinin yaratdığı poeziya nümunələri Aşıq Şəmşirin pak ruhunu dağlarda qəribsəməyə qoymur.

 

Aşıq Şəmşir onun övladlarının, nəvə-nəticələrinin, onu sevənlərin qibləgahıdır. Onun soyadını daşıyan onlarca vətən övladı Respublikamızın yüksəlişi naminə öz ulu Dədələrinin adını uca tutur, onun müqəddəs amallarını davam etdirirlər.

 

Aşıq Şəmşir həmişə qədirbilən xalqımızın diqqətində olub. Səksən illiyi Respublika səviyyəsində qeyd olunub, Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb, "Şərəf nişanı" ordeni ilə təltif olunub.

 

Mən qədirbilən xalqımıza ömrüm boyu minnətdaram ki, atam Aşıq Şəmşiri hələ sağlığında aşıq sənətinin zirvəsinə - Dədəlik zirvəsinə qaldırdı". (Qənbər Şəmşiroğlu)

 

Ulu öndər Heydər Əliyev 2003-cü ilin iyulun 5-də Dədə Şəmşirin anadan olmasının 110 illiyinin ölkə miqyasında qeyd edilməsi üçün sərəncam imzaladı. Həmin sərəncamla Göygöl rayonundakı  yedillik uşaq musiqi məktəbinə və rayondakı küçələrin birinə Aşıq Şəmşirin adı verildi. Büstü ucaldıldı.

 

Heydər Əliyev: "Qədim köklərə malik olan Azərbaycan aşıq sənəti ənənələrinin davam etdirilməsi və zənginləşdirilməsində Aşıq Şəmşirin böyük əməyi vardır. Ömrünün 60 ilini öz sənəti ilə xalqa xidmətə həsr edən el şairi aşıq şeirinin ən müxtəlif formalarında gözəl sənət nümunələri yaratmış, canlı həyat lövhələri ilə dolu əsərlərində doğma xalqının fikir və duyğularını yüksək sənətkarlıqla ifadə etmişdir".

 

525-ci qəzet  2018.- 15 mart.- S.7.