Tariximizin faciəli səhifəsi: mart soyqırımına aid iki mühüm fraqment

 

1918-ci ilin mart ayında Bakıda Stepan Şaumyanın rəhbərliyi ilə bolşevik-daşnak hərbi birləşmələrinin törətdiyi faciə ilə əlaqədar AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda iki əlyazma fraqmenti saxlanılır.

 

Təxminən yüz il əvvəl köçürülən, artıq rəngi saralıb-solmuş, qat kəsmiş vəziyyətdə olan və bəzi yerləri qopub düşdüyündən çətinliklə oxunan hər iki əlyazma 1918-ci il mart hadisələrinin iştirakçısı olan, 3-4 gün ərzində Bakıda düşmənlə qəhrəmancasına vuruşmuş iki nəfərin dilindən qələmə alınmışdır. Əlyazma mətnləri kiçik həcmli olsa da, hadisələri yığcam və tam gerçəkliyilə əks etdirməsinə görə olduqca qiymətli yazılı materialdır. Bu əlyazmaların mühümlüyünü nəzərə alıb, məzmunundan bəhs etməzdən öncə, hər bir mətnin paleoqrafiyasına, yəni əlyazmaların xüsusiyyətlərinə də diqqət yetirməyi vacib hesab edirik.

 

Birincinin həcmi 4 vərəq, ikinci isə iri formatlı (təxminən A-3 formatında) dörd qatlanmış bir vərəqdən ibarətdir. Mətnlərin kiçikliyinə baxmayaraq, əlyazmalar hadisənin canlı şahidlərinin dilindən yazılmasına və baş verən faciəyə siyasi qiymət vermək etibarilə mühüm mənbə hesab edilə bilər.

 

Xəzinədə Fr.-1390 və Fr.-1017 şifrləri ilə saxlanılan hər iki əlyazmanın mətni dil-üslub xüsusiyyətlərinə görə XX yüzilliyin əvvəllərində yazıb-yaratmış o zamankı bəzi ziyalılarımızın dəst-xəttinə uyğun olaraq Türkiyə türkcəsinin orfoepiya və imla qaydaları xüsusiyyətlərinin təsirilə köçürülmüşdür. Məsələn, "sokak", "sur" (qala divarı), "nərəyə", "ilərü", "yürüyor", "gəliyor" və s. dil nümunələrinin işləndiyini qeyd edə bilərik.

 

Birinci mətnə "Mart faciəsində İçərişəhər müdafiəsi. Mart 18-22, 1918" sərlövhəsi yazılmışdır. Aşağıda isə "İlk müharibə. İçərişəhəri müdafiə edənlərdən Keşləli Məşədi Hilal Kazımovun ermənilərin hücumu haqqındakı təqriri" qeydindən məlum olur ki, əlyazma mətni Keşləli Məşədi Hilal Kazımovun təqriri (şifahi söylədikləri - Ə.M.) əsasında adı yazıda qeyd olunmayan bir katib tərəfindən köçürülmüşdür. Yazı baş vermiş hadisədən müəyyən müddət keçəndən sonra köçürülsə də, köçürülmə tarixi qeyd olunmayıb. Yeri gəlmişkən xatırladaq ki, hadisələr yeni təqvimə görə 1918-ci ilin 30 mart - 2 aprel tarixində baş vermiş, amma mətni köçürən katib Mart faciəsinin baş vermə tarixini sərlövhədə - "Mart 18-22, 1918" kimi köhnə təqvimlə göstərmişdir. Burada əlyazmanın kim tərəfindən və nə vaxt köçürülməsi məsələsi marağımıza səbəb oldu. Mətnin məzmunundan əlyazmanın hadisədən təxminən bir il keçəndən sonra köçürüldüyünü təxmin etdik. Çünki mətnin əvvəlində qeyd olunur ki, döyüş başlayarkən Məşədi Hilala öz dəstəsilə "Nikolayevski (Parlaman) caddəsini saxlamaq" tapşırığı verilir. Qeyd edək ki, Mart faciəsindən sonra Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk iclasının 1918-ci ilin dekarın 7-də keçirildiyini və Nikolayevski küçəsinin adının Parlaman ilə əvəzlənməsini, məhz Parlamentin işə başlamasından sonraya təsadüf etməsini nəzərə alsaq, bu mətnin 1919-cu ilin əvvəllərində yazıldığını düşünürük. Bura onu da əlavə edək ki, Mart faciəsi ilə əlaqədar 1919-cu ildə, hadisənin ildönümü ərəfəsində Azərbaycan Cümhuriyyəti hökumətinin tapşırığı ilə böyük hazırlıq işləri görülmüş, baş verən faciəli olayları təsdiq edən materiallar toplanmış, ermənilərin törətdiyi faciə ilə bağlı dövri mətbuatda çoxlu yazılar getmiş və tarixi hadisənin iştirakçılarının dilindən ifadələr alınaraq sənədləşdirilmişdir. Çox güman ki, bu əlyazma da Bakının müdafiəsində iştirak edən qəhrəman döyüşçü Məşədi Hilal Kazımovun dilindən faciənin ildönümü ərəfəsində qələmə alınıb.

 

Əlyazmanın mətni tanınmış ədib, naşir Əlabbas Müznibin redaktorluğu ilə 1915-1916-cı illərdə nəşr olunmuş "Babayi-əmir" satirik jurnalının 15-ci sayına aid 4 eyni 5-ci səhifənin qalmış arxa tərəfində köçürülmüşdür. Qeyd edək ki, çap məhsulu vərəqinin bir tərəfinin olması mətbəədə dəzgahda baş vermiş texniki nasazlıq nəticəsində ortaya çıxır. Mətbəədə çap zamanı qalmış, kənara qoyulan və zay hesab edilərək lazımsız sayılan vərəqlərdən çox güman ki, nəşrə məsul olan jurnalın öz əməkdaşları qaralama kimi istifadə edə bilərdilər. Belə hesab edirik ki, Mart faciəsinə aid savadlı, bir az da bədiiləşdirilmiş şəkildə qələmə alınmış bu əlyazma mətni üslub xüsusiyyətlərinə görə "Babayi-əmir" jurnalının redaktoru Əlabbas Müznibin özünə məxsusdur. Xatırladaq ki, Əlabbas Müznib Bakıda düşmənlə qəhrəmancasına vuruşanların xatirələrini köçürməklə bərabər, özü də Mart faciəsində görüb şahidi olduğu hadisələri "Bakıda millət müharibəsi" adı ilə cib dəftərçəsində qələmə almış və həmin yazı hal-hazırda ədibin AMEA M.Füzuli adına Əlyazmalar İnstitutundakı şəxsi arxivində saxlanılır. Yazının kim tərəfindən köçürülməsi ilə bağlı irəlidə deyilən və əsaslandırılmış fikirlərlə burada kifayətlənə bilərdik. Amma sonradan Əlabbas Müznibin şəxsi arxivinə nəzər saldıqda onun əlyazmalarının xətti ilə fraqmentin xəttinin eyniliyi ortaya çıxdı. Daha bir paleoqrafik faktın oxşarlığı da ondadır ki, Məşədi Hilal Kazımovun söylədiklərinin "Babayi-əmir"in bir üzü ağ qalmış vərəqlərinə köçürüldüyü kimi, Əlabbas Müznibin şəxsi arxivində saxlanılan digər bir mətn - "Doqquz oğuz" adlı 6 vərəqlik mətn də "Babayi-əmir" jurnalının 13-cü sayının bir üzü ağ qalmış eyni vərəqlərinə köçürülmüşdür. Bu faktların ortaya çıxması 1918-ci il mart ayında Bakıda ermənilərlə qəhrəmancasına vuruşmuş Məşədi Hilal Kazımovun xatirələrinin məhz Əlabbas Müznib tərəfindən köçürüldüyü fikrini bir daha təsdiqləyir. Beləliklə, Fr.-1390 şifri altında saxlanılan əlyazmanın mətnini təqrir edən (şifahi nəql edən) Keşləli Məşədi Hilal Kazımov, katibi isə Əlabbas Müznibdir.

 

O dövrün siyasi mənzərəsi ilə bağlı xatırladaq ki, Mart faciəsi zamanı ölkədə xaotik bir vəziyyət yaranmışdı. Çar hakimiyyəti artıq devrilmiş, yeni yaranan hakimiyyət ölkənin ucqarlarında keçmiş siyasi-coğrafi birliyi qoruyub saxlamaq üçün milli zəmində hər cür toqquşmalara yol verirdi. Buna uzun müddət sovet dönəmində sinfi mübarizə donu geydirilmişdi. Bu qatma-qarışıqlıqdan daha çox o zaman erməni daşnakları istifadə edərək Bakıda böyük qətliam törətdilər. Həmin vaxt nizami döyüş dəstələri, lazımi qədər silah-sursatı olmayan azərbaycanlılar demək olar ki, köməksiz qalmışdılar. Məhz belə bir vəziyyətdə Bakı və onun ətraf kəndlərindən olan bəzi soydaşlarımız ayrı-ayrı özünümüdafiə dəstələri yaradıb təpədən-dırnağadək silahlanmış amansız düşmənlə vuruşa girişirlər.

 

Əlabbas Müznib bu faciədən sonra qələmə aldığı yuxarıda qeyd olunan "Bakıda millət müharibəsi" adlı yazısında həmin dəstələrə rəhbərlik edənlərdən bir neçəsinin adını çəkərək yazırdı: "Düşmənlər Kərpicbasana çəkilmişdilər. Qayət, qırğın bir hal kəsb edən bugünkü davada şəhər atıcılarından Teymur bəy, Nəcəfqulu Rzaqulu oğlu (Ü.Hacıbəylinin "O olmasın, bu olsun" operettasında yaratdığı Qoçu Nəcəfqulunun prototipi - Ə.M.), novxanılı Məhəmməd Hüseyn, Məhəmmədli kəndindən Şiruyə öz dəstələrilə iştirak edirdi. Əsir türk zabitləri də onların yardımına bulunurdu. Axşamüstü müsəlmanlara məşğətlilərlə (maştağalılar - Ə.M.) kürdəxanılılar köməyə gəlmişdilər. Kürdəxanılıların başında məşhur Qaçaq Adil duruyordu" ("Azərbaycan Xalq Cümhuriyyəti - 80". Sənədlər və mənbələr toplusu. Bakı, 1998, s.50).

 

Mart faciəsində özünümüdafiə dəstələrinə başçılıq edənlərin çoxunun hadisədən əvvəl aralarında qan tökülməsinə qədər gedib çatan düşmənçilik münasibətlərinin olmasına baxmayaraq, onlar hər şeyi kənara qoyub, Bakını, onun türk-müsəlman əhalisini xilas etmək üçün birləşdilər. Nəcəfqulu Rzaqulu oğlunun (Qoçu Nəcəfqulunun) nəvəsi Nailə Rzayeva babasına həsr olunmuş kitabda yazır: "Həmin gün Bakının və bakılıların taleyi həll olunurdu. Və tarixin bu acı dönəmində bütün yükün ağırlığı el arasında heç də həmişə müsbət qarşılanmayan qoçuların çiyninə düşmüşdü.

 

Səhərə yaxın sursat tükənmək üzrə idi. Nəcəfqulu son, qəti sıçrayışa hazır idi. Elə bu zaman çoxdankı rəqibi Qoçu Teymur bəy Aşurbəyovun onlara çatdırdığı patronlar camaatın qanının arasına yaman girdi.

 

Küçənin hər iki tərəfində ölənlərin sayı-hesabı yox idi. Qoçu Nəcəfqulu özü bir neçə yerdən güllə yarası almışdı. Amma anası Güldəstə namaz üstəymiş deyə, yaraları o qədər də ağır deyilmiş" (Qoçu Nəcəfqulu. Tərtibçi: Nailə Rzayeva. Bakı, 2008, s.29).

 

Döyüş başlayanda düşmənə qarşı öz dəstəsilə Qoşa qala qapısı ətrafında və ona yaxın yerlərdə vuruşanlardan biri də Məşədi Hilal Kazımov olmuşdur. Məşədi Hilal Kazımov hadisə baş verən anda silahını - Avstriya mauzerini götürüb küçəyə çıxır və Müsavatın firqə idarəsinə gəlir. Burada ona Nikolayevski (Parlaman) küçəsində mövqe tutub düşmənin qarşısını almağı tapşırırlar. O gün axşamüstü saat 5-dən səhəri gün saat 4-dək dəstəsilə düşmənin hücumlarının qarşısını alır. Sonra o, ailəsindən xəbər tutmaq üçün döyüş yoldaşlarından izn alıb evə gedir. Geri dönərkən ermənilərin "Açıq söz" qəzeti idarəsinə (redaksiyasına) qədər irəlilədiyini və səngərdə duranlardan bir neçəsinin geri qaçdığını görüb deyir: "Nərəyə qaçırsınız? Bundan böylə evinizdə olsanız sizi öldürəcəklər. Qaçmaq degil, müdafiə vəqtidir. Halbuki, o adamlar daima "bənəm-bənəm" deyüb dalaşan adamlardandı". Düşmənlə iki saat vuruşda döyüş yoldaşlarından Aslan, daha sonra Mehdi həlak olur. Düşmənin qat-qat üstün olmasına baxmayaraq, onların İçərişəhərə daxil olmasına imkan vermirlər.

 

Məşədi Hilal səngərdə nökəri Kərbəlayi Səfərlə birgə vuruşur. Döyüşün ən gərgin anında nökərinə geri getməsini bildirir: "Kərbəlayi Səfər, neçün durmuşsan, get! Artıq mən buradan çıxacaq deyiləm". Bu zaman üç tərəfdən düşmən ara vermədən atəş açdığı vaxt Kərbəlayi Səfər: "Hərgiz mən səni böylə mövqedə yalqız buraxıb, namussuzlar kimi gedəməm", deyir. Həmin anda Məşədi Hilal isə böyük əzmlə vuruşur və vəziyyətin ağır, silah-sursatın az olmasına baxmayaraq, ermənilərə aman verməyib son qalmış beş gülləsi ilə düşmənin beşini yerə sərir.

 

Döyüşün ən ağır məqamında Qoçu Əlabbas Babayevin qardaşı Kərbəlayi Əbdülhəmid gəlib çıxır və Məşədi Hilal ondan yardım istəyir. Çox çəkmir ki, o, 2 şahsevən, 2 türk əsgər, 2 şağanlı və bir neçə nəfər içərişəhərlilərdən toplayıb gətirir. Nəhayət, mətnin sonunda Məşədi Hilal bildirir: "Axşama qədər müdafiədə bulunduq. Düşməni sükuta məcbur etdik. Onların mənəviyyatını tamamilə qırdıq. Artıq atışmaya cəsarət edəmədilər".

 

Əlyazmalar İnstitutu xəzinəsində Fr.-1017 şifri ilə saxlanılan ikinci əlyazmanın mətni ermənilərlə vuruşmuş Bakı sakini Dadaş Rzazadənin dilindən adı bizə bəlli olmayan digər bir katib tərəfindən qələmə alınmışdır. Mətn "Mart hadisati-əliməsi barəsində məlumat" adlandırılıb. Birinci mətndə olduğu kimi, burada da söyləyici qanlı hadisənin eyni vaxtda - "1918-ci sənədə mart ayının 18-də axşam saat 5 radələrində" şəhərin başqa bir məhəlləsində başlandığını qeyd edir. Döyüşlər "Verxni Priyut, Nijni Priyut küçələrində və Mixaylov xəstəxanasının yanında" - şəhərin hal-hazırkı Beşmərtəbə adlanan ərazisində baş verir. Dadaş Rzazadənin dediyindən öncə belə məlum olur ki, şəhərin müsəlman əhalisi, o cümlədən, Dadaş Rzazadənin özü də həmin anda atışmanı kimin başladığından xəbərsiz olurlar. Əvvəl belə başa düşürlər ki, "bolşeviklərlə müsəlmanların davası başlamışdır". Dadaş Rzazadə daha sonra söyləyir: "Bir qədər atışdıqdan sonra düşmənlərin bolşeviklər deyil, ermənilər olduğunu bildik. Şəhərin Məhəmmədi hissəsindən gələn müsəlmanların dediyindən ermənilərin müsəlman evlərinə girib, kişiləri öldürüb və qadınları əsir apardıqlarını eşitdikdə Əlixanı götürüb şəhərin müsəlman hissəsinə getdim".

 

O, Mixaylov xəstəxananın yaxınlığında dostu Əlixanla mövqe tutub döyüşü davam etdirir. Birinci yazıda Məşədi Hilal döyüş yoldaşı Kərbəlayi Səfərə geri çəkilməyə göstəriş verdiyi kimi, burada da Dadaş Rzazadə vəziyyətin çox təhlükəli olduğunu görüb silahdaşı Əlixana ailəsini götürüb oradan uzaqlaşmağı təklif edir. Əlixan cavabında: "Mən səni tək qoyub gedə bilmərəm. Əgər düşmənlər bizə qalib gəlsələr, əvvəl ailəmi, sonra da özümüzü öldürərlər. Mən səndən ayrılası deyiləm, ölsən, mən də ölləm, qalsan, mən də qallam", deyir. Bu "minval" ilə Dadaş Rzazadə ilə Əlixan üç gün-üç gecə vuruşurlar. Üçüncü gün tərəflər martın 21-də axşamüstü barışığa razılaşırlar.

 

Dadaş Rzazadə mart hadisələrindən sonra da düşmənlə döyüşü davam etdirir. Əvvəlcə bir müddət Novxanıda qalıb qanlı mart günlərində aldığı yaralarını müalicə etdirir. Burada eşidir ki, ermənilər Quba yolunda müsəlman kəndlərini qarət edirlər. O, on beş nəfər adam götürüb yolları erməni quldurlarından təmizləyə-təmizləyə Dəvəçiyə gəlib çıxır. Ardınca söyləyir ki, bir neçə gündən sonra Dəvəçiyə eşalonlarla dolu ermənilər gəlirlər. Buradan aydın olur ki, çar hakimiyyəti devrildikdən sonra Bakıda ermənilər yaranmış siyasi vəziyyətdən istifadə edərək hər sahədə hakimiyyəti ələ alıb hegemonluq etdikləri kimi, dəmiryol nəqliyyatını da ələ keçirib, sərbəst hərəkət edirmişlər.

 

Dadaş Rzazadə Bakı hadisələrindən sonra ermənilərin olduğu ən gərgin yerlərə gedib düşmənlə vuruşur. Dəvəçidən sonra Şamaxıya yollanır. Burada Bakıya qayıtması ilə əlaqədar məktub alıb yola düşür. Bakıya gəlib 4-5 gün keçdikdən sonra bir gecə üç atlı - kürdəxanılı Qaçaq Adil, Mövsüm Səlimov və daha bir nəfərlə görüşüb, oradan Mərəzəyə getməyi təklif edirlər. O, Mərəzəyə gəlib, sonra Müsavatın liderlərindən Məhəmmədhəsən Hacınski, Abbasqulu Kazımzadə və qeyriləri ilə birlikdə Qobuya gəlirlər.

 

Sonda Dadaş Rzazadə nəql edir ki, Bakı düşmənlərin əlində olan zaman mən ətraf kəndlərdən əsgər toplayıb, Bakını işğaldan azad etməyə hazırlaşırdıq.

 

Qeyd edək ki, Bakıda bolşevik-daşnak hərbi birləşmələrinin şəhərin türk-müsəlman əhalisinə qarşı törətdiyi soyqırım Sovet Rusiyasının başçısı V.İ.Leninin göstərişi və onun Bakıya göndərdiyi daşnak Stepan Şaumyanın rəhbərliyi ilə həyata keçirilmişdi. Döyüş başlayanda V.İ.Leninin xüsusi göstərişi ilə Rusiyanın Saritsın şəhərindən göndərilmiş 2 təyyarə havadan, hərbi gəmilərin isə dənizdən şəhərin azərbaycanlılar yaşayan yaşayış məhəllələrini bombalaması düşmənlərimizin bu soyqırımı qabaqcadan planlaşdırmasından xəbər verirdi.

 

Həmin dövrün siyasi vəziyyətini təhlil edib, təhlükənin yaxınlaşdığını hiss edən bəzi ziyalılarımız o zaman faciənin baş verə biləcəyini qabaqcadan dövri mətbuatda xəbər verirdilər. "Açıq söz" qəzetinin hadisədən bir neçə gün əvvəl - 15 mart 1918-ci il tarixli 702-ci sayında jurnalist Sənətulla Eynullayev "Dəhşətli saət gəlir, birlik gərək!" yazısını dərc etdirmişdi. Müəllif ermənilərin Bakıda necə təşkilatlanması, bir çox siyasi partiya və təşkilatları öz tərəflərinə çəkməsini, eyni zamanda, Türkiyə cəbhəsindən geri dönən rus hərbçilərini döyüşə cəlb etməsi haqqında yazırdı: "... Erməni Milli Şurasının "Baku" qəzetində nəşr etdiyi xitabnamə bütün Qafqaz demokratiyasını amansız müharibəyə, böyük mübarizə və böyük qurbanlara dəvət ediyor və bu dəvətin kimə qarşı olduğunu sonki (sonrakı - Ə.M.) cümlələrində bu surətlə bildiriyor: "Biz inqilabın və Qafqaz demokratiyasının mənafeyini əziz bilən hər kəsi, Türkiyə cəbhəsindən gələnləri əksinqilaba qarşı amansız mübarizəyə dəvət ediyoruz..."

 

Burada Erməni Milli Şurası öz xitabnaməsində "əksinqilaba qarşı mübarizə" yazmaqla Bakının azərbaycanlı əhalisininin milli mübarizəsinin qarşısını alınmağı nəzərdə tuturdu. Məqalənin sonunda oxuculara çağırış edərək S.Eynullayev yazır: "Başqa millətlərin cəmi partiyaları bu gün məlum məsələlər xüsusunda sözlərini bir etdilər. Müsəlman partiyaları da "milləti həlakətdən xilas etmək" xatirinə birləşməgə borcludurlar. Çünki "baş kəsildikdə saqqal da bərabər gedəcək" olduğundan dəhşətli saətlərdə partiya fərqinə bakılmayacaq... Dəhşətli saət gəlir, birləşin!"

 

Əli MƏMMƏDBAĞIROĞLU

Filologiya üzrə fəlsəfə doktoru, dosent

 

525-ci qəzet  2018.- 15 mart.- S.6.