Var olsun ürək!..
İttifaq MİRZƏBƏYLİ
ƏVVƏLCƏ BİR DAŞ
HAQQINDA
Onda hələ uşaq idim. Doğulub böyüdüyüm
Mirzəbəyli kəndi ilə (Qəbələ rayonu)
İmamlı kəndinin arasında, yüz illər boyu
"Çinar dibi" adlandırılan geniş əkin sahəsinin
kənarındakı kolluqlarda 3-4 metr uzunluğunda, bir metrdən
çox eni olan nəhəng daş var idi.
Dördkünclü olmasından və üstündəki
heç kəsin oxuya bilmədiyi hərflərlə
yazılmış mətnlərdən güman edilirdi ki, onu nə
zamansa, hansısa məqsədlə insanlar hazırlayıblar. 8-10 il
qoyun-quzu, mal-qara otaranda yemişan ağaclarının kölgəsinə
çəkilmiş, həmin daşın həndəvərində,
ya da üstündə istirahət etmişik.
İş elə gətirdi ki, 70-ci illərdə kolxozun əkin
sahələrinin genişləndirilməsi üçün
xüsusi texnika gətirib sahələrə yaxın olan əraziləri
kol-kosdan təmizlədilər. Ağır buldozerlər
həmin daşı da yerindən tərpətdilər. O
yeri qəbirsanlıq bilən adamlar etiraz etdilər. Kimsə məhəl qoymadı. Söz
böyüdü və kiminsə müraciəti ilə alimlər
gəlib nələrisə öyrəndilər. Məlum oldu ki, bu daş İslamdan əvvəlki
dövrə aiddir. Elə ona görə də
kəndin mollaları onun üstündəki yazıları
oxuya bilmirlərmiş.
Beləliklə,
bəlkə də 15-20 əsr sakitcə, heç kəsə
mane olmadan, heç kimin toyuğuna "kiş demədən", Allahın bəxş etdiyi daş
ömrünü yaşayan, kiməsə "Mən də
varam!" - deməyən, məşhur
tikintilərdə, saraylarda istifadə edilən xırda-para, cavan-cahil
daşlara paxıllıq, qısqanclıq etməyən həmin
daş da danışdı. Özü də
necə? Səsi haralardan gəlmədi? Sən demə, qismət belə
imiş...
SONRA BİR YOLDAŞ HAQQINDA
Yazıçı-publisist, Cəfər Cabbarlı
Mükafatı laureatı, Azərbaycan Rəssamlar
İttifaqının üzvü Rafiq Hacıyevi çoxdan
tanıyıram. Daha doğrusu, mənə elə gəlirdi
ki, tanıyıram. Mən Dövlət Radiosunda
çalışdığım illərdə o, mənim indi
işlədiyim "Xalq qəzeti"nin məsul katibinin
müavini olub. Deyilənə görə, xeyli
vaxt məsul katibi əvəz etdiyi dövrlər də olub.
Sonradan onlarca toyda, yüzlərcə məclisdə
bərabər iştirak etmişik və bu sətirlərin
yaranmasının əsas səbəbi də məhz elə o
məclislər oldu.
Təkcə
İncəsənət İnstitutunu bitirdiyimə görə
deyil, həm də qanımda mədəniyyətlə, incəsənətlə
bağlı tətbirlərdə iştirak etmək, daha
çox öyrənmək, məlumatlanmaq həvəsi
olduğuna görə bu yaşda da Ulu öndərin
adını daşıyan sarayda, Dövlət
Filarmoniyasında, Beynəlxalq Muğam Mərkəzində,
Opera və Balet Teatrında, Bəstəkarlar
İttifaqında, ümumiyyətlə, müxtəlif mədəniyyət
müəssisələrində
keçirilən yubiley, yaradıcılıq və
anım mərasimlərində, eləcə də digər tədbirlərdə
çox iştirak edirəm. Etiraf edim ki, həmin tədbirlərin
hamısında nə isə yeni bir fakt, məlumat öyrənir,
sənət adamlarımızın uğurları ilə tanış oluruq.
Maraqlıdır, iştirakçısı olduğum tədbirlərin
hamısında Rafiq Hacıyevlə salamlaşmalı oluram. O, ətrafdakı
tanışları ilə salamlaşır, öz yerini tutub əyləşir
və ... elə əsas fərq də odur ki, Rafiq yerini tutub əyləşəndən
sonra diqqəti ancaq və ancaq səhnədə,
ifaçılarda, natiqlərdə olur. Bu məqamı
xüsusilə qeyd etməyim təsadüfi deyil. Çünki bu gün o qəbildən tədbirlərə
şəkil çəkdirmək, videoya düşmək,
istirahət etmək, yubilyarın və ya tədbir təşkilatçılarının
gözünə görünüb yox olmaq, yaxud da telefonla
"canlı yayım" təşkil etmək
üçün gələnlər çoxdur. Lap çox. Onlar öz yerində.
Bizi sevindirən odur ki, tədbirlərə bilavasitə mədəniyyətimizə
bağlı olduğuna, sənət adamlarımızın
uğurlarına sevinmək, problemləri ilə tanış olmaq üçün gələnlər
də az deyil və Rafiq Hacıyev həmin zümrədən
olan soydaşlarımızın öndə gedənlərindəndir.
Onu öz qiymətini çox gec tapan tarixi bir
daşla müqayisə etməyimiz də təsadüfi deyil.
Çünki Rafiq Hacıyev də hələ
öz qiymətini ala bilməyib. İnanırıq
ki, nə zamansa bu "daş" da öz yerindən tərpədiləcək.
... SƏBƏBKAR HƏMİD
VƏKİLOV OLDU
Belə tədbirlərdən
birində, sayı minlərlə olan Azərbaycan tarzənlərinin
arasında qeyri-adi
bir işıqla parıldayan Həmid Vəkilovun
yaradıcılıq gecəsində maraqlı və
maraqlı olduğu qədər də gözlənilməz
olan bir faktla rastlaşdıq.
Beynəlxalq Muğam Mərkəzində keçirilən
məclisin aparıcısı sözü pedaqoji
elmlər doktoru, professor, Rusiya Pedaqoji və Sosial Elmlər
Akademiyasının həqiqi üzvü, Əməkdar müəllim
Vidadi Xəlilova verəndə,
bu görkəmli alim Həmid
Vəkilov haqqında danışmaq əvəzinə, tarzənin
yaradıcılığı barədə yazılmış
bir məqalədən söz açdı:
"Yazıçı-publisist, Cəfər Cabbarlı
Mükafatı laueratı, Azərbaycan Rəssamlar
İttifaqının üzvü Rafiq Hacıyevin Azərbaycan Respublikasının
Əməkdar artisti, novator tarzən, musiqi tədrisi üzrə
professor Həmid Vəkilovun geniş, çoxcəhətli
yaradıcılığına həsr olunan
yazılarını həyəcansız oxuya bilmədim.
İlk səhifələrdən
müəllifin öz qəhrəmanının
yaradıcılığına böyük məhəbbət
və bələdlik hissiylə yanaşması, musiqinin -
musiqi ifaçılıq sənətinin fəlsəfəsinə,
təsviri sənətlə musiqinin üzvi əlaqəsinə
xüsusi diqqət yetirməsi, yeni, orijinal fakt, söz və
terminlərlə nəzərə çatdırması
oxucularda, sənət mütəxəssislərində heyrət
və heyranlıq yaradır. Gəlin, səmimi şəkildə
etiraf edək: Rafiq müəllim inandırıcı şəkildə
sübut edir ki, rənglər - rəng çalarları musiqi
çalarları ilə doğma münasibətdədir.
"Oxuyan rənglər", "sakit rənglər",
"qışqıran rənglər", "isti, soyuq rənglər"
elə musiqidə də var. Növündən, janrından
asılı olmayaraq musiqidə bu rəngləri görə
bilənlər, onların təsiriylə
yaşayıb-yaradanlar ucalığa, zirvələrə inamla
addımlayırlar. Nə yaxşı ki, Rafiq
Hacıyev elm, sənət prinsipləri baxımından
çox böyük əhəmiyyət kəsb edən bu məsələlər
üzrə oxucuların zövqünü,
dünyagörüşünü inkişaf etdirir.
Ustad, novator tarzən, pedaqoq Həmid Vəkilovun sənət
tablosundan fraqmentlər ilə ustalıqla, qəlb genişliyi
ilə oxucuların maraq dünyasının
qapılarını taybatay açır, "buyurun, gəlin"
- deyir".
Professor bu fikirləri elə qətiyyətlə və
inandırıcı şəkildə söylədi ki, mən
adıçəkilən məqaləni tapıb oxumaq fikrinə
düşdüm və oxudum. Sən demə, Rafiq
Hacıyev elə mənim yuxarıda yada saldığım
daş kimi sirli, müəmmalı və oxucusunu gözləyən
bir ünvan imiş. Daha doğrusu, mən
Rafiq Hacıyevi bilavasitə həmin yazıdan sonra
tanıdım.
HƏMİN MƏQALƏDƏ
NƏLƏR VAR İDİ?..
"525-ci
qəzet"in 10 oktyabr 2017-ci il tarixli
nömrəsində verilmiş "Novator tarzən"
(Əməkdar artist Həmid Vəkilovun "sənət
tablosu"ndan fraqmentlər) adlı məqalədə nələr
yoxdur, İlahi? Rafiq Hacıyev həmin
yazıda Həmid Vəkilovun böyük sənətkar
olduğunu sübut etmək üçün arsenalındakı bütün imkanlardan istifadə
edir və nəticədə, tarzənin
böyüklüyü ilə məqalə müəllifinin də
böyüklüyü oxucunun gözü qarşısında
qoşa canlanır. Oxucu sanki uzun, sonu
görünməyən sənət yolunda yanaşı
addımlayan iki siluet görür - Həmid və Rafiq.
Yazını oxuyub qurtarandan sonra isə oxucu öz qənaətini
dəyişməli olur: Onlar
uzun və sonu görünməyən sənət yolumuzun
yolçuları, fəqət siluet və ya xəyal deyil,
müasirimiz, real həyatımızın sakinləridir.
Məqalə qəzetin üç nömrəsində
verilib və hər nömrədən bir sitat gətirməklə
fikirlərimizi yekunlaşdıracağıq. Beləliklə, məqalənin
10 oktyabr tarixli qəzetdə verilmiş birinci hissəsində
müəllif əvvəlcə öz düşüncəsini
yada salır: "Düşünürəm ki, tarın da rəssam
fırçasına bənzəri var. Birində müxtəlif
musiqi çalarları, digərində isə rənglərin
duyğulandırıcı əlvanlığı. Hər ikisi insan əlləri ilə nəfəs
alır, insan əlləri ilə danışır, sənətin
ecazkar qüvvəsini insan əlləri ilə göstərir.
Rənglərdə musiqi, melodiyalarda isə rəng".
Sonra isə
öz düşüncəsindən ayrılaraq,
reallığı dilə gətirir: "Həmid neçə-neçə
sənət sınağından çıxıb, səhnəyə,
ifaçılıq dünyasına təsadüfən gəlmədiyini
tələbkar tamaşaçılar, mütəxəssislər
qarşısında sübuta yetirib. Bu
çıxışlardakı incəlik, coşqun daxili
ehtiras və gözəl ifaçılıq texnikası
göstərib ki, o, seçdiyi sənətə ürəklə
yanaşır, təcrübəli müəllimlərinin
etimadını doğrultmaq üçün səy göstərir".
Məqalənin
"525-ci qəzet"in 11 oktyabr tarixli sayında verilmiş
ikinci hissəsində Həmid Vəkilovun tarda etdiyi yeniliklərin
səbəbi
bilavasitə tarzənin öz dilindən verilir: "Azərbaycan tarının
inkişafı əsasən ustad tarzən Mirzə Sadıq
Əsədoğlunun və dahi bəstəkarımız
Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Tarixən çox gözəl tarzənlərimiz
olub və şükür ki, bu gün də var. Ancaq onlar
tarda texniki imkanlar sahəsində yeniliklər etməyiblər.
Nə üçün? Çünki
buna ehtiyac duymayıblar. Niyə ehtiyac
duymayıblar? Ona görə ki, onlar ya sələflərinin
çaldıqlarını (muğamlar, rənglər, diringilər
və s.), ya da tar üçün xüsusi
yazılmış əsərləri çalıblar.
Yaxud da tarın mövcud imkanlarına əsaslanaraq Azərbaycan
və xarici ölkə bəstəkarlarının əsərlərini
tara uyğunlaşdırıblar. Amma tarı əsərin orijinalına, bədii-estetik
gözəlliyinə və fəlsəfi mənasına
uyğun olaraq dəyişməyə (kiçicik olsa da belə)
cəhd göstərməyiblər. Maraqlıdır,
bəs görəsən, başqa sənətkarlar tərəfindən
tarda dəyişikliklər etmək təşəbbüsü
olubmu? Əlbəttə, müxtəlif
dövrlərdə bəzi sənətkarlar tarda dəyişikliklər
etsələr də, bu reformalar ifaçılıq həyatında
kütləvi hal ala bilməyib. Ona görə
ki, bu çalışmalar müəyyən bir klassik musiqinin
bədii-estetik və fəlsəfi dəyərinin tam
dolğunluğu ilə tarda ifa edilməsi arzusuna əsaslanmayıb.
Bu baxımdan həmin çalışmaları bir laboratoriya
təcrübəsinə bənzətmək olar..." Çox maraqlı əsaslandırmadır.
İndi isə məqalənin üçüncü hissəsinə
diqqət yönəldək. Müəllif
yazır: "Həmid tara məxsus musiqi əsərlərinin
təfsirini (interpretasiyasını) gələcək nəsillərə
çatdırmaq üçün tar
ifaçılığında mövcud olan ştrix, üslub
və üsulları - "Ayırmasim", "Dəmli
mizrab", "Əndər mizrab", "Ləng mizrab",
"Cırmaqlı barmaq", "Diringə cırmaq",
"Lal barmaq", "Gərmə" və "Qapama"
müəyyənləşdirib və yeni işarələri
bildirən kəlmələrdən bir termin kimi istifadə
olunmasını tövsiyə edib.
Sirr deyil ki, Həmidin səmərəli təklifləri
heç də hamının ürəyincə olmayıb. Kimlərsə
onu alətin milli görkəminin dəyişməsində,
kimlərsə səslənmə akustikasının
azalmasında və sairədə günahlandırıb.
Lakin Həmid özü də etiraf edir ki,
günü bu gün də o, işlərini tam başa
çatdırmayıb və tarın rekonstruksiya olunmasında
yaradıcılıq axtarışlarını səylə
davam etdirir".
Eşq olsun dəyərli həmkarımıza ki,
geniş bir yazıda novator tarzənimizin həyat və
yaradıcılığı, sənətdə
qazandığı uğurlar və ən qədim musiqi alətlərimizdən
olan tarın imkanlarını artırmaq üçün
etdiyi yeniliklərdən lazımınca söz aça bilib. Eyni zamanda, həmin məqalə
vasitəsilə
sirli-sehrli tar dünyamızın bəzi
özünəməxsusluqları ilə də tanış
ola bildik. Buna isə söz, sənət və mədəniyyət
üçün döyünən ürək lazımdır.
YERİ GƏLMİŞKƏN...
Rafiq
Hacıyevin sənətə bağlı ürəyi
haqqında hazırladığımız yazını
böyük şairimiz Rəsul Rzanın Xalq rəssamı
Mikayıl Abdullayevə ithaf etdiyi "Rəssam
qardaşıma" adlı şeirinin əhval-ruhiyyəsi
altında yekunlaşdırmaq istəyirik:
Məndə
bir can var, səndə bir can,
Mənim
qələmim var, sənin fırçan,
Mənimki sözdür, səninki rəng.
Mən yazım, qardaş, sən çək.
Mən əlim
olmasa da yazaram,
Gözüm
olmasa da...
Sən
dilin olmasa da çəkərsən,
Sözün olmasa da.
Ancaq hər
ikimiz
Yarada bilmərik ürəksiz.
Mənimki
sözdür,
Səninki rəng.
Var olsun
ürək!
Yanvar, 2018-ci il.
525-ci qəzet 2018.- 15 mart.- S.8.