Rəsul Rza
yaradıcılığında bəşəri duyğu və
fikirlərin tərənnümü
Əli CƏFƏROĞLU
Azərbaycan ədəbiyyatının görkəmli
simalarından biri, Xalq şairi Rəsul Rza xalq arasında hədsiz
şöhrət qazanmış, böyük istedadı, zəngin
və hərtərəfli bədii təfəkkürü ilə
ölümsüz əsərlər yaratmış ustad sənətkardır.
O,
yüksək bədii dəyəri, bəşəriliyi,
milliliyi və rəngarəngliyi özündə ehtiva edən
gözəl əsərləri ilə həyat həqiqətlərini
incəliklərinə qədər əks etdirib,
yaradıcılığı və çoxşaxəli fəaliyyəti
ilə yaddaşlarda dərin iz qoyaraq xalqımıza misilsiz sənət
inciləri bağışlayıb.
19 may 1910-cu
ildə Göyçay şəhərində dünyaya gəlmiş
Rəsul İbrahim oğlu Rzayevin (Rəsul Rza) atası kənddə
mirzəliklə məşğul olub, anası Məryəm isə
evdar qadın olmasına baxmayaraq, poetik istedadı ilə
şeirlər qələmə alıb, bədii nümunələri
hafizəsində qoruyub yaşadıb. Atasını
erkən itirmiş Rəsul anasının və
soyadını götürdüyü dayısı Nurəddin
Rzayevin himayəsində boya-başa çatıb.
Uşaqlıq dövründən Məhəmməd Füzuli,
Xurşidbanu Natəvan və Mirzə Ələkbər Sabirin
şeirlərini anasının dilindən eşitdiyini bildirən
şair sonradan bu barədə yazırdı: "İndi
yaddaşımın səhifələrini varaqladıqca mən
bir daha inanıram ki, mənim könlümə şeirə
olan məhəbbətimin ilk qığılcımını
anam atmışdır. Anam məndə klassik
poeziya xəzinəsinə, həm də xalq
yaradıcılığına dərin hörmət hissi tərbiyə
etmişdir".
On dörd yaşında, oxumaqla yanaşı, şəhər
kitabxanasında da işləyən Rəsul Rza 1925-ci ildə
Gəncə Sənaye və Kənd Təsərrüfatı
Texnikumuna daxil olmuş, lakin sonradan təhsilini
yarımçıq qoyaraq bacılarının
yaşadığı Bakı şəhərinə
köçmüşdü. O, burada məktəb yoldaşı,
şair Abdulla Faruqun vasitəsilə ədəbi aləmdə
kifayət qədər tanınan Səməd Vurğun,
Mikayıl Müşfiq, Süleyman Rüstəm, Mehdi
Hüseyn, Mikayıl Rəfili, Əli Nazim və
başqaları ilə yaxından tanış olmuş, tezliklə
"Gənc işçi" qəzetinə tərcüməçi
kimi qəbul edilmişdi. Bundan sonra gənc
şair yeni dövr ədəbiyyatının
yaradıcılıq və təşkilati vəzifələrinin
həyata keçirilməsi işində yaxından iştirak
edib və bu sahədə öz səylərini əsirgəməyib.
Rəsul Rzanın "Bu gün" adlı ilk şeiri
1927-ci ildə Tiflisdə "Qığılcım" almanaxında
dərc olunub və həmin dövrdən başlayaraq
müasirlik ruhu ilə seçilən poeziya nümunələri
oxucuların diqqətini cəlb etməyə başlayıb. Bundan sonra şairin "Gənc
işçi" qəzetinin səhifələrində
"Avropanın ölüm çağı",
"Arş", "Bir avqusta", "Qara yelin xəbəri"
adlı şeirləri dərc edilib.
Yaradıcılıqla
yanaşı təhsilini də davam etdirən Rəsul Rza
1927-1937-ci illərdə Zaqafqaziya Kommunist Universitetində, Azərbaycan
Dövlət Elmi-Tədqiqat İnstitutunda, Moskva Millətlər
İnstitutunda və Ümumittifaq Dövlət Kinematoqrafiya
İnstitutunda təhsil alıb. O, müxtəlif illərdə
Bakı kinostudiyasında ssenari şöbəsinin rəisi, Azərbaycan
Dövlət Filarmoniyasının müdiri, 1939-cu ildə Azərbaycan
Yazıçılar İttifaqının sədri, Bakı
kinostudiyasının müdiri, Kinematoqrafiya idarəsində rəis,
1946-49-cu illərdə Azərbaycan Kinematoqrafiya naziri, 1966-75-ci
illərdə Azərbaycan Sovet Ensiklopediyasının baş
redaktoru, 1960-81-ci illərdə Asiya və Afrika Ölkələri
ilə Respublika Həmrəylik Komitəsinin sədri, 1966-75-ci
illərdə Xəbərlər Mətbuat Agentliyi Respublika
İdarə Heyətinin sədri, Azərbaycan Respublikası
Ali Sovetinin (VII çağırış) deputatı, Lenin və
SSRİ Dövlət mükafatları komitəsinin
üzvü olub. 1981-ci ildə Bakı şəhərində
vəfat edən Xalq şairi Fəxri Xiyabanda dəfn olunub.
Müasir poeziyanın novatorluq yolu və prinsiplərinin
müdafiəsində şairin mövqeyi kifayət qədər
barışmaz və prinsipial bir xarakter
daşımışdır. Belə ki,
bütün sonrakı poeziyasında, öz
baxışlarında öz mövqeyindən geri çəkilməyən
şair get-gedə püxtələşmiş və daha da
inkişaf etmişdir.
1941-ci ilin axırlarında şair bir qrup siyasi
işçilərlə hərbi müxbir kimi Krıma
getmiş, Azərbaycan diviziyasında hərbi müxbir kimi, həm
də "Döyüşən Krım" cəbhə qəzetində
işləməyə başlamışdır. Tez-tez ön cəbhə
xəttinə gedən şair müharibəni canlı olaraq
görmüş və cəbhə həyatının çətinliklərini
yaşamışdır. Gördüklərini öz
şeirlərində canlandıran şair ilk məşhur əsəri
olan "Bəxtiyar" şeirini qələmə
almışdır.
Həmin
dövrdə o, xalqın qəhrəmanlıq mübarizəsini,
qələbəyə inamını, humanizmini əks etdirən
əsərlər yaratmış, 1942-ci ildə "Vətən",
"Ölməz qəhrəmanlar", 1943-cü ildə
"İntiqam! İntiqam...", "Qəzəb və məhəbbət"
və "Vəfa"
adlı şeir, hekayə və oçerklər
kitablarını nəşr etdirmişdir. Qələm dostunun
yaradıcılığına yüksək qiymət verən
Xalq şairi Səməd Vurğun o illərdə qeyd edirdi:
"Rəsul Rza romantik bir qəlblə yazdığı
"İntiqam" şeiri ilə insanları, yerləri və
göyləri, dağları və daşları belə
intiqama-faşist cəlladlarının başına od
yağdırmağa çağırdı".
Rəsul
Rza beynəlxalq miqyasda baş verən hadisələrdən təsirlənərək
yazdığı "Almaniya" poemasında, eyni zamanda,
"Çapey", "Cəlladları durdur",
"Madrid", "Həbəşistan" və s. şeirlərində hadisələri sakit, ardıcıl
epik planda yox, lirik planda təqdim etmiş və bu da həmin əsərlərin
janr-üslub xarakterini müəyyənləşdirmişdir.
XX əsrin 50-ci illərinin ikinci yarısında cəmiyyətdə
baş verən ictimai-siyasi islahatlar sovet rejiminin keçilməz
qalaya çevirdiyi sərhədlər üzərində qara pərdələri
qaldıraraq dünyaya pəncərə açmaq imkanı
yaratmışdır. Həmin dövrdə mədəniyyət xadimləri,
şair və yazıçılar az da
olsa, xarici mühitlə əlaqə saxlamağa
başlamışdılar. Rəsul Rza da bu imkandan yararlanaraq
beynəlxalq mövzuya müraciət etmiş və "Həbəşistan",
"İki dünya", "Madrid", "Azadlıq heykəli",
"Haqqın səsi" şeirlərini, "Almaniya"
poemasını yazmışdır. Bu əsərlərdə
fikirdən daha çox sözün yaratdığı poetik
ruh, birbaşa ifadə tərzi ilə əlamətdar olsa da,
şairin yaradıcılığında xüsusi mərhələni
təşkil etmişdir.
Onun səfər təəssüratları səciyyəsi
daşıyan bir sıra şeirləri yenilik
axtarışları yolunda öncədən uğur
qazanacağından xəbər verirdi. Obrazlı ifadələr və
forma əlvanlığı ilə seçilən "Şəttülərəb",
"Əlcəzair meydanında", "Açın
qapıları - insan gəlir", "Hələ bu
harasıdır" kimi şeirlər Rəsul Rza
poeziyasında "Qızıl gül olmayaydı"
poeması ilə başlamış yeni bir mərhələnin
davamı hesab edilə bilər. 1957-ci ildə Avropa ölkələrinə
- Fransa, İsveçrə, Türkiyə, Hollandiya,
İtaliya, Yunanıstan, Bolqarıstan və Rumıniyaya səfər
etmiş, "Zəfər ilahəsi", "Miloslu
qız" kimi Fransa həyatına həsr edilmiş şeirlər
yazmışdır. Məzmunca genişlik və
məna çalarları ilə seçilən bu şeirlərdə
şair sovet sisteminin müstəmləkəçi siyasətini
xarici mühitə köçürməklə ifadə
etmişdir.
Obrazlı
poetik təfəkkürün artıq sistem halına
düşdüyü bu yaradıcılıq mərhələsində
onun qələmə aldığı "Mən
torpağam", "İnsan şəkli",
"Soruş" kimi şeirləri və "Bir gün də
insan ömrüdür" poeması, ümumilikdə,
poeziyamızın xüsusi səciyyə daşıması
baxımından maraq doğurur. Çünki
burada obrazlı ifadə tərzi ilə həyata vəsiqə
qazanmış fikir adi fəlsəfi konsepsiya çərçivəsindən
çıxaraq əsl poeziya məhsulu kimi komponentləşir
və ümumi kompleksin ayrılmaz tərkib hissəsinə
çevrilir. Belə şeirlərin hər
bir misrası obrazlı şəkildə ifadə edildiyindən
onlar müstəqil bir əsər daxilində misra sərbəstliyini
qorumaqla, öz çəkisi ilə də bir-birindən
seçilir. Məşhur
"Soruş" şeirində şair yazır:
Od nə
çəkdi,
küldən soruş!
Baş nə
çəkdi,
dildən
soruş!
...
Zülmətlərin möhnətini
kor
söyləsin!
Bəm
xalların fəryadını zildən soruş!
Ömrün
çətin yollarında
daşa
ləpir salsa ayaq,
Gün nə
çəkdi,
ildən
soruş!
Bu şeir başdan-başa müstəqil məna dəyərinə
malik obrazlı poetik misralardan ibarətdir. Bu baxımdan tənqidçi
Qulu Xəlilov yazmışdır: "Rəsul Rza
görülmüş bir işin son bəzək-düzəyi
ilə məşğul olan, başqalarının dediklərini
yenidən təkrar edən şairlərdən deyil. O,
sözün həqiqi mənasında, novatordur... Rəsul Rza şeirimizdə yeni fikir və forma
uğrunda ardıcıl mübariz olan şairlərdəndir".
Ümumiyyətlə, 60-cı illərdə Azərbaycan
poeziyası, inkişaf yolu və onun doğurduğu ideya-bədii
problemlər baxımından yeni cəhətlə səciyyələnir
ki, bu da özünü şairin insana, dünyaya münasibəti
ilə büruzə verir. Rəsul Rzanın "İnsan şəkli",
"Mən torpağam", "Soruş" adlı şeirləri,
"Bir gün də insan ömrüdür" poeması
poeziyanın bu səciyyəsinin bariz nümunəsidir. Bu poema insanı layiq olduğu ucalığa
çatdırmaq əzminin tərənnümünə xidmət
etmişdir.
Bu dövrdə poeziyada obrazlı-assosiativ ifadə
üsulunun, intellektual başlanğıcın ilk nümunələrinə
təsadüf olunur. Bu, ənənəyə
qayıdışın yeni forması demək idi. Klassik poeziya nümunələrində rast gəldiyimiz
assosiativ bədii təfəkkürün müxtəlif
formaları poeziyada təkrar doğuluşu ilə yeni mahiyyət
kəsb etməyə başlamışdır.
Sözə qiymət vermək, onu misra daxilində yerində
və fikir elementi kimi işlətməyi bacarmaq, yeni fikir və
forma axtarıb tapmaq, misra və bəndlərin məna dəyərini
və tutumunu gücləndirmək Rəsul Rza
yaradıcılığına məxsus əsas keyfiyyətlərdir. Bu illərdə
onun yaradıcılığında mövzu dairəsi xeyli
genişlənmiş, intellektual mənbə, analitik bədii
idrak, müasir həyat hadisələrinə fəlsəfi
yanaşma meylləri artmışdır. Belə ki,
"Xalq həkimi", "Qızılgül
olmayaydı", "Bir gün də insan
ömrüdür", "Pəncərəmə düşən
işıq", "Duyğular, düşüncələr",
"Dözüm" adlı şeir kitablarında da
şairin humanist, insanpərvərlik ideyaları əks
olunmuşdur.
"Qızıl gül olmayaydı" poeması Azərbaycan ədəbiyyatında repressiya qurbanları mövzusunda yazılmış ən dəyərli əsərlərdən biridir. Poemanın əsas mövzusu nakam şair Mikayıl Müşfiqin həyatı və taleyidir. Bununla belə, şair qəhrəmanının timsalında 1937-38-ci illərdə Azərbaycanda otuz mindən çox ziyalı təbəqəsinə qarşı baş vermiş repressiyanın əzab-əziyyətini, rejimin insanlığa qarşı törətdiyi faciənin mahiyyətini açıb göstərmişdir. O, Müşfiqin həyatının bəzi epizodları fonunda bütöv bir tarixi dövrün, ictimai-siyasi və ədəbi mühitin mənzərələrini əks etdirmişdir. R.Rza poeziyasının tədqiqatçılarından A.Abdullazadənin qeyd etdiyi kimi, "Müşfiqin obrazında ümumiləşən poema qəhrəmanı otuzuncu illər, daha doğrusu, bu illərin faciəli hadisələridir. Ədəbiyyatda həmişə öncüllərdən olan novator şair R.Rza bu poemada da həmin illərin iç üzünü açan ilk ədib oldu".
Təhkiyənin bu formasını əsərin sonuna qədər davam etdirən şair qarşısına qoyduğu məqsədə nail olub.
1962-ci ildə çap olunmuş "Rənglər" silsiləsində iyirminci əsr insanının mənəvi aləmi rənglərin doğurduğu assosiasiyalar vasitəsilə açılır. Görkəmli türk şairi Nazim Hikmətin qeyd etdiyi kimi, "Rənglər" silsiləsində Rəsul Rza bir şair kimi özü-özünü ötüb keçmişdi. Qırx yaşına qədər o, sadəcə yaxşı şair idi. İndi isə böyük şairdir. Ola bilər onun şeirləri sizin xoşunuza gəlsin, ya gəlməsin, bu, sizin öz işinizdir - ancaq onu başqa bir şairlə qarışıq sala bilməzsiniz".
Başdan-ayağa assosiativ təfəkkürdən doğan poetik nümunələr oxucular üçün birmənalı qəbul edilə bilməz. Onlar buna öyrəşmişdi ki, əşyalar və hadisələr arasında, bənzəyənlə bənzədilən arasında uyğunluq olsun. Əgər şair sevgilisinin camalını günəşlə müqayisə edirsə, qamətini sərvə bənzədirsə - bu məqbuldur. Bu baxımdan dağ-ucalıq, vüqar timsalı, kainat-sonsuzluq timsalıdır. Halbuki assosiativ təfəkkür hər bir hadisəyə, ağıla gəlməyən qəfil yönəmdən yanaşır. Belə şeir öz oxucusundan yüksək səviyyə, xüsusi intuisiya və müəyyən istedad tələb edir. Rəsul Rza "Rənglər"in "Uvertüra"sında yazırdı:
Ağ, qara, yaşıl, sarı, qırmızı;
Hərəsi bir sınaqla bağlıdır.
Biri həsrətimizi xatırladır,
biri dərdimizi, biri arzumuzu.
Hərəsindən bir məna arayıb,
bir səbəb görən var.
Rənglər xatirələr oyadır,
duyğuları oyadır.
Gördüyümüzdən artıq görmək
istəməsək,
hər rəng adicə boyadır.
Rənglərin də musiqi kimi ahəngi var,
Ağrının, sevincin, ümidin də rəngi var.
Düşündükcə
açılır,
Əlvan səhifələri rənglərin.
Rəsul Rza 70-ci illərdə yazdığı əsərlərində
də müasirliyə geniş yer ayırmış, onu əsas
mövzu kimi qabartmağa müvəffəq olmuşdur.
Rəsul
Rza yaradıcılığı milli-mənəvi dəyərlərə,
vətənpərvərlik və vətəndaşlıq hisslərinə
söykənərək Azərbaycan oxucusuna
geniş düşünmək bacarığı
aşılamış, polemik ruh və fikir hərəkəti
gətirmiş, bəşəri hisslər tərənnüm
edilmişdir. Odur ki, hər zaman müasir və ölməz
olan bu poeziya bu gün də yaşayır, sabah
da yaşayacaq!
525-ci qəzet 2018.- 16 mart.- S.6.