ÖLƏN,
SAĞ ƏLİN BAŞIMA
Özüm
boyda bir daş olub,
Düşüb yığvalım başıma.
Kim deyirdi
səni, dünya,
Sevim,
çıxarım başıma?..
Halal
loxmam, halal adım,
Haramına ulaşmadım.
Nə
qapazın yaraşmadı,
Nə də
sığalın başıma...
Mən
ki, boyun burub durdum,
Bir ömür uydurub durdum.
Nə
oyunlar qurub durdu
Əyrin,
cığalın başıma...
Kar
oldummu, lal oldummu,
Ondan belə
bal oldummu?..
Mən
qal oğlu qal oldummu,
Ölən,
sağ əlin başıma...
ÖLÜRSƏM, ALLAH
ÖLDÜRSÜN
Olurmu
yanım oduna,
Zülmünü çəkim olmazın.
Başına
dolanım, durum,
Getməyə
yolum olmasın?..
Nə gəlirsə
canım, gəlsin,
Dərd gəldi, dərmanın gəlsin.
Olurmu fərmanın
gəlsin,
Altında
qolun olmasın?..
Nə bir
çarə, əlac burax,
Neynək, susuz qoy, ac burax.
Burax, ya
da ki aç burax,
Mən adlı qulun olmasın.
Haqlıyam,
üzüm güldürsün,
Suçluyam, həddim bildirsin.
Ölürsəm,
Allah öldürsün,
Qoy, sənin
əlin olmasın...
SONRA
GÖRDÜLƏR
Doğrudu,
gördülər məni,
Gördülər, sonra gördülər.
Elə
bil ki sağırdılar,
Kordular, sonra gördülər.
Bu
naşı ovçular elə
Qənimim oldular elə.
Qaçdıqca
qovdular elə,
Yordular, sonra gördülər.
Nə
başlar, dəhnələr varmış,
Nə qorxunc səhnələr varmış.
Ürəyimdə
nələr varmış,
Qırdılar, sonra gördülər.
Beləymiş
künclər, bucaqlar,
Beləymiş gözdən uzaqlar.
Yolum
üstdə nə duzaqlar
Qurdular, sonra gördülər.
Çox
kəsildi şərt üstümdə,
Yandım, boğuldum tüstümdə.
Qoşunuydu
dərd üstümdə,
Ordular sonra gördülər.
Olan
olmuş, bitən bitmiş,
İman itmiş, Quran itmiş.
Yan-yörədə
hürən itmiş,
Qurd ular, sonra gördülər.
Mən ki
qayıldım azıma,
Bəxtimə, alın yazıma.
Öldürdülər,
namazıma
Durdular,
sonra gördülər...
GETMƏDİ
Sadiq
dostum oldu necə,
Aha bax,
aha, getmədi...
Fırlandı
yan-yörəmdəcə,
Çəkilib
dağa getmədi...
Heç
bilməzdim çəmi belə,
Əzabmış kef-dəmi belə.
Getmədi
dərd-qəmi belə,
Məndən
uzağa getmədi...
Ayrılıq
haq kimi gəldi,
Lap elə vaxt kimi gəldi.
Gəldi,
qonaq kimi gəldi,
Yurd
saldı daha, getmədi...
Neynim,
kaş ki yan ötəydi,
Keçib
yanımdan ötəydi...
Bu eşq
canımdan ötəydi,
Canımdan
baha getmədi...
GƏLMƏMİŞ
Ay mənim
pərvanə canım,
O arzu,
kamın gəlməmiş.
Çox
dolanıb, durma belə,
Gəlməmiş,
şamın gəlməmiş...
Asanmı
Məcnunluq, asan,
Gör
kimlərə qoşulmusan...
Sən
artıq sərxoş olmusan
Mey dolu
camın gəlməmiş...
Dərilən
dərilib, düzdü,
Yuyulub, sərilib, düzdü.
Bir bəxt
göndərilib, düzdü,
Yanıca
zamın gəlməmiş...
Axı
paşa-paşa dedim;
Salar
dağa-daşa dedim
Sözlə
də baş-başa, dedim
Qalma,
ilhamın gəlməmiş...
QOŞA
QANADNAN ÇIXMIŞAM
Saatlar bir
saat geri çəkildi...
Səhər-səhər
bu gün evdən
Təzə saatnan çıxmışam.
Bu əlinən,
bu gözünən,
Bu ayaq -atnan çıxmışam.
O köhnə
arzu, diləknən,
O “baxaq”nan, o “görək”nən.
O həmin
xəstə ürəknən,
O həmin
çatnan çıxmışam.
Mən
piyada, o qız atlı,
Bir nağılmış tatlı-tatlı.
Sonucunda
ömür adlı
Yola arvadnan çıxmışam.
Bir
yanıq Kərəməm elə,
Ardımca yol gəlir Lələ.
Məcnunnan
düşmüşəm çölə,
Dağa Fərhadnan çıxmışam.
Bir
şey ki qayılam aza,
Çox özün qoymasın naza.
İl
olub ki qışdan yaza
Beş-on manatnan çıxmışam.
Uyub
şeytan, cin oynuna,
Bir qondarma din oynuna.
Düşüb
fələyin oynuna,
Çıxanda matnan çıxmışam.
Əksilməz
ki can bu cannan,
Alınmaz ki qan bu cannan.
Gəzmə,
ölüm, mən bu cannan
Qoşa
qanadnan çıxmışam...
MƏN
ADDA BİRİ VAR-DAŞ TƏRƏZİDİ...
Kim deyir tək
elə fikir çəkənəm,
Çəkir də gözümə gözüm şəklini.
Mən həm
də çox gözəl şəkil çəkənəm,
Çox
gözəl çəkirəm sözün şəklini...
Gündüz
gülər görüb surətimi də,
Aldanma, nə çəksəm gecə çəkirəm.
İllərdi
mən sənin həsrətini də,
Gülüm,
bilirsən ki necə çəkirəm...
Canımın
bir gizli sirri yox artıq,
Vicdan dedikləri baş tərəzidi.
Dünyada
mən adda biri yox artıq,
Mən
adda biri var-daş tərəzidi...
Dərdi
də tuturam dilə, çəkirəm,
Kənardan eşidib, duyanı olmur.
Vallah,
ağrını da elə çəkirəm,
Bir qram o
yanı, bu yanı olmur...
GÖRÜNÜR
HƏMİŞƏ YOL MƏNDƏN QABAQ
Canım,
bircə kəlmə sözə dəymərəm,
Qabaqdı, bir kəlmə “OL” məndən qabaq.
Tək elə
yer olsa, göy olsa nə qəm,
Ot məndən
qabaqdı, kol məndən qabaq.
Bu
çapar könlümə, atdı könlümə,
Yaddı sən çəkənlər, yaddı
könlümə.
Nə
sağım, nə solum yatdı könlümə,
Sağ məndən
sonradı, sol məndən qabaq.
Almadım
vecimə şah oğlu şahı,
Köləsi olmadım, sevdim Allahı.
Mən
könlüpaşanın biriyəm axı,
Olmaz kölə məndən, qul məndən qabaq.
Özünü
özündə gəl də ram elə,
Həm ovam, həm də ki, ovçuyam elə.
Mən
ana bətnindən yolçuyam elə,
Görünür
həmişə yol məndən qabaq...
DÜNYA
QONAQ SEVƏN DEYİL
Nəyini
sev deyim, canım,
Harasına güvən deyim?
Nə
dövlətdə dəvən dünya,
Nə
övladda nəvən deyil...
Eylə
başda çətir yası,
Yas üstündən gətir yası.
Nə
biryolluq bitir yası,
Nə
şivəni şivən deyil...
Güc
yeridi, zor yeridi,
Çəpik yeri, xor yeridi.
Nə
Şuşası gor yeridi,
Nə
bayrağı kəfən deyil...
Oldun
utanc, eyib yeri,
Əy, başını əyib yeri.
Hələ
də gəlməyib yerin,
Hələ
də girəvən deyil...
Öz-özünə
göz dağısan,
Öt də, elə son ağısan.
Çox
da Allah qonağısan,
Dünya
qonaq sevən deyil...
ADIM
Yaşadım
alovlar, odlar içində,
Neynim, görünmədi boyum-buxunum.
Adım
seçilmədi adlar içində,
Hələ
kimlərdənsə sonra oxunur...
Bir mənəm,
bir də ki sinəmin dağı,
Nə çəkdim həsrətdən, əzabdan
özgə.
Nəyim
var adıma, nəyim var axı,
Nəyim
var beş-altı kitabdan özgə?..
Olmadı
qəflətdən oyan, dur, deyən,
Heç vardan, dövlətdən dəvəm də
yoxdu.
Bir azca
köhnədi, uzundur deyə,
Adımı
daşıyan nəvəm də yoxdu...
Bura da gəlmədim
kefim əlindən,
Gör
elsiz-obasız nə urvatdayam...
Zor ilə
alındı evim əlimdən,
Hələ
də havada qeydiyyatdayam...
Qoyub gedəcəyim
yolmu, izmi var,
Gör hələ
nə düşdü yadıma mənim;
Daha bu
dünyada küçəmizmi var,
Sabah da
verilə adıma mənim...
Di
yaşa, günləri günlərə cala,
Şələlə bu zatsız yaddaşın üstə.
Əslində
o gündən daş altda qalar,
Elə ki
yazıldı ad daşın üstə...
Bu boyda
alilər, zatlar içində,
Neynim, görünməyir boyum-buxunum.
Adım
da seçilmir adlar içində,
Hələ
kimlərdənsə sonra oxunur...
TUTURLAR
Gör
necə qoyurlar adam yerinə,
Adını
adlara tay da tuturlar...
Qoymurlar
qalasan dərdsiz, kədərsiz,
Hər dərddən, kədərdən pay da tuturlar.
Nə
boyda ara var yanından tora,
Düşmək keçməsə də, canından
tora.
Gör
necə salırlar qanundan tora,
Boyuna
gör necə qayda tuturlar...
Çıx
üstə, qurusun çay, cəhənnəmə,
Doğmasın üzünə ay, cəhənnəmə.
Özünün
saydığı say cəhənnəmə,
Fələyin
saydığı sayda tuturlar...
Necə
biləsən ki, yaxın kimsəni,
Hələ qorxudursa yuxun kimsəni.
Çəkirsən,
tutmayır ahın kimsəni,
Elə,
ahını da göydə tuturlar...
GÖR
NECƏ SEVİRMİŞ DƏRDİM DƏRDİNİ...
Bu necə
qovğaydı, necə qal idi,
Başından aşırdı, gördüm dərdini.
Bir az dəyməmişdi, bir az kal idi,
Bir azca dəyməmiş dərdim dərdini.
Qarası
qaramdı, ağı ağımdı,
Sinəyə çəkilən dağı
dağımdı.
Dərddən
bir qalacıq hörən çağımdı,
Dərdimin üstünə hördüm dərdini.
Hər
işdə xeyir var, şər də var axı,
Yaşamın
min dürlü şərti var axı...
Dərdin
də namərdi, mərdi var axı,
Çəkməyə nə vardı mərdin dərdini.
Hələ
ürək deyil, bağrında daşdı,
Mən də ki, o həmin gözləriyaşlı.
Mənimlə
gör necə bağrıbadaşdı,
Gör
necə sevirmiş dərdim dərdini...
ÜRƏYİMİ
ÇIXARDIRAM ARADAN
Bundan belə
nə istəyim, nə umum,
Bumu, canım, ömür bumu, gün bumu?
Gündə
yüz yol daşa dəyən arzumu,
Diləyimi çıxardıram aradan.
Dərdim
vardı, tapılmadı dərmanı,
Çətin
daha qəbul ola qurbanım.
Yol
üstdədi, köç üstdədi karvanım,
Gərəyimi çıxardıram aradan.
Sıcaq-sıcaq
azalmaqda sıcaqlar,
Soyuq-soyuq kəsilməkdə qucaqlar.
Veyil-veyil
dolaşmaqda bıçaqlar,
Kürəyimi çıxardıram aradan.
O yan
yoxdu, bəri yoxdu, görürəm,
Biri varsa, biri yoxdu, görürəm.
Nə
vaxt, harda yeri yoxdu görürəm,
Ürəyimi çıxardıram aradan...
Kəmaləddin
QƏDİM
525-ci qəzet.- 2018.- 17 mart.- S.23.