Amerikanın xilaskar peyğəmbəri -
Abraham Linkoln
(Əvvəli
ötən şənbə sayımızda)
Qrant Lİ ordusunu məğlub edə və Riçmondu
tuta bilmədiyinə görə, Pitersburqun doqquz ay davam edən
mühasirəsini qurdu.
1864-cü ilin yayında və payızında 30 iyulda
daş kömür şaxtasının partlayışı ilə
federallar uğursuzluğa düçar oldular və bu vaxt
konfederatlar Vaşinqtonu tutmağa qadir idilər.
Şerman isə elə
həmin dövrdə Corciyadan Atlantaya tərəf
atıldı. Onun qüvvələri 110
min olmaqla, Konfederatınkından iki dəfə böyük
idi. Cənub sərkərdəsi prezident Devisə məlumat
verdi ki, o, Şermanın qüdrətli
ordusunun öhdəsindən gələ bilməyəcəkdir.
Devis onu vəzifədən götürdü.
Döyüşdə ağır yara almış yeni Cənub
komandanı B. Hud sentyabrın 1-də
Atlantanı tərk etdi. Şerman onu təqib
edib, dekabrın 21-də Savannanı tutdu. Minnətdar
amerikalılar onun böyük xidmətlərinin əvəzi
kimi XX əsrdə icad etdikləri güclü tanka “Şerman”
adını verdilər. Porterin hərb gəmilərinin
müşayiəti ilə o, Red River (Qırmızı
çay) tərəfə hərəkət etdi. Bu döyüşdə
Porter bir neçə kanonerka itirdi və Şerman
uğursuzluğa uğradı.
Federal qoşunları konfederaları təqib edib, Missuri
çayının cənub sahilindən qərbə tərəf
hərəkət etdilər. Konfederat generalı
Prays qəti şəkildə təslim edildi və dekabrın
2-də Arkanzasa geri çəkildi. Prays
artilleriyasının əksəriyyətini və
özünün 12 minlik ordusunun çox böyük hissəsini
itirdi.
10 yanvar 1865-ci ildə Tennessi və Corciya artıq
federalların əlində idi. Şerman 60 min adamla
şimala tərəf, Karolinanın içərilərinə
hücum etdi. Konfederat qüvvələri
çox zəifləmiş və kiçilmişdi. Şerman Kolumbiyanı fevralda işğal etdi və
konfederatları Çarlstona köçməyə məcbur
etdi. Li nəhayət Konfederatın baş
komandanı adlananda, Constonu, Federal qüvvələrin
qarşısını kəsməli olan kiçik orduya
komandan təyin etdi. 18 apreldə (artıq
Linkolnun ölümündən sonra) Conston Şermana təslim
oldu.
Qrant və
Mid 1865-ci ilin əvvəlində diqqəti
Pitersburqun və Riçmondun mühasirəsinə cəmləmişdilər.
Cənub lideri hücum edib, qısa müddətə
mühasirəni pozdu. Lakin öz xətləri
parça-parça olduqda, Li 2-3 aprel gecəsi Pitersburqu və
Riçmondu tərk etdi.
Linin son
sığınacaq tapdığı yerdə də mühasirədən
çıxmağa etdiyi son cəhd uğursuz olduqda,
Appomattoksdakı məhkəmə binasında 9 aprel 1865-ci ildə
özünün Şimali Virciniya ordusunun
qalıqlarını Qranta təslim etdi. Təslim
Federal baş komandanının şərtləri əsasında
getdi. Qrantın eqoizmdən kənar olan bu
şərtlərində də onun alicənablığının
nişanələri görünürdü. Axırıncı Konfederat qoşunu isə
Texasdakı Qalverston limanında 2 iyunda təslim oldu və
Amerika torpağında tarixdəki ən böyük
müharibə başa çatdı.
Hər iki tərəfdə müharibə dövründə
komandanlıq problemləri mövcud idi. 1861-ci ildə
iki rəqib baş komandan müqayisə edildikdə,
adamların çoxu düşünürdü ki, Devis
Linkolndan daha qabiliyyətlidir. Devis West Point-da
(Amerikadakı məşhur ali hərbi məktəb)
təhsil almışdı, Meksika müharibəsinin qəhrəmanı
idi, prezident Franklin Piers hökumətində bacarıqlı
müdafiə naziri, Birləşmiş Ştatların
Missisipidən senatoru olmuşdu. Linkon isə
İllinoys ştat qanunvericiliyində xidmət etmiş, bircə
müddətə (iki illiyə) Birləşmiş Ştatlar
Nümayəndələr palatasının üzvü
olmuşdu. Yalnız qısa müddətdə Black Hawk (“Qara
Quzğun”) müharibəsində hərbi xidmət etməsi
ilə öyünə bilərdi. Burada da onun fərqlənmək
imkanı olmamışdı.
Devis prezident və Konfederat qüvvələrinin baş
komandanı kimi çox sayda yaxşı keyfiyyətlərini
göstərə bilmişdi, buna səbirlilik, cəsarət,
ləyaqət, təmkinlilik, möhkəmlik, enerji, qətiyyətlilik
və vicdanlılıq daxil idi. Lakin o, həm də müstəsna
qaydada məğrur adam idi, tənqidə
riyakarlıqla yanaşırdı və onun, ən kiçik
detalları da öz tabeliyində olanlara ötürmək
qabiliyyəti də yox idi, hər şeyi öz əlində cəmləşdirmək
istəyirdi. Devis əslində, özünün həm də
müdafiə naziri idi, baxmayaraq ki, Konfederasiyanın tarixi boyu beş müxtəlif adam bu vəzifəni
tutmuşdu. Devis, Robert Li 1865-ci ilin fevralında
bu posta təyin olunana qədər Konfederat ordusunun baş
generalı vəzifəsini tutmuşdu. Li həmin
vəzifəyə keçəndə Konfederasiya artıq
süquta yaxın idi.
Çoxlarının təəccübünə rəğmən
Linkoln öz vəzifəsində zaman keçdikcə və təcrübə
əldə etdikcə kamilləşirdi,
böyüyürdü və 1864-cü ildən o, mütləq
müharibə komandanı, bu dəhşətli və
geniş bir ərazidəki səhnənin rejissoru idi. O, əvvəl vaxtlarda
xüsusən strategiya və taktika məsələlərini
çox öyrənirdi. İlk uğursuz
müdafiə naziri Simon Kemeronun dövründə o, tərəddüd
etmədən hərbi hərəkətlərin
planlaşdırılmasına birbaşa müdaxilə edirdi.
1862-ci ildə müdafiə naziri təyin olunan
Edvin Stenton da hərbi işləri bilmirdi, lakin öz rəhbərinə
fəal kömək edirdi.
Linkoln prezident vəzifəsini tutanda Uifild Skott Fedderal
baş general idi. 75 yaşlı Skott 1812-ci il və
Meksika müharibələrinin qəhrəmanı idi və
1861-ci ilin noyabrında pensiyaya çıxdı. Onun yerinə gənc Corc Makklellan təyin olundu.
Lakin o, Linkolnla harmoniyalı əlaqə qura bilmədi.
1862-ci ilin martında o, azad olundu. Con Hellekdən
sonra, 9 mart 1864-cü ildə Uliss Qrant bu vəzifəni tutdu. Hellek isə baş qərargah rəisi oldu. Müharibənin qalan dövrü ərzində Qrant
çox səmərəliliklə baş general vəzifəsini
icra etdi.
Müharibə illərində hər iki tərəf
kütləvi volyunterlər ordusu qaldırmağa keçdi. Yerli görkəmli
vətəndaşlar vuruşa girəcək alaylar təşkil
etməli idilər.
Devis müdafiə döyüşlərinə
üstünlük verirdi, Şimal ərazilərinə girməyə
o qədər meylli deyildi. Linkoln isə öz
qoşunlarını Cənub ərazilərinə girməyə
sövq edirdi. Müharibənin gedişi
dövründə o, artıq bacarıqlı generallara malik
oldu və Cənubla müqayisədə güclü
resurslardan istifadə edirdi. Linkolnun Cənuba
müdaxilə taktikası fayda verirdi, federallar Cənubun həyati
ərazilərinin əksəriyyətini tədricən
işğal edib, əllərində saxlamışdı.
Onun böyük strategiyası Skottun “Anakonda”
adlanan planına əsaslanırdı. Lakin
həmin strategiya qısa müddət üçün
heç də öz səmərəliliyini göstərə
bilmədi. Bütün cəhdlərə baxmayaraq,
müharibə dörd il davam etməklə
nəhəng itkilərə və ölkə ərazilərinin
viran qalmasına səbəb oldu.
Hər
iki tərəf laissez-faire (dövlətin biznesə, iqtisadi məsələlərə
müdaxilə etməməsi) prinsipinə əməl edirdi, qiymətlərə,
maaşlara və ya mənfəətlərə nəzarətə
az cəhd edirdi. Yalnız dəmir yolları həm
Şimalda, həm də Cənubda hökumət tərəfindən
nizamlanmağa tabe idi. Nə Linkoln, nə də Devis
adminstrasiyaları müharibəni maliyyələşdirməyin
öhdəsindən necə gəlməyi bilmirdi. Ona görə də hər ikisi çap
maşınını işlətməyə, dekret pulu
buraxmağa əl atdı və hər ikisi ağır borc
götürməli oldu. Birləşmiş Ştatlar
hökuməti 432 milyon dollarlıq kağız pul buraxdı,
bu vaxt Konfederasiya 1,5 milyard dollardan çox kağız əskinas
çap etmişdi. Hər iki sektsiyada inflyasiya
gedirdi, bu, Cənubda daha böyük sürət almaqla hiperinflyasiya
xarakteri almışdı. Müharibənin sonunda burada
bir çəllək un 1 min dollara
satılırdı.
Quldarlıq
problemi və Emansipasiya Proklamasiyası
Linkolnun fərdi
azadlıq məsələsinə dərindən və səmərəli
qaydada özünü həsr etməsinə isə heç
bir şübhə ola bilməzdi. Prezidentliyə seçilməmişdən əvvəl
o, tez-tez və bəlağətli şəkildə bu
mövzu barədə danışırdı. Misal
üçün, 1854-cü ildə o demişdi ki, ərazilərdə
quldarlığın mümkün olan genişlənməsinə
Duqlasın laqeyd münasibət bəsləməsini qəbul
etmir: “Mən buna nifrət edirəm, ona görə ki,
quldarlığın ədalətsizliyinin özü dəhşətdir”.
Və əlavə edirdi: “Mən buna nifrət edirəm, ona
görə ki, bizim respublika nümunəmizi dünyaya öz təsirini
göstərmək imkanından məhrum edir”.
1855-ci ildə
isə dostu Coşua Spiidə yazdığı məktubda 14 il əvvəl ikisinin birlikdə buxar gəmisində
Ohayo çayı ilə səyahət etdiklərini
xatırlayır: “Mənim kimi, sən də xatırlaya bilərsən
ki, Luisvilldə, Ohayo çayının mənsəbində gəminin
göyərtəsində on və ya bir düjün qul var idi,
onlar dəmir qandallarla bir-birlərinə
bağlanmışdılar. Bu mənzərə
mənə arası kəsilməyən və hansısa bir
quldarlıq sərhədində müşahidə etdiyimə
bənzər şeyləri daim görürəm”.
Quldarlıq həm də iqtisadi inkişafa mane olurdu. Hər bir qul
sahibi məhkəmə hakimi kimi özü cəzanı
müəyyən edirdi, onlar həm də qulu bir əmtəə
kimi alıb-satırdılar. Lakin bir
prezident kimi Linkoln əvvəllərdə abolyutsionist siyasətə
həvəssiz olaraq uyğunlaşırdı. O,
ştatların daxilindəki quldarlığa müdaxilə
etməməyə əsaslanan platformada seçilmişdi və
hər bir an şəraitlərin təsiri
altında bu məsələdə hansısa bir federal hərəkətin
Konstitusiyaya uyğun olmasına şübhə edirdi. O, 4
milyona yaxın zəncinin, onlar nə vaxtsa azad olsaydılar,
millətin sosial və siyasi həyatına
qatılmalarının da mümkün çətinlikləri
ilə razılaşırdı. Hər şeydən əvvəl
o, hiss edirdi ki, sərhəd quldarlıq ştatlarını
Birlikdə saxlamağa borcludur və qorxurdu ki, abolyutsionist
proqram onları, xüsusən doğma Kentukkini də
Konfederasiyaya doğru hərəkətə gətirə bilər.
Beləliklə, digərləri irəli gedəndə o, geri
çəkilirdi
Onun xarici görünüşündə də malik
olduğu xüsusi istedadından heç bir əlamət
görünmürdü. Lakin onun ağlına bir məharət
qüvvəsi əlavə olunurdu. O, öz fərasətinin
müşahidə edilməsi üçün sözlərdən
dəqiq nitq vasitəsi kimi istifadə edirdi. Qabiliyyətinin
zirvəsinə isə senator Duqlasla olan mübahisələrində
çatmışdı. Bu mübahisələri
bütün ölkə eşitmək istəyirdi. Və o, prezidentliyə hazır olanda prezident
seçilmişdi.
Prezident kimi səbirli hərəkət etməyə üstünlük verirdi, vaxtı çatmamış tədbirlərin icrasına imkan vermirdi. Generallar Con Frimont və Devid Hanter özlərinin müvafiq hərbi departamentlərinin daxilində sahiblərindən narazı qalan qullara azadlıq verilməsini bəyan etdikdə, Linkoln hətta həmin proklamasiyaları ləğv etmişdi. Konqress müsadirə aktlarını qəbul edəndə (1861-ci və 1862-ci illərdə) o, qul mülkiyyətinin tutulması üçün ona verilən səlahiyyətin gücləndirilməsinə neytral qaldı. Buna görə onu tənqid edəndə, səbirli qaydada cavab verdi: “Mənim bu mübarizədə böyük məsələm Birliyi xilas etməkdir, quldarlığı xilas etmək, ya da ləğv etmək deyildir. Əgər mən hansısa bir qulu da azad etməklə onu xilas edə bilsəm, mən bunu edəcəyəm və əgər mən bir hissəsinin azad edib, digərlərini olduqları vəziyyətdə tərk etməklə Birliyi xilas etsəm, mən həmçinin onu edəcəyəm”.
Abolyutsionistlər isə heç vaxt unuda bilməzdilər ki, Linkoln əvvəllər quldarlığın ləğv edilməsinin tərəfdarı olmamışdır. Konqressdə quldarlığın opponentlərinin lideri olan senator Çarlz Samner söhbət vaxtı Linkolna demişdi ki, bizim cəbhələri birləşdirmək vaxtı gələcəkdir və biz ölkəmizin düşmənlərinə arxamızı göstərməyəcəyik. Samner istəyirdi ki, Linkoln ayrılmış ştatlarda quldarlığı ləğv etsin. Lakin Linkoln hələlik bunu etmək istəmirdi və hərbin tələbi gəlib çıxanda isə bunu həyata keçirməyi heç də gecikdirmədi.
Bu vaxt yüksələn antiquldarlıq hissinə cavab vermək üçün o, özünün Emansipasiya (azad olunma) planını hazırlamağa başladı. Onun təklifi üzrə qullar ştatın özünün aktı ilə azad olmalı idi, qul sahibləri müvafiq kompensasiya almalı idilər, federal hökumət ştatın çəkməli olduğu maliyyə yükünə şərik olmalı idi. Emansipasiya prosesi tədricən getməli idi və azad olunmuş adamlar xarici ölkələrdə məskunlaşmalı idilər. Konqress Linkoln planını həyata keçirmək üçün zəruri fondların yaradılmasına səs verməyə hazır olduğunu bildirdi, lakin Şimalla sərhəddə yerləşən ştatın heç biri qulların azad olunmasına başlamaq istəmirdi və yalnız az sayda olan zənci liderləri öz xalqının xarici ölkəyə göndərilməsini arzu edirdi.
(Ardı var)
Telman
ORUCOV
525-ci qəzet.- 2018.- 17 mart.- S.22.