Azərbaycan siyasi mühacirətinin ilk
böyük itkisi - Xalq Cümhuriyyəti-100
YAXUD PARİSDƏ DƏFN
75 il
bundan əvvəl, 1934-cü il noyabrın 5-də Paris ətrafındakı
ucqar Sent Klu rayonunda, özünün kasıb, sadə mənzilində
XX əsr Azərbaycan tarixinin ən görkəmli şəxsiyyətlərindən
biri Əlimərdan bəy Topçubaşov (1863-1934)
dünyaya gözlərini yummuşdu.
Azadlığına qovuşmuş vətənində,
qurucularından biri olduğu müstəqil Azərbaycan
Cümhuriyyətində o, cəmisi üç aya yaxın
yaşaya bilmişdi. 1918-ci il avqustun 23-də dövlətinin Fövqəladə
və Səlahiyyətli naziri kimi müvəqqəti paytaxt Gəncədən
İstanbula, oradan isə Parisə yollanmış,
dünyanın yeni siyasi xəritəsini cızan Versal sülh
konfransında Azərbaycan nümayəndə heyətinin fəaliyyətinə
rəhbərlik etmişdi.
Birinci Respublikanın sülh konfransının Ali
Şurası tərəfindən
de-fakto tanınması və beynəlxalq hüququn subyektinə
çevrilməsində şəxsən
Ə.Topçubaşovun və rəhbərlik etdiyi nümayəndə
heyətinin müstəsna xidməti vardı. Onlar
Azərbaycan adlı dövlətin fiziki və siyasi
mövcudluğunu fakta çevirdilər. Dünyanın
həmin faktı tanıması, qəbul etməsi yolunda ilk və
mühüm addım atdılar. Bu,
artıq elə bir reallıq idi ki,
işğalçılıq iştahalarının intəhasızlığına
baxmayaraq, bolşeviklər də onunla barışmalı
oldular. Cümhuriyyətin sərhədlərini
qayçılasalar da, bu coğrafiyada Azərbaycan SSR yaratmaq məcburiyyətində
qaldılar.
Cümhuriyyətin
süqutundan sonra Fransa paytaxtında maddi və mənəvi
sıxıntılarla dolu siyasi mühacir həyatı
keçirdiyi sonrakı 14 il ərzində də Əlimərdan
bəyin bütün qayəsi, məqsəd və məramı
öz ölkəsinin tapdanmış haqlarının bərpa
edilməsi, yenidən azadlıq
və müstəqilliyə qovuşması olmuşdu.
Yalnız Azərbaycanın deyil, Qafqaz regionunun,
bütünlükdə türk-müsəlman
dünyasının görkəmli siyasi liderlərindən
biri kimi tanınan Ə.Topçubaşovun vəfatı və
dəfni müxtəlif ölkələrdə, müxtəlif
dillərdə çıxan mühacir mətbuatında
geniş işıqlandırılmışdı. Xüsusən onun Fransa
paytaxtındakı izdihamlı dəfn mərasimi mühüm
ciddi manifestasiyaya, Azərbaycan xalqının siyasi iradəsinin
və əyilməzliyinin nümayişinə
çevrilmişdi. Qafqaz
mühacirətinin Parisdə
fransız dilində nəşr olunan “Prometey” dərgisi
ilə bir sırada Varşavada türk-Azərbaycan və rus
dillərində çıxan “Şimali Kafkasya-Severnıy
Kavkaz” jurnalı da 1934-cü il
noyabr sayının böyük bir hissəsini Əlimərdan
bəy Topçubaşova, onun həyatına, mübarizəsinə,
bir çox mühacir təşkilatları və liderlərinin
iştirakı ilə keçirilən izdihamlı dəfn mərasiminə
həsr etmişdi. Hər iki jurnalın noyabr
sayının üz qabığında azərbaycanlı
siyasi xadimin portretinin yerləşdirməsi də ayrıca
qeyd olunmalıdır.
Aşağıda
“Şimali Kafkasya -Severnıy Kavkaz”da dərc olunan və əsas
etibarı ilə 1934-cü il noyabrın 8-də Əlimərdan
bəyin Parisin Sent Klu qəbristanlığında dəfn mərasimini, məzarı
başında söylənmiş vida nitqlərini, həyat
yolu ilə bağlı bioqrafik səciyyəli yazılardan
ibarət materialları rus dilindən tərcümədə
“525-ci qəzet”in oxucularına təqdim edirəm. Jurnalda Azərbaycan türkcəsindəki “Əli Mərdan
bəy Topçubaşi” adlı nekroloq olduğu kimi
verilmişdir.
Ə.M.Topçubaşovun
ölümü münasibəti ilə
Uzun sürən əzablı xəstəlikdən sonra
biz Əlimərdan bəyi itirdik. Onun ölümü ilə təkcə
Azərbaycanın deyil, bütün müsəlman Yaxın
Şərqinin siyasi xadimləri arasında ən böyük şəxsiyyətlərdən
biri əbədiyyətə qovuşdu.
Bu alovlu və nəcib vətənpərvərin həyatı
xalqa xidmətə sərf olunmuşdu. Azərbaycanın, Rusiya
müsəlman əhalisi tarixinin müxtəlif
dönüş nöqtələrində, həmişə və
hər yerdə Əlimərdan bəy öncül mövqedə
dayanmışdı.
O, Rusiya
müsəlmanlarının bütün qurultaylarının
iştirakçısı və sədri olmuş, I Dövlət
Dumasına üzv seçilmişdi. Vıborq Bəyannaməsini
imzaladığına görə həbs cəzasına məhkum
edilmişdi.
Azərbaycan milli partiyasının rəhbəri və
Versal Sülh konfransında Azərbaycan Nümayəndə heyətinin
sədri kimi özünün bütün bacarıq və
enerjisini Vətənin taleyinə laqeyd qalmaq istəməyənlərin
səfərbər olunmasına yönəltmişdi.
Bu möhtəşəm və möhtərəm
insanın adı və xatirəsi tanıyanların
hamısının yaddaşında əbədi yaşayacaq,
onu həmişə xoş hisslərlə yad edəcəklər. Onunla
ünsiyyətdə olanlar Əlimərdan bəyin
işıqlı zəkasını,
xeyirxahlığını, atəşin vətənpərvərliyini,
səmimiyyət və qüdrətini heç zaman
unutmayacaqlar.
Azərbaycanın böyük oğlunun fəaliyyəti,
Vətən qarşısındakı zəhmətləri barədə
ayrıca danışmağa ehtiyac var. Əlimərdan bəydən
söz açmaq-Rusiya müsəlmanları və Azərbaycan
haqda, son 50 ildə bu ölkənin digər Qafqaz xalqları ilə
əməkdaşlığı haqda danışmaq deməkdir.
Əlimərdan bəyin siyasi fəaliyyəti
tariximizin böyük bir dövrünü əhatə edir.
Həmin dövr çərçivəsində
isə onun şəxsiyyəti çox mühüm yer tutur.
XIX əsrin sonu Azərbaycan tarixinin ən
uğursuz dövrlərindən biridir. Çarizm
rejiminin doğurduğu bədbin əhvali-ruhiyyə,
aramsız təqib və təzyiqlər xalqda azadlıq və
xoşbəxt gələcəklə bağlı bütün
ümidləri öldürmüşdü. Siyasi həyat sükunətə qərq olmuşdu.
Çar Rusiyasının işğalından
sonra ölkə sanki məzarlığı
xatırladırdı. Gözlənilmədən bu
sükuta dalmış vulkanın dərinliklərində hərəkət
başlandı. Öz
çağırışı ilə yatmış aləmi
oyadan, çalxalandıran, hərəkətə gətirən
şəxsiyyət meydana çıxdı. Onun xalq
sevgisi, enerjisi və vətənpərvərlik ruhu milli hərəkata
təkan verdi. Milli ideologiya
uğrunda mübarizə aparan cəmiyyətin
formalaşması prosesi başlandı. Lakin
bu şəxsiyyət təkcə mənsub olduğu millət
haqqında düşünmürdü, digərlərinin də
maraq və mənafelərini müdafiə edirdi. “Özün yaşa, başqalarına da
yaşamağa imkan ver!”- Əlimərdan bəyin
şüarı belə idi. O, həmişə Qafqaz
xalqları arasında qarşılıqlı anlaşma
mühiti yaratmağa səy göstərirdi. Bilirdi
ki, Qafqazın digər xalqları ilə yaxınlıq mənsub
olduğu millətə də yararlıdır. Ona görə var gücü ilə
çalışır, meydana çıxan
anlaşılmazlıqları aradan qaldırmaq
üçün qüvvə və enerjisini sərf edirdi.
Əlimərdan bəyin dəfn günü müxtəlif
Qafqaz millətlərindən olan natiqlər Qafqaz xaqları
ittifaqının yaranmasında onun fəaliyyətinin əhəmiyyətini
qeyd etdilər.
Mərhumun son vəsiyyətlərini xatırlayarkən
vurğulamaq lazımdır ki, o, ilk növbədə
Qafqazı azad və müstəqil görmək istəyirdi. Qonşularımız
dəfn günü Qafqaz Konfederasiyası Paktının
imzalanmasına imkan yaradan şəraiti, Əlimərdan bəyin
bölgənin vəhdəti uğrunda göstərdiyi səyləri
yada saldılar. Həqiqətən də
onun son gördüyü iş-Qafqaz xalqlarının birliyi
paktının imzalanması idi. Zamanı
yalnız buna çatdı. İmzalanmadan
sonra özünün ən böyük arzusuna yetişmiş
insan kimi gözlərini fani dünyaya həmişəlik
qapadı. Əslində isə bu son iş millətlərin
azadlıq yolundakı mübarizəsinin yeni başlanğıcı idi.
Əlimərdan
bəy Topçubaşovun dəfni
Azərbaycan
Parlamentinin keçmiş sədri, Paris sülh konfransında
Azərbaycan nümayəndə heyətinin rəhbəri, Azərbaycan
Milli Şurasının üzvü, Azərbaycanın
Konstantinopoldakı keçmiş Fövqəladə və Səlahiyyətli
naziri Əlimərdan bəy Topçubaşovun dəfn mərasimi
noyabrın 8-də keçirilmişdir. Cənazə
Paris məscidinin imamı Seyid Əli Yəhyayinin oxuduğu
dualarla yerdən qaldırılmışdır. Mərhum Sent Klu qəbristanlığında,
çoxsaylı yaxınlarının və dostlarının
iştirakı ilə torpağa
tapşırılmışdır. Cənazə
mərasiminin önündə mərhumun oğulları-Ələkbər
bəy və Ənvər bəy Topçubaşov, dul
qadını Pəri xanım Topçubaşova (Məlik-Zərdabi),
qızları Sara xanım Sultanoğlu və Sevər xanım
Topçubaşova, onların ardınca isə Azərbaycan
Nümayəndə heyətinin və Azərbaycan Milli
Şurasının üzvləri gedirdilər. Azərbaycan ənənəsinə uyğun olaraq mərhumun
nəşi qoyulmuş və güllərlə bəzədilmiş
mafə oğullarının və yaxın adamlarının
çiyinlərində evdən çıxarılaraq qəbristanlığa
gətirilmişdi. Burada isə Əlimərdan
bəyin nəşi dostları və yaxınları tərəfindən
mollanın oxuduğu Quran ayələrinin sədaları
altında torpağa tapşırılmışdı. Mərhumun qohumları və yaxınları təzə
qəbrin üzərinə çiçək dəstələri
düzmüşlər. Əlimərdan bəyin
ruhuna dua oxunandan sonra nitqlər söylənmişdir.
Onun doğmaları, dostları, həmvətənlər, azərbaycanlılar
və Azərbaycan milli təşkilatları adından cənab
Məhəmməd Əmin Rəsulzadə, gürcü
xalqı, Gürcüstan dövləti və gürcü milli
təşkilatları adından cənab Akaki Çxenkeli,
Qafqaz Dağlılarının Xalq Partiyası adından cənab
Tausultan Çakman, Ukrayna milli təşkilatları adından
cənab Venseslav Prokopoviç,
Türküstan milli ittifaqı və “Gənc
Türküstan” jurnalının redaksiyası adından cənab
Mustafa Çokayoğlu, Ermənistan Nümayəndə heyəti
adından cənab Aleksandr Xatisyan, kazak və kalmıkların
milli təşkilatı adından Şamba Balinov nitq söyləmişlər.
Müxtəlif milli təşkilatların və Azərbaycan
icmasının nümayəndələri dəfn mərasiminə
qatılmışlar.
Ukrayna dərnəyinin
sədri, nazir Qabriel Ferrand, Fransa-Şərq komitəsinin
qurucusu Abdon-Besson, Beynəlxalq Antibolşevik komitəsi sədrinin
müavini T.Krivez, cənab Repike və xanımı, xanım
Vozen, cənab Məmməd Girey Sunç, cənab Tausultan
Çakman və xanımı, cənab İbrahim Çulik,
Qafqaz Dağlıları Xalq Partiyasının Mərkəzi
Komitə üzvləri knyaz Bekoviç-Çerkasski, general
Ediq Xandoq, doktor Çakov, cənab Çermoev və
xanımı; Gürcüstanın keçmiş prezidenti cənab
M.N.Jordaniya, səlahiyyətli nazir A.Çxenkeli və
xanımı, keçmiş xarici işlər naziri cənab
E.Gegeçkori, keçmiş maliyyə naziri cənab
M.Kandelaki, general Kvintadze və xanımı, Gürcüstan
Paris Ofisinin rəhbəri cənab Asatiani, knyaz
Vaçnadze,
Gürcüstanın Konstantinopoldakı keçmiş səfiri
cənab Q. Qvazava, Parisdəki gürcü icmasının rəhbəri
cənab Abduçelli və xanımı, knyaz və
knyaginya Dadianilər,
keçmiş deputatlar cənab Dobedçiya və cənab
Mqeladze; Ermənistan nümayəndə heyətinin sədri cənab
A.Xatisyan, Ermənistanın keçmiş naziri cənab
Vratizyan, xanım Minkeviç, cənab Cançiev, cənab
Avnamatov; “Gənc Türküstan” jurnalının redaktoru cənab
Mustafa Çokayoğlu, Ukrayna Nazirlər Şurasının sədri
cənab Prokopoviç və xanımı, Ukrayna hökumətinin
naziri cənab Kuliqin və xanımı, knyaz və knyaginya
Tokarilər, Fransadakı Ukrayna Federasiyasının baş
katibi cənab Nikityuk və xanımı, Keçmiş Ukrayna
Döyüşçüləri İttifaqının sədri
general Udovitçenko və baş katib cənab Kovalski, Fransadakı Ukrayna
missiyasının sədri cənab Kosçenko və katibi cənab
Latotski, Parisdəki Ukrayna icmasının rəhbəri cənab
Yeremeyev; Kalmık qəzetinin baş redaktoru və Kalmık
Komitəsinin sədri cənab Balinov, “Azad kazaklar” qəzetinin
baş redaktoru cənab Bilgi, Kazak Dirçəlişi
Liqasının sədri cənab Karev və başqaları mərasim
iştirakçıları sırasında idilər.
Azərbaycan
Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin
nitqi
Xanımlar
və cənablar!
Bu gün millətimizin yetirdiyi ən böyük şəxsiyyətlərdən
birinə “Əlvida!” deyirik. Parlamentimizin ilk sədrini, Azərbaycan
Nümayəndə heyətinin möhtərəm başçısını
Fransa torpağına əmanət veririk. Təəssüf
ki, biz onu ana vətənində dəfn edə bilmirik.
Yalnız Parlament sədri, Nümayəndə heyətinin
rəhbəri, Milli Şura üzvü kimi vəzifələrinin
sadalanması onun bütün xidmətlərini əhatə
etmək anlamına gəlməməlidir. Millətin
rifahı və tərəqqisi naminə Əlimərdan bəyin
çəkdiyi zəhmətlərin sözlə ifadəsi
imkan xaricindədir. O, başdan-başa zəhmətlə
dolu 64 illik (yanlışlığa yol verilib, əslində,
Ə.M.Topçubaş 71 yaşında vəfat
etmişdi-V.Q.) ömür yaşadı. Və bu ömrün
50 ili millətə xidmətə, siyasi və
ictimai ideyalara həsr olundu. 50 il! Həyatının
tam yarısı! (mətndə belə
getmişdir. Çox ehtimal ki, natiq “Tam yarım əsr!”-
ifadəsini işlədib, sadəcə rus dilinə tərcümədə
fikri təhrif olunub-V.Q.). Bu-bütöv bir
dövrdür. Bəli! Biz Əlimərdan
bəyin şəxsində bütöv bir epoxanın təcəssümünü
itirdik. İctimai və siyasi həyatımızda
özündə bütöv bir nəslin mübarizəsini
birləşdirən şəxsiyyəti qeyb elədik.
Əlimərdan bəy siyasi və ictimai sahədə fəaliyyətə
başlayanda hər şey demək olar ki, tükdən
asılı vəziyyətdə idi. Lakin hətta belə təhlükəli
anda da Rusiya türkləri və müsəlmanları çəkdiyi
zəhmətlər sonda öz layiqli bəhrəsini verən
bir şəxsiyyət tərəfindən istiqamətləndirilirdilər.
O,
hüquqşünas idi. Bütün həyatını
millətin hüquqlarının qorunmasına həsr
etmişdi. O, Rusiya türklərinin, xüsusən də
Azərbaycanın siyasi həyatında görünəndə
milli inkişaf tarixində yeni dövr başlanırdı.
Mirzə Fətəli Axundzadə, Həsən bəy Məlik-Zərdabi,
İsmayıl bəy Qasprinski kimi şəxsiyyətlərin
beşiyi başında dayandıqları milli hərəkat
ciddi inkişaf yolu keçərək siyasi hüquqlar
uğrunda mübarizəyə çevrilirdi. Əlimərdan
bəy bütün istedad və qabiliyyətini sözləri, əməlləri
və tükənməz enerjisi ilə xalqın siyasi
hüquqlarının müdafiəsinə yönəltdi.
O, həyatının son dəqiqəsinə qədər
xalqının, millətinin maraqlarının səmimi və
yorulmaz müdafiəçisi olaraq qaldı. 1905-ci
ildə, müsəlmanların ilk qurultayına rəhbərlik
etdiyi dövrdə Əlimərdan bəy artıq
“İttifaqi-müslimin” siyasi partiyasının lideri və
Dövlət Dumasındakı Müsəlman fraksiyasının
sədri idi (Çıxışın mətnində belədir
- V.Q.). Milli mənafe uğrunda mübarizə
yolunda o, Vıborq Bəyannaməsini imzalamaqdan da çəkinmədi,
bu yolda hətta məhbəsə düşdü, siyasi
hüquqları əlindən alındı.
Burada biz sadəcə onun ictimai-siyasi həyatının
ən vacib məqamlarına toxunuruq. Çünki mərhumun
bütün xidmətlərini sadalamaq imkan xaricindədir.
Onun həyatı
başdan-başa milli maraqlara xidmətdən ibarət idi. Məhz
o, “Kaspi” qəzetinin redaktoru oldu, “Həyat” qəzetinin
yaradılmasında yaxından iştirak etdi.
Zaman yetişdi. Çarizm süquta uğradı. Milli hərəkat geniş vüsət aldı.
Azərbaycan xalqı itirilmiş siyasi
hüquqlarını özünə qaytardı. Tədricən yeni həyatın bünövrəsi
qoyuldu. Milli müstəqillik elan olundu,
milli hökumət yaradıldı. İndi
artıq beynəlxalq güclər qarşısında bu milli
müstəqilliyi müdafiə etmək lazım idi.
Kim Azərbaycanın
maraqlarının müdafiəçisi ola
bilərdi? Bütün nəzərlər
Əlimərdan bəyə zillənmişdi. Milli maraqların müdafiəsi həqiqi vətənpərvərin
əlində idi. Lakin həmin dövrdə tam müstəqilliyə
nail olmaq qeyri-mümkün idi. Bunun səbəblərini
hamımız yaxşı bilirik. Əgər
həmin o çətin anda Qafqaz dövlətləri birləşə
bilsəydilər, qələbə bizimlə olardı. Hər birimiz ayrılıqda azadlıq uğrunda
bunca qurbanlar verməzdik. Sürgünlərə göndərilməzdik,
Ana Vətənin çəkdiyi əzab və iztirablara
baxıb ürəklərimiz şan-şan olmazdı!
Əlimərdan
bəy bir-birlərini müdafiə etmədikləri təqdirdə
Qafqazın Azərbaycan, Gürcüstan, Şimali Qafqaz və
Ermənistan kimi ölkələrinin asanlıqla pərakəndə
salınacaqlarını, milli istiqlallarını qoruya bilməyəcəklərini
yaxşı başa düşən siyasətçilərindən
idi. O, Qafqaz birliyi ideyasına böyük önəm
verirdi. Hələ 1914-cü ildə, gürcü şairi
Akaki Seretelinin dəfn mərasimində söylədiyi nitqdə həmin
ciddi mətləbə toxunmuşdu. Gürcü
şairinin məzarı başında dediyi sözlər uzun
müddət Qafqaz mətbuatının gündəliyində
qalmışdı. “Özün yaşa və
başqalarına da yaşamağa imkan ver!” - böyük vətənpərvərin dönmədən
əməl etdiyi həyat prinsipi belə idi.
Daha sonra İstanbulda, Mudros anlaşması günlərində,
Azərbaycan Nümayəndə heyətinə rəhbərlik
etdiyi dövrdə o, zəngin məzmuna malik kiçik
broşüra hazırlamışdı. Əlimərdan
bəy burada da Qafqazın problemlərindən söz
açmış, xalqlar arasındakı müttəfiqliyi
alqışlayan müdrik Azərbaycan siyasətçisi kimi
böyük ağıl və uzaqgörənlik nümayiş
etdirmişdi.
Tale ona Vətənə dönmək imkanı verməsə
də, gələcək azadlığın yollarını
göstərmişdi. Azərbaycanın qanuni təmsilçisi olan Əlimərdan
bəy sonda istəyinə
nail oldu. O, Qafqaz Konfederasiyası Paktına imza atdı. Bu sənədin imzalanmasından və
yayılmasından böyük mənəvi zövq duydu.
Onun gözləri önündə gələcəyə-ittifaq
münasibətlərinə doğru addımlayan Qafqaz
canlandı. Mən həmin anlarda mərhumun
keçirdiyi sevinc və məmnunluq hissinin şahidi
olmuşam. Lakin təəssüf ki, ağır xəstəlik
başlanan işi
sona çatdırmağa imkan vermədi.
O, həyatının
son anına qədər hər şeylə maraqlanır və Qafqazla
bağlı bütün məsələlər haqqında ətraflı
məlumat əldə etmək istəyirdi. Daim
ümumi maraq və mənafelər naminə
yaşayırdı. Onun simasında Qafqaz
federalistləri xalq mənafeyinin ən güclü müdafiəçisini
itirdilər.
Mənim əziz
həmvətənlərim! Biz azərbaycanlılar
Əlimərdan bəyi, zəmanəmizin böyük nümayəndəsini,
böyük dövlət xadimini, hamının hörmət bəslədiyi
şəxsiyyəti, müstəqil Azərbaycanın qəhrəmanını
itirmişik. Əziz qonşular, Əlimərdan
bəyin vəfatı ilə özünü Qafqaz birliyi
ideyasına həsr etmiş fədakar siyasətçini və
insanı itirmişik. Siz, onun ailə
üzvləri, atanızı, başınızın
böyüyünü, çox möhtərəm bir
insanı itirmisiniz. Hamımıza dərin
hüznlə başsağlığı verirəm.
Gürcüstanın
Parisdəki keçmiş səfiri Akaki Çxeidzenin nitqi
Parisin
köhnə ucqarlarından biri olan Sent Kludakı bu təpə
üzərində, dəmir yolundan və səs-küydən
uzaq tənha guşədə Əlimərdan bəyin yer üzərindəki
mövcudluğuna kədərli şəkildə son qoyuldu.
Xalqının
tərəqqisi ilə bağlı arzularının həyata
keçirilməsi yolunda o, nə qədər ümidlər bəsləmişdi,
nə qədər qüvvə sərf etmişdi!
Azərbaycanın ən böyük siyasi xadimlərindən
birinin nəsibi tənha və kədərli mühacir həyatı
olmuşdu. Mərhumun qonşuları dəfn günü onun
qapısında müxtəlif dillərdə danışan
çoxsaylı qələbəliyi görüb təəccüblənmişdilər.
Orada azərbaycanlılar, ukraynalılar, ermənilər,
Türküstan və Şimali Qafqaz sakinləri vardı.
Bizim gürcülər də az deyildilər. Əlimərdan
bəylə vidalaşmağa gələnlər arasında
frankofonlar, fransız cəmiyyətinin nümayəndələri
də yetərincə çox idi.
Hamı Əlimərdan bəyi yalnız siyasətçi
kimi deyil, həm də öz ölkəsinin dirçəldilməsi,
xalqının azadlığa qovuşması naminə hər əzaba,
məhrumiyyətə hazır olan fədakar insan kimi
tanıyırdı. Tale onu Parisə, Azərbaycan Nümayəndə
heyətinin rəhbəri vəzifəsinə gətirmişdi.
Sonrakı həyatı Parislə
bağlanmışdı.
Çarizm zamanında Əlimərdan bəy heç nədən
qorxub çəkinməmişdi. Rusiya
imperiyasındakı bütün müsəlmanların ideya rəhbəri
kimi o, yalnız doğma xalqının deyil, bütün Qafqaz
xalqlarının haqq işi uğrunda mübarizə
aparmışdı. Qafqaz Konfederasiyası
təsis edilərkən o, sona qədər əzmkarlığını
və dönməzliyini qoruyub saxlamışdı. Bunun bariz nümunəsi ağır xəstə olan
Əlimərdan bəyin həmin Paktı imzalamaq
üçün özündə güc tapması idi.
O, Qafqaz Paktını bizim üçün yeni yolun
başlanğıcı sayırdı. Biz bu
yolla gedəcək və həmişə Əlimərdan bəyin
nəcub xatirəsini sevgi və minnətdarlıq hissi ilə
yad edəcəyik.
Ukrayna
Nazirlər Şurasının keçmiş sədri Venseslav
Prokopoviçin nitqi
Biz ukraynalılar heç zaman Əlimərdan bəyin ən
böyük dostlarımızdan biri olduğunu
unutmamalıyıq. Hələ gənclik illərindən
professor Mixail Qruşevitski (Ukrayna liderlərindən biri,
Ə.Topçubaşovun gimnaziya yoldaşı-V.Q.) ilə
dostlaşan Əlimərdan bəy Ukrayna milli hərəkatı
haqqında geniş məlumat almış, onun
ideyalarını qəbul etmiş və inanmışdı.
O, qəti əmin idi ki, müstəqil Ukrayna olmadan müstəqil
Qafqazın da mövcudluğu mümkün deyildir. Ona görə də Ukrayna ilə Qafqaz arasında
anlaşmanın zəruriliyi üzərində daim israr edirdi.
Əgər uzun müddətli tərəddüdlərdən
sonra indi biz Qafqazla ümumi istiqamətdə hərəkət
edə biliriksə, bunun üçün həm də Əlimərdan
bəyə minnətdar olmalıyıq.
Mən Topçubaşovla vəzifə borclarımın
icrası ilə əlaqədar bir yerdə olmuşam. Onunla
yolüstü 1919-cu ildə İstanbulda, sonra isə Parisdə,
Versal konfransındakı görüşlərimiz
yaxşı yadımdadır. 1920-ci ildə
biz birlikdə Millətlər Liqasında Azərbaycanın və
Ukraynanın namizədliyini müdafiə edirdik. Azərbaycan, Gürcüstan və Ukraynanın bu cəmiyyətə
qəbul olunmasına “yox” deyiləndə yanaşı
oturmuşduq. Bu “yox” cavabı bizi ürəyimizin
dərinliklərinə qədər sarsıtdı. Bəzən
kədər insanı sevincdən daha çox
yaxınlaşdırır və həmin anda bu
yaxınlığı hiss etdik. Daha sonra, Ukrayna ilə Qafqaz
arasında münasibətlər səmimi xarakter alanda, bizim
nümayəndələr bir yerdə toplaşanda Əlimərdan
bəylə, onun xarakteri və ideyaları ilə daha
yaxından tanış olmaq imkanı
qazandım. Sadəcə
deyə bilərəm ki, bu insanın böyük
ağlına heyran qalmamaq mümkün deyildi.
Mühacirətdə insanlar həm maddi, həm də mənəvi
çətinliklərlə üzləşirlər. Xüsusən
siyasi həyatın gərgin məqamlarında uzun müddətli
əziyyətlərin heçə gedəndə adamın əli
işdən soyuyub yanına düşür. Lakin mən Əlimərdan bəyin yaxın
dostlarından belə məqamlarda da onun qətiyyən ruhdan
düşmədiyini, heç zaman şikayətlənmədiyini
dönə-dönə eşitmişəm. O, taleyin
bütün zərbələrinə mətanətlə sinə
gərir, qəribə bir dözüm nümayiş etdirirdi. Hətta məğlubiyyət anlarında da
ağlı aydın və işıqlı idi.
Yaşın, xəstəliklərin, çətinliklərin
psixikaya sarsıdıcı təsirinə baxmayaraq, o, həmişə
güclü və dönməz qalmış, ideyalarına sədaqətini
qoruyub saxlamışdı. O, tarixə Azərbaycanın
müstəqilliyi uğrunda Moskvanın zülmünə
qarşı mübarizə aparan qəhrəman şəxsiyyət
kimi düşmüşdür.
Əlimərdan bəyin vəfatı bizi çox
sarsıtmışdır. Ukrayna öz dərin təəssüfünü
izhar edir, mərhumun ailəsinə, Azərbaycan xalqına səmimi
başsağlığını çatdırır.
Böyük
vətənpərvər, öz millətini ürəkdən
sevən, eyni zamanda, Ukraynanın da dostu olan bir şəxs artıq aramızda yoxdur, lakin
onun əsas ideyası-öz ölkəsinin müstəqilliyi,
qonşu xalqlar, habelə Ukrayna ilə əməkdaşlıq
qayəsi həmişə yaşayacaqdır. Ukrayna dövlətinin
başçısı adından, həmkarlarım və həmvətənlərim
adından, bütün Ukrayna xalqı adından mərhumun
müqəddəs ruhuna öz böyük ehtiramımı
bildirir, həqiqi dost itkisindən doğan təəssüf və
kədərimi burada, hamınızın qarşısında
dilə gətirmək istəyirəm.
Qafqaz
Dağlıları Xalq Partiyasının nümayəndəsi
Tausultan Çakmanın nitqi
Öz vətəninin
fəxri, Qafqazın
vətəndaşı və vətənpərvəri,
yalnız Rusiyada deyil, bütün dünyada müsəlmanların
maraq və mənafelərinin müdafiəçisi Əlimərdan
bəy Topçubaşov daha sıralarımızda yoxdur.
O,
bütün həyatını Vətəninin maddi və mənəvi
tərəqqisinə, Qafqaz xalqlarının həmrəyliyinə
həsr etmişdi.
Qırx il ərzində yorulmaq bilmədən
çalışmışdı. Fəaliyyətinin
nəticəsi biri-birinin ardınca siyasi mübarizədə və
hüquqların əldə edilməsində qazanılan qələbələrdə
özünü göstərmişdir.
1894-cü
ildə (mətndə belədir, əslində, 1898-ci il olmalıdır-V.Q.) o, artıq “Kaspi” qəzetini
idarə edirdi, Vətəninin mədəni və iqtisadi
imkanlarını artırmaq üzərində işləyirdi,
siyasi və sosial maraqların müdafiəsində uğurlar
qazanırdı.
O, rus
imperializminin təhrikçi, qızışdırıcı
siyasətindən
əziyyət çəkən Azərbaycan və
Ermənistan arasında yaxşı qonşuluq münasibətlərinin
bərpa olunmasına mühüm diqqət yetirirdi.
Mərhum 1905-1906-cı illər Birinci rus inqilabı
dövründə Nijni-Novqorod və Peterburq şəhərlərində
toplanan Rusiya Müsəlmanları İttifaqının
qurucularından və ən fəal üzvlərindən biri
idi.
O, Azərbaycandan
I Dövlət dumasına üzv seçilmişdi. Dumanın 26 deputatdan ibarət Müsəlman
fraksiyasının işinə rəhbərlik edirdi.
Hətta Vıborq Bəyannaməsini
imzaladığına görə üç aylıq həbs
cəzasına məhkum olunanda da fəaliyyətini
dayandırmamışdı.
O, müsəlmanların
ruslar tərəfindən dini və digər sahələrdə
diskriminasiya edilməsinə qarşı mübarizə
aparırdı.
Böyük müharibə (Birinci Dünya müharibəsi
nəzərdə tutulur-V.Q.) zamanı Əlimərdan bəy xəyanətdə
suçlanan arxasız, köməksiz acarları müdafiə
etməyə çalışmışdı. O, Qafqazda zemstvoların təşkili
ilə məşğul olan xüsusi şuranın
yaradılmasında fəal iştirak etmişdi. Əlimərdan bəy həmin şurada gürcü
deputatlarla tam qarşılıqlı anlaşma şəraitində
işləyir, Azərbaycan, Gürcüstan və Şimali
Qafqaz birliyinin ardıcıl müdafiəçisi kimi
tanınırdı.
1917-ci ilin aprelində Əlimərdan bəy Bakıda
Qafqaz müsəlmanlarının qurultayına rəhbərlik
etmiş, burada təkcə müsəlmanların deyil,
bütün Qafqaz xalqlarının birliyi təşəbbüsünü
irəli sürmüşdü.
Qafqaz müsəlmanlarının qurultayından sonra o, Tiflisə qayıtmış, Transqafqaz Komitəsinin xüsusi milli şurasının sədri olmuşdu. 1917-ci ilin mayında Əlimərdan bəy Topçubaşov Moskvada Rusiya müsəlmanlarının qurultayında Transqafqaz Komitəsinin nümayəndəsi kimi iştirak və çıxış etmişdi. O zaman Türkiyə sərhəddində çoxsaylı rus əsgərlərinin olması səbəbindən vəziyyət xeyli mürəkkəbləşmiş, böyük narahatlıq yaranmışdı. Vəziyyət elə gərgin hal almışdı ki, yerli əhali ilə rus əsgərləri hər an üz-üzə gələ bilərdilər. Dinc vətəndaşlarla hərbçilər arasında meydana çıxa biləcək toqquşmanın qarşısını almaq üçün Əlimərdan bəy dərhal Peterburqa qayıtmış, Rusiya hərbçilərini bölgədən çıxarmaq yollarını aramağa başlamışdı. O, I Dövlət dumasında həmkarı olan və rus ordusuna müəyyən təsir göstərə bilən knyaz Lvovla görüşmüşdü. 1918-ci ilin payızında (mətndə belədir, əslində, avqust ayında-V.Q.) Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli səfiri kimi xaricə gedənə qədər Əlimərdan bəy özünü bütünlüklə Qafqazda milli siyasətin işlənib hazırlanmasına və etibarlı müdafiə sisteminin yaradılmasına həsr etmişdi. Hətta xaricdə olduğu müddətdə də bu sahədə fəaliyyətini dayandırmamışdı. Daim Qafqazdakı siyasi hərəkatın özünəməxsusluqları və yaranmış çətinlikləri aradan qaldırmaq yolları üzərində düşünmüşdü.
Həmişə Qafqaz xalqlarına böyük hörmət hissi ilə yanaşan Əlimərdan bəy onların arasında müqəddəs bir ittifaq yaratmaq arzusu ilə yaşayırdı. O, özünün böyük məsuliyyət dolu vəzifə borclarını yüksək ləyaqətlə həyata keçirərək xalqının inam və rəğbətini qazanmışdı. Lakin təəssüf ki, Qafqazda yaranan vəziyyət ona istək və ümidlərini gerçəkləşdirməyə, Azərbaycan və digər Qafqaz xalqları üçün siyasi hüquqlar uğrundakı mübarizəsini sona çatdırmağa imkan verməmişdi.
Qırmızı işğal rejimi Qafqaz xalqlarını daha da sıx birləşdirmişdir.
Sarsılmaz ittifaq!- Əlimərdan bəyin son vəsiyyəti belə idi. Onun bu arzusu 14 iyun aktında öz əksini tapdı.
Gələcəkdə Qafqaz tarixindən yazanlar burada mənim sadaladığım məsələlərin hər birinə bütöv səhifələr həsr edəcəklər.
Burada adından danışdığım Qafqaz Dağlılarının Xalq Partiyası Azərbaycan xalqına və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.
Qoy, Böyük Allah Qafqaza və Azərbaycana rifah, tərəqqi göndərsin. Çünki bu, Əlimərdan bəyin ən böyük arzusu idi və onun əbədi rahatlığa qovuşan vücudu üçün də bizim ən gözəl arzumuz ola bilər.
(Ardı var)
Vilayət
QULİYEV
525-ci qəzet.- 2018.- 17 mart.- S.18-19.