Mikayıl Azaflı: Azərbaycanın qoca
qartalı
Mikayıl Cabbar oğlu Zeynalov saz-söz beşiyi Tovuzun Azaflı kəndində anadan olmuş, gənclikdən aşıq sənəti onu ovsunlamış və ömrünü bu ulu sənətə həsr etmişdir.
Mikayıl Azaflı böyük coşqunluqla
yazıb-yaradan, aşıq sənətini inkişaf etdirən,
sağlığında klassikləşən ustad aşıq
idi. O, təkcə
aşıq sənətini kamil bilməyi ilə deyil, eləcə
də şairlik təbinə malik olmağı ilə
seçilirdi. Erkən yaşlarında “Solğun” və
“Coşqun” təxəllüsləri ilə şeirlər yazan
aşıq-şair az sonra təxəllüs
kimi öz doğma kəndinin adını
götürmüşdür.
Azaflı Mikayılın öz sənət aləmi,
saz-söz dünyası vardır. Bu dünya ulu
qaynaqlardan su içib müdriklik zirvəsinə yüksəlmişdir.
Şübhəsiz,
buna görədir ki, Mikayıl Azaflının
yaradıcılığına dissertasiya həsr edən
türkiyəli tədqiqatçı Əli Kafkasyalı onu
“Müasir Azərbaycan aşıqlarının bayraqdarı”,
professor Əzizə Cəfərzadə isə
“Çağdaş aşıq sənətinin ən ulu
aşıq-şairi” adlandırmışdır.
Azaflı aşıq poeziyasının bütün şəkillərində
əsl sənət nümunələri yaradan, klassik
aşıq ənənələrini layiqincə davam etdirən
sənətkarlardandır. Aşığın şeir
bağçasında yer alan bir-birindən gözəl gəraylılar,
təsniflər, qoşmalar, müxəmməslər, divanilər,
vücudnamələr, cahannamələr, sicilləmələr,
ustadnamələr, ithaflar, nəzirələr,
bağlama-qıfılbənd deyişmələr, şeirlə
məktublaşmalar, bayatılar, hətta rübai və qəzəllər,
dastan və poemalar saz-söz pərəstişkarlarını
məftun edir. Bu, onun həm klassik aşıq sənətinə
dərindən bələd olması, həm də
yazılı ədəbiyyatımızı yaxşı bilməsi
ilə bağlıdır.
Azaflı
Mikayılın yaratdığı “Azaflı dübeyti”,
“Azaflı gözəlləməsi”, “Azaflı sənəti”,
“Azaflı dünyası”, “Azaflı gəraylısı”,
“Azaflı himni”, “Mikayılı”, “Məzahiri”, “Azaflı
dağları”, “Azaflı bəhri”, “Azaflı müxəmməsi”,
“Şah sarayı” kimi saz havaları dillər əzbəri
olmuşdur. Bu
havaların hər birinin öz ritmi, ahəngi, gözəlliyi
və təkrarsız melodik zənginliyi vardır. Təsadüfi deyildir ki, vaxtilə Azaflı simli alətlər
üzrə Ümumittifaq Musiqi Cəmiyyətinin Rəyasət
Heyətinə üzv seçilmişdi.
Azaflı Mikayıl lap cavanlıqdan, güman ki,
istedadlı, ilahi vergili olduğuna görə ötkəm
olub. Qorxu bilməyib. Tovuzun Qaraxanlı kəndindən
olan el şairi Seyid Bəndənin Sovet dönəmində nəinki
məclislərdə oxunması, hətta dilə gətirilməsi
belə təhlükəli olan:
Əlimizdə
zorba çomaq,
Başımızda
motal papaq,
Ağ
şalvarda qara yamaq,
Kommunizmə gedirik biz.
- misraları ilə başlayan şeirini hansısa məclisdə oxuduğuna görə Dövlət Təhlükəsizliyi orqanlarının qara siyahısına düşmüş, qara buludlar başının üstünü almışdı. Bu, aşığı həbsxanaya qədər gətirib çıxarmışdı. “Oğurluqda və evində silah saxlamaqda təqsirli bilinib” damğası ilə sənətkar dörd il (1961-1964) azadlıqdan məhrum edilmişdi. O zaman aşıq-şairin hələ qırx yaşı yox idi. Bu, aşığın sənətinin və yaradıcılığının çiçəkləndiyi bir dövrdə baş vermişdi. Onun günahsız olduğu, Sovet quruluşunun riyakarlığı hamıya bəlli idi. Azaflını zindana başqalarına görk olsun deyə atmışdılar.
Həmişə xalq içində, xeyirdə-şərdə olan aşıq həbsxanada xiffət çəkirdi. Otuz yeddi yaşında olan aşığın saçı tamam ağarmışdı. Bunu onun “Ağarmayın, ay saçlarım, amandı” şeirindən də görmək olur:
Olmazmı ki, qəm çəkincə güləsən,
Nədən oldu yanıb döndün külə sən.
Qırx yaşına çatmamısan hələ sən,
Ağarmayın, ay saçlarım, amandı.
Azaflının “Zindan şeirləri” başlığı altında 150-dən artıq qoşması toplanmışdır. Onun “Bülbül”, “O mənəm”, “Ağarmayın, ay saçlarım, amandı”, “Sən demə”, “Deyəmmərəm”, “Ağlama”, “Döndü körpələrin qana yaşları”, “Bənzər”, “Dar günü”, “Əl aman, aman”, “Ağlar, ağlar”, “Zindan”, “Mən qocalmazdım” kimi bir çox qoşmaları şair hələ zindandaykən dillər əzbəri olmuşdu. Bu şeirlərdə Azaflı Mikayıl zəmanədən şikayətlənirdi:
Bu dövran ustadsız aşıqlar kimi,
Düz hava çalmayıb, çalmayacaqdır.
Lakin bir aşıq-şair kimi Azaflını fərqləndirən iki cəhət vardır. Birincisi, o, heç vaxt mövcud quruluşa yaranmamış, onu mədh etməmiş, ikincisi isə odur ki, o, sovet quruluşunun eybəcərliklərini tənqid atəşinə tutmaqdan çəkinməmişdir. Öz tutumu, dərin mənası ilə qalaq-qalaq kitablara sığmayan tale yüklü dərdlərimizi, xalqımıza üz vermiş bəlaları aşıq dördcə misrada tam çılpaqlığı ilə açıb göstərmişdir:
Qoca
Azaflıyam, dilim var, lalam.
Təbrizdə qardaşım, Sibirdə balam.
Elə dərd
varmı ki, çəkməmiş olam,
Bax onlar ağartdı saçımı mənim.
Aşıq azadlığa çıxdıqdan sonra onun
şöhrəti daha da artmış,
yaradıcılığı daha da kamilləşmişdi. Bununla belə,
XX əsrin 80-ci illərinə qədər aşıq-şair
televiziya, radio və mətbuat üzünə həsrət
qalmışdı.
Azaflı yaradıcılığının ana xəttini
fəlsəfi fikirlər təşkil edir. Onun elə bir şeiri yoxdur
ki, orada həyat fəlsəfəsi özünü bariz şəkildə
göstərməsin:
Azaflı
Mikayıl, yaranan köçür,
İnsan bir zəmidi, Əzrayıl biçir.
Əsrlər
dolanır, ömür-gün keçir,
Dünyadan payını al vədəsində.
Və ya:
Alim olsan,
qafan olsa,
Həkim
olsan, şəfan olsa,
Gözəl
olsan, vəfan olsa,
Milyonlar
arzular səni
- deyən Azaflı, poeziyanın füsunkar dili
ilə oxucunu haldan-hala salır.
Azaflını məşhur edən amillərdən biri
də onun dilidir. Aşığın gəraylı, qoşma, təcnis,
divani, təsnif, müxəmməs və s. aşıq
şeir şəkillərini ehtiva edən
yaradıcılığı göstərir ki,
aşığın dili bir örnəkdir, zəngin xalq dilini
yaşadan bir aləmdir. Bir sözlə, Azaflı Azərbaycan
dilinin intəhasız imkanlarından məharətlə istifadə
etmiş, dilin saflığı uğrunda mübarizə
aparmışdır:
Sözlər
saxtalaşır, sözlər tapdanır,
Çoxları bu işi yenilik sanır.
Alman alimi
Leybnisin məşhur kəlamı var: “Mənə mükəmməl
dil verin, sizə mükəmməl mədəniyyət verim”.
Göründüyü kimi, ustad aşıqların, o
cümlədən də Azaflı Mikayılın folklorumuzun,
musiqi mədəniyyətimizin yayılmasında, sevilməsində,
dilimizin saf, təmiz, duzlu, şirin olmasında xidmətləri
böyükdür.
Burada mühüm bir məsələni qeyd etmək gərəkdir. Klassik poeziyamızda
əsl şairlərin “Divan” bağlaması sərt olduğu
kimi, ustad aşıq məqamına yüksəlmiş sənətkarların
təcnis yazması da şərtdir. Qüdrətli
söz ustadı xəstə Qasım bu işin çətinliyindən
söz açaraq yazır:
Nə
alim işidi, nə də üləma,
Təcnis meydanının öz hünəri var.
Hər sənətkar təcnis meydanında “hünər”
göstərə bilməmişdir. Ona görə ki, təcnis
sənətkardan fitri şairlik istedadı, dilin dərin
qatlarına baş vurmaq, onun incəliklərini bilmək, zəngin
söz ehtiyatı tələb edir. Çağdaş
aşıqlarımızdan Aşıq Şəmşir və
Azaflı Mikayıl təcnisin gözəl nümunələrini
yaratmışdır.
Maraqlıdır
ki, professor Vaqif Vəliyev “Qaynar söz
çeşməsi” kitabında Azaflı
yaradıcılığında təcnisin 29 nümunəsinə
təsadüf edildiyini qeyd edir.
Xüsusi
vurğulamaq lazımdır ki, Azaflının təcnislərində
məzmun formanın qurbanı olmur, zəifləmir:
Dünyada
görmədim dara düşəndə,
Şöhrətin dostlara haraya gələ.
Aşıq
deyər: hər aya,
Bahar gəlməz hər aya.
Ağır
günün aşnası,
Darda yetiş haraya.
Olsa
yüz min qohum, qardaş, aşna, dost,
Bəlkə yüzdə biri haraya gələ.
Aşıq sənəti ağır zəhmət tələb
edən sənətdir. Dahi Üzeyir bəy bu sənəti
yaradıb-yaşadanları yüksək qiymətləndirmişdir.
Üzeyir bəy yazırdı ki, aşıq sənəti
elə bir aləmdir ki, burada bəstəkarın da, xanəndənin
də, rəqqasın da istənilən qədər payı
vardır.
Əlavə edək ki, aşıq həm də bədii
söz ustasıdı, ifaçıdı, şairdi, aktyordu. Çalmağı,
oxumağı, oynamağı, dastan söyləməyi var.
Ustad aşıqlara qulaq asanda ingilis alimi Raskın dəqiqliklə
dediyi sözlər diqqəti çəkir: “Əsl incəsənət
nümunəsi onda yaranır ki, insanın beyni də, əli də,
qəlbi də eyni vaxtda vurur”. Bu isə həyatını
bu ulu sənətə həsr edən, xalqın istək və
arzuları ilə yaşaya-yaşaya saç ağardan
Azaflı kimi ustad aşıqlara qismət olur.
Azaflının ilham mənbəyi insan amalı və mənəvi
qüdrəti olmuş, onu riqqətə gətirmişdir. Bu poetik aləm
el duyğuları, xalq ruhu ilə
qaynayıb-qarışır, insanları pis əməldən,
bədxahlıqdan çəkinməyə səsləyir,
onlara nəciblik, müdriklik, mərhəmət, məhəbbət,
xeyirxahlıq kimi nəcib hisslər, bəşəri
duyğular aşılayır.
Azaflının şeir bağçasında hər kəs
öz zövqünə uyğun misralar, poeziya nümunələri
tapa bilər.
Çünki bu poeziya klassik ənənələr
üstündə köklənən, xalqın özündən
gələn təbii sənət bulağıdır.
Azaflı poeziyasının rəngarəngliyi oxucunu
heyran edir.
Çox vaxt ustadın poeziya nümunələrinin hansı
janra aid olduğunu ayırd etmək belə çətin olur:
Gecə təbiətin
qara yorğanı,
Gündüz
cəmiyyətin zəhmət meydanı,
Günəş
nuru ilə bəzər dünyanı,
Sabah olanda.
Azaflı poeziyasında başqa ustadlarda nadir rast gəlinən
nümunələr də çoxdur. Sənətkarın “Gözəlim”
adlı üçqafiyəli qoşması buna parlaq
misaldır:
Sənsən
maral, gəl canım al, ay maral,
Bir yada
sal, yanımda qal, olum lal!
Ağ
üzdə xal, dodaqda bal, gülcamal.
Eyləmə naz, gedər qalmaz, gözəlim.
Məhəbbətdən, gözəldən, gözəllikdən
yazmayan şair yoxdur. Azaflının məhəbbət şeirləri
gözlənilməz keçidləri ilə oxucunu heyran edir:
Sən
necə təbibsən, necə həkimsən,
Səndən
şəfa istər loğman, a ceyran!
Və ya:
Qüdrətindən
həyat, aləm yaranıb,
Bahar qızlı təbiətdi məhəbbət.
Cazibəsi
yeri göyə bağlayıb,
Möcüzəli ziyarətdi məhəbbət.
İlahidi,
zirvəsini qar almaz,
Ətir saçar, gül-çiçəyi saralmaz.
O,
dünyada cavan qalar, qocalmaz
Bir əbədi ülviyyətdi məhəbbət.
Azaflının sənətkarlığı o qədər
güclü olmuşdur ki, on bir övladının və nəvələrinin
bir çoxu aşığın yolu ilə gedərək
ömürlərini bu ulu sənətə həsr etmişlər. Bəzilərinə
isə aşıqdan şairlik keçmişdir.
Azaflı görkəmli sənətkar olmaqla bərabər,
həm də müdrik bir insan, seçilən şəxsiyyət
idi. Adətən, sənətkarlar arasında bir-birinə
qısqanclıqla yanaşanlara rast gəlmək olur. Mikayıl Azaflı bu cəhətdən də fərqlənirdi.
Ürək genişliyi, sənətə və
sənətkara məhəbbətlə yanaşması ona
böyük hörmət və ehtiram
qazandırmışdı. Sənətkarın
çoxlu sayda şəyirdi olmuş, neçə-neçə
tanınmış aşıq yetişdirmişdir. Bu, aşıq üçün ən böyük
xidmət hesab olunur. Çünki sənəti
yaşatmağın ən ümdə yolu budur.
Azaflının
xidmətlərindən danışarkən rəhbərliyi ilə
Tovuz Aşıq məktəbinin adlı-sanlı nümayəndələri
tərəfindən “Koroğlu” dastanının dörd qolunun
söylənərək lentə alınması olmuşdur:
“Koroğlunun Dərbənd səfəri” (Mikayıl
Azaflı), “Durna teli” (Əkbər Cəfərov), “Toqat səfəri”
(Mahmud Məmmədov), “Koroğlu və Bolubəy” (Əlixan
Niftalıyev).
XX əsrin ortalarında Sovet sisteminin dayaqları artıq laxlamağa başlamışdı. Odur ki, Aşıqların IV Qurultayında (mart, 1984) sənətkara ehtiram göstərərək çıxış etmək təklif olunmuşdu. Azaflı məruzə səviyyəli çıxışında çoxillik təcrübəsi əsasında aşıq sənətinin incəliklərindən, çatışmazlıqlardan, qarşıda duran vəzifələrdən söz açmışdı.
Qurultayda Azaflının aşıq sənətinin inkişafında göstərdiyi fədakarlıq və xidmətləri xüsusi qeyd edilmişdi. O, Aşıqlar Birliyinin sədr müavini seçilmişdi.
1989-cu il Azaflı Mikayıl üçün əlamətdar oldu. Novruz bayramı şənliklərində xalqımızın müdrik qəhrəmanı Dədə Qorqud obrazı ona həvalə olundu. Həmin ilin may ayında sənətkar “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görüldü.
Təəssüf ki, Azaflı bu sevinc payını dost-tanış, qohum-əqrəba, saz-söz xiridarları ilə çox bölüşə bilmədi. Azərbaycan xalqının taleyüklü Qarabağ nisgili, 20 yanvar 1990-cı il faciəsi bəzi qələm sahibləri, alim və ziyalılar kimi onu da sarsıtdı. Ürəyi tab gətirmədi. İnfarkt keçirdi və 1990-cı ilin oktyabrında dünyasını dəyişdi.
Azaflı “Mənim dünyam” adlı şeirində yazırdı:
Mən ölsəm də yaşa səni,
Mənim dünyam, mənim dünyam.
Əminliklə deyə bilərik ki,
Azaflının söz-sənət dünyası
yaşayır və ulu aşıq sənəti
yaşadıqca onun “Qoca Qartal”ı bu sənətin korifeyləri
sırasında zirvədə dayanacaqdır.
Qəzənfər
PAŞAYEV
Professor
525-ci qəzet.- 2018.- 17 mart.- S.14.