Tanımadığımız Qacar  

 

 

Hər zaman tarixi bədii ədəbiyyatın tarix elmindən daha yaxşı, dolğun təsvir etdiyinə inanmışam.

 

Yəqin elə buna görədir bir dövr haqqında tarixi kitablarla yanaşı, bədii ədəbiyyatı da oxuyub öyrənmək marağım. Bir də var tarixi canlı-canlı izləmək... Yox, söhbət yaşadığın dövrün tarixindən getmir, əlbəttə... Özündən illər, əsrlər öncənin tarixindən gedir. Sözsüz ki, bu işdə köməyimizə ya tarixi filmlər, ya da tarixi mövzudakı teatr tamaşaları çatır.

 

Elə martın 10-da Akademik Milli Dram Teatrının geniş və doğma döşəməsini uçan xalçaya çevirib çıxdığım 18-ci əsr səyahəti kimi...

 

Yeni tamaşalar axtarışı ilə “vərəqlədiyim” saytların birində qarşıma çıxan elan bir anlıq əl saxlamağıma səbəb oldu. “Martın 10-da “Şah Qacar” tamaşasının premyerası keçiriləcək”. Əli Əmirlinin Qacar haqqında pyesi Xalq artisti Azərpaşa Nemətovun quruluşunda əvvəllər də eyni səhnədə dəfələrlə nümayiş olunub. Həmin vaxtlarda izləyə bilmədiyim üçün xeyli təəssüflənirdim. Yəni anlayacağınız bu cür fürsəti “göydə axtarırdım, Milli Teatrda əlimə düşmüşdü”, qaçırmaq olmazdı.

 

Həm də əsər tarixdən adı çox yaxşı tanış olsa da, həyatı həmişə qarışıq və qaranlıq qalan Ağa Məhəmməd şah Qacar haqqında idi.

 

Qacar deyəndə çoxları kimi mənim də ağlıma tarix kitablarında qısa bioqrafiyası verilən, Səməd Vurğunun “Vaqif” dramında isə bütün zalımlığı, əzazilliyi ilə sərgilənən, qan həvəskarı, kəllələrdən qala ucaldan, “Mən Qacar nəsliyəm, şahlar şahıyam, Mən də yer üzünün bir allahıyam” deyən, xalqın sevimlisi olan bir şairin dilini kəsdirməyi rəva görən o qəddar hökmdar gəlir. Təbii ki, dramın yazıldığı dövrü nəzərə alsaq, müəllifin onu bu cür təqdim etmək səbəbləri gün kimi aydın olacaqdır. Bunu ona irad tuta bilərikmi? Əlbəttə, yox! Axı, tarixi şəxsiyyətlər heç zaman olduqları kimi görünmürlər. Onlar təsvir edilmir, hər dəfə yenidən yaradılır. Yəni tarixi şəxsiyyətlər hər qələmdə təzədən doğulurlar. Onu necə yaratmaq isə müəllifin özünün və dövrünün maraqlarından asılıdır.

 

Həm də Səməd Vurğunun yaratdığı Qacar, “Deyirlər şirindir busənin dadı, O da kor bəxtimə qismət olmadı”- deyə bəxtindən gileylənən bir obrazdır. Bu ikili xarakter onu daha da maraqlı edir.

 

Əslində isə Ağa Məhəmməd şah Qacar kimdir? Bunu bilirikmi? O, Azərbaycanın xanlıqlara parçalandığı, ayrı-ayrı xanların hakimiyyət üstündə bir-birini diddiyi, hərc-mərcliyin baş alıb getdiyi bir zamanda meydana çıxıb ölkəni vahid ad altında birləşdirməyə cəhd edən bir sərkərdə idi. Tarix bizə bunu deyir. Bədii əsər isə Qacarın bir insan kimi portretini çizir. Bu portreti bir dəfə Səməd Vurğun yaratmışdı və uşaqdan böyüyə hamımızın təxəyyülünə həkk etməyi bacarmışdı. Dramaturq Əli Əmirli isə o portreti “bir kənara qoyub”, öz qələmi ilə başqa bir Qacar yaratdı, adını da qoydu “Bütün deyilənlərə rəğmən və ya Ağa Məhəmməd şah Qacar”. Nə idi o deyilənlər? Yəqin ki, müəyyən qədər təsəvvürümüz yarandı.

 

Nə Səməd Vurğun öz əsərində tarix yaratmışdı, nə də Əli Əmirli buna cəhd göstərib. Bu da danılmaz bir faktdır ki, hər ikisi tarixdəki Qacardan istifadə edərək gözəl bir sənət əsəri ortaya qoyublar.

 

Keçək əsas məsələyə...

 

Əməkdar incəsənət xadimi Əli Əmirlinin “Bütün deyilənlərə rəğmən və ya Ağa Məhəmməd şah Qacar” pyesi əsasında hazırlanan səhnə əsərinin müəllifi, quruluşçu rejissoru və rəssamı Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Babalı, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, işıq rəssamı Rafael Həsənov, elmi məsləhətçisi akademik Çingiz Qacardır. Tamaşa Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında hazırlanıb.

 

İki hissəli səhnə əsərində Əməkdar artist Abbas Qəhrəmanov (Ağa Məhəmməd şah Qacar), xalq artisti Laləzar Mustafayeva (Ceyran xanım), əməkdar artistlər Sabir Məmmədov (Sadıq xan), Anar Heybətov (Cəfərqulu xan), Aslan Şirin (Şeyx Cəfər Tonkabani), Kazım Abdullayev (Əli xan Cocuq), Elşən Rüstəmov (Əli xan Şambatayi), Ayşad Məmmədov (Axund Hacı Babək), aktyorlar Elnar Qarayev (Kərim xan Zənd), Mətləb Abdullayev (Məhəmməd Əli xan Bəylərbəyi), Samirə Xanlarova (balaca qız), Canəli Canəliyev (Balaca Qacar), Fəridə Şahbazova və Xədicə Novruzlu (Yeniyetmə qız) və İmran Əli Qurban (Yeniyetmə Qacar) çıxış edirlər.

 

Tamaşanı Ceyran Həsənli idarə edir.

 

Hiss olunur ki, müəllif öz əsərində Şah Qacarı İnsan Qacar kimi açıb göstərməyi qarşısına məqsəd qoyub. Bu məqsədinə də uğurla nail olub deyə bilərik. Hələ tarixi faktlarla çıxış edib əminliklə söyləmək olar ki, Ağa Məhəmməd şah Qacar həyatı, şəxsiyyəti, yaşantısı ilə hər kəs üçün maraqlı olan nadir adlardan biridir. Məsələ o deyil ki, o, dövrünün tanınmış sərkərdəsi olub. Məsələ odur ki, o, xədim şahdır. Bəlkə də onu ən çox tanıdan və yada salan da elə onun xədimliyidir. Tamaşanın ilk dəqiqələrində ona nifrət bəsləyən xanların da bu nifrətə göstərdikləri əsas səbəb elə budur. Bəli, hakimiyyət və xacəlik onu taxtdan salmağa çalışanların əsas arqumentləridir. Birincisi, Qacarlar taxtda olmamışdı, ikincisi, bu Qacarın vəliəhdi olmayacaqdı, üçüncü və ən ümdəsi isə idarəçilik kişi işi idi. “Bu boyda böyük məmləkətdə bir kişi tapılmadımı ki, bir xədim şah oldu?!”

 

Göründüyü kimi, tamaşa xacə şaha nifrət edən xanların ona qarşı sui-qəsd planı ilə başlayıb, bunun gerçəkləşdirilməsi ilə yekunlaşır. Bütün proses boyunca isə biz yepyeni bir Qacarla tanış olmaq imkanı əldə edirik. Bu Qacar nə bizim tarixdən tanıdığımız, nə də Səməd Vurğun qələmi ilə yaddaşımıza yazılan Qacardır. Bu Qacar özünün böyük dərdinə görə iztirab çəkən, tənələrdən utanan, təngə gələn, köləlik həyatını ən ağır şəkildə yaşayan və utanc verici bir səbəb üzündən (xədim olduğu üçün şah ola bilməz, yəni təhlükə kəsb etmir) həyatı bağışlanan taclı zavallıdır. İnsan da öldürülmədiyi üçün utanarmı? Onu öldürməyənə nifrət edərmi? Amma Qacar edir. Çünki onu bir insan kimi saymayaraq sağ saxlayıblar. O isə onu təhlükə kimi görməyənlərin ən qorxulu kabusuna çevrilməyi bacarır.

 

Dramaturq peşəkar priyomlarla Qacarın bu günü ilə keçmişini vəhdətdə təqdim edir. O, Qacarın sümüklərini ayaqlarının altında basdırdığı Kərim xan Zəndlə xatirəsini canlandırır. İçində nifrət bəslədiyi, nəhayət, heyfini alıb öldürtdüyü Kərim xan Zənd xatirəsində belə Qacardan yuxarıda gəzir, ona yenə də yuxarıdan aşağı baxır. Demək ki, o, hələ də şahın düşüncəsində onu əsir saxlayan, aşağılayan insandır. Aktyor Elnar Qarayevin həyat verdiyi Kərim xan Zənd yenə də acı gülüşləri, öldürücü sözləri, saymazyana davranışı ilə Qacarı aşağılayır. Elə məhz bununla o, əsirlik zamanı onu öldürmür, amma bir ölüdən betər hala gətirir. Bu dirilik əslində, mənəvi ölümdür. Və bu ölüm hər xatirədə yenidən onu cənginə almağı bacarır. Bəlkə də o, Kərim xana onu bir dəfə deyil, hər dəfə öldürdüyü üçün nifrət edir. Bu zaman bir insanın sümüklərini ayaqlarının altında basdıran şah tamaşaçıda nə qorxu, nə də ikrah yaradır. Tamaşaçı sadəcə ona acıyır.

 

Bununla da içi soyumur. Çünki onun böyük şövqlə üzərində oturduğu par-par yanan taxt, başındakı qızıl, brilyant işləməli tac, əynindəki zər-xara belə içindəki qaranlığı aydınlatmağa yetmir. Özünün də dediyi kimi, axı o, bu qüsurla doğulmamışdı, axı o da atasının kişi övladı idi. Onun həyatını bu cür zülmətə çevirənlər, ömürlük xoşbəxtlikdən, könül dincliyindən məhrum edənlər isə sevdiyi qızın ailəsi olur. Heç bu özü də fakt deyil, sadəcə Kərim Xan Zəndin irəli sürdüyü bir versiyadır. Yəni bununla müəllif işarə edir ki, onun da qadın təmasının istisinə qızındığı zamanlar olub. Elə o özü də ilk və son sevgisini tez-tez xatırlayır.

 

Əməkdar artist Abbas Qəhrəmanov Qacarı ucalığı ilə bərabər, məhz bu iztirabları ilə də tamaşaçıya təqdim edir. Qacarın daşlaşmış ürəyi aktyorun mimikasız üzündə əks olunur. Tamaşaçı uzun müddət bu şahın hisslərindən bir şey anlamır. Yalnız tez-tez yerə dikilən, insanlardan qaçan baxışlar onu ələ verir. Və o əzəmətli şah, anası Ceyran xanımın yanında sevgiyə, qayğıya möhtac uşağa çevrilir. Yalnız anasının dizlərinə yatanda bu əzablar bütün səmimiyyəti ilə aktyorun simasında görünür. Bir insanın anadan doğma kimi var ki? Axı şah da olsa, qul da olsa hər kəs anasına uşaqdır. Elə Şah Qacar da... Həm də onun qüsurunu üzünə vurmayan, onu əsl kişi hesab edən tək insan anasıdır. İnsafla desək, axı Qacar bütün mənəviyyatı, dəyanəti, iradəsi, xarakteri ilə kişidir.

 

Amma o, həm də amansızdır, zülmkardır, qəddardır. Nədir bu qəddarlığın səbəbi? Qadınsızlıq, vəliəhdsizlik, daim xor görülmək, aşağılanmaq, utanmaq, zəiflik, gülüş hədəfinə çevrilmək, atasının kəsik başını qucaqlamağa məcbur qoyulmaq... Bunların hər biri bir daş olub asılıb onun sinəsindən ürək əvəzi...

 

Şah Qacar özünü tez-tez tülkü ilə müqayisə edir: ov zamanı tutub öldürmədiyi, boynuna zınqırov taxıb buraxdığı tülkü ilə. O zınqırov tərpəndikcə tülkü başqalarını ürküdüb qaçırır, nə ov edə bilir, nə də cütləşə. Beləcə aclıqdan və tənhalıqdan ulaya-ulaya ölür. Bax, onu da öldürməyənlər onun başına bu cür “zınqırov” keçiriblər. İndi də nə ölə bilir, nə də yaşaya... Hələ bu azmış kimi, özü də öz başına ikinci zınqırovunu - şahlıq tacını keçirib. Beləcə o, əbədi tənhalığa məhkumdur. Ən dəhşətlisi isə onun özünün bunu ən son zərrəsinə qədər bütün varlığı ilə dərk etməsidir. O da həmin tənha tülkü kimi ulaya-ulaya öləcək.

 

Şahlar qohumdan, qardaşdan da yalnız olarlar, yenə bu taxtın tək sahibi olmaq üçün. Qacar da hakimiyyət uğruna qardaşlarını öldürüb. Sonuncu qardaşı Cəfərqulu xan isə onun ən real rəqibidir. Və deməli o da ölməlidir. Onu da öldürtdürür. Qacar həm də qardaş qatilidir. Özü də bunun əzabını çəkən bir qatil. Amma Ceyran xanımın da dediyi kimi, “hökmdar qatil olmaz”.

 

Ümumiyyətlə, Qacar bütün ömrü boyunca əzab çəkir: danışanda, düşünəndə, susanda, qələbə qazananda, ağlayanda, güləndə, təbəələrinə əmrlər yağdıranda, xainləri cəzalandıranda da. Sanki bu əzab onun bütün vücudunu, ruhunu öz ağuşuna alıb. Onun mayası elə bu əzabla yoğrulub. O, elə sağlığında faciənin tam ortasındadır. Həm dramaturq, həm rejissor, həm də aktyor bu faciəni ən sonuncu damlasına qədər tamaşaçıya ötürə bilirlər.

 

Səhnə əsəri sadə, amma göz oxşayan, tarixin qədimliyini əks etdirən dekorasiyası, rəngarəng və dəqiq işıqlandırılması, peşəkar aktyor oyunu ilə də təqdirəlayiqdir.

 

Beləcə iki hissəli faciə ağır templə sona yaxınlaşır. Gərginlikdən oturacağın qoluna sıxdığım əllərimin keyləşdiyinin sonda fərqinə varıram. Əllərimin içi qızarıb. Bir anlıq sanki Qacarın öldürdüyü insanların və Qacarın özünün qanı əlimə hopmuş kimi hiss edirəm. Bir tərəfdən də iki saatlıq tamaşanın ağır tempini fikirləşirəm. Əslində, hər iki müəllifə də xasdır bu ağırlıq. Bu, lənglik deyil, hadisələrin aramla, amma dinamik axarı pozmadan tamaşaçıya çatdırılmasıdır. Düşünürəm ki, bu cür ağır psixoloji, fəlsəfi dramların bu tempdə axarı daha məqsədəuyğundur. Axı hadisələrin də həzm olunmağa ehtiyacı var.

 

Gur alqışların, tamaşaçı heyranlığının fonunda faciə yekunlaşır.

 

Teatrı tərk edəndə beynimin içində bir sual mənə savaş açır: hər qələbəsində qan izi olan, nəfəsi belə qan qoxan Ağa Məhəmməd şah Qacar həqiqətənmi mənfi obrazdır? Faciənin ruhuma yüklədiyi təsirin ağırlığından baş qaldırıb bu suala cavab axtarmağa taqətim yoxdur. Gərginlikdən qızarmış əllərimi fikirlərimi qovarcasına yelləyirəm, həmin an əllərim Qacarın qana bulanmış təslim bayrağını xatırladır...

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2018.- 17 mart.- S.13;24.