Anarın tərcümələri “Dünya ədəbiyyatı”nın yeni sayında
DƏRGİNİN BUGÜNLƏRDƏ ÇIXAN XÜSUSİ SAYI XALQ YAZIÇISININ TƏRCÜMƏ YARADICILIĞINA HƏSR OLUNUB
“Dünya ədəbiyyatı"
dərgisinin 2018-ci ildəki
ilk sayı Azərbaycan
Yazıçılar Birliyinin
(AYB) sədri, Xalq yazıçısı Anarın
tərcümə yaradıcılığına
həsr edilib.
AYB Bədii Tərcümə
və Ədəbi Əlaqələr Mərkəzinin
nəşri olan dərginin bu sayında Anarın uzun zaman ərzində
90-a qədər müəllif
və mənbədən
çevirdiyi əsərlər,
fərqli növ və janrları əhatə edən tərcümələri toplanıb. Xalq yazıçısının
tərcüməsində təqdim
olunan mətnlər dünya ədəbiyyatının
ta qədimdən günümüzədək - minilliklərlə
ölçülən böyük
tarixini son dərəcə
maraqlı və dolğun şəkildə
əks etdirir. Dərginin bu sayının üz qabığında Anarın qrafik portreti (müəllifi İsmayıl Məmmədov),
arxa qapaqda isə əsərlərini
tərcümə etdiyi
müəlliflərin fotolarından
ibarət kollaj verilib.
Nəşrdəki təqdimat yazısında
Anar bədii tərcüməçilik fəaliyyətinin
tarixçəsi haqqında
söz açaraq bildirir: “Ardıcıl olaraq tərcüməylə
məşğul olmamışam.
1961-ci ildə böyük hind yazıçısı
Rabindranat Taqorun yubileyi münasibətilə
“Azərnəşr” onun
“Bağban” adlı kiçik kitabını buraxdı. Kitabı rəhmətlik Araz
Dadaşzadəylə mən
çevirmişdik”.
Tərcümə üçün mətn
seçimi, bu istiqamətdəki amal və məqsədi barədə isə Xalq yazıçısı
bunları qeyd edir: “Bu mətnləri müxtəlif vaxtlarda özümçün çevirirdim.
Məqsəd - fərqli epoxaların
bir-birindən çox
fərqli dil, üslub, təhkiyə vasitələrinin dilimizdə
necə səslənməsini,
hər cəhətdən
bizdən çox uzaq yazıların Azərbaycan türkcəsində
ifadə edilməsi üçün dilimizin hansı imkanlara malik olduğunu müəyyənləşdirmək idi. Əlbəttə, yazıların mövzusu,
mənası da önəmli idi. Tərcümə üçün mənə bu ya digər cəhətdən
maraqlı və əhəmiyyətli görünən
mətnləri seçirdim”.
Bədii
Tərcümə və
Ədəbi Əlaqələr
Mərkəzinin sədri
Səlim Babullaoğlu
Anarın tərcümə
yaradıcılığı haqqında bəhs edərkən iki mühüm məqamı önə çəkir:
“Əvvəla, sovet dövründə yazıb-yaratmış
olan bütün böyük ədiblərimizdə
öz ölkələrində
imperiyanın ucqarında,
əyalətdə mühacirətdəymişlərkimi
yaşamaq duyğusu olmalıydı, varıydı.
Bu duyğu, dünya
mədəniyyəti, ədəbiyyatı
ilə münasibətdə
bizi mezalyans vəziyyətinə salırdı
və Anar kimi böyük ədibimiz, əlbəttə
ki, bunu bütün aydınlığı
ilə hiss edirdi.
İkinci məsələ, daxili sifariş məsələsi idi ki, şəxsiyyətin bütünlüyü və
daxili azadlıq göstəricisi olan bu məsələ olduqca vacib məqamdı”.
S.Babullaoğlunun fikrincə, Anar
tərcümələrilə, xüsusən mətnləri
öz daxili sifarişi ilə müəyyən etməklə
həm yazıçı,
həm də tərcüməçi kimi
özüylə mətnlərini
çevirdiyi ö böyük
ədiblər arasında,
eyni zamanda, Azərbaycanla o vaxtkı azad dünya arasında bir bərabərlik işarəsi
qoymağa çalışıb
və buna nail olub: “Oktavio Pas yazır ki, tərcümə etmək
ən dərin mütaliə və anlama prosesidir. Yazıçı Anar, həm çağdaşlarını,
həm də sələflərini ən
dərin şəkildə
anlamış və mütaliə etmiş, anladıqlarını, hiss
etdiklərini ən rasional və duru Azərbaycan dilində gələcəyə
ötürən böyük
Azərbaycan yazıçısıdır”.
Yazıçı və ədəbiyyatşünas
Pərvin Xalq yazıçısı Anarın
tərcümələrinin oxuculara sözügedən
dərginin xüsusi bir sayı kimi
təqdim olunmasının
məqsədəuyğunluğunu vurğulayır: “Çünki
polifonikliyi, mövzu və janr rəngarəngliyi
ilə seçilən
toplu oxucuya həm tərcüməçi,
həm də mətnləri çevrilmiş
sənətkarlar haqqında
zəngin informasiya verir”.
Pərvin qeyd edir ki,
Anar təkcə özüylə, ovqatıyla,
ideyalarıyla bağlı
mətnləri deyil, həm də Azərbaycan oxucusunun bədii-estetik zövqünü
formalaşdıra biləcək
əsərləri dilimizə
çevirib. Burda həm də bəyəndiyi, sevdiyi əsərləri oxucuları
ilə bölüşmək
arzusu hiss olunur: “Əlbəttə, tərcümələrin
yazıçının bədii
yaradıcılığı ilə bu və
ya digər şəkildə bağlılığından
savayı digər məziyyətlərini də
qeyd etmək lazımdır. Həm rus, həm də
Azərbaycan dilində
təhsil alan,
hər iki dildə yazan, hər iki dilin
spesifikliyinə bələd
olan yazıçı
tərcümələrində son dərəcə dəqiqdir;
istər mətnlərin
mövzusunu, məzmununu,
istərsə də dilin axıcılığını,
rəvanlığını, mətnin ritmini, melodiyasını çatdırmaq
baxımından”.
Dərginin baş redaktoru Seyfəddin Hüseynli bildirib ki, “Dünya
ədəbiyyatı”nın
Anarın tərcümələrindən
ibarət xüsusi buraxılışı 300 səhifəlik
zəngin, sanballı,
nəfis bir nəşrdir: “Elə bilirəm, dərginin bu sayını Xalq yazıçısı
Anarın 80 illiyinə
bizim mütəvazi bir təbrikimiz, töhfəmiz də saymaq olar. Orijinal bədii
yaradıcılığına görə ədəbiyyatımızda
müstəsna bir mövqe tutan Anarın tərcümələri
də əhatə dairəsinin genişliyinə,
seçilən müəlliflərin
sanbalına, mətnlərin
keyfiyyətinə, aktuallığına
görə çox qiymətli nümunələridir.
Əvvəllər də həm
ayrılıqda, həm
bir arada nəşr edilmiş bu tərcümələrin
"Dünya ədəbiyyatı"
dərgisində toplu halda işıq üzü görməsi ədəbiyyatımız, tərcümə
işimiz baxımından
önəmlidir. Odur
ki, "Dünya ədəbiyyatı" dərgisinin
"Anarın tərcümələri"
xüsusi sayı sadəcə yubiley nəşri kimi deyil, Azərbaycanda tərcüməçilik işinin,
bu sahədəki nailiyyətlərin mühüm,
vacib bir tərkib hissəsinin sistemli, kompleks təqdimatı olması baxımından da ciddi əhəmiyyət kəsb edir”.
Cavid QƏDİR
525-ci qəzet.- 2018.- 17 mart.- S.13.