Azərbaycan xalqının aşıq ədəbiyyatı
əmanəti
“Xalq Bank”
özünün “Xalq Əmanəti” layihəsi çərçivəsində
üç cildlik “Aşıq ədəbiyyatı
antologiyası” kitabını nəşr etmişdir ki, birinci
cildə “Aşıq poeziyası”, ikinci cildə “Qəhrəmanlıq
dastanları”, üçüncü cildə isə “Məhəbbət
dastanları” daxildir.
Yüksək
peşəkarlıqla, elmi məsuliyyətlə, xalq
yaradıcılığına böyük məhəbbət
və ehtiramla hazırlanmış nəşrin tərtibçiləri
Azərbaycan Aşıqlar Birliyinin sədri, əməkdar elm
xadimi, professor Məhərrəm Qasımlı və professor
Mahmud Allahmanlıdır.
Nəşrin redaktoru filologiya üzrə fəlsəfə
doktoru Şəhla Tahirqızı, illüstrasiyaların
müəllifi xalq rəssamı Arif Hüseynov, bədii tərtibatçısı
isə Tərlan Qorçudur.
“Antologiya”
“Xalq Bank”ın “Xalq Əmanəti” layihəsi çərçivəsində
indiyə qədərki bütün nəşrləri kimi
üç cəhətinə görə xüsusilə fərqlənir:
1)
elmi-akademik mükəmməllik;
2) bədii tərtibatın peşəkarlığı;
3) yüksək poliqrafik-texniki səviyyə.
Əlbəttə, Azərbaycan aşıq ədəbiyyatı
Azərbaycan xalqının zəngin mənəvi sərvətidir. Və bu sərvət,
“Antologiya”nın birinci cildinə ön söz yazmış Məhərrəm
Qasımlının göstərdiyi kimi, “Dədə Qorquddan
üzü bəri” min ildən çoxdur ki, “dilimizin,
ruhumuzun, mənəvi varlığımızın
aydınlığını, duruluğunu, yenilməzliyini”
nümayiş etdirir...
Yerli qara
tağın yıqılmasun!
Kölgəlicə
qaba ağacın kəsilməsün!
Qamın
aqan görklü suyun
qurumasun!
Qanadların
ucu qırılmasun!.. - deyə
Oğuz elinin bəy igidlərini alqışlayan Dədə
Qorqud elin başına qəza gələndə, bir zamanlar
alqışladığı bəy igidləri ətrafında
görməyəndə onu da əlavə edir ki:
Qanı
dedigim bəg ərənlər,
Dünya mənim deyənlər?!
Əcəl aldı, yer gizlədi.
Fani dünya kimə qaldı?
Gəlimli-gedimli
dünya!
Son ucu
ölümlü dünya!..
Bizə
elə gəlir ki, indiyə qədər geniş
yayılmış ənənədən fərqli olaraq tərtibçilərin
Azərbaycan aşıq poeziyasının tarixini Dədə
Qorquddan başlamaları yalnız eksperiment deyil, həm də
özünü metodoloji baxımdan doğruldan bir elmi
yenilikdir. Və “Antologiya”ya Yunus Əmrədən,
Aşıq Aydından və Aşıq Qəribdən poetik
nümunələrin daxil edilməsi də tamamilə təbiidir.
İlk növbədə ona görə ki, məsələn,
Aşıq Qəribin:
Ay
ağalar, gəlin sizə söyləyim,
Açılar baharda gülü Təbrizin.
Toyda,
bayramlarda atlaz geyirlər,
Kəsilməz
yaşılı, alı Təbrizin.
...Pəhlivanlar
qisvət geyir, yağlanır,
Cümlə bəzirganlar burda əylənir.
Üç
yüz altmış yükü birdən bağlanır,
Əldən-ələ
gəzir malı Təbrizin.
...Ərənlər
badəsin içdim, söylərəm,
Eşqin dəryasına enib boylaram.
Mən Qəribəm,
vətən mədhin eylərəm,
Mənəm indi Rüstəm Zalı Təbrizin, - tipli
qoşmaları hər hansı dastan
süjet-kompozisiyasından kənarda yaranmış müstəqil
bədii yaradıcılıq hadisələridir. Və məşhur
“Aşıq Qərib” dastanının mövcudluğu
Aşıq Qərib adlı el sənətkarının
yoxluğunu deyil, məhz varlığını təsdiq
edir... Eləcə də Aşıq Kərəmin,
Aşıq Koroğlunun...
Antologiyanın
birinci cildində Qurbani, Aşıq Abbas Tufarqanlı, Sarı
Aşıq, Xəstə Qasım, Aşıq Alı,
Hüseyn Şəmkirli, Aşıq Ələsgər kimi
ustadlarla yanaşı, Ərzurumlu Əmraha, Dədə Kərəmə,
Pir Sultan Abdala, Miskin Abdala, Bayat Abbasa, Qul Mahmuda, Lələyə,
Tahir Mirzəyə, Koroğluya, Aşıq Cünuna... da yer
ayrılması, bir tərəfdən, tərtibçi-tədqiqatçıların
böyük xidmətidir, digər tərəfdən isə,
aşıq poeziyasının həqiqi miqyasını
aşkarlamaq sahəsində göstərdikləri uğurlu cəhddir
ki, heç şübhəsiz, bundan sonra da davam etdirilməlidir.
Azərbaycan aşıq sənətinin tarixində
Aşıq Ələsgərin mövqeyi, əlbəttə,
müstəsnadır. Və antologiyada xalq şairi Zəlimxan
Yaqubun ustada həsr olunmuş “Dahilik, müdriklik, sadəlik” məqaləsinin
verilməsi də, elə bilirik ki, təsadüfi deyil.
kökü, ruhu, yaradıcılıq məharəti (və mədəniyyəti!)
ozan-aşıq sənətindən gələn, zəmanəmizin
böyük şairi Zəlimxan Yaqub ona görə
Aşıq Ələsgəri “ustadların ustadı” adlandırır
ki, o, özündən əvvəlki sənətkarlardan
öyrənməklə yanaşı, özündən
sonrakılar üçün də elə bir mükəmməl
məktəb yaratmağa nail oldu ki, bu günə qədər
əlinə saz alıb söz deyən hər kəs həmin
məktəbin dərslərini alıb imtahanından keçməlidir.
Azərbaycan poeziyasında nüfuz baxımından qəzəldə
Füzuli kimdirsə, qoşmada da Aşıq Ələsgər
odur...
Aşıq
olub, tərki-vətən olanın
Əzəl başdan pür kamalı gərəkdi.
Oturub-durmaqda
ədəbin bilə,
Mərifət elmində dolu gərəkdi.
Xalqa həqiqətdən
mətləb qandıra,
Şeytanı
öldürə, nəfsin yandıra,
El
içində pak otura, pak dura,
Dalısınca
xoşsədalı gərəkdi...
Tərtibçilər
yazırlar:
“Aşıq Ələsgər məktəb-mədrəsə
təhsili almasa da, öz fitri istedadı sayəsində ərəb
hürufatı və əbcəd hesabı ilə bağlı
incəlikləri, Şərq poetikasına məxsus şeiriyyət
qanunlarını, Qurani-Kərim və islam elminin dərinliklərini,
təsəvvüf simvolikasını kifayət qədər
mükəmməl şəkildə mənimsəmişdir. Yazı-pozu
bilməsə də, şeirlərindən savad və
dünyagörüşünün, fəlsəfi
düşüncə tərzinin mükəmməlliyi
açıq şəkildə görünməkdədir”.
Ümumiyyətlə,
mübahisə doğurmayan bu fikirlərlə bağlı bir
məsələyə münasibət bildirmək istərdik:
“yazı-pozu bilməməsi” qənaəti bəzən
Aşıq Ələsgərin istedadına, elminə,
yaradıcılıq qabiliyyətinə haradasa şübhə
yaratmaq kimi izah olunur, lakin nəzərə almaq lazımdır ki, nəinki o
dövrlərdə, hətta yazı-pozunun hər kəsin
bildiyi indiki dövrdə də aşıq sənəti
üçün “yazı-pozu”, demək olar ki, heç bir əhəmiyyət
kəsb etmir...
Əslində, ümumnəzəri mövqedən
yanaşsaq, XX əsrin əvvəllərindən etibarən Azərbaycan
aşıq sənəti tənəzzül dövrü
keçirməli, XX əsrin ortalarından isə
yaradıcı aşıqlar bütünlüklə
sıradan çıxıb yerlərini yalnız
ifaçı aşıqlara verməli idi. Ancaq reallıq bir qədər
fərqlidir... Və “Antologiya”da XX əsrin 30-cu illərindən
sonra məşhurlaşmış əllidən çox
aşığın və ya el şairinin
yaradıcılığından nümunələr
verilmişdir ki, nə bu yaradıcılıq nümunələri,
nə də onların yaradıcıları yazılı ədəbiyyat
hadisəsi sayıla bilməzlər... Aşıq Şəmşir,
Aşıq Veysəl, Miskinli Vəli, Qəmli Hüseyn,
Xındı Məmməd, Şeyda Əziz, İsmayıl
Katib, Həsən Mülkülü, Dərya Məhəmməd,
Məzahir Daşqın, Aşıq Hüseyn Cavan, Aşıq
Hüseyn Saraclı, Aşıq Şakir, Mikayıl Azaflı,
Aşıq Pənah, Aşıq İmran, Aşıq Kamandar,
Bəhmən Vətənoğlu, Aşıq Əkbər,
Sücaət...
Məsələ burasındadır ki, keçən əsrin
20-ci, 30-cu illərindən Azərbaycan xalq ədəbiyyatının
yazılı ədəbiyyata təsirinin yeni dalğası
başlamışdı. Və bu özünü həm nəzmdə, həm də
nəsrdə göstərirdi... Ən
güclü təsir mənbəyi olaraq məhz aşıq ədəbiyyatı
diqqəti çəkirdi ki, bunu nəsrdə dastan, nəzmdə
isə qoşma poetexnologiyasına üstünlük verilməsində
görmək mümkündür. Lakin
müşahidələr göstərir ki, aşıq ədəbiyyatı
öz yaradıcılıq sirlərini yazılı ədəbiyyata
sona qədər açmaqdan imtina etdi. Və
maraqlıdır ki, 30-cu, 40-cı, 50-ci illərdə bir
sıra istedadlı aşıqlar (belə bir “təcrübə”
Orta Asiya türk respublikalarında da olmuşdur) sosialist
ideologiyasına xidmət etməklə aşıq
yaradıcılığının sovet dövründə də
yaşamaq hüququ əldə etməsinə, hətta rəsmi
status qazanmasına nail oldular.
Məsələn,
Aşıq Mirzə Bayramov sosialist inqilabının gətirdiyi
“yeni zamana”nı alqışlayırdı:
Azad
könlüm, bəxtiyarsan dünyada,
Gözəl vaxtdır, ellər gülür, sən də
gül.
Bahardır,
hər tərəf güldür, çiçəkdir,
Bərəkətli çöllər gülür, sən
də gül.
Aşıq
Şəmşir böyük sovet şairi Səməd
Vurğun haqqında deyirdi:
Əzəldən
başına cəm olub kamal,
Sevir oğul kimi səni el, mahal.
Azad
ölkəmizdə hər zaman ucal,
İstəyir könlümüz bu sayaq səni.
Aşıq
Əkbər Cəfərov isə böyük sovet şairinin
ardınca sovet Azərbaycanını tərənnüm edirdi:
Qoy durum
dolanım yenə başına,
Dağları
vüqarlı Azərbaycanım!
Muğanı
ceyranlı, Mili turaclı,
Göyçayı
çinarlı Azərbaycanım!
Bəzəsin
süfrəni Lənkəran çayı,
Şirvan lavaşının açılsın layı.
Bu zəngin diyarın harda var tayı?
Meyvəsi
nübarlı Azərbaycanım!
Könül
sevindirir axar-baxarın,
Muğanda çiçəyin, Kəpəzdə
qarın.
Əkbər
deyər, xoş gəlibdi baharın,
Hər
zaman baharlı Azərbaycanım!
Tərtibçilər,
tamamilə təbii və əlamətdardır ki, antologiyaya
son dövr aşıq poeziyasının nümunələrini
(və nümayəndələrini) də daxil etmişlər:
Narınc Xatun, Aşıq İsfəndiyar Bayramov, Aşıq
Ədalət Nəsibov, Aşıq Murad Çobanoğlu,
Aşıq Rza Qobustanlı, Aşıq Ulduz Sönməz, Səadət
Buta, Aşıq Əhliman Şirvanlı, Solmaz Kosayeva,
Gülarə Azaflı...
Aşıq
sənətinin ustadlarından Mikayıl Azaflının
qızı Gülarə Azaflı aşağıdakı
qoşmasında şairin (və aşığın)
bugünkü missiyasını, elə bilirik ki, düzgün
müəyyən edir:
Dillən,
sənə qurban olum,
Sənsiz könlüm ağlar, sazım.
“Yanıq
Kərəmi”, “Dilqəmi”
Ürəyimi dağlar, sazım.
Necə
duysun səni naşı,
Məğrur
saxla, əymə başı!
Misri
qılıncın yoldaşı
Çaylar kimi çağlar, sazım.
Gülarənin
arzu, varı,
Dədəm Qorqud yadigarı.
Qoyma, hələ
ömür yarı,
Duman yolu bağlar, sazım.
Əlbəttə, düşünmək olmaz ki,
aşıq poeziyasının antologiyaya daxil edilən
bütün nümunələri mükəmməl
yaradıcılıq məhsulu, yaxud böyük sənət
hadisəsidir, lakin elə bunun özü də tərtib
metodunun üstünlüyüdür ki, kitabda aşıq
yaradıcılığı kifayət qədər obyektiv əks
olunmuşdur.
Və antologiya ilə tanış olan hər
kəs aydın görəcək ki, aşıq poeziyası
yarandığı dövrdən bu günə qədər
hansı dövrlərdən, mərhələlərdən
keçmiş, həm ideya- estetik, həm də poetexnologiya
baxımından hansı təbəddülatlara məruz
qalmışdır.
“Aşıq
ədəbiyyatı antologiyası”nın
ikinci cildinə qəhrəmanlıq dastanları daxil
edilmişdir.
Cildin
“Dastanlaşan tariximiz” adlı ön sözündə Mahmud
Allahmanlı yazır:
“Dastan Azərbaycan xalqının tarixi və mənəvi
yaddaşını, milli kimlik düşüncəsini,
yüz illər boyu fasiləsiz şəkildə gerçəkləşdirdiyi
əyilməzlik, yenilməzlik mücadiləsini ifadə
baxımından misilsiz imkanlara malik yaradıcılıq hadisəsidir. Burada ilkin təsəvvürlərin,
mifik zamanın, tarixin ayrı-ayrı dönəmlərinin
faktları, dünyagörüşləri,
qarşılaşdıqları hadisələr ən tipik məqamları
ilə obrazlı şəkildə təzahür edir”.
Əlbəttə, dastana milli mövqedən verilən bu
tərif-təyinat ilk növbədə qəhrəmanlıq
eposuna aid olmaqla özünü tamamilə doğruldur. Və
antologiyaya daxil edilən qəhrəmanlıq dastanları,
xüsusilə “Koroğlu” eposu həmin tərif-təyinatı
qeydsiz- şərtsiz təsdiq edir.
Məlum olduğu kimi, orta əsrlərin sonu, yeni
dövrün əvvəllərində formalaşmış
epos, bir sıra cəhdləri nəzərə almasaq, XX əsrin
20-ci illərindən ardıcıl şəkildə
toplanıb yazıya alınmağa başlamışdır
ki, bu sahədə V.Xuluflu, H.Əlizadə və M.H.Təhmasibin
xüsusi xidmətləri vardır. Və “Antologiya”da
“Koroğlu”nu, təbii olaraq, M.H.Təhmasib “mətn”i təmsil
edir ki, həmin “mətn” həm daha mükəmməldir, həm
də, tərtibçilərin qeyd etdikləri kimi, “bir
sıra kiçik dəyişikliklərlə təkrar-təkrar
nəşr olunmuşdur”.
“Koroğlu” dastanı ümumən müxtəlif
türk (və bir sıra qeyri-türk) xalqları arasında
bu və ya digər dərəcədə yayılsa da, mükəmməl
epik yaradıcılıq aktı olmaq etibarilə tarixən Azərbaycan
xalqına - Azərbaycan türklərinə mənsubdur. Azərbaycan
“Koroğlu”su mənsub olduğu xalqın şifahi ədəbiyyatının
(bütövlükdə mədəniyyətinin) intibahı
dövründə böyük milli-ictimai təfəkkür
enerjisinin məhsulu kimi meydana çıxmış, həmin
xalqın bir neçə əsrlik tarixi marağını,
sosial-siyasi, ideoloji və mənəvi-estetik
dünyagörüşünü, mentalitetini, milli
ideallarını əks etdirmişdir.
“Koroğlu”nu Azərbaycan ictimai-estetik təfəkkür
tarixindəki mövqeyinə görə, ancaq “Kitabi-Dədə
Qorqud”la müqayisə etmək mümkündür. “Kitabi-Dədə
Qorqud” Azərbaycan xalqının, “Koroğlu” isə Azərbaycan
millətinin formalaşdığı dövrün
ovqatının, sosial-siyasi, etnoqrafik proseslərin hər
dövrdəki özünəməxsus təzahürüdür.
Və heç də təsadüfi deyil ki, “Koroğlu” ilə
“Kitabi-Dədə Qorqud” arasında qırılmaz
semantik-struktur (poetik) varislik vardır ki, həmin varisliyi etiraf
etmədən Azərbaycan “Koroğlu”sunun nəinki genezisini,
heç tipologiyasını da müəyyənləşdirmək
mümkün deyil - “Kitabi-Dədə Qorqud”dan “Koroğlu”ya qədər
türk-oğuz ozanı Azərbaycan aşığına
transformasiya olunur...
“Koroğlu”nun
Qərb və Şərq variantları, təqdiqatçların
qeyd etdiyi kimi, həm məzmun, həm də formaca biri digərindən
kifayət qədər fərqlənir: Qərb variantları Azərbaycan,
türk, erməni, gürcü, kürd, ləzgi və d.,
Şərq variantları isə türkmən (“Goroğlu”),
özbək, qazax (hər ikisində “Qoroğlu”), tacik
(“Quruqli”, yaxud “Qurquli”) variant və ya versiyalarından ibarətdir.
Eposun Qərb variantları, demək olar ki, bütünlüklə
real, tarixi hadisələrdən, əhvalatlardan bəhs etdiyi
halda, Şərq variantları əfsanəvi-mifik obrazlar,
süjetlərlə zəngindir və Qərb variantları əsasən
nəsrlə, Şərq variantları isə şeirlədir.
“Koroğlu”nun
müxtəlif variant, yaxud versiyaları üzərindəki
müşahidələr göstərir ki, həmin variant,
yaxud versiyalar, aralarındakı məzmun fərqlərinin
böyüklüyündən və ya kiçikliyindən
asılı olmayaraq bir mənbədən - Azərbaycan
“Koroğlu”sundan törəmişlər; hər şeydən əvvəl
ona görə ki, tipoloji baxımdan bu variant daha mükəmməl,
daha tarixi və daha realistdir, ona görə də daha çox
törəmə-artma, improvizasiya potensialına malikdir. Və koroğluşünas X.Koroğlunun belə bir
fikri tamamilə doğrudur ki, ondan artıq müxtəlif etnik
mənşəli xalqda “Koroğlu” yazılı şəkildə
fiksasiya olunsa da, “əsas süjet, görünür, Azərbaycanda
müəyyənləşmişdir”.
“Koroğlu”nun
Qərbdən Şərqə doğru
yayıldığını güman etmək
üçün hər cür əsas vardır, - Azərbaycanı,
Anadolunun Şərqini əhatə edən cəlalilər (XVI
əsrin sonu XVII əsrin əvvəlləri) hərəkatı
“Koroğlu”nun ilk süjetlərini, yaxud epizodlarını bu ərazidə
(Qərbdə) meydana çıxarmalı, sonra həmin
süjet və ya epizodlar oğuz-türkmənlər vasitəsilə
Şərqə nəql olunmalı idi. Digər tərəfdən
XVII əsrdə türk dünyasının etnik-siyasi
baxımından ən gərgin nöqtəsi məhz Qafqaz (Azərbaycan)
idi ki, burada yalnız tarix səhnəsinə
çıxmağa hazırlaşan bir millətin - Azərbaycan
millətinin taleyi həll olunmurdu, digər oğuz türklərinin
(Türkiyə türklərinin, türkmənlərin) milli
özünütəşkil prosesi də az
və ya çox dərəcədə həmin regionla
bağlı idi.
Lakin Şərq “Koroğlu”su ancaq mənşəyi, bir
sıra obraz, epizod-süjet və motivlərinə görə
Qərb “Koroğlu”su ilə eynidir, ümumiyyətlə isə
orijinal variant və ya versiyalardan ibarətdir - hər bir
türk xalqı (türkmən, özbək, qazax və s.) “Koroğlu”ya
öz tarixi-etnik marağını, mənəvi-etnoqrafik
xarakterini, ictimai-siyasi problemlərini gətirmiş, onu
(“Koroğlu”nu) hansı epik, bədii-estetik səviyyəyə
qaldırıb-qaldırılmamasından asılı olmayaraq
özününkü etmişdir (B.A.Karrıyev).
Azərbacan “Koroğlu”su Qərb variantlarının, qeyd
olunduğu kimi, əsasını təşkil edir - “istər
ayrı-ayrı hissələrin, qollarının ilk
yaranmasında, istərsə də yaşadığı əsrlər
boyu daha da zənginləşməsində, cilalanmasında bizə
məlum olmayan saysız-hesabsız söz sənətkarlarının
iştirak etmiş olduğu ən əzəmətli
dastanlarımızdan biri” (M.H.Təhmasib) “Koroğlu” milli təşəkkül
dövründə mənsub olduğu xalqın, millətin
hansı yaradıcılıq (və geniş mənada
özünütəşkili!) imkanlarına malik olduğunu
göstərir. Mütəşəkkilliyinə, xalqın ictimai-siyasi
problemlərini əks etdirmə imkanına, estetik-poetik səviyyəsinə
görə nə Türkiyə türklərinin
“Koroğlu”su, nə də erməni, gürcü, kürd, ləzgi
və s. “Koroğlu”su Azərbaycan “Koroğlu”su ilə
müqayisə oluna bilməz - eyni zamanda qeyd edək ki, Qafqazda
yaşayan qeyri-türk mənşəli xalqların
“Koroğlu”su əsasən Azərbaycan “Koroğlu”sunun
ayrı-ayrı süjetlərinin variasiyası, bir sıra
hallarda isə bilavasitə tərcüməsidir. Heç də
təsadüfi deyil ki, vaxtilə qeyri-türk mənşəli
bir sıra qonşu xalqların
ifaçı-aşıqları müxtəlif məclislərdə
“Koroğlu”nun süjetini Azərbaycan türkcəsindən
çevirərək öz dillərində (ermənicə,
gürcücə, ləzgicə və s.)
danışmış, dastandakı qoşmaları isə məhz
Azərbaycan türkcəsində oxumuşlar (XVII-XIX əsrlərə
aid bir sıra əlyazmalar da bunu göstərir). Yəni Qafqaz
- Kiçik Asiya regionunda “Koroğlu”nun aparıcı dili Azərbaycan
türkcəsi, təmsil və təbliğ etdiyi ideya-estetik mədəniyyət
Azərbaycan mədəniyyəti olmuşdur.
Antologiyanın
ikinci cildinə “Qaçaq Kərəm”, “Qara Tanrıverdi”,
“Qaçaq Süleyman”, “Hacı Tağı”, “Qandal
Nağı” və “Səttarxan” kimi kiçik həcmli məşhur
qəhrəmanlıq dastanları da əlavə edilmişdir
ki, həmin dastanların qəhrəmanları Azərbaycan
folklorşünaslığında, çox uğurlu bir ifadə
ilə, “Koroğlunun nəvələri”
adlandırılmışdır.
“Aşıq ədəbiyyatı antologiyası”nın məhəbbət dastanlarından ibarət üçüncü cildi Məmmədhüseyn Təhmasiblə Məhərrəm Qasımlının müfəssəl olduğu qədər də məzmun-mündərəcəli ön sözləri ilə açılır. Və müəlliflər yazırlar:
“Qədim türk cəmiyyətində dastan təfəkkürü istisnasız olaraq bahadırlıq düşüncəsinin obrazlaşdırılmasına yönəldiyindən həmin mərhələyə məxsus epik ənənənin özəyində qəhrəmanlıq motivi və bu motivin ifadəsi olan çeşidli qəhrəmanlıq süjetləri durur. Sonrakı tarixi dövrlərdə epik düşüncədə lirik təmayül də müəyyən yer tutmağa başlayır... Epik ənənədə lirik təmayülün güclənməsi sırf məhəbbət motivinə bağlı dastanların meydana gəlməsi ilə də nəticələnir”.
Azərbaycan məhəbbət dastanlarının ideya-məzmunu, poetik quruluşu barədə ətraflı məlumat verdikdən sonra ən məşhur, ən mükəmməl nümunələri ayrı-ayrılıqda təhlil edən müəlliflər göstərirlər ki, “Azərbaycan xalq dastançılığı özünün çiçəklənmə mərhələsini orta yüzilliklərdə (görünür, orta yüzilliklərin sonlarına doğru - N.C.) keçirmişdir. Bu mərhələnin şah əsərləri olan “Aşıq Qərib”, “Tahir- Zöhrə”, “Əsli-Kərəm”, “Abbas-Gülgəz”, “Şah İsmayıl-Gülzar” kimi möhtəşəm dastanlar Azərbaycan hüdudlarından çıxaraq ümumən Qafqaz, Anadolu, Orta Asiya ərazilərinə də geniş yayılmışdır...”
Cildə on yeddi məhəbbət dastanı daxil
edilmişdir.
“Aşıq
ədəbiyyatı antologiyası”nın
akademik tərtib prinsiplərinə uyğun olaraq zəruri
qeyd-izahlarla təmini, heç şübhəsiz,
razılıq doğurmaya bilməz.
Ümumiyyətlə, milli mədəni
irsin hər sahəsinə xüsusi qayğı ilə
yanaşılıb qorunduğu, dərindən öyrənildiyi
və geniş təbliğ olunduğu müasir dövrdə
belə bir mükəmməl (və möhtəşəm) nəşrin
meydana çıxması tamamilə təbii olduğu qədər
də qürurvericidir. Və əminik ki, “Xalq Bank”
başladığı müqəddəs işi bundan sonra da
uğurla davam etdirəcək, “Xalq Əmanəti” layihəsi
bundan sonra da inamla həyata keçiriləcəkdir.
Nizami
CƏFƏROV
525-ci qəzet.- 2018.- 17 mart.- S.10-11.