Azərbaycan mədəniyyətində
İlyas Əfəndiyev fenomeni
Vəfa XANOĞLAN
Bakı Xoreoqrafiya Akademiyasının
elmi katibi, filologiya üzrə fəlsəfə doktoru
Azərbaycan
ədəbiyyatının və mədəniyyətinin
görkəmli nümayəndəsi, Xalq
yazıçısı İlyas Əfəndiyevin
yaradıcılığında toxunduğu mədəniyyət
və mənəviyyat problemləri özəl bədii-estetik
dəyərinə, dərin fikir genişliyinə, ictimai-sosial
mahiyyətinə görə bu gün də
düşündürücüdür, aktualdır, milli
düşüncə və əxlaq tərzinin
formalaşmasında çox dəyərli əhəmiyyət
kəsb edir.
Mütəfəkkir sənətkar ən qlobal bəşəri
mövzulara, qatı sosial-ictimai problemlərə məhz insan
mənəviyyatından pəncərə açdı. Yeni baxım
bucağı ilə oxucunu daha böyük ülviyyətlə
öz qələminin diktəsinə səfərbər etdi.
Unudulmaz sənətkarımız yarım əsr milli teatr sənətimizin
şərəfli yükünü öz çiyinlərində
apardı, onlarla lirik-psixoloji və tarixi-fəlsəfi
dramları ilə teatrımızı yeni zirvələrə
qaldıraraq özünün "İlyas Əfəndiyev
teatrı"nı yaratdı. Xalq
yazıçısının çoxçeşidli bədii
yaradıcılığı onun mədəniyyət
konsepsiyasının nəzəri-estetik özəlliklərinin
mahiyyətini açmaq üçün zəngin material verir.
Sənətkar milli mədəniyyətimizə
böyük təsir göstərmiş şəxsiyyətlərdəndir.
O, elə bir şəxsiyyət və elə bir
yaradıcı sənətkardır ki, istedadının
gücü ilə mədəniyyətimizin müxtəlif sahələrinə
nüfuz edə bilmişdir. Xalq
yazıçısının zəngin bədii irsində
teatr, kino və televiziya sanki bir-biri ilə ilişikli
qarışıb yaşayır. Belə
ki, Azərbaycan ədəbi mühitində ustad sənətkarın
bir sıra əsərləri həm uğurla səhnədə
tamaşaya qoyulmuş, həm də kino və televiziya
ekranlarına yol tapmışdır. Bütövlükdə
İlyas Əfəndiyev yaradıcılığının
milli mədəniyyətimizdə xüsusi rolu və müstəsna
əhəmiyyəti vardır. Xalq
yazıçısı həm də sərhədlərimizdən
uzaqlarda yaranan ədəbiyyat, incəsənət və mədəniyyətimizin,
milli-ictimai təfəkkür potensialımızın öyrənilməsini
də vacib sayırdı. Akademik Bəkir Nəbiyev
yazırdı: "İlyas Əfəndiyevin pyesləri bu
gün də insanları mənəvi təmizliyə
çağırır. Dramaturq bəzən tərəddüd
edən, hətta müəyyən səhvə yol verən,
lakin sarsılmayan, ən mürəkkəb vəziyyətlərdə
belə öz insanlıq şərəfini qoruyub saxlamağı
bacaran aydın məqsədli qəhrəmanın timsalında
müasirlərinə canlı, həyati xarakterlər təqdim
edir, onları meşşanlıq bataqlığına
yuvarlanmaqdan çəkindirir, vətənpərvərlik qayələrinə,
böyük bəşəri ideallara sədaqət və məhəbbət
aşılayırdı". Xalq yazıçısının
dram əsərləri ilə yeni rejissor, aktyor, bəstəkar
nəsli formalaşdı. "İlyas Əfəndiyev
teatrı"nın fəlsəfi-estetik və
fikri-bədii təravəti bu gün də oxucuların və
tamaşaçıların vətənpərvərlik hissi və
zövqünün formalaşmasına öz təsirini
göstərir. O, özünəməxsus cəsarətlə
bədii əsərlərində
azadlığımızı və milli müstəqilliyimizi,
xalq həyatını, azərbaycançılıq və
türkçülük məfkurəsi ilə təcəssüm
etdirərək, XX əsr Azərbaycan ədəbiyyatının
klassikinə çevrildi. Dramaturqun
yazdığı 22 pyesdən 19-u Akademik Milli Dram
Teatrının səhnəsində tamaşaya qoyulub və bu
pyeslər çağdaş teatr təfəkkürünün
inkişafına güclü təsir göstərib. Azərbaycan teatr poetikası bədii-estetik siqlətini
geniş anlamda "İlyas Əfəndiyev teatrı"nda
tapdı.
Yazıçının əsərlərinin müsbət
qəhrəmanları kənddə mədəniyyəti təbliğ
edirlər. Əsərlərinin qəhrəmanları
haqqında yazıçı yazırdı ki, "mənim əsərlərimin
qəhrəmanları müasir həyatda xarüqələr
yaradan gənclərdir. Bu qəhrəmanlar
öz fəaliyyətlərində elm və mədəniyyəti
təbliğ edir, ucqar kənd və rayonlara yol çəkir,
rüşvətxorluğa, ədalətsizlik və
haqsızlığa qarşı mübarizə
aparırlar". Məsələn,
"Söyüdlü arx" romanında əsərin baş
qəhrəmanı Nuriyyənin və onunla həmfikir olan gənclərin
əsas məqsədi Güney Qışlaqda mədəniyyəti
yüksəltməkdir. "Bu saat Güney
qışlağın əsas dərdi mədəniyyətsizlikdir"
- deyən Qulunu narahat edən də yalnız bu problemdir.
Nuriyyənin bir mədəniyyət qurucusu, mədəniyyət
fədaisi kimi arzularını həyata keçirməsi onun mənəvi
qələbəsidir.
İlyas
Əfəndiyevin bədii əsərlərində olduğu
kimi nəzəri-estetik görüşlərində də
xalqımızın milli adət-ənənələri,
qonaqsevərlik, toy, nişan mərasimləri
mühüm yer tutur. Onun
yaradıcılığında ən maraqlı cəhətlərdən
biri də baharın gəlişi ilə Novruz bayramını,
xalqın suya, oda olan inamlarını öz əsərlərində
yaşatmasıdır. 1967-ci ildə qələmə
aldığı "Bahara alqış" məqaləsində
yazıçı doğulduğu məkanı və
uşaqlıq çağlarını xoş duyğularla
xatırlayır. "Mənim həyatımda ən
güclü xatirələr baharın girməsi ilə
bağlıdır" - deyən ədib yazır: "Azərbaycan
xalqı baharı mehribanlıq rəmzi olan odla, gözəllik
rəmzi olan tər çiçəklərlə, məhəbbət
rəmzi olan yaşıl səmənilərlə
qarşılayır. Bu adət nə qədər
nəcibdirsə, bir o qədər də qədimdir. Pəncərələrdə bir qarış
qalxmış yaşıl buğda səmənisi neçə
min ildir ki, xalqımızın bolluq arzusuna, çörəyə
hörmətə çevrilmişdir. Azərbaycan
xalqı ən gözəl adət və ənənələri
göz bəbəyi kimi qoruyur, keçmişə baxaraq bu
günə qədər qədirşünaslıqla qiymət
verməyi bacarır. Bolluq arzusu olan səməni
bu gün də evlərimizi bəzəyir, bizə baharın gəldiyini
xəbər verir, tarlaya çıxın - deyir, əkinin, səpinin
vaxtıdır, gözəl şəhər və kəndlərimizi
təzə bağlarla bəzəməyin, yeni meşələr
salmağın, toyun-mağarın vaxtıdır".
Yazıçı yaradıcılığı boyu milli
mədəniyyətimizin təəssübkeşi olub. Onun mədəniyyət
tariximizə, sənət məsələlərinə həsr
etdiyi elmi-nəzəri məqalələri, esseləri və
müsahibələri axtarış ruhunun təzəliyi ilə
diqqəti cəlb edir. Dramaturgiyaya, teatra,
kinoya, musiqimizə, xanəndəlik sənətinə, təsviri
sənətimizə, mənəviyyatımıza həsr etdiyi
məqalələri bu gün də öz aktuallığı
və məna tutumu ilə seçilir. İlyas
Əfəndiyevin Azərbaycan mədəniyyətindəki rolu
çağımızda yeni meyarlarla elmi-nəzəri fikrin
arsenalında müqayisəli tədqiq edilməyib. Onun yaradıcılığı hərtərəfli
öyrənilməyə layiqdir və xüsusi tədqiqatın
predmetidir.
İlyas Əfəndiyev dram əsərlərilə
Akademik Milli Teatrımıza yeni çalar, yeni ruh, yeni
üslub və təravət gətirdi. Dramaturgiyamızda
lirik-psixoloji dram məktəbini və onun poetikasını
yaratdı. "...Teatr xalqın ən incə
duyğularını, romantik xəyallarını, sevincini, dərdini,
arzularını ifadə edir. Xalqın teatrı
onun milli mədəniyyətinin təntənəsidir".
"İlyas Əfəndiyev teatrı" teatr
prosesində yeni bir mərhələ idi. Onun
teatra həsr etdiyi məqalələri estetik siqləti və
fəlsəfi tutumu ilə yadda qalır. "Teatr
həmişə mənəvi yüksəliş
anlayışı olub. Teatr yalnız ədəbiyyat
və incəsənət deyil, eyni zamanda, tamaşaçı
mədəniyyətinin də meyarıdır".
"Müasirlik, sənətkarlıq, xəlqilik"
(musiqimiz haqqında qeydlər) məqaləsində İlyas
Əfəndiyev yazır ki, "Hər bir xalqın mədəni-intellektual
inkişafında incəsənətin bütün sahələri
sırasında musiqi də bir ölçü, meyar
sanbalında qəti səsə malikdir. Ədəbiyyat,
rəssamlıq, heykəltəraşlıq kimi, musiqi də
sosial həyatı əks etdirir. İncəsənətin
böyük möcüzələrindən olan muğamlardakı
ecazkar təsir qüvvəsi, kökünü uzaq əsrlərdən
alan mərdlik, qəhrəmanlıq
nidaları, mənəvi zənginlik xalqımızın mətin
mübarizələrinin əks-sədası deyilmi?"
Müəllifin elmi-nəzəri məqalələri
arasında xanəndəlik, müğənnilik sənəti
haqqında da maraqlı mülahizələr var. Və bu
mülahizələrdə muğam sənətinin sehri, qədim
kökləri, valehedici gözəlliyi yüksək sənətkarlıqla
incələnir. Burada ayrı-ayrı böyük xanəndələrin
ifa tərzi, sənətkarlıq məharəti, səsin
gözəlliyi və sənətkarlığı,
müğənninin səhnə mədəniyyəti konkret
faktlar əsasında aşkarlanır: "Məlumdur ki, xanəndəlik
sənətinin kökləri bizdə çox uzaq əsrlərə
gedir. Xalqımız böyük xanəndələrin
xatirəsini, onların ifasındakı gözəlliyi ürəyində
əbədiləşdirib. Klassik ustadların sənəti,
nəfəsi, avazı haqqında xatirələr, onların hər
birinin ifasında, səsində məxsusi cəhətlər
haqqındakı fikirlər şifahi olaraq nəsillərdən-nəsillərə
keçir... İslamın "Segah"ı,
Cabbar Qaryağdıoğlunun "Qatar"ı, Seyid
Şuşinskinin səsi bu gün də bir əfsanə kimi
yad edilir. Qarabağda deyərdilər ki,
"Dünyaya iki oxuyan gəlib, biri Həzrəti Davud, digəri
Seyiddir. (Əfsanəyə görə,
Davud peyğəmbərin səsinə çatan səs
yoxmuş dünyada)".
İlyas Əfəndiyev fenomeni, İlyas Əfəndiyev
yaradıcılığı Vətənə, xalqa,
istiqlalımıza tarixi xidməti ilə önəmlidir. Xalqımızın
milli xüsusiyyətlərini dərindən öyrənməyə,
dərindən duymağa çağırırdı ustad sənətkar.
Hər bir insanda yüksək şüurun, Vətən
sevgisinin, torpağa məhəbbətin və ali
mənəviyyatın olmasını arzu edirdi. "Yüksək
mənəviyyat uğrunda" məqaləsində
yazırdı: "Həqiqi vətəndaş yalnız
gözəlliklərdən zövq alan bir
seyrçi deyil. Vətənin və xalqın
rifahı və inkişafı naminə görülən
ümumi işin ağırlığının müəyyən
hissəsini çiynində daşıyan, bir az da aydın desək,
özünün yüksək vicdani borcunu məhz bunda görən
ilhamlı bir fədaidir".
Görkəmli ədib milli-mənəvi dəyərlərimizi,
adət və ənənələrimizi, xalqımızın
folklor ədəbiyyatını dərindən öyrənməyi
təbliğ edirdi. Yazıçıya görə, mənəvi
mədəniyyətin yüksəkliyi hər bir insan
üçün vacib şərtdir. Bu
baxımdan, qüdrətli qələm sahibinin zaman məhdudluğu
tanımayan zəngin bədii irsi milli ruhumuzun mənəvi tərcümanına
çevrilib. Mənəvi dəyərlərimizin
qorunması və yaşadılmasına yazıçı
böyük qiymət verirdi: "Mən milli-mənəvi dəyərlərimiz
haqqında düşünərkən, babalarımızın
vaxtilə müqəddəs saydıqları namus ənənələrinin
yanından sükutla keçə bilmirəm. Bizim
milli namusumuz hər dövrdə, hər bir çətinlikdə
xalqımızın mənəvi dayağı olub. Milli namus yalnız ər-arvad məsələlərinə
aid olmayıb. Atalarımız milli namus
dedikdə, vətən, millət namusu, qonum-qonşu təəssübü,
böyük-kiçiyə hörmət və izzət
haqqında düşünüblər".
Sənətkarın kino fəaliyyəti və bu
mövzuya həsr etdiyi məqalələri də ayrıca tədqiqat
obyektidir. Məlumdur ki, ustad sənətkarımız bir
müddət kinostudiyada ssenari şöbəsinə rəhbərlik
edib. Milli kinomuzun vəziyyəti, inkişaf yolları həmişə
ədibin diqqət mərkəzində olub: "...Beləliklə,
biz kino sahəsində də, teatr aləmində də
birbaşa "mərkəzə" baxan, onların
çaldıqları ilə oynayan, heç bir müstəqilliyi
olmayan əyalət miqyasında idik". Müəllif öz
fikir və mülahizələrini davam etdirərək daha
sonra yazırdı: "Yetmiş ildə bizim mənəviyyatımız
və həmin mənəviyyatın bədii
yaradıcılıq dünyası heç bir zaman azad,
müstəqil olmamışdır, heç bir zaman
"yuxarısız", "Mərkəzi Komitəsiz"
olmamışdır". Məlum olduğu kimi, İlyas
Əfəndiyev 1940-cı illərdə, cavan yaşlarında
üç il kinostudiyada ssenari şöbəsinin
müdiri vəzifəsində
çalışmışdır. 30-cu illərin
sonlarında yazıçının qələmə
aldığı məqalələrindən biri də kinoya həsr
olunmuşdur. Həmin illərdə Bakı kinoteatrlarında
nümayiş etdirilən "Bataqlıq saldatları"
filmi barədə yazıçı eyni adlı məqalə
yazmış və "Yeni yol" qəzetində çap
etdirmişdir. Sonra "Gənc
işçi" qəzetində "Yadigar" adlı
ssenaridən parçalar çap etdirir. 1942-ci
ildə isə onun "İradə" kinossenarisi və
"Balıqçılar" adlı kinonovellası
işıq üzü görür. Sonralar
"Tufandan sonra" adlı kinonovellası və
"Qaçaq Süleymanın ölümü" adlı
bir kino povesti çapdan çıxmışdır.
İlyas Əfəndiyevin bədii əsərləri əsasında
bir neçə bədii və televiziya filmləri çəkilmişdir:
"Yun şal" (1965.Rej.R.Kazımovski),
"Körpüsalanlar" povestinin motivləri əsasında
çəkilmiş "Çarvadarların izi ilə"
(1974.Rej.T.İsmayılov), "Bizi dağlarda axtarın"
(1976.Rej.N.Abbasov), "Mahnı dağlarda qaldı" pyesinin
motivləri əsasında istehsal olunmuş "Gözlə məni"
(1981.ssenari Elçin,rej.K.Rüstəmbəyov),
"Sarıköynəklə Valehin nağılı"
romanının motivləri əsasında "Bircəciyim"
televiziya filmi (1986.rej.Ə.Əbluc), "Hökmdar və
qızı" pyesinin motivləri əsasında
"Hökmdarın taleyi" (2009.ssen.Elçin, rej.R.Fətəliyev,
D.Fatxulin).
İlyas Əfəndiyev kino sənətinə dair diqqəti
cəlb edən bir sıra maraqlı məqalələrin də
müəllifidir. O "Bakıdan Göy gölə", "Sovet Azərbaycanı",
"Qara daşlar", "Xəzər neftçiləri
haqqında dastan" filmlərinə dair məqalələr
yazaraq müxtəlif ədəbi dərgilərdə çap
etdirmişdir.
"Azərbaycan kino sənəti nə
üçün geridə qalır?" məqaləsində
yazıçı əsas səbəblərdən biri kimi
kino sənətinin inkişafını ədəbiyyatın
ümumi inkişaf prosesindən kənarda qalması ilə səciyyələndirir. Həmçinin,
studiyanın bədii şurasında gedən ssenari müzakirələrinin
aşağı səviyyədə keçirilməsi,
rejissorların bu müzakirələrdə dayaz fikirlər
söyləməsi xüsusi qeyd edilir.
Yazıçı fikrini davam etdirərək yazır: "Azərbaycanda
kino sənətinin geridə qalmasının səbəblərini
araşdırarkən, birinci növbədə, ədəbiyyatla
əlaqədar məsələlərdən danışmaq
daha doğru olardı. Hamıya məlumdur ki,
mükəmməl bədii ssenari olmadan film yaratmaq
mümkün deyildir. Bədii ssenari ədəbiyyatın
nisbətən gənc janrıdır. Ssenari
yazıçıdan son dərəcə ciddi, gərgin əmək
və fədakarlıq tələb edir". Yazıçının fikrincə, "məsələ
ssenarilərin sayca çox olmasında deyildir. Yazılan ssenarilərin yüksək keyfiyyətli
olmasına, bədii cəhətcə mükəmməl
yazılmasına çalışmaq lazımdır".
Ədəbi əsərlərin
ekranlaşdırılmasında ssenariçi istedadı ilə
rejissor, operator, bəstəkar, rəssam və aktyor ilişgiləri
birləşəndə ekranda əsl əsrarəngiz mənzərə
yaranır. Çünki ssenariçi əsərin
ideya-estetik məzmununu dərindən duyaraq hər bir obraz
üzərində işləyərkən onun hərəkətlərini,
hiss və duyğularını, canlı nitq üslublarına
dair olan elementləri və ifadə formalarına xüsusi diqqət
yetirir. Yüksək bədii dəyərə
malik ssenarilərdə böyük xarakterlər
açılır, zəngin hisslərin, ehtirasların mənbəyi
çözülür, fəlsəfi-ictimai mənalar
açılır. Ədib belə qənaətə
gəlir ki, yazıçılarla kino sənəti mütəxəssisləri
arasında sıx əlaqə yaranmalı, ardıcıl və
müntəzəm təcrübə mübadiləsi
aparılmalıdır. Bu baxımdan zəngin
yaradıcılıq arsenalına malik əbədiyaşar sənətkarımız
İlyas Əfəndiyevin kinoşünaslığın nəzəri
problemlərini və poetik xüsusiyyətlərini
özündə ehtiva edən məqalələri elmi-nəzəri
siqləti və konseptuallığı ilə əhəmiyyətlidir.
Xalq yazıçısının hekayə,
povest, kinonovella, roman və pyesləri Azərbaycan
kinematoqrafçıları üçün geniş imkanlar
açır. Dramaturqun nəsr əsərləri
kinematoqrafik ifadələrlə zəngindir. Ədibin elə nəsr əsərləri var ki,
onlar "oxunmur", sanki "baxılır". Çağımızda İlyas Əfəndiyevin
povestləri və romanları bədii filmlər, xüsusilə
teleseriallar üçün zəngin ədəbi
materialdır.
Azərbaycan mədəniyyətinin inkişafında əvəzsiz
xidmətləri olan görkəmli sənətkar 60 illik
çoxçeşidli yaradıcılığı ilə mədəniyyət
xəzinəmizi xeyli zənginləşdirdi. İlyas
Əfəndiyevin yardıcılığı milli ədəbiyyatımızın,
teatrın, kino sənətinin inkişafına böyük təsir
göstərmiş, onu ayrılmaz hissəsi olmuş və mədəniyyətimizin
yeni səviyyəyə qalxmasını təmin etmişdir.
İlyas Əfəndiyev
yaradıcılığının estetik özülündə
milliliklə bəşəriliyin vəhdəti durur. Xalq
yazıçısı bədii
yaradıcılığında özünü novator və
orijinal bir sənətkar kimi tanıtdı. Bədii yaradıcılıqda yenilikçi və
orijinal olmaq isə əslində, mədəniyyətin
avanqardına çevrilib onu irəli aparmaq deməkdir. XX əsr Azərbaycan milli mədəniyyət
tarixində "İlyas Əfəndiyev və Azərbaycan mədəniyyəti"
ifadəsi, anlayışı və praktiki təzahürü
danılmaz kulturoloji faktdır.
İlyas Əfəndiyev XX əsr Azərbaycan nəsrinin,
dramaturgiyasının, ədəbi dilinin və teatr sənətinin
inkişafında xüsusi yeri olan sənətkardır. Qüdrətli qələm
sahibi ədəbi dilə və müqəddəs əlahəzrət
Sözə yüksək qiymət verirdi: "Ədəbi
dilimizin inkişafında ən mühüm vəzifələrdən
biri, əlbəttə, yazıçıların, şairlərin
üzərinə düşür. Yazıçı
üçün dil onun ürəyinin tərcümanıdır.
Ədəbiyyata gətirilən sözü
yazıçı elə işlətməlidir ki, o, hamı
üçün anlaşıqlı olsun. Xalqın
ruhu ilə, canlı danışıq dili ilə
mayalanmış əsərlər həmişə ümumxalq
məhəbbəti qazanır". İlyas
Əfəndiyev həmişə oxunan və sevilən sənətkardır.
O, Sovetlər İttifaqı dönəmində gündə
bir havaya oynayan, yalnız hakim ideologiyanın sifarişi ilə
"əsərlər" yazan
"yazıçıları" özünəxas
ustalıqla tənqid edirdi. Yazıçı Azərbaycanın
gələcəyinə böyük ümidlər bəsləyirdi:
"...Mənim Azərbaycanın gələcəyinə
ümidlərim böyükdür. Çünki
Azərbaycan xalqının vətəninə, torpağına
bağlılığı, sevgisi əbədidir. Bu
gün millətin vətənpərvərlik duyğusunun yeni
təlatümünün coşub kükrəyən
dövrüdür". Daim əsərlərində
xalqımızın milli azadlıq mübarizəsini, müstəqilliyini,
istiqlaliyyətini tərənnüm edən müqtədir sənətkarımızın
bədii əsərləri bu gün də öz
aktuallığını və dəyərini qoruyub
saxlayır. Xalq yazıçısı
İlyas Əfəndiyevin Azərbaycan mədəniyyətində
rolu mövzusunun özü önəmli bir məsələ
olmaqla Azərbaycan kulturoloji elmi üçün də
mühüm bir məsələni gündəmə gətirir.
Bu mövzu həm İlyas Əfəndiyevin ədəbi-bədii
irsinin araşdırılması, həm də milli mədəniyyətimizin
aktual problemlərini çözmək baxımından da
böyük əhəmiyyət kəsb edir.
525-ci qəzet 2018.- 20 mart.- S.6.