Möcüzələrlə dolu Anar dünyası
Anar müəllimin
bir müddət işdəki yoxluğu və Türkiyədə olan əməliyyat həyəcanları hamını,
elə məni də narahat etməyə bilməzdi.
Bilmirəm, bəlkə də yaşanan bu anların qorxusundanmı, ürək əməliyyatının
adının ağırlığındanmı
ağlıma belə bir fikir gəldi
ki, Anar müəllim sağ-salamat
qayıtsın, mütləq
onun haqqında fikirlərimi yazacam. Utanardım, çəkinərdim
Anar müəllim haqqında nəsə yazmağa. Ancaq bu dəfə
içimdən gələn
səsi boğa bilmədim.
Anar müəllimin
yaradıcılığı, şəxsiyyəti haqqında
çox yazılıb
və yazılır da. Mən məhz iş prosesindəki canlı Anar obrazı haqqında - 20 ilə yaxın tanıdığım Anar
haqqında gördüklərimi,
yaşadıqlarımı, düşüncələrimi, şahid
olduqlarımı qismən
də olsa qələmə almaq qərarına gəldim. Anar müəllim kimi böyük bir şəxsiyyəti tanımaq üçün
20 il az
vaxt deyil.
Anar müəllim
orta məktəb illərimdən biz gənclərin
qəlbinə yol tapmışdı. Ədəbiyyatı tam dərk etdiyimiz
zamanda Anar müəllimin atası Rəsul Rzanın və anası Nigar xanımın dünyadan köçmələri
və onun mükəmməl "Sizsiz"
əsərini yazması
Anarsevərlərdə böyük
həyəcan doğurmuşdu.
Bakıdan çox-çox uzaqda "Azərbaycan"
jurnalında dərc olunmuş "Sizsiz" əsərini sinifdə
biz - ədəbiyyatsevərlər ürək sızıltılarıyla
oxuyur və onun yaşadıqlarını
yaşayır, üzülürdük. Bəlkə Anar müəllimə olan sonsuz məhəbbətin
nəticəsidir ki,
Allah məni 20 il bundan əvvəl Azərbaycan Yazıçılar Birliyinə
gətirdi. Və Allahıma şükürlər
olsun ki, məhz Anar müəllimin sayəsində
indiyə kimi AYB-də işləyirəm.
Kitablardan, televiziyadan gördükləri
məşhur yazıçını
canlı görmək,
onu yaxından tanımaq çoxlarının
arzusu olardı. Şükürlər olsun ki, bu,
mənə qismət oldu.
Allah həm Eyvaz
müəllimə, həm
də Arif müəllimə qəni-qəni
rəhmət eləsin. Məhz bu
iki gözəl ziyalının sayəsində
Anar müəllimi gördüm və tanıdım. Onu ilk dəfə
AYB-nin pilləkənlərində
gördüm. Həmin an həyəcanlanmışdım.
Sonradan demək olar ki, hər gün
rastlaşır, salamlaşırdıq.
Sonralar iş prosesində ünsiyyət
də yarandı.
Anar müəllimin
işə nə vaxt gəlib, nə vaxt getməsi
otağının işığının
yanıb-sönməsindən bilinirdi. Dəqiq iş rejimi vardı və həmin rejim indi də
davam edir. Biz qızlar çox
idik onda. Çoxlarımız onu görmək
istəyəndə yalançı
təsadüflər yaradırdıq.
İş prosesində nə
qədər özümüzü
sıxsaq da, otağımızda vaxt səs-küysüz ötüşməzdi.
Gələnlər çox olurdu.
Özü də otaqlarımız
qonşuydu. Hərdən
çox səs-küy
olanda Anar müəllim ara pəncərəni yavaşca
tıqqıldadardı, Arif müəllim isə bir az səs
olan kimi sərt şəkildə:
"Qızlar, Anar müəllimin otağındadı
səsiniz..." - deyərdi.
Anar müəllim
bir böyük kimi daim bizimlə
maraqlanır, səmimi
diqqət göstərirdi. Ötən illərdə
onun bir dəfə də olsun səsini qaldırmasının şahidi
olmadım. Sözünü deyəndə təmkinini pozmadan deyir. Anar müəllimin kübarlığı,
yerişindəki, baxışındakı
ağayanalıq, bir sözlə, hər bir jesti fərqlidir,
diqqətçəkəndir. Bütün bu xüsusiyyətlər onun möcüzələrlə
dolu mənəvi dünyası olduğunu təsdiq edir.
Anar müəllimin
humanistliyindən sui-istifadə
edənlər də
var. Bunu bilsə də, üzə vurmaz və elədiyi yaxşılıqları
dilinə gətirməz. Onun insanlığının
sayəsində, köməyi
hesabına zirvələrə
qalxmış insanlar çoxdur. Düzdür,
onların arasında dönüklər də olub, amma müəyyən
vaxtdan sonra səhvlərini başa düşüb geri qayıdanlar da az deyil.
AYB-də olan bəzi xırda mübahisələrin çözülməsi
üçün hamı
səbirsizliklə Anar
müəllimin qərarını
gözləyir. O isə tələsmir, hər tərəfi dinləyir və yüz ölçüb-bir biçəndən
sonra öz müdrik qərarını
verir. Tanıdığım uzun illər
ərzində onun kiminsə işdən getməsinə qərar verdiyinin şahidi olmadım. Təmkinli, səbrlidir, insanların
qoruyucusu, ümid yeridir Anar müəllim.
Anar müəllimin
nəzərində bir
insan haqqında fikir formalaşdırmaq qeyri-mümkündür. Bəziləri
kimlərisə Anar müəllimə özləri
istədiyi formada tanıtdırmağa, onu çaşdırmağa, rəyini
dəyişdirməyə çalışıblarsa
da, buna nail ola bilməyiblər.
Anar müəllimə
qarşı dönükləri,
pis insanları görəndə öz-özümə
ünvanladığım ilk sual belə olur. Görəsən, bu, Anar müəllimi hamıdan, bütün insanlardan küsdürdümü? Amma sonradan
baxıram ki, düşüncələrim əbəsmiş.
Çünki Anar müəllim kimin kim olduğunu
bilir və adamları bir baxışdan tanıyır.
Anar müəllimin bu illər ərzində dost
itkilərilə üz-üzə
qalması da ürək ağrıdandır.
Emin Sabitoğlunun, Vaqif Səmədoğlunun,
Tofiq müəllimin vaxtsız itkisi bizləri də çox sarsıtdı. Onun dostlarını öz səmimiyyətləri və
sadəlikləri ilə
seçilən görmüşəm.
Haqqın,
ədalətin, milli düşüncənin, türkçülüyün
yanında dayanan Anar müəllim bütün Türk dünyasının sevimlisidir.
Dünya
ədəbiyyatının görkəmli
şəxsiyyətləri ilə
bir sırada dayanan Anar müəllim,
mənimçünsə onlardan
da yüksəkdədir.
Böyük Allah Anar müəllimdən
heç nəyi əsirgəməyib: aydın,
nurlu çöhrəni
də həmçinin.
Anar müəllimi 80 yaşı
münasibətilə təbrik
edəndə iki cümlədən artıq
danışa bilmədim.
Bircə bunu deyə bildim: ürəyimdə o qədər
sözüm var ki...Və həmin
sözlərin bir qismini bu yığcam
yazıda qələmə
aldım...
Anar müəllimlə
mənim çoxlu şəkillərim var. Onların
içində ən çox sevdiklərimdən
biri bu şəkildir. Bu foto AYB-nin 2004-cü ildə keçirilən Qurultayından sonrakı əhval-ruhiyyəmi əks
etdirir. Onda Anar müəllimin
AYB-yə yenidən sədr seçilməsinin
sevincini yaşayırdım
və duyğularım
bu şəkildə də öz ifadəsini tapıb.
Arzu MAHMUDOVA
525-ci qəzet 2018.- 20 mart.- S.8.