"Arşın
mal alan"a fransız marağı
Parisdə
xarici ölkələrin filmlər həftəsi çərçivəsində
"Arşın mal alan" filminin Heydər Əliyev Fondunun
dəstəyi ilə bərpa olunmuş rəngli versiyası
"Le Balzac" kinoteatrında nümayiş olunub.
AZƏRTAC
xəbər verir ki, filmin nümayişi Azərbaycanın
Fransadakı səfirliyi, Heydər Əliyev Fondu və Parisdə
xarici ölkələrin mədəniyyət mərkəzlərinin
forumunun (FİCEP) birgə təşkilatçılığı
ilə reallaşıb.
Tədbirdə
bu ölkədəki səfirimiz Rəhman Mustafayev bu il 120
illiyini qeyd edən Azərbaycan kinosunun tarixindən
danışaraq, ölkəmizdə ilk filmin 1898-ci ildə
fransız əsilli Aleksandr Mişon tərəfindən
çəkildiyini bildirib.
Dahi
Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin
yaradıcılığından söz açan diplomat, onun
operettası əsasında 1945-ci ildə lentə
alınmış "Arşın mal alan" filminin
dünyanın müxtəlif dillərə tərcümə
edilərək bir çox ölkələrdə uğurla
nümayiş olunduğunu diqqətə çatdırıb.
"Arşın mal alan" operettasının zəngin və
qədim tarixə malik Azərbaycan mədəniyyətinin
parlaq nümunəsi kimi səciyyələndirib.
Kino
tarixçisi, kinoglaz.fr portalının sədri Fransuaz Navailh
Azərbaycan kinosunun tarixi haqqında ətraflı məlumat
verib.
Film
fransalı tamaşaçılar tərəfindən maraqla
qarşılanıb.
Səfirliyin
mədəniyyət işləri üzrə əməkdaşı
Günay Axundovanın "Arşın mal alan" filmi, bəstəkar
Üzeyir Hacıbəylinin yaradıcılığı və
Azərbaycan kinematoqrafiyası haqqında fransız dilində
hazırladığı məlumat tamaşaçılara təqdim
olunub.
Filmin
nümayişindən sonra Ceyhun Hacibəylinin Fransada
yaşamış oğlu Timurçinin həyat yoldaşı
Paskal Hacıbəyli Buşe film barədə təəssüratlarını
bölüşüb: "Filmə dəfələrlə
baxmışam, bu dəfə kino zalında böyük ekranda
yeni, rəngli versiyada tamaşa etdim. Filmin musiqisini çox
sevirəm, dinləməkdən doymuram. Niyazinin rəhbərliyi
altında orkestrin ifası möhtəşəmdir.
"Arşın mal alan" operettası 1925-ci ildə Fransada
nümayiş olunub. Həmin dövrün
afişalarını, eləcə də qəzetlərdə və
jurnallarda onunla bağlı çıxan yazıları, təqdimatları
saxlayıram. Bir neçə dəfə Bakıda olmuşam,
son illər onun daha da inkişaf etdiyini, çox dəyişdiyini,
daha da gözəlləşdiyini eşitmişəm. Yeni
Bakıya getmək, onu görmək istərdim".
Timurçin
və Paskalın oğlu Benjamin Hacıbəyli bildirib: "Mən
filmi əvvəllərdə görmüşəm, ancaq bu dəfə
rəngli görmək böyük məmnuniyyət idi. Filmin
bərpası çox keyfiyyətli olub. Onun fransız
kinoteatrında nümayiş olunması çox
yaxşıdır. Bu, Azərbaycanın, eləcə də
onun filmlərinin tanınmasına töhfə verir".
Əslən
azərbaycanlı olan fransız aktyor Robert Hossein də filmi
yüksək qiymətləndirib: "Çox bəyəndim.
Sanki nağıllar aləmində idim. Filmin quruluşu, rənglər,
ifalar, səslər son dərəcə gözəl idi. Filmə
ilk dəfə idi baxırdım və ondan böyük həzz
aldım".
525-ci qəzet 2018.- 16 mart.- S.7.