Örnək həyat yolu
Azərbaycanın mərhum Prezidenti,
Ümummilli lider Heydər Əliyevin 16 sentyabr 1994-cü il
tarixli 203 saylı fərmanı ilə baş leytenant, şəhid Nəsrəddinov
Rafiq Hüseyn oğluna ölümündən
sonra "Azərbaycanın
Milli Qəhrəmanı"
adı verilib.
Haqqında danışdığımız bu qəhrəmanı bəlkə də respublikamızda, bölgəmizdə
tanıyanlar azdır. O, Quba rayonundan, Alpan kəndindən olan yeganə azərbaycanlı
Milli Qəhrəmandır.
Bakıda anadan olsa da, Qubaya, Alpana
bağlı insan olub. Rafiq Nəsrəddinov tez-tez Alpandakı qohumlarına baş çəkməyə gedərmiş.
Həyat
yoldaşı Sevil xanım Rafiq bəy haqqında xatirələrini danışarkən
onun çox qohumcanlı, millətsevər
bir insan olduğunu bildirdi: "Rafiqlə yaşadığımız
beş ildə
onun Vətənə,
torpağa bağlı
bir insan olduğunu gördüm. Rafiq Azərbaycanın hər bir guşəsini sevirdi. Onun ata yurdu olan
Qubaya, Alpana sevgisini həmin kəndə getdiyimdə
hiss etdim. Rafiq bu kənd haqqında
bildiklərini mənə
danışarkən onun
nəsil-kökünə necə
bağlı bir insan olduğunu hiss etmişdim. Baxmayaraq ki, o, bu kənddə yaşamamışdı,
amma daxilində yaşatdığı Vətən,
xalq sevgisini, ata-baba yurdu olan Qubaya, Alpana
olan sevgisi timsalında izhar edirdi. O, Alpan kəndində yaşayan əmisi və qohumları ilə tez-tez əlaqə saxlayırdı. Təəssüflər
olsun ki, bizi çox tez tərk etdi..."
Qeyd edək
ki, Rafiq Nəsrəddinov 18 mart 1961-ci ildə
Bakıda, dənizçi
ailəsində anadan olub. O, 1968-78-ci illərdə Nərimanov rayonundakı
39 saylı orta məktəbdə təhsil
alıb, oranı əlaçı, nümunəvi
şagird olaraq bitirib. 1979-81-ci illərdə
orduda tank qoşunlarında
xidmət etdikdən sonra Bakı Dövlət Universitetinə
daxil olub. 1987-ci ildə ali
təhsilini də müvəffəqiyyətlə başa vuran R.Nəsrəddinov 5 il Su Təsərrüfatı İnstitutunda
mühəndis kimi çalışıb. 1992-ci ilin yazında Milli Ordu sıralarına
hərbi xidmətə
çağırılır. Tank hərbi hissəsində
zabit kimi xidmətə başlayan Rafiq tezliklə həmin hərbi hissənin qərargah rəisi vəzifəsinə
təyin edilir.
Rafiqin hərbi
hazırlığı, döyüş
təcrübəsi və
igidliyi cəbhə yoldaşlarını da həmişə döyüşlərdə
igidlik göstərməyə
sövq edirdi. O, Ağdərə
rayonunda bir neçə kəndin düşməndən azad
edilməsində igidlik
göstərib, düşmənin
canlı qüvvəsinin,
hərbi texnikasının
məhv edilməsində,
ələ keçirilməsində
müstəsna qəhrəmanlıq
nümayiş etdirib.
Baş leytenant
Rafiq Nəsrəddinov
6 sentyabr 1992-ci ildə
Ağdərə rayonunun
Qızılqaya kəndi
uğrunda gedən qeyri-bərabər döyüşdə
əməliyyata rəhbərlik
edənlərdən biri
kimi qəhrəmancasına
şəhid olub.
Ailəli idi, iki qızı
var. Rafiq Nəsrəddinov
Bakıda Şəhidlər
Xiyabanında dəfn edilib. Onun döyüşlərdə göstərdiyi qəhrəmanlıq,
Milli Ordunun rəhbərliyi və sağ qalan cəbhə dostları tərəfindən də
unudulmayıb, ölümündən
sonra Milli Qəhrəman adı verilməsi üçün
Prezident Aparatına təqdimat göndərilib.
Onun adı əbədiləşdirilib.
Belə ki, təhsil aldığı
Nərimanov rayon 39 saylı
məktəbə Milli
Qəhrəmanın adı
verilib, həyətində
büstü qoyulub, yaşadığı binanın
divarına xatirə-barelyef
lövhəsi vurulub.
Ama Quba
rayon mərkəzində, eləcə
də Alpan kəndində də şəhid Rafiq Nəsrəddinovun adının
əbədiləşdirilməsi məsələsi qaldırılmalıdır. Qarabağ
müharibəsində şəhid
olmuş, Milli Qəhrəman Albert Aqarunovdan
sonra bu təltifə layiq görülmüş yeganə
qubalı olan Rafiqin tanıdılması,
onun qəhrəmanlığı,
şücaəti, döyüş
yolu haqqında daha ətraflı məlumatlandırma, adının
müvafiq müəssisəyə,
küçəyə, meydana
verilməsi çox vacibdir. Bu işi
həyata keçirmək
şəhidimizin ruhuna
ehtiram, qədirbilənlik
nümunəsi olardı.
C.Ağaoğlu
525-ci qəzet.- 2018.- 28 mart.- S.8.