"Mehmanxana sahibəsi"nin
səhnədə yeni cilvəsi
İtalyan ədibi Çezare Paveze deyir ki,
qadınlar özlərini
gücsüz olanlara
ideal kimi, güclü
olanlara bir əşya kimi təqdim edərlər.
Karlo Qaldoninin
"Mehmanxana sahibəsi"
əsərinin baş
qəhrəmanı Mirandolina
məhz belə qadınlardandır. O, daxilən güclü və inadkar qadın olsa da, harda
necə, kiminlə hansı cürə davranmağı çox gözəl bilir. Mənbəyini unutduğum bir
məsəldə isə
deyilir ki, ağıllı qadın harda axmaq görünməyi
yaxşı bilən qadındır. Mehmanxana
sahibəsi onu sevənlərin, eşqindən
qarşısında mum kimi
əriyənlərin idealı,
sözünü keçirə,
təsir göstərə
bilmədiklərinin gözündə
isə "gücsüz
əşya" olmağı
yaxşı bacarır.
Çoxları kimi mənim də əsərlə ilk
tanışlığım televiziya tamaşası sayəsində olmuşdu. 1978-ci ildə Azərbaycan Dövlət Televiziyasında
hazırlanmış tamaşanın
quruluşçu rejissoru
Lütfi Məmmədbəyli
və Ədalət Ziyadxanov, televiziya rejissoru isə Tariyel Vəliyev olub. Füsunkar və şıltaq
mehmanxana sahibəsini mərhum sənətkarımız
Xalq artisti Zərnigar Atakişiyeva canlandırıb. Həmin
tamaşada Rəfael Dadaşov, İlham Namiq Kamal, Hamlet Qurbanov, Ələsgər Məmmədov kimi Azərbaycan teatr və kino sənətinin
korifeyləri iştirak
edirlər.
Xatırlamaq yerinə düşərdi
ki, azərbaycanlı tamaşaçı ilk dəfə
bu səhnə əsəriylə 1952-ci ildə
tanış olub. İkihissəli komediya həmin
ilin sentyabrın 11-də
Akademik Milli Dram Teatrında Mehdi Məmmədovun quruluşunda
tamaşaya qoyulub.
Ətrafındakı bütün kişilərin
qəlbini oğurlayan
azad ruhlu Mirandolinanı səhnədə
böyük sənətkarımız
Barat Şəkinskaya yaradıb.
Artıq 66 ildir ki, bu
əsər öz marağını, orijinallığını
itirmir. Bunun əsas sübutu
kimi isə bu günlərdə Gənc Tamaşaçılar
Teatrında Xalq artisti Cənnət Səlimovanın quruluşunda
hazırlanan tamaşanı
misal göstərə
bilərik. İllərdir ki, əsər teatrın repertuarında yer almağına baxmayaraq, hər dəfə yeni maraq və yeni
şövqlə nümayiş
olunur.
Rolları Əməkdar artistlər
Leyli Vəliyeva (Mirandolina-mehmanxana sahibəsi),
Şövqi Hüseynov
(Ripafratta-kavaler), Nofəl
Vəliyev (Fabrisio-lakey),
Gülər Nəbiyeva
(Deyanira-aktrisa), Anar Səfiyev (Kavalerin xidmətçisi), aktyorlar
Elşən Hacıbabayev
(Forlipopoli-markiz), Rəşad
Səfərov (Albaforita-qraf),
Şəbnəm Hüseynova
(Ortenziya-aktrisa) ifa edirlər.
Tamaşanı, bir sözlə, qisas və ya
qadının intiqamı
kimi də xarakterizə etmək olar. Səhnə əsəri qadın-kişi
intriqası üzərində
qurulub. Burada bütün hallarda
qadınları mehmanxana
sahibəsi Mirandolina təmsil edirsə, kişilərin cəhbəsində
"döyüşçülər"
tez-tez dəyişir.
Bu dəyişimin əsas səbəbi isə sizin də təxmin etdiyiniz kimi, qadının hər dəfə qələbə
qazanmağıdır. Ən böyük və yaddaqalan cəbhələr isə Mirandolina və Kavalerdir...
Heç də təsadüfi deyil ki, yazımın
əvvəlində mehmanxana
sahibəsi haqqında
şıltaq, azad ruhlu epitetlərini işlətdim. Məsələ budur ki, gənc xanım Mirandolina atasının ölümündən sonra
ona miras qalan mehmanxananı idarə etməyə başlayır. Onun gözəlliyinin,
işvəsinin, ya da zərifliyininmi nəticəsidir, bilinməz,
amma ətrafındakı
bütün kişilər
ona aşiqdir. Buraya mehmanxanada qonaq qalan əsil nəcabətli cənablar,
hətta xidmətçilər
də daxildir. Var-dövləti başından aşıb
daşan qraf Albaforita ona cürbəcür bahalı
hədiyyələr verir,
onun gözünü bunlarla boyamağa çalışır. Müflisləşmiş markiz Forlipopoli onu himayə etmək istəyir. Atası vəsiyyətində onu xidmətçi Fabrisioya tapşırıb. Mirandolina isə
bunların heç birinə boyun əyəcək qadın deyil. O, namuslu və azadlıqsevərdir.
Heç
bir hədiyyə, himayə və xidmət onun başını dumanlandıra
bilməz. Nazlanmasına, işvəkar davranışlarına,
şıltaqlığına baxmayaraq, o, həmişə
öz namusunu qoruyur, onun üçün
eşqbazlıq, sevgi,
məhəbbət kimi
hisslər yaddır.
Lakin onun arxasıyca sürünən,
dərdindən dəli-divanə
olan bu qədər
kişinin arasında bir nəfər var ki, ona
gözünün ucu ilə də baxmır, əksinə qadınları lənətləyir,
onlara aşiq olan kişiləri axmaq adlandırır. Bu, kavaler Ripafrattadır.
Kifayət qədər pulu,
var-dövləti, cəmiyyətdə
layiqincə statusu olan kavalerin tək düşməni qadınlardır. O, bu
zərif məxluqları
şeytanın özü
adlandırır. Onun fikrincə,
qadının kişilərə
qarşı işlətdiyi
ən böyük silahı işvəsi və göz yaşlarıdır. O özü
heç zaman bu silahlara aldanmaz.
O, belə deyir. Amma gəlin görün ki, özü elə məhz Mirandolinanın bu silahları ilə "yaralanır".
Onunla heç
zaman alışmadığı
kobudluqla rəftar edən bu adamın
"ağlını başına
gətirmək" mehmanxana
sahibəsinin ən böyük əyləncəsi
halına gəlir. Deyir, düşmənə
qalib gəlmək istəyirsənsə, onunla
öz dilində danışacaqsan. Sahibə də
kavalerə qarşı
məhz bu mövqedə dayanır, onu öz silahı
ilə vurur. Bu, qadınlara qarşı
nifrət silahıdır.
Təbii ki, zaman keçdikcə silahların növləri
də dəyişir: naz, mehribanlıq, səxavət, itaət, göz yaşları və nəhayət, ürək getmə. Bütün cəhdlərdə
isə hədəf və məqsəd birdir: kavaleri söylədiyi bütün
sözlərinə görə
peşman etmək, ona qadınların əsl gücünü göstərmək.
Beləcə, bütün qadınlara qarşı ürəyi daşa dönmüş kavalerin də qəlbinə məhəbbət
toxumları səpilir. O da adını "Mirandolinaya
aşiq olanlar" siyahısına yazdırır.
A.Düma deyirdi ki, qadının sevmədiyi kişiyə heç vaxt yazığı gəlməz. Elə Mirandolinanın
da kavalerə yazığı gəlmir.
Əslində, onun ətrafındakı
heç bir kişiyə yazığı
gəlmir. Onun ərə
getmək, hansısa kişinin himayəsini qəbul etmək kimi fikri, istəyi
yoxdur. Onun zövq aldığı bir şey var:
kişilərin diqqəti,
məhəbbəti. Yəni
mehmanxanaya gələn
hər bir kişi mütləq
sahibəni sevməli,
ona evlilik təklif etməli, sonda isə bütün xəyalları,
arzuları puç olmalı idi. Deyəsən, bu, Mirandolina
mehmanxanasının yazılmamış
qanunu idi.
Əsər bütün hallarda "məhəbbət üçbucağı"dır. Bu üçbucağın
yan tərəfləri
tez-tez dəyişsə
də, mərkəz bir olaraq qalır:
mehmanxana sahibəsi.
Əməkdar artist Leyli Vəliyevanın böyük məharətlə
yaratdığı Mirandolina
özünün cəldliyi,
şıltaqlığı, hərəkətlərindəki dinamikliyi ilə fərqlənir. Zərnigar Atakişiyevanın televiziya
tamaşında canlandırdığı
obraz nə qədər işvəkar,
nazlı idisə, Gənc Tamaşaçılar
Teatrının aktrisası
bu obraza bir az da kobudluq əlavə
etmişdi. O, ruhundakı
azadlıqdan, çılğınlıqdan
irəli gələn kobudluğunu işvə, ədayla ört-basdır etməyə çalışsa
da, bəzən hardasa mütləq üzə çıxır.
Ancaq bütün hallarda sahibə cəlbedici və mehribandır.
Komediyanın mərkəzi sürətlərindən
olan kavaleri isə sondakı qəribə və bir az da kövrək taleyinə baxmayaraq, Əməkdar artist Şövqi
Hüseynov daha komik yaratmışdı. İllər öncəyə gedib
Rafael Dadaşovun canlandırdığı
kavaleri xatırlayanda iki obraz arasında
yerlə göy qədər fərqlilik müşahidə etmək
olar. Əgər Rafael Dadaşov öz
ifası ilə komediyaya ağırlıq,
ciddilik gətirmişdisə,
Şövqi Hüseynov
əksinə öz obrazının cəmiyyət
üçün gülüş
doğuran tərəflərini
daha qabarıq göstərməyi və
onun həqiqətən
də kinayəli gülüşə layiq olduğunu sübut etməyi bacarmışdı.
Mirandolinanın kavalerə qarşı oynadığı oyun nə qədər əyləncəli və zövqverici olsa da, nəticələri heç də gözlədiyi kimi olmur. Heç zaman eşqi yaxınına buraxmayan kavaler tapdığı eşqlə necə davranacağını bilmir. O, bu işlərdə, qadına qarşı davranışda naşıdı. Eşqin yaratdığı qısqanclıq xislətindəki kobudluqla birləşəndə ortaya qorxunc bir valıq çıxarır. Bu, qadının özünü də qorxuya salır və o, təcili düşdüyü bu vəziyyətdən çıxış yolu axtarır. Çıxış yolu isə xidmətçi Fabrisiodur. Onu hər kəsdən çox sevən və atasının son nəfəsində onu əmanət etdiyi Fabrisio ona qarşı hər zaman sədaqətli və itaətkardır. Onunla evlilik Mirandolinanın çox sevdiyi azadlığını əlində saxlamağına və namusunu qorumağına kömək edəcəkdi. Ağıllı qadın da məhz bu yolu seçir.
Düşünürəm ki, Cənnət Səlimova bu əsərdə də özünün yaradıcı zövqünü və peşəkarlığını danışdırmağı bacarıb. Bu, özünü həm aktyor seçimində, həm də hadisələrə qarşı rejissor yanaşmasında göstərir.
Əməkdar artist Nofəl Vəliyev xidmətçi Fabrisionun qərarlılığını, Elşən Hacıbabayev markizin qorxaqlığını və lovğalığını, Rəşad Səfərov qrafın qondarma əsalətini (əslində isə özündən müştəbehliyini), Şəbnəm Hüseynova və Gülər Nəbiyeva aktrisaların əsil nəcabətli xanımların cah-cəlallı həyatlarına duyduqları həsədi, Anar Səfiyev xidmətçinin itaətkarlığının, qorxaqlığının arxasında gizlənmiş hiyləgərliyini çox dəqiq və məharətlə açıb göstərməyi bacarmışdılar.
İkihissəli komediyada tamaşaçını yorulmağa qoymayan əsas məsələlərdən biri də səhnə dekorasiyası ilə musiqi tərtibatı idi. Səhnədə həqiqi bir mehmanxana təəssüratının yaradılmasında sözsüz ki, tamaşanın quruluşçu rəssam Elşən Sərxanoğlunın zəhməti danılmazdır. Səhnə dekorasiyası müxtəlif məkanların məhdud ərazidə çevik dəyişkənliyinə və hadisələrin dəqiq həllinə çox gözəl şərait yaradırdı.
Şən və məzəli səhnə əsəri musiqi tərtibatçısı İradə Muradovanın seçdiyi bir-birindən gözəl italyan mahnıları ilə daha da əyləncəli təsir bağışlayırdı.
Necə deyərlər, tamaşanı
qadınların gücünü xor görən kişilərə qarşı
məharətlə hazırlanmış dərs də
adlandıra bilərik: mehmanxana sahibəsinin
dərsi...
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2018.- 28 mart.- S.7.