Cümhuriyyət fədaisi: görkəmli hərb xadimi Həbib bəy Səlimov

Azərbaycan Xalq Cümhuriyyəti - 100

 

"Azərbaycanın sərhəd mühafizəsi tarixindən" kitabı üzərində işləyərkən tanış olduğum arxiv sənədlərində 1919-1920-ci illərdə respublikanın cənub sərhədlərinin Muğana və xüsusilə Lənkərana aid hissəsində mühafizə məsələlərinin təşkili, ümumiyyətlə, ilk müstəqil milli demokratik dövlətimizin bu regionda hakimiyyət strukturlarının yaradılması sahəsində çox böyük əməyi olan şəxsiyyətlər sırasında general Həbib bəy Səlimovun adına bir neçə dəfə rast gəlmişdim.

 

Azərbaycan Hərbiyyə Nazirliyində Baş Qərargah rəisi, Qarabağda yerləşdirilən ordunun komandanı olmuş, Vətən qarşısında həqiqətən də danılmaz xidmətlər göstərmiş bu tarixi şəxsiyyət haqqında oxucuya az məlumat çatdırılıb. Həbib bəy kimdir, hansı xidmətlərinə görə bu gün minnətdarlıq hissi ilə yad edilməyə haqqı var, bir vaxtlar mühüm dövlət postları tutmuş bu şəxsin sonrakı taleyi necə olub?

 

AR Milli Arxiv İdarəsinin və təhlükəsizlik orqanlarının arxivindən topladığımız sənədlər əsasında bu sualların bir qisminə də olsa cavab verməyə çalışacağıq. Ancaq həmin faktlar barədə geniş söhbət açmazdan əvvəl H.Səlimovun çoxsahəli fəaliyyəti ilə bağlı belə bir mühüm cəhəti qeyd edim ki, yaşadığı dövrün tarixi şəraiti ilə əlaqədar onun ömür yolu bir qədər mürəkkəb və ziddiyyətli keçmiş, bu günün prizmasından yanaşıldıqda çətin anlaşılan hərəkətlərdən xali olmamışdır. Bütün bu ziddiyət və anlaşılmazlıqlara baxmayaraq, Həbib bəy işlədiyi müxtəlif sahələrdə, ona tapşırılan ən məsul vəzifələrin yerinə yetirilməsində və çoxsaylı məsələlərin həllində həmişə özünü əsl peşəkar kimi göstərmiş, başqalarının hesablaşdığı söz və əməl sahibi sayılmışdır.

 

Cəmi 39 il ömür sürmüş Həbib bəy Səlimovun həyat yolundan bəhs etməzdən qabaq onun Azərbaycan dövləti qarşısında ən böyük xidmətlərindən biri - 1919-cu ilin avqust və sentyabr aylarında Lənkəran qəzasının milli hakimiyyətin idarəçiliyi altına alınması yolunda gördüyü işlər barəsində söz açmaq istərdim. Bir ildən artıq müddətdə öz dövlət müstəqilliyini əldə etmiş gənc Azərbaycan Respublikasının ölkənin bütün ərazisində hakimiyyət dayaqlarını möhkəmləndirmək cəhdlərinə baxmayaraq, 1919-cu ilin sentyabr ayına qədər Lənkəran qəzasında hökumətə tabe strukturlar yaratmaq mümkün olmamışdı. O dövrdə Lənkəranda vəziyyətin həqiqətən də gərgin olduğunu göstərən dəqiq məlumatlardan biri Hərbi Nazirliyin Baş Qərargah üzrə 420 saylı 19 sentyabr 1919-cu il tarixli əmri sayıla bilər. Hərbi nazir S.Mehmandarovun və Baş Qərargahın qərargah rəisi general-mayor Əbdülhəmid bəy Qaytabaşının imzaladıqları həmin əmrdə deyilir: "Lənkəran şəhərinin alınması və həmin rayonda qayda-qanun yaradılması, Azərbaycan Hökuməti hakimiyyətinin bərqərar olunması üçün mənim tərəfimdən Baş qərargahın rəisi general-mayor Səlimovun komandanlığı altında üç növ qoşun hissəsindən ibarət xüsusi dəstə təşkil edilmiş və Lənkərana göndərilmişdir".

 

Əmrdə Hacıqabuldan Lənkərana qədər və geriyə 430 verstlik çətin keçilən, su ehtiyatının az olduğu yolu güclü istidə 15 günə xəstə və geri qalanlar olmadan keçmiş gənc ordunun uğurları qürur hissi ilə bildirilir və bu uğurların qazanılmasında xidmətlərinə görə general-mayor Həbib bəy Səlimova təşəkkür elan edilir. Bu tədbirlərin görülməsi həm də Lənkəran qəzasında hakimiyyətin dayaqlarının möhkəmləndirilməsi, həm də yalnız sərhədin mühafizəsinin gücləndirilməsi, ümumiyyətlə, ərazinin hər hansı müdaxilədən müdafiəsi məqsədilə zəruri idi.

 

Yeri gəlmişkən, qeyd etməyi lazım bilirik ki, həmin illərdə Lənkəran qəzası da daxil olmaqla İranla sərhədboyu ərazilərdə ayrı-ayrı silahlı dəstələr və qaçaqlar yerli sakinlərə əziyyət verir, kəndlərin əhalisini soyub-talayır, hətta öldürürdülər. Həmin işlərin həyata keçirilməsində əsl hərbi peşəkarlıq və qətiyyət nümayiş etdirmiş general-mayor Həbib bəy Səlimov o dövrdə Hərbi Nazirliyin Lənkərandakı dəstəsinin rəisi olmaqla yanaşı, Baş Qərargahın məsul işçisi idi. Bu hadisələrlə bağlı Azərbaycan Milli Ordusunun zabiti olmuş, sonralar mühacirətdə yaşamış İsrafil bəyin xatirlərində də maraqlı məqamlar vardır: "Gənc Azərbaycan ordusunun ilk səfər təcrübəsi, top, silah və ərzaq ehtiyatı ilə təhciz olunaraq Azərbaycan hökumətini tanımaq istəməyən Muğan səhrası Lənkəran qəzalarından bir hissəsini işğal etmiş rusları itaətə gətirməsi idi. Buradakı ruslar müharibə görmüş qüvvələrdən ibarətdi. 1919-cu ilin sentyabr ayında, bolşeviklərin 1920-ci ildə edam etdikləri general Səlimovun komandanlığı altında Azərbaycan ordusu rusları məğlub etmək üçün Lənkərana doğru hərəkətə keçdi. Bakı əhalisi gənc əsgərlərini ilk səfərə çox mütəəssir olmuş şəkildə, stansiyaya qədər "yaşasın əsgərlərimiz" nidalarıyla yola salırdı". ("Odlu yurd" jurnalı 1931-ci il, № 3).

 

"Azərbaycan" qəzetinin 1919-cu il 2, 13, 14, 21 avqust tarixlərində dərc edilmiş məlumatlar da Lənkəranın azad olunmasının xalq tərəfindən necə coşqu ilə qarşılandığını təsdiq edirdi: "Dünən Lənkərana ingilis komandanlığının iki nümayəndəsi ilə birlikdə Azərbaycan hökumətinin nümayəndələri getmişlər. Nümayəndə heyətinə polkovnik İlyaşeviçə Azərbaycan hökumətinə tabe olmaq və Lənkəranı, həmçinin, Muğan diyarını təslim etmək tapşırığı verilmişdir.

 

Muğanlılar Azərbaycanın Muğan sərhədlərinin İran tərəfindən rus və müsəlman əhalini narahat edən şahsevənlərdən mühafizə ediləcəyi şərti ilə 5 gün ərzində silahı təhvil verməyə və Azərbaycan hökumətini tanımağa razı olmuşlar.

 

12 avqustda gündüz saat 5-də muğanlılar könüllü olaraq hakimiyyəti Azərbaycanın nümayəndələrinə təhvil vermişlər. Musiqi sədaları ilə Lənkərana daxil olan Azərbaycan qoşunu orada 3 top və 2 pulemot quraşdırmışdır. Polkovnik İlyaşeviçin Muğan dəstəsinin ancaq ermənilərdən ibarət olan bir hissəsi, 400 nəfərə yaxın danışıqsız təslim olmuş və silahı təhvil vermişlər. Onlar Bakıdan vətənlərinə göndəriləcəklər. Ruslardan ibarət olan digər hissə təslim olmaq istəməmiş və Muğan çölünə üz tutmuşdur.

 

Parlament üzvləri M.Ə.Rəsulzadə, A.Kazımzadə və M.Şeyxzamanov üç günlük Lənkəran qəzası səfərindən qayıtmışlar. Onlar ötən hadisələrlə əlaqədar yerdə şəhər və qəza əhalisinin vəziyyəti ilə tanış olmuşlar".

 

Lənkəran qəzasında 1919-cu ilin avqust-sentyabr aylarında baş verən hadisələr barəsində daha obyektiv təsəvvür yaratmaq üçün həmin hadisələrin başqa bir canlı şahidinin yazdıqlarını kiçik ixtisarla oxucuların diqqətinə çatdırırıq. Ağqvardiyaçı zabit praporşik Dubininin Port-Petrovsk şəhər müdafiəsinin rəisinə 20 sentyabr 1919-cu il 3 №-li raportundan çıxarışda deyilir (Azərbaycanda Könüllü ordunun xeyrinə ağqvardiyaçı işindən): "Avqustun ilk günlərində kommunistlər gəmi ilə Lənkərandan qaçdılar, şəhəri antibolşevik qoşunlar tutdular və mülki hakimiyyət Muğan Diyar bitərəf idarə orqanının əlinə keçdi. Baş komandan vəzifəsinə polkovnik İlyaçiyev bərpa edildi. Nəticədə şəhər Azərbaycana təhvil verildi. İngilis nümayəndələr muğanlıları əmin etdilər ki, Azərbaycan Parisdə sülh konfransı tərəfindən tanınıb və Muğan Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Bağlanmış müqaviləyə görə toplar, pulemyotlar və silahlar Muğanda qalmalıdır... Muğanın, Könüllü ordunun, ingilislərin, Azərbaycanın hərəsindən bir nümayəndə olmaqla nümayəndələr yığıncağı keçirilsin. Oradaca qeyd olunurdu ki, sərhədlə bu günlərdə Azərbaycan ordusu məşğul olacaq. Ancaq sərhədə gedən dəstə təsadüfən Muğanı tərksilah edə bilər. General-mayor Səlimovun komandanlığı altında olan dəstə Səlyandan Təkoymaya yaxınlaşanda ona mənim tərəfimdən Pakrovkada Muğan qərargahının rəisi adından təklif edildi ki, qoşun öz istiqamətini dəyişsin və Muğana və Lənkərana deyil, sərhədə hərəkət etsin. O, cavab verdi ki, Lənkərana hərəkət etməlidir və bundan sonra sərhədə gedəcək və ona Muğanda olan topları və pulemyotları götürmək zəruridir... Dəstə Lənkərana hərəkət etdi, yolda 22 top və 27 pulemyot götürüldü... atlar və dövlət yəhərləri hamıdan alındı. Dəstə Hacıqabula getdi, sərhəddə mövqe tutmadı. Dəstə Muğanda olarkən general Səlimov hər yerdə qocalarla və zabitlərlə söhbət edir, qoşunda qayda-qanun və intizam yaradılması barədə lovğalanır və daim deyirdi ki, onlar Könüllü ordu ilə həmrəydirlər, bütün zabitləri, hətta unter zabitləri onlarda xidmət etməyə dəvət edirdi. Səlimovun dəstəsinin Muğandan getməsindən sonra ...rusları yığmağa başladılar..."

 

Raportdakı iki məqam xüsusi maraq doğurur. Birincisi, Həbib bəy Səlimovun Lənkəran qəzasını gənc respublikanın hakimiyyəti altına salmaq üçün çox düzgün manevr edib, ərazidəki əsas silahları ələ keçirməsi və ikincisi, o zaman regionda heç də az təsir imkanlarına malik olmayan Könüllü ordu tərəfdarlarını öz tərəfinə çəkməklə onlardan istifadə etməyə çalışması. Elə tabeçiliyindəki qüvvələri əvvəl sərhədə doğru deyil, Lənkərana hərəkət etdirib, məqsədinə nail olduqdan sonra sərhəd məsələlərini də yaddan çıxarmaması onun düzgün strateji qərarlar qəbul etmək bacarığından xəbər verirdi. Özü də Səlimov raportda göstərildiyinin əksinə olaraq sərhədin mühafizəsi problemlərini ikinci dərəcəli məsələ hesab etmirdi, sadəcə bu işi yerdə hakimiyyətin möhkəmləndirilməsindən sonra həyata keçirməyi daha doğru sayırdı.

 

Arxiv sənədləri də göstərir ki, Həbib bəy Lənkərana hərbi yürüş edərkən həmin ərazilərdə dövlət sərhədlərinin qorunması problemlərini ilə də məşğul olmuş və bu barədəki fikir-mülahizələrini o zaman sərhədlərin mühafizəsinə cavabdehlik daşıyan müvafiq strukturların rəhbərlərinə çatdırmışdır. 1919-cu il avqust ayının 31-də onun Maliyyə Nazirinə vurduğu teleqramla əlaqədar Maliyyə naziri Nazirlər Şurasının sədrinə bir gün sonrakı məktubunda yazırdı: "General Səlimovun vurduğu teleqramın surətini də təqdim edərək məruzə edirəm ki, qanunla yaradılması nəzərdə tutulan sərhəd mühafizəsi yalnız qaçaqmalçılıqla mübarizə məqsədi daşıyacaq və tərkibi, qarşısında qoyulan vəzifələr baxımından quldurların böyük qüvvələrindən sərhəd əhalisini müdafiə edib, onlarla mübarizə apara bilməz. Sərhəd boyunca Bəhrəmtəpə postundan Astara postuna qədər 180 nəfərlik mühafizəçidən, onlardan 60-ı atlı və 120-si piyada, 4 zabitdən ibarət 18 sərhəd postu yaradılacaqdır. Səlimovun teleqramında yaradılması nəzərdə tutulan dəstə həm tərkibinə görə (16 zabitin daxil olduğu 750 nəfər), həm də təşkilati cəhətdən tam hərbi dəstədir və Hərbi, yaxud Daxili İşlər nazirliyinə tabe olmalıdır. Bu dəstənin sərhəd mühafizəçilərinə münasibətinə gəlincə, arzu olunar ki, o, onlara sərhədə nəzarətlə bağlı xidməti borclarının yerinə yetirilməsində apardıqları mübarizədə lazımi köməklik göstərməklə kifayətlənə idi".

 

Göründüyü kimi, Həbib bəy cənub sərhədlərində yaranmış gərgin vəziyyəti düzgün qiymətləndirərək, bu ərazilərdə mühafizə işinə azı 750 nəfərin cəlb edilməsinin zəruri olduğu qənaətinə gəlmiş və bu məsələnin öz həllini tapacağı halda yaradılacaq dəstənin strukturu haqqında hərbi mütəxəssis kimi öz təklifini bildirmişdi. Ancaq təəssüf ki, başlıcası maliyyə çətinlikləri ilə əlaqədar olaraq onun bu təkliflərinin həyata keçirilməsi mümkün deyildi.

 

Hərbi işi mükəmməl bilməsinin, operativ qərar qəbul etmək bacarığının nəticəsi idi ki, Cümhuriyyətin Hərbiyyə Nazirliyinin təşkil olunduğu ilk dövrlərdən etibarən ona ən məsul vəzifələr həvalə edilmişdi. 1918-ci ilin iyul-avqust aylarında Gəncədən milli Azərbaycan hökumətinin Bakıya köçürülməsi ideyasının reallaşdırılması üçün əməli işlərə başlanılması ilə vahid cəbhəni iki qrupa ayıran Nuru paşa cənub qrupuna Həbib bəyi komandir təyin etmişdi. Təcrübəli bir Türk generalının bütün bir cəbhəni gənc polkovnikin ixtiyarına verməsi heç də təsadüfi qərar deyil, həmin şəxsin hərbi bilik və sərkərdəlik bacarığına olan inamın təsdiqi idi.

 

(Ardı var)

 

Lətif ŞÜKÜROĞLU

Tarix üzrə fəlsəfə doktoru, ehtiyatda olan polkovnik

 

525-ci qəzet.- 2018.- 28 mart.- S.6.