"Çağırır
Vətən"
Şahin Musaoğlunun mahnılarından
biri belə adlanır. Ön xətdə bu
adla keçiriləcək
tədbirə tələsirik.
Bu məkanın gözəlliyindən
nə könül doyur, nə də göz əl çəkir. Gül gülə
söykənib, çiçək
çiçəyə, həzin-həzin
əsən meh ləçək-ləçək gəzişir. Bu ilahi sığal ləçəkləri təravətləndirir,
ağaclar çiçək
gözləriylə göy
üzünə göz
gəzdirir. Belə ecazkar
gözəlliyi qoruyanların
əlini sıxacağımız,
tədbir ərəfəsində
döyüş növbətçiliyindən
qayıdanlardan eşidəcəyimiz
kəlmələrdən isinəcəyimiz
anlara tələsirik.
Şeirlər səslənəcək, üzü
səngərlərə sarı
tələsən yellərə
qarışan mahnılar
pərvazlanacaq. Bu şeirləri,
mahnıları Şuşanın,
Cıdır düzünün,
İsa bulağının,
Topxana meşəsinin, ... həsrətinə söz təsəllisi, musiqi təsəllisi biləcəyik. "Xalqı tarixi şəxsiyyətləri tanıdır"
kəlamı düşür
yadıma. Xalqımızı
sözüylə tanıdan
Nizami Gəncəvini,
Məhəmməd Füzulini,
İmadədin Nəsimini,
Səməd Vurğunu,
musiqisiylə tanıdan
Üzeyir Hacıbəyovu,
Qara Qarayevi, Fikrət Əmirovu, səsiylə tanıdan Cabbar Qaryağdıoğlunu,
Şəkili Ələsgəri,
Xan Şuşinskini, Rəşid Behbudovu, xatırlayıram. Bu günkü tədbiri onların yaşarı ömürlərindən düşən
nur bilirəm. Könlümüzün əsgərlərimizin
əhatəsində o nurdan
tellənəcəyi məqama
tələsirik...
Bu düşüncələr Azərbaycanımız üçündü
- Vətən üçündü,
torpaq üçündü,
Vətəni qoruyanlar
üçündü, şəhidlərimizin
ruhunu intizardan qurtarmaq üçündü. Xalq artisti
Qədir Rüstəmova
son nəfəsində "Gözümüz aydın,
ay Qədir, Ağdam işğaldan azad edildi!" - deyiblər. Ünlü xanəndənin gözlərində
bir əlçim təbəssüm, bir əlçim şükranlıq
görünüb. Bu düşüncələr
son nəfəsini belə
şükranlıqla çəkənlər
üçündü...
Müdafiə Nazirliyi ilə Yazıçılar Birliyinin
birgə imzaladığı
memoranduma əsasən,
Mənəvi-Psixoloji Hazırlıq
və İctimaiyyətlə
Əlaqələr İdarəsi
ilə Birliyin vətənpərvərlik komissiyasının
birgə tədbiri olacaq: "Çağırır
Vətən". "Çağırır Vətən!" deyiləcək,
Vətənin adından
deyiləcək, qələbə
üçün deyiləcək,
yaxın vaxtlarda işğalın gözlərinə
kül ələyəcək
əsgərlərimiz deyəcək,
əsgərləşənlər deyəcək. Mətləbi Vətən olan,
torpaq olan, qələbəyə təşnəlik
ruhu olan şeirlər səslənəcək,
o təşnəliyin musiqi
yozumları dinləniləcək.
O şeirlər, o musiqilər
bu günümüzdən
sabahlarımıza aparacaq
yolun işığına
dönəcək. "Bu işığın başlanğıcı
Azərbaycan əsgərinin
Vətənə sevgisidi,
Vətən sevgisidi"
- düşünürəm. Böyük Füzulimizin bir misrasını xatırlayıram: "Kim nə
miqdar olsa, əhlin eylər ol miqdar söz".
Ruhdan süzülüb gələn
işıqlı sözlərin,
musiqinin işığında
Şuşanın Qoşa
Qala qapısını,
Cıdır düzündə
çiçəklərin titrəyişini görəcəyik,
İsa bulağının
pıçıltısını eşidəcəyik. Və
qədərsiz sevgilərlə,
gözdolusu ehtiramlarla
əsgərlərimizə baxacağıq...
Polkovnik-leytenant Namiq Cavadov bu gəlişə, bu görüşə görə qonaqlara minnətdarlığını bildirir: - İnanıram ki, bu tədbir
əsgərlərimizin mənəvi-psixoloji
hazırlığında əhəmiyyətli
rol oynayacaq...
Polkovnik-leytenant Zöhrab İmamquliyev qonaqları - şair-bəstəkar
Şahin Musaoğlunu,
şair Zakir Ağdamlını, şair
Şükür Şuşalını
hərbi hissənin şəxsi heyətinə
təqdim edir.
Yazıçılar Birliyinin vətənpərvərlik komissiyasının
sədri şair-bəstəkar
Şahin Musaoğlu hərbi hissənin şəxsi heyətinə
Yazıçılar Birliyinin
sədri xalq yazıçısı Anarın
bayram təbriklərini
çatdırır, ümidvar
olduğunu bildirir ki, ordumuz torpaqlarımızı
işğaldan azad edəcək:
- Görüşünüzə bu inamla gəlmişik.
Müdafiə Nazirliyi
ilə Yazıçılar
Birliyinin imzaladığı
birgə memorandum istər
miqyasına, istərsə
də məzmununa görə daha da genişlənəcək,
şairlərimiz, yazıçılarımız
sizin Vətən sevginizin kükrəyişi
üçün könlünüzə
yatacaq əsərlər
yazacaqlar...
"Çağırır Vətən"in
mahiyyətində Böyük
Qələbəni gördüyümüz
tədbirdə əsgərlərimizin
baxışlarında əsgərlərimizə
xitabən yazılan, yaşadılan
Sancıl
Şuşada torpağa,
bayraq,
daşa, bayraq!
Əllərdə, könüllərdə və dillərdə
qərar tut,
Olsun bu Vətən torpağı
başdan-başa bayraq! -
misralarının işığını
görürük. Şahin Musaoğlunun,
Zakir Ağdamlının,
Şükür Şuşalının
şeirləri, Şahin
Musaoğlunun mahnıları
bu işığın
cazibəsində dinlənilir.
Əsgərlər yaşı yaşlarından
böyük olan "İgid əsgər, möhkəm dayan!"
mahnısını atalarından,
babalarından eşitdikləri
söhbətlərin kövrəkliyini
ana-ana dinləyirlər.
Dinləyirəm. Dinləyə-dinləyə əsgərlərimizə baxıram. Bu, adi baxış deyil, bu, heyranlıqdı.
Baxıram, duyuram, görürəm: "İgid
əsgərlərin möhkəm
dayanıb, Vətən!"
- pıçıldayıram. Mənə elə gəlir ki, bu gözəlim
kəlmələr iştirakçıların
sayı qədərincə
səslənir. Zamanında bu
mahnını xalq şairi Məmməd Araz da dinləyib.
İgid əsgərlərə
güvənib - duyğulanıb,
"İgid əsgər,
möhkəm dayan!" mahnısının
bədii mətninin də, musiqisinin də dəyərini duyub - duyğulanıb. Onun bu mahnının
təsiriylə Azərbaycan
əsgərinə yazdığı
Körpələrin yuxusunu
qoru, qardaş!
"Vətən ölməz!"
duyğusunu
qoru,
qardaş!
"Hünər ölməz!"
nidasını
qoru, qardaş! -
misralarını xatırlayıram.
Bu tədbir həm də bu misraları
yazdıran mətləbin,
mahiyyətin tədbiridi...
"İgid əsgər, möhkəm dayan!"
mahnısını tədbirin
üvertürası bilirəm...
Şahin
Musaoğlunun birinci Qarabağ müharibəsində
səngərlərdə əsgərlərimizlə
söhbətləşəndə, "İgid əsgər"iylə,
"birinci batalyon"uyla,
"Cənab leytenant"ıyla,
"Çağırır Vətən"iylə "Şahinlər"iylə,
əsgərlərimizin ruh
qardaşı - ruhən
səngərdaşı olduğunu
mən də sezmişdim. Həkim Şahin Musaoğlu
indi Yazıçılar
Birliyinin vətənpərvərlik
komissiyasının sədridi.
Birliyin xəttilə keçirilən
vətənpərvərlik tədbirləri ictimaiyyətin
yaddaşındadı. Müharibədə, müharibə
şəraitində, xalq
şairi Səməd Vurğunun təbirincə
desək, müsəlləh
əsgər olan şair Şahin Musaoğlunun, bəstəkar
Şahin Musaoğlunun
gərəkli yaradıcılığı
həmişə duyumluların
düşüncələrinə sarılıb. İndi də belədi.
Bu mahnılar ictimaiyyətin güvənci
olan əsgərlərimizin
ruhu üçündü,
qətiyyəti, dəyanəti,
dövlətə, dövlətçiliyə
sədaqəti üçündü,
"Bu əsgərlər səngərləri
yaxın vaxtlarda dövlət sərhədlərimizə
köçürəcək" inamı üçündü.
Bu gəliş, bu görüş sözün - şeirlərin,
musiqinin - mahnıların
Azərbaycan əsgərinə
ehtiramıdı, sevgisidi.
Hər nəğmə "Vətən!" deyir.
Vətən deyirik...
Həzi
Aslanov adına
Mərkəzi Zabitlər
Evinin mahnı və rəqs ansamblının solistlərinin
ifa etdiyi mahnıların sözləri
də, musiqisi də Şahin Musaoğlunundu.
"Çağırır Vətən" səslənir. Vətənin çağırışı kimi dinlənilir. Mahnı hamını Vətənin
adından Qarabağa çağırır - Qələbəyə
çağırır. "Çağırır Vətən"
dağları tərpətmək,
daşları dikəltmək qüdrətində
dinlənilir. "Çağırır Vətən"
mənə 1992-ci ilin
payızında Qubadlının
İkinci Ağalı
kəndində yaşadıqlarımın
eynisini yaşadır.
"Yiyəsiz evlərin görkəmi, doqqazların cəftəsiz
qapıları, sahiblərinin
yolunu gözləyən
Bozdarların məlul
baxışları, uşaqlarını
axtaran atanın ürək göynədən
duruşu çağırır
bizi!" - deyir "Çağırır
Vətən". Deyir və
zirvəsini duman bürümüş Qırxqız
dağının, Kirs
dağının o üzünə
çağırır hamımızı.
Əsgərlərimizin görüşünə gəlmiş şair Şükür Şuşalının
o dağlardan üzülməyən
baxışlarında çırpınan
qəhər sezilən
qəhərdi. "Çağırır
Vətən"i bu qəhərə, belə qəhərlərə təsəlli
bilirəm, təsəllimizə
ümid, ümidimizə
inam...
"Əsgər, Vətən əmanəti"nin bədii
intonasiyası təsdiqləyir
ki, şeir şəhidlərin ruhuna ithaf olunub - əsgərə xitabən
deyilənlər şəhidlərimizin
ricası, iltiması kimi səslənir, "Vətəni qoruyun!" -
deyir, "savaşınız zəfər
olsun" - deyir. Əsgərlərin yumruqları düyünlənib.
Şəxsi heyətin mənəvi-psixoloji
hazırlığının daha da yüksəldilməsi
istiqamətində görülən
tədbirlərdən biri
kimi memorandumun da mahiyyəti Azərbaycan əsgərinin
döyüş ruhunu,
əzmini, qətiyyətini
qələbəyə kökləməkdi. "Vətən əmanəti"
milli-xəlqi ruhumuzdan
süzülən bəstə
təsirindədi, elə
bu təsirlə də ifa edilir.
"Vətən əmanəti"ni dinləyənlərin ürəyindən keçənləri duymaq, hiss etmək çətin deyil - əsgərlər də, zabitlər də, qonaqlar da bu əmanətin əbədiyyən qorunacağına and içir. "And içirik" şair sözü, bəstəkar istəyi kimi səslənir, əsgərlər üçün səslənir, əsgərlərin adından səslənir; "And içirik" mahnısını tədbirin nəqəratı bilirəm. Əsgərlər Vətənə sədaqət andı - hərbi and içib. Bu and onların hansı amalla xidmət etdiyini müəyyənləşdirir. "And içirik!" mahnısının ədəbi mətni - şeir bu amaldan rişələnib. Mahnının musiqisi məzmununu duyğusallıqla tamamlayır. Gözəl ifa ideyanı əsgərlərin duyğularına, düşüncələrinə incəliklə hopdurur. Hərbi hissənin sıra meydanında əllər bayrağa dönür. Hamı "And içirik!" deyir. Hamı "mənfur düşməndən qisas almağa" - torpaqlarımızı işğaldan azad etməyə and içir. Mənə elə gəlir ki, şəhidlərimizin ruhu da bu sıradadı.
Memorandum, memoranduma əsasən Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi ilə Yazıçılar Birliyinin vətənpərvərlik komissiyasının birgə tədbiri - "Çağırır Vətən" bu baxımdan dəyərləndirilməlidi...
Yaz ovqatı yaz havasına qarışıb. Bu vəhdət sözlə - şeirlərlə, musiqiylə - mahnılarla qoşa yaşanılır. Tədbir şəxsi heyətin mənəvi-psixoloji hazırlığının daha da yüksələcəyi inamıyla izlənilir. Bu inam müqəddəsliyə - Vətənə ad olan inamdı. Ona görə belə dönməzdi, belə çılğındı...
Zakir Ağdamlının və Şükür Şuşalının oxuduğu şeirlər də tədbirin mahiyyətiylə səsləşir, əsgərlərin duyğularının bədii mehinə dönür...
"Çağırır Vətən" tədbirinin işığı hamımızı Böyük Qələbəyə səsləyir, Vətən! Ruhumuzun səsiylə çağırır. Müdafiə Nazirliyi ilə Yazıçılar Birliyinin birgə memorandumunu bu çağırışın dönməzlik sənədi bilirəm...
Vətənin çağırışına hamımız hazırıq. Hamımız Böyük Qələbəyə aparan yolun yolçusuyuq.
Rəşid FAXRALI
525-ci qəzet.- 2018.- 28 mart.- S.4.