"Başlıca prinsip valideyn məmnunluğunun
təmin edilməsidir"
MƏHƏBBƏT
VƏLİYEVA: "ELEKTRON ƏRİZƏ QƏBULU
İLƏ ƏLAQƏDAR VƏTƏNDAŞ
MÜRACİƏTLƏRİ OPERATİV ŞƏKİLDƏ
CAVABLANDIRILIR"
Bakı şəhəri üzrə elektron sistem vasitəsilə
I sinfə qəbul prosesi davam edir. Fevralın 22-dən bu
günədək valideynlərin böyük əksəriyyəti
övladını elektron sistemdə qeydiyyatdan keçirib.
Valideynləri maraqlandıran bütün məsələlərə
dərhal aydınlıq gətirmək üçün zəruri
tədbirlər görülüb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
(BŞTİ) müdiri Məhəbbət Vəliyeva ilə
söhbətimiz də elə elektron sistem vasitəsilə I
sinfə şagird qəbulu prosesi, bu sahədə tətbiq
olunan yeniliklər və digər bu kimi məsələlərlə
bağlıdır.
- Məhəbbət
xanım, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey,
gimnaziyalarda və Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində
I sinfə şagird qəbulu artıq 4-cü ildir ki, www.mektebeqebul.edu.az
elektron sistemi vasitəsilə həyata keçirilir. Bu sistem hansı zərurətdən tətbiq edilir?
- Bəli,
qeyd etdiyiniz kimi, 2015-2016-cı tədris ilindən Bakı
şəhərində dövlət ümumi təhsil məktəblərinin
və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və
gimnaziyaların I sinfinə şagird qəbulu elektron sistem
vasitəsilə həyata keçirilir. I sinfə elektron sənəd
qəbulunun tətbiqi "Dövlət orqanlarının
elektron xidmətlər göstərməsinin təşkili sahəsində
bəzi tədbirlər haqqında" Azərbaycan
Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının
tələblərinin həyata keçirilməsini təmin
etmək üçün təhsil sahəsində əhaliyə
göstərilən elektron xidmətlərin dairəsinin
genişləndirilməsi, şagird kontingentinin uçot
sisteminin təkmilləşdirilməsi, valideynlərin əlavə
vaxt itkisinin qarşısının alınması məqsədilə
tətbiq edilir. I sinfə şagird qəbulu
üzrə müraciətlərin elektron qeydiyyat sistemi bu
prosesi sadələşdirir. Xüsusilə
nəzərə çatdırım ki, bu prosesdə
başlıca prinsip valideyn məmnunluğunun təmin edilməsidir.
Ötən illərin təcrübəsi deməyə
əsas verir ki, ümumilikdə bunu reallaşdırmaq
mümkün olub.
- Elektron
sənəd qəbulunda tətbiq olunan yeniliklər valideynlərə
hansı imkanları verir?
- İlk növbədə bildirim ki, Təhsil Nazirliyinin
birbaşa tabeliyindəki lisey və gimnaziyalara qəbul üzrə
müsabiqədə iştirak edib uğur qazananlar və
dövlət ümumi təhsil müəssisələrində
dövlət hesabına məktəbəhazırlıq qrupunu
bitirmiş uşaqlar I sinfə müsabiqədənkənar qəbul
olunur. Yəni valideynlərin həmin uşaqları yenidən
qeydiyyatdan keçirməsinə ehtiyac qalmır. Həmçinin qeyd edim ki, 2017-2018-ci tədris ilində
məktəbəhazırlıq qruplarında təhsil
almış 24 000-dən çox uşağın I sinfə
qeydiyyatı sistem tərəfindən avtomatik aparılıb.
Elektron qeydiyyat zamanı valideynlər məktəbi,
təlim dilini və müəllimi də seçə bilirlər.
Onu da qeyd edim ki, məktəbəhazırlıq
qruplarındakı uşaqların valideynləri məktəblərə
sənəd təqdim edərkən, yalnız öz şəxsi
səhifələrindən elektron ərizəni çap edib
verməlidirlər. Bu yenilik deməyə əsas
verir ki, ümumi təhsil müəssisələrindəki
dövlət hesabına fəaliyyət göstərən məktəbəhazırlıq
qrupları uşaqların I sinfə daha hazırlıqlı
başlamasını təmin etməklə bərabər, həm
də valideynləri övladlarını I sinfə qəbul
üçün yenidən qeydiyyatdan keçirmək
qayğılarından azad edir. Odur ki, növbəti dərs
ili üçün dövlət məktəbəhazırlıq
qruplarına maraq daha da artacaq və dövlətimizin
yaratdığı bu imkandan daha çox uşaq istifadə edə
biləcək.
- I sinfə
qəbul üçün hansı sənədlərin təqdim
edilməsi tələb olunur?
-
Uşağın I sinfə qəbulu üçün valideynin
və uşağın şəxsiyyətini təsdiq edən
sənədin əsli və surəti (uşağın şəxsiyyət
vəsiqəsi olmadığı halda doğum haqqında
şəhadətnaməsi; Azərbaycan Respublikasının ərazisində
müvəqqəti və ya daimi yaşamaq üçün
icazə vəsiqəsi (olduğu təqdirdə); Birləşmiş
Millətlər Təşkilatının
Qaçqınların İşləri üzrə Ali
Komissarlığının Himayə sənədi; xarici
ölkələrdə verilmiş doğum haqqında şəhadətnamə
(Azərbaycan dilinə tərcümə olunmuş və
notarial qaydada təsdiq edilmiş), uşağın
sağlamlığı haqqında tibbi arayış, yəni
forma 26U, 2 ədəd 3x4 ölçüdə rəngli
fotoşəkil və valideynin, yaxud qanuni nümayəndənin
"Şəxsi kabinet"indən çap olunmuş
"Ərizə" məktəbə təqdim
olunmalıdır. Bu sənədləri məktəbə
valideyn və ya qanuni nümayəndə təqdim etməlidir.
- I sinfə
şagird qəbulunun elektron sistem vasitəsilə həyata
keçirilməsi prosesində bəzi məktəblərdə
mikroərazi prinsipinin tətbiq olunması nə ilə
bağlıdır?
- Bakı
Şəhəri üzrə Təhsil İdarəsinin
tabeliyindəki məktəbdən yalnız kiçik bir
qismində şagird qəbulu mikroərazi prinsipi əsasında
aparılır. Mikroərazi prinsipi tətbiq edilən
məktəblər paytaxt üzrə ümumi təhsil müəssisələrinin
10 faizindən də azdır. Bu məktəblərdə
yer sayı ərizə sayından daha azdır. Bu səbəbdən də mikroərazi prinsipi tətbiq
edilir. Bakıda mikroərazi prinsipi tətbiq
olunan məktəblərdə, ilk növbədə, həmin
təhsil müəssisələrinin mikroərazisində daimi
qeydiyyatda olan vətəndaşlar övladlarını elektron
sistem vasitəsilə qeydiyyatdan keçirə bilərlər.
Ərazi prinsipi tətbiq edilən məktəblərin
mikroərazisində kirayədə yaşayanlar isə
övladlarını yalnız həmin tədris ocaqlarında
açılan I siniflərdə yer olduğu halda qeydiyyatdan
keçirə bilərlər. Həmin
valideynlərə kirayədə yaşadıqları ərazidə
yerləşən məktəbdə sıxlıq olduğu
halda, digər məktəbləri seçmələri
tövsiyə olunur. Onu da qeyd edim ki, kirayədə
yaşayan valideynlər ərazi prinsipi tətbiq olunmayan
bütün məktəblərdə övladlarını I
sinfə elektron sistem vasitəsilə qeydiyyatdan keçirə
bilərlər.
- Hər il olduğu kimi, bu il də I sinfə qəbulla
bağlı Apellyasiya komissiyaları fəaliyyət göstərirmi?
Göstərirsə, harada?
- Bəli,
bu il də I sinfə qəbulla
bağlı Apellyasiya komissiyaları yaradılıb. Apellyasiya
komissiyaları Binəqədi və Nəsimi rayonları
üzrə 276, Səbail və Yasamal rayonları üzrə
236, Nizami və Nərimanov rayonları üzrə 129, Xətai
və Suraxanı rayonları üzrə 95, Sabunçu, Xəzər
və Pirallahı rayonları üzrə 169 nömrəli tam
orta məktəblərdə, Qaradağ rayonu üzrə 166
nömrəli məktəb-liseydə fəaliyyət göstərir.
- Məktəblərin
seçimi hansı qaydada aparılır? Eyni
zamanda bir neçə məktəb seçmək
mümkündürmü və valideyn məktəb
seçdikdən sonra seçimini dəyişə bilərmi?
- Valideyn
və ya qanuni nümayəndə əvvəlcə elektron
sistemdə seçdiyi məktəbə sorğu yerləşdirməlidir.
Əgər valideyn məktəb seçdikdən
sonra seçimini dəyişmək istəyirsə, o, sistemə
əvvəl yerləşdirdiyi sorğunu ləğv etməli,
sonra yeni məktəb seçməlidir.
Qeyd edim ki, valideynə yalnız bir məktəb seçərək
sorğu yerləşdirmək imkanı yaradılır.
-
2018-2019-cu dərs ilində elektron sistem vasitəsilə I sinfə
şagird qəbulunun əhatə dairəsi genişləndirilir.
Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən,
Bakı, Gəncə, Sumqayıt şəhərlərinin və
Abşeron rayonunun, eləcə də Təhsil Nazirliyinin
birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində
2018-2019-cu dərs ili üçün I sinfə şagird qəbulu
ərizələrin onlayn qeydiyyatı aparılmaqla elektron
sistem vasitəsilə həyata keçirilir. Bu
barədə nə deyə bilərsiniz?
- Bir qədər
əvvəl qeyd etdiyim kimi, "Dövlət
orqanlarının elektron xidmətlər göstərməsinin
təşkili sahəsində bəzi tədbirlər
haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 may
2011-ci il tarixli Fərmanının tələblərinin
həyata keçirilməsini təmin etmək məqsədi
ilə I sinfə elektron sənəd qəbulunun əhatə
dairəsi genişləndirilir. Bu ildən etibarən
ərizələrin onlayn qeydiyyatı Gəncə, Sumqayıt
şəhərlərini və Abşeron rayonunun ümumi təhsil
müəssisələrini də əhatə edir. Bakı şəhərində I sinfə şagird qəbulunun
elektron sistem vasitəsilə həyata keçirilməsi
prosesinə fevralın 22-dən start verilib. İdiyədək artıq 40 000-ə yaxın
uşaq elektron sistemdə qeydə alınıb. Bu isə paytaxt üzrə I sinfə qəbul
proqnozunun təxminən 80 faizinə yaxın bir göstəricidir.
Gəncə və Sumqayıt şəhərləri,
eləcə də Abşeron rayonunda bu prosesə martın 12-dən
başlanılıb. Elektron ərizənin
qeydiyyatı prosesi sentyabrın 15-dək davam edəcək.
Ümumilikdə, prosesin səmərəliliyi,
paytaxtdakı müvafiq təcrübənin
üstünlüyü nəzərə alınaraq, gələcəkdə
I sinfə elektron sistem vasitəsilə ərizə qəbulunun
bütün ölkəni əhatə etməsi nəzərdə
tutulur.
- I sinfə
elektron ərizə qəbulu prosesinin səmərəli və
əlaqələndirilmiş şəkildə
aparılmasını təmin etmək məqsədilə
müvafiq əmrə əsasən yaradılmış
İşçi Qrupunun fəaliyyəti barədə nə
deyə bilərsiniz?
-
Hazırda İşçi qrupu tərəfindən I sinfə
qəbul prosesi ilə bağlı müvafiq işlər
görülür, qarşıya çıxan məsələlər
operativ şəkildə aradan qaldırılır. Sənəd qəbulu üçün ümumi təhsil
məktəblərində lazımi şərait
yaradılıb və vətəndaş müraciətləri
operativ şəkildə cavablandırılır. Məhz birgə və əməkdaşlığa əsaslanan
işin nəticəsidir ki, I sinfə qəbul prosesinin yeni
başlanmasına baxmayaraq, artıq paytaxtda I sinfə qəbul
göstəricisi 80 faizə yaxınlaşmaqdadır.
-
Sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu
necə həyata keçirilir?
-
Sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu
üçün valideynlər ilkin olaraq iyunun 1-dən həftənin
III və V günləri Nəsimi rayonu 268 nömrəli
xüsusi təhsil müəssisəsində təşkil
olunmuş Pedaqoji-Tibbi-Psixoloji komissiyaya müraciət etməlidirlər.
Valideynlərə həmin komissiyaya
uşağı da özləri ilə gətirmələri
tövsiyə olunur. Bu zaman valideynin və
uşağın şəxsiyyətini təsdiq edən sənədin
əsli və surəti, tibbi arayış, 2 ədəd 3x4
ölçüdə rəngli fotoşəkil və
yaşayış yerindən arayış Pedaqoji-Tibbi-Psixoloji
komissiyaya təqdim edilməlidir.
- I sinfə
qəbulla bağlı sual yarandıqda hara müraciət etmək
olar?
- Vətəndaşlar
elektron ərizənin qeydiyyatı ilə əlaqədar sual
yarandıqda şəhər və rayon ərazisində fəaliyyət
göstərən Alternativ Qeydiyyat Mərkəzlərinə,
bütün digər hallarla bağlı narazılıq yarandıqda
isə şəhər və rayon ərazisində fəaliyyət
göstərən Apellyasiya Komissiyasına müraciət edə
bilərlər. Həmçinin, Bakı Şəhəri
üzrə Təhsil İdarəsinin (012) 599-12-22 nömrəli
telefonu (daxili: 6076; 6124), eləcə də info@baku.edu.gov.az
elektron poçt ünvanı vasitəsilə və Təhsil
Nazirliyinin Telefon Məlumat Mərkəzinə (nömrə -
146) zəng etməklə, suallara aydınlıq gətirmək
mümkündür.
- Yaşı 8-dən yuxarı olan
uşaqların I sinfə qəbulu mümkündürmü? Belə uşaqların qeydiyyatı üçün
hara və hansı sənədlərlə müraciət edilməlidir?
-
Yaşı 8-dən yuxarı olan uşaqlar Azərbaycan
Respublikası təhsil nazirinin əmri ilə təsdiq
edilmiş "Fərdi təhsilin təşkili haqqında
Qaydalar"ın tələblərinə uyğun olaraq fərdi
təhsilə cəlb olunurlar. Yaşı 8-dən yuxarı
olan uşaqların valideynləri www.mektebeqebul.edu.az
saytında qeydiyyatdan keçdikdən sonra həftənin II və
IV günləri yaşayış yerindən arayış, 2 ədəd
3x4 ölçüdə rəngli fotoşəkil, valideynin,
yaxud qanuni nümayəndənin və uşağın şəxsiyyətini
təsdiq edən sənəd, ehtiyac yaranarsa, sağlamlıq
haqqında arayış, yəni forma 26U ilə Bakı Şəhəri
üzrə Təhsil İdarəsində yaradılmış
müvafiq komissiyaya müraciət etməlidir. Valideynlərdən
həmin komissiyaya uşağı da özləri ilə gətirmələri
tələb olunur.
- I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə aparılması valideyn və ictimaiyyət tərəfindən necə qarşılanır?
- Müsbət qarşılandığına əminik. Çünki I sinfə qəbulun elektron sistem vasitəsilə həyata keçirilməsi şəffaflığın təmin edilməsi, vaxt itkisinin aradan qaldırılması və cəmiyyətdə informasiya texnologiyalarından istifadə mədəniyyətinin formalaşması baxımından çox səmərəli xidmət növüdür.
- 6 yaşı tamam olmayan uşaqların I sinfə qəbul qaydası açıqlanıb. Bu qaydalar hansılardır?
- 6 yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olacaq, xüsusi istedadı ilə fərqlənən uşaqların valideynlərinin və ya qanuni nümayəndələrinin elektron ərizələrinin qeydiyyatı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə fevralın 22-dən iyunun 20-dək aparılır. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən yaradılmış Müsabiqə Komissiyası tərəfindən iyun-iyul ayları ərzində müsahibə təşkil olunacaq. Bu proses "Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları"na əsasən həyata keçirilir. Onu da qeyd edim ki, 6 yaşı tamam olmayan uşaq üçün məktəb və müəllim seçimi uşaq müsabiqədən uğurla keçdikdən sonra aparıla bilər.
- 6 yaşı tamam olmayan uşaqlar hansı hallarda I sinfə müsabiqədənkənar qəbul edilə bilər?
- Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara qəbul üzrə müsabiqədə iştirak edib uğur qazananlar və dövlət ümumi təhsil müəssisələrində dövlət hesabına məktəbəhazırlıq qrupunu bitirmiş uşaqlar I sinfə müsabiqədənkənar qəbul olunur.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2018.- 28 mart.- S.4.