Yaponiyada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi müzakirə olundu

 

Martın 24-dən 25-dək Yaponiyada keçirilən Mərkəzi Asiya Elmi Konfransında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi müzakirə olunub.

 

Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun dissertantı Güntəkin Məmmədova bildirib ki, Yaponiyada Mərkəzi Asiya Qafqaz regionu ilə bağlı çoxsaylı araşdırmalar mövcuddur. Bu regionun bir parçası olan Azərbaycanda 100 il əvvəl Xalq Cümhuriyyətinin yaradıldığını deyən tarixçi məlumat verib ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik respublikasının əsası qoyulub.

 

Daha sonra G.Məmmədova yaponiyalı elm adamlarına sual ünvanlayıb: "Yaponiyada Azərbaycanla bağlı elmi araşdırmalar, xüsusilə Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı tədqiqatlar hansı səviyyədədir? Ümumiyyətlə, Yaponiyanın elm dünyasında Azərbaycan tarixinə maraq varmı?"

 

Suala cavab olaraq Yaponiyanın Tsukuba Universitetinin professoru Akifumi Şioya qeyd edib ki, Azərbaycanın Xalq Cümhuriyyətinin yaranmasına qədərki dövrü ilə bağlı Kyoto Universitetinin tədqiqatçısı Şionozaki Şinya araşdırma aparıb ötən il bununla bağlı yapon dilində geniş tərkibli kitab dərc etdirib: "Bundan başqa, Azərbaycan Xalq Cümhuriyyəti Məhəmməd Əmin Rəsulzadə ilə bağlı yapon dilində bir neçə elmi məqalə çap olunub. Həmçinin, 1905-ci ili Erməni-Azərbaycan qarşıdurması da Yaponiyanın elm dünyasında kifayət qədər tanınır".

 

Konfransda Kyoto Universitetinin doktorantı İvakura Kou "Postsovet dövrü Azərbaycanında dövlət din" mövzusunda maraqlı elmi çıxışla yadda qalıb. O qeyd edib ki, Azərbaycanda şiə sünni təriqətlərinin nümayəndələri tolerant bir şəraitdə birgə yaşayırlar: "Bu, Qafqaz Müsəlmanları İdarəsi, eyni zamanda, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin fəaliyyəti apardığı siyasət nəticəsində mümkün olub". İ.Kou onu da bildirib ki, xalq da bu siyasəti dəstəkləyir.

 

Qafqazşünaslıq elmi üzərində ciddi araşdırmalar aparan, 2013-cü ildə "Müstəqil Azərbaycanda iqtisadi-siyasi dəyişikliklər" mövzusunda doktorluq işi müdafiə edən Hokkaydo Universitetindən araşdırmaçı Taçibana Yu isə "Postsovet Gürcüstanında siyasi partiyalar" mövzusunda çıxış edib, daha sonra Azərbaycanla bağlı geniş fikirlərini bildirib.

 

Sonda Hokkaydo Universitetinin doktorantı, Yaponiya höküməti təqaüdçüsü, araşdırmaçı Əlibəy Məmmədov çıxış edərək bildirib ki, son illərdə Mərkəzi Asiya, xüsusilə Uyğurlarla bağlı tədqiqatlar üstünlük təşkil etsə , builki konfransda Azərbaycanın adı daha çox eşidilməkdədir: "Bunun özü Yaponiyanın xüsusi dairələrində Azərbaycana artan maraq, ölkəmizin yüksələn nüfuzundan xəbər verir".

 

Ceyhun ABASOV

 

525-ci qəzet.- 2018.- 28 mart.- S.2.