Göyərçinlinin qonağı
Hekayə
İllər öz işini görmüşdü. Yaşlanmışdım.
İşləmək üçün artıq
səhhətim yol vermirdi. Direktorun təkidli
xahişinə baxmayaraq ərizəmi yazıb işlərimi təhvil
verdim. İnstitutdan çıxıb evə
gəldim. Əşyaları əsasən
kitablardan ibarət olan bir otaqlı mənzilim sanki birdən-birə
daha da daraldı, məni sıxmağa başladı. Eyvana çıxdım.
Şəhərin adi, qayğılı günlərindən
biri idi. Həyat qaynayırdı. Bütün
olanları görür, ancaq gördüklərimi dərk edə
bilmirdim, sanki beynimin xaricinə hündür bir hasar çəkilmişdi.
Heç nə içəriyə daxil ola
bilmirdi. Otağa keçdim, nə iləsə məşğul
olub, başımı qatmaq istədim. Heç
nə edə bilmirdim. Otağın içində o yana, bu yana vurnuxurdum. Gecənin
qaranlığında meşədə azmış adama bənzəyirdim.
O, qaranlıqda meşədə azmışdı, mən
günün günorta çağı evimdə. Deyəsən, yolumu da, ağlımı da
itirmişdim. Axtarırdım, tapa bilmirdim.
Rəhmətlik nənəmin mənə dönə-dönə
tapşırdığı sözləri xatırladım:
"Ağlından muğayat ol, itirif eliyərsən haa!"
Gənc yaşlarında nənəmin mənə dediyi
bu hasında bəzi mətləblərə işarə
vardı. Qulağımda sırğa kimi asılan bu sözlər
hey susmadan, dinmədən təkrar-təkrar səslənirdi.
Mətbəxdə nə qədər oturduğumu
bilmirdim. Artıq gecə yarı idi. Yuxum ərşə
çəkilmişdi. Eyvana
çıxdım.
Qarşı binanın evlərinin birində güclü
işıqlar yanırdı. Evin içində adamlar
qaynaşırdı. Biri gətirir, biri
götürür, biri alır, biri verirdi. Deyəsən,
ailədə nə isə ciddi problem vardı. Fikir məni götürmüşdü. Görəsən, gecənin tən yarısı,
yuxunun şirin vaxtında onları narahat edən nə idi?
Beş-on dəqiqə keçməmişdi ki, binanın
qarşısında təcili tibbi yardım maşını
dayandı. Demək, kimsə rahatsızlanmışdı.
Yadıma uşaq yaşlarımda xəstələnməyim
düşdü - ailəmiz, qohum-qonşularımız
hamısı bir-birinə dəyərdi. Kimi
həkim dalınca qaçar, kimi kəklikotu, moruqlu çay
içirər, kimi də əvəlikli, əriştəli
isti bişirərdi. Hər kəs əlindən
gələni edib, məni bir-iki günə
sağaldardılar.
Düşünürdüm, görəsən, xəstənin
vəziyyəti necədir? Yaxşılaşırmı?
Yaşlıdırmı? Uşaqdırmı?
Qeyri-ixtiyari - "Allah köməyi olsun
deyib" evə keçdim.
Yatağıma uzanmaq istədim, varlığımı
bir qorxu, bir təlaş hissi bürüdü. Ürəyimdə,
doğmaları başına pərvanə kimi dolanan xəstəyə
bir həsəd, bir qibtə hissi yarandı. Yazıqlaşdım, sağa-sola boylandım. Kimisə axtarırdım. Kimi?
Bilmirdim! Elə gücsüz, aciz idim, kiməsə
sarılmaq, sığınmaq istəyirdim. Gecə yarı idi. Elə bil
insan mənəviyyatını məhv edən qorxu, təlaş,
vahimə hücum çəkirdi. Köməksiz
idim. Həyəcanla səhərin
açılmasını gözləyirdim. Sanki səhərdən kömək umurdum, səhər
açılmırdı ki açılmırdı. Birdən dəhşətli tufan qopdu. Pəncərələri zərblə taybatay
açdı. Hər şey yerindən
oynadı. Bu günə kimi cəsarət
edib, aça bilmədiyim həyat kitabımın səhifələrini
sürətlə çevirməyə başladı. Keşkəmlərlə (keşməkeşlərlə)
dolu bu kitab mənimlə bir ittihamçı kimi üz-üzə
dayanmışdı. Cavabını ala bilməyəcəyi
sualları ilə.
Müharibə
başlayanda atam ali təhsilini
yarımçıq qoyub, könüllü cəbhəyə
getmişdi. Müharibədə ağır
yaralanan atam, çox keçmədi ki, dünyasını dəyişdi.
Anama son sözləri bu olmuşdu: "Çalış Həcər
təhsilini yarımçıq qoymasın!".
Orta təhsilimi kənddə doğulub boya-başa
çatdığım Göyərçinlidə
almışdım. Universitetə daxil oldum. Ailənin tək övladı olduğum
üçün anamla, nənəm üstümdə əsim-əsim
əsirdi. Tətil vaxtlarında Bakıdan
kəndə gələndə qohumlar, qonşular məni təmtəraqla
qarşılayardı. Evimiz toy-bayrama
çevrilərdi. Anam həmişə məni
yol ayrıcındakı "Qonaq" ağacının
altında gözləyərdi. Evdə
gözləməyə səbri çatmazdı.
Türklər demiş ailənin, qohumların
"şımarıq" bir qızı idim. Bakıya
qayıdanda ailəmiz üçün, kəndimiz
üçün burnumun ucu göynəyərdi. Bir neçə dəfə təhsilimi
yarımçıq qoyub, kəndə qayıtmaq istədim,
ancaq qrup yoldaşlarım məni fikrimdən
daşındırardılar. Mənə təsəlli
verib, daşları ətəyimdən tökdürərdilər:
"Görmürsən, biz də kənddən, rayondan
gəlmişik. Biz də əzizlərimiz
üçün darıxırıq. Darıxdığımız
üçün təhsilimizi yarımçıq
qoymalıyıq ki?!".
Yoldaşlarımın təsəlli və tənbehi,
atamın anama dediyi son sözləri xatırlayıb kəndə
qayıtmaq fikrini başımdan çıxardım. Var
gücümlə dərslərimi daha ciddi hazırlamağa
başladım. Bütün semestrləri əla
qiymətlərlə başa vurdum.
Adi dərs günlərindən biri idi. Növbəti
dərs Aslan Dəmirlinin idi. Aslan müəllimin
mühazirələrində başqa kursların tələbələri
də iştirak edərdi.
Tələbələr intizarla Aslan müəllimi
gözləyərdi. O, gecikirdi. Nəhayət, qapı
açıldı. Aslan müəllim rəngi
qaçmış, əsəbi halda auditoriyaya daxil oldu. Tələbələrlə salamlaşdı. Auditoriyada var-gəl etməyə başladı.
Tələbələr başını
aşağı salıb susurdu. Hamı
öz-özünə sual verirdi: "Görəsən, Aslan
müəllimi bu dərəcədə əsəbiləşdirən
kim və nə idi?".
Nəhayət
Aslan müəllim sükutu pozdu:
- Bayaq
kafedrada "Oqonyok" jurnalının təzə
sayını vərəqləyirdim. Maraqlı bir
başlığa rast gəldim: "Qafqaz
Respublikalarının fəxrləri: Ermənilərin
Ambartsumyanı, gürcülərin Şota Rustavelisi, Azərbaycanın
nefti" - bu yazıya necə əsəbiləşməyəsən?
Mənim millətimin fəxr etməyə kimləri
yoxdur?! Təkcə dünya şöhrətli
Nizamimiz Azərbaycan xalqının fəxr etməyinə bəs
etməzmi?
O gündən
qəlbimə Nizami qığılcımı
düşdü. Universiteti bitirdim. Təyinatımı
Nizami adına Ədəbiyyat İnstitutuna
verdilər. Bütün fəaliyyətimi,
gücümü Nizami yaradıcılığına yönəltmişdim.
Yorulmadan çalışırdım. Ancaq mənə elə gəlirdi ki, namizədlik
dissertasiyamda da, tədqiqat əsərlərimdə də nə
isə çatışmır. Sanki,
üçüncü bir şəxs şairin dünyasına
daxil olmağa, onun fikirlərini dərk etməyə,
duyğularını, hisslərini duymağa mənə bir
maneə yaradırdı. Bu maneəni aradan götürmək
üçün fars dilini, onun
bütün incəliklərini öyrənməyə
başladım. Uzun müddət vaxtımı
alsa da, bu dili mükəmməl öyrəndim. Artıq Nizami dünyasına daxil olmuşdum. Onun düşüncələri, duyğuları ilə
baş-başa idim. Nizami bir dərya idi,
dibi görünməyən, ucsuz-bucaqsız bir dərya.
Vaxtilə elmi rəhbərimin mənə dediyi sözləri
xatırladım: "Elm bir dəryadır, çalış
o dəryada qərq olmayasan".
Deyəsən, o dəryada qərq olmağa
başlayırdım. Nə gecəm var idi, nə də
gündüzüm. Yorulmadan
çalışırdım. İllərin
necə keçdiyindən xəbərim yox idi.
"Xəmsə"nin əksər hissələrini fars dilində əzbər
bilirdim. Tələbə yoldaşım Ömər zarafatla deyərdi:
- Həcər,
rəhmətlik Şeyx bilsəydi ki, sən fars
dilini öyrənmək üçün bu qədər əziyyət
çəkəcəksən, "Xəmsə"ni mütləq
Azərbaycan dilində yazardı.
Sonra məzəmmət
edib, deyərdi:
-
Başını qaldır dünyaya bax! Sağına-soluna
bax! Zərifəni yadına sal. Elə semestr olmazdı ki, kəsrləri olmasın.
Tanışlıqla, tapşırıqla
universiteti birtəhər bitirdi. Dünən
məni doktorluq dissertasiyasının müdafiəsinə
çağırmışdı. Müdafiəyə
on dəqiqə gecikmişdim, yenicə oturmuşdum ki, mənə
bükülü bir kağız verdilər. İçərisində Zərifənin mövzusuna
aid sual var idi. Başa düşdüm ki,
mən bu sualı Zərifəyə verməliyəm. Verdim də. O, bütün suallara dəqiqliklə
cavab verdi, mənim sualıma da. Məni maraq götürmüşdü, belə bir
sanballı mövzunu o necə işləmişdi?! Müdafiə etdi. Bu gün-sabah alacaq təsdiqini,
olacaq elmlər doktoru, ailəsi, övladları var! Bəs, sən nəyin yiyəsisən?! Gəncliyini
zay etdin, ailə qurmadın! Çoxdan hazır
olan doktorluq işini müdafiə etmədin. Yerindən duran elmlər namizədi olur. Məgər, sənin biliyin, savadın, tədqiqat əsərlərin
namizədlik çərçivəsinə
sığandır?! İllərdi hazır
olan doktorluq işini niyə müdafiə etmirsən?!
Mən
Ömərə deyə bilmədim, hünər - elmli,
savadlı olub, sanballı iş yazıb
ortaya qoymaq deyil, hünər elmi çirkin məqsədlər
üçün istifadə edənlərlə mübarizə
aparmaqdı. Hünər elmdən bixəbərlərin
"dəyərli məsləhətlərinə" qulaq
asmaqdır. Bağışla məni, Ömər, mən
bacarmadım!
Ömərlə bir qrupda oxuyurduq. Müəllimlərin,
tələbələrin ona xüsusi hörməti vardı.
Bu hörməti xarakteri, elmi, biliyi ilə
qazanmışdı. Mənə
qarşı xüsusi qayğısı, diqqəti hiss olunurdu.
Qızlar dönə-dönə deyərdi: "Ömərin
sənə fərqli münasibəti var. Ancaq cəsarət
edib, bir söz deyə bilmir". Dünyanı
dağıdırdım: "Siz nə
danışırsız? O, mənim qardaşımdır!"
deyirdim.
Bəlkə də qardaşım olmadığına
görə məndə belə bir istək
yaranmışdı. Deyilənə görə, qızlar
arasında mən də seçilirdim - qəddi-qamətli,
alagözlü, uzun saçlı, qoşa hörüklü,
sarışın bir qız idim. Universitetin
oğlanları öz aralarında mənə
"saçlı" deyərmişlər.
Ömər isə mənə "buzlu" deyərdi. Onun bu adı
mənə verməsinin səbəbini bilsəm də
özümü bilməməzliyə vurdum. Ömər mənə təbiətimə yaraşan
ad qoymuşdu. "Buzlu ki, buzlu". Qarşıma çıxan oğlanları dondura,
dondura illəri yola salırdım. Elə
düşünürdüm ki, zaman dayanıb, məni gözləyir.
Sən demə, illər bir-birini əvəz
edirmiş, sakitcə, xəlvətcə.
İki il öncə Ömər dünyasını dəyişdi.
Bu itki mənim üçün çox
ağır idi. Sanki, arxamdan möhtəşəm
bir dağ uçub, dağıldı. Zamanın
sınağından çıxan səmimi, sadiq qardaş kimi
əziz olan bir insanı itirdim. Kövrəldim, göz
yaşlarım yanaqlarımdan yuvarlanıb möhkəm-möhkəm
qapadığım həyat kitabımın üzərinə
töküldü...
Başımı qaldırıb, pəncərədən
bayıra boylandım. Səhər açılırdı.
Yerimdən güclə qalxdım. Elə bil daxilimdə kimsə məni idarə edirdi.
Əl-üzümü yuyub, əl
çantamı götürdüm. Qapını
açdım, qeyri-ixtiyari geri çevrildim. Diqqətlə divarı başdan-başa tutan kitab rəfindəki
kitablarıma, bir də masa üstündə yatıb qalan
doktorluq dissertasiyama baxdım. Otaqda
başqa dəyərli nəyim vardı ki?! Qapını bağlayıb, pillələrlə
aşağı endim. Binanın
qarşısındakı taksilərdən birinə əyləşib:
-
Oğul, avtovağzala sür - dedim.
On dəqiqə
keçməmiş sürücü maşını
saxlayıb:
- Ana,
çatdıq. Düşə bilərsiniz - dedi.
Təzə avtovağzalı birinci dəfə idi ki,
görürdüm. Vağzalda insanlar qaynaşırdı.
Adamların, avtobusların səsi bir-birinə
qarışmışdı.
Yaxınlığımdakı
avtobusun sürücüsü uca səslə: "Avtobus yola
düşür, avtobus yola düşür, yerlərinizə əyləşin!"
- dedi. Ətrafdakı adamların əksəriyyəti
avtobusa mindi.
Mən
sürücüyə yaxınlaşdım:
-
Oğul, bəlkə bir nəfərlik boş yerin ola?
Sürücü
mənə tərəf çevrilib, diqqətlə
baxdıqdan sonra:
- "Bir yerin sahibi hələ gəlib
çıxmayıb, gözlə, iki dəqiqəyə yola
düşürəm. Əgər gəlməsə, inşallah gedərik"
dedi.
İki dəqiqə keçdi. Yerin sahibi gəlib
çıxmadı. Mən
sürücünün köməyi ilə avtobusa qalxdım.
Yol yoldaşlarım yerlərini
rahatlayırdı. Kimi oturacağın
arxasını aşağı salır, kimi yuxarı
qaldırır, kimi də başı üzərindəki
düyməcikləri qurdalayırdı. Sürücünün
köməyi ilə yerimi tapıb, əyləşdim. Çaxnaşmadan sonra avtobusun içində bir
sakitlik yaranmışdı. Hərə
öz dünyasına çəkilmişdi. Kimi dağı arana, kimi də aranı dağa
daşıyırdı.
Sürücü bu səssizlikdən bezmiş kimi
qarşısındakı düyməni basdı. Avtobusun
içərisinə qəribə bir musiqi səsi
yayıldı. Sanki, fars, türk, hind
musiqilərinin bir-birinə calaq edilmiş səsi idi. Azdan-çoxdan musiqidən başım
çıxırdı. Bu musiqidə Azərbaycan
ladından əsər-əlamət yox idi. Azərbaycanın musiqisi milli sərvətimizdir.
Kökündən qidalanmayan musiqi necə milli sərvətimiz
ola bilər?! Çox təəssüf
ki, indi milli musiqimizi yaşadan yox, məhv edənlər peyda
olub. Yan duracaqda oturan yaşlı bir kişi
hirsli səslə:
- Ay
oğul, onun səsini kəs! - Əsəbi halda
əlindəki telefonu qurdalayıb, nəsə
axtarırdı. Birdən avtobusun içərisinə həzin
bir musiqi səsi yayıldı:
"İlk
bahar gəldi, durnalar gəldi,
Bircə
sən gəlib çıxmadın, harda qalmısan?..."
Musiqi bir anda hamını öz sehrli dünyasına
apardı.
Yaşlı bir kişi yaman kövrəlmişdi.
Göz yaşlarını görən
olmasın deyə islanmış yanaqlarını əlinin
arxası ilə silirdi.
Fikir məni
götürmüşdü - görəsən, onun gözlərini
yolda qoyan, gəlib çıxmayan kim idi?.
Üzüdönük övladlarımı,
yoxsa gedər-gəlməzə yola saldığı
ömür-gün yoldaşımı?! Qarşımda
oturan gənc oğlan başını əlləri arasına
alıb, qəmgin-qəmgin musiqini dinləyirdi.
Birdən
aydınca bir səs eşitdim: "Ay qızım, haralarda
qaldın, niyə gəlib çıxmırsan?" Bu, anamın səsi idi. Var gücümlə
qışqırmaq istəyirdim: "Gəlirəm, ay ana, gəlirəm!"
Anama nə cavab verəcəkdim, bilmirdim. Anamın ilini verəndən
sonra otuz il idi ki, kəndə ayaq
basmırdım. Kimi görməyə gedəcəkdim ki, -
uçub dağılan evimizi, viranəyə çevrilən
bağ-bağçamızımı?..
Arxa
oturacaqdan cavan bir oğlan yerindən qalxıb, avtobusun
ortasına gəldi, üzünü yaşlı kişiyə
tutub:
- Əmi olar mən də fikrimi bildirim?
- Buyur,
oğul.
- Bilirsiz,
əmi, düzdür, musiqi yaxşı musiqidir, ancaq indiki
cavanlar başqa tip musiqini sevirlər. Allah xatirinə deyin bu
musiqiyə oynamaq olar?!
Yaşlı
kişi təmkini pozmadan:
- Fikrini
bildirdiyinə görə çox sağ
ol, oğul! Əvvəla bura toyxana deyil, durub qol
götürüb oynayasan. Sonrası,
oynamaq üçün oyun havası var. Bəla
burasındadır ki, harada dinləməliyik, harada
oynamalıyıq, çaşmışıq. Ona görə də toy məclisləri toyxanaya
çevrilib. Mən şairlərin, bəstəkarların
yerində olsam, toy məclislərinin toyxanaya çevrilən
yerdə mahnılarının oxunmasına icazə verməzdim!
Sürücünün deyəsən, bu söhbət
xoşuna gəlmirdi. Sürəti artırmışdı.
Sərnişinlər bir-birinin dediklərini
yaxşı eşitmirdi. Arxa oturacaqda oturan qadın
yüksək səslə soruşdu:
- Görəsən,
axşam üstünə kimi evimizə çatarıq?
Sual bütün sərnişinlərə
ünvanlanmışdı. Bir nəfər dilləndi:
- Bu
gedişlə getsə, inşallah çatarıq.
Cavab hamının ürəyincə oldu. Yaşlı bir qadın:
-
Başqa gün olsaydı sürücünün belə
sürətlə getməsinə mane olardım. Bu axşam ilin, ayın axır gecəsi olduğuna
görə hami istəyir ki, evlərinə tez çatsın.
Deməli, bu axşam ilin, ayın axır gecəsi
imiş. Hamı evinə tələsirdi. Mən
hara gedirdim bilmirdim. Narahat idim, birdən
kimsə soruşar hara gedirsən? Nə cavab verəcəkdim?...
Qarşıdakı
oturacaqda oturan qadın arxaya çevrilib:
- Ay
bajı, sənin də yadında olar - əlli-altmış il əvvəl ilin, ayın axır gejəsi necə
hay-haraylı keçirilərdi. Tonqallar
çatılar, göyə lopalar atılar, baja-baja gəzmək,
baş bağlamaq, iynə salmaq, duzlu kömbə yemək, o
gün nə heyvan, nə də quşun boğazına
bıçaq çəkilməzdi. Süfrədə
ancaq əriştəli aş, süddaş, ayran aşı, şirniyyat, meyvə, göyərti
olardı.
Düşündüm ki, bu yaşlı qadın ya bizim,
ya da qonşu kəndlərin birindən olmalı idi. Qadının
sadaladıqları eyni ilə bizim kənddəki kimi idi.
Yadıma kirvə bayramlığı düşdü. Novruz
bayramında ilk növbədə kirvələr yad edilər,
bayramlıq göndərilərdi.
Xatirəmdə gülməli bir hadisə canlandı. Dodaqlarım
qeyri-ixtiyari qaçdı. Gülümsədim.
Qonşumuzun beş-altı yaşlarında Totu
adlı topuş, yanaqları al-qırmızı oğlu
vardı. Totu o qədər şirin idi ki,
onu görən bağrına basıb, öpmədən əl
çəkməzdi. O, bu öpüşləri heç
xoşlamazdı. Ona yaxınlaşan adamları
görən kimi əlləri ilə üzünü bərk-bərk
qapayardı. Bu hərəkəti ona
qarşı istəyi daha da artırardı.
Novruz bayramı idi. Anası Totunu çağırıb, bir
qırmızı yaylıq arası şirniyyat verdi:
- Apar bu
bayram payını kirvəmizgilə ver. Totu əvvəlcə
getmək istəmir, sonra nə fikirləşdisə,
bağlamanı götürüb, yola düzəlir. Bir azdan məhəlləyə xəbər
yayıldı ki, Totu yolun ortasında dostlarını
başına yığıb, bayram süfrəsi
açıb, kirvəsinin bayram payını şirin-şirin
yeyirlər. Totunun anası xəbər
tutanda, süfrə boşalmış, Totu da qaçıb nənəsinin
ətəyinin altında gizlənmişdi. Uzun müddət kənd camaatı Totunun bu bayram
qonaqlığından danışıb, gülürdü.
Düşünürdüm, görəsən,
Totu sağdırmı?
Xatirələr bir-birinə calanıb, çözələnirdi. Çözələndikcə
daxilimdəki sıxıntı üşələnib
tökülürdü. Varlığımı
bir rahatlıq bürümüşdü. İstəyirdim
yol uzandıqca uzansın. Deməli, bu gün ilin,
ayın axır gecəsi imiş...
Görəsən, qızlar yenə baş
bağlayırmı? Kaş rəfiqələrimlə birlikdə
gənclik illərinin ən maraqlı günü olan ilin,
ayın axır gecəsini bir gün yaşaya biləydim.
Şair necə də gözəl deyib:
"Keçən
günlərimi qaytaraydılar,
gələn günlərimi qurban verərdim."
Kim vermir, verməsin. Mən düşünmədən,
daşınmadan qurban verərdim...
Bir il ilin, ayın axır gecəsini həsrətlə
gözləyərdik. Bir ay qalmış
hazırlığa başlayardıq. Əvvəlcə
qızların sayını müəyyənləşdirərdik.
Sonra mərasim kimin evində keçiriləcək,
nələr hazırlanacaq, onunla məşğul olardıq.
Çalışardıq ki, elə evdə keçirək ki,
sərbəstliyimizə heç kim mane
olmasın. Nəhayət, Məryəmgildə
keçirməyi qərara aldıq. Onların
ailəsi iki nəfərdən - Məryəm və
anasından ibarət idi. Bütün məsələləri
həll etdikdən sonra, nəhayət gözlədiyimiz
gün gəlib çatdı.
Ancaq bir problem yaranmışdı. Güllünün
analığı ona baş bağlamaq mərasimində
iştirak etməyə icazə vermirdi. Güllü
uşaq yaşlarından anasını itirmişdi. Atasının evləndiyi zalım, qəddar bir
qadın idi. Fikirləşirdik ki, necə
edək analığını razı salıb
Güllünü məclisimizə gətirək. Qərara gəldik ki, hamımız xahişə gedək.
Elə də etdik. Xahişdən,
yalvarmadan sonra, Güllünün bir günlük işini
görüb qurtardıqdan sonra analığı güclə
razılıq verdi. Bir şərtlə
- ara-qaranlıqda evdə olmalıdır. Güllünün
həyatı çox ağır keçirdi. Gücü çatdı-çatmadı evin
bütün işləri, təsərrüfat, mal-qaraya baxmaq
onun üstündə idi. Ürək
ağrıdan o idi ki, qardaşı ilə birlikdə
qışın şaxtasında, soyuğunda, odsuz-ocaqsız,
buz kimi dəhlizdə yatırdılar. Güllü
qəşəng qız idi. Məlahətli,
gözəl səsi vardı. Yanıqlı
bayatılar qoşardı. Yadımda belə bir
bayatısı qalıb:
"Əzizim,
o dələndi,
Göylərdən
od ələndi.
Səni
ağlayan gördüm,
Başıma
od ələndi."
O, bu
bayatını qardaşı üçün qoşmuşdu. Güllünün halına hamımızın
ürəyi yanırdı. Kömək etmək
istəyirdik, ancaq necə bilmirdik. Ən əsası
o idi ki, Güllü bu gün bizimlə idi. Hamımız deyib-gülürdük, bir-birimizə
sarılıb təbrikləşirdik. Sanki
illər uzunu bir-birindən ayrı düşmüş
doğma insanlar bu gün bir araya gəlmişdi. Şər qarışana kimi deyə-gülə
bütün işlərimizi görüb
qurtarmışdıq.
Gözəl xalanın köməkliyi ilə xörəklərimiz
də hazır idi. Kənddə əl-ayaq
yığışanda üç nəfər qız
bulağa "lal su" gətirməyə gedərdi. Çalışırdıq ki, yaşlıların
"it oynadan" adlandırdıqları Güldəstə
bu üçlüyün içində olmasın. Əgər o, tərkibdə olsa, o su "lal su"
yox, "gülüş" suyu olcaqdı. Güldəstə hər dəfə and-aman edirdi ki,
bu dəfə lal-dinməz gedib gələcək, hər dəfə
andını pozurdu. Səhəngi doldurub,
evə çata-çatda elə gülməli hərəkət
edər, gülməli söz deyərdi ki, hamımız
uğunub gedərdik. Bu hadisə dəfələrlə
təkrar olunardı. İçərimizdə ən cəsarətli
qız olan Çiçək evin küncündən səhəngi
götürüb, çiyninə qoydu:
- Mən
bulağa tək başına gedəjəm. Sizə
qalsa, səhərə kimi bulaqla evin arasını
ölçə-ölçə durarsınız.
Bunu deyib Çiçək bulağa yollandı. On-on beş
dəqiqə keçməmiş səhəngi çiynindən
yerə qoydu:
- Bu da
sizin "lal su"yunuz. Gedib-gələnə
kimi nə dinmişəm, nə danışmışam.
Güldəstə
dedi:
-
Çox sağ ol, ay Çiçək, mən
bilirdim sən qoçaqsan, amma bu qədər də yox! Hə qızlar, "lal su"yumuz da gəldi,
artıq işimizə başlaya bilərik. Məryəm, mənə tez içərisi dərin
olan bir qab gətir.
Məryəm qabı gətirib, içərisini "lal
su" ilə doldurdu. Yerə döşənmiş
xalçanın ortasına qoydu. Hamımız
dövrə vurub, qabın ətrafında oturduq. İki iynə götürüb, sap keçirilən
hissəsinə pambıq dolayıb qabın içərisinə
atdıq. Güldəstə
qollarını çırmayıb, əlini qabın
içinə salıb, suyu fırlatmağa başladı.
İlk iynələr Güllünün bəxtinə
atılmışdı. Oğlan kim
idi? - onu heç birimiz bilmirdik, onu
Güllü ürəyində gizli tutmuşdu. Güldəstə
suyu nə qədər fırlatsa da, iynələr bir-birinə
qovuşmadı ki, qovuşmadı.
Elə düşünürdük ki, əgər iynələr
bir-birinə qovuşsa, həmin andaca Güllünün bəxti
açılacaq, ürəyində gizli saxladığı
oğlana qovuşub, çəkdiyi əzab-əziyyətdən
qurtulacaq. İstədiyimiz alınmadı. Əhvalımız
pozulmuşdu. İynəsalma mərasimimizi
yarımçıq qoyduq. Hamımız
qabın ətrafında susub oturmuşduq.
"İt
oynadan" Güldəstə qızların əhvalını
düzəltmək istədi:
- Ay
qızlar, siz iynəni boş verin. İynə nədir ki,
gördüyü iş nə olsun. Qarşıda
duzlu kömbə var, əsas güc ondadır. Görəcəksiniz, mən Güllüyə elə
duzlu kömbə bişirim ki, oğlanlar əllərində
kasa ona su içirmək üçün novata dayanajaxlar.
Görək, Güllü onların
hansının kasasını alıb içəcək?
Güldəstənin zarafatyana dediyi sözlər
hamımızın əhvalını düzəltdi.
Yeyib-içib, deyib-gülüb, əyləndik. Gecə
yarı olmuşdu. Xəbərimiz yox idi.
Gözəl xala yan otağın qapısını
açıb:
- Ay
qızdar, gejə gejədən keçib, gejdi, sobaya odun
doldurmuşam, yanıb keçməmiş kömbələriniz,
bişirin.
Məryəmə
tapşırdı:
- Ləyənə
un töküb, yanıma gətir. Kömbənin duzunu mən özüm tökəjəm.
Məryəm
ləyənlə un gətirdi. Gözəl
xala xəmirin duzunu vurub, dönə-dönə
tapşırdı;
- Bax ha,
olmaya-bilməyə munnan artıq duz tökəsiniz.
Gözəl
xala yan otağın qapısını örtəndə
Güldəstə Güllüyə yaxınlaşıb,
yavaşdan:
- Ay
qız mənim bu kömbənin duzundan gözüm su
içmədi, belə duzdu kömbəylə adam
yanıf-yaxılmaz. Sənin kömbənə əlavə
duz tökmək lazımdı. Gərək
yanıf-yaxılasan ki, sənə su içirsinlər.
Güllü Güldəstənin fikri ilə
razılaşıb, kömbəsinə əlavə duz
tökməsinə razılıq verdi. Qızlar kömbələrinə istədiyi kimi
naxış vurub sobanın üstünə düzdülər.
Ala-yanıq, qara-yanıq bişirib tez yeməyə
başladılar. Güllünün
kömbəsi həddindən artıq duzlu olduğundan çətinliklə
yeyirdi. Udquna bilmirdi, tez-tez
öskürür, gözlərindən yaş axırdı.
Hamımız kömbəni rahatlıqla yediyimiz
halda, Güllünün halına təəccüb
qalmışdıq.
Yatmaq vaxtı idi. Gözəl xalanın nə qədər
yorğan-döşəyi vardısa, hamısını
xalçanın üstünə tökdük. Özümüzə yataq üçün yer
düzəltdik. Ləyəndəki
"lal su" dan hərə bir kasa doldurub, baş ucuna qoydu.
Yerimizə uzandıq. Çalışırdıq
ki, tez yuxulayaq. Bu vaxt gözəl xala ara
qapını açıb:
- Ay
qızdar, gəlin təzə çay dəmləmişəm.
İçib, sonra yatın. Səsimizi
çıxarmadıq. Heç birimiz
yatmamışdıq. Elə düşünürdük
ki, çayı içib yanğımız sönsə, sonra
bizə kim su verər?! Gözəl xala
bizdən səs çıxmadığını
görüb:
- Bıy
başıma xeyir, indicə danışıb,
gülmürdülərmi? Nə tez yatdılar?
Sonra qapını sakitcə örtüb yerinə
uzandı.
Yata bilmirdik. Yerimizin içində o tərəf, bu tərəfə
çevrilirdik. Duzlu kömbə
içimizi yandırırdı. Çalışırdıq
tez yataq, yuxuda da olsa, bizə verilən suyu içək.
Hamımıza maraqlı suyun kim tərəfindən
içirdilməsi idi. Bir azdan çevrilmələr
kəsildi. Qızlar yuxuladı. Mən nə qədər çalışdım
yatam, yata bilmədim. Birdən qulağıma
zarıltı səsi gəldi, kimsə zarıyırdı:
"Ay allah, içim yanır, ay allah,
içim yanır".
Başımı qaldırıb, səs gələn tərəfə
boylandım, bu səs Güllünün səsi idi. Ara bir deyinirdi: "Bu qədər
duz tökmək olardı?!"
Güllünün zarıltısına Güldəstə
də ayıldı. Güllüyə tərəf çevrilib: "Ay
qız, ay bajı, mənim nə günahım var, iynələr
birləşsəydi, kömbənə əlavə duz
tökməzdim. Mən sənə
yaxşılıq etmək istəyirəm. Sən başını yorğana bərk-bərk
bük, gözlərini yum. Onda
yatajaxsan".
Güldəstə məsləhətini verib, yorğana
bürünüb, üzünü divara tərəf
çevirdi. Yorğanın ucu Güllünün başı
ucunda kasadakı "lal su"yu dağıtdı. Ağrının təsirindənmi, yoxsa bəxt
suyunun dağılmasındanmı Güllü
için-için ağlamağa başladı. Onun belə yanıqlı ağlaması məni də
kövrəltdi. Sakitcə yerimdən
qalxıb, yan otağa keçdim. Gözəl
xala yatmamışdı. Məni görən
kimi yerindən qalxdı. Təlaşla soruşdu:
- Noluf, ay
qızım?
- Xala mənə
heç nə, ancaq Güllüyə nəsə olub. Duzdu kömbə yeyəndən sonra
"İçim yanır" deyib zarıyır. Munun içində yenə o "it oynadan"
Güldəstənin qaynatması olmaya.
-
Qızım, get sakitcə
Güllünü buraya gətir, çalış qızlar
oyanmasın.
Güllü ağrıdan ikiqat olmuşdu. Gözəl xala onu bu halda
görüb, kövrəldi, başını sinəsinə
sıxıb:
- Qorxma,
qızım, bir az döz, çox çəkməz
ağrın-acın hamısı çıxıb, gedəcək
- deyib Güllüyə iki stəkan, qaynanmış ilıq
su içirtdi.
- İndi Gözəl xalan sənə bir bəziryən
hörrəsi bişirsin, yeyərsən, zərrə qədər
ağrı-ajın qalmaz.
Doğrudan da, hörrəni yeyəndən sonra
Güllünün rəngi-ruhu özünə gəldi,
ağrıları yavaş-yavaş azaldı. Sanki bu
ağrılar həm də mənim idi, yüngülləşdim,
yan otağa keçdim. Qızlar
mışıl-mışıl yatırdılar, kimisinin
üzündə güllər açmışdı, kimi
qaşqabaqlı, bulud kimi tutulmuşdu. Məni
maraq götürmüşdü. Görəsən,
onlar yuxuda nə görürdülər? Elə
şirin yatmışdılar, qıyıb oyatmadım.
Düşünürdüm, ola bilsin
onlardan kiməsə bu an su içirirdi.
Dan yeri sökülürdü. Hava yavaş-yavaş
işıqlanırdı. Güllü
paltarını geyinib, getməyə
hazırlaşırdı. Gözəl xala
dil töküb yalvarırdı.
- Ay
qızım, bu ala-toranlıqda hara gedirsən, itin-pişiyin
acıq vaxtı?
- Yox,
xala, əgər indi getməsəm, işlərim bir-birinə
qarışar. Sonra axşama kimi görüb
qurtara bilmərəm.
Gözəl xala Güllünün onsuz da ağır
keçən həyatını daha da
ağırlaşdırmaq istəmədi.
-
Yaxşı nə deyim, ay bala gedirsən, get. Allah
baxtını, yığvalını açıq etsin.
Güllü getdi.
Gözəl xala çox kövrəlmişdi. Göz yaşlarını
boğaraq:
- Gorun
çatlasın, ay Müsəmbər, ay insafsız balanı
kimin umuduna qoydun. Bir parça səvininmi, yoxsa əhli-kef
ərininmi? Beş küçüyü də
peydahladıb, bu yazıq yetimi də onlara külxanu etdi.
Gözəl xala Güllünün anası Müsəmbər
xalanın ən yaxın rəfiqəsi idi. Ona görə
də Güllünün dözülməz, ağır həyatı
ona daha çox təsir edirdi.
Yan otaqdan qızların deyib-gülmək səsləri
gəlirdi. Onlar iki-bir, üç-bir əl-üzlərini yuyub,
yemək otağına gəldilər. Otaqdakı
gərginlik onlara da təsir etdi. Bu kədərli
abı-havanın səbəbini başa düşdülər.
Ancaq heç nə soruşmadılar. Güllü getmişdi. Güllünün
gəlişi qızları nə qədər sevindirmişdirsə,
gedişi o qədər kədərləndirmişdi.
Başbağlama mərasimimizin ən maraqlı hissəsi
bu gün olmalı idi. Oxuyub-oynamaq, deyib-gülmək,
yuxularımızı danışmaq, bəzəyib gülmək.
Güllünün məlahətli, yanıqlı səsini
eşitmək üçün bir il səbirsizliklə
gözləmişdik. Güllü getmişdi.
Danışmaq belə istəmirdik.
Başbağlama mərasimimizi yarımçıq qoyub,
dağıldıq...
Düşünürdüm, görəsən,
qızlardan kimlər qalıb, kimlər köçüb, o
dünyaya. Yuxulu kimi idim, varlığımı bir rahatlıq
bürümüşdü. Yerimdən tərpənmirdim.
Qorxurdum yenicə tapdığım bu hüzuru
itirə bilərəm. Sərnişinlər
yol yorğunluğunu atmaq üçün bir-biri ilə
danışıb-gülürdü. Bircə
mən yorulmamışdım. İstəyirdim
yol uzandıqca-uzansın. Dolaşıb,
düyünə düşən kələfi açıb,
hey çözələyə-çözələyə
gedim.
Yol uzunu şəhərlər, kəndlər, insanlar
bir-birini əvəz edirdi. Gözlərim pəncərədən
yola dikilib qalmışdı.
Qarşıda kənd görünürdü. Müasir
tikililəri olan bir kənd. Yolun hər iki
tərəfində puçurlamış söyüd
ağacları sıralanırdı. Sanki
ağaclar Günəşin hərarətindən
puçur-puçur tər tökürdü. Budaqların ucundakı puçurlar isə tər
damcıları idi. Kəndin içindəki
bağlarda, bağçalarda ağacların çoxu
çiçək açmışdı. Ağaclar bəyaz donlu gəlinə bənzəyirdi.
Bu gözəlliyi seyr etməkdən doymurdum.
Birdən ürəyimi bir təlaş
bürüdü. Günəşin bu hərarəti,
nəvazişi, təbiətin cilvəsi kaş sizi
aldatmasın. Şirin dilləri, riyakar yalanları ilə
saf, təmiz qızları aldadıb, yoldan çıxaran, həyatlarını
tar-mar edən oğlanlar kimi! Düşünürdüm
kaş bu gözəlliyə dəyib, toxunan olmayaydı.
Xatirələrim çözələnib, məni
uşaqlığıma qovuşdururdu. Uşaq idim.
Kəndimizə yaz ilk qədəmlərini
basırdı. Təbiətdə bir
canlanma var idi. Bütün canlılar
qış yuxusundan oyanıb, bir-birinə gülümsəyirdi.
Sanki təbəssümlə bir-biri ilə
salamlaşırdı. İnsanlar da təbiətin
bu sevincinə qoşulmuşdu. Kimi əkir,
kimi səpir, kimi də qış gözəlliyini əlindən
almış ağacları darayıb, budaqlarına
sığal çəkirdi. O günlər ən
xoşbəxt günlərim, atalı-analı günlərim
idi. Mən atamla birlikdə puçurlamış,
hələ tumurcuqları tam açılmamış
söyüd ağaclarının budaqlarından qoma-qoma
qırıb, quzularımıza gətirərdik. Quzular puçurlu, tumurcuqlu budaqları elə
iştahla yeyərdi ki, mən də bu mənzərəyə
baxmaqdan doymazdım. Bir-iki dəfə mən
də özümü saxlaya bilməyib, tumurcuqlardan
ağzıma alıb dadına baxmaq istədim. Ancaq yeyə bilmədim. Yemək
mümkün deyildi. Acıtəhər, qəribə
bir tam vardı. Düşünürdüm
bu acı tamlı tumurcuqları quzular necə yeyir? Quzular yeyib doyandan sonra maraqlı əyləncələri
başlayardı.
Evimiz təpənin üstündə yerləşdirdi. Ətrafı
sanki quzular üçün qaçış dairəsi idi.
Quzular yeyib, doyandan sonra bir-bir evimizin tininə
yığışardı. Nəhayət,
özünə çox güvənən, qarşıya
keçər, startı o verərdi. Qabaq
ayaqlarının birini yerə vurar, o an
quzular atılardılar və evin başına dolanaraq
qaçmağa başlayardılar. Onların
qaçışı o qədər əyləncəli idi ki,
sanki "dirədöymə" oyunu oynayırdılar.
Quzuların hamısı əmlik quzular idi.
Qaçarkən ayaqlarının
tappıltısı, cam boyda quyruqlarının
şappıltısı qəribə bir səs ahəngi yaradırdı.
Onların bu əyləncələri məni elə
məftun edirdi ki, özümdən asılı olmayaraq mən
də bu qaçışa qoşulurdum. Quzular
kimi qaçmağa başladım. Tez-tez sağ dizimi
sol, sol dizimi sağ dizimə keçirərək
qaçmağa başladım. İki dövrə
başa vurdum. Sevincimin həddi-hüdudu
yox idi. Dünyanın ən xoşbəxti
mən idim. Çalışırdım
quzulardan geri qalmayım. Mənə elə
gəlirdi ki, mənim onlara qoşulub qaçmağıma
quzular da sevinir. Qaçışın
növbəti dövrəsində ayaqlarım bir-birinə
keçdi, özümü saxlaya bilmədim, üzü
üstə yıxıldım. Dizlərim,
üz-gözüm qan içində idi. Qışqırıb,
ağlamağa başladım. Məni bu vəziyyətdə
görən quzular yerə mıxlanıb, peşiman-peşiman
mənə baxırdılar. Sanki özlərini
günahkar bilib, səssiz-səmirsiz məndən üzr diləyirdilər.
Nənəm səsimi eşidib, təlaşla özünü
mənə yetirdi, məni qan içində görüb:
- Nənən
ölsün, nənən ölsün. Durduğun yerdə nə
oldu sana deyib, təlaşla tez-tez təkrar
edirdi, noldu sana? Noldu sana?
Məsələdən
agah olandan sonra nənəm hirsli-hirsli:
- Haqq oluf
sana, min dəfə demişəm
farağat dur - kəlləm-ayaq olma.
Ağrının təsirindən,
qışqırtımdan nənəmin nə dediyini
anlamırdım. Nənəm üz-gözümün, dizlərimin
qanını təmizləyib, üstünə nə isə
çəkmişdi. Yaralarıma baxıb, hirsli-hirsli
deyinirdi: Qız uşağı az
atdanıb-düşər. Aldın
payını? Bəs bilmirsən qodux
oynayanda qar yağar?!
Mən səsimi
yüksəldib:
- Nənə,
sən nə danışırsan, heç yanımda qodux var
idi ki, oynayaydı?
- Nə təhər
yox idi. Budu eyy, bu boyda qodux!
Nənəmin məni qodux adlandırmasına o qədər
də bənd olmadım. Əsas o idi ki, qar yağacaq! Bir anda
ağrımı-acımı unutdum. Məni
maraq götürmüşdü, görəsən, qar bu
gün yağacaq? Nənəm çox
hirsli idi. Cəsarət edib, qarın nə
vaxt yağacağını ondan soruşa bilmirdim. Nəhayət
marağım cəsarətimi üstələdi:
- Nənə,
qar nə vaxt yağacaq?
Nənəm
hirsli-hirsli:
- Gözlə
yağacaq.
Hər
gün nənəmdən soruşurdum:
- Nənə,
bəs qar nə vaxt yağacaq? Sən deyirdin
yağacaq - gözlə yağacaq?!
Qarın yağmasını elə istəyirdim ki, o da
yağmır ki, yağmırdı.
Artıq hər tərəfə yaz gəlmişdi. Ağaclar ağ,
açıq çəhrayı paltarlarını geymişdi.
Atam nədənsə narahat idi. Tez-tez zəlvərə baxıb
deyirdi:
- Zəlvərə
yaman qar yağır, qorxuram səpələntisi bizi də
tutsun, həm də havada sazax var. Bu heç yaxşı əlamət
deyil.
Nənəm
tez:
- Allah eləməsin,
ay bala, xalx basdırdığını basdırıb, səpdiyini
səpib. Allah eləməsin, Allah eləməsin!
Nənəmlə atamın danışığından
heç nə başa düşmürdüm. Atamı
heç belə gərgin görməmişdim. Gecə yarıdan keçirdi. Onların
heç yatmaq fikri yox idi. Mənə
heç kəsin əhəmiyyət vermədiyini
görüb, sakitcə yatağıma uzanıb yatdım.
Yuxudan oyananda səhər
açılmışdı. Yerimdən
qalxmaq istəmirdim. Axşamkı gərginlik
daha da artmışdı. Deyəsən, nənəmgil
gecəni heç yatmayıblar.
Atam
tez-tez: "Xalxın vəziyyəti çox çətin
olacaq", tez-tez təkrar edib, papirosu-papirosun oduna calayıb,
otaqda var-gəl edirdi. Anamla nənəm susurdu, nə
dinir, nə də danışırdılar. Birdən nənəm:
- Kaş dilim quruyaydı
uşağa o sözləri deməyəydim - nənəm hey
özünü danlayırdı.
Atam
dözməyib, əsəbi halda:
- Ay ana,
qanımızın bu qara vaxtı sən də
uşax-uşax danışma. Allah sənin
sözlərinə görəmi qar yağdırdı?!
- Ay bala mən
dili qurumuş tez-tez uşağa dedim:
- Gözlə
qar yağajax, gözlə qar yağajax. Qurban
olduğum əlbət məni eşitdi. Şükür
şavatına, məsləhət onundu. Nə deyirəm
ki, ay bala!
Nənəm
atamın əsəbiləşməsinə baxmayaraq, yenə
eyni sözləri təkrar edirdi:
- Dilim
qurusun gərək o sözləri uşağa deməyəydim.
Mən bu gərginliyin səbəbini başa düşə
bilmirdim. Cəsarət edib kimsədən bir söz də
soruşa bilmirdim. Yerimdə uzanmaqdan bezib,
paltarımı geyinməyə başladım. Heç kəs mənə baxmırdı, sanki mən
yoxdum.
Bayıra çıxmaq istədim. Qapını
açdım - hər tərəf ağappaq qar
örtüyünə bürünmüşdü.
Qeyri-ixtiyari
qışqırmağa başladım:
- Qar, qar!
Nənə, sən düz deyirdin. Qar
yağır, qar, ay can! Ay can! Nənə, bir bax qar, qar!
Mənə elə gəldi ki, nənəm mənim
sözlərimi eşitmir. Qışqıra-qışqıra
çevrildim. Nənəm günahkar kimi
başını aşağı salıb, gözlərini yerə
dikmişdi. Mən susdum. Mat-mat nənəmə baxırdım. Deməli, qarın yağmasının
günahkarı nənəm imiş.
Qar öz
gəlişi ilə deyəsən, yaxşı iş görməmişdi.
İki-üç gündən sonra qar əridi.
Qar öz gəlişi ilə bağların
çiçəklərini tünd qəhvəyi rəngə
boyayıb getmişdi. Ağaclar
ağlayırdı. Budaqların ucundan
damcılayan göz yaşları torpağın
üzünü dəlik-deşik edirdi.
Ağaclar ağlayırdı. Dünyaya göz
açmamış, qoynunda ikən məhv olan balaları
üçün ağlayırdı. Mən
də ağaclara qoşulub ağlayırdım.
Çiçəkləri solan, quşları susan,
pərən-pərən düşən
bağımızın, bağçamızın bu
acınacaqlı halına ağlayırdım.
Özümdən
xəbərsiz gözlərimdən süzülən yaş
damlaları dizimin üstündən əl çantamı
isladırdı...
Avtobusun sürəti azalmışdı. Sürücü
ucadan nəisə tez-tez təkrar edirdi. Sərnişinlər
bir-birinin üzünə baxıb, dinmirdi.
Avtobus dayandı. Sürücü ucadan "Göyərçinli,
Göyərçinli" deyib, avtobusun içərisinə tərəf
boylandı. Heç kəs nə dindi, nə
tərpəndi. Mən pəncərədən
bayıra baxırdım. Birdən
gözüm əzəmətlə dayanmış qocaman qovaq
ağacına sataşdı - varlığımı qəribə
bir hiss bürüdü. Az qalırdım
qanad açıb, uçam. Tələsik
avtobusdan düşdüm. Sürücünün
yüksək səslə mənə eşitdirə bilmədiyini
Qonaq ağacı səssiz-səmirsiz mənə eşitdirdi:
- Hara
gedirsən? Hara gedirsən? Bura
sənin doğmaca kəndin Göyərçinlidir, Göyərçinlidir.
Qonaq ağacının yaşı bəlli deyildi. Kim əkmişdi, kim böyütmüşdü nə dədələrimiz
bilirdi, nə babalarımız Qonaq ağacının dibindən
gecə-gündüz gur sulu, sərin bulaq axırdı. Gələn-gedən bulağın sərin suyundan
içər, qonağın kölgəsində dincələr,
sonra yoluna davam edərdi. Bəlkə ona
görə də kənd camaatı ona Qonaq ağacı
deyirdi. Qonaq ağacının sinəsindən
iki yol ayrılırdı. Biri qəbiristanlığa,
digəri kəndin mərkəzi sayılan
"ortalığa". O ortalığa ki, kəndin
kişilərindən kimi axtarsan, orada taparsan. O ortalıq ki,
dünyanın bütün qarışıq-dolaşıq məsələləri
orada "həll" olunardı.
Avtobus uzaqlaşdı. Mən Qonaq ağacına tərəf sanki yerimirdim, uçurdum. Kimisə görməyə can atırdım. Qonaq ağacının altında kimsə yox idi. Yerə mıxlanıb qaldım. Sağa, sola boylandım. Nə gələn vardı, nə gedən. Nəzərlərim qeyri-ixtiyari uzaqlara yönəldi. Həmişə başı qarlı-dumanlı zəlvəri, sinəsi nərgizli, bənövşəli Babakər dağlarını görmək istədim, görə bilmədim.
İki yol ayrıcında qalmışdım.
Üzümü kənd tərəfə çevirdim. Şər qarışırdı, qalanmış tonqalların işığı kəndi nura boyamışdı. Baca-baca gəzən uşaqların səsi, göyə atılan lopalar kənddə bir canlanma, bayram əhval-ruhiyyəsi yaratmışdı. Kəndin bu cah-cəlallı mənzərəsinə donuq nəzərlərlə baxırdım. Bir anlıq uzun illər həsrət qaldığım doğmaca kəndimin bu bayram şənliyində mən də iştirak etmək istədim. Addımımı atmamış içimdən bir səs gəldi: "Hara gedirsən? Hara gedəcəksən? Kimin qapısını döyəcəksən? Kimin qapısını ərk edib açacaqsan?" Doğrudan da - hara gedəcəkdim? Kənddə qohum-əqrəbam olsa da, nə mən onları tanıyırdım, nə də onlar məni. Bu əziz gündə heç kəsin qapısını döyməyə cürət etmədim.
Qəbiristanlığa tərəf çevrildim. Anidən ürəyim sancdı. Daxilimdən qəribə bir güc məni qəbiristanlığa doğru çəkirdi. Qaranlıqda qəbiristanlığın vahiməli görünüşü bu istəyimin qarşısını kəsirdi. Üzü qəbiristanlığa tərəf nə qədər dayandığımı bilmirəm...
Birdən kürəyimə sanki, iti xəncər saplandı... Müvazinətimi itirdim. Qonaq ağacının gövdəsinə sarıldım. Dəhşətli ağrı sinəmə yayıldı. Güclü bir əl içimi söküb çıxarırdı. Get-gedə gücdən düşür, nəfəsim kəsilirdi... Qollarım boşaldı, arxası üstə yerə yıxıldım.
Bir qədər keçdi, ağrı-acım tamam kəsildi. Hər tərəf nura boyanmışdı. Qəbiristanlıqdan Qonaq ağacına uzanan işıq zolağı ilə bir kölgə hərəkət edirdi. Qolları yana açılmış: "Anan ölsün, anan ölsün, səni çoxmu gözlətdim?"
Anamın qucağında idim, rahat, ağrı-acısız...
Dan yeni sökülürdü. Kəndə hay düşdü ki, qonaq ağacının altında bir qadın keçinib.
Kənd camaatı ağacın altına toplaşdı. Camaat bilmirdi nə
etsin. Heç kəs meyitə
yaxınlaşmağa cürət etmirdi. Sanki
ağacın altında canlı bir insan onlara baxıb,
gülümsəyirdi.
Belə qərara gəlindi ki, kəndin ağbirçəyi Güllü ananı gətirsinlər. O, nə məsləhət görsə, elə də etsinlər.
Güllü ana gəldi. Meyitə xeyli diqqətlə baxdı, lakin tanıya bilmədi. Düşünürdü ki, gecə vaxtı bu yaşlı qadının buralarda nə işi ola bilər? Hər kimdirsə buraların adamıdır. Güllü ana üzünü camaata tutub:
- Meyiti bizə aparın! - dedi.
Cavanlardan biri soruşdu:
- Ana, bəlkə həkim, polis gələnə kimi ona toxunmayaq?
- Ay oğul, rəhmətliyin işi nə həkimlikdi, nə polislik. Üzündə, gözündə qançırı, yarası yox. Çantası yanında, tənəsi qulaqlarında, üzüyü də barmağında. Burada həkimlik, polislik nə iş var? Bu, Allahın işidir. Onun yazısını qurban olduğum belə yazıbmış, şükür məsləhətinə!
Üzünü camaata tutub:
- Beş-altı nəfər qəbir qazmaqda səriştəsi olan yanıma gəlsin!
Tez camaatın içindən altı nəfər Güllü ananı dövrəyə aldı:
- Uşaxlar, qəbiristanlığın yuxarı başında, təpənin üstündə özümə yer saxlatmışdım. Qəbri həmin yerdə qazarsınız.
Camaatın içindən orta yaşlı bir kişi:
- Güllü ana, bir məsələ qaldı!
- Nə məsələ? - deyib səs gələn tərəfə çevrildi.
- Bəs, rəhmətliyi qəbrin içində kim rahatlayacaq?
Güllü ana düşünmədən:
- Oğlum Osman! Qalan işlərlə işiniz olmasın. Nə lazımdırsa, hər şeyi yerli-yerində olajax.
Güllü ana meyiti öz əlləri ilə yudu. Əlləri meyitin qulağındakı sırğalara dəyəndə əl saxlayırdı. Sırğalar sanki ona nə isə demək istəyirdi... Xatırla, xatırla bu qozalı tənələri xatırla!
Güllü ana çalışırdı ki, ona tanış gələn bu sırğaları xatırlasın, elə bil kimsə yaddaşını silib, atırdı. Yadına sala bilmirdi ki, Həcər onuncu sinfi bitirəndə Heyran xala qızına bağışladığı sırğalar, həmən qozalı sırğalar idi.
Cənazə qaldırılanda Güllü ana camaata müraciət etdi:
- Allah hamınızdan razı olsun. Rəhmətliyin hər işi yerli-yerində, el adətincə görüldü. Ancaq mənim bir xətam oldu. Müsəlman şəriətinə görə dünyadan köçən kəfəndən başqa heç nə aparmamalıdır bu dünyadan. Ancaq mən rəhmətliyi qulağında tənəsi, barmağında üzüyü, yanında çantoyu ilə qəbrə göndərirəm!
Hamı
bir ağızdan:
- Allah
bağışlasın! Allah bağışlasın
Məzar qəbiristanlığın ən hündür
yerində idi.
Oradan həm zəlvər, həm Babakər
dağı görünürdü. Güllü
ananın istəyi ilə baş daşına bu sözlər
yazılmışdı: "Göyərçinlinin
qonağı".
Həmayil
ƏHMƏDQIZI
525-ci qəzet 2018.- 29 mart - S.7.