55 ilin zirvəsində
Səmimi
insan, etibarlı dost, peşəkar jurnalist və ictimai xadim...
Mübaliğəsiz və tam əminliklə söyləyə
bilərəm ki, bu sözlər Qafar Əsgərzadə şəxsiyyətində
öz təcəssümünü tapır.
İlk
tanışlıq...
Onunla tanışlığım birgə
çalışdığımız Bakı Slavyan
Universitetində baş tutdu. Dərs fasiləsi
zamanı etdiyimiz qısa söhbətdə diqqətimi ilk cəlb
edən Qafar müəllimin xüsusən ədəbiyyat aləmindən
son dərəcə zəngin məlumatlılığı,
şeirə, bədii yaradıcılığa
bağlılığı, dərin mütaliə qabiliyyəti
oldu. Hər görüşümüzdə Hüseyn
Cavidin, Mikayıl Müşfiqin, Süleyman Rüstəmin
söz dünyasına varan, tarixin Azərbaycan xalqına bəxş
etdiyi dəyərli ziyalıların zaman-zaman hər misrada
canlandırdığı fəlsəfi düşüncələri,
həyat, sevgi, gözəllik, amma həm də iztirab,
zülm, həsrət dolu yaradıcılıq yolunu ən
xırda incəliklərinə qədər təhlil edən həmkarım
5-10 dəqiqəlik də olsa, yəni dərs fasiləsinin
imkan verdiyi müddətdə, məni sözün əsl mənasında
ədəbi dünyaya səyahətə aparır, illərdir
topladığı dəyərli fakt və məlumatlara,
şəxsi təəssüratlarına "qonaq edirdi". Bir sözlə, qısa dərs fasiləsi şəxsən
mənim üçün səmimi söhbət üzərində
qurulmuş ədəbi mühazirəni xatırladırdı.
Bəli, mən öyrənirdim və əldə
etdiyim məlumatlar, maraqlı faktlar sonralar jurnalistika fəaliyyətimdə
dəyərli mənbələrə, istinad edə biləcəyim
önəmli məxəzlərə çevrilirdi. Odur ki, tam əminliklə söyləyə bilərəm,
Qafar Əsgərzadə ilə məni ilk növbədə ədəbiyyata,
sözə, şeirə, sənətə, bədii
yaradıcılığa olan sonsuz maraq birləşdirdi və
zaman - zaman bu münasibət yoldaşlığa, səmimi
dostluğa çevrildi. Bir sözlə,
qısa dərs fasiləsindən başlayan dostluq və ədəbi
mühazirələr təxminən 10 ildir ki, davam edir.
Hüseyn
Cavid parkı...
Gəldin
də, niçin pəmbə buludlar kimi axdın,
Bilməm, niyə getdin, niyə döndün, niyə
baxdın?
Şimşək
kibi çaxdın da, niçin könlümü yaxdın,
Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?
Sərpildi
alev ruhuma süzgün baxışından,
Sarsıldı da həp bənliyim, ey afəti-devran.
Gəl, gəl, olayım səndəki hər cilvəyə
qurban.
Bilməm, niyə getdin, niyə döndün, niyə
baxdın?
Hüseyn
Cavid
Gərgin işə, vaxtın azlığına
baxmayaraq, imkan düşən kimi onunla Hüseyn Cavid
parkında görüşürük. Tam əminəm, parka ayaq
basar-basmaz, ölməz Cavid əfəndinin əzəmətli
heykəli qarşısında dayanarkən hər ikimizin qəlbində,
ruhunda, beynində onun əsrarəngiz
yaradıcılığına aid bu sətirlər canlanır
və hər ikimiz asta addımlarla, ətrafımızda
yaşananları müşahidə etməklə birgə
addımlayırıq. Söhbətimizin əvvəli
də, sonu da bədii yaradıcılıq, elmi materiallar, fəlsəfi
düşüncələr, jurnalistika və xusüsən
televiziya ilə bağlı olur.
Qısa
haşiyə... Şəxsi keyfiyyətlərini
başqalarından üstün sayan, ətrafındakılara
yuxarıdan aşağı baxan və öz
bacarığından ağız dolusu danışanlar cəmiyyətdə
daha çoxdur, yoxsa özünə - bacarığına,
istedadına və peşəkarlığına səmimi və
real qiymət verməyi bacaran, hətta digərlərini
özündən üstün hesab edən və bunu səmimi
şəkildə etiraf edən insanlar? Əminəm
ki, birincilər daha tez - tez qarşımıza
çıxır və say baxımından da daha çoxdur.
Qafar Əsgərzadəyə gəlincə...
Təsəvvür
edin, gənc yaşlarından televiziyaya bağlı olan, uzun
yaradıcılıq yolu keçən,
dövrümüzün görkəmli ziyalılarından, ədəbiyyat
və elm xadimlərindən müsahibə alan,
teleaparıcı və ictimai xadim kimi özünü təsdiq
etmiş, əməkdar jurnalist, pedaqogika üzrə fəlsəfə
doktoru Qafar Əsgərzadə "mən hələ öyrənirəm",
"o, (p.s. jurnalistikada olan gənc aparıcılardan və ya
şərhçilərdən bir neçəsinin
adını çəkir) məndən daha yaxşı
aparıcıdır ", hətta "mən ona çata
bilmərəm", "bu gün də üzərimdə çalışıram" deyir. Onu ayrı - ayrı televiziya kanallarının efirində
tez - tez görmək olar. Hər efirə çıxanda
isə dostlarından yalnız bir xahişi olur: "bax və
fikrini de". Qafar Əsgərzadə bax belə
insanlardandır və bu dəyərli ziyalını
başqalarından fərqləndirən ən böyük
keyfiyyətlərdən biri də düşünürəm
ki, məhz budur - məsuliyyət və daim öz üzərində
çalışmaq. Bu keyfiyyətlər
öz müəllifinin həm insanı dəyərlərini,
həm peşəsinə hörmətini, həm də mənəvi
dünyasını, ən əsası səmimiliyini
açıq şəkildə ortaya qoyur.
Amma səmimilik öz yerində, əslində, Qafar
Əsgərzadə kimdir? Onun jurnalistikada
qazandığı uğurlar, hazırladığı
verilişlərin səviyyəsi barədə nə demək
olar?
Xalq
şairi, Sosialist əməyi qəhrəmanı Süleyman
Rüstəm: "Qafar Əsgərzadə klassik və
müasir ədəbiyyatımızı dərindən bilir,
onu məharətlə təbliğ edir. Qafar
öz doğma dilini, millətini, vətənini sevən dəyərli
ziyalıdır. Mən onun parlaq və
uğurlu gələcəyinə inanıram".
Xalq
artisti, Milli Məclisin deputatı Zeynəb Xanlarova: "Qafar
Əsgərzadə çox istedadlı, sənəti duyan və
sevən jurnalistlərdəndir. O, daim Azərbaycan mədəniyyətini,
incəsənətini, ədəbiyyatını, musiqisini
özünəməxsus tərzdə təbliğ edir. Onun musiqili ədəbi verilişləri milli
televiziyamızın fondunu bəzəyir. Poeziya
olan yerdə musiqi var, musiqi olan yerdə poeziya və onlar bir
yerdə olanda demək orada Qafar var".
Xalq
şairi, Milli Məclisin deputatı Cabir Novruz: "Onun
verilişləri ədəbiyyat xadimlərinin təbliği
yönümündə həmişə uğurlu
alınır. Mən də məmnuniyyətlə
onun verilişinin qəhrəmanı olmaq istərdim. Amma nə edək? O, hələ yaşayan sənət
adamları barədə veriliş hazırlamır".
Məncə, əlavə şərhə ehtiyac yoxdur. Lakin bir məqamdan
başqa. Azərbaycanın dəyərli
ziyalılarının yaradıcılığını
yüksək qiymətləndirdiyi bir şəxsin, Qafar
Əsgərzadənin hələ də öyrənməsi və
öyrətməsi, başqalarının əməyini bəzən
layiq olduğundan da yüksək qiymətləndirməsi, digərlərinə
sonsuz hörmət, ehtiramla yanaşması özlüyündə
bir nümunədir. Əsl insanlıq, peşəkarlıq,
vətəndaşlıq nümunəsi...
Diqqətli
və tələbkar tamaşaçı
Qafar müəllim həm də diqqətli
tamaşaçıdır. Odur ki, demək olar hər
verilişdən sonra Qafar müəllimlə əlaqə
saxlayır, nəyin, hansı fikrin uğurlu, yaxud yerində
olub - olmadığını həm də ondan soruşur, dəyərli
məsləhətlər alıram. İlk
növbədə ona görə ki, bu səmimi insanın istənilən
məsələyə yanaşması da səmimi və
obyektivdir. Dost olmağımıza
baxmayaraq, düzü düz, əyrini əyri deyir. Əsl dostluq da budur.
Onun ən
dəyərli məsləhətlərindən biri:
"Qarşındakı insana hörmətlə yanaş. Yalnız sözlərin deyil, hətta
baxışların, jestlərin belə müsahibə olan dəyəri,
hörməti nümayiş etdirməli, televiziya etikası və
estetikası mütləq gözlənilməlidir".
Qayğıkeş
ata
İki qız övladı var. Övladlarının Vətənə,
millətə, milli dəyərlərə bağlı, dilinə,
dininə hörmət ruhunda böyüməsi onun ən
böyük arzusudur. Ailə Qafar müəllim
üçün müqəddəsdir, toxunulmazdır. Bir xatirə... əsəbi və gərgin idi,
baş vermiş bir hadisənin, daha doğrusu, kiminsə
müəyyən məsələdə haqsız
yanaşmasının təəssüratını mənimlə
bölüşürdü. Bu an
qızı zəng etdi. Yaşanan gərginlikdən
zərrəcə əsər əlamət qalmadı. Bayaqdan bəri onu sıxan, əsəbiləşdirən
problemlər həmin andaca arxa plana keçdi.
Övladı ilə bir qayğıkeş ata, səmimi dost
kimi danışdı. Telefon
danışığından sonra isə mənə baxdı
və "boş ver, özündən danış" deməklə
söhbətin mövzusunu dəyişdi. Həmin
an onun daha bir keyfiyyətini kəşf etdim. Qafar Əsgərzadə qayğıkeş ata, ailəsinə
bağlı Azərbaycan kişisidir.
Xoşbəxt
insan...
Xoşbəxt o insandır ki, həyatdan zövq
almağı bacarır. Məncə, bu gün ömrünün
55-ci yazını yaşayan dostum Qafar Əsgərzadə
xoşbəxtdir. Çünki həyatını
sevərək yaşayır və yaşının
bütün dövrlərində sevdiyi sənətə -
jurnalistikaya, bədii yaradıcılığa
bağlıdır, gördüyü işdən də
zövq alır. Bunu bilmək
üçün onun çıxış etdiyi verilişlərə
bir neçə dəqiqəliyinə baxmaq belə kifayətdir.
Söhbət ki, ədəbiyyatdan
düşür aparıcının sual verməsi belə
artıqdır. Qafar müəllim
mövzunu incəliyinə qədər təhlil edir,
tamaşaçını maraqlı faktlar, səmimi
danışıq tərzi və zəngin mütaliə
bacarığı ilə sonadək ekran qarşısında
saxlayır. Bir sözlə, onu dinləyənləri
öz dünyasına, Qafar Əgərzadə dünyasına
aparır. 10 il bundan əvvəl mənim
də kəşf etdiyim, öyrəndiyim və bu gün də
dəyər verərək bir dost kimi qoruduğum dünyaya...
qısaca da olsa bir baxışla bu yazını
yekunlaşdırıram. Dahi klassik şairimiz Nizami Gəncəvi
demişkən :
Ağıllı
adamla dost olsan əgər,
Elmi, mərifəti sənə də keçər.
Rövşən RAQİFOĞLU
filologiya elmləri doktoru, telejurnalist
525-ci qəzet 2018.- 29 mart - S.6.