Cümhuriyyət fədaisi: görkəmli
hərb xadimi Həbib bəy Səlimov
(Əvvəli
ötən sayımızda)
1918-ci ilin avqustunda H.Səlimov artıq Qafqaz İslam
Ordusunun qərargah rəisi idi.
Bolşevik-daşnak birləşmələrinə
qarşı qızğın döyüşlərin getdiyi Gəncə-Bakı
istiqamətində dəmir yolu xətti boyunca irəliləyən
Cənub qrupunun komandiri H.Səlimovun təşkilatçılıq
qabiliyyəti və igidliyi layiqincə qiymətləndirilmiş,
Azərbaycan hökuməti tərəfindən ona polkovnik
rütbəsi verilmişdi. Türkiyədə
çıxan "Böyük hərbdə Bakı
yollarında. 5-ci Qafqaz piyada firqəsi" kitabında
türk polkovniki Rüştü bəy Həbib bəy
haqqında yazırdı: "Cəsur, döyüş
texnikasını gözəl bilən türk ordusunun yüksək
rütbəli zabitləri tərəfindən layiqincə qiymətləndirilən
polkovnik Həbib bəy rus ordusunda yetişmiş azərbaycanlı
zabitləndəndir".
Onun Vətən
qarşısındakı xidmətlərinin daim yüksək
qiymətləndirildiyini daha bir fakt, polkovnik Həbib bəy Səlimova
1919-cu il fevral ayının 26-da Müdafiə nazirliyinin 31
saylı əmri ilə general-mayor hərbi rütbəsi verilməsi
də təsdiq edir. Yeri gəlmişkən, qeyd edək ki,
general Həbib bəy Səlimov milliyətcə Litva tatarı
olan, general-leytenant Məmməd bəy Sulkeviçdən sonra
Azərbaycan Milli Ordusunda Baş Qərargah Akademiyasını
bitirmiş ikinci general idi. Bir müddət sonra Həbib bəy
Səlimov Azərbaycan ordusunun Baş Qərargahının rəisi
kimi yüksək vəzifəni icra etmiş (tarixi dəqiqləşdirə
bilməmişik, ancaq məlumatlara görə, 1919-cu il dekabr
ayının 10-da general-mayor Həbib bəy Səlimov Bakı
istehkamçılar hissəsinin rəisi təyin edilərkən,
Ümumi qərargah rəisi vəzifəsinin müvəqqəti
icrası Qaytabaşıya həvalə olunmuşdu), Azərbaycanın
Qarabağa erməni separatçılarına və Ermənistandan
gəlmiş quldur dəstələrinə qarşı
döyüşməyə göndərdiyi ordunun komandanı
olmuşdu.
Həbib bəyin ordu sərkərdəsi kimi Qarabağda
göstərdiyi böyük şücaətlərdən bir
yarpaq. 1920-ci il mart ayının 22-də Qarabağın
dağlıq hissəsini Azərbaycandan ayırmaq istəyən
daşnaklar Əsgəran keçidini ələ keçirməyə
cəhd göstərdilər. Son dərəcə təhlükəli
vəziyyət yarandığını nəzərə alan hökumət artıq hərbi
yürüşlərdə kifayət qədər təcrübə
toplamış general Həbib bəy Səlimovun
komandanlığı altında Yuxarı Qarabağa
güclü əsgəri qüvvə göndərdi. Bu qüvvə işğalçı erməni dəstələri
ilə 12 gün amansız vuruşmalardan, qanlı
döyüşlərdən sonra daşnak ordusunu
darmadağın etdi və erməni generalı Dəli Qazar
öldürüldü. Həbib bəyin sərkərdəlik
məharəti nəticəsində Azərbaycan əsgəri
özünün ən şanlı vuruşlarından birini də
zəfərlə başa çatdırmağa nail oldu. Tarixə "Əsgəran müharibəsi" kimi
düşmüş bu savaş Vətən yolunda silaha
sarılan türk oğlunun qarşısını heç
bir qüvvənin almağa qadir olmadığını
düşmənlərimizə bir daha göstərdi.
Həbib bəyin məhz yüksək keyfiyyətlərə
malik vətənpərvər şəxs olduğunu
yaxşı bildiyi üçün yeni hakimiyyətin ona
inanmamağı təbii idi və general Səlimovun
bağışlanacağı barədə düşünmək
sadəlövhlük olardı. Bolşeviklərin
münasibətini isə çox gözləmək lazım gəlmədi.
Aprel çevrilişinin üçüncü
ayında "müsavatçı general" yada
düşdü.
"Əksinqilabçı
general Həbib Səlimov Naxçıvanda əhali arasında
şayiə yayır, bəy və xanlarla birgə sovet hakimiyyəti
əleyhinə iş aparır. O, ilk dəfə
Naxçıvanda olarkən inqilabi Türk hökumətinə
raport yazmışdı ki, yerli Azərbaycanın əhalisi
qızıl ordu tərəfindən istimar olunur. İndi o, özü İrana qaçmış bəy
və xanlarla birlikdə işləyərək əhalinin
sakitliyinə mane olur və əsgərləri təhlükəsizlikdən
mərhum etməklə daşnakların qələbəsinə
şərait yaradır. Bunu nəzərə
alaraq xahiş edirik onu oradan təcili Bakıya
aparasınız. AFK məxfi-əməliyyat
şöbəsi".
Az. KP-yə göndərilmiş bu məlumat
keçmiş general Həbib bəy Səlimov barəsində
çoxdan formalaşmış düşmən
obrazının qabardılması və onun həbsi
üçün ilk addım kimi qiymətləndirilə bilər. Çünki
Bakıda artıq üç aya yaxın idi ki, Az.FK at
oynadır, milli hökumətin üzvlərinə
qarşı görünməmiş amansızlıqla kütləvi
cəza tədbirləri həyat keçirirdi. Yeni quruluşun dayaqlarının nəyin bahasına
olur-olsun möhkəmləndirilməsi məqsədinin
qarşıya qoyulduğu belə bir vaxtda Həbib bəy kimi
təhlükəli və əks mövqeli bir şəxs necə
kənarda qala bilərdi. Özü də
mərkəzdə onun nəinki müstəqil Azərbaycan
hökuməti dövründəki fəaliyyəti, hətta
yeni hakimiyyətə qarşı düşmənçilik hərəkətlərinə
yol verməsi barəsində də kifayət qədər məlumat
vardı. Belə məlumatdan biri 19 iyul 1920-ci ildə
"tam məxfi" qrifi ilə Ordunun xüsusi şöbəsinə
göndərilmişdi:
"Lənkəran qəzasında müsavatçı
general Səlimovun, Tağıyevin, Hüseyn Ramazanovun
başçılıq etdikləri, sayı 1500-ə
çatan quldur dəstəsi fəaliyyət göstərir. Bu dəstə
tərəfindən Astaraya hücum edilmişdir, nəticələr
barədə hələlik məlumat yoxdur. Şaykanın tərkibi süvarilər və
piyadalardan ibarətdir. Silahları müxtəlifdir, əsasən
rus və fransız tüfənglərindən ibarətdir...
Toqquşmalar zamanı bizim hissələrin itkiləri belədir:
3 nəfər ölmüş, 4-ü yaralanmış, 2-si
itkin düşmüş, 70 at və silahlar itirilmişdir. Şayka ərzaq və yemi əhalidən alır,
silah əksinqilabçılara Bakı və Salyandan gəlir.
Siyasi idarənin rəisi".
Sovet
hakimiyyətinə qarşı çıxanları "quldur
dəstəsi", "şayka", "şübhəli
elementlər", "proletar düşmənləri" və
s. yarlıqlarla damğalayıb, onu başlıca
dayağından, kütlələrdən mərhum edən, əhalinin
siyasi cəhətdən azsavadlı hissəsində müstəqillik
və azadlıq uğrunda çarpışanlara
inamsızlıq yaradan bolşeviklər mübarizənin
sonrakı mərhələlərdə bu yarlıqları
"anti-sovet", "əksinqilabçı",
"pantürkçü", "xalq düşməni"
və başqa yarlıqlarla əvəz etdilər.
General Səlimov
bolşeviklərin nəzərində quldur dəstəsinin
başçısı idi və FK əməkdaşı
Qubinin onun barəsində raportunda aşağıdakılar
göstərilmişdi: "Səlimovun təşkilatı barədə
tərəfimdən yığılan arayışlar nəticəsində
aşağıdakılar aydın olmuşdur. General rus hərbi xidmətinin Baş Qərargahının
sürətləndirilmiş buraxılışının
keçmiş podpolkovnikidir. Azərbaycan
hökumətində general olmuşdur. Hazırda
ingilislər tərəfindən yardım edilən dəstə
yaratmışdır. Dəstənin fəaliyyət
sahəsi Araz çayıdır. Dəstə
ağqvardiyaçı quldur dəstələrin
tör-töküntülərindən və şahsevənlərdən
ibarətdir. Komanda heyəti
ağqvardiyaçı zabitlər, ruslar, gürcülər və
ermənilərdən ibarətdir. Dəstənin təşkilatlanması
aparılmışdır: ermənilərin və
Gürcüstanın hücuma keçəcəyi halda onlar
Bakı-Tiflis dəmir yolunu kəsəcəklər. Təşkilat işlərində Ənvər
Paşanın hələlik heç bir iştirakı və
ümumi işbirliyi yoxdur. General Səlimov
müsavat hökuməti dövründə Xəlil Paşa ilə
(türk xadimi) münaqişəyə görə müsəlmanlar
arasında məşhur deyil. 15.10.20."
Qubin guya
Səlimovun ifadəsi əsasında belə nəticə
çıxırmışdı: "Azərbaycanda iki
üsyançı təşkilat fəaliyyət göstərir,
biri Tiflisdə, digəri Bakıda. Onların məqsədi
birgə üsyan qalıdrmaqdır. Vəsaitin
bir hissəsi Bakıdakı kapitalistlər tərəfindən,
bir hissəsi Vrangelin Tiflis və Batumdakı nümayəndəsi
tərəfindən buraxılır. Silahı
qaçaqmal yolu ilə Batumdan və Gürcüstandan general Səlimov
gətirir və o, Tiflis təşkilatı ilə əlaqələrə
malik olmaqla Bakı quberniyasında, Cavad qəzasında
İran quldurlarına və Muğan sakinlərinə arxalanaraq,
Bakıda bir neçə agenti olmaqla, burjuaziyanın və digər
şübhəli elementlərin şəxsində iş
aparır".
Beləliklə, Həbib bəyin həbsi
üçün ilkin materiallar toplanmışdı və
artıq çıxarılması nəzərdə tutulan qərarın
qarşısını almaq mümkün deyildi. İndi bu məşum
saatın gəlib çatması üçün FK-nın
son sözü qalırdı və bu söz 1920-ci il sentyabr ayının 1-də 11-ci ordunun Qafqaz
cəbhəsinin 28-ci atıcı diviziyası qərargahının
xüsusi şöbə rəisi hərbi komissarın
arayışında deyilirdi: "Bununla Naxçıvanın
keçmiş hərbi komissarı keçmiş general Həbib
Səlimov ittihamedici materiallarla istintaq aparılması
üçün göndərilir. Əlavə:
yazışmalar 56 səhifədə". Sənədin
üzərində belə bir dərkənar qoyulub"iş
açılsın və araşdırılsın, 2. 09. 1920".
Həbs
olunduğu gün Həbib bəy Səlimov barəsində
açılan cinayət işi protokolundan: "Səlimov Həbib
Yusif oğlu, 39 yaş, 1881-ci il fevralın 8-də Naxçıvan
şəhərində anadan olub, subay, qardaşı ilə
birlikdə 20 sot torpağı, 3 sot bağ sahəsi var. Bitərəfdir.
Sovet hökumətinə yazığı gəlir.
Mülki təhsilini müəllimlər
seminariyasında, hərbi təhsilini Baş Qərargahın məktəbində
alıb. 1914-cü ilə qədər
Kozlovski alayında podpolkovnik rütbəsinədək xidmət
edib. Fevral burjua inqilabına qədər cəbhədə
diviziyada adyutant olub. Oktyabr inqilabına qədər
Petroqradda Baş Qərargahın Nikaleyvsk akademiyasında oxuyub
(7 mart 1918-ci ilə qədər) sonra onu birinci dünya
müharibəsi cəbhələrinə göndəriblər.
Almaniya-Türkiyə qüvvələrinə
qarşı döyüşmək üçün Türkiyə
cəbhəsindəki qüvvələrin tərkibində
olub. Əvvəllər mühakimə edilməyib".
Bu
qısa təqdimatda Həbib bəyin ilk təhsilini Yerevanda
gimnaziya bitirməsi, 12 avqust 1900-cü ildə orduya
könüllü yazılaraq 156-cı Yelizavetpol süvari
alayında 1 il 2 ay xidmət etməsi, unter-zabit rütbəsi
alması, 1902-ci ildə Tbilisidə süvari məktəbini
bitirməsi və Üçüncü Qafqaz Atıcı
Batalyonunda podporuçik rütbəsində xidmətə etməsi
(1907-ci ildə rota komandiri təyin olunub) və s. barədə
məlumat verilməyib. Yeri gəlmişkən,
başqa mənbələrdə Həbib bəyin İrəvanda
doğulduğu göstərilib. Onu da qeyd
edək ki, Həbib bəy "Müqəddəs Vladimir"
ordeni ilə təltif edilib və 1908-1910-cu illərdə həmin
batalyonun tərkibində Naxçıvanın Culfa sərhədlərində
xidmət edərkən məxfi tapşırıqla Tehrana
göndərilib.
...
FK-nın onun barəsində müvafiq tədbirlər görmək
üçün hazırladığı zəminin kifayət
qədər əsaslı olması üçün 22 avqust
1920-ci ildə birinci süvari alayının hərbi komissarı
Starovun sədrliyi ilə təşkilatının növbəti
iclasında aşağıdakı Protokol tərtib edildi:
"6 nəfər komitə üzvünün iştirakı
ilə növbəti iclasda yol. Səlimovun hərəkətləri
barəsində məsələ dinlənildi. Yol. Ş. dedi: Səlimov zəhmətkeşləri
satmışdır. O, Azərbaycan müsavat ordusunda olarkən
və vəziyyətin pisləşdiyini görüb
Bakıdan İrana, oradan Naxçıvana
qaçmışdır. Orda sovet hakimiyyəti əleyhinə
olan başçıları dilə tutub ki, buraya hərəkət
edən 600 nəfərlik, 10 top və bir neçə pulemyotu
olan süvari alayına qarşı çıxsınlar. Əhali arasında sovet hakimiyyəti əleyhinə
təbliğat aparıb. Sovet hakimiyyətinə
tabe olmaq istəməyib, silahı və gülləni
çörəyə dəyişib. Yol.
R. Ş-in dediklərini təsdiqləyərək deyir ki, Səlimov
bolşeviklərlə mübarizə məqsədilə əhalini
belə bir alay yaratmağa və
komandanlığı ona həvalə etməyə sövq
edib. Qırmızı ordu və sovet hakimiyyəti
əleyhinə təbliğat aparıb.
Yol. X.
deyir: Bakıda hakimiyyət müsavat Azərbaycanı
hökumətində idi. Mən Bakıda partiya
sıralarında idim. Bir vaxt daşnaklar
Şuşaya hücum etmişdilər. Azərbaycan
hökuməti Səlimova tapşırmışdı ki,
piyada və süvarilərdən ibarət dəstə
yaradıb onları müsəlman əhalinin müdafiəsi
üçün daşnaklara qarşı göndərsin... Qırmızı ordu Bakı
yaxınlığında olanda Səlimova 2 piyada alayı və
3 süvari alayı həvalə etmişdilər. Mən təklif etdim ki, Qırımızı ordu
Bakıya girəndə o, özünü və tabeliyindəki
ordunu sovet hökuməti tərəfdarı elan etməlidir.
O, mənim təklifimlə razılaşdı, ancaq
Qırmızı ordu yaxınlaşanda öz vədini yerinə
yetirmədi, xaincəsinə qaçdı və Sovet hakimiyyəti
əleyhinə təbliğat apardı.
Yol. Starov onun satqın fəaliyyətini
yekunlaşdıraraq təklif edir ki, Səlimov həbs edilsin və
materiallarla birlikdə 11-ci ordunun inqilab tribunalına göndərilsin.
Təklif yekdilliklə qəbul olundu. Sədr, katib".
Azərbaycanda aprel çevrilişindən sonra
bütün Zaqafqaziyanı ələ keçirməyə
çalışan sovet Rusiyası bu məqsədlə həm
diplomatik vasitələrdən istifadə edir, həm də
guya ermənilərlə azərbaycanlılar arasında millətlərarası
toqquşmalara yol verməmək adı altında hərbi əməliyyatlar
üçün yeni planlar işləyib
hazırlayırdı. Rusiya rəhbərliyinin tövsiyələrinə əməl
edən 11-ci ordunun komandanı Levandovski bunu bəhanə gətirərək
"Azərbaycanın Gürcüstan və Ermənistanla sərhədlərinin
mühafizəsi haqqında" 1920-ci il
may ayının 18-də 58 saylı əmr verir. Əmrin 4-cü bəndinə əsasən 11-ci
ordunun 32-ci diviziyasının rəisi Şteygerə
Naxçıvan-Cülfa-Ordubadı ələ keçirmək
üçün həmin məntəqələr mayın 25-də
güclü dəstələr göndərmək
tapşırığı verildi. Lakin
sovet hakimiyyəti əleyhinə Gəncə, Qarabağ
üsyanları ilə əlaqədar bu dəstələrin
göndərilməsi işi bir qədər ləngidi. Naxçıvanda isə həmin dövrdə vəziyyət
həddən artıq ziddiyətli idi. Müstəqil
Azərbaycan tərəfdarları ilə 11-ci ordunun
yaxınlaşdığını duyduqca fəallaşan
bolşevikpərəst qüvvələr arasında
qarşıdurma günbəgün artırdı. Yerli bolşeviklər və AKP (b) MK Azərbaycan
İnqilab Komitəsinin Naxçıvana göndərdikləri
kommunistlər qrupu əhali arasında sovetləşmə təbliğatı
aparırdılar. Ancaq hələ ki,
bölgədə vəziyyətə Naxçıvan Milli
Komitəsi nəzarət edirdi və Türkiyə əsgərlərinin
kiçik bir dəstəsi ilə Xəlil bəy də burada
idi. Ermənilərin bölgə üçün ciddi təhlükə
yaratdığını görən Türkiyə Bəyazid
diviziyası iyunun sonunda 9 min nəfərlik qoşunla
Naxçıvan-Cülfa-Ordubad istiqamətində hərəkətə
başladı və artıq iyulun 2-də 3 min nəfər
Naxçıvan-Şahtaxtı rayonuna daxil oldu. Ancaq
Şahtaxtı stansiyasından Naxçıvan dəstəsinə
komandanlıq edən Kəlbalı xanın 14 və 16 iyul
1920-ci ildə general Həbib bəy Səlimova göndərdiyi
məlumatlardan aydın olur ki, türklərin gəlişi də
vəziyyəti o qədər düzəltməmiş, yerli əhalidən
təşkil edilmiş hərbi dəstələrdə
nizamsızlığı sonadək aradan qaldırmaq
mümkün olmamışdı. Məhz
bu vəziyyətdən istifadə edən və
özünün hərbi hazırlıq işlərini müəyyən
qədər başa çatdıran 11-ci ordu hissələri
isə iyulun 28-də Gorus, Şahbuz və Cəhridən
keçərək Naxçıvana daxil oldu. Naxçıvan inqilab komitəsi yaradıldı.
Bu vaxt Həbib bəy İranda idi. O,
1920-ci il iyulun 19-da Naxçıvan şəhər
general-qubernatoru tərəfindən 14 günlüyə Təbriz
şəhərinə ticarət məsələləri ilə
məşğul olmaq üçün göndərilmişdi.
Təhlükəli
düşmən hesab edilən bir şəxsi tezliklə
"layiq olduğu cəzaya" çatdırmağa tələsən
FK işçiləri gün ərzində 14-16 saat işləyir,
bir sənədin mürəkkəbi qurumamış, digərini
tərtib edirlər. 11-ci ordunun siyasi şöbəsinin
3.10.20-ci ildə qeydiyyata alınmış təcili məxfi
qrifli sənədindən: "Naxçıvan inqilabi komitəsi
arzuedilməz şəxslərdən ibarətdir. Sədrin müavini keçmiş general Səlimov
Bakıdan İrana qaçarkən qırmızı
döyüşçülər tərəfindən
tutulmuşdur. İnqilabi komitənin üzvləri:
keçmiş general-qubernatorun köməkçisi və
şəhər rəisidir".
(Ardı var)
Lətif
ŞÜKÜROĞLU
Tarix üzrə
fəlsəfə doktoru, ehtiyatda olan polkovnik
525-ci qəzet 2018.- 29 mart.- S.6.