Zakir Fəxri: sözün
rəngli adamı
Nəriman ƏBDÜLRƏHMANLI
Qırx
ildi tanıdığım
şair-tərcüməçi, bənzərsiz söz adamı Zakir Fəxrinin düz yetmiş yaşı tamam olur...
İnanmaq çətindi, amma
fakt qarşısında
da acizik...
Son dörd ildə bir idarədə - Nazirlər Kabineti yanında Tərcümə
mərkəzində işlədiyimizdən,
iş günləri, demək, olar hər gün görürəm, özünü
görməsəm belə,
coşqun danışığını,
şaqraq gülüşünü
eşidirən, bəzən
pilləkənləri tələsik
qalxdığı, ya
endiyi məqamda qarşılaşırıq. İllər,
qismətinə düşən
ağrılar, yeri doldurulmaz itkilər saçını
ağardıb, gözlərinin
dərinliklərindəki kədəri
daha da qatılaşdırıb,
amma coşqunluğunu,
həyat sevgisini zərrə qədər də olsun, əksiltməyib, çeviklikdə,
cəldlikdə qırxyaşlılara
belə meydan oxuyur. Gündə, ən azı,
on kilometr piyada gəzir, ekoloji təmiz yeməklərə
üstünlük verir,
deyib-gülməyindən, duzlu-məzəli
söhbətlərdən qalmır,
görünür, özü
demiş, “dünyadakı
qəribliyini” bu cür ört-basdır eləməyə çalışır.
Zakir Fəxri ilk dəfə rastlaşdığım vaxtlardan
yaddaşımda rəngli,
daha doğrusu, sözə və ədəbi aləmə rəng gətirən, olduğu yerin ab-havasını dəyişən
adam kimi
qalıb...
Bu cür söz adamları olmasaydı, ədəbi aləm həddən artıq cansıxıcı görünərdi...
Bir anlığa təsəvvür
eləyin ki, ədəbi mühitimizdə
Əli Kərim, Hüseyn Arif, Vidadi Məmmədov, Aydın Məmmədov, Natiq Səfərov... olmayıb, onda Söz Məkanının
nələr itirdiyini düşünmək belə
ağırdı...
Zakir Fəxrini də beləcə, Söz Məkanının nəfəsliklərindən
biri sayıram, səhv eləmədiyimə
də zərrə qədər şübhəm
yoxdu...
***
Zakir Fəxri ali
texniki təhsil alıb...
Hərdən fikirləşirəm, ixtisasının arxasınca
getsəydi, şübhəsiz,
çevikliyi, işgüzarlığı
sayəsində maddi cəhətdən daha yaxşı təmin olunardı, yaradıcı
adamların çəkdikləri
iztirablara tuş gəlməzdi...
Amma müsahibələrindən
birində dediyi kimi, ədəbiyyata “acığa” gəlib, hecada-əruzda meydan sulayanlara onlardan heç də pis yazmadığını
sübut eləmək
istəyib. “Əruzu
bilməyə-bilməyə əruzu yazmışam, - deyir. - İçim
muğamla dolu olub. Yazdığım əruzun səviyyəsi
heç də başqa əruzlardan aşağı olmurdu”.
Yəqin,
onda elə bilirmiş, meydana girəcək, özünü
sübut eləyəcək,
alqışlar qazanacaq,
sonra qaliblərsayaq başını dik tutub öz işinin
dalınca gedəcək.
Amma SÖZÜN SEHRİni,
güman ki, nəzərə almayıbmış...
Zakir Fəxri o vaxtdan meydanda qaldı, maddiyyatı unudub Sözün dalınca getdi, Vaqif Səmədoğlu,
Ramiz Rövşən,
Vaqif Cəbrayılzadə
(Bayatlı Önər)
səfində öz yerini tutdu, çörəyini
də qələmilə
qazanmağa başladı.
“O vaxt yazdıqlarıma
baxıram və görürəm ki, onlarda maddilik yoxdu, üsyan var. – İndi belə deyir. - Elə
başa düşürəm,
yaradıcılığımda mən bütün insanlığın şeirini
yaza bildim”.
Zakir Fəxrini
şəxsən 80-ci ilin
ortalarından – “Ulduz”
jurnalında işlədiyi
vaxtlardan tanımışam. O vaxt ədəbiyyata yenicə ayaq açan, çap olunmaq arzusuyla alışıb-yanan
istedadlı cavanların
pənah yerlərindən
biriydi, ora üz tutanlar ümid eləyirdilər ki, Vaqifə, ya da Zakirə
rast gələcək,
yazdıqlarını oxuculara
çatdırmaq üçün
fürsət yaranacaq.
Zakir Fəxri
sonralar Azərbaycan Bədii Tərcümə
və Ədəbi Əlaqələr Mərkəzi
sədrinin müavini,
şöbə müdiri,
“Xəzər” jurnalı
baş redaktorunun müavini kimi, rəhmətlik Aydın Məmmədov və sonralar Afaq Məsudla
çalışdı. Yolumuz da
elə 2004-cü ildə
Afaq Məsud jurnalın nəşrini yenidən bərpa eləyəndə kəsişdi.
Zakir Fəxrinin o qurumun ən çətin günlərində
belə Afaq xanımı tək qoymadığının, jurnalı
yaşatmaq üçün
əlindən gələni
əsirgəmədiyinin şahidi
oldum...
***
Zakir Fəxri, ən azı, 45 illik yaradıcılıq ömründə
çap olunmağa kifayət qədər imkanı ola-ola yazdıqlarını tələm-tələsik
oxuculara çatdırmağa
çalışmayıb. Hər
halda, “Qalmaz belə, qalmaz dünya...” və “Rekviyem” ("Xatirə çiçəyi", "Bir
ömrün tarixi",
“Qara Məhəmməd,
Qara Məlik və mən”, Dustaqxanadan dustaqxanaya” bədii-publisistik kitabları da var) poetik
toplularını oxumuşam,
hətta birinci kitabı çapa hazırlamışam.
Təbii
ki, oxuduğum şeirləri heç də ədəbiyyata “acığa” gələn adamın şeirlərinə
oxşamır, daha çox gəldiyi bu dünyanı əxz eləməyə
can atan insanın yaşantılarını ifadə
eləyir:
... Yolumu sarpdim, deyəsən,
Bu dünyaya azıb
gəldim.
Göy üzü dərddən çatladı,
Qoşulub bir damla suya
Mən
o çatdan sızıb
gəldim...
Bəs Ağdamda doğulmuş, yeniyetməliyini Yevlaxda keçirmiş, taleyin yoluna Bakıda düşmüş, maddiyyatı
buraxıb Sözün
arxasınca gedən o
oğlan kim
idi, bu dünyada
nə axtarırdı:
... Üzünә, gözünә saçı
dağılmış,
taxtı viran olmuş, tacı dağılmış
Qonur göz, qara qaş, bir qara
oğlan
Dolaşar dünyanı, gәzәr biçarә
axtarar, dәrdlərə tapammaz çarә...
“Dünyanı dolaşıb
dərdlərinə çarə
axtaran” həmin oğlan sonralar ədəbiyyatın, əslində,
nə demək olduğunu da dərk elədi: “Ədəbiyyat, həmçinin,
yazıçılıq və
şairli Allahın yaratdığı ən böyük missiyadır.
– Artıq dünyada yetərincə görüb-götürmüş Zakir Fəxri deyir. - Gördüyün dünyanı
təmizləyib poetik
dillə yazırsan… Ədəbiyyat budur. Ədəbiyyatsız dövlət heç bir yerə gedə
bilməz. Gözəl-gözəl saraylar, binalar, ancaq düşüncəli
başlar olmayanda sonra bir qəpiyə
belə dəyməz”.
Bəlkə, elə buna görə də Zakir Fəxri həmişə arzuladığı
dünyanın axtarır:
… Torpağında ah göyərər,
Hər atılan
ox göyərər.
Dönməsən, günah göyərər,
Dünya, qayıt dünyamıza.
Axtardığını tapa bilməyəndə də,
elə bil, hamıdan, hər şeydən küsür,
ilkinliyə, saflığa,
ana beşiyinə qayıtmağı arzulayır:
… kimsə səsləməz məni
bu darısqallıqdan
bir hovur çıxam eşiyə,
Qaytar, ana, qaytar məni
beşiyə…
Amma bu dünyaya gələn bütün adamlar kimi, Zakir
Fəxri də olumun və ölümün sirrini çözməyə, insanın
bu dünyadakı missiyasını dərk eləməyə can atır:
… Gəzirəm dörd bir tərəfi
Bilmirəm, yolum haradı?
Çəkir məni sirr tərəfi…
Ölümü gördüm, deyəsən,
Görəsən, ölüm haradı?
Söz adamı kimi, özünün missiyasını
isə artıq çoxdan müəyyənləşdirib:
“Mən ədəbiyyatı
həmişə İlahi
bir qüvvəylə
bağlayıram. Allahın verdiyi
və elmin-düşüncənin
inkişaf etdirdiyi İlahi qüvvə.
Bütün ömrümü sufiliyi sevməklə keçirmişəm. Bu, mənim kredomdu”.
***
Zakir Fəxri yaradıcılıq
duyumunu həmişə
ovxarlı saxlamağa
çalışan söz
adamıdı…
“Rekviyem“ əsəri
ilə çağdaş
ədəbiyyatımızda ilk dəfə romanla poemanın sintezini yaradıb…
Hazırda yeni kitabını çapa hazırlayır. “Yeganə amalım insanlara qaranlıqlardan işığa aparan yolları göstərməkdi,
- deyir. - Həmişə
buna çalışmışam.
İndi də bu yolda
addımlayıram. Elə
üzərində çalışdığım
kitabın adı da “Qaranlıqdan işığa“ adlanır”…
Tərcümə Mərkəzinin nəşrlərindən
olan “Bəşəri
poeziya” toplusuna daxil edilmiş dünya poetik xəzinəsinin görkəmli
simalarının şeirlərini
orijinaldan sətri tərcümələr əsasında
Azərbaycan dilinə
çevirib. “Bu kitab mənim üçün bir mətləbi aydın etdi ki, bütün böyük şairlər,
onların metafizik düşüncələri eyni
bir yerdən, eyni mənbədən qaynaqlanır, - deyir. - Qədimdən bəri dünyaya sülhü, barışı, sevgini, dünyadan heç bir umacağı olmayan şairlər, yazıçılar gətirib.
Ədəbiyyat – dözüm və
sevgi, mərhəmət
və barış deməkdi”.
Sufizmlə ciddi maraqlanır,
sufi mütəfəkkirlərin
və şairlərin
əsərlərini oxuyur,
düşüncələrinin süzgəcindən keçirir,
Həqiqət mərtəbəsinə
çatmağa can atır:
““Hər şey sözdən yarandı. Söz Allahla qoşaydı.
Allahı söz, sözü
Allah yaratdı”. Bu sətirlər müqəddəs
“İncil”dəndir. Bu müqəddəs kitab da, sözün Allahla insan arasında
körpü olduğunu
bildirir. Allaha ucalan
dualar sözdən yaranır, insanlar arasında ünsiyyət sözlə qurulur”.
Bütün bunlar 70 illik ömrün həqiqətlərdi...
Ömrün mübarək, Zakir
Fəxri!
Kulis.az
525-ci qəzet 2018.- 30 mart.- S.6.