Cümhuriyyət fədaisi: görkəmli hərb xadimi Həbib bəy Səlimov

 

 (Əvvəli ötən sayımızda)

 

Həbib bəy Səlimov ilk dəfə 1920-ci ilin 20 sentyabrında dindirilir.

 

Sual: Siz Bakıdan nə vaxt getdiniz, getdiniz, yoxsa qaçdınız, Siz 11-ci ordunun tərkibində xidmətdə idiniz, kiməsə getməyiniz barədə məlumat verdinizmi?

 

Cavab: Mən Bakıdan propusksuz getdim. Bu barədə tədris hissəsinin rəisi Loqinova məlumat verib, ondan mayın 27-də xidməti yerimi tərk edib getməyim barədə icazə almadım. Məni Bakıdan getməyə erməni qızıl ordu üzvlərinin mənim hərəkətlərimi məhdudlaşdırmaları məcbur etdi.

 

Sual: Siz nə ilə izah edə bilərsiniz ki, Sovet Azərbaycanında bir aylıq xidmətinizdən sonra heç bir zabit titulu qalmadığı halda, siz Naxçıvanda gizlənəndə general titulu daşıyırdınız və belə titullu şəxslərin imzası ilə məlumatlar alırdınız?

 

Cavab: Bu həmin şəxslərin əvvəlki vərdişləri, yeni qaydalara adət etməməsi ilə bağlı idi.

 

Sual: Naxçıvanda sovet hakimiyyəti nə vaxt bərpa edildi?

 

Cavab: Bakıdan iki ay sonra, 26 iyul 1920-ci ildə, Naxçıvana mənim dəvətimlə sovet qoşunları gələndə.

 

Sual: İyul ayı ərzində döyüş xarakteri daşıyan və hərəkət edən hərbi hissələrə göndərilmiş məlumat nə deməkdir. Kimə qarşı hərbi əməliyyatlar aparılırdı?

 

Cavab: Qoşunların hərəkəti, bu, ingilislərlə birləşməyə gedən və mənim tərəfimdən hərbi əməliyyatlardan Naxçıvan qəzasına qaytarılan Zeynalovun dəstəsinin qalıqlarına aid idi. Hərbi əməliyyatlara gəlincə, bu, türk qırmızı hissələri ilə birlikdə Naxçıvana hücum edən Dronun (daşnaklar) və Şelkovnikovun dəstələrinə qarşı idi. Bu əməliyyatlar Azərbaycanda kimin hakimiyyətdə olmasından asılı olmayaraq aparılırdı, həmçinin, mərkəzlə əlaqə yox idi.

 

Sual: Siz Azərbaycan Müsavat hökumətində hansı vəzifələr tutmusunuz? Lənkəranda indi general Səlimovun başçılıq etdiyi əksinqilabi quldur dəstələri fəaliyyət göstərir, Azərbaycanda başqa general Səlimov varmı?

 

Cavab: Azərbaycanda Müsavat hökuməti formalaşdırılmasının lap əvvəlindən 24 mart 1920-ci ilə qədər Azərbaycan ordusunun Baş Qərargah rəisi olmuşam, sonra isə Droya qarşı fəaliyyət göstərən Qarabağ dəstəsinin komandanı olmuşam. Şəxsən mən 1920-ci ildə Lənkəran qəzasında olmamışam və qırmızı orduya qarşı heç bir əməliyyatda iştirak etməmişəm. Həmin vaxt ərzində daim Lənkəran qəzasından 600-700 verst məsafədə yerləşən Naxçıvanda olmuşam. Azərbaycanda məndən başqa general Səlimov yoxdur, görünür, kimsə mənim məşhurluğumdan Lənkəran qəzasında istifadə edir. Oraya mən Azərbaycan Müsavat hökuməti zamanında top və pulemyotları almaq üçün göndərilmişəm. Belə ki, məlumat vardı ki, Lənkəran qəzasında və Muğanda bu silahlardan Denikin tərəfindən istifadə edilə bilər. Mənim tərəfimdən həmin silahlar heç bir hadisə baş vermədən, hansısa cəza tədbiri görülmədən alındı. Əlavə edirəm ki, mənim vicdanım sovet hakimiyyətinə qarşı təmizdir və hakimiyyətdən icazəsiz Bakıdan getməkdən başqa heç bir günahım yoxdur.

 

Sual: Naxçıvanda Nuru paşa və Zeynalovla görüşdə Sizin onlarla hansı danışığınız oldu?

 

Cavab: Mən kəskin şəkildə Nuru paşa və Zeynalova irad tutdum ki, onlar xalqın iradəsi ziddinə olaraq belə bir avantüra törətmişlər. Mən onlara göstərdim ki, sovet hökumətinin qurulması tamamilə xalqın iradəsidir və mən bunu bildiyim üçün hələ sovet qoşunları gəlməzdən xeyli qabaq bu iradəyə tabe olmuşdum. Nuru paşa bildirdi ki, o, indi başa düşür ki, səhv edib. Zeynalov isə dedi ki, o, xanların və bəylərin məhv edilməsinə və bu şəxslərin hər yerdə həbs olunmalarına sakitliklə baxa bilmir. Sonra Zeynalov bildirdi ki, o, öz arxa təminatını ingilislərlə birləşmək və onlardan pul köməyi üçün Xudafərində qoşunları atıb, Əhərə və Zəncəna gedib ki, orada ingilislərə qoşula bilsinlər. Bunu öyrənib mən ikinci Türk diviziyasının rəisləri ilə danışıqlara girdim ki, Nuru paşa və Zeynalovu tezliklə Naxçıvandan Türkiyəyə kənarlaşdırım və buna nail olduqdan sonra qoşunları Əhərdən Naxçıvana qaytardım və onları türk komandanlığına təhvil verdim.

 

Barəsində ən sərt tədbir görüləcəyini isə Həbib bəy lap əvvəldən bilirdi. Onun Naxçıvan şəhərindən Ə.Qarayevə avqustun 7-də yazdığı məktub da bunu aydın göstərir: "Hörmətli yol. Əli Heydər! Qoy, mənim məktubum Sizi təəcübləndirməsin. Mən bu günlərdə Sizin hərbi və Dəniz komissarı təyin olunmağınız barədə bildim və qərar gəldim ki, Sizə bir neçə kəlmə mənim üzərimə atılan şərdən öz bəraətim üçün yazıb bildirim, mənim familyam avantürüstlərlə bir yerdə hallana bilməz. Mən heç vaxt fikirləşmədən hərəkət etməmişəm və heç kimə xoş gəlməyə çalışmamışam. Xalqa təmiz xidmət etmişəm və əgər məni ancaq xidməti işdəki kobudluq və tələbkarlıqda günahlandıra bilərlər. Dövlət puluna toxunmamışam. Mənim siyasi fizionomiyama gəlincə, denikinçilər tərəfindən ölümə məhkum edilmişəm...

 

Sizin diqqətinizi çox almaq istəmirəm. Qısaca desək, mən Bakıdan ermənilərdən və məni də avantürüstlərə qoşa biləcəklərindən qorxduğum üçün getdim. İrana və oradan Naxçıvana getdim. Burada da mən ilk dəfə məktubla qırmızı ordunu çağırdım. Mən hərbi işi bilən, geniş hərbi akademiya təhsilli şəxs kimi Sizə lazım ola bilərəm, xidmət göstərə bilərəm, təki məni ləyaqətlə işləməyə dəvət etsinlər, yoxsa general olduğum üçün həbs etməsinlər. Mənim başqa günahım yoxdur. Bildirirəm ki, mən kommunist deyiləm, bitərəfəm, ancaq xalqın rifahı üçün xidmət göstərən təmiz adamam. Ətraflı şəkildə yol. Nərimanova və İldırıma iki məktub yazmışam. Mən Sizin üçün necə işçi ola bilərəm, hamı deyər. Əgər mənə Naxçıvanda hərbi gücləri təşkil etmək həvalə olunsa, onda mən bütün qüvvəmlə çalışaram. Sizin doğru münasibətinizə ümidlə, Sizə hörmətlə Baş Qərargahdan keçmiş general Səlimov. 7 avqust Naxçıvan şəhəri".

 

Növbəti məktublardan birini isə Həbib bəy Xüsusi Şöbənin rəisi Pankratova həbsə alındıqdan 3 ay yarım keçdikdən sonra yazdı: "Artıq 3 ay yarımdan çoxdur ki, mən həbs altında saxlanıram və belə düşünməyə haqlıyam ki, ilk təşkilat tərəfindən Naxçıvanda mənə qarşı ədalətsiz surətdə irəli sürülən ittiham məni həbsdə bu qədər uzun müddətdə saxlamağa əsas verə bilməz... Aprelin əvvəllərində Denikin ordusunun qalıqları darmadağın edildi və Qızıl ordu Dağıstanı tutaraq Azərbaycan sərhədinə yaxınlaşdı, mən bu vaxt Azərbaycan ordusunun başında Qarabağda məşhur Dronun komandanlığı altında martın 21-dən 22-nə keçən gecə vəhşicəsinə hücuma keçən daşnaklara qarşı mübarizə aparırdım... Mən Bakıdan 29 mayda getdim və sonrakı marşrutum belə oldu: mayın 31-də Kürü Səlyan yaxınlığındakı Cavad qəzasının Ərəbtalan kəndindən keçdim və iyunun 1-də Biləsuvar yaxınlığından sərhədi keçdim. Nəcəfqulu xanın qonağı oldum (Şahsevən xanı L.Ş.). Orada iyunun 10-na qədər qonaq qaldım, sonra o, öz adamları ilə məni Ərdəbilə yola saldı. Oraya mən 12 iyunda çatdım. Oradan qubernator yerli demokratik partiyanın sədrinə Hacı Şaban Əli ilə məni Təbrizə, bütün Şimali İranın demokratik hökumətinin başçısı Şeyx Məhəmməd Xiyabaninin (demokratik partiyanın sədri, Azərbaycanın azadlığı uğrunda böyük mübariz, İranda milli Azərbaycan dövlətinin qurucusu Şeyx Məhəmməd Xiyabani - L.Ş.) yanına göndərdi. Bu o vaxt idi ki, ingilislər bütün İran azərbaycanından qovulmuşdular və sonuncu özünü Azəristan adı ilə azad elan etmişdi. Təbrizə mən 21 iyunda gəldim və orada 5 gün qalıb oradan Naxçıvan şəhərinə getdim. Təbrizdə mən Şeyx Məhəmmədlə, Hacı İsmayılla, görkəmli sosialistlə görüşdüm. Hazırda onların ikisi də ingilislərin tərəfdarları tərfindən öldürülüb. Təkrar edirəm ki, hər yerdə yol boyu məni sovet hökumətinin agenti hesab edirdilər. Təbrizdə də belə oldu. Xiyabani mənimlə sovet hakimiyyəti ilə bağlı onu maraqlandıran məsələlər barədə fikir mübadiləsindən sonra mənə təklif etdi ki, Azərbaycanın hər iki vilayətinin birləşdirilməsinə və Azəristanda sovet hakimiyyətinin qurulmasına çalışım. Mən Naxçıvanda olarkən bu istiqamətdə çox çalışdım və bunu çoxlu şahidlər təsdiq edə bilərlər. Onlardan birini mənimlə Şeyx Məhəmməd arasında əlaqədə əsas vasitəçini Naxçıvan şəhər sakini Hacı Mir Bəşir ağanı göstərə bilərəm. Ətraflı yazmaq istəmirəm, çünki sizi maraqlandırmayacağından qorxuram, ancaq əgər siz Şimali İran barədə ətraflı öyrənmək istəsəniz, ordakı əhalinin ovqatı, onların məişəti, adətləri, cəhdləri, bir sözlə, hər kəndin olmasa da, hər qəzanın nə ilə yaşadığı, nəfəs aldığı barədə ətraflı və hərtərəfli cavab verə bilərəm. Bütün Gilan, Qəzvin, Həmadan və Zəncanı yaxşı tanıyıram, Ərdəbili, Təbrizi, Mərəndi və Xoyu əla tanıyıram, oradan bu yay keçmişəm. Cəsarətlə deyə bilərəm ki, hərbçilər arasında İranı mənim qədər tanıyan yoxdur, üstəlik, mən onların dilində danışır və yazıram. 28 iyunda Naxçıvana gəlib mən oraya Bakıdan qaçmış Bəhyəddinin başçılığı ilə Türkiyənin avantürüstlərilə Naxçıvana gəlmiş Nuru paşaya və Zeynalova yazdım. Zeynalovdan mən Qarabağ üsyanı barəsində ətraflı öyrəndim və soruşanda ki, onun dəstəsinin qalıqları haradadır, o, cavab verdi ki, onlar Xudafərin körpüsündən İranın Əhər şəhərinə hərəkət edirlər, oradan Təbrizə və Zəncəna ingilislərlə birləşmək üçün gedəcəklər. Mən təcili zəruri tədbirlər gördüm. Bir tərəfdən Təbrizə hərəkət edən dəstənin rəisi Sofiyevə Naxçıvana gəlmək barədə xahiş etdim. Digər tərəfdən 11-ci türk diviziyasının rəisi Cavad bəydən xahiş etdim ki, Nuru paşanı, Zeynalovu və türk avantüristlərini təcili Naxçıvandan çıxarsın. Hər iki fikrim baş tutdu, çünki Azərbaycan qoşunları mənə böyük etibar göstərirdi, türklər isə mənim şəxsimdə keçmiş Azərbaycan ordusunun qərargah rəisini görürdülər. Bu vaxt daşnakların Naxçıvanın rayonu Şərura hücumu başladı. Əhali bundan qorxuya düşmüşdü və onlar məni siyasi və hərbi işlərə rəhbər seçdilər. Naxçıvanda onda ermənilərlə barışıq tərəfdarları vardı, hətta İrəvana nümayəndələr göndərilmişdi, onların başında əsasən xanlar dururdu. Ancaq xalqın əksəriyyəti mənim tərəfimdə idi və mən Gorusdakı qırmızı dəstənin komandirinə məktub yazdım və ona bütün vəziyyəti göstərdim, Kamalçılarla qırmızı ordunun arasında birləşdirici həlqə və Təbrizə hərəkət etməyin mümkün olduğu Naxçıvan qəzasının böyük əhəmiyyətini qeyd etdim... İyulun 15-dən 26-na qədər mənim yaratdığım 7 minlik milislə daşnaklarla, nəyin bahasına olur-olsun Naxçıvanı tutmaq istəyən Dronun dəstəsi ilə müharibə apardım. Birinci süvari alayının Naxçıvana gəlməsindən sonra da mən Naxçıvan-Şərur rayonunun milis ordusuna komandanlıq etməkdə davam etdim və onlarla birlikdə daşnaklarla döyüşdüm. Avqust ayında Dronun Gorusa hücumu vaxtı mən öz milislərimlə onların arxasına keçdim ki, qırmızı əsgərlərin onları dağıtmasına kömək edim.

 

... Kasıb poçt məmurunun oğlu (bəzi mənbələrdə onun atasının quberniyada məhkəmə iclasçısı işlədiyi göstərilib - L.Ş) mən çətinliklə özümə yol açmışam və bu mənə ziyanmı gətirməlidir. İş verib, yoxlayın, əgər yararsız olsam, onda məni heç nəyə yaramayan alaq otu kimi birdəfəlik həyatdan məhrum edin. İndisə mən şərqin (İran, Türkiyə) əla bilicisi kimi bu istiqamətlərdə iş xahiş edirəm. Mən Gürcüstanı və Ermənistanı da əla tanıyıram. Mən Baş qərargah işçisi kimi əvvəl olduğutək mühazirələr oxuya bilərəm. Bir sözlə, istənilən hərbi istiqamətdə işləyə bilərəm. Əgər hansı fikirlərə görəsə məni burada, yerdə işə təyin etmək olmazsa, yaxud İran və Türkiyədə, onda çox xahiş edirəm məni keçmiş generallar Mehmandarov və Şıxlinski kimi mərkəzin sərancamına göndərəsiniz. Güman edirəm ki, orada mən Rusiyanın ümumi quruculuğuna öz payımı verə bilərəm. Hər halda mənə qarşı yazığınız gəlməsini istəmirəm, çünki mən özümü heç nədə günahkar saymıram, mənim işim üzrə məqsədəuyğun və təcili qərar çıxarmazdan əvvəl, mənə işə vərdiş etmiş şəxs kimi yanaşasınız, 3 ay yarım ərzində bu edilməyib. Həbib Səlimov".

 

Az.FK isə onun barəsində məlumatlar toplamaqda yenə də bütün kanallarından istifadə etməkdə idi. Məqsəd yalnız general Səlimovla əlaqədar nəzərdə tutulan qərarın çıxarılması deyil, həm də o dövrün təbirincə desək, onun rəhbərlik etdiyi əksinqilabçılar şəbəkəsinin müəyyənləşdirilib tamamilə ləğv olunması idi. "25 oktyabr 1920-ci ilə aid məlumat. Bir qrup müsəlman Nuri Paşanın və general Səlimovun rəhbərliyi altında işləyir. Mərkəzi Komitə Temirxan Şurada yerləşir. Hazırda keçmiş yunker zabitləri Temirxan Şuraya göndərirlər. Agentlər Rəşt, Ənzəli şəhərlərində yerləşir, tək-tək Hacıqabulda, Lənkəranda var və ümid edirlər ki, hər yerdə təşkilatları var".

 

Keçmiş genaral Səlimov Həbib Yusif oğluna qarşı şağıdakı ittihamlar irəli sürülür:

 

1. Müsavat ordusunu Bakı möhkəmləndirilmiş rayonunda döyüş hazırlığı vəziyyətinə gətirməklə sovet hakimiyyəti əleyhinə ona komandanlıq etməkdə.

 

2. Gəncədə üsyan zamanı sovet Azərbaycanından qaçmaqla Muğanda İran tərəfdən qırmızı ordu ilə mübarizə üçün üsyançı dəstələrin hazırlanması.

 

3.1919-cu ildə Muğanın inqilabçı kəndlilərinin tərksilah edilməsi (istintaq onu əhalinin soyulması hesab etmişdir).

 

Qərara alınır: "İrəli sürülən ittiham, Səlimovun sovet hökumətinə qarşı digər cinayətkar hərəkətləri kimi təsdiq olunmuşdur. Qərara alındı: Səlimov Həbib Yusif oğlu güllələnsin. Ondan müsadirə olunan şeylər Respublikanın gəlirinə müsadirə olunsun. Akt işlə bərabər arxivə verilsin. Əsli 11-ci ordunun xş rəisi Pankratov və böyük müstəntiq Qubin tərəfindən imzalanmışdır".

 

Beləliklə, Azərbaycanın görkəmli generallarından biri - Həbib bəy Səlimov bolşevik cəza maşınının qanlı pəncəsində ölümə məhkum edildi. Vətəni canından əziz tutan fədakar general 1920-ci il dekabrın 30-da saat 10.30-da milli xəyanət yolu tutmuş bolşeviklərin 11-ci ordunun tərkibində Azərbaycana gəlmiş havadarları tərəfindən güllələndi.

 

Lətif ŞÜKÜROĞLU

Tarix üzrə fəlsəfə doktoru, ehtiyatda olan polkovnik

 

525-ci qəzet  2018.- 30 mart.- S.6.