Hüseyn Mehdiyev vaxtı
AZƏRBAYCAN
KİNOSU – 120
PƏRVİN
Kinorejissor, kinooperator, ssenarist Hüseyn Mehdiyev Azərbaycan
kino tarixində özünəməxsus yer tutan sənətkarlardan
biridir.
O, hələ
70-ci illərdə Moskva Ümümittifaq Dövlət
Kinematoqrafiya İnstitutunun operatorluq fakültəsini bitirdikdən
sonra fəaliyyətinə operator kimi başlayıb, “Azərbaycanfilm”
kinostudiyasında bir sıra sənədli və bədii filmlərin
quruluşçu operatoru olub və elə ilk işlərindən
kino sənətinə öz dəsti-xəttini gətirib. Daha
sonralar rejissor kimi fəaliyyətini davam etdirən sənətkarın
operator olaraq ən fərqli estetikaları yarada bilməsini iki
filmi müqayisə edərək görmək
mümkündü; Ramiz Rövşənin ssenarisi əsasında
rejissor Tofiq Tağızadənin
ekranlaşdırdığı “Babamızın
babasının babası”, Anarın ssenari müəllifi və
rejissoruolduğu “Qəm pəncərəsi” filmlərini. Mirzə Cəlilin həyatından bəhs edən, əsərləri
əsasında ekranlaşdırılan “Qəm pəncərəsi”
daha çox çöl estetikasındadır. Əsl bir Danabaş kəndinin göstərildiyi
filmdə bozluq, köhnəlik təkcəküçələrdən,
təbiətdən, yastı-yapalaq evlərdən yox, həm də
qəhrəmanların simasından yağır. Anarın ssenarist və rejissor kimi irəli
sürdüyü ideyaları Hüseyn Mehdiyev operator kimi
qabardır, önə çıxarır. Mirzə Cəlilin “gözünü açıb
qaranlıq gördüyü dünya” bütün
“çalarları” ilə tamaşaçıya təqdim
olunur. “Babamızın babasının babası” filmində
isə bunun tam əksidir - işıqlı, romantik bir
dünya, gülün gülü, bülbülün
bülbülü çağırdığı rəngarəng
təbiət, əbədilik simvolu olan Əziz babanın gah
keçmişə gedən xəyalları, gah da reallıq. Bütün bunlar Hüseyn Mehdiyevin kamerası vasitəsiylə
ən təsirli, fərqli formada gözlərimiz önündə
canlanır.
Artıq vurğuladığım kimi, uzun illər
operator olaraq bir çox uğurlara imza atmış sənətkar
rejissor kimi də özünəməxsusluğunu qoruyub
saxlayıb.
Quruluş verdiyi ekran əsərləri içərisində
Ramiz Rövşənin ssenariləri əsasında çəkilən
“Süd dişinin ağrısı” və “Özgə vaxt”
filmləri xüsusi yer tutur. Hələ 1987-ci ildə
ekranlaşdırılan “Süd dişinin ağrısı”nı Ramiz
Rövşən ilk əvvəl poema olaraq qələmə
almışdı, daha sonra eyni əsərin motivləri əsasında
ssenari yazdı və film çəkildi. Poemada
da, filmdə də süd dişi uşaqlığa vida simvolu
kimi göstərilir. Balaca Kərim(Pərviz
Hüseynov) sonuncu süd dişi ilə vidalaşmalı
olduğu gün Çimnaz müəllimə (Larisa Xələfova)
ilə rastlaşır. Poemada Səmədin ilk
sevgisi, müəlliməyə aşiq olması əsas
mövzudursa, atasıyla “rəqabəti” önə çəkilirsə,
filmdə kinonun tələblərinə uyğun əlavələrdən
sonra ideya xeyli dəyişib. Müəlliflər
üç nəslin – 7 yaşlı balaca Kərimin,
qardaşı 15 yaşında yeniyetmə Səmədin (Fuad
Dadaşov), onların ortayaşlı atasının (Əlican
Əzizov) duyğularını göstərirlər.Süd
dişini - uşaqlığınıitirmək istəməyən
balaca, özünü, hisslərini yeni-yeni kəşf etməyə
başlayan, amma bunlardan bir az da utanan yeniyetmə, nə istədiyini
dəqiq bilən, uzun illərdən bəri qadın
üzünə həsrət qalan yetkin kişi... Filmdə bu üç nəsil bir ailənin içərisində
göstərilir. Və bunların başına gəlmiş
sevgi...
Bu sevgidi,
mənim balam,
ömürlərdən uzun sevgi.
Bir əliylə
beşikləri yırğalayan,
Bir əliylə
qəbirləri qazan sevgi.
Bu sevgidi,
mənim balam, –
bir dəlisov
kəhər kimi
dalımızca çapan sevgi.
Harda
olsaq, əcəl kimi
gəlib
bizi tapan sevgi.
Ramiz Rövşən bu sevgi “tərifini” poemasında
vermişdi. Məgər bu tərif bütün yaşlar
üçün keçərli deyilmi? Aşiq
olunca bütün bu “yaşlar” – körpəlik,
uşaqlıq, yeniyetməlik və yetkinlik bir insanın
içərisində baş qaldırmırmı?! Allaha üzünü tutub “bu nə oyun idi
açdın başıma?!” – desən
də, yaşadıqlarını tam anlamasan da, uşaq kimi
çaşıb, yeniyetmə kimi həyəcanlansan da, yetkin
bir insan təkibütün baş verənləri dəqiq dərk
etsən də, nə fərqi?!Olan olub, “sevgidən peyvənd
yoxdusa”, geriyə də yol yoxdu... Bu mənada
“Süd dişinin ağrısı” filmi bütün yaşlar
və zamanlar üçün “aktual” olan hissləri fərqli
rakurslardan göstərir. Müəlliflər
sevgini ən müxtəlif detallar vasitəsiylə ifadə
etməyə çalışırlar. Sinif
yoldaşına vurulan Səməd anasının
boyunbağısını köhnə sandıqdan
oğurlayıb qıza hədiyyə aparır. Nə qədər dəqiqdi, deyilmi? Axı
sevgi elə ilk rüşeymlərindən qəribə bir bəxş
etmək arzusu yaradır... Fərqi yoxdu nəyi
hədiyyə etmək istəyirsən, kiçik bir
şokolad qutusunu, yaxud ömrünü?! Və
ən qəribə olan budur ki, bütün bu duyğular,
onların çalarları şeir kimi qavranır.Ona görə
də Hüseyn Mehdiyevin “Süd dişinin ağrısı”
filminin rejissoru kimi ən böyük üstünlüyü
şeir kimi duyğuları kinoya çevirə bilməsidir.
Son illər Azərbaycan kinosunun ən böyük
problemlərindən biri də uşaqlardı. Nədənsə
adama elə gəlir ki, rejissorlarımız uşaq qəhrəmanlarla
işə o qədər əhəmiyyət vermirlər, yaxud
ümumiyyətlə bu sahədə təcrübəsizdirlər.
Bəzi filmlərdə uşaqların süni
gülüşü, “yekə-yekə” danışması,
sözləri hecalara bölərək tələffüzü
bütün digər üstünlükləri heç edir.
“Süd dişinin ağrısı” filmində
isə rejissor uşaqlarla o qədər dəqiq işləyib
ki, onların oyunu, xüsusən Kərimi canlandıranPərviz
Hüseynovun ifası son dərəcə təsirlidir. Onu dünyaya gətirərkən vəfat etmiş
anasının xatirəsini qoruyan, divardakı şəklinə,
əşyalarına tapınan, amma həm də süd
dişi ilə - uşaqlığı ilə vidalaşmaqda
olan balacanın keçirdiyi halları, körpə
üsyanını bundan dəqiq çatdırmaq
mümkün də deyil. Eyni zamanda
ovçuluqla gününü keçirən, illərdi ki,
qadın nəvazişinə həsrət qalan atanı ifa edən
Əlican Əzizovun da, şəhərdən kəndə gəlmiş
ürkək bir gənc xanımı – Çimnaz müəlliməni
canlandıran Larisa Xələfovanın da oyunları xüsusi
vurğulanmalıdır. O məqamda ki, bu ceyran təki
ürkək xanım“ovçu” kişi ilə
üz-üzə gəlir, ilk həyəcan baş
qaldırır, sevgi tumurcuqlanır. Filmin ən
uğurlu kadrlarından biri atanın keçmişi ilə,
paltarlarını güvə yemiş qadının xəyalı
ilə, xatirəsi ilə vidalaşdığı səhnədir.
Şkafqarışıq paltarların yandırılması,
atanın təzə eşqiylə, Çimnaz müəllimə
ilə birgə bu çırthaçırt yanan ocağa
tamaşa etməsi... Və övladların
halı, hər şeyi başa düşən Səmədin,
heç nəyi anlamaq istəməyən, anasına aid ən
kiçik bir əşyanı qorumağa çalışan Kərimin
duyğuları...Ümumiyyətlə filmdə sevgi yeni bir həyatın
başlanğıcı, yeni bir mərhələyə
keçid kimi göstərilir. Ata Çimnaz müəlliməyə
vurulmaqla keçmişini yandırmaq, ondan xilas olmaq istəyir,
Səməd sinif yoldaşı Sonaya aşiqdi və buna
görə xeyli cəsarətlənib, kişilənib, balaca Kərim
üçün isə bu yük çox ağırdı... Poemada Ramiz Rövşən “Bu yük sənin
yükün deyil, hanı bu yükün yiyəsi?” deyə
soruşur. Özünü anasının “qatili” bilən
Kərim bu yüklə yaşaya bilməzdi... Süd
dişiylə vidalaşdığı gün həyatıyla
da vidalaşmalı idi. Müəlliflər məhz bu yerdə uşaq
xarakterini dəqiq yaradırlar. Axı kim
uşaq vaxtı valideynlərindən küsəndə “ölərəm
onda bilərsiz!” – deyə düşünməyib,
kim yerə sərilib “mən öldüm” – deməyib?!
Ölümlə hədələmək, ölümü
oyun-oyuncaq bilmək məhz uşaq duyğusudu, çünki
yalnız həyatı ciddiyə alınca, tam dərk edincə
ölümün nə olduğunuanlayırsan...
Filmin
sonunda balaca Kərim anasına qovuşur, heç bir vaxt
görmədiyi anasının yanına gedir:
Hələ
batmamışıq min-min günaha –
Mənim
balam, vaxtdı daha,
bu
dünyadan gedək, gedək,
bir
gözəl üzlə gedək
tanrının qapısına…
“Süd dişinin ağrısı”ndan təxminən on
il sonra ekranlaşdırılan “Özgə vaxt” filmində
sanki elə bu ideyalar davam etdirilir. Bu filmdə də
sevgi, valideyn – övlad münasibətləri iri plandadır.
Amma bu filmi qısaca izah etsək deyə bilərik
ki, “Özgə vaxt” fədakarlıq haqqındadır,
atası (Ələddin Abbasov) ömürlük şikəst
olan Leylanın (Ayan Mirqasımova) fədakarlığı
haqqında. Hətta qulluqçular da xəstə
atasının şıltaqlıqlarına dözə bilmədiyi
üçün Leyla skripkaçı kimi
çalışdığı orkestrdən
çıxır,tədricən dostlarını da itirir,
yavaş-yavaş həyat tərzini dəyişərək
"özgə vaxtla" – atasının vaxtı ilə
yaşayır.
Xalq
artisti Ayan Mirqasımovanın canlandırdığı fədakar
övlad obrazında dünyadan
təcrid olunmuş ovqat var. Filmin əvvəlində sevgilisi (Elşən
Rüstəmov) ilə dəniz kənarında atılıb
düşən, sevinən, qol-qanad açıb uçan
Leyla atasının yıxılmasından sonra tam özünə
qapanır, dünyadan qopur. Hətta uzaqda olan
sevgilisinin də məktublarına cavab vermir,
yazdığı kağızları ünvana göndərmir.
Ayan Mirqasımovanın məhz bu ovqatı, gənc
yaşında ağır yükün altında çiyinləri
çökmüş gənc qadını dəqiq ifa edir.
Yalnız göyərçinlərlə şad olan
atasının hər nazını çəkməsi,
sağalacağına inanması isə onun bir az
da romantik xarakterini göstərir.
“Özgə vaxt” filmi bütün estetikası, rəngləri,
obrazların ifası baxımından fərqlidir. Amma eyni zamanda
filmin mövzusundan Azərbaycan mentaliteti duyulur.
Soyuqqanlı, məsafəli Avropalı bu cür xəstəni
dövlətin ixtiyarına verərdi yəqin... Hər halda Hollivudun yüngül filmlərindən
tutmuş, Avropanın ciddi ekran əsərlərinə kimi bir
çoxunda məhz bu – xəstələrin, qocaların öz
mühitlərində yaşaması göstərilir. Xəstəsən
get xəstəxanaya, qocasan, özünü idarə edə
bilmirsən, qocalar evinə. Bu mənada “Özgə
vaxt” məhz Şərqə, daha dəqiq desək bizim millətə
xas üstünlüyü göstərir.
Şikəst, nitq qabiliyyətini itirmiş, kaprizli, amma
eyni zamanda övladına əziyyət verdiyi üçün
əzab çəkən atanı canlandıran Ələddin
Abbasovun hərəkətsiz oyunu böyük ustalıq tələb
edir.
Yalnız göyərçinləri ovcundan yedirdərkən
çəkdiyi qəhqəhələrdən savayı
heç bir sevinci qalmayan adam yaşamaq istəmir.
Və o yerdə ki, qızı Leyla bir anlıq bezir, yorulur, əlini
çəkir ondan, uzaqlaşır, ona göz qoyanqonşunun
(Rafiq Əliyev) yanına gedir, hər şey bitir...
Müəlliflər atasının zamanı ilə
yaşayan Leylanın duyğularını müxtəlif
priyomlarla göstərirlər.Bunların içərisində
ən təsirlisi Leylanın atası öləndən sonra
onun kreslosuna oturması və ovcundan göyərçinləri
yemləyib qəhqəhə çəkməsidir.
Ramiz
Rövşən – Hüseyn Mehdiyev kino yaradıcılığı,
istər bu haqqında söz açdığım ekran əsərləri,
istər daha sonrakı illərdə
çəkilən “Məkanın melodiyası” filmi insanın
iç aləmini, bir az da “qəribə duyğularını”
açmağa, göstərməyə
çalışır. Bu mənada yazımın əvvəlində
də söylədiyim kimi Hüseyn Mehdiyev şeir kimi
duyğuları ekranlaşdıran rejissordur!
525-ci qəzet 2018.- 30 mart.- S.7.