Balıqlar ölür   

 

“... dəniz, külək göy üzüsilsiləsindən

 

Torpaqsız bir bölgənin

su sərhəddi başlar  Pirallahıda.

Addımbaşına  hər yan sudu,

torpaq  qurtarıb  burda.

 

Burun-buruna durub

xəzri-gilavar -

dənizdə qağayılar,

sahildə arabalar.

 

Darıxır adamlar -

Burnunun  ucu

göynüyür hərdən

taxıl zəmisindən,

zeytun bağından yana,

 

Dolandırıb başına

qayaları - sədləri,

göyləri şərab kimi çəkib başına

içib sərxoş olub

Xəzər -

hələ içində  su yanğısı var.

 

lll

 

Burnu da qanamadı,

Sakit-sakit ləpələndi dalğalar.

Bir dəqiqəlik sükutla

Sayğı duruşunda qaldı qayalar.

Gəmilərin fit səsi hürkütmədi quşları,

yuyuldu suitinin qum üstündə izləri.

 

20 yanvar gəmisi -

göyərtəsi nəmli,

Yanlarından sallanan elastik rezin şinlər,

Əsir dəniz rüzgarı,

Havayla dolur səmt bayraqcıqları.

 

lll

 

Adam ovuna çıxıb,

bu gün dənizdə qasırğa var.

Dalğa-dalğa şişir bətni,

torpağa yerikləyir  hamilə dəniz,

qumların  üstünə qalxır  ləpələr,

ölü balıq kimi ağarır

qırmızı qərənfillər.

 

Bir çimdik  torpaq  atın

göy suların gözünə  -

gözüdolusu  görsün barı

Şuşanı... Zəngilanı...

işğal olunmuş bir çimdik qara torpaq

kimdə var... hanı?

 

lll

 

Söndürün bu axşam bu mayakları,

azmış gəmiləri çıxarın sudan.

Son dəfə şans verin dəli küləyə,

havalı başını qaldırsın göyə.

... Dəniz məxluquna ürəyi yandı

gözləri yaşardı sal qayaların.

 

lll

 

Sos, sos, sos...

Atam, balıqlar ölür,

Adam, balıqlar ölür.

Ölür, sürü-sürü ölür balıqlar,

Ölür, kürü-kürü  ölür balıqlar,

Ölür, diri-diri ölür balıqlar,

Ölür iri gözlü balıqlar, ölür,

Ölür dirigözlü balıqlar, ölür,

O dilsiz, ağızsız balıqlar ölür.

 

Balıqlar ölür,

çırpınır tilovda,

çırpınır torda,

ölür Abşeronda,

ölür Nargində,

ölür Qum adasında, ölür Çilovda -

Balıqlar ölür.

 

Sos, sos, sos...

Adamlar, balıqlar ölür.

Dəniz daha duzlu, daha şor olur,

dəniz daha çirkli, daha mor olur,

balıqlar ölür.

 

Minir cin atına dənizdə xəzri,

çapdırır yenə belədən-belə,   

dişini qıcıyır,

dalğa kor olur -

balıqlar ölür.

İşıqdan yayınır, işığa düşür,

tilovdan yayınır, qarmağa düşür,

dərinə baş vurur, tuzağa düşür, 

qisməti, taleyi yenə tor olur -

balıqlar ölür.

 

İrisi xırdanı yeyir sürüdə,

təklənir, üşənir elə kürüdə,

azalır Arazda, azalır Kürdə,

quruyur sular da,

hava gor olur,

balıqlar ölür.

 

Əlvida, göy qurşağı,

əlvida, gecə gözlüm,

əlvida, dibsiz dəniz,

əlvida, yaşıl yosunlar,

əlvida, planktonlar,

əlvida, bentoslar,

əlvida, albinos daşlar,

dilsiz-ağızsız başlar,

əlvida, qaraçı quşlar,

əlvida, yalançı çömçəquyruqlar,

əlvida, Su pərisi,

əlvida, qəşəng balıqlar...

 

lll

 

Durdurun balıqçı gəmilərini,

sos verin, dənizdən çıxsın hamısı,

yedək gəmisi dayansın, dursun,

dayansın varsa mobil adına,

tankerlər, barjalar dayansın bir az,

üç günlə, beş günlə dünya dağılmaz.

 

Dəniz allahını güldürün bir az,

bənizi açılsın nərə balığın,

dərisi soyulmuş ilanbalığın,

pulları tökülmüş kefalın, berjin,

gözləri böyümüş sardinaların,

duza basdırılan zalom balığın.

 

Atın dəryalara balıqları siz,

xalqın bilməyi vacib olmasın.

Qıymayın balıqlar tilova düşsün,

dənizdə torlarda bağrı yarılsın,

bir gün, bircə gün balıq ölməsin.

 

lll

 

Bağlansın bazarı balıqçıların,

balıq satanların tükənsin varı,

balıq  dükanları fasilə etsin,

bir gün bağlı qalsın balıq anbarı.

 

Diabet adamlar, şəkər adamlar,

dieta saxlayan bekar adamlar,

qanınız bir azca durulsun deyə

qıymayın balıqlar gəlsin süfrəyə.

 

Yaxşılıq eliyin, atın dəryaya,

qoyun bu yaxşılıq sizə yazılsın.

Dəniz  balıqları alsın qoynuna,

iri gözlərindən öpsün doyunca.

 

Parlasın pulları gün işığında,

süzgəc ayaqları rəqs etsin barı.

Pulları parlasın ay işığında,

açılsın göylərə su ağızları.

 

lll

 

Mamont ağacıdı qara buludlar,

açılıb göyləri boşaltdı gecə.

Açdı qucağını tüstülü damlar,

dənizə yağışlar yağdı bu gecə.

 

Yağdı səhərəcən, yağdı bu gecə,

bulud kölgəsində ildırım ötdü.

Ay batdı, göylərin tağı büdrədi,

ulduzlar töküldü qara tut kimi.

 

İt-bata düşdü göyün şanısı,

gözü işıldadı  gölməçələrin.

Qamaşdı işıqdan sınıq şüşəsi,

rəngli faraların piltəsi düşdü.

 

Kürt düşdü quşların quş ürəkləri,

başını bürüdü soyuqqanlılar.

Göylərin təbili  susmadı, yenə

bulud çəlləklərin şəffaf suyunda

islanmaq həvəsi yoxdu Xəzərin -

... Yağdı səhərəcən yağdı bu gecə...

 

lll

 

Yerlini yerindən oynatmaq olar,

yurda ağlayanı ovutmaq olar,

yerdə ağlayanı ovutmaq olar,

göydə ağlayanı kiritmək olmur.

 

Bulud-bulud  göz yaşları  qurumur,

gün qurudur, yer yaşları qurumur,

göydən yağan yağışları qurumur,

göylər ağlayanı kiritmək olmur.

 

Göyün göy üzü var, üzü vardı,

pəmbə buludları, bəyazı vardı,

günəşi, ayı var, ulduzu vardı,

Göyün Allahı var, tanrısı vardı.

 

Quru yuyur, yaşı sərir göndərir,

göz yaşını müjdə kimi göndərir,

çox bəndəni Allahından döndərir,

göylər qarğıyanı kiritmək olmur

 

Çilov adası, 2017

Xosrov NATİL

 

525-ci qəzet.- 2018.- 31mart.- S.23.