Amerikanın xilaskar peyğəmbəri - Abraham Linkoln

 

 

Özünün tədricən həyata keçiriləcək planının hökmən uğurlu olacağına ümid edən Linkoln Emansipasiya Proklamasiyasını dərc etdirmək üçün iki bir-birindən fərqli addım atdı.

 

Bunlardan birincisi 22 sentyabr 1862-ci ildə, axırıncısı isə 1 yanvar 1863-cü ildə elan olunmuşdu. Bu son məşhur dekret prezidentin hərbi hakimiyyətinin təcrübəsi kimi qiymətləndirilirdi, ancaq ölkənin Konfederatın nəzarəti altına düşmüş olan hissələrinə aid idi, nə loyal qul ştatlarına, nə də Federal qoşunların işğal etdiyi Konfederasiya ərazilərinə aid deyildi. 1 yanvar 1863-cü il Proklamasiyası ölkənin qullarının əksəriyyətini “həmişəlik” azad etdi. Lakin Linkoln buna qədər abolyutsionistlərin təzyiqinə baxmayaraq, “xüsusi institutu” narahat etmək mövqeyini tutmamışdı, çünki əvvəlki illərdə emansipasiyaya doğru hərəkət Delaverin, Merilendin, Kentukki və Missurinin Birliyə qarşı loyallığını məhv edə bilərdi, bu dörd ştat isə başqa quldarlıq ştatlarına qoşulmamış, Birlikdə qalmışdı.

 

Linkoln belə bir fikirə gəldi ki, qaraların emansipasiyası Avropanın Şimala qarşı rəyinə faydalı təsir göstərəcəkdir. Konfederatları isə,  ağların fermalarındakı məhsuldar işçi qüvvəsindən məhrum etməklə yanaşı, Federal ordulara çox ehtiyac olan yeni əsgərlərin gəlməsini artıracaqdır. 1 yanvar 1863-cü il  Proklamasiysında qiyam qaldırmış ərazilərdə bütün qulların azad edilməsi vəd edilirdi. Emansipasiya həqiqətən də qara qoşunların istifadəsinə yol açdı və müharibənin sonunda Federal ordularda xidmət edən qaraların sayı ümumilikdə 179 min nəfər idi. Quldarlığı ləğv etmək barədə Konstitusiyaya Düzəliş isə yalnız 31 yanvar 1865-ci ildə edildi.

 

Birliyin artan dərəcədə effektli olan Cənubu blokadaya salması, Cənubda vuruşan adamların çatışmaması da əlavə olunmaqla Konfederatı 1864-cü ilin sonundan etibarən xüsusən ümidsiz  vəziyyətə saldı. Müharibə ərzində birbaşa və ya başqa qaydada Proklamasiya 200 mindən az olan qula azadlıq verdi.

 

Həm də bu sənəd bir simvol kimi böyük əhəmiyyət kəsb edirdi. Bu, onu göstərirdi  ki, Linkoln hökuməti azadlığı müharibə məqsədi kimi Birliyə əlavə edir və bu, İngiltərədə və Avropadakı liberal rəyin Birlik məsələsində Şimala dəstək göstərməsinin artmasına yönəlməsinə şərait yaradırdı.

 

Linkolnun özü isə atdığı addımın Konstitusiyaya uyğun olduğuna şübhə edirdi. Müharibədən sonra Proklamasiya ilə azad olunmuş qullar yenidən qula çevrilmək riskinə məruz qala bilərdilər, çünki onların azadlığını möhkəmləndirmək üçün hələ heç nə edilməmişdi. Bəzi şeylər isə artıq həyata keçirilirdi. Konstitusiyaya 13-cü düzəliş baş verdi və Linkoln fundamental hüquqda dəyişiklik edilməsində böyük rol oynadı. Prezident proklamasiyasının məqsədi “nəhəng şərə ölümcül zərbə vurmaq idi”. Konstitusiya düzəlişi “Hədd qoymaq və əbədi qadağan etmək üçün zəruri idi”.

 

Linkoln bu platformada yenidən seçildikdə və Konqressdə Respublikaçıların çoxluğu artdıqda, ona aydın oldu ki, xalqdan 13-cü Düzəliş üçün mandat almışdır.

 

31 yanvar 1865-ci ildə qəbul edilən 13-cü Düzəlişin mətni belə idi:

 

“Şöbə 1. Nə quldarlıq, nə məcburi xidmətdə olmaq nə Birləşmiş Ştatlarda, nə də onun yurisdiksiyasına tabe olan hansısa bir yerdə mövcud olmamalıdır, o hallar istisna edilir ki, onlar qoyulmuş qaydada sübut olunmuş cinayətə görə cəza kimi qəbul edilir.

 

Şöbə 2. Bu maddənin icrası üçün zəruri qanunları qəbul etməkdən ötəri Konqressə hüquq verilməlidir”.

 

Yeni seçilən Konqress izafi Respublikaçı çoxluğu ilə 1864-65-ci illərin qışına qədər köhnə Konqressin “axsaq ördək” (Prezidentin partiyası Konqresdə azlıqda olduqda, o, bir qayda olaraq “axsaq ördək” adlanır) sessiyasından sonra yığılmamışdı. Linkoln isə gözləmədi, öz himayəçilik resurslarından istifadə edib, o, sessiya qurtarandan əvvəl səslərin lazım olan üçdə ikisinə malik oldu. Düzəliş ştatlara ratifikasiyaya göndərildikdə, öz doğma ştatı İllinoys bu məsələdə irəli getdiyinə   bir-birinin ardınca digərlərinin də ona qoşulduğuna görə o, çox sevinirdi. Lakin o, bütünlüklə Düzəliş üçün sevinə bilməzdi, çünki artıq həyatdan getmişdi.

 

Linkoln Böyük Azadlıq verən (the Liberator) reputasiyasına layiq idi. Ondan 35 il əvvəl həyatdan getmiş Cənubi Amerika xalqlarının azadlığı və birləşməsi uğrunda yorulmaz mübarizə aparan Simon Bolivar ona təklif edilən titullar içərisində məhz “Azadlıq verən”, “Xilaskar” (the Liberator) titulunu seçmişdi. Şimali Amerikanın böyük mübarizi olan Linkoln da bu şərəfə layiq idi, onun bu iddiası özünün məşhur Proklamasiyasına əsaslanırdı. Antiquldarlıq Düzəlişinin özü də sağlam əsasa malik idi. O, dərisinin rəngindən asılı olmayaraq insanların ləyaqətinə hörmətlə yanaşırdı.

 

Həyatının son iki ili ərzində o, qəbuluna gələn və dostları olan zənciləri salamlamışdı, ona qədər heç bir prezident bunu etməmişdi. Onun hörmət bəslədiyi dostlarından biri keçmiş qul Frederik Duqlas idi. Sonralar həmin Duqlas yazmışdı: “Mister Linkolnla mənim bütün söhbətlərimdə rəngli irqə qarşı mənfi düşüncədən onun tam azad olmasının lap əvvəldən təsiri altına düşürdüm”.

 

Linkolnun siyasət manevrləri

 

Müharibəni udmaq üçün Linkoln özünə populyar dəstək göstərilməsinə malik olmalı idi. Şimalın və Cənubun birləşməsi hər şeydən əvvəl Şimalın özündə də müəyyən dərəcədə birliyin olmasını tələb edirdi. Lakin Şimalda özlərinin xüsusi mənafeləri olan müxtəlif qruplar mövcud idi. Linkoln mümkün qədər onların dəstəyini qazanmalı idi. O, vaxtının çoxunu bu dəstəyi almağa sərf edirdi.

 

Linkoln öz ətrafındakılara müraciət edərək deyirdi ki, onların bəzilərini hələ keçmiş vaxtlardan tanıyır. Və onları əmin etməyə çalışırdı ki, biz Cənub ştatlarına heç bir xətər toxundurmamışıq. Sonra əlavə edirdi:

 

- Bu da həqiqətdir ki, mən prezident seçilmişəm ki, Birliyin yeni ərazilərində quldarlığın genişlənməsinin qarşısını alım. Lakin Cənub ştatlarındakı indi mövcud olan status-kvo-nu dəyişdirmək də hətta mənim hakimiyyətim xaricindədir.

 

Hələ seçilmiş Prezident olanda o, cənubluların birinə quldarlıq barədə belə cavab vermişdi:

 

- Baxın. Burada bizim aramızda yalnız bir fərq vardır. Siz düşünürsünüz ki, quldarlıq haqdır və genişlənməlidir. Biz düşünürük ki, o, səhvdir və məhdudlaşdırılmalıdır. Buna görə də hansısa bir səbəb digəri tərəfindən narazılıqla qarşılanmalıdır.

 

Xoşbəxtlikdən, Birlik məsələsində o, nadir siyasi ustalığa malik bir prezident idi. O, siyasətçilərlə onların dilində danışırdı, o, müxtəlif adamları sakitləşdirə bilmək, bir-birinə zidd olan adamların loyallığını əldə etmək istedadına malik idi.

 

Müxalif partiya isə fəaliyyətini davam etdirməklə güclü olaraq qalırdı. Onun üzvlüyünə müharibə demokratları və çox vaxt “Misbaşlılar” adlanan sülh demokratları daxil idi, onlardan bir neçəsi hətta düşmənlə əməkdaşlıq etmişdi. Linkoln bacardığını edirdi ki, müharibə demokratlarının köməyindən istifadə etsin.

 

Müharibə dövründə insan haqları prinsipinin pozulmasına yol verilirdi. Birliyi dəstəkləmək və bununla Konstitusiyanı bütövlükdə qoruyub saxlamaq üçün müvəqqəti olaraq onun bəzi hissələrinin qurban verilməsinə Linkoln icazə verirdi. O, generallarına səlahiyyət verirdi ki, yalnız qısa müddət üçün bəzi qəzetləri bağlasın.

 

Zamanın təhlükələrini və provokasiyaları nəzərə alaraq, Linkoln öz siyasi opponentlərinə və müxalifət mətbuatına qarşı liberal idi. Bir sıra tənqidçiləri onun diktator olması barədə ittiham irəli sürsələr də, o, heç də diktator deyildi.

 

Vətəndaş müharibəsi yadelli işğalçılarla müharibədən çox fərqlənir, burada eyni ölkənin vətəndaşları fərqli məqsədlər naminə bir-biriylə vuruşur, ölkə bu müharibənin yaraları ilə xarabalığa çevrilir, xalq ehtiyac girdabına düşür. Vətəndaş müharibəsi ölkənin ayrı-ayrı hissələrini bir-birinə qarşı üz-üzə qoyur. Lakin təbiət də istənilən müharibəyə öz həlledici təsirini göstərə, məğlubiyyəti qələbəyə də çevirə bilir. Vətəndaş müharibəsində də belə möcüzəli hadisə baş verdi. 1863-cü ilin yayında, iyul ayında  Gettisburqda şiddətli leysan yağışı Konfederat sərkərdəsi Lini, aldığı ağır zərbə ilə yanaşı, şəhəri tərk etməyə və Cənuba qaçmağa məcbur etmişdi. Təbiət bu vaxt şimallılara öz mərhəmətini göstərmişdi.  Yarım əsr əvvəl, 1812-ci ildə ingilislər Vaşinqtonu işğal edəndə də belə hadisə baş vermişdi. Əcnəbi ordu ilə vuruşu, əlbəttə ki,Vətəndaş müharibəsindəki döyüşlərlə müqayisə etmək düzgün olmazdı. Amerikalılar o vaxt xarici müdaxilə ilə üzləşmişdi, bu, hər yerdə deyil, ölkənin yalnız kiçik hissəsinə öz təsirini göstərmişdi. Linkoln isə elə bir müharibə ilə üzləşmişdi ki, burada əhalinin üçdə biri digər üçdə ikisinə qarşı çıxmışdı.

 

Ona görə də problemlər həddən çox idi. Linkoln paytaxtın yerləşdiyi Merilend ştatını (Merilend ştatı Vaşinqton şəhərinin tikildiyi ərazidə Kolumbiya mahalının (Distrikt of Columbia) qurulması üçün, özünün həmin torpaq sahəsindən imtina etmişdi) Birlikdə saxlamaq üçün hər şeyi edirdi, buna nail olmaq üçün onun etmədiyi heç bir tədbir yox idi. Merilend Birlikdən çıxsaydı, paytaxtı Vaşinqtondan köçürmək lazım gələcəkdi, bu isə fövqəladə əhəmiyyətə malik olan bir məsələ idi.

 

Linkolnun ilk prezidentliyi dövrünə qayıtsaq, bu vaxt Konqress də öz sessiyasını altı həftə sonra (söhbət 1861-ci l Konqressindən gedir) keçirməyə başladı. Bu altı həftədə Syuard əmin idi ki, Prezidentə qarşı impiçment aktı gündəmə gələcəkdir, Linkoln hesabat verməyə çağırılacaqdı. Lakin ölkə dözə bilərdimi ki, müharibə gedən bir vaxtda prezidentin impiçmenti və mühakiməsi baş tutsun? Mümkün deyildir ki, Linkolnun özünü də vəzifəsindən getməyə inandırmaq mümkün olacaqdır.

 

Syuardın arzuları da bir qədər dumanlı idi. Səkkiz il keçdikdən sonra o, 70 yaşına yaxın olacaqdı, yaxud da ona qədər öləcəkdir. Digər tərəfdən, əgər Prezident özünün yenidən seçilmək imkanını axtarmasa, Syuard üçün daha bir şans yarana bilərdi.

 

Artıq təcrübə qazanmaqda olan prezident kimi Linkoln təkcə opponentləri ilə mübarizəyə qoşulmamışdı, həm də öz partiyası daxilindəki fraksiya bölüşmələrinə və şəxsi rəqabətə qarşı dururdu, bunlar da ona çoxlu narahatlıqlar gətirirdi. Onun razılığı ilə Respublikaçılar himayəedici tarifə, milli bank sistemini qaydaya salmağa, xüsusən Sakit okean sahilinə dəmir yolu çəkilməsinə kömək göstərilməsini işə saldılar. Respublikaçılar partiyasında radikallar və “mühafizəkarlar” mövcud idi. Linkoln özü mühafizəkarlara meyil edirdi. Lakin radikallar arasında da onun dostları var idi. O, çalışırdı ki, hər ikisi üzərində öz liderliyini saxlasın. Kabinetə təyinatlar olanda, o, 1860 yerə namizəd göstərmək üçün müxtəlif rəqibləri seçdi və onların hamısı birlikdə hər bir partiya qrupuna təmsilçilik vermək idi. Müdriklik göstərərək o, Kabinetin tərkibinə görkəmli mühafizəkar Syuardı və görkəmli radikal Çeyzi daxil etmişdi. O, kabinet böhranından yan keçə bilirdi və bu, iki müxalif şəxsi, Çeyzin 1864-cü ildəki istefasına qədər özünün rəsmi müşavirləri kimi işlətdi.

 

Digər bir müdrikliyi isə o, “Trent” gəmisi hadisəsində nümayiş etdirdi. Konfederasiyanın Prezidenti Cefferson Devis London və Parislə əlaqə yaratmağa çox can atırdı. Ona görə də 1861-ci ilin oktyabrında iki nümayəndəsini bu hökumətlərlə danışıq aparmağa göndərdi. Havanaya gəlib çatdıqdan sonra onlar Britaniyanın “Trent” buxar gəmisinə oturdular. Gəmi Baham boğazından keçəndə Şimala məxsus olan amerikan kateri Konfederat elçilərini əsir götürdü. Onlar “Trent” gəmisi ilə birlikdə Boston limanına gətirildi və dustaqxanaya salındılar.

 

(Ardı var)

Telman ORUCOV

 

525-ci qəzet.- 2018.- 31mart.- S.22.