Erməni məsələsi

 

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ 2018-Cİ İLİ - AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ İLİ ELAN ETMİŞDİR

 

 

Müsəlman Şərqində ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti hansı tarixi şəraitdə və hansı sistem üzərində qurulmuş, yaradılmışdı? Dövrün mətbuatında mötəbər şərhləri nəzərdən keçirək.

 

ERMƏNİ MƏSƏLƏSİ

 

Bəhs edəcəgimiz şey bu günlərdə mətbuat səhifələrini işğal edən məruf məsələ degildir, əsil erməni məsələsidir. O erməni məsələsi ki, türklük üçün pək böyük əngəlləri mövcib olmuşdur. O məsələ ki, türk-rus mücadileyi-tarixyyəsində pək məşum bir rol oynamışdır. Türk dünyasına zərər yetirmişdir. Ermənilər üçün də mövcibi fəlakət olmuşdur.

 

Bolşeviklər iddia ediyorlar, ehtimal bəziləri də inanıyorlar ki, çarizmin qullandığı siyasəti bolşevizm artıq tətbiq etmiyor. Milli məsələləri tamamilə başqa bir yolda həll ediyor. Demək ki, erməni məsələsi də başqa türlü həll olunuyor. Halbuki, dəyişən yalnız rəng və ünvandır. Qızıl Rusiya tətbiq elədigi siyasətdə, dönə-dolaşa qara və yaxud bəyaz Rusiyanın üsullarını qullanıyor.

 

Lozan konferansı əsnasında son təşəbbüs edilmiş “Erməni yurdu” haqqında bir qeyrət daha göstərilmişdi. Bu təşəbbüs boşa çıxınca Çiçerin erməni mürəxxəslərinə Rusiyada bir “yurd” təklif eyləmişdi. Bu yurd Don nəhri həvalisində təsəvvür olunuyordu. Don vilayətinin mərkəzini təşkil edən Rostov şəhəri yaxınında Naxçıvan namində bir şəhər vardır. Bu şəhər ermənilərlə məskundur. Bu ermənilər əski sənələrdə hərbi-ümumidə olduğu kibi yenə Rusiya tərəfindən Türkiyə əleyhinə qiyama sövq olunan və nəticədə yersiz-yurdsuz qalan mühacirlərdir. Demək ki, tarix təkərrür ediyor. Vaxtilə çarizmin yerləşdirdigi erməni mühacirləri şimdi də bolşevizm tərəfindən himayə olunuyor. Çarizm yalnız Don vilayətində erməni qəsəbəsi vücuda gətirməklə qalmamışdı. Mavərayi-Qafqasyadakı erməniligi dəxi təqviyə eyləmişdi. Türkiyədən hicrət edən erməniləri burada yerləşdir-mişdi. Çarizmin Qafqasiyada istinad eylədigi millət ermənilər idi. Rus kapitalizminin, rus kolonizasyonunun yol başçısı erməni ürəfası və erməni möhtəkirləri idi. Çarizmin müavinət və himayəsilə onlar gərək Tiflis və gərək Bakıyı erməniləşdirməkdə idilər. Şimdiki halda dəxi bolşevik “Çeka”sının, Moskva trestlərinin, komunist müəssisələrinin ən sadiq ajanları ermənilərdir. Erməni partiləri, ictimai təşkilat müəssisələri tmamilə rus ağuşuna atılmışlardır, nicatlarını Rusiyadan görüyorlar. Daşnaq-saqanların rəsmən inhilal edib Komunist firqəsinə iltihaq eylədikləri bir əmri-vaqedir. Bunların rəislərindən və məfkurəçilərindən bulunan Kaçaznuni bir risalə nəşr eyləmişdir. Bu risaləsində o, Rusiyadan və komunizmdən başqa erməniləri qurtaracaq bir nicat yolu qalmadığını isbat ediyormuş. Amerikada, Bolqariyada və s. məmləkətlərdə intişar edən müxtəlif erməni qəzetələri bolşevik Rusiya ilə anlaşmayı tərvic ediyorlar. Daşnaqlardan bir qismi Ermənistan istiqlalı üzərində hala israr ediyormuş. Bunlar şimdi bir əqəliyyət təşkil ediyorlar. Amerikada çıxan erməni “Paykar” qəzetəsi bu məsələyi izah ediyordu. Diyordu ki, “Rusiya əleyhində olmaq üçün bolşevik sisteminin müvəqqəti olduğunu iddia eyləmək kafi degildir. Bolşevizm müvəqqəti ola bilir, fəqət Rusiya daimidir”.

 

Bu millət nə qədər talesizdir ki, rəisləri kəndisini qonşuları ilə vuruşdurdular. Rusiyaya güvəndilər. Hadisələrin fəcayətli və fəlakətli cərəyanına tərk edilərsə də ayılmadılar. Yalnız türklərin degil, gürcülərin dəxi ədavətini qazandılar.

 

“Mühacir ermənilərə yurd vermək insani bir təşəbbüsdür. Bunun çar icraatına bənzəməsi heç bir şeyi ifadə etməz. Suri bənzəyişlərin mənası başqa-başqa ola bilir” deyinə bilir. Fəqət sovet hökumətinin erməni məsələsində eylədigi tərzi-hərəkət bu qabildən degildir. Tədqiq olunarsa, görülür ki, bu şəbahət yalnız nəticələri təsadüfi bənzəyişdən ibarət qalmaz.

 

1918-ci sənədə oktyabr ixtilalını mütəaqib, daha Petroqradda ikən sovet hökuməti, Mavərayi-Qafqasiya baş komissarlığına Stepan Şaumyan namında bir erməniyi təyin eylədi. Bunun da bir əsəri təsadüf olduğu iddia oluna bilir. Fəqət biz bu iddiayı qəbul etməməkdə məzuruz. Aşağıda dərc etdigimiz mühüm bir vəsiqə bu üzürümüzün nəyə istinad eylədigini göstəriyor. İştə vəsiqə:

 

Xalq Komisarları Şurasının dekreti 13-Türkiyə Ermənistanı haqqında:

 

“Əmələ və əskəri mürəxxəsləri məlumatı” ¹ 1

 

1 kanuni-sani (yanvar) 1918

 

Xalq Komisarlar Şurası, erməni xalqına elan ediyor ki, Rusiya tərəfindən işğal olunan Türkiyə ərazisindəki erməni xalqının istiqlalı tam elan etmək surətiylə, kəndi müqəddəratını təyinə səlahiyyətdar olduğunu qəbul edər. Xalq Komisarlar Şurası, erməni xalqının tam bir hürriyyətlə bəyani rəy edə bilməsi üçün

 

1) Türkiyə Ermənistanı daxilində bulunan əskərlərin ixracını mütəaqib erməni xalqının əmniyyəti-şəxsiyyə və ümumiyyəsini təmin üçün erməni xalqı millisinin təşkilini;

 

2) Dünyanın müxtəlif tərəflərində pərakəndə bulunan erməni mühacirlərinin Türkiyə Ermənistanına gəlmələrini;

 

3) Hərbi-ümumi zamanında məmləkətin içərilərinə təhcir olunan ermənilərin təkrar Türkiyə Ermənistanına gətirilməsi (bu xüsusda Sovet hökuməti Türkiyə ilə icra edəcəgi müzakirat əsnasında bilxassə israr edəcəkdir);

 

4) Sovetlər və Erməni komitəsi şəklində olaraq Türkiyə Ermənistan hökuməti müvəqqətəsinin təşkili kibi tədaviri əvvəliyyənin təminini lazım bilir. Fövqəladə Qafqasya komisarı təyin olunan Stepan Şaumyana 2 və 3 maddələrin qüvvədən feilə gətirilməsi üçün Türkiyə Ermənistanı əhalisinə hər növi müavinətdə bulunmaq və oradakı rus əskərlərinin müntəzəmin ixracı məqsədi ilə məhəlli komisiyonlar təşkili üçün səlahiyyəti kamilə veriliyor.

 

Qeyd: Türkiyə Ermənistanının hüdudu, erməni əhalisinin müməssilləri ilə həm hüdud bulunan digər əhalinin (müsəlman və sairə) müməssilləri və Qafqasya fövqəladə komisarının iştirakı ilə təyin olunur.

 

Xalq Komisarları Şurası Rəisi Ulyanov Lenin

Millətlər İşləri Xalq Komisarı Çuqaşvili Stalin

 

Türkiyə Ermənistanı haqqındakı bu dekret Sovet siyasətinin müstəsna cilvəsi degildi. Bu dekret Çarizmdən təvarüs edən bir məsələyi təsviyə etmək istiyordu. Hərbi-Ümumidə Petroqrad hökuməti erməni ixtilal komitələrini kəndi lehinə qullanmışdı. Vətənləri Türkiyəyə qarşı icra eylədikləri xəyanətə müqabil Ermənistanın istiqlalı ermənilərə vəəd edilmişdi.

 

Qafqasya daha bolşevik ixtilalını tanımamışdı. Burasını təsəllütünə keçirmək istəyən yeni rus hökuməti erməni təşkilatından istifadə yolunu düşündü. Daşnak-saqan təşkilatlarının təvəccöhünü cəlb üçün Türkiyə Ermənistanı haqqında yuxarıdakı dekreti nəşr eylədi. Bu dekretlə Lenin hökuməti Nikolay hökumətinin vədini tutmuş oluyordu. Nikolayın vədini tətbiq edəcək zat, erməni təfərdarı Voronsov Daşkov idi. Leninin dekretini isə erməni Şaumyan tətbiq edəcəkdi. Erməni olması həsəbiylə Şaumyan gərək daşnak və gərək sair erməni təşkilatları ilə daha ziyadə anlaşa bilirdi. Nitəkim oylə də oldu. Ermənistana istiqlal vəsiqəsi gətirən bu adam Bakıda ermənilərlə bolşeviklərin ittifaqını təsis eylədi. Bu ittifaq o zaman muxtariyyat almaq təmayülündə olan Azərilərə qarşı qətliam yapdı.

 

Görülüyor ki, Qafqasyaya təyin olunan fövqəladə komisar hər şeydən əvvəl Türkiyə Ermənistanıın müqəddəratını təyin eyləmək vəzifəsi təvcih edilmişdir. Şu surətdə Qafqasya komisarının erməni olması təsadüf əsəri olmayıb siyasi bir hikmətə müstəniddir.

 

Bunun bir təsadüf degil, Çarizmdən təvarüs edərək təqib edilmək istənilən bir siyasət olduğu sonradan müşahidə olunan vaqeələrlə də isbat edilmişdir. Rıza Nur Bəyin yeni intişar edən kitabından öyrəniyoruz ki, Ankara hökuməti tərəfindən ilk dəfə olaraq Moskvaya göndərilən heyət “Van və civarının Ermənistana tərki təklifi” ilə övdət eyləmişdir (səh. 207). Bu heyət məlum olduğu üzrə 1920-ci sənədə Azərbaycan istilasından sonra getmişdi.

 

Yusif Kamal Bəy təhti-rəyasətində gedən 2-ci heyətlə əqd olunan Moskva müahidəsi ermənilərin protestosuna mucib olmuşdu. Sızlayan erməni komitələrinə təsəlli verən Moskva qəzetələrinin nəşriyatı dəxi calibi-diqqəti “Pravda” erməni “yoldaşlara” mətanət və təhəmmül tövsiyə ediyordu. Diyordu ki, müahidə dəxi Brest Litovsk müahidəsi kibi müvəqqətidir, tənəvvüs üçün yapılmış bir şeydir.

 

“Pravda” qəzetəsinin bu sözləri “mütəəssir” erməniləri təskin üçün söylənmiş boş bir təsəlli deyə tələqqi edilməsin. Şimdiki Sovet İttihadını təşkil edən bütün cümhuriyyətlərlə Rusiya sovetlərinin əvvəlcə birər müahidəsi vardı? Nə oldu? Qars müahidəsi nərədədir?

 

İlk fürsətdə Qars müahidəsini keenlemyekun hökmünə gətirən bolşevik siyasəti əski rus siyasətinə doğru getmişdir. Nasıl ki, bugünki hadisat belə bunu göstərməkdədir.

 

Sovetlərin erməni məsələsindəki istiqaməti dəxi Rusiyanın əskidən bəri məruf olan siyasətidir.

 

Azəri (M.Ə.Rəsulzadə)

“Yeni Qafqasiya”, 15 mayıs 1924, ¹ 16

 

Keenlemyekun - heç olmamış kimi

 

Azəri (Bax: M.Ə.Rəsulzadə. “Yeni Qafqasiya” yazıları (1923-1927) Türk Tarix Qurumu. Ankara, 2017, səh.95-98)

 

MART FACİƏSİ

 

(30-31 mart, 1 aprel 1918)

 

Azərbaycan təşəkkülü tarixində fəcaət ilə seçilən günlərindən biri də 30 martdır. “Mart faciəsi” namiylə məşhur olan və bu tarixdən başlayan 3 günlük qital, başı bəlalı Bakının keçirdigi pək qara və məzlum günlərini təşkil edər.

 

İl 1918 idi. Şaumyan mərkəzi Rusiyada hökuməti əlinə alan bolşevik rəisi Lenin tərəfindən bütün Qafqasiya fövqəladə komisarlığına təyin olunmuş. Türkiyə Ermənistanının muxtariyyət və istiqlalını təmin üçün əlinə bir fərman (dekret) dəxi verilmişdi. Bu dekret kəndisinə erməni siyasi və milli təşkilatları ilə bərabər hərəkət etmək üçün fövqəladə səlahiyyətlər bəxş ediyordu.

 

Şaumyan, Qafqasiya komisarı sifətilə Tiflisə getmiş ikən, kəndisinə müxalifət edən Mavərayi-Qafqas Komisarlığı hökumətinə müqabil, menşeviklərin əlində olan Tiflis sovetlərində istinadgah bulamayaraq, yaxayı ələ vermədən bir təvirlə sivişmiş, təkrar Bakıya dönmüşdü.

 

Şaumyanın bu surətlə Bakıya dönüşü üzərinə bolşeviklər artıq Bakıda yerləşib buradan Tiflisə qarşı ələni bir müxalifət və mücadilə cəbhəsi açmaq lüzumuna qəti surətdə qərar vermişlərdi.

 

Bu qərarın qövldən felə gətirilməsi üçün bolşeviklər İran cəbhəsindən dönərək Bakıda toplu bir halda bulunan rus ordusu soldatlarını min türlü iğfal təşviqlərlə məmləkətlərinə getməkdən sapındırdılar, onları siyasi məqsədləri üçün qullanmaq istədilər. Bu xüsusda bir tərəfdən dəxi Moskvadan erməni təşkilatları ilə bərabər çalışmaq üçün aldıqları əmr, digər tərəfdən dəxi rəislərinin milliyyət etibarilə erməni oluşu bolşevikləri, erməni daşnaqsütyun firqəsi ilə anlaşmaya sövq ediyordu. Bilxassə ki, Bakıda birikib qalan saldatlar arasında bir qaç alay erməni əskərləri var idi.

 

İştə hökuməti Bakı Soveti ələ alıb komunist diktaturasını təsis etmək üçün salifüzzikr (yuxarıda deyilmiş) amillər təsirilə bolşevik firqəsinin Qafqasiya Komitəsi, erməni daşnaqsütyun firqəsilə siyasi və əskəri bir ittifaq əqdinə müvəffəq olmuş, şimdi artıq iş təcavüzə keçmək üçün bir bəhanə aramağa qalmışdı. Təcavüzün Bakı türklərinə qarşı icra ediləcəgi kəndiligindən məlum. Həm qolay bir müvəffəqiyyət istehsalı üçün bu cəbhəyə təcavüzdən daha münasib bir tərzi-hərəkət bulunamazdı. Çünki vaxtında rus çarizmi tərəfindən mükəlləfiyyəti-əskəriyyəyə tabe tutulmayan türk xalqı, əskəri təşəkkül nöqteyi-nəzərindən pək zəif bir halda idi.

 

Bəhanə bulundu. Milli türk əskərlərinin təşkilinə məmur olub Tiflisdən Bakıya göndərilən əskəri heyətin bir qaç gün əvvəl tövqif edilməsi səbəbilə zatən elektriklənmiş bir halda bulunan türk əhalisi ikinci bir hadisə ilə dəxi ziyadə həyəcana verildi.

 

Lənkəranda təşəkkül etməkdə olan türk milli alayından bir qrup qəzaən vəfat edən arqadaşlarının cənazəsini Bakıya təşyi ilə geri dönmək istəmişlər, Sovet müstəhfəzləri tərəfindən limandan bir istimbota minmək üzrə ikən mühasirə edilmiş, yatışdırılmaq, tərki-silah etmələri kəndilərinə təklif olunmuş, rədd cavabı alınınca atışma başlamış, milli türk təşkilatının əzmkar müdaxiləsilə hadisə biz bir zamanla yatırılmaq üzrə ikən sayğısız bir taqım cahilənin qərəzkar müfəttinlərinə alət olması ilə fitnə təkrar alovlanmış, zatən günlərdən bəri qitala hazırlaşmış bulunan bolşevik-erməni qüvveyi-müsəllihəsi müharib bir vəziyyət alaraq şəhərin müsəlman məhəlləsini bombardman etməgə başlamışdı.

 

Bu təərrüz qarşısında istər-istəməz müdafiəyi-nəfs etmək zərurətində qalan türklər təchizat və təşkilatlarının qeyri-kafi olmasına rəğmən, bilzərurə silahlarına sarılmışlarsa da qeyri müsavi bir müqatilədə bittəbii məğlub olmuşlardır. Türk əhalisi 3 gün tamam müdhiş bir qitala uğramış, şəhərin müsəlman hissəsi dini, milli və ictimai müəssisatına varıncaya qədər atəşə verilmişdir.

 

Bu surətlə başlayan mart faciəsinin nə kibi bir vəhşət və kin mənzərəsi təşkil eylədigini təsvir edə bilmək üçün əlimizdə bulunan bir vəsiqəni iqtibas edəlim. Bu vəsiqə mart hadisəsini təhqiq və tədqiqə məmur komisyon əzasından biri tərəfindən tənzim edilmişdir.

 

“Kulka namını daşıyan bu zat milliyyətcə türk və müsəlman olmayıb xristian olduğundan kəndisini türklər lehində mübaliğə ilə ittiham etmək caiz olamaz. İştə bu bitərəf mühəqqiq mart faciəsinə aid təsvir etdigi lövhələrdən birər parça:

 

“... Münhəsirən müsəlman əhali tərəfindən iskan olunan məhəllələrə girib əhaliyi öldürüyor, şəmşirlərlə parçalıyor, süngülərlə dəlik-deşik ediyor, evlərə atəş veriyor, çocuqları bu atəşlərə ataraq diri-diri yaxıyor, 3-4 günlük südəmər çocuqları isə süngülərə taxıyorlardı...”

 

“Hadisatı mütəaqib toprağa gömülmüş 57 islam nəşi bulundu. Bunların qulaqları, burunları qoparılmış, qarınları yırtılmış, əzaları kəsilmişdi”.

 

“Öldürmədikləri qadınların saçlarını yek-digərinə bağlayaraq üryan bir halda soqaqlarla sövq və kəndilərini tüfəng dibçiklərilə zərb ediyorlardı”.

 

“Kimsəyə rəhm edilmiyordu. Çocuqlara rəhm edilmədigi kibi, ixtiyarlara da aman yoxdu. Məsəla, Əlizadə Hacı Əmirin evində 80 yaşlı anası, 60 və 70 yaşlı qadınları öldürülmüş və 25 yaşındakı təzə gəlini diri-diri divara çivillənmişdi...

 

Kulka əfəndi, divara çivillənmiş yavrularla körpələr tərəfindən gəmirilməkdə bulunan çoluq-çocuq nəşlərinin fotoqraflarla təsbit olunmuş canhiraş vaqeələrdən də bəhs ediyor. Fəqət bu vaqeələri biz burada tamamilə təfsil edəcək degiliz. Qarelə-rimizin zatən mütəəssir bulunan əsəbini daha fəzlə əzmək istəməyiz! Mart hadisəsi günlərində Qızıl Rusiya müməssillərilə rus siyasətinin zavallı aləti olan bir qisim erməni xalqının Azərbaycan türklügünə qarşı nə müdhiş bir kin və ədavət bəstələdigini göstərmək üçün bu qədərini söyləmək dəxi kafidir.

 

Bu ədavət, türk xalqının mövcudiyyəti-təbiiyyəsinə olduğu kibi mənəviyyəsinə dəxi tövcih edilmişdi. 3 gün zərfində 15 min islam öldürülmüş, türk mücəssəsati milliyyəsinin sarayını təşkil edən İsmailliyyə binası ilə “Açıq söz” və “Kaspi” mətbəələri atəşə verilmiş, Bakının ən böyük camii top mərmilərilə dəlik-deşik edilmişdi.

 

Əvət, Ermənistan muxtariyyət və istiqlalının fərmanını cibində daşıyan Şaumyanın qəzetəsi “Bakinski raboçi” milliyyətçi azərbaycanlılara “muxtariyyat degil, xarabazar bulursunuz” demişdi. Həm 30-31 mart - 1 aprel günlərində əldə etdigi qolay müvəffəqiyyəti mütəaqib Şaumyan diktaturası bu vədini tamamilə ifaya qoymuşdu.

 

Bakıdan sonra sıra Qubaya, Lənkərana və nəhayət, Şamaxıya gəlmişdi. Şamaxıda islam məhəlləsinin daşı daş üstündə qalmamış, ərəb fatehləri zamanından qalan, müdhiş Şirvan zəlzələlərinə dayanan, bir qaç əsrin mədəniyyət şahidi bulunan Camii-Kəbirə belə acımamış, bütün şəhəri atəşə vermişlərdi.

 

Bolşevik-daşnaqsütyun ittifaqının vəsiqələrlə təsbit edilmiş o günki hərəkəti möhtəməl Türkiyə təcavüzünə qarşı hər növi tədabir görmək, Qafqasya cəbhəsini tərk edən mütəlaşi (tələsən) rus ordusu yerinə yeni qüvvətlər qoymaq lazımdı. Bu məqsəd ilə idi ki Lenin Şaumyan naminə yazdığı dekretdə Türkiyədən çəkilən rus ordusunun yerinə erməni alaylarının təşkilini əmr ediyordu. Ermənilər Türkiyə əleyhdarı olduqlarından iltizam, azərbaycanlılar isə lehdar olduqlarından rəd və qəhr olunuyorlardı. Nitəkim mənhus mart günlərinin nəticəsində əqd olunan “müsəlləhə” (silahlanma) mərasimindən sonra iniqad edən Sovet ictimaində “Müsavat” firqəsinin bayrağını çeynəyən bir bolşevik komisarı Suxartsev “Türkiyənin Bakı cəbhəsi alındı” deyə elani-sürur eyləmişdir.

 

Anadolulu böyük qardaş, fədakar Məhmədcikin tarixi yardımı ilə Bakını istirdad edən Azəri xalqı heç şübhəsiz ki, Türkiyənin degilsə də, türklügün Bakı cəbhəsini düşmənlərdən təmizləmiş, Azərbaycan istiqlalını təmin eyləmişdi.

 

Heyhat ki, sui-taleh bu milli cəbhəyi təkrar düşmənlər əlinə keçirmişdir. Biz bu gün o fəci mart günlərini xatırlarkən bu əlim faciənin hala davam etməkdə olduğunu görməkdə dağdarız!... Fəqət eyni zamanda əməlpərvər Azərbaycan gəncliginin bu mənhus istila hökuməti ilə barışmaz bir mücadiləyə girişdigini görməklə də mütəsəlliyiz. Bu təsəlli bizə türklükdə pək mühüm bir cəbhə təşkil edən Azərbaycan Cümhuriyyətinin təkrar hürriyyət kəsb edəcəgini və istiqlalını istirdad ilə çəkdigi bu acıların mükafatına haqqı ilə nail olacağını qüvvətli ümidlərlə təlqin edər.

 

Azəri

“Yeni Qafqasiya”, 31 mart 1924, ¹ 13

 

Müstəhfəz - mühafizəçilər

 

31 MART

 

Yeni Azərbaycan tarixində fəcayətilə tanınan qanlı Bakı hadisəsinin 11-ci il dönümü!... 11 il əvvəl rus çarlığına təvarüs edən (varis olan) Lenin və onun Komunist partiyası ilə başda Stepan Şaumyan, Avakyan, Lalayev, Arakelyan v.s. olmaq üzrə Azəri istiqlal hərəkatını öldürmək üçün Bakıda başladıqları vəhşətin 11-ci ildönümü!.. Bir il dönümü ki, onu heç bir Azəri unutmayacaqdır. 1918-ci ildə 31 mart faciəsini təqib edən 28 Mayıs elani-istiqlal günü ilə 15 eylül (sentyabr) zəfərlərinin böyüklüyünü anlamaq və yaşamaq üçün 31 mart faciəsini unutmamalıdır. Milli oyanışımız, çarlığın süqutundan sonra siyasi zəfərlərimiz müştərək milli diləgimizin “Azərbaycan istiqlalından” ibarət oluşunun arayi ümumiyyə ilə anlaşılması, elani istiqlal və istiqlal üçün icra edilən qanlı mücadilənin şanlı və parlaq zəfərləri bizə nə kibi qurbanlara mal olmuşdu? Bunu anlamaq üçün “31 mart” kibi sadə bir sözün ifadə etdigi fəci mənayi qavramaq lazımdır.

 

31 mart 1918-də, Bakının o möhtəşəm saraylarına, Azəri türkünün elm və ürfan müəssisələrinə, sənət və mədəniyyət abidələrinə, cami və məktəblərinə nədən od vurularaq yandırılıyordu?

 

Əsrlərdən bəri min bir millətin axınına qarşı durmuş olan azəriligə bir çox şairlər, alimlər, mütəfəkkirlər verməsilə iftixar etdigimiz o gözəl Şirvan nədən yer ilə yeksan ediliyordu?

 

Azərbaycan nədən xarabazara döndəriliyordu?

 

Bu sorğuların cavabları aşikardır: Azəri türkünə qurtarmaq, hürriyyət və istiqlal həyatına nail olmaq imkanını verməmək üçün...

 

Bu məqsədlə idi ki, qızıl rus cahangirləri Velikorus siyasətinin daimi aləti olan erməni şovinistlərilə bərabər Azəri milli mövcudiyyətini tamamilə aradan qaldırmaq üçün 31 martda məsum yavruları, südəmər körpələri süngülərə taxıyor, əsir edərək götürdükləri qızların namuslarına qıyıyorlardı. Heç də türk olmayan Kulkanın o günlərə aid xatirələrinə görə:

 

“Münhəsirən türk və islamlarla məskun məhəllələrə girib əhaliyi öldürüyor, şəmşirlə parçalıyor, süngülərlə dəlik-deşik ediyor, evləri atəşə veriyor, çocuqları bu atəşlərə ataraq yaxıyor, 3-4 günlük südəmər çocuqları isə süngülərə taxıyorlardı”.

 

“Hadisatı mütəaqib toprağa gömülmüş 57 islam ölüsü bulundu. Bunların qulaqları, burunları qoparılmış, qarınları yırtılmış, əzaları kəsilmişdi”.

 

“Öldürmədikləri qadınların saçlarını yekdigərinə bağlayaraq üryan bir halda soqaqlarda sövq və kəndilərini tüfəng dibçiklərilə vuruyorlardı. Kimsəyə rəhm edilmiyordu. Çocuqlara rəhm edilmədigi kibi, ixtiyarlara da aman yoxdu. 80 yaşlı qadınları da öldürüyor, 20-25 yaşlarında gənç gəlinlərin diri-diri divara çiviləndigi Bakının bir çox yerlərində görülmüşdür....”

 

Kulka divara ciyilənmiş yavrularla köpəklər tərəfindən gəmirilməkdə olan çoluq-çocuqların, çocuğunu əmizdirər bir vəziyyətdə yerlərə sərilən zavallı qadın ölülərinin daha bir çox fəci mənzərələr təşkil edən cinayətlərin fotoğraflarla təsbit olunmuş canxəraş (ruha əziyyət verən) vaqeələrindən də bəhs ediyor....”.

 

Və bütün bunlar, istiqlala doğru gedən Azəri milli hərəkatından qorxan və bu hərəkatı daha ibtidasında qanlarda boğmaq üçün qeyri-insani vəhşətlərə müraciət edən qızıl Moskvanın qanlı siyasətini bizə xatırlatmaqdadır. Bir siyasət ki, şu və ya bu şəkildə davam etməkdədir.

 

Millətimizin və yurdumuzun sinəsində izləri heç bir zaman unudulmayacaq dərin yaralar açan 31 mart faciəsini, o faciənin ifadə etdigi mənayi, o günün qəhrəmanlarını, şəhidlərini, məzlumlarını və qanlı müsəbbiblərini (səbəbkarlarını) daimən xatırlamalıdır. Onlar daimən xatırlanmalıdır ki, milli mövcudiyyətimizin, milli hürriyyət və istiqlalımızın tarixi düşmənlərinə qarşı bəslədigimiz kin və intiqam duyğularımız daimi və əbədi olsun!

 

M.B.Məhəmmədzadə

”Odlu Yurd”, nisan (aprel) 1929, ¹  2

 

MİLLİ TƏLƏBLƏR

 

“Kamsko-Voljskaya reç” nam Kadet qəzetəsi Kazanda müsəlman qurultaylarının qərarlarından xoşlanmamış, narazı qalmışdır. Millətlərin milli arzu, dilək və tələbləri məzkur qəzetənin xoşuna getmiyor, acıqlanıyor. Xüsusən müsəlman qurultayının qərarları kadet mühərrirlərini hirsləndiriyorlar.

 

“K.V.Reç” mühərrirlərindən Bernşteyn “Milli tələblər” ünvanilə yazdığı bir məqalədə ukraynalılar ilə finlərin böyük inqilab dövründə inqilabın meyvələrindən bəhrəmənd olaraq milli hüquqlarını tələb etdiklərinə qarşı narazılıq bəyan etdikdən sonra müsəlman qurultaylarına söz köçürərək yazıyor ki:

 

“Böylə böyük milli hərəkətlər müqabilində sair milli hərəkətlər hələlik əhəmiyyətsiz görünüyorlar. Fəqət bunları da nəzərdən qaçırmamalıdır. Zira odu yanmağa qoymamalıdır. Çünki hərəkətin ibtidasında asanlıq ilə ləğv oluna biləcək şey, artıb nəşvü-nüma edərsə, ciddi tədbirlər görülməsini tələb edər.

 

Xüsusi olaraq bizim nəzər diqqətimizi cavan, fəqət istiqanlı zabit Alkinin sədarəti altında keçmiş olan müsəlman əskəri qurultayının ibraz etdigi Kazan “infraqçuluğu” cəlb etməlidir. Müsəlmanların xüsusi milli alaylar təşkil etmək tələbi və bu tələbi hökumət razı olmasa biizn icra etmək təhdidləri Rusiya üzərində yalnız müvəqqəti hökuməti yeganə səltə deyə qəbul etmələrilə əsla həmahəng degildir. İki şeydən biridir: ya hökuməti-müvəqqətə tam səltəniyyə malikdir və bu vəqt xəlqin müxtəlif qismləri, millətlər, siniflər və sairləri hökumətin siyasətinə icrai-təsir etməgə çalışa bilərlər; fəqət öz başlarına, daha doğrusu bolşeviklər kibi güc ilə iş görməgə cəsarət etməzlər. Yainki müvəqqəti hökumət səltənəyi-tamməyə malik degildir. O vəqt müsəlman qurultayının müvəqqəti hökumətə tabe olmaq həqqindəki sözləri saxta və qeyri-səmimidir.

 

Doğrudan da bu necə tabe olmaqdır ki, xoşuma getməyən qərardadı poza bilərəm və mən edilməgə diqqət verməm. Bu - pozğunluq, pərişanlıq və dağınıqlıqdır ki, hazırda buna qarşı cəbhədə mübarizə ediliyor və arxada mübarizə başlanıyor. Şübhəsizdir ki, müsəlman əskəri qurultayının hədələri müvəqqəti hökumətin iradəsinə qəti əməl etməklə qarşılanmalıdır.

 

Biz güman etmiyoruz ki,müsəlman qurultayı başçıları ciddən Rusiya həyatını pozmaq fikrində olsunlar. Biz biliyoruz ki, siyasi cəhətdən geri qalmış olan güclü müsəlman əhalisi əski hökumət dövründə belə kərrətlə özünün mühafizəkar olduğunu bildirmiş və IV Q.Dumanın həpsində müsəlman məbusları bəzən Kadet firqəsindən də sağda durmuşlardır. Güman ediyoruz ki, bu qərarnamə ümumiyyətlə, məmləkətdə möhkəm hökumət yoxluğundan iləri gəlmişdir və müsəlman qurultayı bu qərarı çox gec vermişdir. Zira imdi böylə şüarların qiyməti yoxdur və əskəri işlərə pozğunluq salmaq təşəbbüslərini məhv etmək üçün hökumətin tez və güclü təsir edən qüvvəsi tapılar.

 

Amma müsəlman vətəndaşlarımız bunu unutmamalıdır ki, nəticəsi dostları itirmək olan siyasətdən yaman bir şey yoxdur. Bir çox milyonluq müsəlman əhalisinin ixtiyarı var ki, Məclisi-Müəssisanda öz işlərində geniş muxtariyyət alsın və məmləkət ədalət və şərəf borcu olan bu işə açıq ürəklə qol çəkər.

 

Amma istiqanlı cavanlar özlərini böyük siyasiyun hesab edərək böyük taktikasızlıq (ədəbsizlik) etdikdə öz millətlərinə pis xidmət göstəriyorlar. Xəlq pişrovu olmaq əvəzinə bunlar millətin ittihadına mane oluyorlar və mühüm, lazımlı təşkilat əvəzinə hirs, azart və.... ən həqli işə risk salıyorlar. Böyüklər bu cavan “siyasi-yunu” dayandıraraq fəaliyyətlərinin nə qədər ciddi olduğunu göstərməli idilər.

 

Bədə bu misallar ilə Rusiya gəmisinin hərəkəti sualtındakı daşların təhdidi altında olduğunu qeydlə Bernşteyn diyor ki: Son vəqt hökumətin ümumi tərzi-fəaliyyəti - möhkəm kurs götürməsi - əsasilə ümidvar olmalıdır ki, hökumət Ukrayna ilə də, Finlanda ilə də, Kazan ilə də danışa biləcəkdir. Əgər infraqçuların təfsirilə hökumət onların diləklərinə əməl edə bilməsə, onlar ilə hesablaşmaq lazım gələcəkdir.

 

Yenə haman qəzetənin digər bir mühərriri Samsonov Kazan qurultaylarının qərardadlarından bəhslə müsəlmanlara böhtan və iftira deməkdən belə çəkinməyərək tələblərimizi taminati-hüquq degil, bəlkə bir növ xüsusi imtiyazlar tələbi hesab ediyor; bunu da Finlanda və Ukrayna infraqçuyana hərəkatının təsiri adlandıraraq yazıyor ki: Biz müsəlman siyasət kişilərinin hərəkətini Ukrayna və finlandalıların hərəkəti hesab etmək istəmiyoruz. Fəqət dövlət içində dövlət kibi məmləkət müdafiəsi üçün təhlükəli və dövlət nöqteyi-nəzərindən əfv olunmuyacaq hərəkəti qeyd etməyə bilməriz. Məsələn, xüsusi müsəlman alayları təşkilinə qarşı narazılığımızı bəyan etməyə bilməriz. Həmçinin daimi qoşunun milisiyaya əvəz edil-məsi həqqindəki layihəsi vəqtli və yerli hesab edəmməz. Zira hazırda bu iş onsuz da pozulmuş orduya pərişanlıq yetirər. Bir də müsəlman qurultayı tələb ediyor ki, əhalisinin 4-də bir hissəsindən ziyadəsi müsəlman olan yerlərdə hökumət komissarı mütləq müsəlman olmalıdır. Necə oluyor ki, müsəlmanlar bir tərəfdən seçkilərdə bütün müsəlmanların millətçilik bilməyən sosialistlər ilə bir yerdə getməsini tələb ediyorlar; bir tərəfdən də öylə millətçilik ibraz ediyorlar ki, bunun üçün hətta sair millətlərin hüququnu ayaq altında almaq istiyorlar. 25 faizdən ziyadə olan millətin imtiyaza həqqi olduğunu tələblə yerdə qalan 65-70 faizi bu imtiyazatdan məhrum ediliyor. Məsələn, bir yerdə 65 faiz rus, 35 faiz müsəlman olursa hakim millət müsəlmanlar olmalıdırlar. Rus sosialist və tərəqqipərvər demokrat firqələrindən heç biri böylə tələbatda bulunmayaraq biləks ümumvətəndaşların müsavat hüquqa malik olması prinsipini qəbul ediyorlar. Yeni məmləkətdə qeyri-rus yoxdur. Ancaq Rusiya vətəndaşı var. Azad məmləkətdə millətlərin həpsi qanunca təmin olunaraq dövləti və ictimai müəssisələrdə layiq olduqları yeri tutub qüvvələrini göstərmək imkanı veriləcəkdir. Xudanəkərdə Rusiya taleyi bəlaya uğrarsa, millətlərin həpsinə fəna olacaqdır. Binaənileyh ayrı-ayrı millətlərin infraqçulığı öz yerini ümumi məsələyə, Rusiyayı almanların qələbəsindən azad etməgə buraxmalıdır. Azad məmləkətin tam hüquqa malik vətəndaşı olmaq istəyən millətlərin həpsi bu məsələyə iştirak etməlidir. Ona görə özünə çox hüquq və imtiyaz qazanıb da sair millətlərə az vermək fəlakəti xəta, zərərli və dövlət ziddinə olan bir hərəkətdir.

 

Biz ruslar bu hərəkətdən böyük ibrət dərsi aldıq. Çünki daxildəki pozğunluq, ordudakı binizamlıq haman bundan nəşət etmişdir ki, bəzi siyasilərimiz bütün məmləkətin mənafeyini bir sinfin mənafeyinə tabe etmək istədilər.

 

Müsəlmanları da bu yola sövq edən haman rəislərdir ki, müsəlmanları sosializm xəyalatı təpəsinə çıxarmaq, rusların bütün məmləkətdə sosiallıq üsuli-idarəsi tətbiq etmək istərkən aldıqları fəlakətli nəticə kibi fəlakət çıxara biləcəgini unutuyorlar.

 

Sosializm xəyalının puç olduğunu isbat edən fəlakətli dərsdən ibrət alınmıyorsa, məmləkəti ehtizar halında çarpışdıran, qulaq tutan patıltıdan sonra da haman səhv və xətaları təkrar edən rəislər tapılıyorsa, bircə ümidimiz buna qalıyor ki, ümumiyyətlə Rusiya və xüsusən müsəlmanlar yeni böylə bədbəxtliklərdən xilas olarlar. Ümidimiz də bunadır ki, inanıyoruz müsəlmanların əqli qoymaz böylə rəislərin sövq etdikləri yol ilə getsinlər.

 

İnanıyoruz ki, bir çox milyonluq müsəlmanlar böyük anamız olan Rusiyanın ümumoğullarilə əl-ələ verərək böyük və həşəmətli Rusiya cümhuriyyəti təşkili və dövlət abadlığı yoluyla gedərlər.

 

“Açıq söz”, 25 avqust 1917, ¹ 550

 

İnfraqçu - ultra qırmızı

Ehtizar - can vermə, axır nəfəs

 

(Ardı var)

Şirməmməd HÜSEYNOV

 

525-ci qəzet.- 2018.- 31mart.- S.20-21.