Azərbaycan siyasi mühacirətinin ilk
böyük itkisi - Xalq Cümhuriyyəti-100
YAXUD PARİSDƏ DƏFN
1934-cü
il noyabrın 5-də Paris ətrafındakı ucqar Sent Klu
rayonunda, özünün kasıb, sadə mənzilində XX əsr
Azərbaycan tarixinin ən görkəmli şəxsiyyətlərindən
biri Əlimərdan bəy Topçubaşov (1863-1934)
dünyaya gözlərini yummuşdu.
Azadlığına qovuşmuş vətənində,
qurucularından biri olduğu müstəqil Azərbaycan
Cümhuriyyətində o, cəmisi üç aya yaxın
yaşaya bilmişdi. 1918-ci il avqustun 23-də dövlətinin Fövqəladə
və Səlahiyyətli naziri kimi müvəqqəti paytaxt Gəncədən
İstanbula, oradan isə Parisə yollanmış,
dünyanın yeni siyasi xəritəsini cızan Versal sülh
konfransında Azərbaycan nümayəndə heyətinin fəaliyyətinə
rəhbərlik etmişdi.
Birinci Respublikanın sülh konfransının Ali
Şurası tərəfindən
de-fakto tanınması və beynəlxalq hüququn subyektinə
çevrilməsində şəxsən
Ə.Topçubaşovun və rəhbərlik etdiyi nümayəndə
heyətinin müstəsna xidməti vardı. Onlar
Azərbaycan adlı dövlətin fiziki və siyasi
mövcudluğunu fakta çevirdilər. Dünyanın
həmin faktı tanıması, qəbul etməsi yolunda ilk və
mühüm addım atdılar. Bu,
artıq elə bir reallıq idi ki,
işğalçılıq iştahalarının intəhasızlığına
baxmayaraq, bolşeviklər də onunla barışmalı
oldular. Cümhuriyyətin sərhədlərini
qayçılasalar da, bu coğrafiyada Azərbaycan SSR yaratmaq məcburiyyətində
qaldılar.
Cümhuriyyətin
süqutundan sonra Fransa paytaxtında maddi və mənəvi
sıxıntılarla dolu siyasi mühacir həyatı
keçirdiyi sonrakı 14 il ərzində də Əlimərdan
bəyin bütün qayəsi, məqsəd və məramı
öz ölkəsinin tapdanmış haqlarının bərpa
edilməsi, yenidən azadlıq
və müstəqilliyə qovuşması olmuşdu.
Yalnız Azərbaycanın deyil, Qafqaz regionunun,
bütünlükdə türk-müsəlman
dünyasının görkəmli siyasi liderlərindən
biri kimi tanınan Ə.Topçubaşovun vəfatı və
dəfni müxtəlif ölkələrdə, müxtəlif
dillərdə çıxan mühacir mətbuatında
geniş işıqlandırılmışdı. Xüsusən
onun Fransa paytaxtındakı izdihamlı dəfn mərasimi
mühüm ciddi manifestasiyaya, Azərbaycan xalqının
siyasi iradəsinin və əyilməzliyinin nümayişinə
çevrilmişdi. Qafqaz
mühacirətinin Parisdə
fransız dilində nəşr olunan “Prometey” dərgisi
ilə bir sırada Varşavada türk-Azərbaycan və rus
dillərində çıxan “Şimali Kafkasya-Severnıy
Kavkaz” jurnalı da 1934-cü il
noyabr sayının böyük bir hissəsini Əlimərdan
bəy Topçubaşova, onun həyatına, mübarizəsinə,
bir çox mühacir təşkilatları və liderlərinin
iştirakı ilə keçirilən izdihamlı dəfn mərasiminə
həsr etmişdi. Hər iki jurnalın noyabr
sayının üz qabığında azərbaycanlı
siyasi xadimin portretini yerləşdirməsi də ayrıca qeyd
olunmalıdır.
Aşağıda
“Şimali Kafkasya-Severnıy Kavkaz”da dərc olunan və əsas
etibarı ilə 1934-cü il noyabrın 8-də Əlimərdan
bəyin Parisin Sent Klu qəbristanlığında dəfn mərasimini, məzarı
başında söylənmiş vida nitqlərini, həyat
yolu ilə bağlı bioqrafik səciyyəli yazılardan
ibarət materialları rus dilindən tərcümədə
“525-ci qəzet”in oxucularına təqdim edirəm. Jurnalda Azərbaycan türkcəsindəki “Əli Mərdan
bəy Topçubaşi” adlı nekroloq olduğu kimi
verilmişdir.
Ermənistan
Nümayəndə heyətinin rəhbəri Aleksandr
Xatisyanın nitqi
Ermənistan Respublikasının nümayəndə heyəti
hörmətli Əlimərdan bəyin ailəsinə və Azərbaycan
Nümayəndə heyətinə öz dərin
başsağlığını çatdırır. Məndən əvvəl
çıxış edən natiqlər mərhumun fədakar,
hətta özünü qurban vermək dərəcəsinə
çatan mübarizələrlə dolu həyatı
haqqında danışdılar. Onun
doğma Vətəninin həyatını yenidən qurmaq
yolunda sərf etdiyi enerjisindən, qüvvə və
bacarığından söz açdılar.
Mən Əlimərdan bəyin fəaliyyətinin iki
aspekti üzərində dayanmaq istərdim.
İlk növbədə isə Rusiya müsəlmanlarının
fəaliyyətini təşkil etmək, bir araya gətirmək,
qüvvətləndirmək və vahid istiqamətə yönəltmək
uğrunda onun
tükənməz səylərindən söz açmaq istərdim.
Hətta inqilab ərəfəsində də o, kollektiv iş
metoduna üstünlük verirdi, yaxınlarını sevməyə
və qorumağa çağırırdı. Onun
sayəsində bu ruh bütün Azərbaycana
yayılmışdı.
Vəkil,
publisist, qurultay təşkilatçısı, Dövlət
dumasının üzvü, daha sonra isə Azərbaycan
Parlamentinin sədri və Azərbaycan Nümayəndə heyətinin
rəhbəri kimi ən müxtəlif rollarda, vəzifələrdə
Əlimərdan bəy həmişə milli şüurun
ilhamvericisi, qurucusu və yönəldicisi kimi ön mövqedə
dayanmışdı. Onun uzun illər boyu həyata
keçirdiyi nəcib fəaliyyət Azərbaycan
Respublikasının tarixində həmişə yaşayacaqdır.
İndi mübarizəsinin ikinci aspektinə keçək. Əsl qafqazlı və
Qafqaz federasiyasının qızğın tərəfdarı
olan Əlimərdan bəy 1921-ci ildə dörd respublika
arasında saziş imzalanmasına nail olmaqla böyük arzularından
birini gerçəkləşdirdi.
Bir
gün onun siyasi ideyaları mütləq reallığa
çevriləcək və biz hamımız həmin gün Qafqaz torpağında
bir araya gələrək öz
həyatını qardaşlarının işi
uğrunda mübarizəyə həsr etmiş bu böyük
insanı minnətdarlıqla yad edəcəyik.
Mən bir daha onun xatirəsi qarşısında baş əyir
və ailəsinə səmimi başsağlığı
sözlərimi çatdırıram.
Türküstan
milli ittifaqının və “Gənc Türküstan”
jurnalı redaksiyasının nümayəndəsi Mustafa
Çokayoğlunun nitqi
Rusiya türklərinin bütöv bir ictimai-siyasi
epoxası Əlimərdan bəyin adı ilə
bağlıdır. Onun fəaliyyətə
başladığı dövr indikindən kəskin şəkildə
fərqlənirdi. O zaman milli mübarizənin
sıraları belə sıx, sərhədləri bu qədər
geniş deyildi. Azadlıq və müstəqillik
uğrunda bütün mübarizə sadəcə Rusiyanın
ucqarlarında da ölkənin mərkəzi əyalətlərindəkinə
bənzər şəraitin yaradılması tələbindən
ibarət idi. Bu baxımdan Əlimərdan
bəyin və onun həmfikirlərinin siyasi fəaliyyət
meydanındakı zəhmətləri çətinlik və
sarsıntılarla müşaiət olunmuşdu.
Onlar Rusiya türklərnə də digər ölkələrdə
olduğu kimi, bərabər hüquqlar verilməsini xahiş və
tələb edirdilər. Onlar öz fikirlərini
panislamçılıq və pantürkçülük
ideyası kimi kifayət qədər aydın şəkildə
nəzərə çatdırırdılar. Lakin rus dövləti üçün bu kəlmələr
hər hansı inqilabi hərəkatdan daha təhlükəli
idi. Çünki onlar hər şeydən
öncə özlərində milli şüur ünsürləri
daşıyırdılar. Panislamçılar
və pantürkçülər arasında İsmayıl bəy
Qasprinski ilə bir sırada Əlimərdan bəy
Topçubaşov da vardı. 1905-ci il
inqilabı zamanı Rusiya türklərinin çar
imperiyasına qarşı mübarizəsi böyük vüsət
aldı. Rusiya türkləri özlərinə
də milli müqəddəratı təyin etmə hüququ
verilməsini, indiyə qədər cəmiyyət həyatının
bütün sahələrinə hakim kəsilmiş
ayrıseçkiliklərin aradan qaldırılmasını tələb
edirdilər.
Bu tələbi irəli sürənlərin ön
sırasında Əlimərdan bəy gedirdi.
Birinci Dövlət duması yaradıldı. Rusiya türkləri
nümayəndələrini bu qanunverici orqana seçdilər.
Əlimərdan bəy Topçubaşovun da
namizədliyi irəli sürüldü və o, Dövlət
dumasının üzvü oldu. Lakin xalqın mənafeyi naminə
cəmisi 72 gün işləyə bildi. Dumanın
bağlanması ilə çar hökumətinin təqiblərinə
məruz qaldı.
Müxalif fikirli deputatlar Finlandiyanın Vıborq şəhərində
toplaşdılar. Orada “Vıborq bəyannaməsi” adlı sənəd
işlənib hazırlandı. Azadlıq
uğrunda mübarizənin sonrakı mərhələlərində
həmin bəyannamənin mühüm rolu oldu. Bu inqilabi sənəddə biz Əlimərdan bəyin
də imzasını görürük. Əqidə
dostları kimi Əlimərdan bəyi də məhbəsə
atmış və siyasi hüquqlardan məhrum etmişdilər.
1917-ci ilin böyük inqilabı rus
çarizminin hakimiyyətinə son qoydu. Dəyişikliklərə
ümid bəsləyənlərin qarşısında milli
azadlıq yolu açıldı. Həmişə
olduğu kimi, Əlimərdan bəy yenə də hərəkatın
önündə gedir, ilk növbədə azərbaycanlıların,
habelə qafqazlıların və türklərin
azadlığı uğrunda çarpışırdı. 1918-ci ildə Azərbaycan öz müstəqilliyini
elan edəndə Əlimərdan bəy ilk Parlamentin sədri
seçildi, sonra isə Azərbaycan Respublikasının
Avropaya göndərdiyi Nümayəndə heyətinə rəhbərlik
etməyə başladı. Əlimərdan
bəyi bu yüksək vəzifələrə irəli
çəkməklə həmvətənləri ona olan
ehtiramlarını ifadə edir, fəaliyyətini yüksək
qiymətləndirdiklərini bildirirdilər. Tale onun üzünə həmişə xoş
baxmamışdı. Azərbaycan
qırmızı imperializm tərəfindən devrildi. Əlimərdan bəy Fransaya müstəqil Azərbaycanın
nümayəndəsi kimi gəlmişdi, bundan sonra isə
siyasi mühacir kimi yaşamağa məcbur oldu.
Həyatının son günlərində Əlimərdan
bəy taleyin bütün zərbələri ilə
barışmışdı, lakin Azərbaycanı və
Qafqazı azad görməyə bəslədiyi ümidləri
heç zaman itirmirdi. Fəaliyyəti ilə bağlı olan
sonuncu siyasi addım Qafqaz Konfederasiyası Paktının
imzalanması idi. İnanırıq ki,
Qafqazın gələcək inkişafında bu Pakt öz
mühüm rolunu oynayacaq. Əlimərdan
bəy sanki həyatının ən böyük işini
görərək bu lazımlı sənədin
imzalanmasından sonra haqq dünyasına qovuşdu.
Biz Türküstan türkləri də başqa yerlərdə
yaşayan türklər kimi böyük insan və vətənpərvər
olan Əlimərdan bəyin şəxsiyyətini yüksək
qiymətləndiririk. Bütün türklər bu adla fəxr
edə bilərlər. O, həmişə azad
Türküstan arzusunda idi. O, həmişə Krım və
Kazan türklərinin, ilk növbədə isə həmvətənlərinin
azadlığa çıxmasını, müstəqilliyə
qovuşmasını istəyirdi. Siz, azərbaycanlı
qardaşlar, azad Azərbaycanın ilk Parlamentinin sədri öz
böyük rəhbərinizlə fəxr edə bilərsiniz.
Qafqazlılar onun şəxsində Qafqaz birliyinin
qurucusunu görürlər. Biz bu birliyin gələcəyinə
inanırıq. Baxın, bu insanın şəxsiyyəti
nə qədər hərtərəfli və güclü
olmuşdur! Onun adı qafqazlıların və
türklərin dilində həmişə uğur rəhni
kimi səslənəcəkdir. Azərbaycanlı
qardaşlar və Qafqazın dostları, bizim milli
istiqlalımızın dostları, gəlin Əlimərdan bəyin
ruhuna dualar oxuyaq, ona böyük ehtiramımızı bir daha
ifadə edək, ailəsinə hüznlü və səmimi
başsağlığı sözlərimizi çatdıraq.
Biz
Qafqazın və Türk irqinin bu böyük oğlunu
heç zaman unutmayacağıq!
Kazak və
kalmıkların milli təşkilatının nümayəndəsi
Şamba Balinovun nitqi
Kazak milliyyətçiləri və “Kalmık
Tanqatçin-Tuk” kommunist təşkilatı adından öz
böyük vətənpərvərini itirmiş Azərbaycan
xalqına və Əlimərdan bəyin ailəsinə səmimi
başsağlığı sözlərimi
çatdırıram.
Mərhuma dərin ehtiramımı ifadə edərək
onun kiçik və əhalisi günü-gündən azalan
Kalmikyanın böyük dostu olduğunu xüsusi
vurğulamaq istəyirəm.
Əlimərdan bəy həyatının ən çətin
anlarında da özünün siyasi və ictimai
baxışlarına sadiq qalaraq yorulmadan
çalışırdı.
Milli zülmün və cəhalətin at
oynatdığı dövrdə o, həyatını
xalqının rifah və tərəqqisindən kənarda təsəvvür
edə bilməzdi.
Əlimərdan bəy inqilabi ekstemizm yolu seçməmişdi. Sadəcə qələbəyə
inamı zəif
olan soydaşlarında məhəbbət və ümid hissi
oyatmağa, onların gələcək uğrunda mübarizəsini
doğru səmtə yönəltməyə
çalışmışdı.
O,
ardıcıl şəkildə xalqının ictimai-mədəni
ənənələrinin keşiyində dayanır, milli ruhlu
insanların yetişdirilməsinə diqqət verirdi. Azərbaycan xalqı Əlimərdan bəyi
Parlamentin ilk sədri seçməklə bu inama necə
yüksək qiymət verdiyini nümayiş etdirdi. Onun həyat idealı həmişə azad və
müstəqil xalq olmuşdu. Lakin təəssüf
ki, təntənə dövrü uzun çəkmədi.
Şəraitin təsiri altında hadisələr
başqa məcraya yönəldi. Azərbaycanlıların
və digər xalqların azadlıq arzusu baş tutmadı.
Onlar müstəqil yaşamaq hüququndan
yararlana bilmədilər.
Lakin ən maraqlı cəhət hətta ağır
mühacirət illərində də Əlimərdan bəyin
ruhdan düşməməsi, azərbaycanlıların və
başqa xalqların azadlığı uğrunda çoxillik
mübarizəsini yenə əvvəlki əzmlə davam etdirməsi
idi.
İndi Azərbaycan xalqının nəcib oğlu son zəfərə
daxili bir inam hissi ilə bizi həmişəlik tərk etmişdir. Şübhəsiz,
bu ölüm mövqelərimizi zəiflətmişdir.
Əlimərdan bəyin ölümü yalnız
soydaşları deyil, bütün Qafqaz xalqları
üçün ağır itkidir. O, Qafqazın böyük oğlu
idi, bu diyarı sevirdi, onun sakinlərini dostları,
yoldaşları sayırdı. Çətin
anlarımızda Əlimərdan bəy bizim ən
yaxşı müttəfiqimiz, yolgöstərənimiz idi.
Qoy, onun həyat yolu soydaşları
üçün nümunə olsun. Qoy,
onlar fikir və ideyalarının həqiqətə
çevrilməsində Əlimərdan bəy kimi qətiyyətli
olsunlar.
Torpağı
nurla dolsun!
Əlimərdan
bəy Topçubaşı
Azərbaycan Heyəti-Mürəxxəsi rəhbəri və
bundan başqa qardaş məmləkətdə bir çox vəzifələrdə
bulunmuş Əli Mərdan bəy Topçubaşı Birinci
Qanunun (noyabrın) 5-də səkteyi-qəlbdən (infarktdan) vəfat
etmişdir.
Əli Mərdan bəyin həyat və fəaliyyəti,
heç şübhəsiz, Rusiya məhkumu müsəlman
xalqları arasından sükutla keçilə bilməz. Zira mərhum
bu xalqların kəndi qurtuluşları üçün
yapdıqları mücadilə tarixində çox dərin
izlər buraxmışdır.
Əli Mərdan bəy daha gənc yaşında ikən
rus təzyiqi ilə mücadilənin ancaq müştərək
qüvvələrin bir araya gəlməsi ilə qəbuluna
inanmış və bu prinsipi 50 sənəni bulan siyasi-ictimai
fəaliyyəti müddətində müdafiəyə və
həyata tətbiqə çalışmışdır.
Sabiq Rusiya daxilində Əli Mərdan bəyin iştirak
etmədiyi bir müştərək müsəlman konqresi, bir
müştərək müsəlman təşkilatı
yoxdur.
Müsəlman xalqlarının müqəddəratını
iyiləşdirmək yolunda yapılan təşəbbüslərdə,
onların ehtiyacları ətrafında tərtib edilən
görüşmələrdə Əli Mərdan bəy daim
hazır bulunmuş, məqul (qəbul olunan) çarələr
bulmuşdur.
Əli Mərdan bəy Rusiya ilə mücadilənin
müvəffəqiyyətini yalnız müsəlman
xalqların müştərək hərəkətlərində
görmüş deyildi. Bu mücadilədə o, Rusiya məhkumu
millətlərin, ilk növbədə Qafqaziya millətlərinin
birlikdə olmaları işinə daha çox əhəmiyyət
vermiş və bu işdə çoxlu əmək sərf
etmişdir.
Daha (hələ)
1905-1906-cı illərdə, ilk rus ixtilallarının
çıxdığı sırada Azərbaycanın mərkəzi
Bakını təmsilən əzası bulunduğu Dövlət
dumasında Əli Mərdan bəy rus olmayan məbusların
müştərəkən hərəkət etmələri
fikrini tərvic etmiş (yaymış, rəvac vermiş) və
Rusiya məhkumu millətlərə mənsub məruf
(tanınmiş, məşhur) siyasət adamlarının birləşdiyi
“Müxratiyyətçilər İttihadı” təşkilatının
(Birinci Dövlət dumasında yaradılan “Coyuz Avtonomistov”
deputat fraksiyası nəzərdə tutulur -V.Q.) rəis
müavinliyində bulunmuşdu.
Qafqaziya istiqlalı təhəqqüq etdikdən (həqiqətə
çevrildikdən) sonra dəxi Əli Mərdan bəy
Qafqaziya millətlərini mümkün mərtəbə daha
fazla yaxınlaşdırmağa və aralarında bir ittifaq
yapmağa dəvət edənlər sırasında bulunurdu. Məlum
olduğu üzrə bu ittihad vücud bulmadı və nəticədə
Qafqaziya cümhuriyyətləri biri-birinin arxasınca
düşmənin işğalına uğradılar.
Əli Mərdan bəy mühacirətdə dəxi
müştərək Qafqaziya birliyinin və Rusiya məhkumu
millətlərin birliyi fikrinin tərvicinə
çalışmış və bu xeyirli işin hərarətli
tərəfdarı olmaqdan geri durmamışdı. Bu hissini o,
imkan bulduğu ümumi çıxışlarında daima
izhar etməkdə bulunuyordu.
Nəhayət, ölümündən bir müddət əvvəl
əski arzusunu təhəqqüq etdirənlərdən biri
olmaq səadətinə nail oldu. Qafqaziya millətlərinin
digər müməssilləri ilə bərabər 14 Təmmuzda
(iyulda) yapılan Qafqaziya Konfederasyonu Mİsaqini imza etdi.
Maaləsəf, Qafqaziya istiqlalı və
qafqaziyalılarla bərabər əsarətin
ağırlığı altında inləyən digər
qardaş millətlərin qurtuluşu fikrinin son qəti zəfərini
görmək Əli Mərdan bəyə nəsib olmadı.
Fəqət
zəfər günü gəldiyi zaman müştərək
bir sevinc duyacaq qurtulmuş olan millətlərin Əli Mərdan
bəyin xatirəsini təziz edəcəklərinə (əziz
tutacaqlarına) şübhə yoxdur. Çünki o, uzun
sürən fəaliyyəti dövründə bu sevinc
gününün bir an əvvəl gəlməsi
üçün çox çalışmışdı.
Mərhumun
ailəsinə və qardaş Azərbaycan xalqına təziyətlərimizi
sunarkən buradan səslənirik:
Böyük
vətənpərvər və yorulmaz işçi! Sənin
xatirən heç zaman könlümüzdən silinməyəcək
və ələləbəd (əbədiyyətə qədər)
yaşayacaqdır!
Jurnaldakı bu mətn orijinalın dilində, olduğu
kimi verilmişdir. (V.Q.)
Əlimərdan
bəy Topçubaşi
Noyabrın
5-də Parisdə Azərbaycanın xaricdəki nümayəndə
heyətinin sədri,
keçmiş xarici işlər naziri, yalnız vətənində
deyil, Rusiyanın müsəlman xalqları arasında
yaxşı tanınan ictimai-siyasi xadim Əli Mərdan bəy
Topçubaşi vəfat etmişdir.
Əli Mərdan
bəy 1862-ci il mayın 4-də Tiflis şəhərində
doğulmuşdu. Onun eyni ilə Əli Mərdan
bəy adlanan ulu babası sonuncu gürcü
çarlarının yanında bütün artilleriyanın rəhbəri
və qala komendantı kimi mühüm vəzifə
tutmuşdu. Şərq dillərinin mahir bilicisi olan
babası Mirzə Cəfər Topçubaşi isə Peterburq
Universitetinə dəvət olunmuş, əvvəlcə
müəllim, sonra isə professor kimi 1819-cu ildən 1849-cu ilə
qədər bu dilləri tədris etmişdi.
Əli Mərdan bəy kiçik yaşlarında
valideynlərini itirdiyindən nənəsinin himayəsində
böyümüşdü. Güclü mənəvi
keyfiyyətlərə malik olan bu qadın eyni hissləri
öz nəvəsinə də aşılaya bilmişdi.
Əli Mərdan
bəy ilk təhsilini özəl müsəlman məktəbində
aldıqdan sonra
Birinci Tiflis Gimnaziyasına daxil olmuşdu. 1884-cü ildə bu tədris müəssisəsini əla
qiymətlərlə bitirərək təhsilini davam etdirmək
üçün hökumət təqaüdünə layiq
görülmüşdü. Gimnaziyanın
pedaqoji şurasının verdiyi məktubda Əli Mərdan bəyin
tarix və ədəbiyyat sahəsindəki yüksək bilikləri
xüsusi nəzərə çarpdırılırdı.
Məhz bu da onun Sankt-Peterburq Universitetinin
tarix-filologiya fakültəsini seçməsinə zəmin
yaratmışdı. Əli Mərdan bəyin
rəsmi Rusiya ilə ilk qarşılaşması da Universitet
divarları arasında baş vermişdi. Məlum
olduğu kimi, Rusiya universitetlərinin tarix-filologiya fakültələrində
əsas diqqət slavyan dillərinə və ədəbiyyatlarına
yönəldilirdi. Bu isə güclü
milli-mədəni ənənələrə malik ailədə
böyümüş müsəlman gənci təmin edə
bilməzdi. Nəticədə, Əli Mərdan
bəy hətta birinci kursun məşğələlərini
başa vurmadan eyni universitetin hüquq fakültəsinə
keçmiş, lakin bu “özbaşınalığına”
görə dövlət təqaüdündən məhrum
olmuşdu.
1888-ci ildə Əli Mərdan bəy hüquq fakültəsini
bitirdi. Fakültə şurası onun mülki hüquq sahəsində
ixtisasını artıraraq professorluğa hazırlanması
üçün universitetdə saxlanması qərarı qəbul
etmişdi. Lakin iki il əvvəl
qüvvəyə minən universitet nizamnaməsi buna imkan
vermirdi. Həmin nizamnaməyə görə,
xristian dininə mənsub olmayan şəxs universitet
kürsüsü tuta bilməzdi.
Tiflisə qayıtdıqdan sonra Əli Mərdan bəy məhkəmə
sistemində xidmətə başlamış, biri-birinin
ardınca dairə məhkəməsinin katibi, müstəntiq,
nəhayət, hakim vəzifələrində
çalışmışdı. Eyni zamanda, o, Tiflisdəki
yerölçmə məktəbində dövlət
hüququna və mülki hüquqa dair mühazirələr
oxumuş, Qafqaz Hüquqşünaslar Cəmiyyətinin
kitabxanaçısı və katibi vəzifələrini icra
etmişdi.
Həmin
dövr Rusiya imperiyasının qanunlarına görə
andlı iclasçı adı almaq üçün məhkəmə
sistemində beş illik xidmət
dövrünü başa vurduqdan sonra Əli Mərdan bəy
sərbəst vəkillik fəaliyyətini seçərək
1894-cü ildə Bakıya köçmüşdü. Bakı o illərdə
Cənubi Qafqazın siyasi və mədəni həyatında
mühüm rol oynamağa başlamışdı.
Bakıya gəliş Əli Mərdan bəyin həyatında
yeni mərhələ açmışdı. Burada, Azərbaycanın
baş şəhərində o, ictimai işlərin fəal təşkilatçısı
kimi özünün bütün parlaq qabiliyyətlərini
tam gücü ilə aşkara çıxarmışdı. Tezliklə biz onu şəhər Dumasının
qlasnıları sırasında görürük. Burada şəhər
özünüidarəsinin müxtəlif sahələrdəki
fəaliyyətində soydaşlarının maraq və mənafelərini
qorxmadan müdafiə edirdi. Təxminən eyni
dövrdə Əli Mərdan bəy həm də fəal
publisist kimi fəaliyyətə başlamışdı,
müsəlmanların sərəncamındakı yeganə
rusdilli mətbuat orqanını-gündəlik “Kaspi” qəzetini
redaktə edirdi. Keçmiş Rusiya
imperiyasının bütün müsəlman əhalisinin mənafeləri
keşiyində dayanan bu qəzet çox geniş
coğrafiyada yayılırdı. O, hökumətin nəzərində
həm də “panislamistlərin” əsas təbliğat
orqanı sayılırdı. Nəticədə
Əli Mərdan bəy dəfələrlə jandarm idarəsinə
çağrılmışdı. Yerli
vitse-qubernatorun simasında Bakı senzurası dəfələrlə
çapa hazır olan materialları qəzetin səhifələrindən
çıxarmışdı.
Beləliklə,
keçmiş Rusiya xalqları arasında milli-azadlıq hərəkatının
qüvvətlənməsinə təkan verən 1905-ci il gəlib çatdı. Təəssüf
ki, həmin dövr Qafqazda yerli rus hakimiyyətinin hər vasitə
ilə körüklədiyi erməni-azərbaycanlı
qarşıdurması ilə səciyyəvi idi. Belə şəraitdə də Əli Mərdan bəy
özünəməxsus nəciblik və siyasi takt
nümayiş etdirmişdi. O, ümumqafqaz işi
üçün məhvedici xarakterə malik
qarşıdurmanın nizama salınmasının əsas təşəbbüskarlarından
biri olmuşdu.
1905-ci ilin aprelində Əli Mərdan bəy Bakı
şəhər Dumasının nümayəndəsi kimi
Peterburqa yola düşmüşdü. Səfərdən
əsas məqsəd o zaman hələ layihə halında olan
Dövlət dumasında Bakı təmsilçilərinə ən
azı üç yer ayrılmasını təmin etmək
idi. Əli Mərdan bəy bu yolla şəhərin
üç əsas milli qrupunun Dumada təmsil olunmasına
çalışırdı. Həmin il
may ayında isə Əli Mərdan bəy Qafqaz müsəlmanlarının
digər nümayəndələri ilə birlikdə rus
hökumətinə müsəlmanların ehtiyacları
haqqında xüsusi məruzə hazırlayıb təqdim
etmişdi. Eyni vaxtda Əli Mərdan bəy və
İsmayıl Mİrzə Qasprinski keçmiş Rusiya
imperiyasının müsəlman xalqlarının nümayəndələrini
Peterburqa, ümumi hərəkat proqramı işləyib
hazırlamağa dəvət etmişdilər. Əli Mərdan
bəy ali hakimiyyət dairələrindən
həm də milli şüurun inkişafında müstəsna
rol oynayan Azərbaycan-türk dilində gündəlik qəzetin
nəşrina icazə almağa nail olmuşdu. Yeni
açılan “Həyat” adlı qəzet onun ideya dostları
Əhməd bəy Ağayev və Əli bəy Hüseynzadənin
redaktorluğu ilə çıxırdı.
1905-ci ildən etibarən Əli Mərdan bəy
özünü bütünlüklə siyasətə həsr
etmiş, müsəlman xalqların mütləqiyyətə
qarşı mübarizəsinin təşkilini fəaliyyətinin
başlıca məqsədinə çevirmişdi. 1905-ci ilin
avqustunda o, müsəlman xadimlərin Nijni-Novqorodda
keçirilən I qurultayına rəhbərlik etmişdi.
1906-cı ilin yanvarında Peterburqda baş tutan
II qurultay da Əli Mərdan bəyi sədrliyə
seçmişdi. 1906-cı ildə o,
artıq Dövlət dumasının deputatı idi. Ətrafında başçılıq etdiyi 26 nəfərdən
ibarət müsəlman deputat fraksiyası
toplanmışdı. Peterburqda müxtəlif
millətlərin nümayəndələrindən ibarət
Muxtariyyətçilər İttifaqında da Əli Mərdan
bəy aparıcı rollardan birini oynayırdı. O, həmin
İttifaqın sədr müavini seçilmişdi.
Məlum olduğu kimi, I Dövlət dumasının
ömrü cəmisi 72 gün çəkmişdi. Duma
buraxıldıqdan sonra Əli Mərdan bəy “Vıborq Bəyannaməsini”
imzalayan deputatlar sırasında yer almışdı. Nəticədə o da Bəyannaməyə imza atan
digər Duma üzvləri ilə birlikdə təqib və təzyiqlərə
məruz qalmış, 3 aylıq həbs cəzasına məhkum
olunmuş, bütün siyasi hüquqlarını itirmişdi.
Hökm qüvvəyə mindikdən sonra
Əli Mərdan bəy nəinki qurucularından biri olduğu
“Kaspi” qəzetini redaktə edə bilmiş, hətta özəl
mətbəə saxlamaq hüququndan da məhrum edilmişdi.
1906-cı ilin avqustunda Nijni-Novqorodda müsəlmanların
daha bir qurultayı keçirilmişdi. Həmin
qurultayda “İttifaqi-müslümin” adlı ümummüsəlman
partiyası yaratmaq qərara alınmışdı. Partiyanın Mərkəzi Komitə rəhbərliyinə
Əli Mərdan bəy gətirilmişdi. Bununla
da ölkənin müsəlman cəmiyyəti rus məhkəməsinin
qərarını mənəvi şəkildə də olsa
heçə çıxartmış və öz liderinə
inandığını nümayiş etdirmişdi.
1906-1910-cu illər arasında Əli Mərdan bəy
Dumanın Müsəlman fraksiyasına yardım məqsədi
ilə yaradılan xüsusi Büronun rəhbəri idi. 1908-ci ildə
o, “Vıborq Bəyannaməsini” imzaladığına görə
haqqında çıxarılmış məhkəmə qərarının
icrası ilə əlaqədar üç ay Peterburqun məşhur
Krestı həbsxanasında həbs cəzası çəkmişdi.
1910-cu ildə Rusiyada irticanın güclənməsi nəticəsində
Əli Mərdan bəy Qafqaza qayıtmış, burada əsla
zəifləmək bilməyən enerji ilə rus idarəçiliyinə
qarşı mübarizəsini davam etdirmişdi. O, çəkinmədən
soydaşlarının və həmvətənlərinin
taleyini yüngülləşdirmək üçün
bütün mümkün vasitələrdən istifadə
edirdi.
1917-ci il inqilabının başlanması Əli Mərdan
bəyi Azərbaycanda milli maraqlar uğrunda mübarizə
aparan ictimai-siyasi xadimlərin ön sırasına
çıxarmışdı.
1917-ci ilin aprelində o, Bakıda Qafqaz müsəlmanlarının
I qurultayına sədrlik etmişdi. May ayında isə
Ümumqafqaz müsəlmanları Mərkəzi Komitəsinin
nümayəndəsi sifətində Moskvada, Rusiya müsəlmanlarının
qurultayına qatılmışdı.
1917-ci
ilin iyunundan həmin ilin sonuna qədər Əli Mərdan bəy
Azərbaycan Milli Şurasının rəhbəri kimi fəaliyyət
göstərmiş, Moskvadakı Dövlət Müşavirəsi
adlı toplantıda iştirak etmiş və burada Rusiya
müsəlmanları adından nitq söyləmişdi.
Azərbaycan dövlət müstəqilliyini elan etdikdən
sonra Əli Mərdan bəy yeni dövlətin ilk xarici işlər
naziri (Azərbaycan Cümhuriyyətinin ilk xarici işlər
naziri Məmməd Həsən Hacınski olmuşdu-V.Q.) təyin
edilmişdi.
Gənc respublikanın dövlət aparatında bir sıra məsul
vəzifələr (Türkiyə və Gürcüstanda
Fövqəladə və Səlahiyyətli nazir, Parlament sədri) tutan Əli Mərdan
bəy 1918-ci ilin sonunda Xarici heyətin (Paris Sülh
konfransına göndərilən nümayəndə heyəti
-V.Q.) rəhbəri seçilmişdi. Bu heyətin üzərinə
dünya ictimai fikrini və aparıcı dövlətlərin
hökumətlərini Azərbaycanla yaxından tanış
etmək və onun müstəqilliyinin tanınmasına nail
olmaq kimi məsul bir vəzifə qoyulmuşdu.
Nümayəndə
heyəti 1919-cu ilin yanvarında səfərə
yollanmış və növbəti il
yanvarın 12-də Azərbaycanın müstəqilliyinin əvvəlcə
Ali Şura, sonra isə Sülh Konfransı tərəfindən
tanınmasına nail olmuşdu. Sülh Konfransına Azərbaycanla
bağlı müvafiq izahlar verən Əli Mərdan bəy
Şimali Qafqaz Respublikasının müstəqilliyinin tanınmasının
zəruriliyi fikrini də diqqətə
çatdırmışdı.
Qırmızı Rusiyanın Azərbaycan üzərinə
xaincəsinə hücumundan sonra Əli Mərdan bəy
yorulmadan həm Azərbaycanın, həm də Rusiya əsarətinə
düşmüş digər xalqları nümayəndələri
ilə birlikdə bu xalqların maraqlarını müdafiə
etmişdi.
Həyatının son illərində bütün
qüvvə və enerjisi bu işə sərf olunmuşdu. Tale onun
qurbanlarla dolu 50 illik fəaliyyətinin gözəl və
uğurlu akkordla sona çatmasına yar oldu. Bu ilin iyul ayında Əli Mərdan bəy Qafqaz
xalqlarının həyatındakı ən diqqətəlayiq
hadisədə iştirak etdi. Çoxillik
mübarizə və səylərinin bəhrəsi olan Qafqaz
Konfederasiyası Paktına imza atdı.
Lakin Qafqaz birliyi ideyasının zəfərini görmək
Əli Mərdan bəyə qismət olmadı. Noyabrın 5-də,
bazar ertəsi onun ürəyi döyünməkdən
dayandı. Noyabrın 8-də isə cənazəsi
yad torpaqlara tapşırıldı. Qəbri
üzərində həyatını, mübarizələrini,
vəsiyyətlərini əziz tutan insanların gətirdiyi
güllərdən böyük bir dağ yarandı.
Allah bu alovlu vətənpərvərə və yorulmaz
mübarizə rəhmət eləsin.
Pəri
xanım Topçubaşının məktubu
Mərhəmətli
cənab,
Hörmətli
baş redaktor!
İcazə
verin Sizin jurnalınız vasitəsi ilə
mərhum ərim Əli Mərdan bəy Topçubaşinin
xatirəsini yad edən bütün dağlılara öz minnətdarlığımı
bildirim.
Sizə bəslədiyim dərin ehtirama
inanmağınızı istərdim.
Hörmətlə
Pəri xanım Topçubaşı.
“Şimali
Kafkasya-Severnıy Kavkaz”, 1934, sayı 7
lll
P.S. Jurnal
mətnlərində adların və vəzifələrin
yazılışındakı fərqliliklər olduğu kimi
saxlanmışdır. Digər mühüm cəhət
Əlimərdan bəyin soyadı ilə bağlıdır.
1922-ci ildə o, rəsmən “ov” sonluğu ilə
bitən soy adından imtina etmiş və ailə ənənəsini
davam etdirərək Topçubaşı kimi qalmaq arzusunda
olduğunu bildirmişdi. Lakin istər o
zaman, istərsə də bizim günlərdə Əlimərdan
bəyin bu iradəsinə ardıcıllıqla əməl
olunmamışdır.
V.Q.
Vilayət QULİYEV
525-ci qəzet.- 2018.- 31mart.- S.18-19