Ağacavad Əlizadə: mühüm
anlar, unudulmaz məqamlar...
Biz 1948-ci ilin payızında rayonumuzdakı mərkəzi
kitabxanaya dərnək üzvü kimi gedib-gələndə o,
Ağacavad idi.
Sonralar Ağacavad Əlizadə kimi məşhurlaşdı.
1948-ci ilə qayıdıram. O vaxt görüşümüzə
gəlmiş Zeynal Cabbarzadə ilə şəkil çəkdirmişdik.
Bu yadigarı son zamanlar üstümdə çox gəzdirib
üçsıralı əksimizə dönə-dönə
baxır, yan-yörəmdəki adamlara eşitdirirəm:
- Bu, Xəlil
Rza Ulutürkdü, bu, Əliağa Kürçaylıdı,
bu, Ağacavad Əlizadədi, bu da...
Dağılmış ittifaqda orta ömür həddi
guya yetmiş idi. Dünyaya qədim Muğanda göz
açan, əsrimizin ikinci yarısında yazıb-yaradan sənətkarlarımızın
heç biri, təəssüf ki, yaşın yuxarıda
göstərilən zirvəsini fəth edə bilmədi.
Yalnız Ağacavad “tilsim”i qırıb topoqrafların
adlandırdıqları kimi, “kulminasiya”ya (ən uca nöqtəyə)
lap yaxınlaşmışdı. Lakin amansız fələk
qəfil fərmanıyla onun da qəlbini döyünməkdən
həmişəlik dayandırdı: 1995-ci ilin aprelində. Yazın ilk günündə - Novruzda
doğulmuşdu. Yazın təbiəti
daha da gözəlləşdirdiyi çağda
köçdü o dünyaya Ağacavad. Bir dəfə
məclisdə demişdim: “Ağa, arzum budur ki, 2001-ci ildə
də qədəhlərimiz toqquşsun”. Tez inciyən idi: “Elə
bilirsən gələn yüzilliyə çıxa bilmərəm?
Sən de ki, 2021-ci ildə qədəhlərimiz
toqquşsun!”
Tabe olub ustadın sözlərini təkrarladım.
Xatirələrimin
az hissəsinə söykənib
kağıza köçürdüklərimi ancaq və ancaq
onu yaxından tanıyan dostu və yerlisitək qələmə
almışam. Ağacavadın poeziyası və
publisistikası barədə yazılanların sayını
dürüst söyləmək çətindir. İstəyirəm
Xəlil Rza Ulutürkün sözləri ilə söhbətlərimin
girişini tamamlayım: “A.Əlizadənin
yaradıcılıq yolu... hamar olmayıb. A.Əlizadə
illərin sınağından alnıaçıq,
üzüağ çıxmış, sənətkar iradəsini
qoruyub saxlaya bilmişdir”.
... Hər dəfə fevralın 20-də - sevimli və
qüdrətli şairimiz Əliağa Kürçaylının
anadan olduğu gündə məzarına baş çəkdiyimizi,
Salyanda “Kürün töhfələri” ədəbi birliyinin
məşğələlərində birgə iştirak etməyimizi,
evdə, yolda, səfərdə dönə-dönə
rastlaşdığımızı yada salıram. Bu görüşlərdən
aldığım təsiri bircə cümlə ilə deməyə
çalışsam, deməliyəm ki, Ağacavad Əlizadə
hər yerdə, xüsusən el-oba içində, xalq
qarşısında şair və poeziya
anlayışlarını ləyaqətlə təmsil edir.
Ağacavad “Ədəbiyyat qəzeti” redaksiyasında məsul
katib işləyirdi. 50 yaşı tamam olanda mən Moskvada elmi
ezamiyyətdə idim. Novruz bayramında
doğulduğu üçün ad günü yaxşı
yadımda qalmışdı. Ev
ünvanını unutduğumdan təbrik teleqramını
redaksiyaya göndərdim. Yeri gələndə elə
hey deyərdi: “50 yaşımı hamıdan qabaq, özü də
xeyli uzaqlardan birinci Oqtay təbrik edib”.
Əvvəllər adi diqqət saydığım hərəkətimi
o qədər tərifləmişdi ki, on ildən sonra daha
uzaqdan - Fin körfəzi sahillərindən teleqram göndərib
“60 yaşın mübarək!” söyləmişdim.
Nəhayət, 65 yaş günü gəlib
çatdı.
Səhər-səhər Günəşlidən
9-cu mikrorayona yola düşdüm ki, yubilyarı təbrik
edim. Süfrə arxasında ailə
üzvləri, təzə qohumları, Əlibala Hacızadə
və mən əyləşmişdik. Bir
zaman xeyir işimin tamadası olmuş ağsaqqalın məclisini
idarə etmək mənə tapşırıldı. Bu
misralar o unudulmaz saatların kiçicik əks-sədasıdır:
Altmış
beş oldu yaşı,
Altmış
beş zirvə aşıb,
Son
zamanlar söz silahı
Avtomatla
qoşalaşıb,
Çünki
vahid vətənlidir,
Vüqarlıdır,
Mətinlidir,
Cəsur
şair Ağacavad!
Hünər
yolu keçir hərdən
Odlu,
qaynar bölgələrdən,
“Eşqi atəş, şeiri güllə”.
Kabuslardan,
kölgələrdən
İçimizi təmizləyir.
Qoçaqları
əzizləyir
Cəsur
şair Ağacavad!
Qələm dostlarının, həmkarlarının əksəriyyəti
onu “Ağa” çağırırdı. “Azərbaycan” jurnalı
redaksiyasında məsul katib vəzifəsində işləyəndə
çapla bağlı mübahisə zamanı görkəmli
bir ədib hirslənərək deyib: “Sən mənimlə
Ağa Cavad kimi danışırsan”. Bəli,
biz ona qısaca, lakin səmimi şəkildə “Ağa”
deyirdik, çünki Ağacavadı öz
böyüyümüz sayırdıq.
Bir dəfə
dedim:
- Ağa,
sənədlərdə adları rəsmi surətdə
“Ağa” olanların beş-altısını yaxşı
tanıyırıq. Amma nə vaxt, harada cəmləşsək,
desələr ki, Ağa gəlir, həmin adların heç
biri yada düşmür. Hamı dərhal
bilir ki, söhbət Ağacavad Əlizadədən gedir.
“Tapıntım” ustadın xoşuna gəlmişdi. Bu barədə
başqa yoldaşlara özü danışırmış.
Saz və söz sərrafı Aşıq Pənahın
ölümündən sonra sədasını daha çox
eşitdiyimiz müğənni-bəstəkar Qulu Əsgərovun
qəbri üstündə Ağacavadın bağrından
qopan yanıqlı sözlər, naləli, fəryadlı kəlamlar
yaddaşıma ömürlük naxışlanıb. Əliağa
Kürçaylının - yaşıdının dəfnində
ağsaqqallıq yükünü çiyninə götürüb
minlərlə insanı qarşılayan, yola salan
eloğlumuzun xeyirxahlığı həm də vəfalılıq,
mərdlik, kişilik rəmzi idi.
HAŞİYƏ:
Ağacavadın hazırcavablığı ilə əlaqədar
bir əhvalatı xatırlayıram. Qəbiristanlıqdan
təzəcə qayıdıb Əliağagilin həyətinə
toplaşmışdıq. Kənarda,
camaatdan aralı dayanmış iki tanınmış müəllif
Ağacavadı çağırdı. Onlar
nə haqda danışdı, sonra bilindi. Deyiblər:
“Şairliklə, redaktorluqla yanaşı, sən həm də
mollalığı bacarırmışsan ki?!” Ağacavad isə
sərrast cavabla üstünlük qazanıb: “Sizin kimi
şair olmaqdansa, mollalıq daha şərəflidir!”
Ağacavadın yaxşı mənada dəhşətli
yaddaşı vardı. S.Vurğunu, S.Rüstəmi, R.Rzanı,
M.Müşfiqi, M.Rahimi əzbərləmişdi. Əliağanın, Xəlilin, mənim...
özümüzdə tapılmayan yazılarımızı bəzən
ondan xəbər alardıq.
50 illiklə əlaqədar Xəlilgilə
yığışmışdıq. Ziyafət başlamazdan əvvəl
Ramiz Duyğun araqarışdıran bir sual atdı ortaya:
“Görəsən, əzbər şeir oxumaqda hansı qalib gələr
- Ağacavad müəllim, yoxsa Zəlimxan Yaqub?” Ağa
birbaşa fikrini açıqladı: “Səhərəcən
yarışmağa hazıram!” Zəlimxanın
yumşalması gərginliyin qabağına sədd çəkdi:
- Mən
hələ elə ərköyün şəyird deyiləm
ki, ustadla bəhsə girim.
Xəlilin yarıməsrlik yubiley
qonaqlığını Ağa uğurla, ustalıqla idarə
etdi.
Qızılağacda hüzr vardı. Ağacavad
Əlizadə, “Pioner” (indiki “Günəş”)
jurnalının baş redaktoru yazıçı Nəriman
Qocaoğlu və mən mərasimə birlikdə yollandıq.
Quran oxunana qədər mollalar müxtəlif
mövzulara toxundular. Din xadimlərindən biri tez-tez əzbərdən
şeir deyirdi. Molla Saleh kimi bilikli, məlumatlı
aparıcının tutduğu iradlara əhəmiyyət verməyəndə
Ağa dözməyib soruşdu:
- Şeirlər kimindir?
Cavab:
-
Özümün.
Ağa:
- Sizin
papağınızı başqasının,
başqasının papağını sizin başınıza
qoysalar, xoşunuza gələr?
Cavab:
- Xeyr!
Ağa:
- Bəs
onda öz zəif misralarınızı
tanıdığımız müəlliflərin əsərlərindən
parçalara calayıb bizi nə üçün
çaşdırırsınız?
Bir dəfə
Ağacavada dedim:
- Biləsuvardan
dünən qayıtmışam. Bir ailədə
qonaq qaldım. Xeyli xoş söhbətlərdən
sonra bir albom verdilər, baxıb vərəqlədim.
Səhifələrin birində gördüm ki, Ağa, sən,
əlində mikrofon, sağında bəylə gəlin,
solunda valideynlər, sağlıq deyirsən. Ev yiyəsi
bildirdi ki, öz çıxışlarınla xeyir işi
rövnəqləndirmisən.
Ağacavad
xeyir işin ayını, ilini də xatırladı:
- İçki haqda fərman təzəcə qüvvəyə
minmişdi. Toy sahibi qonaqlara ancaq çay, şirə, mineral su
içizdirirdi. Bir azman, gur səsli kişi
adını pul siyahısına yazdırıb bərkdən
dedi: “Mötərizədə göstərin ki, yeməyib
getdi”.
Süfrənin
“yanacaq”sızlığı bəzi iştirakçılara,
o cümlədən, həmin şəxsə yaxşı təsir
bağışlamamışdı...
Ağacavad
Əlizadənin özünü və poeziyasını
keçmiş APİ-nin tələbələri, xüsusən
coğrafiya, biologiya fakültələrində təhsil alan oğlan və qızlar daha çox
alqışlayırdılar. Dəfələrlə
onu tələbə yataqxanalarına aparıb
görüşünü təşkil etmişəm. O
mühüm anları, unudulmaz məqamları əks etdirən
şəkillər qiymətli yadigarlardır. Sabahın
pedaqoqları “Əlvan işıq” axşamlarında, disput və
müzakirələrdə şairin çıxışına
diqqətlə qulaq asırdılar.
Bir dəfə Bakının Əhmədli qəsəbəsindəki
kitabxanaya qonaq çağırılmışdıq. Tədbir
Nizami Gəncəvinin 800 illiyinə həsr edilmişdi.
Eloğlumun böyük sənətkara həsr etdiyi misralar mənalı,
təsirli, musiqili şeir nümunəsi kimi səslənirdi:
Saf, ləkəsiz
bir aynadır,
Hər kəlamı yüz mənadır.
Bir
dünyada yüz dünyadır
Nizaminin
söz dünyası!
Görüşün
sonunda yekun söz söyləyən Ağacavad oxuculara dedi:
- Oqtay Rzaya daha çox gül verin. Bu gün,
noyabrın 2-si onun doğum günüdür.
Cavan vaxtda radionun tapşırığı ilə
maldarların həyatından oçerk yazmaqdan ötrü
Ağacavad Qırmızıkəndə yollanır. Oradan 5-6 km-lik
yolu piyada gedib fermaya. Sürülərə
yaxınlaşanda “canavarboğan” itlər cumur üstünə.
Ağacavad köpəklərdən birini
tanıyıb qışqırır “Toqquş!”
Toqquş da öz keçmiş sahibini dərhal
tanıyır.
İtdə olan yaddaşa bax!
Sən
demə, Ağacavad Bakıya oxumağa gedəndə məcbur
olub sevimli Toqquşunu göz yaşı içində
çobanlara veribmiş...
Birdən-birə gözünün
işığını itirən Ağacavada palatada baş
çəkdim. Məni səsimdən tanıdı:
- Oqtay, sənsən?
Uşaqlar necədir?
Bir müddətdən sonra görmə qabiliyyəti bərpa
olundu. Bir gün qohumum Ələkbər Yusiflinin
maşınına əyləşib Sumqayıta yollandıq.
Məşhur göz həkimi Məhərrəm
Novruzludan məsləhət almaq üçün. Dedilər ki, Neftçalaya gedib. Bakıya
pis ovqatla döndük. Amma Ağa xeyirxah
doktordan inciməmişdi. Bir dəfə dedi:
- O, bilirsən,
necə mahir göz cərrahıdır? Mənim
bir gözümün ağını qarasından, bəbəyimi
almacıqdan ayırıb, yenidən birləşdirib yerinə
qoyub. Həkim Məhərrəm nadir şəxsiyyətdir.
Gözləri təzədən zəiflədi. Zərrəbinə
bənzəyən eynəyin köməyilə o, 15-20 faiz
görə bilirdi. Buna baxmayaraq, cəbhə
xəttinə gedir, Ağdamda, Goranboyda, Füzulidə,
Ağstafada döyüşçülərlə
görüşürdü.
“Anam -
ağbirçəkli Muğan torpağı,
Mənə layla deyib söyüd yarpağı.
Kürün
sularında yanıb sinəmdə
Sənətin, ilhamın, sözün
çırağı” - deyərək quzeyli-güneyli Azərbaycanı
tükənməz ilhamla tərənnüm edən vətənpərvər
şair çoxdan aramızda yoxdur. Ondan miras qalan kitablarından birinin
adı belədir: “Hələ söhbətim var”. Şair və poeziya anlayışlarını ləyaqətlə
təmsil etmiş Ağacavad Əlizadənin
ömrünün sonrakı həyatı da 1995-ci ilin
baharından başlayıb.
Oqtay RZA
Əməkdar müəllim
525-ci qəzet.- 2018.- 31 mart.- S.17.