Bir rejissor... İki
pyes... İki gün
Hər dəfə teatrdan qayıdanda içimdə qəribə,
tərifəgəlməz hisslər baş qaldırır.
Tamaşa və onun məndə buraxdığı hisslərdən
əlavə, teatrın özü haqqında düşüncələrə
dalıram. Nədir teatr? Məndən
soruşsanız, deyərəm ki, teatr həyatı insanın
gözləri önündə əks etdirən
güzgüdür. Kitabı açıb
oxuyur, onu hansısa ədibin təxəyyülünün və
ya güclü müşahidəsinin məhsulu
adlandırırıq. Oradakı hadisələri
görmür, hiss edirik. Film geniş şəkildə
hansısa hadisələr yığınını
montajlayıb konkret vaxt çərçivəsində
nümayiş etdirir. Teatr isə gündəlik
həyatımızda - evdə, yolda, işdə, qonaqlıqda,
tədbirdə, görüşdə
qarşılaşdığımız, müşahidə
etdiyimiz hadisələrin məkanıdır. Sadəcə
bu hadisələrin gündəlik həyatdan fərqi adına “tamaşa” deyilməsi və bir qrup
insana toplu şəkildə nümayiş olunmasıdır.
Düşünürəm ki, yaxın keçmişdən
fərqli olaraq, indi teatr sahəsində durğunluqdan şikayətlənmək
naşükürlük olardı. Hər dəfə
tamaşa sonrası bir daha bu sahədəki inkişafa əmin
olur və sevinirəm. Zaman keçdikcə
istər aktyorluq, istərsə də rejissorluq sənətinə
bir-birindən istedadlı gənclər gəlməkdə,
özləri ilə birgə yeni nəfəs, yeni ruh gətirməkdədilər.
Bir az da mübaliğəyə yol versək,
hazırkı teatrımızı gənclərin teatrı
adlandıra bilərik.
Əlif Cahangirli də istedadı və bu sənətə
sevgisi ilə seçilən, gələcəyi haqqında
başda müəllimləri olmaqla, hər kəsdə
böyük ümidlər doğuran gənc rejissordur. Onun Akademik
Milli Dram Teatrında rejissor kimi fəaliyyətə
başlamasından çox da uzun zaman keçməyib. Amma o, istedadı, zəhməti, bacarığı
ilə artıq bir neçə tamaşanın rejissoru, ya da
ortaq rejissorudur. Mart ayını onun
üçün məhsuldar ay hesab edə bilərik. Çünki martın 27-si və 29-da quruluşunu
verdiyi iki tamaşanın premyerası keçirildi. Sevindirici haldır ki, mart ayında sözügedən
teatrda ilk dəfə təqdim olunan üç səhnə əsərinin
ikisinin rejissoru məhz Əlif Cahangirlidir.
“Olum, ölüm?!”
Martın 27-si Akademik Milli Dram Teatrı üçün
başqa səbəbdən də əlamətdar idi. Həmin gün teatrda Abbas
Mirzə Şərifzadə adına
kiçik səhnə də istifadəyə verildi. Səhnənin ilk açılışı
yazıçı Kamal Abdullanın “Bir, iki-bizimki!” pyesi əsasında
hazırlanmış eyni adlı tamaşanın premyerası
ilə baş tutdu.
Rejissor
Əlif Cahangirlinin quruluş verdiyi səhnə əsərinin
bədii rəhbəri Akademik Milli Dram Teatrının bədii
rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətov, rəssamı
əməkdar mədəniyyət işçisi İlham
Elxanoğlu, işıq rəssamı Rafael Həsənov, səs
rejissoru Şahanə Səlimova, rejissor assistenti Nərmin Həsənovadır.
Rollarda əməkdar
artist Ayşad Məmmədov, aktyorlar İlahə Həsənova,
Ziya Ağa, Xədicə Novruzlu və Canəli Canəliyev
çıxış edir.
Bu, sözügedən pyesin səhnə ilə ilk
tanışlığı deyil. Əsər öncə
Bakı Kamera teatrında səhnələşdirilib.
Ötən il isə dəfələrlə
Yuğ teatrında rejissor Gümrah Ömərin quruluşunda
“Səsimi unutma” adı ilə nümayiş olunub. Kitabdan oxuduğum pyesə və Yuğ
teatrındakı tamaşa haqqında yazılmış
resenziyalara nəzər saldıqdan sonra Əlif Cahangirin əsərə
daha fərqli və özünəməxsus
yanaşdığını gördüm. O,
özünün əlavə etdiyi simvollarla pyesi sanki müəlliflə
birgə yenidən yazmışdı. Təbii
ki, əsərin ruhunu saxlayaraq.
Tamaşa əvvəlcə qəribə dekorasiyası ilə
diqqətimi cəlb etdi. Balaca zalda olduqca sadə və bəzək-düzəksiz
səhnə qurulmuşdu: məkanda otaq ab-havası yaradan
üz-üzə qapılar və sol tərəfdə
qoyulmuş masa ilə stul... Ancaq bu otaq biz
bildiyimiz, alışdığımız otaqlardan deyil, bu
otaqda nəsə qeyri-adi aura var. Sanki çəkisizlik, məkansızlıq
hökm sürür burda. Elə buna
görə də otağın nə əvvəli var, nə
sonu, nə sağı, nə solu. Bir tərəfdə
baş verənlər o biri tərəfdə təkrarlanır.
Qırmızı
köynəkli, ağ saçlı bir adam
(Ayşad Məmmədov) otağın içərisində qəribə
hərəkətlər edir: gah kitab oxuyur, gah ora-bura gedir, gah
qapıları açıb harasa baxır, gah səs
eşidirmiş kimi haranısa, kimisə dinləyir, gah da
sakitcə bir tərəfdə oturub gözlərini yumur. İlk baxışdan adamın tənhalığından
əziyyət çəkdiyini anlamaq heç də çətin
deyil. Amma otaqda baş verən qəribə
hallar tamaşaçını gərginlikdə saxlamağa
davam edir. Axı hər şey bu qədər sadə ola bilməz. Səssiz, pantomim hərəkətlərlə
davam edən əsərdə aktyor hər hərəkətilə
daxilindəki təlatümü izləyiciyə
ötürür, onu da baxışlarından tutub
özünün müəmmalarla dolu taleyinə sürükləyir.
Gərginliklə keçən dəqiqələri daha
da gərginləşdirən obrazın hərəkətlərindəki
ikiləşmə, ya da hərəkətinin bir otağın
içindəcə əksidir. Sanki otağın bir
başından o biri başını əks etdirən
güzgü asılıb. Nələr
baş verdiyini təbii ki, sonra, hadisələr
açılanda anlayacaqdıq, ancaq obrazın ruh halı onun
yaşantısı haqqında müəyyən fikirlər
oyadır. O, düşdüyü vəziyyətdən
çıxış yolu axtarır, səssizcə pantomim hərəkətlərinə
davam edərkən düşünürəm: bu adam gəncliyini qeyri-müəyyənliklər
içərisində keçirmiş, öz həyatını
qura bilməmiş, buna görə də əbədi təkliyə
məhkum olmuş adamdır. Artıq yaş
ötüb, saç ağarıb, tənhalıq ac quzğun
kimi cisminə, ruhuna, beyninə daraşıb. Başqa bir tərəfdənsə gəncliyində
etmədiklərinin peşmanlıqları didir
varlığını. Elə bunları
düşünə-düşünə hardansa şair Musa
Yaqubun “Eləmədiklərim yandırar məni”
misrasını xatırlayıram. Görünür,
bu adamı da hansısa eləmədikləri yandırır və
gəncliyin xofu, eyni zamanda həsədi yaxasını
buraxmır.
Daha sonra olaylar bir-bir çözülməyə, sirr pərdəsi
ortadan qalxmağa başlayır. Bu isə kişinin illər
öncə dünyasını dəyişmiş
qadınının (İlahə Həsənova) gəlişi
ilə baş verir. Təbii ki, bu gəliş
də cismən deyil, xəyaləndir. O ölüb, amma kişi sağdır. Deməli,
o, kişinin yaddaşında, xatirələrində hələ
də yaşayır. Tamaşa da məhz bunun üzərində
qurulub: bu iki fərqli dünya insanının söhbəti,
bir-birinə təmassız toxunuşları, ehtirası,
sevgisi, peşmanlığı, əsəbi, mübahisəsi,
yenə də qovuşmaq arzuları. Onların dialoqu az öncə düşündüklərimi
müəyyən mənada təsdiqləyir, həmçinin,
kişinin xarakteri, kimliyi haqqında geniş düşüncələr
yaradır. Bu iki nəfər bir-birini eşitmək
istəyir, amma eşitmir, görmək istəyir, amma
görmür, duymaq istəyir, amma duymur. Bütün
ömürlərini öz ağuşuna alan
faciə də məhz budur: bir-birini sevən, bir-birinə can
atan insanların bir-birinin dünyalarındakı
ayrılıq. Elə birinin ölü, o birinin
diri olması da simvolikdir. Onların
dünyaları ayrı idi.
Getdikcə
qəhrəman iki dünya arasında qalır, yəni olum və
ölüm arasında... Zamanında sevgisinə layiqincə
sahib çıxmağa, bir kişi kimi
qadınının arxasında dayanmağa gücü
çatmayan qəhrəman indi daha böyük sınaq
qarşısındadır. Və onu bu
sınağa öncə özü, sonra isə vəfat
etmiş həyat yoldaşı düçar edir. Qadın hələ də öz sevgisindən, istəyindən
vaz keçməyib. Vaxtında onu eşitməyən,
ona qarşı etinasızlıq göstərən,
özünün də dediyi kimi, mənasını bilmədiyi
səbəblər üzündən ondan acıq
çıxan sevgilisindən qopa bilmir. İçində
hələ də bir ümid var, bəlkə heç omasa
indi, məhz indi onu apara bilər. Əslində
seçdiyi zaman da buna uyğundur. Çünki indi kişi çəkisizlik, qərarsızlıq
içərisində çabalamaqdadır. Onu
bu dünyaya bağlayan hər şeyin həqiqətdə
heç nə olduğunu anlayıb. Yəni
getməyin bir addımlığında dayanıb. Bircə təkan, lap kövrək, zəif bir təkan
onu burdan alıb götürəcək. Qadın
da o təkanı axtarır, gah şirin dillə onu ələ
almağa çalışır, gah hirslə bütün həqiqətləri
üzünə çırpıb vicdanını tərpədir,
gah da yaşadığı (yaşamadığı!)
dünyayla əlaqəsinin itdiyinə inandırmağa cəhd
edir.
Bayaqdan otaq kimi gördüyümüz məkan da
artıq öz mahiyyətini itirməyə başlayır. Bura da iki
dünya arasındakı sahibsiz məkana bənzəyir.
Nə yer kürəsidir, nə də cənnət və ya cəhənnəm...
Yazıçının bu pyeslə ifadə etməyə
çalışdığı məqsədlərin
çoxusu elə bu iki obraz arasındakı dialoqda ortaya
çıxır. Qadın kişini qorxaqlıqda ittiham edir.
Və qəribədir ki, özü bu ittihamına haqq da
qazandırır: axı, bu dünyada kim nədən
qorxmur ki? Etdiyimiz bütün hərəkətlər
qorxunun nəticəsi deyilmi? Təsdiq edirik, qorxudan boyun əymiş
oluruq, inkar edirik, həqiqəti öyrənməkdən
qorxuruq...
Kamal Abdulla məsələləri elə qurur ki, hər
şey sanki böyük, eyni zamanda bir məkana sığacaq
qədər kiçik bir oyundur. “Bir, iki-bizimki!”...
Əsərdə
onlardan başqa daha üç nəfər də var:
kişiylə qadının uşaqlığı (Xədicə
Novruzlu və Canəli Canəliyev) və kişinin gəncliyi
(Ziya Ağa). Qadınsa elə gənckən vəfat
edib. Əsərin ən qayğısız
və səs-küylü məqamları da məhz bu
uşaqlardı. Onlar hər şeydən xəbərsiz
dünyalarında bir qapıdan girib o biri qapıdan
çıxır, bir-biriylə oynayırlar: “Üç,
dörd-qapını ört!”
Əsərin
bir yerində artıq kişi qadınla
deyil, özüylə, özünün gəncliyi ilə
üzləşir. Ayşad Məmmədovla Ziya
Ağanın dəqiq ifaları, plastik hərəkətləri
və canlı dialoqu bu səhnəni daha yaddaqalan edir.
Artıq yaşı ötmüş kişi
cavanlıqda etdiklərinə (etmədiklərinə!) görə
gəncliyini, gənc isə getdikcə sönən həyat
eşqinə görə qocalığını
günahlandırır. Vəziyyətdən
çıxış yolu isə bircə dənədir:
qadının səsinə getmək. Bunu ona gəncliyi
də tövsiyə edir. Amma bunun
üçün əsas şərt kişinin buna hazır
olması, qərarında qəti olmasıdır.
O isə
tərəddüd edir, qorxur, çəkinir və nəhayət,
təslim olur. Qəribədir, onu o biri
dünyaya bayaqdan dilə tutan, razı salmağa
çalışan, səsləyən qadın deyil, məhz gəncliyi
aparır. Bu isə onu göstərir ki,
insanın üzərindəki ən böyük təsir elə
insanın özünə aiddir. Müəllifin
dəqiq təsviri, rejissorun canlı quruluşu ilə
kişinin bir dünyadan başqa bir dünyaya keçidi
çox təsirli əks olunur. Nəhayət,
qəhrəman bütün həyatını,
uşaqlığını, xatirələrini, sevgisini, gəncliyini,
sevinclərini, peşmanlıqlarını arxasında qoyub bir
qapıdan çıxır. Qadın və
onların keçmişi isə qapının bu üzündə
qalır. Çünki ölüm ilk
başda insanın yaddaşını əlindən alır.
Qəribə
əhvalat...
Bu tamaşadan iki gün sonra isə Əlif Cahangirli
tamamilə fərqli ampulada teatrsevərlərin
qarşısına çıxdı. Onun quruluş verdiyi
ikinci əsər xorvat ədib Miro Havranın pyesi əsasında
hazırlanan “Qəribə, çox qəribə əhvalat”
tamaşasıdır. Tamaşanın quruluşçu rəssamı
Xalq rəssamı, dövlət mükafatı laureatı Nazim
Bəykişiyev, işıq rəssamı Rafael Həsənov,
səs rejissoru Şahanə Səlimova, rejissor assistenti Nərmin
Həsənovadır. Tamaşanın bədii rəhbəri
Akademik Milli Dram Teatrının bədii rəhbəri-direktoru,
Xalq artisti Azər Paşa Nemətovdur.
1962-ci il təvəllüdlü Miro Havran məşhur
xorvat yazıçı-dramaturqudur. Yazıçının
əsərləri 25 dilə tərcümə olunub. Onun pyesləri müxtəlif ölkələrin
teatrlarında, o cümlədən, ABŞ, Rusiya və
Braziliyada səhnəyə qoyulub. 2003-cü ildə
Slovakiyada Miro Havranın adına beynəlxalq
dram əsərləri festivalı - “Havranfest” keçirilib.
Gənc rejissorun Kamal Abdulla və Miro Havran kimi
böyük və dünyaca məşhur
yazıçıların əsərlərinə müraciət
etməsinin onun üçün daha böyük məsuliyyət
olduğunu anlamaq heç də çətin deyil. Amma o,
özünün fərqli və yaradıcı
baxışı ilə pyeslərə əlavə ruh
qatmağı bacarıb.
“Qəribə, çox qəribə əhvalat” pyesi ifadəsində
sadə, yaşantısında isə mürəkkəb və
adı kimi həqiqətən də çox qəribə bir əhvalat
üzərində qurulub. Qatar bələdçisi
işləyən Draqitsa adlı qadın hiyləgərliyini
işə salaraq eyni vaxtda iki kişiyə ərə getməyi,
üstəlik, bu sirri illərlə onlardan gizli
saxlamağı bacarıb. Ərlərdən biri səliqə-səhmanlı,
ev işlərini gözəl yerinə
yetirən, o biri isə dadlı yemək bişirməyi
bacarandır. Qadının isə bu işlərlə
heç arası yoxdur. Çünki o, işləyir və
ərlərindən üç dəfə artıq maaş alır. Yəni pulla o, ərlərini
susdurmağı bacarır.
Ancaq günlərin bir günü təsadüf nəticəsində
bütün sirrin üstü açılır. İkinci ərin
qapısı döyülür, gələn isə birinci ərdir.
Söhbətdən məlum olur ki, onlar heç də iki nəfər
deyillər, əslində, qadının onlardan qabaq da bir əri
olub və hətta ondan Matilda adlı bir qızı da var. Həmin
ər vəfat edəndən sonra isə (onun əslində
sağ olduğu sonda bilinir) bir il arayla bu
iki kişiyə ərə gedir.
Xalq artistləri Hacı İsmayılov və Rafiq Əzimov, aktyor Ramin Şıxəliyevin məharətli çıxışları ilə hadisə daha da qəribə və komik ab-hava qazanır. İki gün əvvəl nümayiş olunan “Bir, iki-bizimki!” tamaşası nə qədər ağır, psixoloji dram idisə, “Qəribə, çox qəribə əhvalat!” o qədər komik və əyləncəlidir.
İlk baxışda qadını bu hiyləgərliyinə görə qınayıb, kişilərə düşdükləri vəziyyətə görə acıyırsan. Ancaq ərlərin bu hadisədən xilas olmaq üçün irəli sürdükləri təkliflər, ikisinin də qadına olan bağlılıqları onları axmaq vəziyyətə salır. İstər-istəməz tamaşaçı qadının hiyləsinə əsəbləşmək yerinə, bu cür kişilərin başına gətirilənlərə gülür, onlarla əylənir. Aldadılan kişilər çıxıb getmək, qürurlarını xilas etmək əvəzinə, anlaşmağa, hətta anlaşa bilmədikləri yerdə bütün olanları qəbul edib hər şeyi olduğu kimi saxlamağa belə razıdırlar. Bu düşüncədə olan kişiləri qadının uzun illər necə aldatdığını təxmin etmək heç də çətin məsələ deyil yəqin ki.
Zəngin səhnə dekorasiyası, işıq effektləri, musiqi seçimləri və aktyorların dinamik, inandırıcı ifaları sayəsində bir saatlıq əsər sanki su kimi axıb gedir. Özlərinin dili ilə desək, “həmkarlar” bir qadını paylaşa bilməyəndə dostlaşmaq mövqeyini tuturlar. Düzünə qalsa, onların “hər şey necə vardı, elə də qalsın, guya biz heç nə bilmirik” təklifləri qadını paylaşmaq deyilmi?
Pyes ən mürəkkəb halını sonda - qadının birinci əri Nikolanın gəlişi ilə alır. Bütün bədəni gips içərisində olan Nikola da Draqitsanın hiyləsinə aldanan kişilərdəndir. Məlum olur ki, qadın bu üç kişini eyni yolla, eyni situasiyada ram etməyi bacarıb.
Müxtəlif mövzulu bu iki pyesi birləşdirən
əsas obraz məhz qadındır. Birinci pyesdə
qadın ölü və ya xəyal olsa da, hər halda var və
aktiv şəkildə hadisələrə müdaxilə edir,
ona yön verməyə çalışır. İkinci pyesdə
isə o, heç yoxdur, görünmür,
tamaşaçı qadını sadəcə divardan
asılmış portretindən tanıyır, amma o, yenə də
hadisələrin mərkəzində yer alır. Əbəs
yerə deməyiblər ki, “Qadın böyük qüvvədir!”
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2018.- 31 mart.- S.16;23.