Vaqif Yusifli-70
Bu il aprelin
20-də görkəmli tənqidçi,
ədəbiyyatşünas-alim Vaqif Yusiflinin 70 yaşı tamam olur.
Vaqif müəllim
özü 20 apreldən
söz düşəndə
onunla eyni gündə doğulan çoxlu sayda məşhur adamların adlarını çəkir. Doğrusu, bürclərə,
günlərin mistikasına
inanmadığım üçün
məhz 20 aprelin Vaqif müəllimin taleyində hansı rol oynadığını
deyə bilmərəm.
Amma onu dəqiq söyləmək olar ki, tale də, təbiət də ona qarşı xeyli səxavətlidir.
Sözü, ədəbiyyatı duymaq istedadı, zəhmətkeşliyi, insansevərliyi
Vaqif Yusiflinin uğur resepti sayıla bilər.
60-cı illər ədəbiyyatımızın
intibah dövrü kimi qiymətləndirilir. Təxminən 70-ci illərin sonundan isə bu dövr
ədəbi tənqidçilər
tərəfindən dəyərləndirilməyə,
araşdırılmağa başlandı.
Vaqif Yusifli də məhz belə bir dövrdə ədəbiyyata gəldi və elə ilk məqalələrindən diqqəti
cəlb etdi. Lap
ilk məqalələrindən haqqında yazdığı
qələm sahiblərinin
yaradıcılığını bütöv öyrənməsi, araşdırması,
həmçinin, o yaradıcılığın
ən başlıca məziyyətlərini önə
çəkməsi, əsas
özəyi oxucuya göstərməsi Vaqif Yusifli tənqidinin üstünlüyüdü. Akademik
Kamal Talıbzadə “Tənqid də yaradıcılıqdır” məqaləsində
yazırdı: “1975-ci ildə
direktor müavini işlədiyim Nizami adına Ədəbiyyat
İnstitutunun aspiranturasına
növbəti qəbul
imtahanı başlanırdı.
Səhv etmirəmsə,
həmin il
əyani aspiranturaya bir yer ayrılmışdı.
Müsabiqədə isə səkkiz
nəfər iştirak
edirdi. Birinci imtahan ixtisas
fənnindən idi və elə ilk imtahanda arıq, çəlimsiz bir oğlan diqqətimi cəlb etdi. O, verilən sualların əhatə dairəsindən
çox-çox kənara
çıxır, öz
məntiqi cavabları
ilə adi bir kənd müəllimi
olmadığını sübut
edirdi. Həmin imtahanda yeganə beşi həmin arıq, çəlimsiz oğlan aldı...” Akademik Kamal Talıbzadənin haqqında söz açdığı o “arıq,
çəlimsiz oğlan”
Vaqif Yusiflidi. Kamal Talıbzadə sonradan öyrənir ki, Vaqif müəllim digər imtahanlardan da ən yüksək
nəticəni göstərib,
ona özü elmi rəhbərlik edir və “Müasir
Azərbaycan nəsrində
konflikt və xarakter” adlı dissertasiya mövzusu verir. Vaqif Yusiflinin yazdığı
həmin dissertasiya və bu mövzuda
xeyli məqalələri
elmi mühitdə mübahisələrə səbəb
olan altmışıncılar
nəsrinin xeyrinə olur. Obyektiv yanaşmaları, dəqiq elmi mülahizələri ilə
Vaqif Yusifli bu nəslə aid olan bir çox
yazıçıların yaradıcılığını
özünəməxsus şəkildə
şərh edir.
Vaqif Yusifli tənqidinə xas olan əsas məziyyətlərdən biri
də odur ki, tənqidçi haqqında yazdığı
qələm adamını
mütləq öz nəsildaşları ilə
müqayisəli şəkildə
oxucuya təqdim edir, eyni zamanda,
dövrün panoramasını
verir, inkişaf tarixini nəzərə çatdırır. Bu baxımdan
“Rəsul Rza və müasir Azərbaycan poeziyası” kitabı son dərəcə
mühümdür. Vaqif
müəllim görkəmli
şairimiz Rəsul Rzanın yaradıcılıq
yoluna nəzər salmaqla, bəzi şeirlərini ayrı-ayrılıqda
təhlil etməklə,
sərbəst şeirimizin
qorunması, inkişafındakı
xidmətlərini vurğulamaqla
yanaşı, onu özündən sonrakı
nəsil şairlərlə,
davamçılarıyla - Əli
Kərim, Fikrət Qoca, Ələkbər Salahzadə, Vaqif Səmədoğlu, Fikrət
Sadıqla da müqayisə edib. Daha doğrusu, Rəsul Rzanın qoyduğu yolun sonralar necə davam etdirilməsini göstərib.
Ümumiyyətlə, Vaqif Yusifli yaradıcılığına
ümumi bir nəzər salsaq, görərik ki, o, ədəbiyyatımız üçün
önəmli olan, ədəbiyyat tariximizdə
yeri olan bircə sənətkarı,
bircə ədəbi hadisəni də diqqətdən qaçırmamağa
çalışır. Həm poeziyamızı,
həm də nəsrimizi peşəkar tənqidçi qələmi
ilə təhlil edib oxuculara daha da sevdirir.
“Məmməd Araz dünyası”, “Ürəyimi
sərdim günəşə”
(F.Qoca haqqında), “Tənqid yarpaqları”, “Yaxşı ki varsan”, “Şeirimizin Nərimanı” və s. kitabları Azərbaycan ədəbiyyatının ən
önəmli imzalarının
yaradıcılıqlarını təhlil edir. Ədəbiyyatda öz yeri olan, məşhur, sevilən imzalarla yanaşı, ədəbiyyata
yeni gələn qələm sahiblərinə
də səxavətlə
müraciət etməsi
Vaqif müəllimin üstün cəhətlərindən
biridir. Yadımdadı
ki, bir neçə
il əvvəl
M.F.Axundzadə adına
Milli kitabxanada Mədəniyyət və
turizm nazirliyinin “Qızıl kəlmə” mükafatı təqdim olunurdu. Müxtəlif nominasiyalar üzrə
mükafat alanlar arasında gənclər üstünlük təşkil
edirdi. Vaqif müəllim tədbirdən
çıxandan sonra foyedəki furşetdə böyük qürur hissi ilə “mükafat alan
uşaqların hamısı
haqqında yazmışam”
- deyirdi. Doğrudan da hamımız
haqqında elə ilk kitablarımız çıxan
kimi yazmışdı,
təhlillərini edib,
tövsiyələrini vermişdi.
Ona görə Qızıl kəlmə mükafatının
bu gənclərə verilməsini öz proqnozlarının doğrulması,
uzaqgörənliyinin təsdiqi
hesab edirdi. Bu yerdə Vaqif müəllimin
ümumiyyətlə yeni
gələn nəslə,
gənclərə diqqətini
xüsusi vurğulamaq
istəyirəm. Yazılarında
bir az
istedad, zəhmət duyulan çox-çox gənc haqqında Vaqif Yusifli böyük
səxavətlə yazıb,
onları təbliğ
edib, tanıdıb. Böyük minnətdarlıq hissi ilə deməliyəm ki, mənim də ilk kitabım olan “Qar yağacaq”
haqqında çox xeyirxah bir yazı
yazmışdı Vaqif
müəllim.
Ümumiyyətlə, Vaqif müəllimin ciddi fərqlərindən
biri də yaxşını görməyə
və qabartmağa
çalışmasıdı. Bəzi tənqidçilərin
“nifrət püskürmə”, bəzilərinin “neqativ atma” kimi
anladıqları, yerinə yetirdikləri işi,
o, zövqlə, yaxşılıq niyyəti
ilə edir və bu
xeyirxahlıq onun
yazılarının elmi səviyyəsinə
qətiyyən ziyan etmir.
“Azərbaycan” jurnalının baş
redaktoru İntiqam
Qasımzadə “Onun meyarı: ədəbi
vicdan” məqaləsində bu keyfiyyəti xüsusi
vurğulayır: “Əsl tənqidçi mənim nəzərimdə
yaxşını görə bilən, buna
sevinməyi bacaran, ürəyində ədəbiyyata,
sənətə sonsuz məhəbbəti
olan qəlbi geniş,
fitrən istedadlı qələm adamıdır. Vaqifi mən bu tənqidçilər
sırasında görürəm. O, bu gün də, bu
yaşında da yaxşı şeirə rast gələndə onu oxuyub əzbərləmək həvəsini
itirməyib”. Doğrudan da
nədənsə bir çoxları “tənqid”
sözünü birbaşa
mənada qəbul edir və mütləq bir səhv, yanlışlıq axtarıb tapmağa, yazıçıya yol
göstərməyə çalışırlar. Heç nə
də tapmayanda “mühitin
təsiri”, “rejimi öymə” kimi mənasız simvollar
tapıb “təəssüf” edirlər öz
aləmlərində. Elə akademik İsa Həbibbəyli də “Yusifli
Vaqifdən Vaqif Yusifliyə” məqaləsində
bu məsələyə xüsusi
diqqət ayırır: “Gerçək ədəbi
tənqid ədəbiyyatdakı bütün
halları - gözəlliyi də, nöqsanları da, uğurları da, kəsirləri
də obyektiv elmi
mövqedən, qərəzdən uzaq yanaşmalarla dəyərləndirməyi bacaran tənqiddir. Ədəbi tənqid
hap-gop, yalan-palan, qisas-filan deyil, elmdir. Vaqif Yusifli bu qəbildən olan hərtərəfli və
obyektiv tənqidin təkcə daşıyıcısı
deyil, artıq həm də tanınmış yaradıcısıdır”.
İsa müəllimin vurğuladığı
bu məziyyətlərlə
yanaşı, həm də hər kəsə aydın olan bir dildə,
sadə formada yazması Vaqif Yusifli tənqidini təkcə mütəxəssislərin
yox, xalqın malına çevirib.
Onun Süleyman Rüstəm, Mikayıl Müşfiq, İlyas Əfəndiyev, Sabir Əhmədli, İsa Hüseynov, Anar, Fikrət Qoca, Elçin, Vaqif Səmədoğlu haqda yazıları bu sənətkarlar haqqında
araşdırmalar aparan
gənc tədqiqatçılara
da, bunları öyrənmək istəyən
tələbələrə də yardımçı
olub.
Vaqif müəllim
təkcə yazıları
ilə yox, televiziya kanallarında müxtəlif ədəbi
layihələrdə çıxışları
ilə də ədəbiyyatın təbliğatçısıdır. Anar müəllimin
“Poeziya” verilişində
müxtəlif sənətkarlar
haqqında söhbətlərini
heç unutmuram.
Xalq şairi Fikrət Qoca haqqında verilişə şairin qardaşı tərcüməçi
Hamlet Qocayev ilə birgə çıxmağımız
və Vaqif müəllimin mənə
gənc kimi necə jest etməsi isə həmişəlik
yaddaşıma yazılıb.
O zaman Fikrət müəllimin on cildliyini
oxumuşdum, haqqında
müxtəlif verilişlərə
baxmışdım, bir
sözlə, ürəyim
dolu idi, qısa vaxtda şairə, onun yaradıcılığına olan
sevgimi çatdırıb
demək istəyirdim.
Verilişdən sonra Vaqif müəllimin gülümsəyərək
“bəs deyirdilər sən danışan deyilsən?!” - deməsindən başa
düşdüm ki, deyəsən, Vaqif müəllim xeyli güzəştə gedib
mənə...
Vaqif Yusiflinin
yubileyinə sayılı
günlər qalır. 70 yaş
işləyən adam üçün uzun zamandı. Ona görə ki, bu illərdə sayı-hesabı bilinməyən
böyük işlər
görülüb, zaman
boşuna xərclənməyib.
Amma eyni zamanda, qarşıda
da görüləsi işlər, yazılası,
araşdırılası məsələlər
var. Məncə, Vaqif
müəllim bu yaşında da böyük həvəslə
işləyir, öz yolunu davam etdirir.
Elə “Azərbaycan” dərgisinin
son nömrəsində çıxan
“Poeziya, poeziya” məqaləsi onun yaradıcılıq şövqünün
zirvədə olmasından
xəbər verir.
Mən Vaqif müəllimi yubileyi münasibətiylə təbrik edirəm,
ona yeni
yaradıcılıq uğurları, o
bitib-tükənməyən yaradıcılıq şövqü ilə
yazıb-yaratmağı diləyirəm...
PƏRVİN
525-ci qəzet.- 2018.- 31 mart.- S.15.