Qəm yükünü tutub köçən
nurlu şəxsiyyət
Cismani ömrün faniliyinin fəlsəfəsi qəmə mübtəlalıqla birbaşa bağlıdır. Ona görə də hər
bir nəcib insan nurlu şəxsiyyət qəm yükündən
xali deyil.
Zəngin tarixi, yaşarlı ənənəsi olan
çox qədim bir nəslin yetirməsi, bir qədər
obrazlı desək, ulu bir soyun layiqli varisi olan dosent Həmzə
Hacı Qasım oğlu Qasımzadə 1977-ci ildə gəlimli-gedimli,
son ucu ölümlü dünyadan qəm yükünü
tutub köç etməklə heyranlarında hədsiz
könül ağrıları yaratdı. Yeri gəlmişkən onu
da qeyd edək ki, bütün ömrünü gənc nəslin
təlim-tərbiyəsinə həsr edən Həmzə
Qasımzadənin doğumunun 110 illiyinin xüsusi qeyd edilməsi
təbii olmaqla yanaşı, həm də qədrşünaslıq
hesab edilə bilər. Çünki tale
kitabını universitetimizin divarları arasında yazan klassik
pedaqoqların yubileylərinin xüsusi qeyd edilməsi artıq
son illərdə ənənəyə çevrilmişdir.
Həmzə
Qasımzadədən söz düşmüşkən qeyd
etmək lazımdır ki, onun atası Hacı Qasım Allaha,
islam dininə sonsuz məhəbbəti ilə fərqlənən,
müqəddəs məkanımız olan Məkkəni ziyarət
edən və xeyirxahlığına görə
Naxçıvan əhli tərəfindən xüsusi ehtiram
göstərilərək təqdir edilən imkanlı şəxs
olmuşdur.
Akademik Məmməd
Cəfər Cəfərovun Böyük ədəbiyyatşünas
İsa Həbibbəylinin elmi redaktorluğu və “Ön
söz”ü ilə nəşr olunan “Xatirələr” adlı
iri həcmli memuarında müəllif Həmzə Qasımzadənin
atası Hacı Qasımı Naxçıvanın ən
varlı və imkanlı şəxslərindən biri kimi səciyyələndirir.
“Xatirələr”in müəllifi Şahab məhəlləsində
Hacı Qasımla qonşuluqda yaşadığı
üçün onu
və ömür-gün yoldaşı Zəhra
xanımı dərindən tanıyırdı, onların
yoxsullara himayədarlığını məxsusi
vurğulaması da bu baxımdan təbiidir. Həmzə
Qasımzadənin anası (mənim nənəm-Himalay Ənvəroğlu)
söyləyirdi ki, Qaçaq Nəbinin Hacı Qasıma
böyük ehtiramı var idi.
Bunu yerli hakimiyyət orqanları da yaxşı bilirdi. Onunla döyüşə
göndərilənlərin önündə Hacı Qasım
olsa da, Qaçaq Nəbi məhz orta cərgədəkini nişan alardı. Hacı Qasımın
Naxçıvan - Dərələyəz mahalının əhalisi
arasında böyük nüfuzu əlbəttə ki, erməni
quldurlarını hədsiz qıcıqlandıra bilərdi. Ona görə də Hacı Qasımı aradan
götürmək üçün məqam gözləyirdilər.
Bu məqam 1918-ci ilin mart ayında
reallaşdı. Hacı Qasım Culfa
rayonunda dostları ilə görüşüb Ordubada yollanarkən
Aza kəndi yaxınlığında ermənilərin pusqusuna
düşür və quldurlarla qeyri-bərabər
atışmada xaincəsinə qətlə yetirilir. Kəhər atın Hacı Qasımsız həyətə
daxil olmasını nənəm Zəhra xanım ürək
ağrısı və sonsuz kədər hissi ilə dilə gətirərdi.
Beləliklə, Hacı Qasımın 1908-ci ildə
oktyabr ayının 14-də Naxçıvan şəhərində
anadan olan Həmzə Qasımzadə və 1914-cü ilin
sentyabr ayının 12-də doğulan kiçik oğlu
Ənvər Qasımzadə ana himayəsi ilə böyüməli
olmuşlar. Orta məktəbi
Naxçıvan şəhərində bitirən Həmzə
Qasımzadə 1927-ci ildə indiki Azərbaycan Dövlət
Pedaqoji Universitetinin “Tarix-ictimaiyyət” fakültəsinə
daxil olur. 1930-cu ildə tələbə yoldaşları
Mehdi Hüseyn, Süleyman Rəhimov, Mehdixan Vəkilov və
Əlisöhbət Sumbatzadə ilə birlikdə ali məktəbi bitirir. Göstəriciləri
xüsusi fərqləndiyinə görə Həmzə
Qasımzadə təhsil aldığı universitetdə
müəllim kimi saxlanılır. 1958-ci
ildə siyirməsində rast gəldiyim kiçik formatlı
bir qəzetdən oxuduğum bir məlumat məni hədsiz fərəhləndirdi.
Qəzetdə Həmzə Qasımzadənin məvacibindən
imkansız tələbələrə yardım etməsindən
bəhs edilirdi. 1937-ci ilə qədərki
fəaliyyəti, bir gənc müəllim, vətənpərvər
ziyalı kimi özəl aurası əlbəttə ki,
repressiya aludəçilərinin diqqətindən yayına
bilməzdi. 1937-ci ildə Həmzə
Qasımzadə ona görə universitetdən xaric edilir.
Ən sonda “əsas suçu” bu olur ki, o, mühazirələrini
məhz ərəb əlifbası ilə yazıb. Buna görə
də nəinki işdən çıxarıldı, eyni
zamanda, həbs olunaraq Sibirə-cəza evinə göndərildi.
Ciddi günah tapmadığına görə sovet məhkəməsi
ilk dəfə beş il müddətinə
həbs etdi. Sonrakı beş illər
Sibirin Kılımı deyilən və dözülməz
şəraiti ilə ad çıxaran bir cəza məkanında
“təşkil edilən məhkəmə”də müəyyən
edilirdi. Beləliklə, Həmzə Qasımzadə bu minvalla
18 il həbsxana həyatı
yaşamalı olmuşdur. Həbsxana
yoldaşları Həmzə Qasımzadəyə deyilənə
görə, orada da müəllim deyə müraciət edərək
ehtiram bəsləyirdilər. Həmzə
müəllim dahi Azərbaycan dramaturqu Hüseyn Cavidlə eyni
bir həbsxanada cəza çəkirdi. Həmzə
müəllim H.Cavidin xəstə vaxtlarında daim onun
yanında olub və ona hədsiz qayğı göstərdiyini
deyirdi. Həmzə müəllim etiraf edirdi ki, H.Cavidlə
yalnız həbsxanada tanış olublar. Lakin ataları Hacı Qasım və Molla Abdulla
Naxçıvan şəhərinin Şahab məhəlləsinin
sakinləri olaraq bir-birlərini əlbəttə ki,
yaxından tanıyırmışlar. H.Cavidin
son nəfəsini məhz Həmzə Qasımzadənin dizi
üstündə dərməsini o, könül
ağrısı ilə dilə gətirirdi. Məhz ürəkdə sonsuz nisgil doğuran bu
olayı Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Azərbaycan
dilçiliyi” kafedrasının professoru Quşdan
Bağırov təfsilatı ilə yazıb “Kommunist” qəzetində
çap etdirmişdir.
Həmzə Qasımzadə 1955-ci ildə bəraət
aldıqdan sonra Bakıda ona iki otaqlı yeni mənzil verildi. Azərbaycan
Müəllimləri Təkmilləşdirmə İnstitutunda
işlə təmin olundu. Eyni zamanda,
Pedaqoji texnikumda rus bölməsində müəllim kimi fəailiyyətə
başladı. Özünün dediyinə
görə, 1957-ci ildə yenidən ADPU-da, onun
üçün son dərəcə doğma və əziz
olan təhsil müəssisəsində müəllim kimi
işləmək qərarına gəlir. O zaman
universitetin rektoru Xalq şairi Səməd Vurğunun
böyük qardaşı professor Mehdixan Vəkilov idi. Qeyd edildiyi kimi, o, Həmzə Qasımzadənin tələbə
yoldaşı olmuşdur. Həmzə müəllim qeyd
edirdi ki, rektorun qəbuluna gələnlərin içində
məni yalnız səsimlə tanıdı: “Allah
saxlamış, bayaqdan bir səsini çıxardsana”. Beləliklə,
həmin gündən ADPU-nun “Tarix-filologiya” fakültəsində
müəllimi kimi fəaliyyətə başlayan Həmzə
Qasımzadə 1962-1965-ci illərdə universitet Həmkarlar
İttifaqı Komitəsinin sədri, 1960-1970-ci illərdə
Tarix-filologiya, 1970-1976-cı illərdə isə Tarix
fakültəsinin dekanı vəzifələrində
çalışmışdır.1963-1969-cu illərdə
professor Şövqü Ağayev Azərbaycan Dövlət
Pedaqoji Universitetinin rektoru olmuşdu. Şövqü
müəllimin Həmzə Qasımzadə şəxsiyyətinə
dərin ehtiram bəsləməsi, görünür, heç
də təsadüfi deyilmiş. Bunu deyərkən biz
Tarix-filologiya fakültəsinin dekan müavinliyinə xeyli
namizədlər olduğu halda, o, məhz Həmzə müəllimin
namizədi Afad Qurbanovun tərəfini saxladı. Onu da
xüsusi vurğulamaq lazımdır ki, Afad Qurbanov doktorluq
dissertasiyasını müdafiə edib təsdiqini alandan sonra
Həmzə müəllim tarix-filologiya fakültəsindən filologiyanı ayırıb
Afad Qurbanova həvalə edilməsi qənaətinə gələrək
bu məsələ barəsində Şövqü Ağayevə
müraciət edib. Şövqü Ağayev
deyirmiş ki, ay Həmzə müəllim, hər kəs istəyir
ki, səlahiyyət dairəsi geniş olsun. Siz isə onun bir hissəsini başqa birisinə təklif
edirsiniz. Həmzə müəllim
özü dosent olduğu halda elmlər doktorunun dekan
müavini kimi çalışmasını qəbul edə
bilməzdi.
Digər tərəfdən, fakültələrin
ayrılması onların gələcək inkişafına da
stimul yaradardı. Afad Qurbanov Həmzə müəllimin bu
qayğı və diqqətini heç zaman unutmadı. Sonrakı illərdə də müəyyən
problemlərin çözümündə onunla məsləhətləşərdi.
Həmzə müəllim
gözü-könlü son dərəcə tox insan idi. Dünya malına, sərvətə heç bir maraq
göstərməzdi. Dekan olduğu on il
ərzində heç vaxt qəbul imtahanına qalmadı. Rektorlar həm Şövqü Ağayev, həm də
Həşim Ağayev ondan xahiş edərdilər ki, heç
olmasa ən sonda qəbul olanların yekun
siyahılarının əmrə hazırlanmasında
iştirak edin ki, prosesin ədalətli keçdiyi
düşüncəyə gəlsin. Həmzə
müəllimin bəzi həmkarları gileylənirdilər
ki, Həmzə müəllim niyə belə edir. Axı insanın qocalması, xəstələnməsi
də var ki, bunları əvvəldən düşünmək
lazımdır. Sibirin soyuq və amansız cəza evində
keçirdiyi məşəqqətli 18 il
Həmzə müəllimi heç də qocalda bilmədi. Çünki içində Rəbbinə sonsuz bir
güvən var idi. Məhz bu güvənc 69
yaşına qədər (1977-ci il, 25 iyul)
gümrah saxladı.
Sibirdə
cəza çəkənlərin əksəriyyəti qara ciyər
serrozundan dünyalarını heç 60 yaşına
çatmamış dəyişdikləri halda, Ulu Tanrı ona
69 yaşa çatmaq imkanı verdi. Həmzə
müəllim 20 günün içində heç bir əzab
çəkmədən, maddi sıxıntı keçirmədən
çox rahatca fani dünyadan köçdü. Lakin yaşadığı dövrdə qəm
yükünü də kifayət qədər tutmuşdu.
Uşaq yaşlarında ermənilərin qeyri-bərabər
döyüşdə, xaincəsinə atası -
Naxçıvan mahalının ən mötəbər şəxslərindən
olan Hacı Qasımı qətlə yetirmələri, gənc
yaşlarından İrkutski həbsxanasında ömür
sürməsi, ailə həyatı qurandan cəmi 2 ay sonra
günahsız yerə həbs olunması işıqlı gələcəyi
olan bu insanın qəm karvanını son mənzilə qədər
əzm və iradə ilə çəkib aparması,
görünür, o qədər də asan olmayıb. İçində yaşatdığı
ağır illərin qəmini heç vaxt biruzə verməzdi.
Gülər üzü, xoş rəftarı
insanlar tərəfindən böyük rəğbətlə
qarşılanırdı. Bu kimi mənəvi
dəyərlər onu kollektivin sevimlisinə
çevirmişdi. Hətta bir
çoxları ona ümidlə baxırdı. Çünki Həmzə müəllim həmişə
haqqın, ədalətin tərəfində olub. Bu gün universitetimizdə fəaliyyət göstərən
bir çoxları onun fədakarlığını, haqqa
qahmar çıxmaqdan çəkinmədiyini etiraf edir və
könül xoşluğu ilə dilə gətirirlər.
Həmzə müəllim istedadlı təşkilatçı olmaqla yanaşı, həm də gözəl müəllim idi. Fakültədə Şərqi Avropa xalqlarının ən yeni tarixi kursundan mühazirə dərslərini deyirdi. Bu kurs yeni olduğu qədər də çətin idi. Mühazirə mətninin olmasına baxmayaraq, ona baxmazdı və son dərəcə məharətlə və sərbəst şəkildə bu çətin və mürəkkəb fənni biz tələbələrə aşılardı. Xisləti həsəd və qısqanclıqdan azad olan hər kəsin inkişafını və uğurunu sevinclə qarşılayardı. Ötən əsrin 30-cu illərində universitetdə saxlanılmasına, aspiranturaya daxil olmasına köməklik göstərdiklərinin bir çoxunun 50-ci illərdə professor, kafedra müdiri, akademik və hətta rektor kimi görməsindən qürurlanırdı. Ona bu kimi elmi dərəcələr qismət olmasa da, bunu talenin hökmü, alın yazısı kimi yorumlayaraq heç də kədərlənmirdi, çünki həsəd hissindən uzaq idi. Yalnız dostlarının, həmkarlarının və yetirmələrinin ona Həmzə müəllim deyə müraciət etmələrindən kifayətlənirdi. Aspirant yoldaşı olmuş AMEA-nın müxbir üzvü, professor Əbdüləzəl Dəmirçizadə ilə Tbilisiyə ezamiyə edildikləri zaman orada keçirdikləri xoş məqamları sevinclə xatırlardı. ADPU-da xatirini əziz tutduğu yaxınları bəs qədər idi. Lakin ən yaxın və ürək dostu böyük Azərbaycan şairi M.Ə.Sabirin yeganə oğul övladı pedaqoji universitetdə qiyabi işlər üzrə prorektor, dosent Məhəmmədsəlim Tahirli idi. O, həm də orta əsrlər dünya ədəbiyyatının dəyərli mütəxəssisi idi. Biz onun dərslərindən həm bilik, həm də biliyi çatdırmaq ustalığından mənəvi zövq alırdıq. Nə edəsən ki, ömür fanidir. İndi nə Həmzə müəllim, nə də Məhəmmədsəlim müəllim cismən bizimlədi. Lakin mənən bizimlədilər. Xatirə və könüllərdə yaşayırlar.
Həmzə müəllim dünyasını dəyişəndə Məhəmmədsəlim Tahirli prorektorluğunu davam etdirirdi. Heç yadımdan çıxmaz, dost və qardaş bildiyi Həmzə Qasımzadənin şəklini böyüdüb ramkaya salaraq kabinetinin divarından asmışdı. Görünür, əsil, nəsil, şəcərə hər iki şəxsiyyəti mənən və ruhən bir araya gətirmişdir. Ruhları şad olsun. Əslində, tale sayə kimi hər kəsi aram-aram izləyir və heç kəsin kölgəsindən önə keçməsi mümkün deyil. Hacı Qasımın şəcərəsinin gəlimlilərinin bir gedimlisi də Həmzə Qasımzadənin kiçik qardaşı 1914-cü il təvəllüdlü Ənvər Hacı Qasım oğlu Qasımzadə idi. Həmzə müəllimin qürurla Naxçıvana yola saldığı bu ali təhsilli mühəndis vətəni üçün çox gərəkli işlər görə bilərdi. Qısa bir zamanda Naxçıvanın içməli su ilə təmin olunması üçün şəhərin Qədim Qala ərazisində dağlardan süzülüb gələn yeraltı kəhriz inşa etdi ki, bunu çoxları taleyönlü hesab edirdi. Başqa mühüm problemləri də reallaşdıra bilərdi ki, 1941-1945-ci illərin qanlı müharibəsi buna aman vermədi. Müharibəyə könül xoşluğu ilə yollandı və 1943-cü ildə alman faşizmi ilə Ukrayna uğrunda savaşda həlak oldu.
Beləliklə, o da böyük qardaşı
kimi taledən üz döndərə bilmədi. Nəslin, şəcərənin
daşıyıcılarının enişli-yoxuşlu,
dönüm və döngəli tale yolunu düşüncəyə
gətirdikdə və bu kontekstdə olub keçənlərə
nəzər yetirdikdə bir daha qane olursan ki, ata Hacı
Qasımdan qaynaqlanan, barlanan mərdlik, millət və vətən
sevgisinin varislərində yeni bir coşğu ilə boy
göstərməsi təsadüfi deyilmiş, əksinə, təbii
və qanunauyğun imiş. Bu kontekstdə “ot kökü
üstə bitər” deyimi yerini alır. Belə olduqda etiraf
etmək lazımdır ki, minlərlə gənc vətən
oğlu vətənpərvərliyi, yurd sevgisini, torpaq müqəddəsliyini
uca tutmağı Həmzə Qasımzadənin
öyüdyönlü nəcib əməllərindən əxz
edirdilər. Onun bir çox tələbələri bu gün
Həmzə Qasımzadə ilə mənən bir araya gələrək
elmin, pedaqoji fikrin və ictimai-siyasi həyatın keşməkeşli
yollarında fərəhlə, inam və etiqadla irəliləyirlər.
Bir çoxları kimi mən də Həmzə Qasımzadədən
atalıq qayğısı görmüşəm. Nə
xoşbəxt ki, Rəbbimiz Həmzə Qasımzadə kimi
dünyamızı rövnəqləndirən
işıqlı, nurlu şəxsiyyətləri varlandırıb.
Həmzə Qasımzadə Rəbbimizin onun üçün
ayırdığı ömür payını şərəflə
yaşadı, ilkinliyə qovuşaraq könüllərə
köçdü. Qəmin kəm Həmzə müəllim!
Ruhun şad olsun! Xatirələr səni yaşatmaqdadı!
Himalay
QASIMOV
ADPU-nun
kafedra müdiri, filologiya üzrə elmlər doktoru, professor
525-ci qəzet.- 2018.- 31 mart.- S.14.