Ədalətli kişinin portret cizgiləri - Yazıçı Aqil Abbasın 65 yaşına

 

 

“- Ay Elçin, Aqil Abbas deyəndə birinci ağlına nə gəlir?

 

- Mərd adamdı, əli də, ürəyi də açıqdı. Heç nədən çəkinən deyil, sözünü birbaşa üzə deyəndi. Kişi adamdı”.

 

- Ay Mətin, Aqil Abbas deyəndə birinci ağlına nə gəlir?

 

- Yaxşı adamdı, imkanı çatan yerdən hamıya kömək eləyir. Yaxşı zarafatları var, onu həmişə xeyirxahlıq eləyən görmüşəm. Kişidi də”.

 

Bu gün 65 yaşı tamam olan Aqil Abbas haqqında yazıya standartlardan kənar başlamaq istədim. Açığı, onun barəsində standart fikir demək çətindi, bəlkə də heç mümkün deyil. İstər “Yeni Azərbaycan” qəzetində uzun illər birgə çalışdığım Elçin Kazımov, istər indi bir yerdə işlədiyim Mətin Yaşaroğlu Aqil müəllimi mənim kimi, bəlkə də məndən də yaxşı tanıyırlar. 90-cı illərin ortalarında həm “Yeni Azərbaycan”, həm də Mətinin işlədiyi “Panorama” qəzetlərinin redaksiyaları Aqil Abbasın yaradıcısı olduğu “Ədalət” qəzetiylə birgə “Azərbaycan” nəşriyatının altıncı mərtəbəsində yerləşirdi. Nəşriyyatın dəhlizlərində, yeməkxanasında demək olar ki, hər gün onunla rastlaşır, əsəbləşməyini, deyib-gülməyini görürdük. Deyim ki, Aqil müəllim sərt adamdı, düz çıxmaz, deyim baməzə adamdı, yenə düz çıxmaz, ən yaxşısını yuxarıda rəyini öyrəndiyim dostlarım deyir - kişi adamdı, vəssalam.

 

Qəzetlərin hələ “qoryaçi sexdə” çıxan vaxtlarında 1995-ci ilin oktyabrında ilk dəfə nəşriyyata gəldim, altıncı mərtəbəyə qalxıb redaksiyanı axtardım, bütün qapılar bağlı idi. Solğun döşəməsi dizellə silinmiş uzun, alaqaranlıq dəhlizin lap yuxarı tərəfində cəmi bircə dənə qapıdan işıq düşürdü. Yaxınlaşıb içəri boylandım, ağsaçlı kişi makinaçı qadına sürətlə nəsə diktə edirdi. Bir az qorxu, bir az untancaqlıqla soruşdum, “bağışlayın...” Kişi tələsik üzümə baxdı, elə bil nə istədiyimi hürkək baxışımdan oxudu “Ədalət” lazımdı?” soruşdu. “Yeni Azərbaycan”a gəlmişəm” dedim. “Hə, onda dala qayıt, liftə çatmamış soldan üçüncü qapı” deyib dərhal da diktəsinə davam elədi.  Mən dala qayıtdım, ağsaçlı kişinin dediyi qapıdan içəri girdim və on il orada işlədim...

 

Mənim Aqil Abbasla birinci tanışlığım, təbii ki, əgər buna tanışlıq demək olardısa, bax belə başladı. Amma “Ədalət” lazımdı” ifadəsi sözün bütün mənalarında, həyatımın bütün anlarında məni düşündürən, öz cazibəsindən və ağırlığından buraxmayan kəlməyə çevrildi. Hətta “Körpüdə ümid” romanımın on ikiyaşlı qəhrəmanı da bu sualın ağırlığını mənimlə bölüşdü, bütün roman boyu ədalət axtarışına çıxdı. Deyəsən, söhbət ədəbiyyatın üstünə gəlir, onda icazənizlə iyirmi il irəli gedim. İşıq üzü görər-görməz mənə çox “sürprizlər” yaşadan kitabımı “Qızıl kəlmə” müsabiqəsinə təqdim eləmək istəyirdim. Bunun üçün isə müsabiqədə qalib olmuş yazıçılardan birinin təqdimatı lazım idi. Torpağın üzü soyuq olar deyirlər, yalandı, adamlar var ki, sifəti torpaqdan da soyuqdu. Təqdimat almaq üçün ağlımdan çoxları keçirdi, amma inamla müraciət edə biləcəyim adamlar demək olar ki, yox səviyyəsində idi, necə oldusa yadıma Aqil Abbas düşdü. Zəng elədim, dərhal da razılıq verdi, “sən yaxşı oğlansan, elə sabah təqdimatını hazır edəcəm” dedi. Etiraf edim ki, bu, mənim üçün prinsipial məsələ idi, Aqil müəllimin sözlərindən sonra gözlərimə işıq gəldi, sanki nəşriyyatın uzun dəhlizindəki bircə dənə açıq qapısından düşən işıq bu dəfə yolumu işıqladırdı.

 

İndiysə təyyarədə uçuruq... Dolların 78 qəpik, neftin bir barrelinin 100 manatı haqladığı vaxtlarda sayılıb-seçilən redaktorlarla bir yerdə Antalyaya dincəlməyə gedirik. Göyün yeddinci qatında təyyarədə nasazlıq yarandığı üzə çıxdı, yırğalanmağa başladıq, panika bir göz qırpımında yayıldı. Hərə bir cürə şüvən salırdı: bir dəstə qələm dostum hardansa tapdıqları viskini açıb “sonuncu” sağlıqlarını deyirdilər, kimisi ağlayır, kimisi yalandan özünü tox tutmağa çalışsa da, əlləri titrəyirdi. Bu vaxt salonun o biri başından Aqil Abbas ayaqyalın yanımıza gəldi, çox həyəcanlı idi, bir-iki qurtum viski içib yarı zarafat, yarı ciddi “ə, nə pis oldu pulların yerini uşaqlara deməmişəm” deyib, təzədən öz yerinə qayıtdı. Bu, bəlkə də indi gülməli görünər, elə o vaxtı da o ki var güldük, lakin burada bir “əmma” var. Nəzəri olsa da, biz həmin vaxtı ölümə gedirdik, bu zaman insan nə fikirləşə bilərdi ki? Əgər o desəydi ki “dostlar, heyif romanım yarımçıq qaldı”, təbii ki, biz buna inanardıq, amma o sözləri deyən adam artıq Aqil Abbas olmazdı. Təyyarəmiz təxminən beş saatdan sonra çətinliklə eniş elədi və biz otelə çatanda Bakıdakı bəzi qələm “dostlarımızın” Facebookda nə qədər qarğış yazdığını oxuduq, hətta biri elə belə də yazmışdı “keşkə onlar öləydilər”. İndi düşünürəm ki, bəlkə də Allah bizi həmin vaxtı təyyarədə olan Aqil Abbas kimi bir-iki adammın səmimiyyətinə bağışlayıb.

 

Azərbaycan müstəqil mətbuatının qaranquşlarından hesab olunan “Ədalət” Aqil Abbasın bədii irsinin davamı, mətbu yaradıcılığının ən parlaq formasıdır. Rəhmərlik Tofiq Abdinin “Ədalət”in roluna dəqiqliklə verdiyi qiyməti xatırlamamaq mümkün deyil: “Aqil həqiqətən daha başqa keyfiyyətə malik istedad sahib olmasını ifadə edəcək sözü bu gün bəlkə də tapmaq zordur, amma bu var ki, Aqilin qəzeti bir çox qəzetlərin yoxa çıxdığı zaman kəsiyində hələ də ayaqdadır, ayaqda durmaqda davam edir, nəinki davam edir, Aqil Abbas onu birincilər sırasına çıxarmağı başarıb”. Qəzet geniş spektri əhatə edərək bütün zümrələrin maraqlarını özündə əks etdirəndə daha dolğun məzmun alır. “Ədalət” çox az sayda qəzetlərdəndir ki, öz yazı üslubu və intonasiyasını bu vaxta kimi qoruyub saxlayıb. Qəzetin ədəbiyyatın meydanının daraldığı vaxtlarda qələm adamlarına meydan verməsini vurğulamaq lazımdır. Demək olar ki, həftənin bütün günləri müxtəlif zövq və dünyagörüşlərini təmsil edən adamların buraxdıqları əlavələr heç də birmənalı qarşılanmırdı. Çoxları düşünürdü ki, Aqil Abbas yalnız bir xəttin maraqlarından çıxış edərək tərəf saxlayacaq, amma əksinə oldu. Həmin vaxtlarda xüsusən gənc yazarların ocaq kimi başına toplaşdığı “Ədalət” müxtəlif fikirliliyə meydan verməklə əslində, jurnalistikanın təməl prinsipinə söykənirdi və bu prinsipin adı plüralizm idi.

 

2002-ci ilin bürküləri təzə başlayan iyun ayıdı. Nəşriyyatın yeməkxanasında dostum Elçinlə bütün qəzetçilər kimi vaxtını ötürdüyümüz yüngülvari günorta yeməyi yeyirik - pomidor-yumurta, salat, mineral su... Qarşıdaysa gecə yarısına kimi uzanan o zaman üçün ağır, indiysə mənə romantik görünən “vyoska” prosesi dururdu. Elə bu hində yeməkxananın qapısı açılır Aqil Abbas təxminən on nəfərə yaxın haylı-küylü adamla içəri girir “burda yemək yeyən oğlanların hamısının “şotu” mənlikdi” deyir, ərtafında gələnlərlər isə bir neçə masanı birləşdirib otururlar. Hamının üzündən sevinc yağırdı. Elə-belə iş deyildi, həmin gün Türkiyə Dünya Çempionatında üçüncü yerə çıxmışdı, istinasız olaraq hamı sevinirdi. Təbii ki, Türkiyənin qələbəsi məni də riqqətə gətirmişdi, amma həmin anda ürəyimdən başqa şey də keçdi, bilsəydim “şotu” verən olacaq pomidor-yumurta əvəzinə langet götürərdim.

 

Aqil Abbas jurnalistikada nə qədər dəyərli naşir və publisisdirsə, eyni dərəcədə ədəbiyyatımızın sayılıb-seçilən imzalarındandır. “Batman qılınc”la nə vaxt tanış olduğum yaddımda deyil, amma əsəri oxuduqdan sonra necə təsirləndiyimi indiki kimi xatırlayıram. Aqil Abbasın məşhur romanlarından biri  olan “Batman qılınc” Qarabağın adlı-sanlı əsilzadəsi Məhəmməd bəy Cavanşirə həsr edilib. Kitabda Qarabağ xanlarının şəxsiyyəti, xanlığın tarixi, xanlıqlar dövründə baş verən ictimai-siyasi hadisələr, o cümlədən, Azərbaycanın dilbər guşəsi olan Şuşa haqqında maraqlı məqamlar yer alıb. Əsəri oxuduqca İbrahim Xəlil xan və Molla Pənah Vaqifin gərgin mübarizə şəraitində keçən ömrü adamın gözü önündə canlanır. Düşünürəm ki, Azərbaycan ədəbiyyatında həmişə aktual olan tarixi mövzuda roman yaradıcılığından danışarkən “Batman qılınc”ı yada salmamaq mümkün deyil.

 

Eyni fikirləri yazıçının digər əsərləri haqqında da söyləmək mümkündür, burada vacib müstəsna hal isə “Dolu”dur. İndi beş il geri qayıdaq - “Nizami” Kino Mərkəzinə “Dolu” filminin ictimai baxışına dəvət almışam. Yazıçının yubileyinə tasadüf eləmiş bu xoş günü onunla bir yerdə qeyd etmək üçün dostlar, həmkarlar yığışıblar. Müharibənin ağır-acısı romanda olduğu kimi geniş ekran əsərində də insana yansıyır, tamaşaçını həyəcansız buraxmır. “Dolu” Qarabağdan çox, Qarabağın adını bildiyimiz Dünyanın Ən Varlı Şəhərinin rekviyemidir! - qələm dostumuz Aydın Canıyev bu fikirləri söyləməkdə nə qədər də haqlıdır. Nümayiş başa çatır, gurultulu alqış sədaları fonunda hamının nəzərləri səbəbkara yönəlir, içi mən qarışıq ora yığışanların əksəriyyəti ilk dəfəydi ki, ağ saçlı kişini gözləri yaşlı görürdük... Əslində, hamı kövrəlmişdi...

 

Qarabağ müharibəsi mövzusunda yazılmış, iki hissədən ibarət olan “Dolu” həm aktual problemi, həm də bədii strukturu ilə həmişə diqqət mərkəzində olan əsərlərdəndir. Elnarə Akimovanın sözləriylə desək; “Aqil Abbasın “Dolu” romanı müharibə görüntülərini sərgiləyən romandır, həm düşmənə qarşı apardığımız, həm də öz içimizdə gedən iç aləmini görk edən roman”.

 

Söz və əməl birliyi şəxsiyyətin, xüsusən də yaradıcı insanın portretini tamamlayan ən vacib cizgilərdir. Tez-tez eşidirik, kiminsə haqqında “yaxşı alimdi, ancaq danışa bilmir”, kiminsə haqqında “yaxşı danışır, ancaq yaza bilmir” kimi ifadələr deyirlər. Etiraf etmək lazımdır ki, bu deyilənlərin böyük əksəriyyəti heç də əsassız deyil. Bizim cəmiyyətdə çatışmayan cəhətlərdən biri, bəlkə də elə ən başlıcası öz ləyaqəti ilə nümunə olan adamların sayının azlığıdır. “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz” hökmü də buradan qaynaqlanır. Mənəvi aşınma nə qədər əzablı, dağıdıcı miqyas alsa da, qənimət adamları tapmaq, tanımaq və qorumaq lazımdır. Ruslar “damazlıq buğaları qorumaq gərəkdir” deyirlər. Mən Aqil Abbası barmaqla göstərilən belə adamlardan biri kimi qiymətləndirirəm. Sözü, əməli, xarakteri bir-birini tamamlayaraq ilahi harmoniya təşkil edən yazıçı istedadla qələmə aldığı əsərlərin demək olar ki hamısında eyni bədii mesajı verir - insanın, torpağın qədrini bilmək, mənəvi dəyərlərin təəssübünü çəkmək. Bizim mənəvi qalamız Qarabağdır, onun incisi, mirvarisi Şuşadır. Aqil Abbas o adamlardandır ki, onun haqqında danışanda yağı tapdağı altında qalan torpaqlarımızı düşünməyə bilmirsən. Bu sətrləri yazarkən onun şirin ləhcəsində qulağımda ilişib qalmış qarabağlı söhbətlər yadıma düşür.

 

Ümid axırda ölür... bəlkə də heç vaxt ölmür... İnanıram ki, uzun, qaranlıq dəhlizin lap sonundakı cəmi bircə dənə qapıdan süzülən işıq Qarabağa gedən yolu da aydınladacaq. Bunun üçün ikili standartlar məngənəsində sıxılan dünyaya çox sadə bir şey, bir vaxtlar ağ saçlı kişinin dediyi kimi, Ədalət lazımdı.

 

Natiq MƏMMƏDLİ

 

525-ci qəzet.- 2018.- 31 mart.- S.12.