İstanbulda Xalq yazıçısı
Anarın 80 illik yubileyi keçirildi
Martın
28-də Türkiyənin İstanbul şəhərində
Türk Ədəbiyyatı Vaqfının təşkilatçılığı
ilə Xalq yazıçısı Anarın yubiley tədbirlərinə
start verilib.
Azərbaycandan
böyük nümayəndə heyətinin qatıldığı
tədbirlərə gəmi gəzintisi ilə başlanıb.
İstanbulun Avropa tərəfindən Asiya tərəfinə
üzən gəmidə yazıçının 80 illik
yubileyinə həsr olunmuş ilk tədbir keçirilib. Tədbiri
giriş sözü ilə açan Türk Ədəbiyyatı
Vaqfının sədri Sərhəd Kabaklı türk
dünyasının canlı Dədə Qorqudu Anarın
yubileyini keçirməkdən qürur duyduğunu dilə gətirib:
“Türk dünyasının ortaq dəyəri, böyük
yazıçısı Anarın 80 illik yubileyini qeyd etməkdən
çox məmnunuq. Hesab edirik ki, bu cür şəxsiyyətlər
yüz ildə, min ildə bir dəfə gəlir dünyaya,
ona görə onların qədrini bilmək və
yaratdığı gözəl əsərləri yaymaq
hamımızın borcudur”. Daha sonra yazıçı-tərcüməçi
İmdat Avşar Anarın yaradıcılığı ətrafında
çıxış edib, onun türk dünyası
qarşısında böyük xidmətlərini
vurğulayıb: “Anar müəllim sadəcə bir Azərbaycan
yazıçısı deyildir, o, uzun zamandır ki, türk
dünyasının ortaq dəyəri kimi könüllərimizdə
yer alıb. Anarın əsərlərində İstanbul, dəniz,
gecə mövzuları qırmızı bir xətlə
keçdiyi üçün Türk Ədəbiyyatı
Vaqfı yubiley tədbirlərinə bu cür start vermək qərarına
gəldi. Burda hər birimiz onun əsərlərini oxuyan, sevən,
dəyərləndirən adamlarıq, ona görə də bu
mövzuları seçdik”.
Daha sonra
“Anar və dəniz” mövzusunda çıxış edən
Pərvin dənizin Anarın həm həyatında, həm də
yaradıcılığında xüsusi yer tutduğunu vurğulayıb:
“Anarın ilk hekayələrindən birinin adı “İki dəniz”
idi, bölünmüş Azərbaycanı belə
simvollaşdırmışdı yazıçı. Daha sonra
başqa əsərlərində də dəniz ən müxtəlif
üsullarla təsvir olunub. Məsələn, “Ağ liman”da Təhmin
yuxusunda ağ liman və qırmızı gəmilər
görür, “Ağ qoç, qara qoç”da şəhərini
viran görən Məlik Məmmədli başını
götürüb dənizin kənarına enir və elə
ağ qoçun arxasınca da məhz dəniz sahilində
qaçır. Heç şübhəsiz ki, Anarın dənizə
münasibəti uşaqlığı ilə, Buzovna
bağlarında, dəniz sahilində yaşadığı
günlərlə bağlıdı. Və o uşaqlıq
xatirələridir ki, əsərlərində fərqli şəkildə
ifadə olunub”.
Sonra
yazıçı Günel Anarqızı
çıxış edərək tədbirin təşkilatçılarına
minnətdarlığını bildirib: “İstanbulda, belə
insanlarla bir yerdə olmaq çox böyük sevincdir. Ona
görə ki, uşaqlıqdan İstanbul bizim həsrətimiz
idi. Atamın Türkiyə sevgisi bizə də təsir
etmişdi. İndi ailəmizlə, anamla, atamla, bibilərimlə
burda olmaqdan çox xoşbəxtəm. Atamın yubileyinin
Türkiyədə keçirilməsinə, bu tədbirlərin
təşkilatçılığına görə ailəmiz
adından Türk Ədəbiyyatı Vaqfına təşəkkürümüzü
bildiririk”.
Daha sonra
Türk sənətçisi, müğənni Məhmət
Özqaya Azərbaycan xalq mahnılarından ifa edib. Türkiyə
oxucularının, media mənsublarının iştirak etdiyi
tədbir Anarın əsərləri haqqında
çıxışlarla davam edib.
Növbəti
gün, martın 29-da Türk Ədəbiyyatı Vaqfında
Xalq yazıçısı Anara “Yaşayan Dədə Qorqud”
mükafatının təqdimetmə mərasimi və
“Anarın bədii yaradıcılığı” mövzusunda
Konfrans baş tutub. Tədbiri giriş sözü ilə
açan şair-tədqiqatçı Özcan Ünlü
Anarın yubileyinin İstanbulda keçirilməsinin
böyük bir hadisə olduğunu söyləyib: “Anar
türk coğrafiyasının ortaq səsidir. Əsərlərində
türk ruhunu yaşadan, qoruyan, ömrü boyu ümumtürk
mədəniyyətinə xidmət edən böyük
yazıçımızın yubiley tədbirlərinin burda
keçirilməsi son dərəcə qürurverici hadisədir.
Türk ədəbiyatı vaqfı “Yaşayan Dədə
Qorqud” mükafatı təsis edib. İki ildə bir dəfə
türk dünyasının önəmli simalarına bu
mükafat təqdim olunacaq. İlk mükafatı Anar Ustada təqdim
etmək üçün sözü hörmətli Sərhəd
Kabaklıya veririk”.
Türk Ədəbiyyatı
Vakfının sədri Sərhəd Kabaklı Anarın Dədə
Qorqud müdrikliyində, möhtəşəmliyində bir sənətkar
olduğunu söyləyib: “Anar 80 illik ömür və uzun
yaradıcılıq yolunda hər zaman
türkçülüyün təəssübkeşi kimi
çıxış edib, onun keşiyində durub. Həm bədii
əsərlərində, həm də publisistik məqalələrində
ümumtürk ədəbiyyatını, mədəniyyətini
şərəflə təbliğ edib. Dünyanın
çeşidli yerlərində, yüksək kürsülərdən
etdiyi çıxışlarıyla millətinin
ağrılarını, acılarını dilə gətirib,
ziyalı mövqeyini çəkinmədən bildirib. Həmçinin,
hələ sovetlər dönəmində “Kitabi Dədə
Qorqud” dastanı əsasında film ssenarisi yazması,
dastanın əsas ideyasını geniş kütlələrə
çatdırması Anarın öz xalqına, millətinə
sevgisinin, milli köklərə
bağlılığının göstəricisi olub. Əsərlərində
hər zaman azad insanın tərəfində olan Anar türk
insanının da azadlığını hər şeydən
vacib bilib, bunu ifadə etməyə çalışıb. Azərbaycan
müstəqilliyini qazanandan sonra Türk xalqlarının
birliyi, bərabərliyi adına xeyli böyük işlər
görən Anar rəhbəri olduğu Yazıçılar
Birliyində də qardaş xalqların ədəbiyyatlarının
yaxınlaşması, mədəni əlaqələrin
möhkəmlənməsi üçün əməyini əsirgəməyib.
Bütün bu gördüyü işləriylə Türk
dünyasının ortaq dəyərinə çevrilmiş
Anar “Yaşayan Dədə Qorqud” mükafatı ilə təltif
olunur”.
Xalq
yazıçısı Anara mükafat təqdim olunduqdan sonra
yazıçı təşkilatçılara təşəkkürlərini
bildirib: “İstanbulda Dədə Qorqud mükafatına layiq
görülmək mənim üçün ikiqat sevincdir. Ona
görə hörmətli Sərhəd bəy başda olmaqla
tədbirin təşkilatçılarına, mükafat təsisçilərinə
təşəkkür edirəm”.
Daha sonra
yazıçı-tərcüməçi İmdat
Avşarın moderatorluğu ilə “Anarın bədii
yaradıcılığı” mövzusunda konfrans
keçirilib. İmdat Avşar Anarın ömür və
yaradıcılıq yolundan söz açıb, əsərlərinin
türk dünyasında yayılmasını, sevilməsini dilə
gətirib: “Bu günlərdə Anarın “Yaxşı
padşahın nağılı” əsərini bütün
türk ləhcələrində bir kitabda yayımladıq. Hələ
sovetlər dönəmində yazılan bu əsərdə
rejimin bütün naqis cəhətləri bir nağıl
dilində ifadə edilib. Bu mənada Anar ustadın
bütün əsərlərində mühitə, zamana bir
etiraz görə bilərsiniz. Sadəcə bu etiraz hər əsərində
bir cür üzə çıxır...” Anar tədqiqatçısı
Pərvin yazıçının əsərlərində
millətinə, xalqına sevginin qırmızı xətlə
keçdiyini söyləyib: “Anarın Azərbaycanın
müstəqillik əldə etməsindən sonrakı
dövr yaradıcılığına nəzər
salsanız, görərsiniz ki, onun əsərlərindəki
mövzular ölkənin taleyi ilə paralel inkişaf edir.
Qarabağ olayları başlayan kimi Anar “Qırmızı
limuzin”, “Vahimə”, “Otel otağı” yazdı, vətəni
sarıdan nigaranlıqlarını “Ağ qoç, qara
qoç” əsərində dilə gətirdi. Hələlik ən
son yazdığı “Göz muncuğu” romanı isə
Anarın ümumiyyətlə bəşəriyyətə,
dünyaya, insanlığa münasibətinin cəmidir”.
Türk Ədəbiyyatı
dərgisinin redaktoru Bəxtiyar Aslan “Anarın “Ağ qoç,
qara qoç” əsərində utopiya və antiutopiya”
mövzusunda məruzə edib: “Anar bu əsərində şəxsi
utopiyasını, xəyallarının Azərbaycanını
və bunun tam əksini göstərir. Bakını türk
dünyasının mədəni mərkəzi kimi təqdim
edir. Əsərin utopiya hissəsində türk
dünyasının bütün ortaq dəyərləri, ədəbi-mədəni
abidələri Bakıda yerləşib. Bu da Anarın türk
dünyasına sevgisini göstərir. İkinci antiutopiya hissəsində
isə dağılmış, üçə
bölünmüş şəhər
yazıçının narahatlıqlarını göstərir.
Bizlərin çıxardığımız nəticə
odur ki, Anar demək istəyir ki, utopiyası olmayan bir millət
yaşaya bilməz, var ola bilməz”.
Günel
Anarqızı “Qızının gözündə Anar”
mövzusunda danışıb, atasıyla bağlı bəzi
uşaqlıq xatirələrini dilə gətirib: “Atam da, anam
da uşaqlıqdan bizə nümunə olublar. Anamın alim
kimi, atamın da yazıçı kimi həmişə necə
zəhmətkeş olduqlarını görmüşəm. Bəzən
soruşurlar ki, valideynlərim bizə necə tərbiyə
veriblər, mən də həmişə cavab verirəm ki,
onlar sadəcə öz əməlləri, həyat tərzləri
ilə tərbiyələndiriblər bizi. Atamın təkcə
öz yaradıcılığı yox, həm də təbliğ
etdiyi sənətkarlar, esseistikası mənim
dünyagörüşümə ciddi təsir edib”.
TÜRKSOY-un
Azərbaycan təmsilçisi Elçin Qafarlı Anarın
yeni çapdan çıxmış
“Çağdaşlarım” kitabını mərasim
iştirakçılarına təqdim edib: “Bu kitabda Anarın
türk dünyasının müxtəlif simaları ilə
bağlı esseləri yer alıb. Bu kitabı oxuyan hər kəsin
türk dünyasının dəyərləri haqqında məlumatı
olacaq. Bu kitab Anarın bələdçiliyi ilə türk
dünyasını səyahət etməyə imkan verir”.
Tural
Anaroğlu yazıçı Anarın Türkiyəyə nə
qədər bağlı olmasından danışıb:
“İllər öncə atam İstanbula işləməyə,
universitetdə dərs deməyə gəldi və bir neçə
ay yaşadı da burda. Mən də uzun illər burda
yaşayıb işləmişəm və həmişə
Anarın İstanbula gələndə necə sevinməsini,
xoşbəxt olmasını görmüşəm.
Bugünkü tədbirlərə görə ailəmiz
adından hər kəsə öz minnətdarlığımı
bildirirəm”.
Yazıçının
xanımı, musiqişünas-alim, akademik Zemfira Səfərova
Anarın zəhmətkeşliyindən, fədakarlığından
söz açıb: “Türk dünyasının iki ulduzu,
dahi bəstəkar Üzeyir Hacıbəyli və Anar mənim
taleyimə təsir edib. Tale elə gətirib ki, gənclik illərimdən
Üzeyir Hacıbəyli yaradıcılığı ilə,
irsi ilə məşğul olmuşam. Üzeyir Hacıbəyli
yaradıcılığı elmi fəaliyyətimdə əsas
yer tutur. Anarla isə həyatımı, taleyimi
bağlamışam. Sevinirəm ki, millətimin Anar kimi
oğlu, övladlarımın Anar kimi atası var. Anarın
yorulmazlığı, durmadan çalışması məni
həmişə heyrətləndirir”.
Tədbirin
sonunda Türk Ədəbiyyatı Vaqfı yazıçı
Anara, Günel Anarqızına, “525-ci qəzet”in baş
redaktoru Rəşad Məcidə, Pərvinə, Seyfəddin Hüseynliyə,
Təranə Vahidə fəxri üzvlük vəsiqələri
və təşəkkürnamələr təqdim ediblər.
Həmçinin, Azərbaycan Yazıçılar Birliyinin təşəkkürnamələri
tədbirin təşkilatçılarına təqdim olunub.
Fasilədən
sonra yubiley tədbirləri Yeni yüz il universitetində davam
etdirilib. Tədbiri giriş sözü ilə açan
universitet rektoru professor Yaşar Hacısalioğlu Anarın əsərlərindən
türk insanını öyrənməyin mümkün
olduğunu söyləyib: “Hörmətli Anarın əsərlərinin
alt qatına getdikcə ən fərqli insan həyatlarından
örnəkləri gördüm. Anladım ki, bunlar
hamısı gerçək həyatın əslidir, sadəcə
bir qurama deyil. Anarın əsərlərində hər kəs
özünü, öz şəxsi yaşantılarını
görə bilər. Eyni zamanda, sosial, ictimai problemlərin də
əksi bu əsərləri oxunaqlı edir. Türk
dünyasının Dədə Qorqudu ödülünü
alan Anar çox əvvəllərdən bu adı haqq edən
ziyalımızdır. Biz çox sevinirik ki, bu gün
universitetimizin tələbələri, müəllimləri
belə bir ziyalı ilə, yazıçı ilə canlı
ünsiyyətdə ola biləcəklər”.
Açılış
nitqlərindən sonra Yeni yüz il universitetinin dosenti Erol
Ülgənin moderatorluğu ilə müzakirələr
baş tutub. Rəşad Məcid “Anar və türk
dünyası” mövzusunda çıxış edib: “Anar
müəllimlə türk dünyasının fərqli yerlərində
səfərlərdə olmuşuq, həm ona olan sevgini, həm
də onun türk dünyasına sevgisini müşahidə
etmişəm. Yadımdadı, hələ Qarabağ
olayları başlayan ərəfələrdə Anar müəllim
“Qarabağ şikəstəsi” essesini yazmışdı və
biz bu esseni az qala əzbər bilirdik. Anar müəllimin
müxtəlif məsələlərə ayıq münasibəti,
ədəbiyyata, sənətə yanaşması,
yazdığı əsərlər nəsil-nəsil Azərbaycan
oxucusunu yetişdirib”.
Tərcüməçi,
“525-ci qəzet”in redaktoru Seyfəddin Hüseynli “Anarın sovet
dövrü yaradıcılığında türk
dünyası” mövzusunda çıxış edərək
hələ o dövrdə Anarın yasaq mövzularda necə cəsarətlə
çıxışlar etməsini, publisistik məqalələr
yazmasını diqqətə çatdırıb: “Anar müəllimin
hələ Sovet dövründə Dədə Qorqud
mövzusuna müraciəti xeyli böyük cəsarət tələb
edirdi. Eyni zamanda. Nəsimi, Xətai, Füzuli haqqında
yazdığı esselər də o vaxt bizlərə xeyli təsir
etmişdi. Bu cür yazılar, esselər vasitəsiylə
oxucu Anarın təqdimatı ilə türk
dünyasının müxtəlif sənətkarlarını
öyrənə bilirdi. Şükürlər olsun ki, zaman dəyişdi
və Anar müəllim türkçülük
ideyalarını daha açıq, rahat şəkildə qələmə
ala bildi”.
Daha sonra
Pərvin yazıçının bacısı, ərəbşünas-alim
Fidan Rzayevanın qələmə aldığı “Yorğun
gəmi” essesini səsləndirib. Esse mərasim
iştirakçıları tərəfindən böyük
maraqla qarşılanıb. Sonda yazıçı
çıxış edərək universitet rəhbərliyinə,
təşkilatçılara təşəkkürlərini
çatdırıb: “Əziz dostlar, iki gün sizlərlə
unudulmaz günlər yaşadım. 80 il az vaxt deyil, uzun bir
ömür yaşamışam, tənqidlər də, təriflər
də eşitmişəm. Amma çıxardığım nəticə
budur ki, insan gərək tənqidə də, tərifə də
ayıq baxsın. Sizlərə bu günlərdə
eşitdiyim xoş sözlərə, təriflərə
görə təşəkkür edirəm. Türk Ədəbiyyatı
Vaqfına, başda Sərhəd Kabaklı olmaqla, Yeni yüz
il universitetinə, rektor, professor Yaşar Hacısalioğlu
başda olmaqla təşəkkür edirəm. Universitetin
adı Yeni yüz il olduğu üçün iki şeirimlə
çıxışımı yekunlaşdırıram”. Xalq
yazıçısı “XX əsrin son bədbin şeiri” və
“XXI əsrin ilk nikbin şeiri” adlı şeirlərini səsləndirib.
Sonda təşəkkür bəlgələri təqdim olunub,
həmçinin, yazıçı imzalı kitablarını
universitet tələbələrinə hədiyyə edib.
Nəzrin
525-ci qəzet.- 2018.- 31 mart.- S.10-11.